|

Suriyada baş verənlər bölgə üçün cizilmiş böyük bir planın hissəsidir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

(Bakı-Tehran-Bakı)

Almaniya «İmam Əli» İslam Mərkəzinin rəhbəri Məhəmməd Mücahidinin İslamınsesi.az portalına eksklüziv müsahibəsi. M. Mücahidi İranda İmam Xomeyninin ölümünün ildönümünə həsr olunmuş tədbirlər proqramına qatılmış Türkiyə nümayəndə heyətinin qonağı idi.

-Suriyada baş verən vətəndaş müharibəsinin səbəbləri və mümkün nəticələri haqda nə düşünürsüz?

-Bismillahir Rəhmanir Rəhim. Suriya məsələsi bu ölkə ilə bağlı deyil. Suriyada baş verənlər bölgə üçün cizilmiş böyük bir planın hissəsidir.  Bu oyun Əfqanıstanda, İraqda, Tunisdə, Misirdə, Liviyada  oynanıldı. Suriya müsəlmanların, xüsusilə fələstinlilərin  dirəniş nöqtəsidir. Suriyada münaqişəni başlayanda düşünürdülər ki, bu ölkə də Liviya, yaxud başqa dövlətlər kimi qısa bir zamanda  təslim olacaq. Qərb öz məqsədlərini Suriyada həyata keçirə bilmədi.

Minlərlə insanın evləri dağıldı, tarixi abidələrin məhvinə, peyğəmbərin əziz uşaqlarına həqarət olundu, saysız insanlar öldü.

-Son illərdə Yaxın Şərqdə baş verənləri kimsə «ərəb baharı» adlandırdı, kimsə «İslami oyanış». Amma nəticədə bölgədə radikal sələfilik yayılmağa başladı. Sizin bu məsələyə baxışınız necədir?

-Düşmənlər, başda ABŞ olmaqla heç zaman istəməzlər ki, İslam dövlətləri öz şəxsiyyətlərini tanısın və tapsın. Onlar istəyirlər ki, müsəlmanlar onların nəzarəti altında, yarımmüstəmləkə vəziyyətində olsunlar. Bölgədə baş verənlər İslama qarşı yönəldiyi halda,  İslami oyanışa səbəb oldu.  Qonşudakı dövlətlər «Mənə toxunmayan ilan qoy yaşasın» siyasəti yürüdürdülər. Sonra isə gördülər ki, bu ilan bir-bir  hamını çalır. Qərb qüdrətini bir dəfə də sınamaq, insanları qorxuda saxlamağı davam etdirmək istədi. Bundan əlavə Qərbə öz köhnəlmiş silahlarını istifadə etmək və satmaq üçün müharibə meydanı lazımdır. İran-İraq savaşında da ABŞ bütün köhnəlmiş hərbi silah -sursatını satdı. Vaşinqiton uzaqdan müdaxiləsi ilə müsəlmanları bir-birinə düşmən edir. Qonşuları isə ABŞ-ın planlarına aldandılar, Bəşər Əsəd hakimiyyətinə müxalif olanlara silahla yardım etməyə başladılar. Anlamadılar ki, bir işi görənə yardım etmək ona şərik olmaq deməkdir. Yəni, Suriya müxalifətinə yardım edənlər ölkədə baş verən bütün qətllərə şərikdirlər. Biz demirik ki, Suriyadakı ictimai-siyasi vəziyyət əladır və onun reformalara heç bir ehtiyacı yoxdur. Əgər millət dövlətinin nizamının dəyişməsini istəyirsə, ədalət bərpa olmalıdır. Suriyalılar kimi istəyirsə, hakimiyyətdə o olmalıdır. Amma bu, xarici bir dövlətin bu ölkənin işlərinə qarışmaq anlamına gəlmir.

-İran Suriya münaqişəsində doğrumu mövqe tutur?

-Yaxın Şərq bölgəsindəki proseslərdə, o cümlədən Fələstin, «Hizbullah» məsələsində Suriya  vacib ölkədir. Suriya gedərsə,  müqavimət də, Fələstin də gedər. İran demir ki, Bəşər Əsəd idealdır və hakimiyyətdə qalmalıdır. Amma İran heç zaman B.Əsədə müxalifləri öldürmək üçün yardım etmədi. Türkiyə Suriya müxalifətinə yardım etməyə qalxdı və müharibədə ilişib qaldı. Bir rəhbər öz ölkəsində sabitlik yarada bilmədiyi halda başqa bir ölkəyə necə sülh gətirə bilər. Hər kəs öz dərdinə gərək özü əlac edə.

-Yaxın Şərqdəki hakimiyyət dəyişikliklərinin yaratdığı  məzhəb qarşıdurmalarını aradan qaldırmaq mümkündürmü?

-Məhəmməd (s.a) nəinki müsəlmanları, bütün əhli-kitabı cəm olmağa çağırdı. İslam da bizi Allah birdir, Məhəmməd də onun peyğəmbəridir çağırışı ətrafında topladı. Bunun xaricində sünni, şiə, ələvi, əcəm, ərəb məsələsini önə çəkənlər həm əqli, insani, hüquqi, həm də İslami baxımdan qəbul edilməzdir.

-Sizcə hansı ölkə daha çox İslam mərkəzi iddiasına uyğundur?

-İslam mərkəzi olmaq iddiasında olmaq üçün İslama görə yaşadığını sübut etməlisən. Boş iddiadan bir şey çıxmaz. səudiyyəlilər İslamın peyğəmbərinin övladlarının məzarlarını yıxırlar, müqəddəs ibadətgahlara qəsd edirlər.  Peyğəmbərin səhabələrinin qəbrini açmağa, dinindən asılı olmayaraq ibadətgahları yıxan bir din bizə nazil olmayıb. Bu, vəhabilərin uydurduğu bir dindir və belə bir dinlə İslam mərkəzi olmaq mümkün deyil. Əsas əməldir. Hər kəs özünə İslam mərkəzi deyir. İslam mərkəzi olmaq üçün dövlət şəriət qaydaları ilə qurulmalıdır. İmam Xomeyni əvvəlcə bir İslam nizami ilə dövlət qurdu, amma bununla belə  təvazökarlıqla dinin təbliğatını Quranın tələb etdiyi kimi tam apara bilməməsindən narazı idi. Qanunları şəriətə qətiyyən uyğun gəlməyən ölkələr necə İslam mərkəzi ola bilər. İddiamızı kənara ataraq, əmməllərimizi ortaya qoymalıyıq.  Hər kəs öz fikrində, əməlində azad olmalıdır. Mərkəz iddiası ilə bir-birimizi öldürməyə qalxırıq, insanların qətlinə fərman veririk. Keçmiş əməllərimiz gələcəyimizə şahid duracaq.

Gülnara İnanc

Leave a Reply