SALAM, SERGEY YESENİN ! (2)
Doğrudan da belə idi. Yesenin getməyə tələsmirdi, mən isə onu saxlamağa cəhd edirdim. O, qaldı, məni vağzala qədər ötürdü.
Bizim dostluğumuz belə başlandı.O, öz tərəfindən bu dostluğu Bakıya gəlmək vədi ilə möhkəmlətdi. Mən isə onun “İranı da göstərərsinizmi?” sualına cavab olaraq vəd etdim ki, İranı da, əgər istəsə, lap Hindistanı da göstərərəm…” (Çaginin məqaləsinin ardına bir qədər sonar davam edəcəyəm).
Kitabsevər, ədəbiyyat aləmini öz həyatlarının əvəzedilməz tərkib hissəsi kimi qəbul edən insanlar yaxşı bilir ki, qeyri-adi dərəcədə həssas olan, bəzilərinə hətta anlaşılmaz, dərkedilməz olaraq qəbul edilən yaradıcı adamlar dərin və genişahəngli duyğuları, fikirləri ilə daim fərqlənirlər ki, bu da çox təbiidir. İstedadlı insanlarda, xüsusilə dahilərdə rəngarəng; bəzən sakit olduğu halda anidən çulğalanan, fırtınalar yaradan, bəzən qəmli olduğu anlarda qəfildən şimşək kimi çaxan yüksək əhval-ruhiyyə, yaxud baş verəcək hadisələrin əvvəlcədən mahiyyətini “görməyə tələsən” ürək sahibləri barədə az oxumamışıq. Bunlar Yeseninin də adi xüsusiyyətləri idi. Amma heç də adi deyildi…
Deyirlər, bir dəfə keçmiş arvadı Zinaidanın yanına gələn Sergey Aleksandroviç ona İrana səfərə yollanacağını xəbər verib, ardınca qanıqara halda deyir: “Və məni orada öldürəcəklər”. Qafqaz… İran… Şərq… Rus dahilərin ziyarət yolu… Sənan dağının ətəyində məhəccərdən aralana bilmir, onun arxasındakı balaca bir zağanın dərinliyində Qriboyedovun məzarı var… Puşkinin “Ərzuruma səyahət”i yada düşür. “Haradan gəlirsiniz? – Tehrandan. — Yükünüz nədir? – Qriboyedi aparırıq!”
Moskvada bacısı Anya Nazarovaya zəng vurulur və o, dəstəkdə eşidir ki, “Yesenin ölüb…” Çaxnaşma, göz yaşları, hıçqırtı, qınama — nə vaxt xəbər tutdunuz, bu nədir bəyəm, zarafatdırmı?.. Darıxdığınızdan “oyun oynayırsınız?” Yox, nə danışırsınız?.. Yəqin ki, növbəti dəfə ölümü ovsunlayıb…
Bir dəfə Qruzinovaya açıqca deyir:
– Mənim haqqımda nekroloq yaz.
– Nekroloq?
– Nekroloq. Mən gizlənər, gözə görünmərəm. Mənə sadiq adamlar dəfnimi təşkil edərlər. Qəzet və jurnallarda məqalələr görünər. Sonra üzə çıxaram. Mən bir-iki həftəliyə gizlənərəm ki, jurnalistlər mənim barəmdə məqalələri dərc etdirməyə macal tapsınlar. Sonrasında mən görünürəm.
Nəsə vəhşi bir səslə qışqırıb, gülməkdən qəşş edir:
– Baxarıq, mənim barəmdə nələr yazacaqlar! Görərik, kim dostdur, kim düşmən?!
O, özü əslində gözəl bilirdi ki, “kim dostdur, kim düşmən”, amma bütün aşkarlığı ilə yalnız onun ölümündən sonra bəlli olacaqdılar. Lakin bunu hələ həyatdaykən bilməyi bərk istəyirdi ki, heç kəs daha şirin sözlərin arxasında gizlənə bilməsin. Öz dəyərini bilir və ürəyinin açıq olduğu dəqiqələrdə deyirdi: “Mən öləndə biləcəksiniz kimi itirdiniz”.
Çaginsə yazısına belə davam edir:
“…Aylar keçirdi.Mən artıq Yesenini Bakıda görmək ümidimi itirmişdim. Ancaq sentyabrın 20-də axşam redaksiyaya gələndə masamın üstündə kiçik bir məktub gördüm:
“Yoldaş Çagin, mən gəlmişəm. Yanınıza gəldim, lakin sizi görə bilmədim.
“Yeni Avropa” mehmanxanasında 59-cu otağa düşmüşəm. Mehmanxananın direktoruna zəng vurun ki, sizi nə vaxt görə bilərəm.
20/IX-24 S.Yesenin”
Elə həmin gün Çagin Yeseninlə görüşür. Bir- birini əvəz edən maraqlı tədbirlər, mərasimlər, görüşlər, söhbətlər Yeseninin qəlbində və ruhunda silinməz izlər qoyur. Həmin təəssüratlardan bəhs edən xeyli yazılar mövcud olsa da, P.Çaginin həyat yoldaşı Mariya Çaginanın “Yeseninlə görüşlər” məqaləsini xüsusi qeyd etmək istəyirəm. M.Çagina yazır: (“Sovetskaya kultura” jurnalı, 1980-ci ilin 81 – ci sayı. İxtisarla təqdim olunur)
“Sergey Yeseninlə Pyotr Çaginin dostluğu haqqında çox yazılıb. Pyotr İvanoviçin Yeseninə böyük təsiri olub, ancaq şair də Çaginin həyatında, bizim taleyimizdə mühüm yer tutub, silinməz iz qoyub.
…Bir dəfə Çagin mənə dedi:
— Sergey Yeseninlə tanış olmaq istəyirsiniz? Mən sizə danışmışam, o, bir az əvvəl Moskvadan gəlib.İstedaddır, sadədil şairdir. Onunla hər yeri gəzirəm, şəhərlə tanış edirəm, mədənləri göstərirəm. – Pyotr İvanoviç gülümsündü. – Çox həvəslidir, hər şey onu maraqlandırır… Siz görüşməyin əleyhinə deyilsiniz ki?
Mən necə əleyhinə ola bilərdim? Biz hamımız Yesenin haqqında çox eşitmişdik, çıxışlarını izləmişdik, şeirlərini əzbər bilirdik. “Bakinski raboçi”də də onlar demək olar, hər nömrə dərc edilirdi.
Tezliklə bu görüş baş tutdu. Əvvəlcə Yesenin mənə qəribə təsir bağışladı. O, nəyə görəsə həyəcanlanmışdı. Onun sınayıcı nəzərlərini öz üzərimdə hiss elədim. Belə güman etdim ki, onun bu qısqanclıq, nigarançılıq ifadə edən halı mənimlə Pyotr İvanoviç arasında yaranan münasibətlə bağlıdır: dostunu ondan bəlkə ayıra bilərlər. Odur ki, narahatlıq keçirir.
Amma sonra Yesenin isinişdi. O, Pyotr İvanoviçlə birlikdə mənə demək olar ki, hər gün baş çəkirdi. Mən diqqətlə baxır və təəccüb edirdim ki, bunlar nə qədər də müxtəlif təbiətli adamlardır. Yesenin emosional, coşqun, tez inciyən, tez-tez haldan — hala düşən idi. Çagin isə poetik təbiətli olmasına baxmayaraq, eyni zamanda möhkəm, qətiyyətli xarakterə malik idi, “öz canını qanadları altında saxlaya” bilirdi. Lakin bir — birilərinə münasibətlərinin doğurduğu rəğbət onların qarşılıqlı səmimiyyətlərinə şübhə oyatmırdı…
…Yeseninin ad günü xüsusilə yadımda qalıb. Pyotr İvanoviç zəng vurub dedi ki, onlar həmin günü bizdə qeyd etmək fikrindədirlər və məni hədiyyə ilə sevindirmək istəyirlər. Bu hədiyyə iki fotoşəkildən ibarət idi. Onladan biri – Pyotr İvanoviçlə Yeseninin yanaşı əyləşdikləri şəkil (indi geniş məlum olan foto) mənim xüsusilə xoşuma gəldi.
Pyotr İvanoviç şəklin üstündə yazmışdı:
“ M.A. İki qələm
cəngavərindən
Dost hədiyyəsini qəbul
elə sən:
Coşqun Pyotrdan,
cəncəl Sergeydən”.
Onun da yanında Yesenin narın xətt ilə yazmışdı:
“ Əzizim Mariya
Antonovna,
Bu, haqq sözüdür,
inanın ona.
And içmək olar
gözlərinizə:
Hərdənbir nəzər yetirin
bizə.
Cəncəl Sergey.
3 oktyabr, 1924-cü il.
Pyotr İvanoviç Yeseninin yazdığını oxudu, öz redaktor adətincə, gözünə dəyən səhvi düzəltdi və narazı halda dedi:
— Yəni sən Mariya Antonovnaya yaxşı bir şey yaza bilmədin?..
Bir neçə gündən sonra Yesenin mənim yanıma tək gəldi. Tutulmuş, utancaq bir təbəssümlə papiros kağızından kiçik bir zərfi mənə verib dedi: “Bunu sizə Pyotr göndərib”.
Zərfdə üzərində “P.İ.” yazılmış bir nişan üzüyü var idi.
Sergey Aleksandroviçin dediyinə görə, üzərində mənim inisialım yazılmış ikinci üzüyü Pyotr İvanoviç özündə saxlayıb. Hər iki üzüyü Pyotr İvanoviç sifariş edibmiş. Bu anda mənə hansı hisslərin hakim kəsildiyini, nələr keçirdiyimi demək mümkündürmü?! (Məqalədən digər qeydləri bir qədər sonra təqdim edəcəyəm – R.Mirzəzadə)
1925-ci ilin 8 aprelində Bakıdan arvadı Qalinaya yazdığı bir məktubda Yesenin Bakıya gəlişinin məqsədini bu cür izah edirdi: “… Ən mühüm budur ki, mən Bakıdan təyyarə ilə Tehrana uçmalıyam. Təkcə pasport və təyyarə üçün pul lazımdır… Mən oraya oxumağa, öyrənməyə gedirəm. Mən habelə Şirazı da görməliyəm və mütləq gedəcəyəm. Axı ən yaxşı fars lirikləri məhz orada doğulmuşdur…
… Burada mənə müstəsna diqqət və qayğı göstərirlər. Çagin məni bir qardaş kimi qarşıladı. Onun mənzilində qalıram. Fövqəladə münasibət, doğmalıq var burada”.
Yesenin Bakının ədəbi mühitində əziz, doğma qardaş və mehriban dost kimi qarşılanmışdı.İsaxan İsaxanlının “Şeir gülüstanının təkrarolunmaz çiçəyi – Sergey Yesenin” kitabında bu barədə bəhs edir:
“1924-cü ildə məşhur rus şairi Sergey Yesenin Bakıya gəlir. O, dəfələrlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edir. Məclislərdə lirik şair Azərbaycan xanəndəsinin gözəl səsini dinləməkdən doymazdı.
Qoca sənətkarlar söyləyirlər ki, bir gün Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Həmin qonaqlıqda Azərbaycan bolşevik firqəsi Mərkəzi Komitəsinin birinci katibi S.M.Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edirmişlər…
Məclis qızışdı. Qaryağdıoğlu oxumağa başladı.Yesenin heç cür inana bilmirdi ki, 64 yaşlı adamda belə bir zəngin və məlahətli səs ola bilər. Lakin Qaryağdıoğlunun zil, həm də təravətli səsi, xüsusilə uzun və sürəkli zəngulələri şairi vəcdə gətirmiş, heyran etmişdi.
Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı yerə qoydu. Salonu alqış səsləri titrətdi. Lakin şair sanki ovsunlanmışdı. O, sakit oturub nəyinsə xəyalında idi. Heç özü də bilmirdi ki, Qaryağdıoğlunu necə mükafatlandırsın. Doğrudan da çox maraqlıdır. Şair şairi necə mükafatlandıra bilər? Yalnız şeir ilə! Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir. Onu “Şərq musiqisinin peyğəmbəri” adlandırır.
Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu ayağa durur. O, şairə yaxınlaşıb gülümsər halda, özü də ata məhəbbəti ilə deyir:
— Oğul, artıq qocalmışam. Düz, 50 ildir ki, xalqımın qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum olmayan həyat sirlərindən xəbər verir. Oxuduğun şeirin sözlərinin çoxunu anlamadım. Lakin mən inanıram ki, sən böyük şairsən. Mən də qoca bir sənətkar kimi, sənin fitri istedadına baş əyirəm…
Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri deyib Yeseninə yaxınlaşdı və onu ata məhəbbəti ilə qucaqlayıb bağrına basır.
Yesenin isə təzəcə yazdığı şeirini ona verib bir daha dedi: “Şərq musiqisinin peyğəmbərinə”.
Rəssam R.Mehdiyevin gözəl və maraqlı bir rəsm əsərində Sergey Yesenin şair Əliağa Vahidlə bir qəzəl məclisində təsvir olunub. Şairin Mərdəkan yaxınlığındakı Şağan kəndində keçirilən Füzuli məclislərində, həmçinin aşıq mərasimlərində iştirak etməsi barədə də məlumatlar mövcuddur. Hüseyn Nəcəfov özünün “Balaxanı mayı” adlı kitabında Əliağa Vahidlə Sergey Yeseninin görüşündən maraqla bəhs edir. Mənbələrin birində qeyd olunur ki, bir dəfə Yesenin aşıq poeziyası gecəsinə dəvət olunur. Şair ifaçıların son dərəcə məharətli çıxışlarını diqqətlə dinlədikdən sonra deyir: “Burada o qədər müdriklik var ki, bütün Şərqə, bütün Rusiyaya yetər”.
Sergey Azərbaycan dilində başa düşməsə də, qəzəllərimizin nizamını çox sevirdi. Bir gün Yesenin Vahidə deyir: “Sənin şeirlərin nə haqdadır?” Vahid cavab verir:“Şair nədən yazar, eşq, həyat, ölüm”
Vahidlə birgə tez-tez müğam məclislərini ziyarət edən Yesenin, folklorumuzun şahı olan xalq musiqilərimizi, xüsusən də tarın ifasını çox bəyənirdi.O,Bayatı-Şirazı dəfələrlə dinləməkdən doymaz, bundan həzz alardı. Bu, gənc, lakin dahi şairin bizim milli musiqi mədəniyyətimizə verdiyi layiqli qiymət idi.
S.Yeseninin həyatının Bakı dövründə ən əlamətdar günlərdən biri 1925 — ci ilin 1 May günü qeyd olunur. Bu bayram günündə şairi əsl dost kimi qarşılayırlar.O, hər yeri partiya rəhbərləri ilə birlikdə gəzir, şeir deyir, çastuşkalar oxuyur, hamı ilə birlikdə şənlənirdi. Yesenin cəld halda, danışa — danışa bir dəstədən o biri dəstənin yanına keçir, fəhlələr önündə sağlıq deyir, poeziya şərəfinə deyilən sağlıqları qəbul edirdi. Üzündəki zərif qırışlar hamarlanır, solğun dodaqlarına təbəssüm qonurdu. Adama elə gəlirdi ki, öz tənhalığında üşüyən Yesenin, insan hərarəti ilə alovlanan bayram tonqalları başında, camaat arasında qızınırdı. Kirov dostcasına, ağıllı nəzərlərlə şairin “kütlə içərisinə” bu yaz səfərini seyr edirdi.
Sonra Mərdəkandakı bağ evinə gedirlər. Burada Yesenin S.M.Kirovun yanında son dərəcə səmimi duyğularla təzə çap olunmağa başlayan “İran nəğmələri” silsiləsindən şeirlər oxuyur.
Böyük estetik zövqə malik olan, inqilabdan əvvəlki dövrdə gözəl ədəbiyyatçı və həssas ədəbiyyat tənqidçisi olan Kirov, Yesenin oxuyub qurtardıqdan sonra məzəmmətlə Çaginə deyir: “Sən nə üçün indiyə qədər Yesenin üçün Bakıda İran illüziyası yaratmamısan? Bax, gör necə yazıb, elə bil doğrudan da İranda olub. Biz təhlükələrlə qarşılanacağını nəzərə alaraq, həyatı üçün ehtiyat edərək, onu İrana buraxmadıq. Axı sənə tapşırılmışdı ki, onun üçün Bakıda İran illüziyası yaradasan.Yarat! Hər nə çatmasa, özü təsəvvür edər. O ki şairdir, özü də gör necə şair!..”
Yeseninin tədqiqatçılarının biri-birindən maraqlı olan qeydlərindən birində oxuyuruq:
“Hələ yazda Çagin iki son dərəcə nüfuzlu və tanınmış adamı – Mixail Frunze və Sergey Kirovu “Yeseninin yanına” dəvət etmişdi. Yesenin onları öz şeirləri ilə sehirləmişdi və bu məsul yoldaşlar anlatmışdılar ki, şairi öz nəzərlərindən buraxmaq niyyətində deyillər. Hər halda, Yesenini öz himayəsinə almağa hazırlaşan Kirov, bu mövzuda Çaginlə söhbət etmişdi.
Buxarin, Trotski və ya Lunaçarski ilə müqayisədə Kirov Yeseninə əlbəttə, daha yaxşı münasibət bəsləyirdi…
Və belə bir fikir – “Biz onu haqlaya biləcək təhlükələri nəzərə alaraq, onun həyatına görə narahat olaraq, onu İrana buraxmadıq” – son dərəcə əlamətdardır. Kirovun nəyi nəzərdə tutduğunu söyləmək çətindir, bəlkə Qriboyedovun taleyi haqda xatirə onda belə bir əndişə doğurub, bəlkə də o, Bakıda Yeseninin həmin vaxtlar İranda qeyri-leqal iş aparan Blyumkin ilə mübahisəsindən xəbərdar idi və Kirov onların orada rastlaşmasını istəməyib. Lakin iş təkcə bunda deyil. Ondadır ki, təqib olunan, haqqında cinayət işləri qaldırılan, “dörd şairin işi”ndən sonra partiya mətbuatında döyülüb-söyülən, dəfələrlə ÇEKA-ya çağırılan Yesenin, canını götürüb Bakıya gəlib, Kirov isə sanki bu təqiblər barədə, bu real təhlükələr barədə, cinayət təqibi barədə heç nə bilmir… Şairin Rusiyada məruz qaldığı təqiblərdən Yesenini qorumaqdan ötrü heç nə etmir və əgər o, İrana gedərsə, onun həyatına təhükə yaranacağı barədə nəsə bir cəfəngiyyat uydurur.Onun dostları siyasi və cinayət təqibi altındadır, Qanin öz məsləkdaşları ilə birlikdə artıq güllələnib, özündənrazı olan Kirov isə düşünür ki, Rusiyada Yeseninlə bağlı hər şey qaydasındadır.
Yesenin bağ evində Kirovun Çaginə müraciətlə söylədiyi bu tiradanı (monoloqun nitqin coşqun və təsirli söylənilən parçası deməkdir – R.Mirzəzadə) dinləmiş, dişlərini bir-birinə sıxaraq, əsəbi halda qəlyanını tüstülətmiş, sakitləşməkdən ötrü masanın arxasından qalxmış və Mərdəkandakı bağ evinin xiyabanına üz tutmuşdu. Öncələr Bakının neft krallarından Muxtarova məxsus olan bağ evi möhtəşəm idi. İndisə Azərbaycan KP MK-nın ikinci katibi Pyotr İvanoviç Çaginə məxsusdu. Çaginin arvadının xatirələrindən:
“Qayınanamın xəstəliyi ilə əlaqədar olaraq biz bu il Mərdəkana bağ evinə çox erkən yollandıq. Sakitlik idi. Bağ evi həddən artıq böyük idi: düz qamətli qovaq ağaclarından xiyabanı, bir neçə hovuzu vardı. Hovuzlardan biri son dərəcə gözəl, lap nağıllardakı kimi idi. Üstdən çuqun şəbəkəsi olan hündür daş divarla əhatəyə alınmışdı. Hovuza aparan qapıyadək pillələrə bir mərtəbə boyunda hündürlüyə qalxmaq lazım gəlirdi…”
Yeseninin Bakıda yaşaması ilə bağlı başqa bir versiya da mövcuddur. Bu haqda yazıçı Qılman İlkin yazır:
“Atam 1920-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında tikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orada işləyirdim. Həmin vaxtlarda Sergey Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm. Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Sergey Kirov onu aldadıb paroma oturtmuş və Xəzərə çıxardıb Zirə, Hövsan, Zığ sahilləri ilə yenidən Mərdəkana gətirir ki, guya, bura İrandır. Şair buna əvvəl inanır. Aldadıldığını sonradan başa düşəndə isə o qədər də incimir. Çünki bura da onun ürəyincə idi”.
Azərbaycanın istedadlı, yeseninsevər şairlərindən biri olan Musa Ələkbərli qələmə alır ki:
…Yuxarı əmr etdi, dəyişsin məkan,
Kiminsə bu işdə həvəsi oldu.
Sadə yol seçildi: Bakı-Mərdəkan,
Tehranın, Şirazın əvəzi oldu.
Xeyli müddətdir ki, dolmuşdu yaman,
Dedilər buyur, gəz, bura İrandı.
Tarixə görk oldu bu şirin yalan,
Şair aldadıldı, şair inandı.
Şərq çəkdi beləcə Şimal oğlunu,
Şeriylə, sözüylə, əfsanəsiylə,
Bülbüllər gözlədi onun yolunu,
Kövrək avazıyla, qəmli səsiylə.
Bu da Abşeronun tutqun səması,
Dərdindən, qəmindən göylər halıydı.
Şair duymalıydı isti təması,
“İran nəğmələri” yazılmalıydı!
Adı zirvələrə qoşadı burda,
Sevgidən, ilhamdan aldı payını.
Gəldi çinar ömrü yaşadı burda,
Rusiya şeirinin ağcaqayını!
Bu bağda tanrının sehirli əli,
Bu da aylı axşam, ulduzlu gecə,
Çadralı, yaşmaqlı bir Şərq gözəli
Qəlbinə, şeirinə köçdü beləcə.
…İnsan əfsanə tək düşərmiş dilə,
Zamanın qəribə təzadı varmış.
Aldanan bir şair ilhamı ilə
Dünyanı sevgiyə inandırarmış!!!
İlahi məhəbbət çox zərif və incə tellərlə Yesenini tez-tez Azərbaycana, qoca Şərqin qapısı sayılan Odlar Yurduna çəkirdi.
1925-ci ilin iyunun sonunda P.Çagin Moskvadan Bakıya yola düşəndən az sonra, Yesenin ona belə bir məktub göndərmişdi:
“Əziz Pyotr İvanoviç!
Qayğılar içində itib-batmışam və “Bakrob” qapılarına yenidən dönəcəyim günü səbirsizliklə gözləyə — gözləyə qalmışam.
Necəsən? Sənə göydə deyil, yerdəki ulduzları saya bildiyin üçün həsəd aparır, qibtə edirəm. Fəqət, nə qəm! Görüşərik. Hər şey qaydasına düşər. Sənin, sənin və mənim ailəmizin bütün üzvlərinə salam söylə. Atanı və Peteni bağrına bas. O, Moskvaya gələcək, ya yox?
Sonya salam göndərir, əllərini sıxır.
Öpürəm səni.
Sergey
6.VII.25, Moskva”.
Bu, həmin vaxtlar idi ki, məhz o zaman Pyotr İvanoviç Sergey Yesenini və onun arvadı Sonya Tolstoyu Qafqaza qonaq çağırmışdı…
Bura doğrudan da əsl İran illüziyası idi. Nəhəng bağ, fəvvarələr, hər cür Şərq əyləncələri — əsl İran idi! O, burada arvadı Sofiya Andreyevna Tolstoy -Yesenina ilə yaşayır və yaradıcılıqla məşğul idi. Sergey, Puşkinin öz arvadına müraciətlə yazdığı son şeirindən misralar oxuyaraq deyirdi: “Sənin səyin nəticəsində əmək və səmimiyyətlə dolu uzaq bir monastra düşdüm”.
Xəzərin mavi dalğalarına, Bakının füsunkar gecələrinə məftun olan şair:
Bakının lampaları
Ulduzlardan gözəldir,
— deyə Bakıya olan munis duyğularını şeiriyyətə çevirirdi.
P.İ.Çagina “Xatirdən çıxmayan illər” də yazır: (“Ədəbiyyat və incəsənət” qəzeti, 7 oktyabr 1972-ci il. İxtisarla təqdim olunur)
“Böyük rus şairi S.Yesenin 1924-1925-ci illərdə müəyyən fasilələrlə Bakıda – bizim evdə olmuş və bir sıra əsərlərini də burada yazmışdır. Xoş xatirəyə çevrilmiş o illərdən neçə bahar, neçə qış keçib. Lakin sevimli şairi həmişə xatırlamış, yad etmişik.
…Bizim iki otağımız vardı. Atam otaqlardan birini Şərq üslubunda bəzədib şairə verdi. Həyət bağlıq – bağçalıqdı.
Bağdakı hovuzlardan biri xüsusilə Yeseninə çox xoş gələrdi. Hovuz nağıllarda söylənən kimi gözəldi. O, daşdan hörülmüş hündür hasarla əhatə olunmuş, üstündə çuqun məhəccər düzəldilmişdi. Qapısı da vardı. Uşaq düşər deyə həmişə qapısı bağlı olardı. Sergey Aleksandroviç əlimdən tutub pilləkənlərlə hovuzun kənarına qalxar, məni kameranın üstünə mindirib suya buraxar, üzmək öyrədərdi…
Anam söyləyir ki, mən uşaq ciddiyyəti ilə teatr artisti olmaq istəyirmişəm. Sergey Aleksandroviç teatr əyləncəsi düzəldərdi: mən “artist” olardım, o, tamaşaçı. O, məni “Gulya Nikolayevna” — deyə çağırardı. Nəyə görə? — yadımda deyil. Şairlə “telefon söhbəti” də edərdik. O, məni “Gulya” – deyə çağıranda, mən bundan qəribə sevinc diyardım. Ona görə də bu adla mənə tez-tez müraciət edərdi. Şirniyyat verər, oyuncaqlar alar, gözəl nağıllar danışardı. Ala gözlü, qızıl saçlı şair məni oxşayıb əzizlər, çiyninə alıb gəzdirərdi.
Bəzən də evimizə sükut çökər, hamı pıçıltı ilə danışar, mən səs-küy salanda, deyərdilər:
-Sakit ol, Seryoja əmi şeir yazır.
Sergey Aleksandroviç bəzən qapını bağlayıb uzun müddət çölə çıxmaz, bəzən də hovuzun kənarında oturub və yaxud xalçanın üstünə uzanıb dərin xəyala gedər, öz-özünə pıçıldar, şeir yazardı.
O, gözəl “İran nəğmələri” silsiləsini mənə həsr etdiyi “Ey fərəhli ölkə, gənclik ölkəsi” şeiri ilə başa çatdırıb. Həmin şeirin atamda olan orijinalında şairin başqa qeydləri ilə yanaşı, belə bir avtoqrafı da vardır: “Gulya Nikolayevna! Bu, çox əzizdir. Nə vaxt qızımı görsən, ona verərsən. S.Y”.
Məşhur “İran nəğmələri”nin yaranmasında orta əsr fars və tacik ədəbiyyatının ən gözəl nümunələri ilə tanışlıq, şairin Orta Asiya xatirələri, Bakı səfərləri, habelə uzun müddət İranda sovet nümayəndəliyində işləyən əmim V.İ.Boldovskinin söhbətləri mühüm rol oynayıb. Sergey Yesenin əmimin İran haqdakı söhbətlərinə maraqla qulaq asardı. Hətta Moskvaya gedərkən əmimi yolüstü Ryazana, bir toya da aparmışdı.
Atam 1925-ci ilin 1 May gününü tez-tez xatırlayırdı. Atamgil 1 May təntənəsinə S.Yesenini də aparmışdılar. Hər yerdə fəhlələr onu köhnə tanış kimi, böyük məhəbbət və ehtiramla qarşılamışlar. Şair partiya rəhbərləri ilə birlikdə təzə yaz otlarının üstündə , fəhlələrin süfrə açdıqları çəmənlərdə olur, şeir deyir.
Sonra Mərdəkandakı bağımıza gəlirlər. Burada Yesenin dərin bir səmimiyyətlə S.M.Kirova “İran nəğmələri” silsiləsindən təzə yazdığı şeirlərini oxuyur.
Anam xatırlayır ki, Sergey Yesenin tez-tez yaxındakı isitrahət evinə dəvət olunar, çimərliyə gedərdi. Axşam bir yerə toplaşanda, şairin həyat yoldaşı, L.N.Tolstoyun nəvəsi Sofiya Andreyevna piano çalardı.
Böyük şair sentyabrın əvvəllərində Moskvaya gedərkən Sofiya Andreyevna ilə “Bakinski raboçi” qəzeti redaksiyasına gəlir, lakin atamı orada tapmır. Onlar anam üçün qara krepdeşin parça və şairin şəklini avtoqrafla hədiyyə qoyurlar.
Həmin şəkil heykəltəraş Fuad Salayevin xoşuna gəlib, onun əsasında Yeseninə həsr etdiyi xatirə qorelyefini hazırlayıb”.
Bütün Şərq dünyasına poetik şair sevgisi ilə yanaşan Yeseninin “İran nəğmələri” ilə Şərq klassiklərinə nə dərəcədə bağlandığına yazımın əvvəlində toxunmuşdum. Doğrudan da bu bağlılıq və məhəbbət Yeseninin Şərq poetikasına məxsus motivlərinə, Şərqin ənənəvi milli dəyərlərinə, gözəl məkanlarına, sərvətlərinə də münasibətində özünü göstərirdi. Şair öz əsərlərində tez-tez Firdovsinin, Sədinin, Xəyyamın adlarını çəkir və bəzən düşüncələrində onlara istinad edirdi. Məhəmməd Peyğəmbərdən, Qurandan danışır, Lalədən, Şahanədən, Gülnardan, Həsəndən söhbət açırdı. Bülbülün nəğməsini, qızılgülün ətrini, pərinin gözəlliyini vəsf edir, kamanı dinləyir, tütək səsinə qulaq asırdı. Şairin əsərlərində Bakı, Tiflis, Batumi,Tehran, Təbriz, Xorasan,Bosfor, Bağdad, Şiraz, Fərat, Şuşa, Balaxanı, Mərdəkan dəfələrlə təsvir edilirdi. Çayxana, zurna, tar, çadra, xına, zəfəran, şal bə bu qəbildən olan bir çox Azərbaycan kəlmələrindən geniş istifadə olunurdu.
“İran nəğmələri”ndəki hər bir şeirin hər bir misrası sanki insanın əlindən tutub bu torpağı qarış-qarış gəzdirir::
Sən ey Firdovsinin gənclik vətəni,
Unuda bilməzsən olub — keçəni, —
Mehriban urusu, qəmli gözləri.
Yadından çıxara bilməzsən məni,
Sən ey Firdovsinin gənclik vətəni.
Bilirəm, nə qədər gözəlsən, İran,
Çıraq tək sayrışır güllərin yenə,
Qəlbimə aşina uzaq diyardan
Təzə xatirələr danışır mənə
Bilirəm, nə qədər gözəlsən, İran!
Sonuncu dəfədir bu gün içirəm,
Şərabın ətridir məni məst edən.
Sənin səsini də Şahanə, bu dəm
Ayrılıq çağında ürəyimdə qəm,
Sonuncu dəfədir eşidirəm mən.
Səni mən unuda bilmərəm, ancaq,
Taleyim dərbədər, taleyim səyyar,
Ən uzaq adamlar, yaxın adamlar
Qarşıma çıxanda dayanıb hər vaxt
Onlara mən səndən deyərəm ancaq.
Qorxmuram mən sənin bəlalarından,
Rusiya haqqında qəmli, mükəddar,
Bir nəğmə qoyuram yadigar, hər an
Oxu, xatırlayıb məni bir qədər, —
O zaman səsinə səs verərəm mən.
“İran nəğmələri”ndə də şairin Rusiyaya, Ryazana olan doğma vətən sevgisi bütün dərinliyi ilə əksini tapmışdır. Şair bu vətən sevgisini məhəbbət hissi ilə yanaşdığı “gözəl Şahanəsi”də etiraf edir: (müəlliməlik edən bu xanım güclü poeziya həvəskarı idi.Tərcümə Səyavuş Məmmədzadənindir)
Meһriban Şaһanə, gözəl Şaһanə,
Şimal һəsrətimi göynətdi məni?
Qoy ayın nurunda çimən zəmini
Nağıla çevirib söyləyim sənə,
Meһriban Şaһanə, gözəl Şaһanə!
Şimal һəsrətimi göynətdi məni?
Orda ay doğanda göylərə sığmaz…
Nə qədər səfalı olsa da Şiraz,
Mənə unutdurmaz Ryazan elini…
Vətən һəsrətimi göynətdi məni?
Qoy sənə danışım qızıl zəmidən,
Əlində bir sarı sünbüldü saçım.
Kefin istəyirsə, üz, nə əlacım,
Dözərəm ağrıya uf da demədən,
– Qoy sənə danışım qızıl zəmidən.
Gecə ay nurunda çimən çovdarı
Qıvrım saçlarımdan, telimdən tanı.
Əzizim, gül, danış, pozma һalını,
Yadıma salma sən, deyirəm, barı
Gecə ay nurunda çimən çovdarı.
Meһriban Şaһanə, gözəl Şaһanə!
Şimalda bir qız var, günləri sayır.
Özü də o, sənə yaman oxşayır.
Bəlkə, ala gözü yol çəkir yenə,
Meһriban Şaһanə, gözəl Şaһanə!
Şairə elə gəlir ki, Şiraz nə qədər füsunkar olsa da, sevimli Şahanə nə qədər gözəl olsa da, onun doğma yurdunu əvəz edə bilməz.
Yesenin Şirazdan, Xorasandan və digər uzaq məmləkətlərdən yazsa da, onun ürəyi, bütün ruhu Rusiyada, rus torpağında idi. Avropanı, Amerikanı gəzib-dolaşan və bu ölkələr haqqında hər şeyi öz gözləri ilə görən Yesenin, 1925-ci ildə xəstələnərkən yaxın adamları onu müalicə üçün Avropa ölkələrinə göndərmək istəyəndə, şair bu təklifdən imtina etmişdi. “Mənim yolum” adlı şeirində şair əvvəlki səfərindən sonra vətənə qayıtdığını, sevimli Moskvadan bir ana kimi öz nadinc övladını bağışlamasını xahiş edirdi. Rus təbiəti yenidən “nadinc övladın” dilində həzin bir nəğməyə çevrilirdi:
Sürünməkdən yoruldum,
Mən əcnəbi elindən.
Döndüm evimə əlan,
Görürəm ağcaqayın
Durub göl sahilində
Yaşıl hörük, ağ tuman.
Ah, boylu ağcaqayın!
Nə qəşəngdir sinəsi…
Bəli, müalicə üçün də bu vətən aşiqi xaricə getmək istəməmişdi. Demişdi ki, mən Rusiyasız yaşaya bilmərəm. “Mən orada ölərəm. Mən kəndə, Ryazan quberniyasına, Moskva ətrafındakı kəndlərə getmək istəyirəm. Xaricdə mən heç bir şey, hətta bircə sətir də yaza bilmərəm”.
Şair qürbətdə olduğu zaman doğma vətəninin həsrətini çəkir, doğma yurdunu Avropa ilə müqayisə edib deyirdi: “Buradan, hərc-mərcliklə dolu Avropadan Rusiyaya qayıtmağı necə də arzulayıram… Moskvadan bizə elə görünürdü ki, Avropa bizim fikir və şeirimizin yayıldığı çox geniş bir sahədir. Amma mən buradan görürəm ki, aman Allah, Rusiya nə qədər gözəl və zəngin imiş. Adama elə gəlir ki, belə ölkə yoxdur və ola da bilməz”.
Vətən, yurd, torpaq mövzusu şairin ömrünün son anlarına qədər onun əsas mövzusu olaraq qaldı. Lirikasının əsasını vətən və vətənə olan sonsuz sevgi, ilvi məhəbbət təşkil etdi. Bir çox əsərlərində isə ana və vətən məfhumu birləşdi. “Ana duası” (1914) və “Kantata” da (1918) olduğu kimi:
Köhnə bir koma vardır
Kəndin lap qırağında.
Ana dua eləyir
İkona qabağında.
Ana dualarında
Oğlunu salır yada,
O, vətəni qoruyur
Uzaq eldə, davada.
Silib göz yaşlarını
Dua eləyir ana,
O yorğun gözlərində
Arzular gəlir cana.
Ana bir səhra görür, —
Bu, döyüş səhrasadır,
Torpağa sərilən də
Qəhrəman balasıdır.
Alovlu qan fışqıran
Köksündə yaralardır.
O donmuş əllərində
Düşmən bayrağı vardır.
Səadətdən, ələmdən
Tamam donubdur ana,
Dayaq olub əlləri
Əyilmiş çal başına.
Bu dəm qaşlarına da
Ara-sıra dən düşür.
Yaşlar mirvari kimi
Axıb gözündən düşür.
“Kantata” şeiri:
Uyuyun, uyuyun, əziz qardaşlar,
Yenə də bu torpaq – mehriban ana,
Dönməz qoşunundan yığıb bir qatar
Göndərər Kremlin divarlarına.
Yeni nəsil gələr üstünə yerin,
Şəfəq zər şimşəklə yanmağa başlar
Nurunda əbədi sərdabələrin
Uyuyun, uyuyun, əziz qardaşlar.
Darvaza önündə qızıl möhürtək
Günəş keşik çəkir sizə biqərar…
Uyuyun, uyuyun, əziz qardaşlar,
Sizin yanınızdan cərgələnərək,
Ərzin sabahına yeriyir xalqlar.
“Anama məktub”, “Anamdan məktub”, “Cavab” və bu kimi digər şeirləri bu müqəddəs birliyin simvoluna çevrildi.Konstantinovun yerləşdiyi Oka çayının sahilləri, anasının yaşadığı kiçicik ev Yesenin üçün həmişə əziz, unudulmaz idi. Ona görə də “Anama məktub” da yazırdı: (Əliağa Kürçaylının tərcümə etdiyi şeiri bütövlüklə təqdim edirəm)
Söylə, yaxşısanmı mehriban ana?
Mən də pis deyiləm. Salamlar sənə!
Qoy axıb süzülsün kiçik komana,
Axşamın əsrarlı işığı yenə.
Mənə yazırlar ki, çox darıxırsan,
Könül həyəcanını gizləyib bütün —
Əynində o köhnə, nimdaş paltarın,
Mənimçün yollara çıxırsan hər gün.
Axşamlar qaranlıq qovuşan zaman
Görürsən, yummamış göz qapağını,
Kimsə meyxanada dalaşan zaman
Köksümə saplayıb fin bıçağını.
Bu, əzabdan doğan sayıqlamadır,
Yox, yox, mehribanım! Sakit ol, dayan,
O qədər də əyyaş deyiləm, inan,
Mən səni görməmiş köçəm dünyadan.
Yenə əvvəlkitək mehribanam mən,
Yalnız bircə arzu hakimdir mənə:
Qurtarıb üsyankar qüssə əlindən,
Alçaq komamıza qayıdım yenə.
Gələrəm, gələrəm baharsayağı,
Bağlarda budaqlar açanda çiçək,
Ancaq sən yuxudan məni sübh çağı,
Oyatma, səkkiz il əvvəl olan tək.
Ölən arzuları oyatma tamam,
Tərpətmə açmadan solanları sən.
Mən çox itirmişəm, çox yorulmuşam,
Mən bütün bunları dadmışam erkən.
Məni duaya da öyrətmə daha,
Mən bir də keçmişə dönmərəm artıq.
Tək sənsən könlümə səadət, dayaq,
Tək sənsən mənimçün əsrarlı işıq.
Unut qəlbindəki həyəcanları,
Mənimçün o qədər gizli yanma sən.
Əynində o köhnə, nimdaş paltarın,
Mənimçün yollarda çox dayanma sən.
Sonya Tolstoy ömür yoldaşı kimi taleyinin son qisməti idi. Belə ki, Yesenin dörd dəfə nikaha daxil olmuşdu.
Gənc şair 1913-cü ilin payızında 18 yaşında ikən mətbəədə bir yerdə çalışdığı, korrektor kmi fəaliyyət göstərən özündən 4 yaş böyük Anna Romanovna İzryadnova ilə vətəndaş nikahında yaşamağa başlayır. 1914-cü ildə cütlüyün oğlu Yuri dünyaya gəlir. Ailə həyatı dövründə Sergey Yesenin 70 — ə yaxın məşhur şeirlərini yazır. Bir müddət sonra həyat onları ayırır. Anna Romanovna öz xatirələrində deyir: “Ölümündən bir neçə gün öncə gəlib mənimlə vidalaşdı, “ah” çəkərək bildirdi ki, artıq bu dünya ona darlıq edir. Öləcəyini hiss edirdi, “Oğlumuza yaxşı bax, amma hər istədiyini də etmə” deyib, evdən çıxdı”.
1917-ci il iyul ayının 30 -da şair teatr aktrisası Zinaida Nikolayevna Rayxla rəsmi nikaha daxil olur.1918-ci ildə bu nikahdan qızıTatyana, 1920-ci ildə oğlu Konstantin dünyaya gəlir. Məlum olduğu kimi, yaradıcı insanlar daim ehtiyac duyduqları ruh azadlığı ilə yanaşı, cəmiyyətin çərçivələrini də qırıb keçməyə can atırlar.Onlar özlərini hər mənada hürr hiss etmədikcə, sanki yaradıcılıqlarında bir durğunluq, yeknəsəklik yaşanır.
19 fevral 1921-ci ildə qızının 3, oğlunun 1 yaşı olanda, Yesenin, uşaqlarının maddi təminatını öz üzərinə götürməklə, arvadı ilə nikahının pozulmasını məhkəmədən xahiş edir.
Rayx ikinci dəfə ərə gedir. Ölümündən bir müddət əvvəl Sergey onu və uşaqlarını ziyarət edir: “Siz belə küt kitabları yox, atanızın şeirlərini oxumalısınız” — deyə həm keçmiş xanımına, həm də övladlarına iradını bildirir. Onların son görüşü də mübahisə və göz yaşı içində sona çatır. Bəzi mənbələrin məlumatına görə, Zinaida 1937-ci ildə evində qətlə yetirilir. Onun ölümü haqda hələ də səhih məlumat bildirilmir.
Ədəbi işçi və jurnalist kimi çalışan Qalina Arturovna Benislavskaya şairlərin yaradıcılıq gecələrində tez-tez iştirak edərdi. 1920-ci ilin 19 sentyabrında o, həmin gecələrdən birində ilk dəfə Sergey Yeseninin çıxışını dinləyir. Bir qədər sonra Qalina Sergeylə şəxsən tanış olur. Yesenin bir müddət Benislavskayanın evində yaşayır. Bütün yaradıcılıq işlərində Qalina Sergeyə köməyini əsirgəmir, ona qaygı ilə yanaşır. Həyatın növbəti diqtəsi yenə öz hökmünü verir; 3 oktyabr, 1921-ci ildə Yesenin Qalinadan ayrılır. Sonralar Qalina yazır: “Bir Tanrı şahiddir ki, onunla olan xatirələrimə arxa çevirib, nə qədər getmək istəmişəm. Onun qadını yox, sadəcə dostu olmağa cəhd etmişəm. Lakin gec də olsa anladım ki, aramızda olan tellər qopan deyil”.
Yeseninin ölüm xəbərini eşidəndə, Qalina onun məzarına gəlir, odlu silahla özünə atəş açıb, intihar edir. Qəbir daşının üzərində bir qeyd qoyur: “Mən burada intihar edirəm. Bilirəm ki, bununla Yesenin haqda daha çox şaiənin yayılacağına səbəb oluram… Amma sizin düşündükləriniz artıq bizi zərrə qədər maraqlandırmayacaq”.
Qalina Benislavskaya ilə Yeseninin məzarları yanbayandır. Özünü sevgi uğrunda qurban verib, eşq zirvəsinə yüksələn bu cəsarətli qadın Sergeylə birgə uyuyur.
Sentyabr, 1921-ci il. Yesenin amerikalı rəqqasə, yeni, qeyri-klassik balet məktəbinin təməlini qoymuş olan Aysedora Dunkan ilə tanış olur. “Dunkanı “jestlər çariçası” adlandırırdılar, — deyə Lunaçarski yazırdı, — lakin onun bu jestlərindən sonuncusu — onu qorxutduqlarına baxmayaraq, inqilabi Rusiyaya səfəri — ən gözəl jest idi və ən qızğın alqışlara layiqdir”.
Şairi və Dunkanı yaxından tanıyan İ.Şneyder öz xatirələrində qeyd edir: “Aysedora Dunkanın Sergey Yeseninə sevgisi onun həyatına xeyli ağırlıq və faciə gətirdi. Onlar bir-birilərinə çox şey verdilər. Bununla yanaşı, biri digərinə iztirab gətirdi”.
Hər ikisi — Dunkan da, Yesenin də — nadir hal olan qəlb genişliyi, əliaçıqlıq və bədxərclikdə fərqlənirdilər. Dunkan öz ərlərinin var-dövlətlərini və özünün məxsusi qonorarlarını israfçılıqla havaya sovururdu. Yesenin də öz cüzi qazancları ilə eynilə rəftar edirdi. Və onların hər ikisi mahiyyət etibarilə evsiz-eşiksiz adamlar idi. Hər ikisi “dünyada olmayan bir şeyin axtarışında” idilər, xəyallar aləmində yaşayırdılar. Yesenin qanlı inqilabi gerçəklikdə İnoniyanı, Dunkan – burjua Avropasının bayağılıq dünyasında — antik Yunanıstanı axtarıb tapmağa çalışırdı. Aysedora Rusiyaya gəlmək xahişi ilə Lunaçarskiyə göndərdiyi məktubunda yazırdı: “Mən burjua kommersiya sənətindən usanmışam… Daha çox fahişəxanaya oxşayan müasir teatrdan usanmışam… Mən kütlələr üçün, fəhlə insanlar üçün rəqs etmək istəyirəm, o insanlar üçün ki, mənim sənətim onlara gərəkdir, lakin onların gəlib məni görməyə pulları yoxdur…”. Və iki xəyalpərəst , Yesenin və Dunkan bir-birilərinə bir kişidən və qadından daha çox bənzər mənəviyyatlı iki adam kimi meyl etmişdilər. Hər ikisi bir-biriərini qadınlıq və kişilikdən nəsə daha yüksək meyarla qiymətləndirirdi… Həm Yesenin, həm də Dunkan tərəfindən konkret insana deyil, çox dərəcədə onların hər birinin real həyatında yaranan obraza sevgi üstün idi.
Gözəl sənəti ilə bütün dünyada şöhrət qazanan Dunkanın gerçəkdən uğursuz və faciəli taleyi vardı. O, Fransada qastrol səfəri zamanı avtomobil qəzasına uğramış və övladları həlak olmuşdu. Aysedoranın xatirələrində qeyd olunur ki, o, Moskvada Yeseninlə tanış olarkən sanki oğlu Raymondla rastlaşır. Az sonra Sergeylə Aysedora kəbin kəsdirərək xaricə gedirlər. Evlilik müddətində Avropanı və Amerikanı gəzirlər.
Amerikaya yola düşənədək Yesenin və Dunkan Parisdə yaşayırlar, Yesenin bir neçə dəfə şair və tərcüməçi Frans Ellens ilə görüşür. Bu adam Yeseninin şeirlərini tərcümə etməyə cəhd göstərirdi.
Şair və rəqqasə nəhayət, sentyabrın 27-də Havr limanında reyddə dayanmış “Paris” buxar gəmisinə minirlər. Bu çoxgöyərtəli buxar gəmisi öz dövrünün “Titanik”i idi. Gəminin restoranı, Yeseninin sözlərinə görə, Böyük Teatrın ölçüsündə idi, gəmidə geniş kitabxana zalları, kazino, hovuzlar, mətbəə, rəqs zalları, oranjereya, sərnişinlər yalnız təzə ət yesinlər deyə inəkləri və donuzları kəsmək üçün qəssabxana vardı. “Paris”in göyərtəsində hətta Nyu-Yorka 24 saat tez çatmaq istəyində olanlar üçün təyyarə hazır dayanmışdı.
Yesenin hərbi kommunizmin aclıq illəri və ərzaq sapalağından sonra bir həftəlik belə bir dəbdəbə və fantastikada Amerika sahillərinə çatır. “Son xəbərlər” qəzetindən: “Məşhur rəqqasə Aysedora Dunkan dünən şair Sergey Yeseninin müşayiəti ilə Nyu-Yorka varid olmuşdur”.
İmmiqrasiya idarəsinin təmsilçiləri Dunkan və Yeseninin sahilə ayaq basmalarını yasaq etmiş və səyyahların Ellis-Aylendə göndərilməsinə sərəncam verirlər, orada onlar Amerikaya kommunist təbliğatı üçün gəldikləri haqda məlumatla bağlı olaraq sorğu-sual ediləcəkdilər. Dunkan kəskinliklə etirazını bildirmiş, onun sovet hökumətinə yaxınlığı barədə söz-söhbətləri qətiyyətlə inkar etmişdi. Rəqqasə göstərmişdi ki, dəfələrlə kommunist rejimini tənqid etmişdir. Əlavə etmişdi ki, Amerika doğumlu olmaqla, konqressin bu yaxınlarda qəbul etdiyi qanuna əsaslanaraq, əcnəbiyə ərə getsə də, Amerika vətəndaşı hüququnu özündə saxlayır… Yesenin də etirazını bildirmişdi. Cütlər bir gecəni buxar gəmisində keçirməli olmuşdu.
Aysedora Dunkan Yesenindən 17 yaş böyük idi və ümumiyyətlə, həyata baxışı ilə şairin yaradıcılığında mühüm rolu yox idi. Buna görə də il yarım sonra onların yolları ayrılmışdı.Yeseninin müəmmalı ölümündən təxminən bir il sonra Dünkan Fransanın Nitsa şəhərində şalı ilə özünü boğaraq intihar etmişdi. Məşhur rəqqasənin son sözləri bu olmuşdu: “Əlvida dostlarım, mən şöhrətə doğru gedirəm”.
1925-ci ilin mayında Yesenin qeyd etdiyim kimi, Lev Nikolayeviç Tolstoyun nəvəsi Sonya Andreyevna ilə evlənir. Sonya şairə böyük qayğı və həssaslıqla yanaşır, diqqət və mehribanlığını ondan əsirgəmir.
Bədii yaradıcılığa çox tələbkar və həssas olan Yesenin etiraf edir: “Mənim lirikam hər şeydən əvvəl böyük məhəbbət, Vətən məhəbbəti ilə canlıdır. DoğmaVətən duyğuları mənim yaradıcılığımın əsasıdır”. Doğrudan da bu, həqiqət idi. Gənc şairin çoxsaylı şeirləri, o cümlədən, “Sevimli diyar…”, “Ey Rusiya, mənim mehribanım”, “O yerdə ki gicitkən sapsarı…”, “Sən, ey alın təri ilə islanmış qara torpaq”, “Daxmada”, “Ah, Rusiya, aç qanadını…”,“Əbəs deyil əsən küləklər…”,“Çöllərə baxıram, göyə baxıram…”, “O yerdə ki, sirrlər mürgüləyir əbədi…”, “Ah, Rusiya, qızıl moruq çölləri”, “Usandım yaşamaqdan”, “Yenə doğma Vətəndəyəm mən”, “Qürub etdi günəş”, “Düşüncələr”, “Ah, mənim tarlalarım, doğma şırımlar”, “Dəmirçi”, “Marfa Posadnitsa” və s.kimi sənətkarlıqla və yaradıcılıq qüdrəti ilə yazılan əsərlər buna yaxşı nümunələrdir. Lakin gənc şairin 19 yaşında yazdığı və 1915-ci ildə “Severnıe zapiski” jurnalında çap olunan “Rusiya” şeiri Yeseninə daha böyük şöhrət qazandırmışdı.Hətta bu halal şöhrət də onun qəlbini dərindən sevindirə bilmirdi.
Matvey Royzman “Yesenin haqda yaddaşımda qalanlar”ı yada salır.
“- Yesenin son zamanlara qədər şən təbiətli adam idi, — yenidən skamyaya əyləşən İvanov dilləndi.
— Mən bu barədə ona deyəndə, cavab verdi: “Mən şən deyiləm, mənim dərd-qəmim özü şəndir!” Vsevolod özü mənə danışıb ki, bir dəfə Sergey onun evinə gəlib və gözəl bir qadını orada haqlayıb. Qadın evdən çıxan kimi Yesenin bildirib ki, indi İvanov onu duelə çağırmalıdır. Lakin Vsevolod buna bir səbəb görməyib və qətiyyətlə imtina edib. Lakin Sergey tez-tez gəlməyə, öz dediyində israr etməyə və sübut etməyə çalışıb ki, sovet ədəbiyyatı tarixində bu əla bir hadisə olacaq, müasirlər və gələcək nəsillər bu barədə danışacaq və yazacaqlar. İvanov zarafata salıb, Yesenin isə ona Puşkin dövrünün duel kodeksini oxuyub və dilə tutmağa çalışıb ki, narahat olmasın: təhqir olunmuş tərəf kimi Vsevolod ilk atəşi açmaq hüququna malik olacaq.
Mən xatırlatdım ki, bir neçə il öncə akmeist, “Daş” adlı çox gözəl bir şeir toplusunun müəllifi Osip Mandelştam və ədəbi aləmdə böyük səs-küy qoparmış “Adi atdır ki, var” toplusunun müəllifi imajinist Vadim Şerşenoviç öz şeir məktəblərinin nailiyyətləri barədə mübahisə edərək bir-birilərinə ağır-artıq deyiblər. Bərk hirslənən Mandelştam soyuqqanlı Şerşenoviçi duelə çağırıb, o isə sözləri kəlmə-kəlmə tələffüz edərək: “Sizin sekundantları gözləyirəm”.
Yesenin dərhal baş sekundant olmaq istədiyini bildirib, bir-bir dost-tanışlara baş çəkərək duelyantlar üçün iki ədəd qədimi tapança axtarıb. Kimsə ona Böyük Teatra müraciət etməsini məsləhət görüb, axı orada həftədə bir dəfə Yevgeni Onegin və Vladimir Lenski məhz bu tapançalardan bir-birilərinə atəş açırlar. Teatrda Sergeyə qədim silahlar həvəskarı-kolleksionerin ünvanını nişan veriblər. O, nəhayət ki, arzusunda olduğu tapançaları əldə edib. Lakin Sergey duelə necə bir təntənəli görkəm vermək üzərində baş sındırarkən, duelyantları tamam yaddan çıxarıb. Təkbətək qarşılaşmanın təyin olunduğu sabahın erkən saatlarında bizim qəhrəmanlar yuxudan oyanmış, səhər yeməklərini yemiş, və nə düşünüblərsə, Moskvadan çıxıb getmişlər, özü də hərəsi bir istiqamətə…
— Yesenin mənimlə tez-tez Puşkin haqqında danışardı, — Vsevolod söylədi. — Siz onun barmağında əqiq qaşlı üzüyü gördünüzmü? Belə bir qaşlı üzüyü Aleksandr Sergeyeviç də taxarmış (Puşkinə knyaginya Vorontsovanın hədiyyə etdiyi talisman-üzük).
Yesenin Bakı səfərləri, bu səfərlər zamanı baş verən maraqlı hadisələr Çaqinin qardaşı — şairin bir növ, Bakıdakı tərcüməçisinin xatirələrində də yer alıb. Amma əsas mənbə “Bakinski raboçi” qəzetidir. Şairin Bakıda yaşadığı müddətdə qələmə aldığı 40-dan çox şeirinin ( yəni “İran nəğmələri”nin) hamısı o qəzetdə çapdan çıxıb. Qəzetdə yazılan faktların biri də Yeseninin xəstəxanaya düşməsidir. Şairin Bakıdakı Dənizçilər Xəstəxanasına aparılmasının bir neçə səbəbi qeyd olunur. Amma əsas motiv Yeseninin öz səhvi, necə deyərlər, öz “dəliqanlılığı” olub:
Yeseninin xəstələnməsi ilə bağlı o zamankı Bakı Neft Texnikumunun əməkdaşının — hadisənin canlı şahidi olan Fyodor Semyonoviç Nepryaxinin 1965 — ci ildə mətbuatda dərc olunan bir yazısı olduqca maraqlıdır:
“ Bakinski raboçi” qəzetinin dərnək üzvləri ilə görüşdən sonra Yesenin Bibiheybətdəki neft mədənlərinə getdi. Birdən qüllələrin ən sıx olduğu yerdə gözlənilməz hadisə baş verdi: Bənzərsiz mənzərədən heyrətə gələn şair, tələsik maşını saxlamağı xahiş etdi və demək olar ki, qaçaraq neftin saxlandığı anbara qalxdı. Bir anlığa o, anbarın kənarında durdu, sonra isə özünü neft dənizinə atdı… Qeyri- adi qara “Narzan duşu” şairin səhhətinə çox mənfi təsir göstərdi. O, bir həftədən çox xəstəxanada yatdı. Amma bu dövrdə də şeir yazmağından qalmırdı və növbəti cümə günü yazdıqlarını bizə göndərdi. Bu şeirləri gətirən dərnək üzvü, əlbəttə ki, zarafatla, onları öz şeirləri kimi qələmə verdi. Yadımdadır, yəqin ki, ilk dəfə bizdən heç kimin tənqidi qeydləri olmadı. Amma şeirlərin Sergey Yeseninin olduğunu biləndə, onu dostcasına alqışladıq”.
Yesenin xəstə vaxtında belə şeir yazsa da, bacısına göndərdiyi məktubda bu xəstəlikdən çox qorxduğunu etiraf edirdi:
“…Mən çox qorxdum. Çagin həkimlər çağırdı. Onlar: — Əgər içməyi buraxmasan, üç aydan sonra ölə bilərsən, – deyib, məni xəstəxanaya qoydular. Pasxa bayramıdır, mən isə xəstəxanadayam. Mənə elə gəldi ki, ölürəm. Bir gündə iki şeir də yazdım”.
Yeseninin xəstəxanadan çıxdığı günlərdə Bakı Opera Teatrında fransız bəstəkarı, dirijoru, pedaqoqu, musiqi yazıçısı, ictimai xadimi, Şarl — Kamil Sen — Sansın məşhur “Samson və Dalila” operası nümayiş etdirilir. Şair həmin operaya tamaşa etmək üçün Opera Teatrına gəlir. Şöhrət yolu Bakıdan da keçən məşhur rus opera müğənnisi, müxtəlif vaxtlarda Moskvada Böyük Teatrın, Sankt-Peterburqda Marinsk Opera və Balet Teatrının solisti olmuş Xalq Artisti Fyodor İvanoviç Şalyapindən dərs alan opera müğənnimiz, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti gözəl və istedadlı aktrisamız Fatma Muxtarova həmin əsərdə Dalila rolunda çıxış edir. Aktrisanın oyunu və gözəlliyi Yesenini valeh edir. O, tamaşa gedə — gedə səhnəyə qalxmağa cəhd göstərsə də, buna icazə verilmir. Şair tamaşanın sonunadək səhnənin arxasında gözləyib, Fatma xanıma xoş sözlər deyir. Onu əlləri üstündə qrim otağına qədər aparır.
Azərbaycan və Gürcüstanın təbii mənzərələri, ecazkar təbiəti, nəcib, qayğıkeş, qonaqpərvər insanları Yeseninin xatirəsində unudulmaz izlər qoymuşdur.
“Qoca Qafqaz çoxdan bizim üçün ülviyyət və saflıq rəmzi olmuşdur. Qoy bizim dostluğumuz da Qafqaz zirvələrinin qarı kmi təmiz və saf olsun”- deyə düşünən Yesenin, özünün “Qafqazda” şeirini məhz bu munis hisslərlə qələmə almışdır.
Bakıda olarkən Yesenin Rusiyanın parlaq gələcəyini daha aydınlığı ilə dərk etmiş, bu barədə özünün Qafqaz şeirlərində ruh yüksəkliyi ilə söz açmışdır. 1924-cü ildə yazılan “Qafqazda”nı da sevə — sevə təqdim edirəm:
Bəli, biz ruslara əzəldən Parnas
Olubdur həmişə uzaq məmləkət.
Hamıdan daha çox sən oldun, Qafqaz,
Bizi əsrarıyla cəzb edən fəqət.
Qoynunda Puşkin də odlu bir hisslə
Yazmışdı qəlbinin qəm-kədərindən:
“Gözəl qız, qarşımda oxuma belə
Gürcüstanın qəmli nəğmələrindən”.
Lermontov Əzəmət haqda danışdı,
Soyudub burada qəlb acısını.
Kazbiç ona bir at bağışlamışdı,
O isə Kazbiçə öz bacısını.
Coşan çaylar kimi, gur sellər kimi
Kədərlə, hiddətlə alovlandı o,
Sonra şair kimi, bir əfsər kimi
Dostun gülləsiylə rahatlandı o.
Burda basdırılıb Qriboyedov,
İran qəzəbinə hədiyyəmiztək.
Zurna, tar naləsi altda indi o,
Yatır böyük dağın ətəyində tək.
Sənin dağlarına mən gəldim bu gün,
Özüm də bilmirəm heç niyə gəldim?
Doğma türbələrə yas tutmaq üçün,
Ya öz ölümümü görməyə gəldim?!
Nə fərqi, doluyam düşüncəsiylə
Bizi tərk eləyən hər sənətkarın.
Onları oxşadı boğuq səsylə
Sənin dərələrin, vəhşi çayların.
Zirvədən uzağı görməkçün hərdən
Addım səslərini duymaqçün bir an,
Onlar qaçdı bura düşmənlərindən,
Onlar qaçdı bura öz dostlarından.
İlham pərisiylə vidalaşaraq,
O şərdən, bəladan qaçmışam mən də.
Yenidən şairə dönürəm ancaq
Epik bir mövzunun şeiriyyətində.
Rus şeirinin odu könlümə yaxın –
Mayakovski də var, başqaları da.
O, baş rəngsazıdır bu qərargahın,
Tıxaclardan yazır Mosselpromda.
Ladoqa keşişi Klyuyevə bax,
Şeiri sırıqlıdır onun elə bil.
Dünən bərkdən dedim onları, ancaq
Gördüm ki, qəfəsdə gəbərdi bülbül.
Dəyməz hamısını mən sayam bir-bir,
Soyuq günəş altda bitibdir onlar.
Adicə bu kağız korlamaq nədir —
Onu da necə var, bacarmayırlar.
Qafqaz, bağışla ki, burda qəflətən
Onlardan söz açdım, andım hər kəsi.
Mənim rus şeirimi elə öyrət sən
Axsın hər xəttindən zoğal şirəsi.
Həm də Moskvaya qayıdan zaman
Gözəl bir poema olsun qismətim.
Gərəksiz qüssə də çıxsın canımdan,
İlham pərisiylə kəsim ülfəti.
Bir də son günümdə gələrək dilə
Öz vətənimdə də deyə bilim mən:
“Gözəl qız, qarşımda oxuma belə
Gürcüstanın qəmli nəğmələrindən “
Onun məhz Bakıda yazdığı “Zəif ay işığı…” şeirində şairin ürəyinin ən gözəl arzusu misilsiz bir sevgi ilə əks olunmuşdu. Misralara diqqət edək:
Bilmirəm taleyim necə olacaq,
Bəlkə də olmadım bu günə yoldaş.
Amma ki, istərəm yoxsul yox, ancaq
Poladlaşan görəm Rusiyanı kaş…
Bu, onun ən böyük və ən müqəddəs arzusu idi… Bu arzu hər an onun qəlbində, ruhunda və düşüncəsində əks- səda verirdi. O, sevimli Rusiyanı daim xoşbəxt görmək istəyirdi. Həyatdan köçəndə də bu arzular ürəyində çırpınırdı şairin:
Mən ömrümdə çox məmləkət gəzmişəm,
Hamısında bir səadət gəzmişəm.
Bundan delə xoşa gələn bir qismət
Axtarmıram,aramıram, mən fəqət.
Dəli könlüm, gəl çırpınma bu qədər!
Bakını tərk edərkən, qələmə aldığı kədərli ayrılıq şeirində “İran” (Persiya) xitabı ilə:
Vaxtdır, Rusiyaya dönməliyəm mən,
Səni tərk edirəm, deməli, İran?
Yoxsa ayrılıram ömürlük səndən?
Vətən məhəbbəti oyanıb yaman,
Vaxtdır, Rusiyaya dönməliyəm mən
— deyən şairin 30 illik ömrü doğrudan da bir nağıl kimi keçdi.Hələ sağlığında bütün dünya onu canlı bir əfsanə kimi sevdi, oxudu, öyrəndi. A.Tolstoyun dediyi kimi, böyük milli şair öz həyatını çəkinmədən alovlara atdı.O, bizim qarşımızda yanıb külə döndü.Onun poeziyası böyük qəlb xəzinəsidir…
Poeziyası böyük qəlb xəzinəsi olan şairin poetik aləmi və həyatı isə qanı ilə yazdığı ”Əlvida” şeiri ilə bitməli olur :
…Nə qoca dünyada ölüm təzədir,
Nə də ömr eləmək təzədir əlbət..
Şair sanki ömrünün 30-cu baharında həyata vida edəcəyindən xəbərdar idi. Odur ki, daim tələsir, bir an belə tənha qalmaq istəmirdi.
Çaginin yazdıqlarında həyəcan notları indi də aydın hiss olunur: “Dekabrın sonunda mən Moskvaya, partiyanın XIV qurultayına getdim. İclaslararası tənəffüsdə S.M.Kirov məndən soruşdu ki, Yeseninlə Moskvada görüşmüşəmmi, necədir, ona nə olub?
Mironoviçə xəbər verdim ki, aldığım məlumata görə, Yesenin Leninqrada (indiki Sankt – Peterburq şəhəri – R.Mirzəzadə) gedib.
Kirov dedi: “Hə, nə olar ki, onun üzərində hamiliyimizi Leninqradda davam etdirərik. Bir neçə gündən sonra orada olacağıq”.
Sonradan öyrəndim ki, Mərkəzi Komitə qərar çıxarıb: Kirovu Leninqrad quberniyası Partiya Komitəsinin birinci katibi, İvan İvanoviç Skvartsov – Stepanovu “Leninqradskaya pravda”nın redaktoru, məni isə “Krasnaya qazeta”nın redaktoru təyin ediblər.
Sonsuz kədər və təəssüflə qeyd edirəm ki, S.Yeseninin üzərində hamiliyimizi davam etdirmək bizə müəssər olmadı.
Leninqrada gəldiyimiz günün ertəsi öyrəndik ki, S.Yesenin həyatdan getmişdir”.
Bu barədə Mariya Çaginanın əvvəldə təqdim etdiyim məqaləsinin davamını qeyd edirəm:
“1925-ci ilin axırlarında mən Leninqradda Plexanov küçəsində, “Anqleter” mehmanxanasından bir az aralıda yaşayırdım. Pyotr İvanoviç Moskvada idi, partiya qurultayının işində iştirak edirdi, teleqram göndərib məni yanına çağırırdı.
Dekabrın 28 -də qatara əyləşərkən mən kiminsə “Yesenin vəfat edib” dediyini eşitdim. Bilmirəm, nə üçünsə, ürəyimə dammışdı ki, bu faciə baş verib.
Səhər Moskvaya gəlib perronda Pyotr İvanoviçi görərkən onun çöhrəsindən başa düşdüm ki, hissim məni aldatmayıb. İnanılması çətin olan bir həqiqəti eşitdim. Mən isə bu qədər yaxında, demək olar ki, yanında olduğum halda, heç nə ilə kömək edə bilmədim… Bunu dərk etmək acı idi, cox acı idi…
Bizim arxivdə Yeseninin fotoşəkilləri, əlyazmaları, üstünü yazıb hədiyyə verdiyi kitablar ehtiramla mühafizə olunur. Yesenin xəyalımda və ürəyimdə onu ilk dəfə gördüyüm kimi, poeziyanın vəfalı cəngavəri kimi həmişəlik qalmışdır”.
Yesenin “Qitələr” şeirini şair P.Çaginə həsr etmişdi. Əsərdə Çaginin daim tərəddüdlər, ziddiyyətlər, çırpıntılar içində olan şairə xeyirxah, humanist təsirini, qayğıkeş münasibətini görməmək mümkün deyil.Burada fikirlə hissin, lirika ilə siyasətin möhkəm vəhdəti aydın hiss olunur.
Xatırladım ki, Yesenin yaradıcılığının zirvəsi sayılan “Anna Snegina” məşhur poeması da “Bakının yadigarı” idi və “Bakinski raboçi” qəzetinin 1 – 3 may 1925-ci il tarixli nömrəsində dərc olunmuşdu.
1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50 -si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeir və 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur.
“Yesenin Bakını çox sevirdi. O, həmişə mənə deyərdi ki, hər bir şairin Bakıya getməsi zəruridir, çünki şəhər və ətrafı olduqca şairanədir”, – bunu tanınmış rus şairi, yazıçısı, dramaturqu Valentin Petroviç Katayev söyləyirdi.
Azərbaycan Yesenin üçün romantik bir diyar idi:
Qızılı telləri
soyuq qəmərin,
Tünd oleandra
ətirli mixək
Bu mavi diyarın,
mehriban yerin
Gəzəsən qoynunda
yorulanadək.
Bəli, o, “Əlvida, Bakı” şeiri- qüssə dolu ayrılıq nəğməsi ilə sevimli Bakısıyla vidalaşdı: (Tərcümə Knyaz Aslanındır)
Əlvida, ey Bakı! Ayrılaq gərək
Kədər var, qorxu var qəlbimdə indi.
Əlimin altında ağrıyır ürək,
Dostu qoyub getmək yaman çətindi.
Əlvida, ey Bakı! Ey türk səması,
Tükənir qüvvətim, buzlayır qanım.
Mənimlə məzara gedir inanın,
Balaxanı mayı, Xəzər dalğası.
Əlvida, ey Bakı! Sadə nəğmə tək
Son dəfə dostyana qoy qucum səni…
Qoy qızıl gülləri yelləsin külək,
Yasəmən baş əyib ötürsün məni.
Amma Bakının, onun əziz dostlarının, onu dərin bir məhəbbətlə sevənlərin gözləri yenə yollara dikilmişdi. Bu həsrəti Əliağa Kürçaylı necə də səmimiyyətlə qələmə almışdır:
…Sən indi gəl Bakıya
Əsl şeiriyyətdir o…
Gəl, Sergeyim,
Gəz, dolan
Bu qardaş torpağında.
Şeiriyyət Xəzər kimi
Qoy çağlasın sinəndə.
Çörək dost süfrəsində,
Nəğmə dost dodağında!
Yerin ürəyimdədir
Gəlsən də, gəlməsən də…
Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın «Anqleter» otelində Yesenin özünü asaraq intihar etmişdir. Uzun illər Yeseninin intihar etməsi fakt kimi qəbul edilsə də, ötən əsrin 80-ci illərin sonuna yaxın Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.
Bütün bu şübhələrə son qoymaq məqsədilə 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə – Ümumittifaq Yesenin Komitəsi yaradıldı. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Y.L.Prokuşev təyin olundu. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil edildi. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını etsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməmişdir.
Milad ərəfəsinin matəm günlərində əsl dəyərli sözləri Leonid Leonov tapmışdı:
“Bizdə nekroloq yazmağı xoşlayırlar, bizdə onları kefin istədiyi qədər, məharətlə və zövq-şövq ilə, özlərinin mürəkkəblərini əsərgəmədən mənəvi üstünlük görüntüsü ilə yazırlar. Ölənlər haqqında olar… Sergey Yesenin isə sağ deyildir: bir daha gəlməyəcək və səs-küy qoparmayacaq Yesenin…
Son görüşlər xatirimizdə hələ nə qədər canlıdır!
Hələ də ürəyimizdə sənin həlak olmağın barədə xəbərlə barışmaq yoxdur, Seryoja! Və bir də: indi yaxşı sözlər demək çətindir. Yaxşı, zərif, səmimi, məhəbbətli sözlər indi utanırlar və uzaq qaçırlar…
Zəmanəmizin şairlərindən ən böyüyü…Onun mahnılarını — bizim etibarlı rastabazarlardan tutmuş oğruların saxlandığı həbsxanalara qədər hər yerdə oxuyurlar. Ona görə ki, onda nəğməkarlıq istedadı vardı, özündə böyük bir mahnı qüvvəsini daşıyırdı…”.
“Biz böyük rus şairini itirdik” — bunu Yeseninin ölümündən sarsılan Maksim Qorki deyirdi. Həmin günlər Yeseninin şeirlər toplusunun ilk cildinin işıq üzü görməsi ilə bağlı olaraq yazırdı: “Necə də saf, necə bir əsl rus şairi. Mənə elə gəlir ki, onun şeirləri bir çoxlarını yuxudan ayıldacaq və “özünə qaytaracaqdır”.
Bir qədər sonra Qorki şairin zövcəsi S.A.Tolstoy-Yeseninaya xəbər verir ki, “Sergey Yesenin” oçerki üzərində işləyir. Və ondan şair haqqında “kitab adına ən utanmaz və ən bərbad nəşrlərdən” göndərməsini xahiş edir ki, onlara etirazını ifadə edə bilsin.
Bundan az sonra Qorki A. Marnenqofun-Yeseninin imajinist “qələm qardaşlarından” birinin “Uydurmasız roman”ına kəskin reaksiya verir, o kəs ki, şairlə yanaşı ola-ola özü üçün əsl, həqiqi Yesenini kəşf edə bilməyib, ağacın arxasındakı meşəni görə bilməyib, Yeseninin obrazını təhrif edib. “Yeseninin fiquru onun tərəfindən qərəzçiliklə təsvir olunub” – deyə Qorki Marnenqofun kitabı barədə hiddətlə yazmışdı. Qorki İvan Buninin qərəzli “yarlıklarına” qarşı da etirazını bildirmişdi. Belə ki, mühacirətdə olan bu yazıçı özünün “İstedadlar haqqında” məqaləsində Yesenini “gəda”, “julik” adlandırmışdı.
Qorki üçün Yesenin həmişəlik olaraq böyük rus şairi kimi qalmışdı.
Dahi yazıçı Neapoldan dostu fransız yazıçısı, dramaturqu, alim-musiqişünası, ictimai xadimi Romen Rollana yazdığı 24 mart 1926-cı il tarixli məktubunda bildirirdi ki, görkəmli “kənd şairi”, romantik və lirik şair kimi sevilən və orijinal sənətkar kimi tanınan Sergey Yeseninin həyat draması faciə ilə nəticələndi. Kənddən erkən yaşlarından ayrılan şair hiss etmişdi ki, şəhər, təntənəli salonlar onu mütləq məhv edəcək və etdi də. Onun şeirlərini tərif edənlər, ona qeyri-səmimiliklə yanaşanlar, əsasən düşmənləri, bədxahları idi. Buna görədir ki, o, sözün həqiqi mənasında “xuliqana” çevrilmişdi. Mənim fikrimcə, bu “xuliqanlığı” onun çox çıxılmaz, narahat bir həyatla, ümidsizliklə, həyatdan çox tez gedəcəyini qabaqcadan hiss etməsi ilə aydınlaşdırmaq olar.
Yeseninə biri-birindən yeddi gözəl şeir həsr edən rus dram teatrı aktrisası Avqusta Miklaşevskaya həmin dövrü xatırlayaraq yazır: “Mən görürdüm ki, onun həyatı necə pis keçir, necə yalqızdır. Başa düşürəm ki, mən də və bir çoxları da; onu qiymətləndirən və sevənlər çox günahkarıq. Heç birimiz ona həqiqi köməklik göstərmədik.O, yeni həyata can atır, bizə doğru yaxınlaşırdı, biz isə şairi bu çətin dövrdə yalqız qoyaraq ondan uzaqlaşdıq…”
O zamanlar ağsaqqal proletar yazıçısı kimi qəbul olunan, jurnalist və hərbi müxbir Aleksandr Serafimoviç də Yesenin barədə öz sözünü demişdi. Yazıçının arxivində Yesenin barədə 1926-cı ilə aid açıq ifadə olunmuş çox böyük vəcdlə və prinsipiallıqla yazılmış rəy saxlanılır. “Yesenin, — deyə Serafimoviç yazır, çox böyük intuisiyası, çox böyük yaradıcılığı ilə bizim günlərin yeganə şairi idi. Ən incə yaşantıların ən zərif, ən intim təsvirinə bu dərəcədə müdhiş qabiliyyət – müasirlərimizin heç birində yoxdur… Çox gözəl, möcüzəli mirasdır”.
Yeseninin dəfni möhtəşəm bir mərasim idi. İndiyədək heç bir rus şairi belə bir səviyyədə dəfn edilməmişdi. Mərasim xərcləri dövlət hesabına ödənildi.
Şairin nəşini Vaqankov qəbristanlığında Neverov və Şiryayevetsin məzarlarının yanında dəfn olunması üçün Moskvaya gətirmək qərara alınmışdı.
1925-ci il, 30 dekabr, saat 14.00-da Oktyabr vağzalının yanında böyük bir insan kütləsi dahi şairin cənazəsini qarşılamağa toplaşmışdı.
Mətbuat Evində “Böyük rus milli şairi Yeseninin cənazəsi burada qoyulub” yazılı transparant asılmışdı. Cənazə önündə çoxlu əklillər qoyulmuşdu. İnsanlar gecədən xeyli keçənə qədər axın-axın gəlib Yeseninlə — sadə və sevimli, istedadlı və qüdrətli şairləri ilə vidalaşaraq, ruhuna dualar oxuyurdular.
Həlak olmuş atasının və Puşkinin “Şaxta və Günəş” şeirlərini oxuyan balaca Tanyanın iştirakı ilə cənazənin yanında kədərli teatr tamaşalarından səhnələr canlandırılırdı.
Cənazə insan axınının müşaiyəti ilə A.S.Puşkinin abidəsinin yanına gətirildi, “Yesenin üç dəfə Puşkin ətrafında dövrə vurdu”.Həmin anlarda dahinin dahiyə ithaf etdiyi “Puşkinə” şeiri nəğməli matəm avazı kimi qulaqlarda səslənirdi:
Мечтая о могучем даре
Того, кто русской стал судьбой,
Стою я на Тверском бульваре,
Стою и говорю с собой.
Блондинистый, почти белесый,
В легендах ставший как туман,
О Александр! Ты был повеса,
Как я сегодня хулиган.
Но эти милые забавы
Не затемнили образ твой,
И в бронзе выкованной славы
Трясешь ты гордой головой.
А я стою, как пред причастием,
И говорю в ответ тебе:
Я умер бы сейчас от счастья,
Сподобленный такой судьбе.
Но, обреченный на гонение,
Еще я долго буду петь…
Чтоб и мое степное пенье
Сумело бронзой прозвенеть.
Hərbi orkestrin müşaiyəti ilə axın Gertsenin Evinə istiqamət aldı, burada hasarın barmaqlığına qalxan Vladimir Kirillov sakit, arada qırılan səslə anım nitqini söylədi:
“Yoldaşlar! Bu gün bizim ədəbi ailə böyük matəm içərisindədir. Bizim ən gözəl şairlərimizdən biri, Koltsov və Puşkindən sonra kəndin əhval-ruhiyyəsini daha dərin istedadla, həssas və düşündürücü bir şəkildə duymağı və ifadə etməyi, onun tarlaları və meşələrinin poeziyasını təqdim etməyi bacarmış olanlardan biri bizi həmişəlik tərk etmişdir. Yoldaşlar, gəlin bu təzə qazılan məzarın başında bu həyatın bəzi mənfi tərəflərini dəyişdirməkdən və Yeseninin ölümü kimi ölümləri mümkünsüz edən dostluq, yoldaşlıq atmosferini ümumi qüvvəmizlə yaratmaqdan ötrü hər şeyi edəcəyimizə vəd verək. Əlvida və rahat yat, əziz Sergey!
Şairi minlərlə insan yola salırdı. Göz yaşları və “Əlvida, Seryoja!” sədaları altında tabut məzara endirildi. Torpaq təpəciyinin üstündə ağacdan sadə bir xaç dikəltdilər. Həyat sona vardı. İrəlidə əbədiyyət gözləyirdi…
İndi haqlı olaraq Azərbaycanı, doğma Bakımızı Yeseninin ikinci Vətəni hesab edirlər. Şairin xatirəsi yurdumuzda həmişə əziz tutulur. Hər ilin oktyabrın 3 — də Yeseninin doğum günü Rusiyada olduğu tək, Bakıda da şairin poeziya günü kimi qeyd olunur. Xüsusilə yada salmaq istərdim ki, 1995-ci ildə Sergey Yeseninin 100 illik yubileyinin Bakıda yüksək, dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi əsl şeir — sənət, poeziya bayrama çevrilmişdi.
Sosialist Əməyi Qəhrəmanı Valentin Katayev “Yesenin haqqında söz”ləri sanki 45 il əvvəl şairin 80 illik yubiley mərasimində deyil, məhz bu gün söyləyir : (“Kommunist” qəzeti, 5 oktyabr 1975-ci il)
“Mən çox şadam ki, Bakıda Yesenin bayramında iştirak edə bildim, böyük dostum Sergey Yeseninin vaxtı ilə yaşamış olduğu Mərdəkanın gözəl bağlarını gəzdim. Mən ona sadəcə olaraq Seryoja Yesenin də deyə bilərəm. Axı biz yaxın dost idik, bir neçə il öz yaradıcılıq planlarımız barədə bir-birimizə məlumat verirdik. Seryoja mənə öz şeirlərini oxuyardı, mən də ona öz nəsr əsərlərimi. Seyoja nəzakətli, ağıllı dinləyici və öz əsərlərinin gözəl ifaçısı idi.
Biz tez-tez ədəbiyyatdan söhbət açar, Qoqol haqqında, onun metaforaları haqqında heyranlıqla danışardıq, bəzən bütün günü “Ölü canlar” əsərinin gözəl formasını təhlil edərdik.
Seryoja Yesenin Bakını sevirdi. İki dəfə bu şəhərdə olmuşdu, həmişə mənə deyərdi ki, hər bir yazıçı gərək mütləq Bakıya getsin, onun ətrafları çox şairanədir. Bakıdan o gözəl “İran nəğmələri” şeir silsiləsini gətirmişdi. İndi bu şeirləri ölkəmizdə demək olar, bütün poeziya həvəskarları əzbər bilirlər.
Yesenin haqqında mərhum kimi danışmaq, xüsusilə onun abidəsi haqqında danışmaq mənə çox qəribə görünür. Mənim üçün o, həmişə canlı Seryoja Yesenin olaraq qalır”
Hələ bir neçə il bundan qabaq Mərdəkana, böyük şairin ruhu dolaşan möhtəşəm dendrariyə gedib, yaşadığı evi ziyarət etmişdim. Burada mərasimlər keçirilməsi üçün istifadə olunan gözəl məkanda şairin anım günündə çıxış etmək üçün mənə də söz verilmişdi. Daxilimdə sanki Yesenin okeanının fırtınaları qopmuşdu.Yesenin ümmanı o qədər dərin idi ki, ən mahir bir qəvvas belə oraya baş vurmaqda çətinlik çəkərdi.
Hazırda bağ-dendrari AMEA-nın tərkibində Mərdəkan Dendralogiyası kimi fəaliyyət göstərir. Bağdakı mülkün bir neçə otağı Yeseninin ev- muzeyi kimi qorunub saxlanılır. Doğrudur, doğma vətəni Ryazandakı kimi zəngin muzey olmasa da, dünyada Yeseninə aid olan ikinci ev-muzey kimi çox dəyərlidir. Yeseninin yaşadığı otaq, ona aid olan cüzi nişanələr də qiymətli eksponat kimi ziyarətçilərə təqdim edilir.
Bir müddət sonra tarixin gözəl bir səhifəsi – böyük şairin dünyaya gəlişinin 125 illiyi yeseninsevənlərin poeziya bayramına çevriləcəkdir. İlin sonunda qəlblərdə həmişə gənc Yesenin kimi qalan və yaşayan qüdrətli söz ustadının əbədiyyətə qovuşmasının 95-ci ildönümüdür. Hər iki tarix möhtəşəmdir.
S.Yeseninin yaradıcılığı isə bizləri sənətkarın yüksək vəzifəsi haqqında, xalq üçün məhz Sergey Yesenin kimi yazmaq haqqında dönə-dönə düşünməyə və bu meyarları vaxtaşırı gündəmə gətirməyə sövq edir.
Bir daha hörmət və ehtiram əlaməti olaraq, Yeseninin sevimli və onu heç zaman unutmayan Bakısında ərsəyə gələn bu yazımla unudulmaz şairin, əbədiyaşar Yeseninin ruhunu sevgi ilə salamlamağı özümə borc bildim. O, şeiri, poeziyanı çox sevirdi. Şairin ruhu şad olsun deyə, Azərbaycanın Xalq şairi, Yeseninin adaşı Sergey Vasilyevin sədaqətli misralarını bu əziz ruha ərməğan edirəm:
…Aşiqəm Bakıya ona görə ki,
Bir zaman Yesenin əziz dost təki
Qoydu qədəmini bu doğma elə.
Qədim Odlar Yurdu məhəbbət ilə
Şairə rahatlıq, dinclik yaratdı.
Vurğunam Bakıya ona görə ki,
Qoynunda Yesenin inci yaratdı…
… O, Bakısından, sevimli Bakısından kədərlə ayrıldı. Son dəfə geriyə boylanıb “Çiçəklər mənə əlvida deyir”- söylədi kövrələrək. Lakin razılaşmaq istəməzdik əzizimizlə. Sevgi dolu təbəssümlə üzümüzü bir daha “bakılı şairə” tutub deyirik: “Salam, Sergey Yesenin! Xoş gəlmisən! Doğum günün, 125 yaşın mübarək, şair!”
Reyhan Mirzəzadə