İmam Xomeyninin rehləti
Artıq uzun illərdir ki, bütün müsəlman dünyasında İslam inqilabının banisi imam Xomeyninin vəfatı günü (rehlət) birlik və vəhdət rəmzinə çevrilib. Hər il dünyanın müxtəlif ölkələrindən İslamın Ümid qalasına -İrana, rehlət tədbirlərində iştirak etmək məqsədilə çoxsaylı nümayəndə heyətləri gəlir. Azərbaycanı bu möhtəşəm beynəlxalq tədbirdə İslam partiyası təmsil edirdi.
Səfərin birinci günü beynəlxalq konfrans öz işinə başladı. Konfransa Türkiyə, Rusiya, Əfqanıstan, Pakistan, Suriya, livan, İraq, Tunis, Ərəbistan, Afrika, Bosniya, Albaniya və digər islam ölkələrindən gəlmiş onlarla qonaq qatılmışdı. Beynəlxalq tədbirin təşkilat nümayəndələri konfransı açıq elan edərək bütün iştirakçıları salamladılar. Qurani Kərimin tilavətindən sonra toplantının keçirilmə səbəbi və nəzərdə tutulan məqsədlərlə bağlı iştirakçılara ümumi məlumat verildi. İmam Xomeyninin İslam dünyasının vəhdəti naminə gördüyü əvəzsiz xidmətlər sadalandı. Dünya müsəlmanlarının ali dini lideri Seyyid Əli Xameneyinin İslam inqilabının verdiyi töhvələrin qorunub saxlanmasında və dövlətin inkişafı yolunda atdığı addımlar, İran xalqının demokratiya və azadlıq uğrunda mübarizəsinin bugünkü real nəticələri diqqətə çatdırıldı.
Sonra söz əsas məruzəçi, İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, İİR-in sabiq xarici işlər naziri Əli Əkbər Vilayətiyə verildi. Cənab Vilayəti çıxışında İslami Oyanış Hərəkatının tarixinə toxunaraq onun İslam dünyasında yaratdığı güclü rezonansı qeyd etdi. Natiq İmam Xomeyninin rəhbərliyi altında başlanan bu oyanış hərəkatının o dövrün despotik qanunlarına qarşı çıxdığını və sonradan bütün dünyaya yayılan və İran xalqının müstəqilliyi, despotizmdən azad olması ilə nəticələnən bu Hərəkatın son illlər daha böyük vüsət aldığını və digər məzlum xalqlar üçün də mübarizə məktəbinə çevrildiyini bildirdi.
Cənab Vilayəti İslam İnqilabı sayəsində 35 ildir ki, öz taleyinin ağasına çevrilən İran xalqının elm-təhsil, iqtisadiyyat, quruculuq sahəsində əldə etdiyi misilsiz uğurlardan söz açdı, düşmən qüvvələrin iqtisadi sanksiyaları qarşısında mətanətlə dirəniş göstərən İran dövləti və xalqının əzmindən, lazım gələndə xalqın bir yumruq kimi birləşmək qüdrətindən, azadlıq yolunda şəhid olan oğulların şücaətindən danışdı.
Əhatəli və dolğun məzmunlu çıxışdan sonra natiq konfrans iştirakçılarının suallarını cavablandırdı. Suriyadan, İraqdan, Fələstindən gələn nümayəndələr sionistlərin və Qərb imperializminin İslami vəhdəti parçalamaq məqsədilə həyata keçirdikləri təxribatlara, yaratdıqları süni məzhəblər, təkfirçi əməllərə qarşı mübarizə metodları və digər problemlərin həlli yolları ilə bağlı cənab Vilayətiyə suallar ünvanladılar.
Azərbaycan heyətinin nümayəndəsi kimi mən də natiqə İmam Xomeyninin İnqilabi hərəkatında qadınların rolu, onların qarşısında qoyulduğu konkret vəzifələr haqda sual verərək əvvəlcədən təşəkkürümü bildirdim. Cənab Vilayəti digər iştirakçılar kimi mənim də sualımı əhatəli şəkildə cavablandırdı.
Konfrans iştirakçılarına rehlət həftəsinin nəzərdə tutulan proqramı, keçiriləcək xalq yürüşü və Rəhbərin İmamın hərəmində onun adını daşıyan meydanda çıxışı barədə məlumat verildi. Tədbir Əhli-Beyt “Məddahlar” qrupu tərəfindən ilahi nəğmələrin ifası ilə başa çatdı.
İslam inqilabının lideri İmam Xomeyninin vəfatının ildönümü münasibətilə müsəlman ölkələrindən gəlmiş digər nümayəndə heyətlərinin üzvləri kimi biz də avtobusa əyləşib, İmamın hərəminin yerləşdiyi meydana doğru istiqamət aldıq.
Yol boyu sərnişinləri xarici qonaqlardan ibarət olan çoxsaylı avtobusların ardı-arası kəsilmirdi. Minlərlə yerli sakin isə əllərində yazılı şüarlar, dillərində “ya Allah”, “ya İmam” sözü böyük şövqlə cərgələr boyu irəliləyirdilər. Qoca, qadın və uşaqların da qatıldığı insan izdihamı nə günəşin yandırıcı istisini, nə də uzun məsafənin yorğunluğunu sanki hiss etmirdi. Gözlərdə Rəhbərə olan sonsuz sevginin işartılarını aydın duymaq olardi.
Bizim qrupda Dərbənd və Maxaçqala şəhərlərindən gəlmiş azərbaycanlılar da var idi. Bu gənclər belə əlamətdar hadisənin iştirakçısı olduqları üçün özlərini olduqca xoşbəxt hiss edirdilər. Bir az irəlilədikdən sonra ziyarətçilərin yolları ayrıldı və biz yalnız qadınların yer aldığı başqa cərgəyə keçdik. Sıralarımıza hər saniyə yeni üzvlər qatılırdı və onların arasında zəncilər də az deyildi. İmam Xomeyninin Hərəmi üzərində möhtəşəm qara ələm dalğalanır, sanki bütün müsəlmanları birliyə səsləyirdi.
Qeyd edim ki, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu. Bizim üstümüzü bir neçə buraxılış məntəqəsində axtardılar və təhlükəsizlik idarəsinin qadın əməkdaşları bu işi böyük peşəkarlıqla-cəld və ustalıqla yerinə yetirdilər. Belə ki, narazılıq edənlər olmadı. Növbəti gözləmə məqamında başını anasının çiyninə qoyub yatan körpə afrikalı diqqətimi cəlb etdi. Nə bürkü, nə də qadınların müxtəlif dillərdə danışaraq səs-küy salması onu yuxudan oyatmaq gücündə deyildi. Amma bu şirin varlığı oynatmaq istəyən qadınlar körpəni atıb-tutaraq yuxudan oyatdılar. O, gözünü açıb gülümsədi, ağappaq dişləri əsmər sifətinə işıq saldı. Anası uzun yolun çətinliyindən çəkinmədən körpə balasını da müsəlmanların rəhbəri ilə görüşə gətirmişdi. Bu zaman havada bir neçə helekopter göründü. Ətrafda “rəhbər-rəhbər” deyə səslər uçaldı. Nəhayət son nəzarət məntəqəsini də dəf etdik.
Dillərini anlamadığım güləmsər çöhrəli qadınlar bizi salamlayaraq su və meyvə təklif edirdilər. Görünür dostluq jestləri üçün dil bilmək o qədər də vacib sayılmır. Nəhəng bir meydana daxil olduq. İnsanları günəşin istisindən qorumaq üçün ərazinin üstü nazik örtüklə örtülmüşdü. Meydanın hər tərəfində su aparatları quraşdırılmışdı. Minlərlə adam ali dini rəhbərin çıxışını səbirsizliklə gözləyirdi. Bir nəfər mikrafonlara yaxınlaşıb danışmağa başladı. Yanımda oturan qadınlardan biri Təbrizdən idi. Və söylənənləri bacardığı qədər mənə anlatmağa çalışırdı. Onun dediklərinə görə, çıxış edən şəxs müqəddəs aylarda, İslam aləmi üçün son dərəcə əlamətdar günlərdə görüşdüyümüzü, imamın Rehlət gününün bütün müsəlmanları bir araya gətirən vasitə olduğunu vurğulayırdı. O, çıxışını bitirər-bitirməz İslam dünyasının dini rəhbəri Xameneyi ağa tribunada göründü. İnsanlar onu böyük coşqu ilə qarşıladılar.
Meydana qəribə bir sükut çökdü. İzdiham nəfəs çəkmədən lideri dinləyir, sanki onun bircə sözünü də buraxmamağa çalışırdı. Mən də dinləyirdim və qəribədir ki, səslənən fikirləri başa düşürdüm. Rəhbərin çıxışında müsəlmanlar arasında vəhdətin vacibliyi dönə-dönə vurğulandı. Ali dini lider Qərb dünyasının, ABŞ və İsrailin bu vəhdəti pozmaq, müsəlmanlar arasına nifaq salmaq üçün həyata keçirdikləri fitnələri, vəhhabi-sələfilərin əli ilə şiə-sünni qarşıdırması yaratmağa çalışdıqlarını xatırladaraq hamını ayıq-sayıq olmağa, fitnələrə uymamağa çağırdı. Xameneyi ağanın çıxışı xeyli sürdü. Onun sözləri arabir izdihamın dua və dəstək şüarları ilə kəsilirdi. O gün mənim yaddaşıma əbədi yazıldı. Müxtəlif dilə, amma eyni əqidəyə malik insanların heç vaxt pozulmayacaq dini-mənəvi birlik-vəhdət günü kimi…
Nazilə Nəriman/ İslaminsesi.az