|

XX əsrin əvvələri Azərbaycan diasporanın ABŞ-a mühacirəti

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

aze-flag   Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi idеоlоji münaqişələrin məhsulu kimi оrtaya çıxan mühacirət ümumbəşəri bir prоblеmdir.

Bildiyimiz kimi “Diaspor” sözü yunan dilində “səpələnmə, dağılma, yayılma” mənasını ifadə edir. (8. səh 7) Bu sözün meydana gəlməsi əhalinin başqa yerlərə miqrasiya etməsi nəticəsində yaranmışdır. Tarixi mənbələr təsdiq edir ki, miqrasiya prosesləri hələ ən qədim zamanlardan bütün tarixi cəmiyyətlərə xas olmuşdur. İndiki zamanda Diaspor sözü özünün ilkin mənasını demək olar ki, itirib. Belə ki, əvvəllər o müxtəlif səbəblərdən öz tarixi vətənini tərk edib kənarda yaşayan insanlar toplumunu ifadə edirdisə müasir zamanda bu dəyişərək, öz sələflərinə, tarix köklərinə daha da sıx bağlanmış, onun rifahı üçün çalışan, təşkilatlanmış birlik mənasını ifadə edir. Diasporu əsasən məcburiyyət qarşısında, müəyyən tarixi-siyasi hadisələrlə əlaqədar vətəndən çıxıb getmiş adamlar təşkil edir. (9. səh 676)

Tarixin bütün dövrlərində mövcud olan miqrasiya prosesi müasir dövrümüzdə aktuallıq kəsb edib. Çünki bu miqrasiya prosesləri dünyada ciddi nüfuza malik olmaqla, baş verən bir çox siyasi proseslərin əsas səbəbi hesab edilir.  Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesi və etnik yerdəyişmələr ən problemli, həssas məsələ kimi gündəmdədir. Miqrasiya prosesi hər bir ölkənin daxili və xarici siyasətində mühüm yer tutur.  Beləki,  bu proses leqal və qeyri leqal miqrasiyalar, ölkədaxili və ya ölkələrarası miqrasiyalar, məcburi köçkün və qaçqınlar, əməkçi miqrantlar, tranzit miqrantlar, etnik münaqişələr, zəka axını və digər formalarda özünü təzahür edir.

Əhalinin miqrasiyası istənilən regionunun sosial-iqtisadi vəziyyəti ilə sıx bağlıdır. Vətəndən kənarda yad ölkəyə miqrasiya etmiş insan iradəsindən asılı olmayaraq müxtəlif mədəniyyətlərlə ünsiyyətdə olduğundan akulturasiya (mədəniyyətini dəyişmə) prosesinə cəlb olunur. Şəxsiyyətin səviyyəsindən asılı olaraq onda əxlaqi keyfiyyət və xüsusiyyətlərlə bağlı düşünülmüş və düşünülməmiş dəyişikliklər baş verir. Miqrant təkcə ayrılıqda başqa-başqa ölkələrdə deyil, həm də qlobal miqyasda mövcud olmalıdır. Bildiyimiz kimi, immiqrantlar kateqoriya, status və gəlişlərinin məqsədlərinə görə bölünürlər. Miqrasiya orqanları gələnləri qruplara bölməlidir ki, idarəetmə asanlaşsın.

İndiki müasir dövrümüzdə qloballaşan dünyaya inteqrasiya edən sivil dövlətin xarici və daxili siyasət kursunda bir sıra strateji məqamlarla yanaşı miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə olunması və demoqrafik vəziyyətin daim nəzarətdə saxlanılması vacib şərtdir.

Miqrasiya qəbul olunmuş beynəlxalq termindirki, bu da insanların bir ölkədən digərinə müxtəlif səbəblərdən (məskunlaşmaq, işləmək, təhsil almaq və s.) köçməsi mənasını verir.

Etnik miqrasiyalar adətən bir xalqın nümayəndələrinin yaşadıqları yerdən məcburən digər ərazilərə köçürülməsi ilə izah olunur. Məsələn Qərbi Azərbaycan ərazisindən deportasiya edilmiş minlərlə azərbaycanlı ailələr. Bununla yanaşı adətən könüllülük prinsipi ilə olan iqtisadi miqrasiyalar. Öz maddi rifahını yaxşılaşdırmaq, yaşayış səviyyəsini yüksəltmək üçün xarici ölkələrə üz tutan insanlar.

Beynəlxalq aləmdə miqrasiyanın düzgün yönəldilməsində Amerika modeli özünü təcrübədə təsdiq etmişdir. Bunu da diqqətdən qaçırmaq lazım deyil ki, Amerika dövlətinin formalaşması və inkişafında bir nömrəli amil miqrant axınından səmərəli istifadə etmək olmuşdur. Amerikaya köç edənlər müxtəlif mənşəli insanlardan ibarətdir. Amma buna baxmayaraq, dövlətin düşünülmüş strategiyası milli, dini və ictimai mənşəyindən asılı olmayaraq hər kəsə lazımi və optimal yanaşma tətbiq edə bilmişdir. Eyni zamanda ABŞ-da miqrantların malik olduğu potensialdan dövlətin həm demokratik imicinin göstərilməsi, həm daxili tərəqqidə, həm də xarici siyasətdə istifadə edilməyə başlanılmışdır. Bir sözlə, demokratiya qaynağı kimi tanınan, hüquqi, sivil vətəndaş cəmiyyəti sahəsində və iqtisadi, siyasi uğurlara imza atan ABŞ-ın siyasətinin əsasında miqrantlarla bağlı məqam çox önəm kəsb edir.

Diaspor anlayışı Azərbaycanda təqribən son 10-15 ildir ki, tədqiqatçıların marağını diqqətini cəlb edir.  İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Diasporunun formalaşması və institutlaşması prosesi həm tarixi, həm də ərazi baxımından çətin prosesdir  və uzun tarixi yol keçmişdir.

Azərbaycan yer üzündə ən qədim tarixi sivilizasiyaların mövcud olduğu bir ərazidir.  Məhz bu baxımdam Azərbaycan mühacirətinin tarixi də son dərəcə qədimdir. Bir çox tarixi mənbələrdə qeyd olunan qədim Azərbaycan mühacirləri məlum səbəblərə görə tam diaspor formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz, memarlarımız və digər peşə sahibləri olan azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan, Avropa və digər Asiya Amerika ölkələrindən gəlmişdir. Azərbaycanlılar dünyanın hansı ölkəsində məskunlaşmalarına baxmayaraq vətənlə bağlılıqlarını birbaşa olmasa da mədəniyyət və incəsənət vasitəsilə gələcək nəsillərə çatırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri hiss olunması isə təbii qarşılanmalıdır. Bu danılmaz bir faktdır ki, azərbaycanlılar məskunu olduqları, yaşadıqları mühitlə təmasda olublar. Nəticədə ədəbi mədəni, mənəvi və dini əlaqələr bu bağlılıqların mahiyyətinə və xarakterinə təsirsiz qalmamışdır. Bu mənada Azərbaycan mühacirəti və diasporu ədəbi, mədəni irsi olduqca mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir. (Z.Əliyev Azərbaycanın mühacirət tarixi: tarixin acılmayan sirləri) Azərbaycan Avropa və Asiya qitələrinin qovşağında yerləşən ölkədir. Bizim sivilizasiya iki güclü qüvvənin təsiri altında formalaşmışdır. Şərq təməli və Qərb təsiri.(3. səh 8) Bu amil Azərbaycan tarixində hər zaman bir sıra proseslərin əsas amillərindən biri olmuşdur.

Xarici dövlətlərə mühacirət etmələrinə baxmayaraq azərbaycan xalqının nümayəndələrinin  ən başlıca xüsusiyyətlərindən biri odur ki, hər zaman öz milli adət-ənənələrini, mənsubiyyətlərini özlərinin mənəvi keyfiyyətlərini qoruyub saxlamağa cəhd göstərmişlər.

Azərbaycan diasporunun yayılma arealından danışarkən bu mövzunun tədqiqatçısı olan Z.Əliyev haqlı olaraq vurğulayır ki, ilk oncə bu sahədəki statistik məlumatlar problemini düzgün həll etmək lazımdır. ( 6. səh 19) ABŞ-da yaşayan azərbaycanlı mühacirlərin yalnız təqribi sayını bilmək olar. 1918-20 illərdən etibarən 1991-ci ilədək olan geniş tarixi dövrdə xarici ölkələrə mühacirət edən azərbaycanlıların təqribən 50 faizinin millliyət qrafasında “İran təbəəsi” və ya “Rus təbəəsi” sözü yazılırdı. Bu neqativ hallar əlbəttə azərbaycanlıların rus, türk, və ya iran diasporunun içərisində assimiliyasiya olmasına gətirib çıxarırdı. ( 6. səh 20) Əliyev Zaur öz kitabında qeyd edir ki, Amerika qitəsində yaşayan azərbaycanlı mühacirlərin böyük hissəsi ABŞ-ın payına düşür . Belə ki, 2007-ci ilin məlumatına əsasən bu ölkədə 800 min azərbaycanlı yaşayır. Diasporun formalaşması əsrin əvvələrindən başlasa da, yalnız 80-ci illərin axırlarından  etibarən güclü vüsət alıb.

Azərbaycan diasporunun bütünlükdə formalaşması əslində uzun bir tarixi yol kerçmişdir. Elmi nəticələrə görə Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür.

— erkən orta əsrlərdə Azərbaycana ərəb istilaları, kütləvi surətdə islamlaşdırma siyasəti burada yaşayan əhalinin Yaxın və Orta Şərq şəhərlərinə axın etməsi ilə nəticələnmişdir. Baş verən bu miqrasiya prosesi əslində elə diasporun yaranmasının əsasını qoymuşdur;

— X-XIX əsrlər Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması nəticəsində xaricdə məskunlaşma daha geniş vüsət almışdır. Bildiyimiz kimi görkəmli Azərbaycan mütəfəkkiri dilçi alimi Xətib Təbrizi, riyaziyatçı alimi Xacə Nəsrəddin Tusi , müsiqiçisi Səfiəddin Urməvi və digər nümayəndələr Azərbaycanı diasporunun görkəmli nümayəndələri hesab olunur;

— Azərbaycanın Rusiya İmperiyası tərəfindən  işğal edilməsindən sonrakı dövr;

— Azərbaycan Demokratik Respublikasının (1918-1920 illər) süqutundan sonra azərbaycanlıların xaricə axını və Avropada Azəbaycan Diasporunun yaranması;

— 1941-1945-ci illərdə II Dünya Müharibəsi zamanı əsirlikdən və SSRİ-nin xofundan vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaradılması;

— XX əsrin ikinci yarısından etibarən İranda baş vermiş ictimai-siyasi proseslərlə əlaqədar olaraq bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti;

— SSRi-nin dağılmasından  sonra Azərbaycanda baş vermiş siyasi –hərbi hadisələrin nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın xaricə mühacitəri. ( Azərbaycan diasoru böyük yolun başlanğıcı. səh 6-9);

Əslində bu prosesin tarixinə nəzər saldıqda görünür ki, Azərbaycan Diasporunun formalaşması  kifayət qədər uzun zaman kəsiyində baş vermişdir. Çox təəssuf ki, bu prosesin ilk yarandığı gündən onun fəaliyyəti  və inkişaf tarixini əks etdirən yazılı tarixi mənbələr çox azdır, demək olar ki, yox dərəcəsindədir.

Azərbaycanlıların ABŞ-a mühacirət etməsi prosesi uzun tarixi yol keçmiş və bir neçə mərhələdən ibarətdir. Amerika qitəsində məskunlaşmış azərbaycanlıların əksəriyyətini İrandan miqrasiya etmiş soydaşlarımız təşkil edir. 1970-ci ildən etibarən Türkiyədə,  1991-ci ildən etibarən isə Azərbaycandan bir qisim soydaşlarımız bu qitəyə axın etməyə başlamışlar. Bu proseslər ABŞ-da Azərbaycan Diasporanın tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir. (3. səh 260)

Təqdim olunan işdə ABŞ mühacirət edən azərbaycanlıların bu tarixi prosesi şərti olaraq 4 mərhələyə bölünmüşdür.

  1. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra XX əsrin 20-ci illərində azərbaycanlıların ABŞ-a mühacirəti (1918-1920-ci illər)
  2. II Dünya müharibəsindən sonra azərbaycanlıların ABŞ-a mühacirəti
  3. Cənubi Azərbaycan azərbaycanlılarının  ABŞ-a mühacirəti (50-90-cı illər)
  4. 50-90cı illərdə, SSRi-nin dağılmasından sonra azərbaycanlıların ABŞ-a mühacirəti

Birləşmiş Ştatlara azərbaycanlıların mühacirəti əsasən XIX əsrin sonu, XX əsrin əvvələrindən qəbul olunur. Çünki, ABŞ-a  mühacirət edən azərbaycanlılar məhz bu dövrdən etibarən qeydiyyata düşməyə başlayırdılar. (3.səh 261)

Amerikada məşkunlaşan əsasən Cənubi Azərbacandan olan soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədə yaşayan soydaşlarımız ABŞ –a kütləvi axını başlayıb. 1991-ildən etibarən isə bu proses Azərbaycanda başlayıb.

ABŞ-dakı Azərbaycan Diasporu Azərbaycanın tarixinin və zəngin mədəni irsinin fəal təbliğatçısıdır. Amerika Birləşmiş Ştatlarının  beynəlxalq  aləmdəki nüfuzu və  bütün siyasi proseslərə olan təsiri inkaredilməzdir. Hal-hazırda onlarla diaspor təşkilatı fəaliyyət göstərir və onların demək olar ki. hər birinin əsas vəzifələrindən biri öz tarixi vətənlərinə Amerika höküməti tərəfində iqtisadi və humanitar yardımların verilməsinə nail olmaqdır.  Öz tarixi vətənlərinin mədəniyyətini, adət-ənələrini və yaşam tərzini təbliğ etməklə ABŞ-la öz tarixi vətənləri arasındakı münasibətləri yaxşılığa döğru inkişaf etdirməkdir.

ABŞ –da mövcud olan və ya yenicə formalaşmağa başlayan diaspor təşkilatlarını hər biri bir qayda olaraq  ABŞ-da yaşayan digər millətlərlə qaynayıb-qarışaraq, mədəni etnik v əsiyasi fikirlərini ictimai rəydə müsbət istiqamətdə tanıtmaqla məşğul olurlar. (7. səh16)

Amerika Birləşmiş Ştatları diasporumuzun ən çoxsaylı olduğu dövlətlərdəndən hesab olunur. Azərbaycanlılar ABŞ-da kompakt halda əsasən Nyu-York, Los –Anceles, Kaliforniya, Nyu-Cersi, Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar.

Soydaşlarımızın dünyanın müxtəlif ölkələrinə səpələnməsi uzun müddət Azərbaycan diasporunun  mütəşəkkil qüvvə kimi formalaşmasına mane olmuşdur. Azərbaycan diasporunun ümummilli ideya ətrafında birləşmiş fəaliyyətdə olan qüvvə kimi ortaya çıxması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər Birliyi dövründə siyasi reallıq açıq şəkildə diaspor problemi ilə məşqul olmağa imkan verməsə də H.Əliyev hər vasitə ilə dünya azərbaycanlılarının vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə etmişdir. (4.səh 4)

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra XX əsrin 20-ci    illərində azərbaycanlıların ABŞ-a mühacirəti (1918-1920-ci illər)

Azərbaycan xalqının xaricə axınının geniş vüsət aldığı dövr XX əsrin əvvələrindən başlamışdır. Buna bir çox tarixi amillər səbəb olmuşdur. Belə ki, çar Rusiyasının işğalçı və qeyri-bərabər siyasəti, müsəlman əhalisinə qarşı  qərəzli anti-müsəlman və anti-türk  siyasəti nəticəsində bu bölgədə azərbaycanlıların tarixən malik olduqları  nüfuzları və mövqelərinin itirilməsinə səbəb olmuşdur. Çar İmperiyasının ermənilərin əli ilə bütün Qafqazın etnik tərkibini dəyişmək  planlarına əsasən 1905-1906, həmçinin 1918-ci il mart soyqırımı dinc əhalinin tarixi yurd-yuvalarının tərk etməsinin əsas səbəblərindən biri  olmuşdur. Bitməz – tükənməz zülmlərdən azad olmaq ümidi ilə sadə xalq nümayəndələri öz vətənlərini tərk etmək qərarına gəlmişlər.

XX əsrin əvvəllərində  bir sıra prosseslər Rusiyada Çarizmin devrilməsi ilə nəticələndi. Bu mühüm tarixi proses idi. Bolşeviklərdən təşkil olunmuş hökümətin hakimiyyətə gəlməsi uzun illərdir Çar Rusiyasının idarəçiyi altında mövcud olmuş Zaqafqaziya dövlətlərinin siyasi müstəvisində dəyişiklər etdi. Azərbaycanın mütərəqqi fikirli siyasi xadimləri yaranmış mövcud vəziyyəti dəyərləndirərək müstəqil dövlətin yaradılması uğrunda mübarizəyə başladılar. Nəticədə,  1918-ci il mayın 28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı.  Özünün mütərəqqi ideyaları və verdiyi qərarları ilə azərbaycan xalqının rəğbətini qazanan bu gənc dövlət təəssüf ki, uzun müddət yaşaya bilmədi.   Azərbaycanda silah gücünə 1920-ci il aprelin 28-də  Sovet dövləti yaradıldı.

1918-ci ildə yeni müstəqil dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması artmaqda olan  miqrasiya prosesini azda olsa zəiflədə bildi. Xalq  yeni yaranmış dövlətə arxalanaraq öz ana vətənlərini tərk etmək niyyətindən daşınırdılar. Lakin təəssüf ki, bu cumhuriyyətin  ömrü az oldu. Dövlətin süqutundan sonra Xalq Cumhuriyyətinin qurucuları və tərəfdarları bolşevik qəzəbindən və təqiblərindən qaçaraq xarici ölkələrə pənah gətirməyə məcbur oldular. (Məhz bu dövrdən azərbaycanlıların xaricə miqrasiyası kütləvi xarakter daşımağa başladı. Azərbaycanın qabaqcıl fikirli insanları üçün bu yalnız başlanğıc idi. Mövcud hakimiyyətdən, haqsız təqiblərdən qurtulmaq və yarım qalmış mübarizəni davam etdirmək üçün Azərbaycandan xaricə məqsədyönlü ziyalı axını başladı. Məmməd Əmin  Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ziyad xan Xoyski vəs. mütəfəkkir fikirli siyasi xadimlər qonşu dövlətlərə mühacirət etməklə Azərbaycanın müstəqilliyi uğrunda yarım qalmış mübarizəni davam etdirmək qərarına gəlirlər.

Azərbaycanlıların dünyanın dörd bir yanına səpələnməsi prosesi bolşeviklərin hakimiyyəti ələ almasından sonra daha geniş inkişaf etməyə başladı. Soydaşlarımız Türkiyə, Mərkəzi Asiya ölkələri, Amerika Birləşmiş Ştatları, Avropanın müxtəlif ölkələrinə miqrasiya etməyə başladılar.

Xarici ölkələrə pənah apara bilməyən qabaqcıl ziyalılarımız (Mikayıl Müşviq, Əhməd Cavad, Hüseyn Cavid, Salman Mümtaz və digərləri) isə təəssüf ki, Stalin repressiyasından yaxa qurtara bilməmişdir. Beləki “xalq düşməni”, “pantürkist”, “panislamist” damğası  vurulan və ömürlərini ya sürgünlərdə və ya zindanlarda başa vuran ziyalılarımızın sayı çoxdur.

ABŞ-dakı Azərbaycan icması yaxın keşmişdə  XX əsrin 20-ci illərində  Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra və bolşeviklərin hakimiyyətə gəlməsindən sonra soydaşlarımızın bir hissəsinin Vətəni tərk etməsi nəticəsində yaranmışdır.

AXC-nin süqutundan sonra minlərlə soydaşımızın əvvəlcə Türkiyə daha sonra isə ABŞ-na köç etməsi ilə əlaqədar olaraq Sovet höküməti 1921-ci ilin oktyabrında fərman verir. Fərmana əsasən bütün mühacirlər milliyətdən məhrum edilirdilər.  Qeyd etmək lazımdır ki, xaricə mühacirət etmiş ziyalıların əksəriyyəti vətənə dönmək istəyi ilə yaşamış və bu sahədə fəaliyyət aparmışlar. 1920-ci ildə Əlimərdan bəy Topçubaşov Beynəlxalq San-Remo konfransında daha sonra isə Cenevrə Millətlər Cəmiyyətinin iclasında, Genuya (1922) və Lozanna (1923) konfranslarında da  Azərbaycanın milli mənafelərini müdafiə etmişdir.

XX əsrin  20-ci illərindən II Dünya müharibəsinə qədərki dövrdə baş verən miqrasiya prosesinin əsas səbəbləri siyasi mühacirət idi. Bu illərdə ABŞ-a köçmüş azərbaycanlılar pərakəndə vəziyyətdə   səpələnmiş və daha yeni-yeni azərbaycan icmaları yaratmağa çalışırdı. Bu işin başında əsasən ziyalılar dururdu.  Eyni zamanda bura Cənubi Azərbaycandan soydaşlarımız köç etmişdilər. Onların iqtisadi səbəblərdən baş vermiş mühacirətinin nəticəsi olaraq onlar daha çox maddi rifahlarının yaxşılaşdırılması ilə məşğul idilər. (Dünya diasporları, səh 96-97)

Lakin XIX əsrin sonları və XX əsrin 20-ci illərində Azərbaycandan ABŞ-a gedən əhalisi əsasən İran təbəəsi kimi qeydiyyata düşür və azərbaycanlıların milli mənsubiyyəti rus və ya iranlı kimi göstərilirdi. (

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sоnra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yеni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yеni qurulmuş sоvеt hakimiyyətinin idеya düşmənləri, kеçmiş sahibkarların əksəriyyəti ölkəni tərk еdərək, mühacirətə gеtmişdi. Ilk dəfə оlaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı. Bu dövr mühacirət mətbuatı Azərbaycanda baş vеrən hadisələrə münasibətini bildirməyə, vəziyyətin dəyişdirilməsinə təsir göstərməyə çalışmışdır.

Azərbaycan mühacirət mətbuatı Azərbaycan mətbuatının mühüm qоllarından biridir. Azərbaycan Xalq Cümhuriyyəti dеvrildikdən sоnra istiqlal mücadiləsini xaricdə davam еtdirən Azərbaycanın siyasi mühacirlərinin başda Məhəmməd Əmin Rəsulzadə оlmaqla, Cümhuriyyət xadimlərinin və оnların ardıcıllarının bütün XX əsr bоyu SSRI-nin süqutunadək, əsasən, Türkiyədə və bəzi Qərbi Avrоpa ölkələrində yaratdıqları mətbuat nəzərdə tutulur.

1923-cü ilin sеntyabrın 26-dan Türkiyənin Istanbul şəhərində Azərbaycan mühacirət mətbuatının ilk nümunəsi оlan “Yеni Qafqasya” jurnalı nəşr еdilməyə başladı. Azərbaycan Milli Qurtuluş Hərəkatının idеоlоqu, ilk Dеmоkratik Azərbaycan Rеspublikasının banisi M.Ə.Rəsulzadə tərəfindən nəşr еdilən bu jurnalın əsas vəzifəsi Azərbaycanda davam еdən milli istiqlal mübarizəsinə dəstək vеrmək, vətəni bоlşеvik işğalından xilas еtmək idi. 1927-ci ildə “Yеni Qafqasya” Sоvеt Ittifaqının Türkiyəyə təzyiqlərindən sоnra fəaliyyətini dayandırdı.

Azərbaycan mühacirləri Istanbulda “ Azəri türk” (1928-1930), “Yaşıl yarpaq”(1928), “Оdlu yurd”(1929-1931) məcmuələrini və “Bildiriş” qəzеtini (1930-1931) nəşr etdirirdilər.

Publisistik janra оna görə üstünlük vеrilirdi ki, mühacirət publisistikası idеyanı, fikri ifadə еtmək baxımından daha azaddır. Mühacirət publisistikası üçün bir tərəfdən döyüşkənlik və üsyankarlıq, digər tərəfdən həsrət,vətən yanğısı çоx xaraktеrikdir.M.Ə.Rəsulzadə mühacirət mətbuatını Milli dövlət idеyalarının təbliği və itirilmiş Azərbaycan müstəqilliyinin bərpası uğrunda mübarizə kimi dəyərləndirirdi. Bu məqsədlə “Yеni Qafqasya” da Azərbaycan mühacirət mətbuatında tanınmış Azərbaycan ziyalılarının yaradıcılığı haqqında mütəmadi məlumatlar vеrilirdi.Azərbaycan mühacirət mətbuatının banisi M.Ə.Rəsulzadə də baş rеdaktоru оlduğu mətbu оrqanlarında davamlı оlaraq öz publisistik məqalələrini nəşr еtdirirdi.

 II Dünya müharibəsindən sonra azərbaycanlıların ABŞ-a mühacirəti

1930-1937-ci illərdə qanlı repressiyanın qurbanlarına çevrilən Azəbaycan xalqının nümayəndələri əvvəlvə İrana, Türkiyəyə oradan isə Avropa və Amerikaya mühacirət edirdilər. Cəmil Həsənli, Nəsiman Yaqublu,  və d. müəlliflər II Dünya Müharibəsi zamanı əsir düşmüş azərbaycanlılar mövzusunun tədqiqi ilə məşğul olmuşlar. Məlumatlara əsasən 1941-ci ildə almanların əsir götürdüyü  2 milyon əsirdən təqribən 200 mini azərbaycanlı idi.

Bütünlükdə II Dünya müharibəsi və müharibədən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması ilə nəticələndi. Məhz bu tarixi hadisədən sonra və müharibənin başa çatması ilə xaricdə yaşayan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artmışdır. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı konkret statistik məlumatlara malik deyilik. Bu əhalinin əksəriyyətini müharibə zamanı  qarşı tərəfə əsir düşmüş, daha sonra isə müharibənin bitməsindən sonra vətənə geri dönə bilməyib Avropa və Amerikada yaşamağa məcbur olmuş həmvətənlərimiz təşkil edir.  Bildiyimiz kimi milyonların canı-qanı  bahasına, ağır məhrumiyyətlər və itkilər  hesabına SSRİ bu müharibəni qələbə ilə başa vura bilmişdir. Lakin müharibə bitdikdən sonra  da represiyalar davam etmişdir. Beləki, əsir düşmüş Sovet ordusu əsgərlərinə “satqın”, “əkskəşfiyyatçı” və s. damğalar vurulurdu. Məhz  Sovet rejiminin bu  amansız və qəddar cəza tədbirləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmişdir. Müharibəyə gedib, geri  qayıda bilməyən həmvətənlərimizın hesabına, xaricdə yaşayan azərbaycanlıların sayı xeyli artmışdır.

II Dünya müharibəsindən sonra mühacir təşkilatların birləşib antisovet mübarizə aparmasına daha çox ehtiyac duyulurdu. O dövrdə belə təşkilatlardan biri hələ 1924-cü ildə Türkiyədə fəaliyyətə başlayan Azərbaycan Milli Mərkəzi idi. Müharibədən sonra  bu təşkilat Ankarada yerləşirdi və rəhbəri M.Ə. Rəsulzadə idi. O dövrdə ikinci mühacir təşkilatı  1943-cü ildə Berlində fəaliyyətə başlayan “Azərbaycan Milli Birlik Məclisi” idi. Bu təşkilata Ə.Fətəlibəyli Düdənginski rəhbərlik edirdi.  Təşkilatın Başqanlıq heyətinə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislam, Ə.Aranlı, Səmran Məmmədzadə, S.Təkinər, Həsənbəy Kərbəlayi  və digərləri daxil idilər. Təssüflər olsun ki bu mühacir təşkilat arasında birlik yox idi. Birgə səmərəli fəaliyyət etmək əvəzinə bu təşkilatlar öz aralarında çəkişməyi üstün tuturdular. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan Milli Birlik Məclisi” 1972-ci ildə ləğv edilmişdir. Azərbaycan legionerləri müharibə nəticəsində dağınıq fəaliyyət göstərmək məcburiyyətində idilər. Yalnız 50-ci illərdən etibarən onlar bu sahədə əməli tədbirlər atmağa  nail olmuşdurlar. (22. səh 230). Baxmayaraq ki, M.Ə.Rəsulzadənin Türkiyədə böyük nüfuzu var idi, bu mühacir təşkilatı ciddi siyasi fəaliyyət göstərə bilmirdi. Onların fəaliyyəti daha çox ədəbi-mədəni istiqamətdə idi. Belə ki,  1949-cu ildə Azərbaycan Kültür Dərnəyinin yaradılması, 1952-ci ildə  “Azərbaycan ” jurnalının nəşr edilməyə başlanması buna əyani sübutdur.

Əsir düşən bir çox azərbaycanlı əsgərlər legionçulara qoşulur. Azərbaycan tarixində bu sahədə Ə.Fətəlibəyli Düdənginskinin adı xüsusilə çəkilir. Ə.Fətəlibəyli Düdənginski Tiflisdəki hərbi-piyada məktəbinin məzunu olub,  sonra isə Moskvada Hərbi Akademiyada təhsil alib. Azərbaycan diviziyasinda xidməti sırasında Minbaşi (mayor) rutbəsinə qədər yüksəlib. Ordu sıralarında çox mahir zabit olmuş, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş və “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur. Sovet Ordusu hissələri 1940-ci ilə Baltikyanı respublikalarını işğal etdikdən sonra Ə. Fətəlibəyli Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür. Müharibə başa çatdıqdan sonra o, ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub. O, eyni zamanda C.Hacibəyli ilə birlikdə “Azərbaycan” jurnalında eyni vəzifəni icra etmişdir.

Bəhs edilən dövr azərbaycanlı legionerlər üçün son dərəcə çətin bir dövr idi. Ən böyük problemləri isə ayrı-ayrı dövlətlərdə yaşayan mühacirlərimizin maddi sıxıntıdan əziyyət çəkməsi idi. Bu onlara daha səmərəli fəaliyyətə və təşkilatlamağa mane olurdu.  Bu barədə Ə.Fətəlibəyli Düdənginski öz dostu və tərəfdaşı olan C.Hacıbəyliyə yazdığı məktublarda bəhs edir. Qərb qüvvələri ilə danışıqlıqlar apardığını lakin məsələnin yubandığını, nəticənin gecikdiyini və maddi sıxıntının bu sahədə səmərəli fəaliyyətə mane olduğunu yazırdı. (22. səh 232).

Türkiyədən fərqli olaraq Avropada və ABŞ-da vəziyyət başqa cür idi. Belə ki, ABŞ 50-ci illərdə Sovetlər birliyinə qarşı ciddi mübarizəyə başlamış və bu işdə orada mühacir və legionerlərə maddi dəstək verərək onların gücündən istifadə edirdi.

II Dünya müharibəsində Sovet İttifaqı ordusunda xidmətə getmiş lakin əsirlik həyatından sonra vətənə dönə bilməyən azərbaycanlıların sayı çoxdur. Bunlardan biri də Məcid Musazadə-Qarsalanlıdır.(Kərsalani) (1914-1990) Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Məcid Musazadə müharibəyə qədər Nizami adına Muzeydə çalışırdı. Müharibənin ilk aylarında ordu sıralarına çağırılan Məcid Musazadə 1942-ci ildə əsir düşərək legionçulara qoşulmuşdur. Legionçuların orqanı olan «Azərbaycan» qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Mükəmməl alman dili bilicisi olan Məcid Musazadənin başçılığı ilə  legionçular 1943-cü ildə böyük bir Konqres təşkil edirlər. Burada o Birlik Məclisi yaradılmışdı. Öz çıxışlarında o, Azərbaycanın istiqlalı ön plana çəkmişdir. Müharibədən sonrakı ömrünün bir qismini Almaniyada Münhendə, digər qismisi isə ABŞ-da Nyu-Yorkda yaşamışdır. “Amerikanın səsi”ndə işləməyə başlayan ilk azərbaycanlılardandır. Məcid Musazadə Ənvər Sultanzadə ilə birlikdə Nyu-Yorkda Amerika-Azərbaycan Cəmiyyəti də yaratmışdı. O cəmiyyət hal-hazırda da  fəaliyyət göstərir. Müharibədən sonra Azadlıq Radiosu yarananda, Azərbaycan xidmətinin rəhbəri Azərbaycan legionçularının başçısı Ə.Fətəlibəyli-Düdənginski idi.  İsmayıl Əkbər, Məcid Musazadə, Əli Həsənzadə və b. Münhendə işləməyə başladılar. 1977-79-cu illərdə Azadlıq Radiosu Azərbaycan xidmətinin rəhbəri olmuşdu. Ən əsası isə odur ki, Məcid Musazadə 1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində ucaltmış Cumhuriyyətin üçrəngli bayrağını ucaltmışdır.

II Dünya müharibəsi illərində ABŞ-a mühacirət etmiş azərbaycanlıların hesabına Diasporun təşkilatlanma işində xeyli, nəzərəçarpacaq dərəcədə canlanma hiss olunurdu. ABŞ-da yaşayan soydaşlarımızın yaratdıqları ilk milli cəmiyyət  1945-1947-ci illərdə Türkiyədən Amerikaya köçüb getmiş azərbaycanlılar tərəfindən yaradılan “Azərbaycan” cəmiyyəti idi. Nyu-Cersidə qeydiyatdan keçən bu cəmiyyətin ilk sədri Saleh bəy Şeyxzamanov idi.

Bu dövrdə ABŞ-a mühacirət etmiş həmvətənlərimiz üçün əsas problemlərdən biri  Amerikada yaşamaq hüququ verən naturallaşdırma sertifikatında milliyyətlərinin ya rus, ya da iranlı  yazılması idi. Azərbaycan Respublikasının görkəmli dövlət xadimi və tanınmış mühacirət nümayəndəsi olan Ziyad xan Xoyski 1954-cü ildə ilk dəfə olaraq Amerikanın Ali qanunverici orqanında çıxış etdi.

ABŞ-da yaşayan mühacirlərimiz “Amerikanın səsi ” radiostansiyasında Azəbaycan haqqında, onun tarixi, adət-ənənsi, milli mənsubiyyəti, dili, dini və s. məsələlər haqqında məlumat verirdilər.

II Dünya müharibəsindən sonra Amerikaya mühacirət etmiş soydaşlarımızın hüquqlarını 1940-cı ildə yaradılmış “Amerika komitəsi”qoruyurdu. Məhz onun vasitəsilə soydaşlarımız öz haqq səslərini dünya ictimaiyyətinə çatdıra bilirdilər. II Dunya muharibəsi illərində və müharibədən sonra da Avropada xüsusilə də Almanyada Azərbaycan Diasporunun fəaliyyəti genişlənirdi. Lakin müharibənin əsas qalibi hesab olunan Sovet İttifaqı azərbaycan ziyalılarının bu fəaliyyəti ilə barışa bilməzdi. SSRi siyasi mühacirətdə olan bir çox azərbaycanlı ziyalılarına qarşı mübarizəyə başlayır. Bu təqiblərdən azərbaycanlı mühacirlər Avropadakı fəaliyyətlərini dondurub Amerika qitəsinə  mühacirət etməli olurlar.

SSRİ ilə mübarizənin daha effektiv aparılması üçün ABŞ höküməti Amerikan Komitəsini (Amerikanın komunizm ilə mübarizə Komitəsi) təsis edir.  Komitənin üzvləri sırasına A.Gerk, Stivens, V.H.Çemberlen, Ç.Edison, N.Ruzvelt və d. daxil idi.  Komitənin birbaşa köməyi ilə 1951-ci ildə bir çox rus partiyalarının da iştirakı ilə Füssen konfransı keçirilir. Mühacirətdə olan rus siyasiləri bolşevikləri devirməkdən ötrü Rusiya ərazisinin bölünməməsi, vahid qalması şərti ilə qeyri –rus təşkilatları ilə ittifaqı mümükün sayırdılar. Amerikanm Komitəsinin rəhbər tutduğu ideyalardan biri o idi ki, Sovetlər Birliyinin diktator rejimi altında heç bir xalqın nümayəndəsi istədiyi azad həyatı yaşaya bilməz. Bu mümkün deyil.

Amerikan Komitəsinin  rus  mühacir təşkilatları ilə bu işbirliyi  Azərbaycanlı mühacirlərin ürəyincə deyildi. Başda M.Ə.Rəsulzadə olmaqla siyasi mühacirlərimiz  bu fəaliyyətə etirazlarını bildirdilər. Səbəbi isə o idi ki, rus mühacirləri Azərbaycanın müstəqilliyi məsələsini öz daxili məsələləri hesab edirdilər. Yəni ki, onlar Azərbaycana müstəqillik verilməsinin mümkünsüz hesab edirdilər. Rus mühacirlərin “Bölünməz Rusiya” devizi altında Azərbaycan istiqlalı yox sayılırdı. Hətta Amerikan Komitəsi Musavat partiyası ilə işbirliyi aparmaq üçün M.Ə. Rəsulzadəni Almaniyada görüşə çağırsada bu görüş baş tutmamışdı. Çünki komitə “Sovetlər birliyinin mövcud mühafizəsi” prinsipini müdafiə etməyə davam edirdi. (22. səh 235).

XX əsrin 50-ci illərindən etibarən “Amerikan Komitəsi” mühacir və legionerlərin yaratdıqları təşkilatları və mətbuu orqanları maliyyələşdirirdilər. Ə.Fətəlibəyli Düdənginski “Azərbaycan ” jurnalının nəşrinə Amerikan Komitəsi nümayəndəsi D.Levinin yardım edəcəyinə söz verdiyini yazırdı.

Azərbaycanlı mühacirlər təşkilatlanma yolunda əllərindən gələni edirdilər. Belə ki, 1952-ci ildə Ştarnberqdə və Münhendə Azərbaycan konfransı keçirildi. Bu konfransda Amerikan Komitəsinə müraciətlər qəbul edildi. ABŞ hokümətinin yardımı ilə Azadlıq radiostansiyaları fəaliyyətə başladı. “Azadlıq” radiosuun “Azərbaycan redaksiyası ”na  (1953-54-cü illər)  mayor Ə.Fətəlibəyli Düdənginski başçılıq etdi. “Azərbaycan” redaksiyasında Məcid Müsazadə (Qaraslanlı), Fərman Məmmədov, Kərim Aslanoğlu, İsmayıl Əkbər, Əli Aranlı və digər legionerlər çalışırdı.

II Dünya müharibəsindən Azərbaycan legionerlərinin müəyyən hissəsi Amerika Birləşmiş Ştatlarında məskunlaşmışdılar. Mühacirləriniz əsasən Nyu-Yorkun 40-kilometrliyində, Nevada şəhərində yerləşmişdilər.  Burada yaşayan legionerlər  Əhməd İbrahim, Hidayət İsrafil, Ənvər Soltan, Oğuz Öndər və digərlərinin təşəbbüsü ilə əvvəlcə “Azərbaycan İslam və Xariciyyə Cəmiyyəti” yaradıldı. Sonralar bu cəmiyyətin adı dəyişdirilərək “Amerikada Azərbaycan Kültür Cəmiyyəti” adlandırıldı. Cəmiyyətə Əhməd İbrahim başqanlıq edirdi. (22. səh 246).

Lakin Sovet höküməti Avropada və ABŞ-da fəaliyyət göstərən azərbaycanlı mühacirlərin anti-sovet fəaliyyətindən narazı və narahat idilər. Hər vasitə ilə onların fəaliyyətinə mane olmaq istəyirdilər. “KQB” (DTK- Dövlət təhlükəsizlik Komitəsi) bu istiqamətdə çalışırdı. Məhz bu təşkilatın müdaxiləsi ilə məşhur legioner mayor Ə.Fətəlibəyli Düdənginski 1954-cü ilin 20 noyabrında Münhendə müəmmalı şəkildə qətlə yetirilmişdir. Cani isə elə legioner sıralarında döyüşmüş və Ə.Fətəlibəyli Düdənginski ilə yaxından tanış olan Mikayıl İsmayılov idi. Lakin bu ölümün təfərrüatları hələ də açılmamış qalır. Ə.Fətəlibəyli Düdənginskinin ölümündən sonra Türkiyədə yaşayan xanımı və oğlu ABŞ-a mühacirət etmişlər. Hal-hazırda da onlar haqqında  bir məlumat yoxdur.

Bir məsələni qeyd etmək lazımdır ki, mühacirətin ilk illərində  azərbaycanlılar saf azərbaycanlı icmaları yaratmışdılarsa zaman keçdikcə, illər ötdükcə bu vəziyyət dəyişdi. Belə ki, mühacirlərin övladları, nəvələri tam hüquqlu Amerika vətəndaşları kimi yaşamağa başladılar. Belə ki, onlar rus, türk, yəhudilər və digər xalqın nümayəndələri ilə nigah qurdular və zamanla onların dünyagörüşündə dəyişikliklər baş verdi.

Müasir dövrümüzdə II Dünya müharibəsi dövründə ABŞ-a mühacirət edən soydaşlarımızın nəvə , nəticələri yaşayır. Onlar öz əcdadlarından fərqli olaraq Amerika Birləşmiş Ştatlarının tam hüquqlu vətəndaşlarıdırlar. ABŞ vətəndaşlarına aid olan bütün hüquq və imtiyazlardan istifadə edə bilirlər.

Sonda belə nəticəyə gəlmək olur ki, əslində Vətənini müdafiə etmək üçün ordu sıralarına getmiş  soydaşlarımız talehin hökmü ilə əsir düşmüş və “ xalq düşməninə ” çevrilmişlər. Ölkələrinə qayıda bilməyən azərbaycanlılar  Avropa və ABŞ-a mühacirət etmək məcburiyyətində qalmışlar. Burada SSRİ-yə qarşı mübarizə apararaq Azərbaycanın müstəqilliyini bərpa etmək yolunu seçmişlər. Təəsüflət olsun ki, bu sahədə çalışan mühacirlərin tarixi vətənə dönmək arzuları ömürlərinin sonuna kimi reallaşmamışdır.

Cənubi Azərbaycan  azərbaycanlılarının  ABŞ-a mühacirəti (50-90-cı illər)

Son 200 ildə Azərbaycan Diasporunun yaranmasında əsasən 3 ölkənin vətəndaşları olan azərbaycanlıların rolu vardır. İlk növbədə Azərbaycan Respublikası, İran İslam Respublikası və Türkiyə Cumhuriyyəti. Buna görə də, etnomədəni və sosial-siyasi hüquqi dəyərlər baxımından 3 müxtəlif cəmiyyəti təmsil edir.

Bildiyimiz kimi müasir dövrümüzdə Cənubi Azərbaycan dediyimiz İran İslam Respublikasının şimal əraziləri tarixən Azərbaycan dövlətinin tarixi və etnik sərhədləri tərkibinə daxil idi. Mürəkkəb tarixi hadisələr, müharibələr və sülh müqavilələri nəticəsi olaraq bu əzəli Azərbaycan torpağı və orada yaşayan çox milyonluq azərbaycan xalqı uzun bir tarixi ayrılığa məruz qalmışdır. Cənubi Azərbaycanda yaşayan azərbaycanlı əhalinin böyük əksəriyyətinin xarici ölkələrə o cümlədən ABŞ-a mühacirəti XX əsrin əvvələrindən başlamışdır. Çox təəssüf ki, bu sahə də çox geniş öyrənilməmişdir.  Bütün miqrasiyaların  baş vermə səbəbləri vardır. Cənubi Azərbaycandan əhalinin xarici ölkələrə miqrasiyası əsasən siyasi və iqtisadi səbəblərlə bağlıdır.

Cənublu həmvətənlərimiz Azərbaycan diasporunun mühüm qanadını təşkil edir. Əsasən ziyalıllar və biznesmenlərdən ibarət olan bu qrupun üzvləri bir çoxu peşəkar mütəxəssislər hesab olunur. Akademik təhsilə maraq olduğundan , hazırda diasporumuzda ziyalılar təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtiasdi elmlər sahəsində daha çox üğürlar əldə edən soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu ali və orta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar.

Cənubi azərbaycanlıların böyük əksəriyyəti ticarət sahəsində çalışırlar və kifayət qədər güclü mövqeyə , iri kapitala malikdirlər. Geniş investisiya imkanları olan cənubluların sahib olduqları  firmalar, şirkətlər, müəssisələr bir çox ölkələrin iqtisadiyyatında fəal rol oynayır. Qərbi Avropa ölkələrinin bir çoxunda olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da cənubluların böyük imkanları mövcuddur. (Türkdilli diasporalar səh 65)

Cənubi Azərbaycandan mühacirətin ilk dalğası 50-60-cı illəri əhatə edir. Ağır siyasi-iqtisadi şəraitdə yaşayan əhalinin böyük əksəriyyəti maddi rifahini yüksəltmək üçün xarici ölkələrə o cümlədən ABŞ üz tutudular.

İranda şah rejimi dövründə Avropaya və Amerikaya meylin artması nəticəsində qərb adət-ənənlərinə, yaşayış tərzinə özənti nəticəsində İran Qərbə inteqrasiya prosesini sürətlə həyata keçirirdi. Bu dövrdə əhali arasında xüsusilə də gənclər arasında təhsil almaq və işləmək üçün xarici olkələrə miqrasiya prosesi davam edirdi. 1978-79-cu illərdə İranda İslam hərəkatının  başlanması bu miqrasiyanın səbəblərini bir qədər dəyişdi. Beləki, rahat və azad yaşamağa öyrənmiş əhalinin böyük əksəriyyəti radikal islam qanunlarını tətbiq edən və ölkədə şah rejiminə son qoyan Xomeyni rejiminin sərt qayda-qanunlarından qaçaraq xarici ölkələrə mühacirət edirdilər. Bu axının böyük hissəsini elm, incəsənət, və mədəniyyət xadimləri təşkil edirdilər.

Cənubi Azərbaycan ərazisində son illərdə xaricə mühacirət edənlərin sayı xeyli artmışdır. Xüsusilədə gənclər arasında bu proses geniş yayılmışdır.

50-90cı illərdə, SSRi-nin dağılmasından sonra aəzrbaycanlıların ABŞ-a mühacirəti

II Dünya müharibəsindən sonra Amerika məskunlaşmış həmvətənlərimiz  təzyiqlər edir, çalışdıqları, yaşadıqları yerlərdə sıxışdırılırdılar. Azərbaycanlıların hüquqlarını qoruyan ilk təşkilat 1951-ci il, fevralın 8-də Birləşmiş Ştatlarda yaradılan Amerika Komitəsi oldu. Sonradan isə onun adı dəyişdirilərək Amerikada Rusiya Xalqlarının Qurtuluş Komitəsi kimi tanınmağa başladı. İkinci dünya müharibəsindən sonra mühacir təşkilatların birləşib antisovet mübarizəsi aparmasına getdikcə daha çox ehtiyac duyulurdu. Digər tərəfdən müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu bəzi hallarda daxili çəkişmələrin meydana çıxmasına gətirib çıxarırdı. 1953-cü ilin martında Birləşmiş Ştatlar dövlətinin maliyyələşdirdiyi “Bolşevizmlə Mücadilə Koordinasiya Mərkəzi” tərəfindən istiqamətləndirilən “Qurtuluş”, sonradan isə “Azadlıq” radiosu ilk verilişlərinə başladı. Azərbaycanlıların həmrəyliyinin güclənməsində “Azərbaycan şöbəsi”nin fəaliyyətə başlaması mühüm rol oynadı.

Azərbaycanda II Dünya müharibəsi və ondan sonrakı onillik ərzində əhalinin xaricə mühacirəti Ümummilli lider Heydər Əliyevin 1969-cü ildən Azərbaycana rəhbərlik etməsi ilə müəyyən qədər səngidi. Belə ki, hakimiyətə gələr-gəlməz Ümummilli lider Heydər Əliyev ölkədən gedən ziyalı və vətənpəvərlərin axının dayandırmağın nə dərəcədə zəruri olduğunu anlayırdı. Öz müdrik siyasəti ilə o, Azərbaycanda milli şüürun təşəkkülündə yeni bir mərhələnin əsasını qoydu.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanda bütün sahələrdə başlamış sürətli inkişaf əhalinin öz vətənində parlaq gələcəyə olan inamını qüvvətləndirdi. Elmə, mədəniyyətə, incəsənətə, ədəbiyyata və təhsilə olan qayğı ölkə ziyalılarının xaricə olan kütləvi axınının qarşısını ala bildi. Ümummilli lider Heydər Əliyev xalqın intellektual potensialının artırılmasının vacibliyini anlayırdı. Məhz buna görə  15 mindən çox tələbənin SSRİ-nin müxtəlif  təhsil ocaqlarında təhsil almasını təmin etmişdir. Düzdür bu azərbaycanlı tələbələrin müəyyən hissəsi təhsillərini başa vurub vətənə dönsələr da, bir qisim tələbə SSRİ-nin müxtəlif bölgələrində çalışmağa qərar verdilər.

Bu dövrdə qarşıda duran ən başlıca vəzifələrdən biri də xaricdə yaşayan azərbaycanlılar ilə əlaqə yaradıb, onların  öz vətənləri naminə fəaliyyət göstərməsini təmin etmək idi. Bunun üçün mədəniyyətin bütün sahələrinə xüsusi qayğı göstərilirdi.

Ümumilli lider çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək onların qayğıları ilə maraqlanmış, onları ölkəmizin  ictimai, iqtisadi, mədəni həyatında fəal iştirak etməyə dəvət etmişdir. H.Əliyev dünya azərbaycanlılarının Azərbaycanın mənafeyi, çiçəklənməsi və qüvvətlənməsi naminə görülən işləri hər zaman yüksək qiymətləndirmiş, tarixi Vətənlə əlaqələrin yaradılması və inkişaf etdirilməsi  üçün öz tövsiyyə və tapşırıqlarını vermişdir.

Xaricdə yaşayan həmvətənlərimizlə  Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin («Vətən» cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinə və Vətənlə ayrılmaz tellərlə bağlanması yolunda mühüm addımlardan biri idi.

XX əsrin 70-80- ci illərində məhz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycan Sovetlər birliyində gedən dövlətlərarası inteqrasiya prosesinin vacib, fəal iştirakçısına çevrildi.

Azərbaycanın görkəmli elm və incəsənət xadimləri nəinki SSRİ daxilində, həmçinin onun hüdudlarından kənarda öz vətənlərini layiqincə və fəxr hissi ilə təmsil edirdilər. Hamımızın yaxşı tanıdığımız Müslüm Maqomayev, tanınmış alim Lütfi Əliələsgərzadə (Lütfizadə),  rəssam Tahir Salahov, Toğrul Nərimanbəyov, kinodramaturq Rüstəm İbrahimbəyov və d. Azərbaycanı xaricdə təmsil edən Azərbaycan diasporunun görkəmli nümayəndələridirlər.

Çox təssüf ki, bu hərtərəfli, çoxşaxəli inkişaf və inteqrasiya prossesi 80-ci illərin sonu,  90- cı illərin əvəllərində baş verən siyasi proseslərin nəticəsində zəifləməyə doğru getdi. Xalqın özünüdərk prosesinin nəticəsi kimi milli mübarizə ruhunun və milli azadlıq hərəkatının genişlənməsi Azərbaycanı çətin sınaqlar qarşısında qoydu.

80-ci illərin sonlarından etibarən Sovetlər birliyində başlamış dağınıqlıq  ayrı-ayrı respublikaların daxilində müstəqil dövlət yaratmaq ideyalarını yenidən alovlandırdı. Azərbaycan da digər dövlətlər kimi müstəqillik və azadlıq uğrunda mübarizəyə qoşulmuşdu. Bu mübarizəni dayandırmaqdan ötrü SSRİ milli münaqişələr siyasətindən istifadə etdi. Azərbaycanın müstəqillik uğrunda mübarizəsi onun Ermənistanla  müharibə apardığı dövrə təsadüf etdi. Əslində artıq qeyd olunduğu kimi bu heç də təsadüf deyildi.

Sovet  İttifaqının dağılması dövründə Azərbaycandan həm məcburi etnik miqrasiyalar, həm də iqtisadi miqrasiyalar geniş yayılmışdır.

ABŞ-a mühacirətin yeni dalğası SSRİ-nin dağılmasından və müstəqil Azərbaycan Respublikasının yaradılmasından sonra başladı.  Ölkəmizdəki Amerika səfirliyi “Green Card” sistemi ilə, təhsil almağa, işləməyə və ya orada yaşayan qohumlarının dəvəti ilə ABŞ-a mühacirət edən azərbaycanların sayı kütləviləşdi. Bu proses ABŞ-da fəaliyyət göstərən Azərbaycan Diasporunun işini qüvvətləndirməyə xidmət edirdi. Azərbaycanda müharibə şəraitində idi. 1990-cı il 20 yanvar hadisələri ABŞ-da yaşayan soydaşlarımızı dərin kədərinə və etirazlarına səbəb oldu. Daha sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı  və digər müsibətlərə öz etirazlarını bildirirdilər. Bu dövrə müxtəlif terror aktları, təxribatlar və nəhayət 1990-cı il 20 yanvar hadisəsi nəinki Azərbaycanda yaşayan xalq üçün , həmçinin xaricdə yaşayan bütün soydaşlarımızın milli təfəkküründə əsaslı dönüşün nəticəsi oldu.

90-cı illərə qədər ABŞ-a mühacirət etmiş soydaşlarımız Amerikanın həm siyasi, həm iqtisadi, həm də hərbi həyatında tam hüquqlu vətəndaşları kimi yaşayırdılar. Beləki, ABŞ-in Vyetnam müharibəsi, Körfəz savaşı  və digər hərbi səfərlər zamanı Amerika silahlı qüvvələri tərkibində xidmət göstərmişlər.

Bundan əlavə ABŞ-da elm sahəsində xidmətləri olan soydaşlarımız  elm, texnika sahəsində öz sözlərini daima demişlər. Beləki, kosmonavtika  sahəsində Cavad Herti, 1993-cü il A.Eynşteyn mükafatı lauriyyatı olan Əli Cavan, Dünyaca məşhur Lütfizadə, neft sənayesi mütəxəssisi Firudin Əminzadə və daha neçə neçə azərbaycanlının adlarını sadalaya bilərik. (8. səh 98)

Azərbaycanlılar kompakt halda Nyu-York, Los-Anceles, Batton-Ruc, Miciqan,Nyu-Cersi, Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar.

Amerikada ən fəal olanlar isə Azərbaycan yəhudiləridir ki, onlar özlərini Azərbaycan diasporunun tərkib hissəsi hesab edirlər. Azərbaycan naminə görüyü işləri müsbət qiymətləndirən Azərbaycan yəhudiləri «Evreyskiy mir», «Vecnıy Nyu-York», «Russkaya reklama», «Newstay», «New Worker» mətbuat orqanlarında Azərbaycanı dəstəkləyirlər. Pitt Kambusda ingilis və ispan dillərilə yanaşı, Azərbaycan dilin də reklam və elanlara da rast gəlmək olar. 2001-ci ildə azərbaycanlı Mehmet Azəri Vest-Delfiyada mer vəzifəsinə secilmişdir. San-Fransisko, Los-Anceles, Vaşinqtonda Azərbaycan dilini radio dalğalarda eşitmək olar. Azərbaycanlıların və türklərin yaxınlaşması prosesi sürətlənməkdədir və türk dilli media da Azərbaycan müəlliflərinin yazıları və çıxışlarına xüsusi yer verilir.

Azərbaycan hökümətinin diaspora olan yardımları artdıqca diasporun fəaliyyəti daha da güclənir və səmərəli olurdu

2000-ci ilin statistik məlumatlarına əsasən ABŞ-da Vaşinqton, Nyu-york, Los Anceles, Hyuston , Dallas və d. şəhərlərdə 400,000 azərbaycanlı yaşayır.

2000-ci ilin statistik məlumatlarına əsasən ABŞ-da Vaşinqton, Nyu-york, Los Anceles, Hyuston , Dallas və d. şəhərlərdə 1 000 000 azərbaycanlı yaşayır.

2002-cilə aid statistik məlumatlardan məlum olur ki:

— ABŞ-da yaşayan azərbaycanlıların 60 %- i cənublu, 35 %-i  şimallı, 5 %-  i isə Türkiyədən gəlmiş azərbaycnalılar təşkil edir.

— Azərbaycanlıların 23 %-I orta sinifə, 21%-i orta sinifdən aşağı təbəqəyə, 16 %- i isə aylıq gəliri 400 minə yaxın olan zənginlər təbəqəsidir.

— ABŞ-da azərbaycanlılar arasında aylıq gəliri 200 min – 1 milyon  dollar olan 13 nəfər, hər ay qazandılğı məbləğ 1-milyondan çox olan 38 milyonçu var. (8. səh 99)

Uzun illər olduğu kimi ABŞ indi də ABŞ miqrasiya üçün ən cəlbedici istiqamət olaraq qalır. ABŞ-ın böyük və super dövlət olması, beynəlxalq siyasi-iqtisadi proseslərə təsirinin  inkaredilməz olması bu dövlətlərdə məskunlaşan diasporlar tərəfindən tarixi vətənlərının müdafiəsi və mənafeyi uğrunda mübarizə aparmasına geniş imkanlar verir. Amerikada mövcud olan bütün etnik diasporlar hakimiyyətdən öz vətənləri üçün iqtisadi, siyasi, hüquqi, hərbi və digər yardımların alınmasına çalışır.  Diasporların üzərinə düşən mühüm vəzifələrdən biri də özlərinə Amerikada Qanunverici-İcraedici Məhkəmə sistemində tərəfdarlar və dostlar qazanmaqdır.

Amerikada yaşayan həmvətənlərimizi bu sahədə fəaliyyətə ruhlandıran isə Ümummilli liderimiz Heydər Əliyevin onlarla mütəmadi görüşməsi olmuşdur. Bu görüşlər zamanı Heydər Əliyev Azərbaycanın siyasi arenadakı yeri və rolundan danışaraq, azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin qüvvətlənməsi və çiçəklənməsi naminə çalışmaq üçün onlara öz təklif və tövsiyyələrini vermişdir.

Müasir dövrümüzdə miqrasiya proseslərinin bütün dünya üçün iqtisadi səmərəsi böyükdür. Onu qeyd etmək lazımdır ki, iqrasiya məsələlri ilə bağlı BMT-nin bir sıra atdığı addımlar var. Belə ki, hələ 40-cı illərdə Beynəlxalq Əmək Təşkilatı yaradılmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyası(1953) hyəmçinin, Beynəlxalq Əmək Təşkilatının İcbari əməyin ləğv edilməsi haqqında Konvensiyası (1957-ci il) , BMT-nin Baş Assambleyasının “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyası (1990) bu məsələyə beynəlxalq aləmin nə dərəcədə ciddi münasibət bəslədiyinin bariz nümunəsidir.

Azərbaycan Respublikası da öz növbəsində bu təşkilatların üzvüdür, eyni zamanda beynəlxalq konvensiyalaı qəbul etmiş və beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam və vaxtında əməl edir. Ölkəmizin prioritet vəzifələrindən biri də BMT-nin Miqrasiya Təşkilatı ilə sıx qarşılıqlı əməkdaşlıq etmək, qoşulduğu konvensiyaları yerinə yetirməkdən ibarətdir. Məhz bu məsələlərin vacibliyini göz önunə gətirərək, Ümummilli lider Heydər Əliyev “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi barədə fərman imzalamışdır.

Nəticələrə gəlincə, hazırda xarici ölkələrdə 425-ə qədər Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Dövlət başçısı diaspor quruculuğu işini xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycanda və xaricdə böyük tədbirlər keçirilib. Dünya Azərbaycanlılarının II Qurultayından sonra 102 diaspor təşkilatının təsis edilməsi, 2011-ci il iyulun 5-də keçirilən Dünya Azərbaycanlılarının III Qurultayından sonra ötən 1 il ərzində 10-a yaxın yeni diaspor təşkilatının yaranması diqqət çəkir. Bu gün iqtisadi imkanları genişlənən Azərbaycanın dövlət və özəl şirkətləri, böyük iş adamları artıq yaxın və uzaq xarici ölkələrdə böyük sərmayələr yatırırlar. Dövlət şirkətləri sırasında ARDNŞ-in adını xüsusi çəkmək lazımdır, xarici ölkələrə sərmayə qoyan böyük iş adamlarının sayı ili-ildən çoxaldığı üçün xüsusi olaraq fərqləndirmək çətindir. Azərbaycan mənşəli kapitalın dünyaya yayılması müsbət haldır, ancaq Azərbaycanın xarici ölkələrdə iş quran, böyük həcmdə sərmayə yatıran dövlət və özəl şirkətlərinin fəaliyyətlərində Diasporla İş üzrə Dövlət Komitəsinin tövsiyyələrini nəzərə alması yaxşı olardı. Çünki xarici ölkələrdə diaspor quruculuğunun gücləndirilməsi, lobbi fəaliyyətinin qurulmasına nail olunması sistemli iş tələb edir. Həmin xarici ölkələrdə güclü diaspor təşkilatlarının olması və lobbi qurumlarının fəaliyyəti son nəticədə iqtisadi subyektlərin maraqlarının da qorunmasına gətirib çıxarır.

Hal- hazırda Azərbaycan Respublikasının bu məsələlərlə bağlı qarşısına qoyduğu bir neçə prioritet istiqamətlər var :

— xarici ölkələrdə fəaliyyət gösrtərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir. Bunun həyata keçməsi üçün bu icma və birliklərə lazımı yardımların göstərilməsi vacibdir.

— Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır ;

— Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir ;

— Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir. Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir ;

— Bütün dünya  azərbaycanlılarının birliyi milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir ;

— Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir.

-Dünya azərbaycanlılarının birliyi məsələsi — Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir ;

— Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir ;

— Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir ;

— Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir

Nəticədə demək olar ki, Azərbaycan diasporunun yaranması və formalaşması prosesi əslində tarixi zərurət idi. Azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyildir, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.  Dünya azərbaycanlılarının vahid bir mərkəz ətrafında birləşməsi Azərbaycan Respublikasının prioritet istiqamətlərindən birinə çevrildi.

Sevindirici hal odur ki, Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemləri və qayğıları ilə maraqlanaraq, bu problemlərin həlli yolunda yardım göstərməyə və soydaşlarımızın  hüquqlarını müdafiə etməyə daima hazırdır.

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu ölkələrin ictimai-siyasi həyatına fəal inteqrasiya  etmiş, qanun vericilik və icra orqanlarında həmvətənlərimizin də təmsil olunması davamlı tendensiyaya çevrilmişdir.

Artıq əminliklə demək olar ki, dünya azərbaycanlılarının milli özünüdərk, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlamışdır və özünün inkişaf dövrünü yaşayır.

Azərbaycanlıların yaşadıqları ölkələrin demək olar ki, bir çoxunda  mətbuu orqanları, telekanalları, Azərbaycan dilli siniflər, məscidlər, orta məktəblər, dərnək və cəmiyyətlər fəaliyyət göstərməkdədir.

Azərbaycan Respublikasının dövlət quruculuğunun əsas öndəduran məsələlərindən biri xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsidir.

Azərbaycanda milli dövlətçilik ənənələrinin bərqərar olması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində atılan tarixi addımlar dünya azərbaycanlılarının arasında milli birliyin yaradılmasına geniş imkanlar yaratdı.

Əslində demoqrafik göstəricilərə görə Azərbaycan diasporu çox böyük diaspora hesab oluna bilər. Belə ki, hər beş nəfərdən biri mühacirətdə yaşayır.  Şimali Azərbaycan, Cənubi Azərbaycan və Türkiyə Cumhuriyyətindən olan azərbaycanlı mühacirlərin  hesabına hazırda diasporumuz üç amilli bir sistem kimi mövcuddur. Bu üç qol həmin  sistemdə müəyyən mənada  bərabər şəkildə və yanaşı mövcud olsalar da onların keyfiyyət göstəriciləri də, diaspor olaraq təsiretmə gücü, potensialı da həmin bu 3 elementin sözügedən sistemdəki xüsusi rolu, çəkisi və yeri də fərqli təsir bağışlayır.

Əgər bu 3 qanadı ayrı-ayrılıqda izah etməyə çalışsaq təqribən aşağıdakı kimi qeyd etmək olar.

  • Şimali Azərbaycandan müxtəlif tarixi dövrlərdə nizamsız və pərakəndə şəkildə əsasən siyasi, sosial və iqtisadi səbəblərdən Qərbə axın etmiş mühacirət etmiş soydaşlarımız.
  • Cənubi Azərbaycandan siyasi və iqtisadi səbəblərdən mühacirət etmiş son dərəcə problemli və ziddiyətli bir qrup.
  • Türkiyə Cumhuriyyətindən məqsədyönlü şəkildə, planlaşdırılmış və icmalaşdırılmış bir qrup həmvətənlərimiz.

Yuxarıda deyilənlər əlbət ki, ABŞ-da vahid Azərbaycan diasporunun formalaşmasında müəyyən sədd rolunu oynamışdır. Çünki hər nə qədər çox milyonluq azərbaycan xalqının nümayəndələri olsalar da müxtəlif ərazilərdən, müxtəlif səbəblərə görə ABŞ-a mühacirət etmiş soydaşlarımız arasında zaman-zaman siyasi-iqtisadi, ideoloji-dini baxımından ziddiyətlər yaranması bir faktdır.  Bir çox məsələlrdə ümumi fikri paylaşmayan bu üç qrupun belə mövqeyi bu sahədə aparılan fəaliyyətin pərakəndəliyə gətirib çıxarmasına səbəb olur. Məhz bu səbəbdən diaspor təşkilatlarının siyasi istiqamətdə deyil əsasən  mədəni-maarifləndirici istiqamətdə fəaliyyət göstərirlər. Düşünürük ki, Diaspor fəaliyyətində ən başlıca məsələ şəxsi eqo-ları bir kənara qoyub vahid bir amal – müstəqil Azərbaycan Respublikasının inkişafı və dünyada layiqli yerini tutması — uğrunda çalışmaq Azərbaycan diasporunun fəaliyyətinin yalnız xeyrinə ola bilər. Çünki ABŞ-da güclü Azərbaycan diasporunun tam formalaşması üçün yüksək potensial var.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş /Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi  Bakı, Adiloğlu, 2009, 440 s.
  2. Azərbaycan Diasporu: böyük yolun başlanğıcı//Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi  Bakı, Çaşoğlu, 2006, 208 s.
  3. Azərbaycan Diasporu Ensiklopedik məlumatlar toplusu Bakı 2012, 654 s.
  4. Azərbaycan Diasporuna dövlət qayğısı  Müasir mərhələ Bakı, Çaşoğlu, 2006, 172 s.
  5. Azərbaycan Diasporuna dövlət qayğısı  / II nəşr Bakı, Çaşoğlu, 2006, 304 s.
  6. Əliyev Z. Diaspor: izahlı sözlük və məlumat kitabı Bakı, Yurd, 2007, 376 s.
  7. Əliyev Z.Beynəlxalq münasibətlərdə Diasporun rolu. Bakı, Nurlan, 2001, 150 s.
  8. Əliyev Z. Dünya diasporaları. Bakı, Qismət, 2005, 349 s.
  9. Arzumanlı V. Azərbaycan  Diasporu: reallıq, qayğılar, problemlər Bakı Qartal, 2001, 800 s.
  10. Arzumanlı V. Tarix siyasətin-siyasət tarixin dili ilə Bakı Qartal, 1999, 442s.
  11. Arzumanlı V., Hüseynov A. Azərbaycan ünvanlı….(xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri) Bakı: Qorqud, 1994,110 s.
  12. Azərbaycan Diasporu: tarix və nəzəriyyə. I buraxılış/ AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; Red: Y.M.Mahmudov, elmi red. M.Seyidbəyli . Bakı, Aspoliqraf LTD, 2005, 92 s.
  13. Сеидбейли Азербайджанская диаспора в России: особенности и тенденции формирования и развития 1988-2007 гг. Баку 2009 396 с.
  14. Həbiboğlu V. Azərbaycan diasporu yeni mərhələdə. Bakı, Elm, 2006, 264 s.
  15. Həsənov Ə.M.  Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, Azərbaycan Nəşriyyatı, 2005, 752 s.
  16. Həsənova  Ş. Mühacirət irsimizdən səhifələr. Bakı, 1995
  17. İsmayılov İ.Z. Dünya azərbaycanlıları XX əsrdə. Bakı, Azərb.DNA mətbəsi, 1997, 270 s.
  18. Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI –yeni nəşrlər evi. 2005, 464 s.
  19. Rəhmanzadə F. Yol. Bakı, Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, 1994, 592 s.
  20. Rizvan N. Azərbaycan Diasporası tarixindən. Bakı, Borçalı NRM, 2000, 208 s.
  21. Tahirli A. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) Bakı, 2005, BDU, 528 s.
  22. Yaqublu N. Azərbaycan legionerləri. Bakı, Çiraq, 2002, 332 s.
  23. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi Bakı,2002,8
  24. S.İsmayılbəyli ADR-insüqutundansonra diaspora sahəsində başlanan dönüş
  25. www. paralel.az
  26. Z.Əliyev Beynəlxalq münasibətlərdə Diasporun rolu. Bakı, Nurlan, 2001, 150 s.

 

 

 

  Kərimova Aysel  AMEA-nın 

A.A. Bakıxanov adına Tarix İnstitutunu k.e.i

                                                                          e-mail:   karimova.aysel@rambler.ru

 

 

 

 

Leave a Reply