|

Tatarstanda “Volqaboyu xalqlarının ənənəvi mədəniyyəti” mövzusunda konfrans keçirildi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

2015-ci il fevral ayının 11-12-də Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində türk xalqlarının folkloru və ənənəvi mədəniyyət məsələlərinə həsr olunmuş “Volqaboyu xalqlarının ənənəvi mədəniyyəti” adlı Beynəlxalq elmi konfrans keçirildi. 
Konfrans Tatarstan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Dövlət Ənənəvi Mədəniyyət Mərkəzi ilə AMEA Folklor İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən birlikdə təşkil edilmişdi. Təşkilat komitəsində Kazan Dövlət Mədəniyyət Universiteti də iştirak edirdi.
Kazan Dövlət Universitetinin böyük akt zalında keçirilən tədbiri universitetin rektoru Rusiya Federasiyası Humanitar Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor Rivkat Raşidoviç Yusupov açıb və tədbirin əhəmiyyətindən bəhs edib.
Respublika Dövlət Mədəniyyət Mərkəzinin direktoru Fənzilə Həkim qızı Gövhərova multikulturalizm şəraitində ənənəvi mədəniyyətin qorunması və yaşadılması problemlərinə həsr olunmuş məruzə ilə çıxış edib və bu məsələ ətrafında müzakirələr aparılmasının zəruriliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tatarstan Respublikası Mədəniyyət nazirinin müavini Niqmatullina Quzel Azatovna çıxış edərək ənənəvi mədəniyyətin qorunmasının vacibliyini diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransda Mədəniyyət Nazirliyinin bir sıra məsul vəzifəli əməkdaşları iştirak edib.
AMEA Folklor İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun konfransa göndərdiyi təbrik məktubu oxunub. Məktubda türk xalqları arasında elmi əlaqələrin gücləndirilməsinin vacibliyi, folklorla bağlı tədqiqatların koordinasiya edilməsinin zəruriliyi, ənənəvi mədəniyyətin, o sıradan folklorun qorunması və öyrənilməsi üçün mütərəqqi metod və nəzəriyyələrin tətbiqinin aktuallığı və gələcək əməkdaşlıq imkanları haqqında təkliflər ifadə olunub.

Açılış iclasında AMEA Folklor institutunun şöbə müdiri Ağaverdi Xəlilin “Oğuz toyu: epik ənənədə və müasir məişətdə” adlı məruzəsi dinlənilib.
Konfransın proqramına Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlunun “Folklorda doğru və yalan”, institutun şöbə müdirləri Ağaverdi Xəlilin “Oğuz toyu:epik ənənədə və müasir məişətdə”, Seyfəddin Rzasoyun “Azərbaycanda mifologiya elminin tarixi və aktual problemləri”, aparıcı elmi işçi Tahir Orucovun “Azərbaycan folkloru və XX əsr Azərbaycan ədəbiyyatı”, Mərasim folkloru şöbəsinin böyük elmi işçiləri Qalib Sayılovun “Xıdır İlyas etnomədəni konsepsiya kimi: inanc, din və folklor kontekstləri”, Atəş Əhmədlinin “Ənənə və söyləyicilik sənəti”, institutun doktorantı Dadaş Əliyevin “Azərbaycanın azsaylı xalqlarının folkloru: lahıclar” adlı məruzələri daxil edilib.
İki gün beş bölmədə davam edən konfransda 80 məruzə dinlənilib. Eyni zamanda konfransda folklorşünaslığın aktual problemlərinin müzkirə olunduğu “Dəyirmi masa”lar təşkil edilib, universitetin tələbələrindən ibarət folklor qruplarının çıxışları nümayiş etdirilib.
AMEA Folklor institutundan konfransa iyirmiyə yaxın məruzə göndərilib. Məruzələr “Ənənəvi mədəniyyət” məcmuəsində nəşr üçün seçilib və məruzələrin bu ilin may ayına qədər çap edilməsi nəzərdə tutulub.
Konfransdan sonra Ağaverdi Xəlil Tatarstan Respublikası Elmlər Akademiyası Qalimcan İbrahimov adına Ədəbiyyat, Dil və Sənət İnstitutunun direktoru, TEA-nın müxbir üzvü Kim Muqallimoviç Minullinlə görüşüb, ona Folklor İnstitutunun direktorunun salamlarını çatdırıb və Folklor İnstitutu ilə gələcək əməkdaşlıq məsələlərini, o cümlədən, bu ilin payızında keçirilməsi nəzərdə tutulan ortaq konfransın təşkili ilə bağlı təklifləri müzakirə edib.

http://www.folklorinstitutu.com/310.htm

Leave a Reply