|

SALAM, SERGEY YESENİN !

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Böyük rus şairi Sergey Aleksandroviç Yeseninin anadan olmasının 125 illiyi münasibətilə 

“Sergey Yesenin Ryazanda doğulmuş, Moskvada yaşamışdır, amma biz onu bakılı hesab edirik və mən güman edirəm ki, haqlı olaraq onu bakılı hesab edirik, çünki o, özünün bir çox gözəl və valehedici şeirlərini burada yazmışdır. Bu şeirlərdə Azərbaycan təbiətinin rayihəsi duyulur, torpağımızın, bağlarımızın ətri, adamlarımızın ürəklərinin döyüntüsü hiss olunur”.

Süleyman Rüstəm

Azərbaycanın Xalq şairi

 

“Biz  burada, Bakıda, Azərbaycan torpağında həmin əsərlərə — şairin yazdığı şeirlərə yenidən nəzər salarkən 1924-cü  və 1925-ci illərin Yesenin üçün nə qədər məhsuldar olduğunu sanki daha aydın hiss edirik. Həmin illərdə  o, uzun müddət Azərbaycanda yaşamış, burada gözəl şeir və poemalar yazmışdır. Yesenin, azərbaycanlı dostların  ona göstərdikləri mehribanlıqdan, respublikanızın  gözəl təbiətindən ilham alıb, onun səfalı havası ilə yaşayırdı. Şairin sənətkarlıqla  yazdığı şeirlər onun Azərbaycan dövrü haqqında gözəl xatirə  olacaqdır. Bu xatirə nəinki şairin əsərlərində, həm də onu tanıyanların, onu sevənlərin, bu gün də sevməkdə olanların qəlbində yaşayacaqdır”.

Anatoli Vladimiroviç Sofronov

görkəmli rus yazıçı, şairi və dramaturqu

 

“Hər bir böyük istedad sahibi kimi, Yesenin də əbədidir. Şair həmişə ölür, dahilər isə ölməzdir. Dahi xalqın özünə bərabərdir, xalqın xatirində yaşayır, xalqın  məhəbbəti deməkdir. Xalq isə əbədidir”.

Yeqor Aleksandroviç İsayev

görkəmli rus şairi və publisisti

 

 

 

“Sergey Aleksandroviç Yesenin məsumluğu ilə fərqlənirdi.Bu məsumluq onun yaradıcılıq manerasında, insanlara, təbiətə məhəbbətdə özünü göstərirdi. Belə bir məsumluq demək olar, rus poeziyası üçün ənənəvidir. Biz Lomonosovdan tutmuş Puşkinədək bir çox şairlərdə bu xüsusiyyəti hiss edirik.

 

Xoş gördük əzizim Sergey Yesenin,

Sənin vurğunların gəlmiş bu yerə.

Burda neçə — neçə şair nəslinin

Alqışı, salamı uçur göylərə.

Bakının səfalı bir guşəsində

Dedin: “Fəhlə — kəndli qardaşdır hər vaxt.

Bütün şairlərin doğma səsində

Həmin qardaşlığı gəlin, yaşadaq!”

Arzun həqiqətə dönüb, — hər elin,

Hər dilin  ən gözəl nəğmə qoşanı

Gəlib hüzuruna, — vuran qəlblərin

Sənsən alqış sözü, sevgi ümmanı.

Budur, o ittifaq, o birlik budur, —

Nəğmənin yuvası birləşən qəlblər.

Hər dildə şeirlər durna tək uçur,

Şairlər şəninə alqış deyirlər.

Qüruba enməzsən, heç vaxt sönməzsən,

Şeirində, nəğməndə ümman səsi var

Daim yaşayırsan qəlbimizdə sən,

Şeirə minnətdarıq, sənə minnətdar!

Nikolay Semyonoviç Tixonov

görkəmli rus şairi, ictimai xadimi, Azərbaycanın Xalq şairi

 

“Cəmisi 10 il yazıb-yaradan bu qüdrətli sənətkar rus şeir xəzinəsinə nadir incilər vermişdir. O, sözün geniş mənasında həqiqi şairdir. İlhama xəyanət etməyən, şeiri dar çərçivəyə salmaqdan uzaq, fikirlərini ifadə etməkdə azad, hərarətli bir sənətkardır.Yesenin şeir Peqasını hünər, cəsarət və sürətlə çapmışdır. O, şeir rübabını heç nəyə dəyişməyəcəyini elan etmiş və dəyişməmişdir .Rusiya şeirinin bahadırlarından olan şairi – madərzad Yeseninə, onun yaradıcılığına xalqımız  hörmət və məhəbbət bəsləmişdir. Coşqun ilhama, dağ seli kimi vüsətli bir təbə malik olan bir şairin yaradıcılığının zənginləşməsində Azərbaycanın da müəyyən rolu olmuşdur. Yesenin yaradıcılığının inciləri olan “İran nəğmələri” məhz burada yaranmışdır…”

Məmməd Rahim

Azərbaycanın Xalq şairi

 

“Yesenin poeziyada etiraf nöqtəsidir.Yesenin poeziyada kamillik nöqtəsidir.Yesenin fikirdə səmimilik nöqtəsidir.Yesenin düşüncədə sərbəstlik,düzlük nöqtəsidir. Demokratiklik Yesenin poeziyasının bütün varlığını təşkil edir.

Məni Yesenin poeziyasına bağlayan bunlardır.Bütün xüsusiyyətləri ilə Yesenin bir müəllimdir.Poeziya müəllimi! Qalsaydı, indi onun səksən yaşı vardı.Mən onu səksən yaşında təsəvvür edə bilmirəm…”

 

Əliağa Kürçaylı

1975 — ci il.

görkəmli Azərbaycan şairi, dramaturqu, tərcüməçisi

 

“Məlumdur ki, Azərbaycan S.Yesenin üçün əsl ilham mənbəyi olmuşdur. Var olsun bu diyar ki, bizim rus şairinin gözəl əsərləri məhz burada yaranmışdır!”.

 

Vasili Dmitriyeviç Fyodorov

görkəmli rus şairi, ictimai xadim

 

“Mən Bakıya çox minnətdaram. Bu füsunkar, gözəl şəhər Yeseninin ağır keçən həyatının son aylarında ona qayğısız, xoşbəxt günlər bəxş etmişdir. Mehribançılığınıza və səmimiyyətinizə görə, sizlərə təşəkkür edirəm!”.

 

Juja Rab

tanınmış macar şairi,

bir çox rus şair və yazıçılarının xeyli sayda,

Yeseninin əsərlərinin bütün külliyatının macar dilinə tərcüməçisi

 

“Yesenin dünyanın ən böyük, namuslu şairlərindəndir. O, öz Vətənini, doğma xalqını, habelə gözəlliyi, insanlığı qiymətləndirən, bütün dünya xalqlarını qəlbən sevən bir sənətkardır”.

 

Nazim Hikmət

görkəmli türk şairi, yazıçısı,

dramaturqu, rəssamı və ictimai xadimi.

 

 

Sergey Yeseninə

 

Söylə şair, zavallı, söylə  nədən

Köçdün erkən bu xoş həyatdan sən?

Nə deyim ki? Özün günahkarsan,

Oynayıb nazlarınla bu dövran.

Bir qədər ərköyün böyütdü səni.

Tez yoruldun, həyatsa ötdü səni…

Acısaydın əgər cavan yaşına,

Bəlkə də toplamazdın öz başına

Sənə “can-can” deyən yalançıları,

Şeirini çeynəyən yalançıları.

Tanısaydın  həqiqi  dostlarını,

Əyrilər dost deməzdi süfrəndə.

Xərclədin qəlbinin bütün varını,

Ağladın, sızladın bu gülşəndə.

Şeirlə başladı ömrün, şeirlə oldu tamam,

Əlinlə söndü əzizim, alovlu bir ilham.

 

Süleyman Rüstəm.

 

 Mərdəkanda büllur ağcaqayın

 

Yesenini oxuyarkən

 

Ryazan düzləri

Aldı, yaşıldı,

Büllur ağcaqayın ilk layla çaldı

İlk dəfə dünyaya

Göz açanda o.

Bir elə qartaldı,

Məğrur ucaldı

Ömür dediyimiz asimanda o.

Könüldən bağlandı

Dosta dost kimi,

Düşmən ürəklərsə soyuq buz kimi.

Fəqət yanan da o,

Alışan da o,

Parlayıb nur saçdı

Saf ulduz kimi

Şeir dediyimiz

Kəhkəşanda o.

Bakının baharı

Düşdü payına

Vuruldu yurdumun

Əlvan mayına.

Yerlərə,

Göylərə

Mehribandı o.

Çevrilib büllur bir ağcaqayına

Qaldı əbədilik Mərdəkanda o!

Nəbi Xəzri

Azərbaycanın Xalq şairi

 

“Mən bu qənaətdəyəm ki, öz şeirlərimi ancaq yaxşlıq sevən dostlarım üçün yazıram”.

Sergey Yesenin

qüdrətli rus şairi

 

Rus eli, ey mənim munis vətənim,

Qəlbimdə tək sənə məhəbbətim var.

 

                                                    Sergey Yesenin

 

Bəli, şair olmaq odur ki, gərək

Pozmayıb həyatın ilk qanununu,

Öz damarlarından qanı çəkərək

Vurub isidəsən özgə qanını.

                                                   Sergey  Yesenin

 

Sifət aydın görünməz üz-üzə dayananda,

Nəhəng şey uzaqlardan daha aydın görünər.

 

Sergey Yesenin

 

“Bakısız və bakılılarsız yaşaya bilmirəm, baxın, yenə gəldim!..”.

 

Sergey Yesenin

1925-ci il.

 

Sergey Aleksandroviç Yesenindən, o qüdrətli rus övladsı və rus şairindən söz düşəndə, Azərbaycanın unudulmaz Xalq şairi Məmməd Arazın bu səmimi fikirlərini yada salmamaq mümkün deyil:“Yeseninin Ryazandan başlanan cığırı bir Magellan yolu kimi dünyanın belinə dolanır. Bu yolu nə Savanna otlaqları, nə tropik cəngəlliklər, nə okean qəzəbi itirib-batıra bilmir. Çünki bu yolda “bələdçilik” edən agaclar da, quşlar da, daşlar da zümzüməlidir, nəğməlidir; bu yolu keçənlər xatirə yüklü, gənclik haraylı, məhəbbət soraqlıdır.

Bir sənətkar yolu, axtarış yolu onu Bakıya, qədim Odlar Məbədgahına da gətirib çıxarmışdı. Burada yazılan və bura ilə bağlı xatirələrdən alınan şeirlər Yesenin yaradıcılığında mövzu cəhətdən xüsusi xətlə ayrılır. Şair burada da yenə rus qəlbi ilə oxuyur, öz “Şimal fırçası” ilə Cənub boyalarını rəsm eləyir. Onları ruhuna, qanına hopdurur, öz Şimal boyalarını daha da zənginləşdirir… Yesenin nəğmələri – şeirin sözün rəngləridir. Rus torpağının mənzərələrini, rus sözünün rənglərini, rus ürəyinin vurğularını Yeseninə qədər uşaq heyrəti ilə duyan və uşaq səmimiyyəti ilə ifadə edən ikinci sənətkar tapmaq çətindir”.

Görkəmli şair və jurnalist  Mixail Lukonin səmimi rus ürəyi ilə etiraf edir ki, məhəbbət haqqında söhbət açmaq asan olmadığı kimi,Yesenin haqqında da danışmaq çətindir. Məhəbbətdə olduğu kimi, Yesenində də əsararəngiz cəhətlər çoxdur.Hər bir möcüzədə olduğu kimi, Yesenində də izah edilməyən cəhətlər çoxdur. Bizim Yesenin həm sadədir, həm də müəzzəm. Onun çox möhtəşəm poeziyası rus ədəbiyyatının iftixarıdır… Rus kəndi əsrlər boyu yığıb topladığı söz xəzinəsini özünün mavi gözlü, sarışın oğluna bəxş etmişdi. Şair də bu söz xəzinəsindən çox böyük qənaətlə və bacarıqla istifadə etmişdir. Biz, müasir yazıçılar sadə söz işlətməyi Yesenindən öyrənməliyik…

Rus ürəyi!.. Yadıma daha bir Xalq şairimiz Nəbi Xəzrinin “ Rus ürəyi” şeirindəki zərif və mətin misralar düşür:

 

…Burada mənim fikrim aydındır daha,

Bir də şərh etməyi artıq sayıram.

Həmişə ruslarla görüşən zaman,

Mən yaz səmasını xatırlayıram.

 

…Sevirəm, sevirəm, sevirəm qəlbən

Mən rus ürəyinin yaz səmasını,

Onun qüdrətini, onun eşqini,

Onun tufanını, qasırğasını.

 

…Faşist gürzəsinin əydik başını,

Zəfər marşımızla qurtardı dava.

Güldü qəlbimizin döyüntüsündə,

Ürəklər- ürəyi böyük Moskva.

 

Onun böyük rus ürəyi vardı. Böyük və sadə.Gənc yaşlarında, həyatının, yaradıcılığının ən çiçəkli illərində qəfil ölümü Yesenini tanıyan və sevən çoxsaylı xalqların ədəbiyyat aləmini, saysız-hesabsız oxucularını olduqca kədərləndirmişdi. Bu qara xəbərdən sarsılan Aleksey Tolstoy həyəcanla bildirirdi: “…Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir”.

Faciədən son dərəcə məyus olan böyük Qorki, məktublarının birində yazırdı: “Budur, Yeseninin şeirlərinin birinci cildini oxudum və qüssədən, qəzəbdən, az qala sarsıldım. Necə də xalis, necə də əsl rus şairidir”.

Yeseninin xalis, əsl rus şairi olması taleyinə yazılan soyadında da  təzahürünü əks etdirmişdi. A.Tolstoy qeyd edirdi ki, Yesenin — əsl köklü rus soyadıdır. Yulaf, payız, görüş mənası ilə bərabər, bolluq, torpağın bəxş etdiyi nemətlər anlamında işlədilən sözdən əmələ gəlmişdir. Bu, bəlkə də adi bir təsadüf idi ki, XX əsr rus poeziyasının qüdrətli nümayəndəsi sayılan Sergey Aleksandroviçin soyadı Tolstoyun dediyi mənada Yesenin idi.

Yesenin doğrudan da rus xalqının tarixindən doğulan, rus torpağında rus nəğməsinin təmiz havasını udan və bütün yaradıcılığı boyu onlara qayıdan, onları tamamlayıb şöhrətləndirən bir ürək sahibi idi. Özünün dediyi kimi: “Oxucu mənim şeirimdə hər şeydən əvvəl, hissin kövrəkliyinə və obrazlılığa fikir verməlidir; bunlar neçə-neçə şairə, yazıçıya “bələdçilik” eləyib, yol göstərib. Bu obrazları mən özümdən uydurmamışam; bunlar rus ruhunun, rus baxışının ifadəçisidir… Bunlar mənim içimdə öz hisslərim, duyğularım kimi yaşayır, nəfəs alır. Məndən bircə bunu öyrənə bilərsiniz, mən də başqalarından nəyi isə öyrənməyə hazıram”.

Maksim Qorkiyə görə, Yesenin yüz minlərlə insanın fəryad və iniltisi idi; o, köhnəliklə yeniliyin barışmaz nifaqının parlaq və dramatik simvolu idi.

Gənc şair kiçik poeması olan “Marfa Posadnitsa”da Birinci Dünya müharibəsinin faciələrini, onun antihumanist xarakteri, rəzalətlərini tənqid və ifşa edirdisə, onun “Radunitsa” kitabında, “Rusiya” poemasında, “Yar” povestində və onlarca digər şeirlərində güclü və zərif, zəngin və dilənçi, sevincli və qəmli Rusiyanın həmingünkü acısını və işıqlı gələcək taleyini aydın görmək olurdu.

Həyat və ölüm, məhəbbət, intiqam, mübarizə cəmiyyətin tarix boyu keçdiyi yol, təbəqələr, zümrələr, siniflər, müharibələr, inqilablar, bütün kainat, ay və ulduz, bir sözlə, hər bir şey poeziyada özünə yer tapa bilər, ifadə oluna bilər.Şair üçün həyatın heç bir məsələsi, ictimai varlığın heç bir problemi, dünyada baş verən hadisələrin heç biri kənar mövzu deyildir.Bu geniş və gərgin, eyni zamanda məsul və şərəfli yaradıcılıq fəaliyyətində  şairə doğru – dürüst yol göstərən, hadisələrin mürəkkəbliyindən baş çıxarmağa imkan verən mənəvi dünya baxışı, həyat həqiqətlərinə sədaqəti, obyektiv mövqeyidir.

Sənətin spesifik tələblərindən biri də budur ki, bədii əsər kimi yaranmış  hər bir misra, beyt, şeir, poema və ya povest mövzunu, yəni göstərdiyi həyat həqiqətini  obrazlı, yüksək səviyyədə təqdim və izah etsin. Bunun üçün müəllifdən tələb olunan bir sıra zəruri şərtlər vardır ki, onlardan ən əsası və ən birincisi istedaddır.Bu, elə bir şərtdir ki, bunsuz həyat hadisələri sənət və sənətkarlıq üçün zəruri olan spesifik şəkildə duyulmaz, müşahidə edilib qavranıla bilinməz. İstedad olmayan yerdə həyatın ən konkret bədii sahəsini və şairanə predmetini nəinki yazılı, hətta şifahi şəkildə də az-çox bədii bir dillə təqdim etmək mümkün deyildir.

Gənclik ruhunu qorumaq, həyat eşqini itirməmək, poetik dildə təbiiliyə, rəngarəngliyə, lirik duyğuların ifadəsinə meyl etmək dahi şair Yesenin üçün səciyyəvi olmaqla bərabər, onun poetik yaradıcılığı üçün də daimi keyfiyyətlərdir.

Məhəbbət lirikası Yesenin şeirlərinin döyünən ürəyidir.Bu şeirləri oxuduqca, oxucunun gözləri önündə odlu məhəbbətlə sevən bir aşiq canlanır.Elə bir aşiqki öz sevgisi, məhəbbəti yolunda hər cür fədakarlığa hazırdır.

Gözəllik Yesenin üçün ilham mənbəyidir. O, gözəlliyin fəlsəfi mahiyyətini açmağa çalışır. Qəmli qış günlərində, payız gecələrində gözəllik günəş kimi şairin kədər buludlarını dağıdır. O,qəlbindən gələn nəyi dinləyirsə, onların hamısını qələmə, kağıza pıçıldayır, onlar da Məmməd Arazın sözləri ilə desək, şairin bu poetik etiraflarını aləmə yayır.

Mütəxəssislər poeziyada sənətkarlıq haqqında danışarkən qeyd edirlər ki, bədii yaradıcılıq üçün olduqca mühüm olan bir cəhəti, yəni yaradıcılıqda müstəqil olmaq, öz yolu ilə getmək, özünəməxsus şəkildə danışa bilmək məsələsini unutmaq olmaz. Öz yolu, öz səsi, öz üslubu, oxucuya demək üçün öz sözü olmayan şair və yazıçılar heç bir zaman bədii yaradıcılıq zirvəsinə qalxıb, yüksək sənətkarlığa nail ola bilməmişlər. İstedad və qələm sahibi olan şair yaratdığı hər bir böyük və ya kiçik əsərdə oxucu ilə elə danışmalıdır ki, başqa şairlərdən heç biri həmin məsələ haqqında onun kimi danışa bilməsin. Yaradıcı şəxsiyyət olmaq etibarı ilə şairin bütün insani keyfiyyətləri onun yazdığı əsərlərindən duyulmalıdır.Hər bir əsər, hər bir beyt və misra imza qoyulmadan yazılsa belə, kimin qələmindən çıxdığını oxucuya nişan verməlidir. Yaradıcılıqda müstəqil olmaq şairə daim irəliyə baxmaq, gələcəyi görmək, köhnəlmiş ənənələrdən yaxa qurtarmaq, yeniliyə — novatorluğa meyl etmək vərdişi qazandırar.

Yeseninin həyatı və yaradıcılıq fəaliyyəti olduqca ziddiyyətli keçmişdir.Şairin ilk dövr yaradıcılığı daha çox kənd həyatı, kənd adamları, kənd adət-ənənələri və zəngin rus təbiəti ilə sıx bağlı olmuşdur. Kənd onu bəsləmiş, böyütmüş və böyük sənət yoluna çıxarmış, qüdrətli poeziya aləminə bəxş etmişdir. Buna görə də Yesenin poeziyasında rus kəndi, rus kəndlisi, rus təbiəti motivləri əsas mündərəcəni təşkil edir. Şairin sevinci də, kədəri də bu üç məfhumla bağlıdır. Xüsusilə füsunkar rus təbiətinin təsvirində Yesenin özündən sonra gələn rus şairlərinin müəllimi sayıla bilər. Əliağa Kürçaylının dediyi kimi, onun şeirlərində rus ağcaqayını, rus yasəməni, rus küknarı və şamı elə təsvir olunur ki, sanki bu ağaclar dünyada olan bütün şamlardan, ağcaqayınlardan, yasəmənlərdən fərqlidir. Mübaliğəsiz demək olar ki, Yeseninin şeirlərini oxuyan hər kəs rus təbiəti haqqında uzun illər boyu Rusiyada yaşamış adam qədər kamil bir təsəvvür ala bilər:

 

Sərmiş ağ örpəyini hər yana qar,

Yenə sakit görünür rus meşəsi.

Bürüyüb könlümü gəzmək həvəsi,

“Gəl”, – deyir sanki mənə göy şamlar.

 

Səsləyir, gəl, – deyə donmuş o çayın

Sahilində ucalan ağcaqayın.

Çökür axşam, yenə də qaş qaralır,

Ay doğur, hər tərəfə nur çiləyir.

 

Gəl, bu rus torpağını seyr elə bir,

Hər tərəf indi başqa görkəm alır.

Bir gümüş şöləsidir sanki ayın,

Ağ sütuntək ucalan ağcaqayın.

 

Yaxud:

 

Bu bəyaz düzənlik yaxşıdır tamam!

Şaxta gör necə də qızdırır qanı!

Bu dəm istəyirəm bağrıma basam

O açıq sinəli ağcaqayını.

“Axşamdır, şeh düşür”, “Qış nəğmə oxuyur, uğuldayır”, “Gecə qaranlıqdır, yata bilmirəm” və s.şeirlərində kəhrəba rəngli zəmilər, gümüşü çaylar, çəhrayı buludlar, dəli ruzgar, çovğunda donan sərçələrin yazıq görkəmi gənc şairi düşündürür, narahat edir.

Ə. Xəlilov və A. Alməmmədov gözəl təhlil verir: “…Yesenin lirikasının estetik prinsipi bununla xarakterizə olunur ki, o, kənd həyatının gözəlliyini təbiətin ümumi ahəngindən ayırmır, bunları bir-birindən qırılmaz vəhdətdə götürərək təsvir edir. Buna görə də bütün bunlar rus təbiəti və kənd məişətinin təsviri olan ilk poetik əsərlərinin əsas mövzusunu təyin etməklə qalmır, həm də predmet və əşyanın poetikliyinin, həqiqi gözəlliyinin əsasını təşkil edir.Təbiət, kənd və vətən obrazları Yesenində gözəllik axtarışı ilə birləşərək biri digərini şərtləndirir.Vətənə məhəbbət duyğuları olan poeziyasının ən böyük mənbəyinə çevrilir. Çox səciyyəvidir ki, onun hətta “İlxı” (1915) şeiri də bu misralarla tamamlanır: “Sevərək gündüzlərini, qaranlıq gecələrini, dogma Vətən, sənə qoşdum bu nəğməni”.

Yesenində hər şey — səma, Ay, Günəş, şəfəq, yollar, çaylar, zəmilər, kolluqlar, çəmənliklər və s. “canlılaşır”, hərəkətə gəlir, həyata, insanlara münasibətdə estetik mahiyyət kəsb edir. “Nəhəng bir şamçıraq kimi dayanan ağcaqayın”, “par-par parıldayan şəbnəm”, “ayın gur şöləsi”, “salxım söyüd”, “bulbul səsi”, “mavi gözlər”, “qızıl dərili qarmon”, “yaz gülünün ziyası”, “göl üstə naxış vuran səhər şəfəqi”, “yaşıl ot yorğanı”, “sehirli tikanlar”, “qövsi-qüzeh” – bütün bunlar şairin estetik idealını, bəşəri ideyalarını ifadə edən bədii vasitəyə çevrilir. Bütün ruhi, mənəvi aləm Yesenin poeziyasında canlı təbiətlə birləşir “İnanıram, səadət var” şeirindəki kimi:

 

Səslən, səslən, ey qızılı rus torpağı,

Siz də əsin, ay cilovsuz dəli yellər!

Xoşbəxt odur, bacarıbdır anlamağı

Sənin çoban kədərini mənim qədər .

Səslən, səslən, ay qızılı rus torpağı.

 

Mən sevirəm gur selini təbiətin,

Ulduzların suda çimən tellərini.

Mən sevirəm çox lütfkar bu millətin

Bu lütfkar əzabını, kədərini,

Mən sevirəm gur selini təbiətin.

 

Doğma Rusiya şairə o qədər əziz idi ki, “bu lütfkar millətin lütfkar əzabını”, “çoban kədərini” də çəkməyə hazır idi. Çünki şairin fikrincə, Vətən torpağı sənə şirindirsə, doğmadırsa, onun dar günü, əzabları da dogma olmalı və öz səadətini onun faciəli, kədərli günlərində axtarmalısan.

Onun kənd, təbiət mövzusunda yazdığı ilk şeirlərində dini və əfsanəvi motivlər demək olar ki, əsas yer tutur, ictimai-siyasi məsələlər isə kənarda qalırdı.İnqilablar, müharibələr, yəni yeni dövrün siyasi hadisələri onu o qədər də özünə cəlb etmir, gənc və istedadlı şair bu mövzularda yazmağa ehtiyac duymurdu.

Yesenini daha çox inqilabdan əvvəlki Rusiya, köhnə kənd, sadə rus kəndlisinin milli adət-ənənələri, ata-baba qaydaları cəlb edirdi.Şairə elə gəlirdi ki, köhnə həyatdan, el-obanın qədim adətlərindən ayrılmaq çox böyük saxtakarlıqdır.Kəndi inkişaf etdirmək, müasirləşdirmək, şəhər səviyyəsinə çatdırmaq ədalətsizlik, keçmiş qanun-qaydalara hörmətsizlik əlamətidir.Yesenin düşünürdü ki, kənd necə varsa, olduğu kimi, öz kəndliyində qalmalıdır. Artıq bəzək-düzək, ona yenilik möhürü vurmağa ehtiyac yoxdur. Kəndlərə elektrik çəkmək, yollara asfalt döşəmək və bu kimi digər işlər sünilikdən başqa bir şey deyildir.

Şairin ədəbi fəaliyyətinin ilk mərhələsindəki xüsusiyyətlərdən biri də bu idi ki, o, Böyük Oktyabr İnqilabını dərk edə bilməmiş və bu inqilabı V.Mayakovski, A.Blok, D.Bednı kimi qarşılamamışdı. Yesenin bu inqilabı “kəndli təmayülündən” qəbul edir, onu vəsf etməkdə tərəddüd edirdi. Bu sadə və sadə olduğu qədər də qüdrətli kəndlininsə qısa, lakin ömürlərə bərabər həyatında yadda qalan məqamlar ədəbi tarixin səhifələrində özünəməxsus şərəfli yer tutmuşdur.

Sergey Aleksandroviç Yesenin 1895-ci il indiki təqvimlə oktyabrın 3-də Ryazan mahalının Konstantinov kəndində kəndli ailəsində doğulmuşdu. Onun dünyaya göz açdığı kənd Oka çayının sahilində yerləşən, qeyri-adi təbii gözəlliyi ilə fərqlənən bir məkandır. Yaşıllığa, gül-çiçəyə qərq olmuş bu kəndin mərkəzində rus memarlığının ən gözəl nümunəsi olan qədim kilsə yerləşir. Ətraf isə demək olar ki, başdan-başa ağcaqayın, şam və qəndalaş ağacları ilə örtülmüşdür.

Valideynləri Aleksandr Nikitiç Yesenin və Tatyana Fyodorovna sadə, zəhmətkeş insanlar idilər. Sergey iki yaşından çox da varlı olmayan ana babasının yanında böyümüşdü. Şair öz tərcümeyi-halında yazdığı kimi, babasının üç subay oğlu vardı. Sergeyin bütün uşaqlığı demək olar ki, onlarla keçmişdi.

“Dayılarım çılğın və dələduz oğlanlardı. Üç yaş yarımdan onlar məni yəhərsiz ata mindirib yortardılar.Yadımdadır, vahimə içində atın yalından bərk-bərk yapışardım. Sonra onlar mənə üzmək öyrətdilər. Dayılarımdan biri (Saşa dayı) məni qayığa mindirib sahildən uzaqlaşdırar, paltarımı soyundurar, küçük kimi suya atardı.Üzmək bilmədiyimdən qorxa-qorxa əllərimlə suyu şappıldadardım, ağız-burnuma su dolub məni təntidəndə, o, qışqırardı: “Bu əfəlliklə sən nəyə gərəksən, ay qırışmal?!”.

“Qırışmal” onun xoşladığı söz idi.Sonra səkkiz yaşımda o biri dayım üçün tez-tez ov itini əvəz edərdim, vurduğu ördəkləri üzə-üzə göllərdən gətirərdim. Ağaclara da məharətlə dırmaşardım.Uşaqlar arasında həmişə dəstəbaşı və davakar sayılardım, özü də üz-gözüm cırmaq-cırmaq olardı.Dəcəlliyimə görə məni bircə nənəm söyərdi, babam isə məni yumruq davasına çəkər, tez-tez nənəmə deyərdi: “Ay səfeh, ona dəymə, belə daha möhkəm olar!”

Nənəm məni yaman sevirdi, mənə olan nəvazişinin həddi-hüdudu yox idi.Bazar axşamları məni çimdirər, dırnaqlarımı tutar, saçlarıma gənəgərçək yağı sürtərdilər, çünki qalın — qıvrım saçlarıma heç bir daraq batmırdı.Yağ da az kömək edirdi. Mən həmişə qara-qışqırıq salardım  və  hətta, indi də bazar ertəsi günlərini yada salanda, tüklərim ürpənir…

Səkkiz yaşımdan nənəm məni özü ilə müxtəlif monastırlara aparardı, nənəmə görə bizdə həmişə hər cür zəvvar kişilər və qadınlar qalardı. Müxtəlif dini mahnılar oxunardı.Babam isə tərsinə, boğazını islatmağı xoşlardı. O, həmişə adamlara kəbinsiz toylar düzəldərdi…

İnqilab illərində bütünlükdə Oktyabrın  tərəfində olmuşam, ancaq hər şeyi özümə görə : — kəndli təmayülündən qəbul etmişəm…

Tərcümeyi — halımın  başqa tərəflərinə gəlincə, — onlar mənim şeirlərimdədir”.

1904-cü ildə Sergey 9 yaşında ikən dördillik ibtidai məktəbə daxil olmuş, 1909-cu ildə həmin məktəbi tərifnamə ilə bitirmişdi. Lakin uşaqlıqdan olduqca nadinc olan Sergey, dərslərini yaxşı oxusa da, dəcəl əməllərinə görə 3-cü sinifdə təkrar saxlanılmış, buna baxmayaraq, məktəbi əla qiymətlərlə bitirmişdi.Şeirə-sənətə həvəs və məhəbbət bəsləməsində onun babası, nənəsi və anasının böyük təsiri vardı.

Sergey həm də sərrast və aydın hafizəyə, dərin düşüncəyə malik idi. Dərs zamanı cəsarətlə cavab verər, özünü böyük şeir həvəskarı kimi göstərərdi. Xüsusilə Nekrasovdan, Koltsovdan şeir əzbərləməyi daha çox sevərdi. Gənclik illərində isə o, Puşkin, Qoqol, Turgenev, Tolstoy, Nikitin kimi görkəmli şair və yazıçıların yaradıcılığını dərindən öyrənərdi. Sergey 1912-ci ildə ikiillik kilsə müəllimliyi məktəbini bitirmişdi.

“Məndən tez-tez soruşurlar: yazmağa necə başlamısan? Oxumağa 5 yaşımdan, yazmağa 9 yaşımdan… Əvvəllər mənim yaradıcılığıma kənd çastuşkaları təsir edib. Təhsil illərimin mənə elə bir faydası olmayıb. O illərdə slavyan dilini, dini adət-ənənələri öyrənə bilmişəm.

Ədəbiyyatla bağlı ilk maraqlı söhbətləri Klemenovdan eşitmişəm. O, məni yeni ədəbiyyatla, məşhur şairlərlə qiyabi tanış etmiş və klassiklərdən nə üçün qorxmaq lazım gəldiyini başa salmışdır. Şairlərdən ən çox Lermontov və Koltsovdan xoşum gəlir. Andrey Belıdan şeirin forma xüsusiyyətlərini, Blok və Klyuyevdən isə həzinliyi öyrənmişəm… İndi məni ən çox Puşkin cəlb edir”- deyə Yesenin ürək sözlərini oxucuları ilə bölüşürdü.

 Sergeyin ilk şeirləri “Mirok” və “Dobroe utro” adlı məşhur uşaq jurnallarında dərc edilib. 1915-ci ildə onun  “Radunitsa” adlı ilk şeirlər kitabı çap olunub. Özünü qürurla “kəndli oğlu”, “kənd vətəndaşı” adlandıran Yesenin qeyd etdiyim kimi, bütün varlığı ilə kəndə bağlı idi. Lakin bununla bərabər, onun poeziyasının çox geniş üfüqləri vardı. Onun yaradıcılıq ilhamı ilk anlardan Əhməd Cəmilin dediyi kimi, rus xalq ədəbiyyatının duru çeşmələrindən su işmişdi. Vaxtilə Yesenin rus poeziya tarixçisi, ədəbiyyat tənqidçisi İvan Nikanoroviç Rozanova demişdi: “Bilirsinizmi, hansı əsər mənə qeyri-adi təsir bağışlamışdır?! “İqor polku haqqında dastan”. Mən onunla kiçik yaşlarımdan tanış olmuşam və o, məni sarsıtmışdır, dəli kimi gəzmişəm. O gözəllik, bədiilik! Bax, mənim imajinizmim haradan başlamışdır!”

Yesenin şeirinin özünəməxsus zəngin bədii üslubu “İqor polku haqqında dastan”dan başlayaraq, bütün rus xalq ədəbiyyatı ornamenti və bütün rus klassik şeirindən gəlirdi. Odur ki, şairin lirikası səmimi, hərarətli, zərif və bir qədər də hüznlü lirikadır.

Xalq şairi Nəriman Həsənzadə Yeseninin yaradıcılığına hörmətlə yanaşıb etiraf edir ki, həqiqətən onun şairlik qisməti, ədəbi taleyi, vətənpərvər ürəyi şeirlərində, misralarında, mən deyərdim, qafiyələrində də duyulur. Bunu adi bir rus oxucusu daha tez müəyyən edər və çətinlik çəkmədən deyər ki, bəli, bu, Yesenin ruhudur, onun paklığı və təbiiliyidir. Sergey Yesenin şeirlərində inandırmağa çalışmır, bəlkə heyrət doğurur. O, adi rus kəndlisinin insani hisslərini qələmə almaqla, onu bəşəri yüksəkliyə qaldırır və sevdirir.

Yesenin doğma anası ilə necə danışırsa, oxucusu ilə də eləcə sadə, aydın dillə, istiqanlı danışır. Oxucu onun nəzərində özgə adam deyil, elə bil çoxdanın tanışı, dostu, qohumu, yaxud qonşusudur. O saat dil tapır, ürəyini açır, sevincini-kədərini bölüşməyə can atır. Onun poeziyası insana, vətən torpağına, sözün əsl mənasında, məhəbbət poeziyası, mehribanlıq poeziyasıdır. Bu, qəlbin qəlbə isinişməsidir. Şairin anasına, babasına, bacısına, qadına yazdığı poetik məktublarını misal göstərmək olar.

Yesenini oxuyan hər kəs rus kəndlisinin məişətinə bələd olur, XX əsrin əvvəllərində böyük bir ölkənin ərazisində baş verən ictimai-siyasi hadisələri görür və Rusiyanı sevir. Yeseninin oxucusu kimi, mənə elə gəlir ki, o, Rusiyaya Nekrasov məhəbbəti bəsləmiş və Rusiyanı Yesenin ilhamı ilə tərənnüm etmişdir. Şair – səsdir. Həm öz xalqının, həm də öz əsrinin eşidilən səsi. O, həm öz əsrində, həm də başqa əsrlərdə yaşayan insanların, ictimai- siyasi quruluşların böyük müasiri olur. Şair, bir növ canlı, yeriyən kürsüdür. O, harada görünürsə, ona qulaq asmaq, onu dinləmək istəyirsən.

O, Rusiyada doğulsa da, bütün xalqların oğlu idi. Şair bütün xalqların övladıdır. Əgər belə deyilsə, o, şair olmur.

Yeseninin poeziyası tam bir salnamədir. Bu salnamənin səhifələrində şairin gözəl şeirləri yerləşir. Bu şeirlərin gücü və gözəlliyi isə Vətənə, doğma yurda böyük şair məhəbbətinin yüksək sənətkarlıqla ifadəsindədir. Vətən eşqi ilə döyünən ürəkdir ki, Yeseninin ilhamlı lirikasını yaşadır, həmişə təzə və təravətli saxlayır.

“Bəzən qələm dostlarıma elə gəlir ki, sənət, ancaq sənət olaraq qalır.Guya, həyatın ona heç bir dəxli yoxdur. Məni ona görə təqsirləndirirlər ki, sənətin mahiyyətini müəyyən ideyalara xidmət etməkdə görürəm. Onlar necə deyərlər, sözün forması, görünüşü haqqında daha çox fikirləşirlər. Bir də elə bilirlər ki, söz, obraz hər şey deməkdir. Qoy onlar məndən inciməsinlər; mənə belə gəlir ki, bu, sənətə ciddi münasibət deyil. Ancaq səthi, dumanlı bir təəssürat əsasında meydana gəlmiş dekorativ sənət nümunələri haqqında belə danışmaq olar. Dönə-dönə yaşanmış fikirlərin, müəyyən daxili inamın ifadəçisi kimi ortaya çıxan əsl sənət nümunələrinə bu ölçü ilə yanaşmaq qətiyyən düzgün deyil”.

Bunlar Yeseninin sözləri idi. O, belə bir həqiqəti tez-tez təkrar etməyi sevirdi: “İncəsənət mənim üçün əyləncəli naxış deyil, fikrin izahı, dilimizin ən zəruri sözüdür”. O, hələ 1912-ci ildə yazdığı “Şair” şeirində əsl sənətkarın cəmiyyətdə rolu haqqında yazırdı:“Düşmənləri məhv edən, həqiqəti özünə doğma ana sayan, insanları öz qardaşı kimi sevən və anaların yolunda əzab çəkməyə hazır olan şair əsl şairdir. O, başqalarının görə bilmədiyi işləri asanlıqla başa çatdırır. Belə adamlar xalq şairidir. Belə adamlar doğma torpağının şairləridir”.

Yesenin “həqiqəti özünə doğma ana” hesab etməyi sənətkarın ən başlıca keyfiyyətlərindən biri hesab edirdi. Bunlar gəlişigözəl sözlər deyildi. Gənc Yesenin imperialist müharibəsi əleyhinə səsini ucaldanda da, fəhlələr arasında çarizm əleyhinə gizli vərəqələr yayanda da, siyasi mövzularda fəal çıxışlar edəndə də, hətta fəhlələrin əməyinə ehtiram əlaməti olaraq, ilk şeirlərini “Serqey Molot” imzası ilə çap etdirəndə də qeyd etdiyim həqiqəti axtarırdı. Belə sağlam zəmin üzərində yüksələn Yesenin poeziyası bir müddət yabançı ədəbi-siyasi təsirə məruz qalmışdı.1918-ci ildə şair  əvvəlcə  proletkultçulara yaxınlaşmış, sonra, 1919-cu ildə imajinist- şairlər qrupuna qoşulmuşdu.

İmajinizm – XX əsrin 20-ci illərində Rusiyada fəaliyyət göstərmiş ədəbi, əsas nümayəndələri Yesenin, İvnev, Mariyenqof, Şerşeneviç, Kusikov, Qruzinov və  başqalarından ibarət qrup idi. Yesenin rus dilinin təbii obrazlılığına, xalq yaradıcılığına əsaslanırdısa, Şerşeneviç və Mariyenqof süni obrazlılığı canlı gerçəkliyə qarşı qoyurdular. İmajinizm, formalizm və “sənət sənət üçün” nəzəriyyəsinin təzahürlərindən olub, sənəti dövlətə, inqilaba qarşı qoymağa, onun ictimai rolunu inkar etməyə yönəldilmişdi.

1924- cü ildə Yeseninin imajinistlər sırasını tərk etməsi, əslində bu qrupun dağılmasına səbəb olmuşdu. Çünki Yesenin ideya-nəzəri və yaradıcılıq mövqeyi etibarilə ümidsizliyi, bədbinliyi, tərki-dünyalığı təblig edən imajinistlərdən çox uzaqda idi. Bu bir həqiqətdir ki, parlaq istedadı rəzalət və çirkabla dolu bataqlıq da heç bir zaman söndürə bilməzdi. Yeseninin öz fikirlərindən: “1919-cu ildə qoşulduğumuz imajinizm axını formal cəhətdən rus poeziyasına müəyyən hava gətirsə də, onun nümayəndələrindən heç biri yüksək şair istedadı ilə seçilə bilmədi.

İndi mən bütün ədəbi məktəbləri inkar edirəm. Məncə şair hər hansı cərəyandan,ədəbi məktəbdən asılı qalmamalıdır. Bu, onun sərbəstliyini əlindən alır. Ancaq daxilən sərbəstlik hesabına gözəl şeylər yarana bilər ”.

Yesenin öz tərcümeyi-halını bir neçə dəfə qələmə almışdı. Onun 1922-1924-cü illərdə yazılmış “Avtobioqrafiyası”nın üç variantı və tərcümeyi-hal səpkisində olan “Özüm haqqımda”, “Özüm barədə bəzi şeylər” adlı əlavə iki yazısı da məlumdur. Bunların heç biri tam tərcümeyi-hal formasında olmasa da, həmin yazılarında şairin özü haqqında verdiyi bəzi məlumatlar onun həyat və yaradıcılığını öyrənmək üçün maraqlıdır. Bu məlumatlardan biri diqqətimi xüsusilə cəlb edir. Yesenin yazır: ”Müharibə və inqilab illərində tale məni müxtəlif yerlərə aparıb çıxarmışdır. Şimal Buzlu okeanından Qara dənizə və Xəzərə qədər. Qərbdən-Çinə, İrana və Hindistana qədər bütün Rusiyanı eninə və uzununa gəzmişəm”. İstərdim bir qədər həmin illərə ziyarət edim.

S.Yesenin Moskvaya ilk dəfə 1911-ci ildə gəlir. Atası onu idarədə işə düzəldir.Lakin Aleksandr Nikitiç oğlunun şeir-sənətə bağlanmasını istəmirdi, ata öz oğlunu müəllim görmək arzusunda idi. Bir tərəfdən ailədaxili narazılıqlar, qəriblik, maddi çətinlik, digər tərəfdən Moskva mühitində əsərlərinin çox çətinliklə çap olunması,ən başlıcası onu əhatə edən insanların laqeydliyi, biganə və soyuqqanlılığı, yeknəsəq həyat keçirmələri gənc, təcrübəsiz Yesenini bezdirmiş, ağır və bədbin düşüncələrə gətirib çıxarmışdı. Həmin il Sergey uşaqlıq və məktəb dostu Qrişa Panfilova Moskvadan göndərdiyi məktubunda yazırdı: “Bu usandırıcı həyata baxır və istər-istəməz düşünürsən: yaşayırsan, yoxsa, yox? Özün bir fikirləş,mən heç özümü təsəvvür etmirəm,yaşayasan, lakin özünü hiss etməyəsən, elə yalnız fikirləşəsən…”

St.Kunyayev və S.Kunyayevin “Sergey Yesenin” kitabından: (Moskva -1965 )

Bizdə hamı ot biçininə gedib. Mən evdəyəm.Oxumağa bir şey yoxdur, kroket oynayıram.  Bir az ev işləri ilə məşğul oldum,  — deyə Yesenin 7 iyul 1911-ci ildə  Spas-Klepikadan yaxın dostu olan Qrişa Panfilova yazırdı.-Bir həftəliyə Moskvada oldum. Özümə 25 ədəd kitab almışdım. 10 kitab Mitkaya , 5 kitab Klavdiyaya verdim… Qalanları  bizim kənddəki gimnazist qızlar götürdülər”. Beləliklə, Yesenin böyük dünyaya çıxmaq cəhdlərinə baş vurmaqdadır. Onun o illərdə yazdığı məktublar, — onda 15-16 yaşlarında idi – qeyri-adi dərəcədə maraqlıdır. Onlar ikili hisslər yaşayan,  əzablar içində həyatda öz yolunu axtaran, onun məqsədini və mənasını tapmağa çalışan  gəncin iç dünyasına çox şey əlavə edir. O, tez-tez müəllim ailələrindən olan qızlara —  gah Anna Sardanovskayaya, gah da   Maşa Balzamovaya qısa müddətliyə  vurulur,  onlara səmimi, eyni zamanda faciəvi və melodramatik tonda məktublar yazaraq,  gənc qızların qəlbində öz taleyinə həssas münasibət doğurmağa çalışır: “Bilmirəm özümlə nə edim. Bütün duyğularımı  boğummu? Qəm-qüssəni pozğun şənliklərdəmi öldürüm?.. Yaxud – yaşamaq, yoxsa yaşamamaq?.. İçimdəki duyğular saxta deyil ki, onlardakı odu söndürmək olarmı?  Get-gedə elə ağır olur ki,  yerdəki mövcudluğuma risk edə bilərəm…” (M.Balzamovaya məktub, iyul 1912-ci il). Ona yazdığı başqa bir məktubdan: “Bütün vasitələrlə özümü unutmağa çalışıram, üzümə şənlik maskası taxıram, lakin bu güclə görünür… Ah, Manya! Həyatda yaşamaq mənə ağırdır, sığınmağa bir kəsim yoxdur”.

Elə bu vaxtlar Yeseninin atası ilə ixtilafı baş verir: atası oğlunun şeirlər hesabına yaşamasına qarşıdır. O, tələb edir ki, oğlu onun yolunu tutsun, ticarət dükanında işə başlasın, bir parça etibarlı çörəyi olsun. 1912-ci ilin sonlarında isə, Anna Sardanovskayanın ondan soyumuş olmasından məyusluq keçirən, özünü məsxərəyə qoyulmuş, sındırılmış, təhqir olunmuş hesab edən  Yesenin, ümidsizlikdən doğan hərəkətə baş vurur, bu hərəkəti onun təbiətən nə qədər kövrək və zəif olduğunu təsdiq edirdi: “Mən dözə bilməzdim ki, boşboğazlar barəmdə çərənçilik etsinlər. Çox miqdarda olmasa da, esensiya içdim. Nəfəsim az qaldı kəsilsin, nə səbəbdənsə ağzımdan köpük axmağa başladı; şüurum özümdə idi, lakin qarşımda hər şey nəsə bulanıq bir tüstüyə bürünmüşdü…”

1913-cü ildə dostuna yazdığı məktubda  atası ilə yollarının ayrıldığını, yalqız və köməksiz qaldığını bildirir, bir daha sualla müraciət edirdi ki, həyat nədir?.. Mən bu mənanı dərk edə bilmirəm. Bunun mənasını heç İsa da aça bilməyib. İstər-istəməz Koltsovun fikirləri yada düşür:

 

Dünya Allahın sirridir,

Allah – dünyanın sirri.

 

Ardınca o, yazırdı: “Əgər doğrudan da bu, bir sirrdirsə, qoy, elə belə də qalsın. Lakin necə olsa, biz bilməliyik ki, nə üçün yaşayırıq? Bilirəm ki, sən deməzsən: yaşayırıq ki, ölmək üçün.Sən özün bir vaxt demirdinmi öləndən sonra başqa bir həyat da var…Yaşamaq nə üçündür? Görəsən doğrudanmı bunu bilmək mümkün deyil?

 

Kim deyər, kim açar mənə

Həyatın bu sakit gərdişini.

 

Yaradıcı əl hardadır, kimdir?

Bu müqəddəs, ilahi səslər

Necə, nə vaxt yaranmış?

 

Yazdığım bu parçalar yeni başladığım “Ölüm” şeirindəndir. Sağlıqla qal,hələlik…”

Yeseninin digər məktublarından:

“Şəxsi qənaətimə görə ətdən, balıqdan imtina etmişəm. Qənd işlətmirəm. Şokolad, kakao, kofe kimi şeylərdən də istifadə etmirəm, tütün də çəkmirəm”.

“Hər şeyə yuxarıdan-aşağı baxma, yoxsa aşağıları görüb-duya bilməzsən. İnsanı o vaxt dərk edə bilərsən ki, onun həyatını təhlil edib, özünü onun yerində qoya biləsən, onun mövqeyindən çıxış edəsən. Bütün insanlar eynidir. Həqiqət — həqiqətdir, ona sübut-dəlil gərək deyil, ona sərhəd də yoxdur, belə ki, alfa da, omeqa da özüdür”.

“Bu yaxınlarda fəhlələr arasında ictimai-siyasi təbliğat işi təşkil etmişdim. Demokratik istiqamətli aylıq “Oqni” jurnalını fəhlələr arasında təbliğ edir və yayıram. Çox yaxşı jurnaldır. Sən də buna abunə yazılmalısan…”

“Həyatda axtarış, səy  əsas şərtdir, bunlarsız həyat — ölümdür. Hər şey həqiqətdən, həqiqət də həyatdan doğur. Həqiqətsiz həyat yoxdur, həyatsız da həqiqət. Canlı söz yatmış duyğuları oyadır və onu cəsarətlə həqiqətə, xeyirxahlığa və  azadlığa yönəldir.

İnsan həyatının müəmmaları budur: xırda duyğulardan uzaq! Yay fəsli düşüncələri məhdudluğundan uzaq!.. Əgər insanlar, xüsusilə alimlər bunu başa düşsəydilər, o zaman Yer üzündə heç bir qan-qada olmaz, qardaş da qardaşın köləsinə çevrilməzdi…”

“Hara baxırsan, dostum, hər yerdə daş kimi soyuq, ölü düşüncələr, baxışlarla rastlaşırsan. Elə bil ki, hər tərəf 1905 -ci il qurbanlarının qanı ilə sulanmışdır. Burada (Moskvada) çoxlu bağ — bağça var. Lakin bunlar bizim dogma yerlərin gözəl meşələri, çölləri ilə müqayisədə heç nədir. Burada adamlar da başqa cürdür. Bəli, dostum, idealizm burada öz əsrini yaşamışdır, kimlə nə danışsan, elə bunu eşidirsən: “Pul əsas məsələdir…” “Hamı fırıldaqçı, ikiüzlüdür. Bir nəfər əməlli adam varsa, o da N şəhərinin qubernatorudur, amma düzünə qalsa, o da donuzdan başqa bir şey deyil! – Sobakeviç bu cür deyib. Doğrudan da mən hələ ki, yaxşı heç nə görmürəm…”

“Məndə axtarış apardılar, lakin hər şey yaxşı qurtardı…Qibtəolunacaq bir yaşayışım yoxdur. Yalnız o haqda düşünürəm: necə edim ki, Peterburqa qaçım? Moskva çox usandırıcı şəhərdir və kimlər işığa can atırlar, buradan uzaqlaşırlar. Moskvada qabaqcıl, aparıcı ədəbi inkişaf hiss olunmur. Düz əməlli jurnal da tapmazsan. “Vokruq sveta”, “Oqonyok” kimi jurnallar var ki, tamam gərəksizdir. Burada adamların böyük bir hissəsi quduz canavar kimidir. Doğma qardaşı bir quruşa satırlar. Mənəviyyat pozulmuş, başqa şeylər barədə isə heç danışmağa dəyməz…”

Bütün bunlar gənc və istedadlı şairin  qəlbində köhnə dünyanın aşıladığı, ağrılı izlər qoyduğu duyğular idi.

1913-cü ilin mart ayında o, yenidən Moskvaya gəlir. Mətbəədə işə düzəlir.Bir müddət korrektor müavini, sonralar isə korrektor vəzifəsində işləyir. Hər gün səhər saat 8-dən axşam saat 7-yə qədər mətbəə işi onu yorsa da, inqilabi əhval-ruhiyyəli mətbəə işçilərinin təsiri, Moskva fəhlələri ilə yaxından təmas onda dövrün ictimai hadisələrinə böyük maraq oyadır. Moskvada İ.Surikov adına ədəbi-musiqi dərnəyi də Yeseninin ictimai-mədəni tərbiyəsində böyük rol oynayır. Daha sonra Yesenin Moskvada həmin vaxtlar Rusiyada birinci “Mədəniyyət Universiteti” olan Şanyavski  Xalq Universitetinə daxil olur. Lakin Moskvanın  ədəbi mühiti əvvəl olduğu kimi, yenə onu qane etmədiyi üçün o, Peterburqa getməli olur. Şair bu barədə yazır: “On səkkiz yaşımda şeirlərimi jurnallara göndərib, onların çap olunmadığını görəndə təəccübləndim və Peterburqa yola düşdüm. Orada məni sevinclə qarşıladılar.İlk gördüyüm Blok, ikincisi – Qorodetski idi. Bloka baxanda, məni tər basdı,çünki ilk dəfə idi ki, canlı şair görürdüm”.

Bu barədə Kunyayevlər bəhs edir:

“Petroqradskie vedomosti”nin 11 iyun 1915-ci il sayından: “Ryazan quberniyasından 19 yaşlı kəndli şairi Sergey Yesenin gəlib. Şairlərin ayrı-ayrı dərnəkləri  bu gənci cidd-cəhdlə  öz yanlarına dəvət edirlər;  o, modernistlərin şeirlərini sakitlik və təmkinlə dinləyərək, həssaslıqla onların ən yaxşılarını ayıra bilir, lakin hər hansı futuristik ziqzaqlara uymur. Onun şeirləri  dinləyici  qəlblərini hər şeydən əvvəl öz səmimiliyi, içdən gəlməsi ilə fəth edir, bu şeirlər bilavasitə torpağın özündən gəlir, onlar zəmi, sünbül, çörək  və hətta kəndli məişətinin adi əşyaları ilə nəfəs alır”.

Resenziya müəllifi “Пахнет рыхлыми драченами…” şeirini misal çəkir və davam edir: “Budur həqiqətən yeni sözlər yeni mövzular, şeirin yeni mənzərəsi! İqor Severyanin, Mayakovski və həmfikirlərinin bayağı, qəliz söz yaradıcılığına baxanda hər quberniyada  nə qədər müqayisəyəgəlməz dərəcədə dəqiq, gözəl və sərrast yerli ifadələr bolluğu var”.

Yazının müəllifi  Zoya  Buxarovadır. “Petroqradskie vedomosti” Rusiya dövlət gerbinin emblemi – ikibaşlı qartal emblemi və  “Yüz səksən doqquz ildir nəşr olunur” qeydi ilə çıxan nüfuzlu rəsmi qəzet idi. Həmin müəllif həmin qəzetin 4 noyabr 1915-ci il sayında  “Krası” (“Boyalar”)  — “kəndli” şair və yazıçılarının 1915-ci ildə Sergey Qorodetski və Aleksey Remizovun yaratdığı ədəbi qrupun axşam müsamirəsinə dair resensiya dərc edir.

Müsamirə Tenişev məktəbinin konsert zalında təşkil olunmuşdu. Resenziya müəllifi Yesenin və Klyuyevə heyranlığını gizlətmir. “Nə zamansa biz vəcd və riqqətlə bizim bu  müsamirədə iştirakımızı xatırlayacağıq, burada  ilk dəfə bizim qarşımıza Rusiyanın tezliklə  tanıyıb iftixar edəcəyi və sevəcəyi  iki “çovdar bənizli”  kəndli gənc çıxmışdı…

Utancaqlıq, cəsarətsiz, estradaya vərdiş etməmiş addımlarla ona diqqət  kəsilmiş  auditoriyanın qarşısına Sergey Yesenin çıxdı. Kövrək, qızılı saçları aşıb daşan on doqquz yaşlı, ağ köynəkli, uzunboğaz çəkməli  kəndli gənc  təkcə özünün sadə, uşaqlara xas siması ilə bütün baxışları özünə cəlb etdi. Və xarakterik Ryazan  “o” vurğusu ilə doğma kəndinin iztirabları, ümidləri, duaları haqqında sərrast, ritmik sətirlərlə sözə  başlayanda,  təravətinə görə qeyri-adi, mənasına görə unudulmuş,  çox vaxt isə tamamilə naməlum ifadələr, sözlər, obrazlar qarşımızda qeyri-adi təravəti ilə işıq saçanda,  çovdarlığın və meşələrin ətri hopmuş “İlahi lütf” ilə gənc-şair qarşımızda dayananda – yumşaldıq, bizim soyuq,  təsir altına düşmüş,  yolunu çaşmış, qaranlığa bürünmüş ürəklərimizə istilik yayıldı və biz ryazanlı Lelyanı sevdik”.

Yeseninin həyat yolu öz başlanğıcını Rusiyanın orta zolağının çəmənlərindən və meşəliklərindən götürür. Adama elə gəlir ki, onun istedadı  Ryazan səmalarının  maviliyindən, qızılı payız meşələrindən,  qəmli-qüssəli kənd mahnılarından doğulub. Lakin başlıcası — Rusiyaya dəlicəsinə güclü sevgidir. Şairin erkən şeirlərini oxuyanda gözə ilkin dəyən  — sadəlikdən doğan nadir vergidir, saflıqdır,  dünyaya demək olar uşaqcasına münasibətdir. On səkkiz yaşına çatana qədər Yesenin heç yana getmədən Konstantinovda yaşamışdır, lakin 1914-cü ildə Konstantinov mənzərələrini ilk dəfə görürmüş kimi, bir qəlb saflığı ilə səsini ucaltmışdır:

 

Ehey, Rus, dogma-əziz,

Sənin kənd evlərin –  nimdaş cübbələr

Çöllərin ucsuz-bucaqsız,

Sonu görünməz mavi üfüqlər –

Baxdıqca göz göynədən…

 

Anna Axmatova  1965-ci ilin yazında ədəbiyyatşünas A.P.Loman ilə söhbətində  “Birjevıye vedomosti”nin  məhz bu Milad sayını  yarım əsr öncə Sarskoye Seloda  ona və Nikolay Qumilyova Sergey Yesenin və Nikolay Klyuyevin necə gətirdiklərini xatırlamışdır:  “Deyəsən bu, Miladın ikinci  və ya üçüncü günü olardı, ona görə ki, o, özü ilə  “Birjevıye vedomosti”nin Milad sayını gətirmişdi. Bir qədər utancaq, dümağ sifətli, buruqsaç, mavigöz və olduqca sadədil olan Yesenin qəzeti göstərərkən bərk sevincək idi.  Mən onun nə səbəbdən belə sevincək olduğunu əvvəl-əvvəl anlamadım. Bunu anlamağa onun “ayrılmaz yol yoldaşı” Klyuyev kömək etdi. – Belə ki, çoxhörmətli Anna Andreyevna, — təbəssümə qərq olaraq və morj bığlarını qabardaraq, nədənsə gözlərini aşağı dikib,- hə, bu yarımdyak şirin-şirin dedi, — mənim Seryojam, bütün adlı-sanlılarla bir yerdə çap olunub, məni də buraya layiq bilmişlər.

Mən qeyri-ixtiyari olaraq qəzetə nəzər saldım. Gerçəkdən, bizim Petroqrad “adlı-sanlılarımızdan”, Klyuyev o illərin geniş tanınan şair və yazıçılarına bu ifadəni rəva gördü, az qala hamısı  — Leonid Andreyev, Auslander, Belı, Blok, Bryusov, Bunin, Voloşin, Qippius, Merejkovski, Remizov, Skitalets, Soloqub, Trenev, Teffi, Şepkina-Kupernik, və Yesenin, bir də Klyuyev  qəzetin Milad sayında təqdim olunmuşdular. İyeronim Yasinski hamını, hətta bir araya sığmayanları belə Nuhun gəmisindəki kimi qəzetin bir sayına yığıb toparlamış, özünü də yaddan çıxarmamışdı…

Mən yaxşı anlayırdım ki, adların bu qarışığından və hansısa ideyalardan baş çıxarmaq qarşımdakı bu gənc üçün çətindir, axı onun cəmi-cümlətanı iyirmicə yaşı var və o, mənə elə gəldi ki, həddən artıq açıq təbiətlidir. Lakin mən duyurdum  ki, yamanca istəyir yazdığı şeiri oxusun, və oxumasını xahiş etdim. O, mənə Anna Andreyevna deyə müraciət etmişdi, bəs mən ona necə müraciət edim?  Ürəyimdən ona sadəcə “Seryoja”- deyə müraciət etmək keçirdi, lakin bu, bizim “inancımıza” – akmeistlərin inancına mənsub olmayanlarla aramızda  sərhəd olan  yazılmamış etiketin bütün qaydalarına zidd olardı və mən ona inadla Sergey Aleksandroviç — deyə müraciət etdim. Və o bir əlində qəzeti tutub, digərini havada oynada-oynada oxumağa başladı, lakin görünür utandığından jestləri bir qədər yöndəmsiz alınırdı:

 

Doğma diyar!

Çöllər  müqəddəs yazılar

İkonalarda tacdır kolluqlar…

Mən azıb qalmaq istərdim

Yüz zəngli, yaşıl qübbəli

Məbədlər meşəsində…

Ötüb mərzləri, zəmiləri

Məhəbbət çiçəyi, yoncalıqları

Söyüdlər – həlim  rahibələr

Əllərində təsbehlər…

 

Mənim böyük olmayan otağım üçün bir qədər bərkdən olsa da, əla şeir oxumağı vardı. Xüsusi önəm verdiyi sözləri uzadır və onlar doğrudan da  mətndə seçilirdi… Mən bir də oxumasını rica etdim və oxudu, Klyuyev isə dayanıb  vurğun nəzərlərlə və anlaşılmaz təbəssümlə  ona baxırdı. Şeir oxuyarkən Yeseninin üzü işıqlanır, daha da cazibədar olurdu.  Bəzən düz gözümün içinə baxırdı və bu anlarda mən duyurdum ki, o gerçəkdən “hər şeyə qənşər gedir, hər  şeyi qəbul edir”,  məni bir şey rahatsız edirdi və bu həyəcanımı mən o bizimlə olduğu müddətdə qoruyub saxladım, mənim həyəcanım onun sonuncu misrası sarıdan idi: “Bu cahana gəlmişəm ki, onu tezcə tərk edəm…”.

Utanıb-sıxılmağı tədricən onu tərk edir və o, artıq mənimlə inanarcasına mübahisələrə hazır idi. Mənim şeirlərimə bələd idi və bəzi parçaları əzbərdən deyərək, söylədi ki, bunlar xoşuna gəlir – yamanca gözəl deyilib və “eşqdən, sevgidən çox yazılıb”, amma heyf ki, onlarda qeyri-rus sözləri çoxdur.  Bu sözləri son dərəcə sadədilliklə və ürək açıqlığı ilə söylədi…  Onun şeirləri xoşuma gəlirdi, baxmayaraq ki, sevgi obyektlərimiz fərqliydi —  onda mənim üçün çox uzaq olan vətəninə sevgisi üstün yer tuturdu və o, tamam başqa, həddən artıq ryazansayağı sözlər tapıb işlədirdi, bəlkə də bu səbəbdən həmin illərdə mən onu ciddi qəbul etmirdim…”

Tsarskoye Selo polkovniki Lomanın uzaq qohumu olan Aleksandr Petroviç Lomanın  qeydə aldığı bu yazı onilliklərdən bəri elə hey şüurlara yeridilən belə bir əfsanə söhbəti alt-üst edir ki, guya Axmatova Yesenin poeziyasını sevməzmiş.  Bu xatirələr yetərincə genişdir və  biz onun1915-ci ilə aid  çox kiçik qismini sitat gətirdik və bu sitat belə bir sonluqla  bitir: “Şair dünyadan getdi, bu isə hər zaman fəlakətdir. Blokun məni sarsıdan öümündən sonra  bu, ikinci itki idi”.

Həmin Milad günündə isə şairlər dostcasına sağollaşmışdılar. Axmatova Yeseninə  “Apollon” jurnalından  qoparılmış özünün   “Dənizin sahilindən”  poemasını “Sergey Yeseninə — Anna Axmatovadan.  25 dekabr 1915-ci il Tsarskoye Selo görüşümüzdən xatirə olaraq” avtoqrafı ilə hədiyyə etmişdi.  Nikolay Qumilyov ona  “Yad göylər” şeirlər toplusunu  buna bənzər yazı ilə bağışlamışdı.

Sergey Yeseninin “Lirika”sında (Moskva – 1985) diqqətimi çəkən məqamlar şairlə doğma kənd arasındakı təbii bağları saf bir sadəliklə təqdim edir:

“Şair inqilabı  qeyd-şərtsiz, lakin özü dediyi kimi, “kəndli təmayülü” ilə qəbul edirdi. Düşünürdü ki, inqilab “torpağın hakimiyyətini” möhkəmlətməli və hər yerdə “inək allahı” – kəndli Rusiyasının simvolu etikasını yaymalıdır. Mən bu qərara gəlmişəm ki, Rusiyanı inək vasitəsilə göstərmək gərəkdir, — deyə Yesenin öz dostlarından birinə deyib. —  At bizim üçün o qədər də  xarakterik deyil. Bircə xəritəyə bax – hər ölkə bir cür təqdim olunur: birində uzunqulaq, birində dəvə, birində fil… Bəs bizdə nə? İnək! Onsuz Rusiya yoxdur”.

Aydın məsələdir ki, yalnız uşaq yaşlarından ata evinin kandarından başlayaraq göz işlədikcə uzanan dogma torpağın qoxusu və boyaları canına hopmuş kənd adamı belə düşünə və belə hiss edə bilərdi. Elə bu patriarxal psixologiya əsasında o,  özünün idillik, haqlı olaraq qeyd edildiyi kimi, “vergilər, mükəlləfiyyətlər yükünü, məmurların, mülkədarların, kapitalistlərin zülmünü öz üzərindən atmış, xırda, azad, bərabər, sərbəst, rifah içində yaşayan əkinçinlərin” mədəniyyətini təsdiq edən “İnoniya” poemasını yaradır. Yeseninin fikrincə, inqilab nə vaxtsa tarixə qovuşmuş “kəndli cənnətini” torpağa qaytarmalıdır.

Yeseninin inqilabdan sonrakı ilk illərdə yazdığı əsərlərin böyük əksəriyyətinin özəlliyi inqilabi dəyişiklikləri ucaltmaq cəhdi ilə izah edilir. Lakin çox keçmir ki, şair məyusluğa qapılmalı olur. Bəlli olduğu kimi, inqilab dədə-baba Rusunun ilkinliyini qoruyub saxlamağı heç ağlına da gətirmirdi. Əksinə, Rus özünün bütün dayaqlarının kökündən dağıdılacağının astanasında dayanmışdı. Şair bunu hiss etməyə bilməzdi və biz görürük ki, sətirlərin qüssəli-düşündürücü axarına həyəcan və ağrı notları  qarışır..

Onun “Mən kəndin son şairiyəm..”, “Xuliqan”, “Qırx dua”, “Çörək haqqında mahnı”,  “Sirli dünyam, qədim dünyam” və s. kimi şeirlərinə ötüb-keçən günlərin nostaljisi qarışmışdır. Onlarda Yesenin lirikasının başlıca keyfiyyətlərindən biri – bütün canlı aləmə kəskin, demək olar “heyvani” sevgi özünü xüsusi əyaniliklə hiss etdirir. Təbiətlə doğmalıq, onunla həmnəfəs olmaq duyğusu ağılla ixtilafa girərək bəzən aşıb-daşır – məsələn, “Çörək haqqında mahnı”da bu, belədir. Taxıl biçininin təbii prosesi  şeirdə genişlənərək yaramazlıqların parodoksal, demək olar  fantasmaqorik (qarabasma – R.Mirzəzadə) sıralarına keçir. Panixidasını  (dəfn mərasimi, cənazə duası anlamında – R.Mirzəzadə) icra edən şair həyatdan getmək haqda fikrin üzərində dayanır: “Tezliklə, çox tezliklə, ağac saatlar, mənim on ikinci saatım vurar”. Hər halda bu kimi şeirlərində daha əlamətdar olan öləzimək, sönməkdə olmaq motivləri deyil, şairin doğma torpağa həmin o bitib-tükənməz sevgisidir.Yeseninin yaradıcılıq bioqrafiyasında dəfələrlə olacağı kimi, qəlbindəki ixtilafın ən dərin yerində birdən vətən barədə xilaskar fikir ümid bulağı kimi qaynamağa başlayır. Məsələn, “Xuliqanın tövbəsi”ndə şairin ağrılarını ört-basdır edən quru iddiların, ötkəmliklərin (“Qəsdən gedirəm saçlarım pırpız/ Başım çiynimdə ağ neft lampası…”) dərinliyindən  sevgi misraları üzə çıxır:

 

 

Vətənimi sevirəm,

Lap  çox sevirəm…

Onda qonur söyüdün

Qəm-qüssəsi olsa da…

 

Bu gün yaxşı dərk edilir ki, Sergey Yesenin köklü dəyişikliklər dövrü kimi tarixə keçən XX əsr insanının, ilk növbədə rusların taleyinin ən dürüst ifadəçilərindən biri olmuşdur. Yesenin, onun səsi-sözü bu gün rus ədəbiyyatı üçün, yaşanmış tarixin dərk olunması üçün lazımlı sayılır.  Şairin yaşadığı mənəvi dram 1917-ci ildən başlanan Oktyabr epoxasının özündən qaynaqlanırdı.  Yeseninin  dramı barədə Qorki yazmışdı: “Şəhərlə toqquşan kənd hələ heç vaxt alnını bu dərəcədə effektli və əzablı şəkildə dağıtmayıb… Bu dram hələ çox təkrarlanacaq”.

Yeseninin kamil yaradıcılıq dövrü  XX əsrin ən ziddiyyətli, ən gərgin, mübarizə və müharibələrlə dolu bir vaxtına düşürdü. Buna görə də Birinci Dünya müharibəsi , Oktyabr inqilabı və vətəndaş müharibəsi, həmçinin sonrakı ağır  illər Yeseninin əsərlərində də  izlərini qoymuşdur. Bu baxımdan şairin  yaradıcılığının ən  yüksək  zirvəsi olan “Anna Snegina” poeması çox maraqlıdır.

Vətəndaş müharibəsi  illərində ağqvardiyaçılara  hədiz nifrətini bildirən Yesenin, öz şeirlərində onları “ağ meymunlar” adlandırmışdı.  Ağqvardiyaçılar və onların generallarına  olan mənfi münasibətini onun bir neçə əsərində, xüsusilə “Anna Snegina”da görürük. Şair, Denikin dəstəsinin 20-ci ildə öz həmvətənlərinə divan tutmasını, kəndlilərin qoçaq rəhbəri Pron Aqloblinin də ağqvardiyaçılar tərəfindən vəhşicəsinə güllələnməsini  ürək  ağrısı və  acı təəssüf  hissi ilə təsvir edir. Ağqvardiyaçı mühacirlərə, denikinçilərə rişxəndlə gülən şair, məktublarının birində yazır: “Harada olsam, qaraürəklilərlə hansı məclisdə iştirak etsəm, mən Rusiyanın xatirinə onların boğazlarını üzməyə hazır idim”.

Şair kədərlənir ki:

Nə qədər yaralı, şikəst var, ancaq:

Hərbin o uğursuz alovlarından

Neçəsi torpağa gömülüb qalır

Hələ neçəsi də gömüləcəkdir.

Məni bir anlığa dəhşətlər alır

Köksümdə sıxılan, duyan ürəkdir.

 

Yesenin rus mujikinin inqilabaqədərki vəziyyətini və sonra torpağa sahib olmasını, mülkədarın qovulmasını, mülkünün isə kəndlilərə verilməsini keçmiş bir tarix kimi deyil, müasiri və bilavasitə iştirakçısı olduğu hadisələr kimi qələmə alır.Burada köhnə dövran, rus kəndlisinin güzəranı şair tərəfindən gözəl və təbii şəkildə təsvir edilir:

 

Heç it hürüşü də eşidilməyir,

Eh, burda nə var ki, qorusun onlar-

Hərənin bir köhnə çürük daxması,

Bir də bir peçi var, bir dudkeşi var.

 

Sovet hakimiyyəti illərində Yesenin rus xalqının qəhrəmanlıq tarixindən, inqilabi yürüşlərindən bəhs edən dəyərli əsərlər yazmışdır.Bu cəhətdən üsyan edən rus kəndliləri və onların başçısı Puqaçovdan bəhs edən “Puqaçov” poeması, ondan iki yüz il əvvəl Neva üzərində, bataqlıqlar içərisində şəhər salan, vətəndaş müharibəsində qalib gələn insanların şücaətindən bəhs edən “Böyük yürüş haqqında” nəğmə əsəri bu baxımdan gözəl nümunələrdir.

“Puqaçov”u oxuyarkən hiss olunur ki, Yesenin Puqaçov hərəkatının, XVIII əsrdə rus çarının taxtını lərzəyə salan kəndli üsyanının həqiqi səhnələrini təsvir etməyi qarşısına  məqsəd qoymamış, şairi Puqaçov və onun yaxın adamlarının şəxsiyyəti daha çox maraqlandırmışdır.

Əsərdə Puqaçovun güclü xarakteri, qətiyyətli addımları, onun yaxın dostları olan Xlopuşa, Zarubin və başqaları mükəmməl cizgilərlə təsvir olunur.Əsərdə Puqaçovun yürüşləri və mübarizə üsullarından daha çox onun faciəvi taleyindən, sonda tənha qalmasından bəhs edilir.Ağır məğlubiyyətdən sonra kazaklar Puqaçovun arxasınca getməkdən boyun qaçırır, öz canlarını xilas etmək üçün onun təslim olmasını tələb edirlər.

“Puqaçov” poemasında Puşkinin Yesenin yaradıcılığına  ciddi təsiri, inqilabi ideyalarla bərabər, metaforaçılıq, imajinist detallar da özünü büruzə verir. Bununla belə, poema şairin bir sənətkar kimi inkişafını təsdiq edir.

Maksim Qorki Yeseninlə ilk tanışlığından yazır: (“Sergey Yesenin” məqaləsi,  M.Qorki. Əsərləri, 11-ci cild)

“… Ilk dəfə Yesenini 1914-cü ildə gördüm, harada isə, ona Klyuyevlə birlikdə rast gəldim. O, mənə 15-17 yaşlı bir oğlan uşağı kimi göründü … Bürkülü yay gecəsi idi, biz üçümüz əvvəl Basseyna küçəsi ilə yeriyib, sonra Simeonovsk körpüsünə getdik, körpüdə dayanıb qara suya baxdıq. Nədən danışdığımızı xatırlamıram, yəqinki müharibə barəsində idi, müharibə artıq başlanmışdı.Yesenin məndə təvazökar və bir qədər özünü itirmiş, möhtəşəm Peterburq onun yeri olmadığını özü də hiss edən bir oğlan kimi solğun təsəvvür doğurdu.

Belə təmiz oğlanlar Kaluqa, Oryol, Kazan, Simbirsk, Tambov kimi sakit şəhərlərdə olur. Orada onları dükanlarda satıcı, dülgər əlaltısı, aşxanaların xor dəstələrində oxuyan, ən yaxşı halda isə varlı olmayan tacirlərin, “qədim mömünlük” tərəfdarlarının uşaqları kimi görmək olardı.

Sonralar mən onun geniş, parlaq, qəribə surətdə ürəkdən gələn şeirlərini oxuduqda, inana bilmirdim ki, onları qəsdən şəkildəki kimi geyinmiş, gecə vaxtı Simeonovsk körpüsündə birlikdə durduğum və qranit qayaların  sıxdığı çayın qara məxmər kimi sularına dişləri arasından necə tüpürdüyünü gördüyüm həmin oğlan yazmışdır.

Altı-yeddi ildən sonra mən Yesenini Berlində, A.N.Tolstoyun mənzilində gördüm. Qıvrım saçlı, oyuncağa bənzəyən uşaqdan yalnız çox aydın gözlər qalmışdı ki, onları da elə bil qızmar günəş yandırmışdı.Gözlərinin  narahat baxışı qərarsız bir halda gah cəsarətli və etinasız, gah da birdən, inamsız, karıxmış və etimadsız halda adamların üzündə gəzirdi. Mənə elə gəldi ki, onda ümumiyyətlə, insanlara qarşı düşmən əhval-ruhiyyə yaranmışdır. Həm də bilinirdi ki, o, içən adamdır. Göz qapaqları şişmiş, gözlərinin ağı qızarmışdı, üzünün və boynunun dərisi havada az olan və yuxusuz qalan bir adamın üzü və boynu kimi bozarmışdı.Əlləri isə narahat idi və təbilçi əli kimi biləyi boş idi. O, nəsə mühüm bir şeyi unutmuş və məhz nəyi unutduğunu tutqun surətdə xatırlayan  bir adam kimi, başdan ayağa kimi həyəcanlı və dalğın idi.

…Yesenindən xahiş etdilər ki, oxusun. O, həvəslə razı oldu, ayağa durdu və Xlopuşanın monoloqunu (“ Puqaçov” əsərində — R.Mİrzəzadə) oxumağa başladı. Əvvəlcə kürək cəzası verilən adamın faciəli qışqırıqları teatrda olduğu kimi səsləndi:

 

Səfeh, quduz, qanlı xılt!

Axı nəsən? Ölümsən?

 

Lakin bir azdan sonra mən Yeseninin sarsıdıcı bir həyəcanla oxuduğunu hiss etdim, onu dinləmək ağır idi, adamı ağlamaq tuturdu. Mən onun şeir oxumasını artist tək məharətlə və sairə adlandıra bilmərəm, bu təriflərin heç biri onun şeir oxumasını ifadə edə bilməz. Şairin səsi bir qədər xırıltılı çıxırdı, o, sanki çığırır və  ağlamsınırdı, bu isə Xlopuşanın daş kimi sözlərini çox kəskin surətdə nəzərə çarpdırırdı. Cəza verilən adamın dəfələrlə və müxtəlif ahənglərlə təkrar olunan tələbi heyrətamiz səmimiyyət və fövqəladə qüvvətlə  səslənirdi:

 

“Mən həmin adamı görmək istərdim!”

Qorxu da gözəl verilmişdi:

“Hardadır o, harda? Məgər o yoxdur?”

 

Adam inana  bilmirdi ki, bu  balaca adam belə  böyük  bir  hiss qüvvəsinə,  belə  bir mükəmməl ifadə gücünə  malikdir. Oxuyarkən onun rəngi o qədər ağarmışdı ki, hətta qulaqları da bozarmışdı.O, əllərini şeirin ahənginə uyğun olmadan oynadırdı, amma bu, belə də olmalı idi, şeirin ahəngini tutmaq olmurdu, daş kimi sözlərin ağırlığı müxtəlif çəkidə idi. Adama elə gəlirdi ki, o, bu sözlərin birisini öz ayağının altına tullayır, o birisini  uzağa atır, üçüncüsünü isə nifrət etdiyi adamın üzünə çırpır. Ümumiyyətlə, hamısı; xırıltılı səsi də, düzgün olmayan hərəkətləri də, yırğalanan bədəni, kədərlə yanan gözləri də o vaxt şairi əhatə edən vəziyyətdə olmalı idi.

O, Puqaçovun üç dəfə təkrar olunmuş sualını çox gözəl oxudu. Əvvəlcə  ucadan və qəzəblə:

 

“Siz dəli olmuşsunuz?”

Sonra asta, lakin daha qızğın:

“Siz dəli olmuşsunuz?”

Nəhayət, ümidsizlikdən boğularaq, lap sakit:

“Siz dəli olmuşsunuz?

Sizə kim dedi ki, məhv edilmişik?”

Təsviredilməz dərəcədə yaxşı soruşdu:

“Doğrudanmı adam altına da sən

Yük altına düşən tək yıxılırsan?”

Azca ara verəndən sonra ümidsizcəsinə  “ah” çəkib vidalaşdı:

“Mənim gözəl…

Əziz – lərim…”

O, məni o qədər həyəcanlandırdı ki, boğazım qəhərləndi, hönkürtü ilə ağlamaq istədim.Yadımdadır, mən onu heç cür tərifləyə bilmədim, birdə ki, zənnimcə, onun buna ehtiyacı da yox idi.

Mən ondan xahiş elədim ki, yeddi balası götürülüb çaya atılan it haqqındakı şeirini oxusun.

-Əgər yorulmamışsınızsa…

-Mən şeirdən yorulmuram, — dedi və inamsızlıqla soruşdu:

-İt haqqındakı şeirim xoşunuza gəlir?

Mən ona dedim ki, zənnimcə, rus ədəbiyyatında heyvanlar haqqında ilk dəfə belə bacarıqla və səmimi məhəbbətlə yazan odur.

Yesenin fikirli halda və yavaşca :

-Bəli, mən heyvanatın hər cürünü sevirəm,- dedi.

Mənim, “Klodelin “Heyvanların behişti”ni bilirsənmi?”-sualıma isə o, cavab vermədi, iki əli ilə başını tumarlayıb,  “İt haqqında mahnı”nı oxumağa başladı:

“-Son:

İt gözləri, gözlər, gözlər, o gözlər

Ulduz kimi qar içində gilləndi”.

-misralarını söyləyəndə, onun da gözlərində yaş parıldadı.

Bu şeirlərdən sonra qeyri-ixtiyari düşündüm ki, Sergey Yesenin insan olmaqdan daha çox təbiət tərəfindən poezya üçün “çöllərin  tükənməz kədərini”, dünyada olan bütün canlılara sevgini və şəfqəti ifadə etmək üçün yaranmışdır ki, buna da insanın başqa şeylərin hamısından daha artıq haqqı vardır…”

Kunyayevlər söyləyir ki, Konstantinovda, 1918-ci ilin yayında Yesenin “İordan göyərçini”ni  üç gün ərzində yazmışdır. Onda  “İnoniya” və “Preobrajenie”dəki emosional-peyğəmbəranə    qüvvə yox idi. Lakin nəsə yeni – rus taleyinin kədərli qaçılmazlığı sarıdan  yumşaq,  sakitləşdirici duyğu, qarşıdakı şəxsi və xəlqi sınaqlarla hansısa daxili barışma duyğusu,  bizim Yeri tərk edən,  “yalnız sakitliyin, dincliyin və nemətlərin  olduğu  məkana”  gedən hər  kəsə  aidiyyət duyğusu  vardı.

“Şəklini dəyişmiş ruhlar” qatarı başqa bir dünyaya, Rusiya səma çarlığına uçub gedirlər. Durnaların qaqqıltı səslərində şairin qulağına uçub gedən ruhların səsləri gəlir, öndə isə bu qatarı cənnət bucağına aparan başçı kimi qu quşu sayaq “yola düşən Rus” uçur:

 

Qardaşlarım,  insanlar, insanlar!

Olacağıq o səadət məkanında,

Biz hamımız  nə zamansa —

Tapdanmış  Samanyolunda.

 

Yoldur. Artıq getmiş, gedənlər,

Hər saat ölənə üzülmə sən.

Xoşdur orda açan incicicəklər

Bizim çöllərdə bitənlərdən…

 

V.Belousovun müəllifi olan kitabda oxuyuram:“Bu tədqiqatda  Yeseninin Stalinlə iki görüşü təsvir olunur. Birincidə rəhbər guya  Pasternak, Yesenin və Mayakovskini gürcü şairlərinin rus dilinə tərcüməsi ilə məşğul olmaları üçün dilə tutub (Stalin  onları Qafqaz qonaqpərvərliyi ilə  çay, meyvələr və şəraba qonaq edib), Yeseninin Stalinə və köhnə firqəçilərə şeirlərini oxumalı olduğu ikinci görüşdə isə içkinin xumarında olan şair “şeir oxumaq əvəzinə, iki dəfə saga-sola ləngər vurub,  alnına  tökülmüş saçlarını geri atıb və ona baxan zala kinli nəzərlərlə bu sözləri fırladıb: “Şeirlərimi dinləmək istərdiniz!, — sonra susub. – Sizə şeir yox, ….! (senzuradan kənar ifadə işlədib) – Üzünü döndərib, zaldan çıxıb”.

Kitab müəllifinin fikrincə, Stalinə münasibətdə məhz bu xuliqanlığı guya şairin taleyini həll edib; əgər belə bir versiya  müəyyən müddətdən sonra oxucular tərəfindən tarixi həqiqət kimi qavranılacaqsa, buna təəccüblənməyə dəyməz. Başqa sözlə,  Yesenin apokrifinin (məzmunu bibliyaya aid olan, lakin rəsmi kilsə tərəfindən rədd edilən qədim kitablar deməkdir- R.Mirzəzadə) yaradılması davam edir. “Olacağa carə yoxdur…”. Yeni Yesenin faktoqrafiyasını (faktları təhlil edib ümumiləşdirmədən, onların quru təsvirini vermə — R.Mirzəzadə) öncəkindən  mahiyyətcə fərqləndirən nədir, deyək ki, “Kalujskaya kommuna”nın 31 dekabr 1925-ci il sayında ifadə olunmuş “Təhkimçilik zamanında Pyazan mülkədarının qamçı ilə döydüyü nənəsinin xatirəsini  Yesenin qəlbində böyük bir  ağrı ilə daşıyırdı”. Bu misal Stalinin qəbulunda baş verən hadisədən nə ilə geri qalır?..”

Ən sərt münasibətlər bu iki istedadlı şairin arasında yaşanırdı. Ədəbi pyedestalı bölüşdürən bu iki şair həmişə polemikaya girirdilər. Ancaq ayıq olanda bir-birilərini dəyərləndirməyi bacarırdılar. Mayakovski dəfələrlə demişdi ki, imajinistlərin arasından tarixdə bircə Yesenin qalacaq. Yesenin isə  “Levıy front iskusstva” -nın  içindən Mayakovskini ayırır və onun siyasi fəallığını qısqanırdı. Yesenin iddia edirdi ki, Mayakovski kimiləri ilə Rusiyanı bölmək istəmir. Mayakovski isə ona belə cavab verirdi: “Onu özünüzə götürün. Çörəklə yeyərsiz”. Şairlər şeirlə mübahisə etdikləri kimi, həyatda da mübahisə edirdilər. Mayakovski Yeseninə deyirdi:

— Bu Oreşinləri Klıçkovları atın getsin! Bunları palçıq kimi nə ayağınızda gəzdirirsiz?

— Mən palçıq, sizsə çuğun və dəmir gəzdirirsiz! Palçıqdan insan yaranıb, bəs çuğundan nə yaranıb?

— Çuğundan da heykəllər yaranıb!..

V.Belousov “Sergey Yesenin”də ( Moskva-1965) olduqca maraqlı məsələlər barədə danışır:

“Təkcə Yeseninin məmləkətində — Ryazanda deyil, Moskvada da uzun illərdən bəri ilk dəfə Yesenin ədəbi axşamları keçirilmişdi. Bu tədbirlər  3 oktyabrda Dövlət Ədəbiyyat Muzeyində və 6 oktyabrda Politexnik Muzeyinin Böyük zalında – bir zamanlar Mayakovski, Blok, Yeseninin çıxış etdikləri yerdə təşkil olunmuşdu.

Bu ədəbi axşamlara düşmək demək olar qeyri-mümkün idi. Tədbirlərdə tanınmış rus  şairləri: Stepan Şipaçev, Sergey Vasilyev, Aleksandr Yaşin, Sergey Smirnov, Yeseninin müasirləri – yazıçı Lev Nikulin, jurnalist Pyotr Çagin, şair Vasili Kazin, ədəbiyyatşünas K.L.Zelinski iştirak edirdilər. Ədəbiyyat Muzeyindəki toplantıda  şairin bacısı Aleksandra Aleksandrovna Yesenina qardaşı haqqında xatirələrini bölüşmüşdü. Zal onu ayaq üstə, sevinclə, sürəkli alqışlarla qarşılamışdı. Həmin vaxt, Ədəbiyyat Muzeyindəki axşamda Yesenin haqqında özünün yaddaqalan, qol-qanadlı sözləri ilə rus ədəbiyyatının böyük dostu, məşhur türk şairi Nazim Hikmət də çıxış etmişdi. Rus dilində, səmimiyyətlə, içdən gələn bir ovqatla danışmışdı.Hikmətin bu nitqini yaxşı xatırlayıram, o vaxt macal tapıb sözbəsöz yazmışdım:

“Yoldaşlar! Mən bura gələndə məruzəçi dedi ki, mənim gəlişim – Yeseninin etiraf olunmasının daha bir təsdiqidir.  Düşünürəm ki, Yeseninin nə bu, nə də dəgər təsdiqləmələrə  ehtiyacı yoxdur. O, dünyanın ən böyük şairlərindən biri,  dünyanın ən dürüst şairlərindən biridir…

Yoldaşlar! Yeseninin minik maşını yox idi, mənim isə varımdır, sürücü Aleksey Nikolayeviç yaxşı bir rus adamıdır. Cəbhədə olub. Maşınla yol gedəndə Yeseninin şeirlərini oxuyur.  Cəbhədə də yoldaşlarına bu şeirləri oxuyarmış.  Yesenin hər zaman xalqla bir olub.  Yesenin həyatı sevən, gözəlliyi və dürüstlüyü sevən  bütün dünya xalqları ilə birdir.  O, böyük şairdir… Ümidvaram ki, biz hələ Sütunlu zalda da yığışacağıq”.

Sergey Aleksandroviçin gözlərində  Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin  Türküstana (Orta Asiya),  Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevetslə görüşən Yesenin, dərhal ictimaiyyətin  diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çay evlərinə gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi.

Şiryayevets ilə ədəbi toqquşmalar Daşkənddə  şəhərin köhnə hissəsində tez-tez çıxışlar və  gəzintilərlə növbələnirdi. Rəssam A.Volkov xatırlayır: “Xivə” kinoteatrında  baş rolda Konrad Veydt olmaqla, “Professor Kalliqarinin  kabineti” filmi göstərilirdi. Yesenin kinoya getmədi. Dedi: “Bezmişəm”.  Onu qastrola gəlmiş müğənni xanımın “Marselin gecə həyatı”nı oxuduğu konsertə dartıb aparmağa çalışdıq. Lakin oradan da qaçdı – adamların ayaqlarını tapdayaraq, qalmaqalla : “Buraxın məni, — deyirdi. – Buraya bunun üçün gəlmədim”. Küçəyə çıxdı, dəvə dayanıb boylanırdı,  üzünü dəvəyə söykədi, boynunu qucaqladı və dedi: “Canım-gözüm, apar məni buralardan, Məcnunu apardığın kimi…”.  Yanıma  gəldi, otaqda pəncərənin qarşısında döşəmədə əyləşdi və şeir oxumağa başladı: “Hər şeyi dərk etməyə, özü ilə heç nə götürməməyə gəldi şair bu dünyaya”.

Türküstan isə  köhnə patriarxal Şərqin nəfəsinin yeni dövrün soyuq və yandırıcı  küləklərinin qəribə şəkildə çulğalaşdığı  adi həyatını yaşayırdı. Daşkənd Çekasına məşhur Yakov Peters başçılıq edirdi.  O, hələ açıq məhkəmədə  o vaxtlar Daşkənddə yaşamış,  sonralar haqqında əfsanələr danışılacaq adamla – ruhani və cərrah Valentin Feliksoviç Voyno-Yasenetski ilə  üz-üzə gələcəkdi. Qızıl Ordu hissələri basmaçıları itaətə gətirir və  dünya inqilabı ideyasını həyata keçirmək üçün İrana yeriməyə hazırlaşırdı. Yesenin Daşkənddə Qızıl Ordu  Klubunda, Türküstan kitabxanasında şeirlər oxuyurdu. O gün toplaşanların təkidlə rica etdikləri təkcə  bir əsərini – “Puqaçov” dramatik poemasını oxumaqdan boyun qaçırdı.

Rusiyanın  türkəsilli  yazarları içərisində Yeseninin sevdiyi şairlərdən biri də Tukay idi. “Nə böyük şairmiş bu tatar Tukay” — deyirdi Sergey Aleksandroviç. Samat Şakir “Yesenin Tukayı oxuyarkən” şeiri ilə əslində şairə abidə ucaltmışdı:

 

Bax, soyudu ürəyində

Aysedora məhəbbəti.

Artır yenə dərdi-səri;

Bir həsrətə çevrilibdir

Doğma ellər, Ryazanın meşələri.

Yaz əridir buz çayları,

Gül-çiçəklər dəstə-dəstə.

Anası da lap obaşdan

Yuyub güllü çit donunu,

Yuyub sərib kollar üstə.

Pəncərədən baxır şair,

Düşüncəli və nisgilli.

Ürəyində bahar kimi,

Çiçək açır Novruzgülü.

Əlində də bir kitab var,

Gözəl-gözəl misraları

Oxuduqca asta-yeyin,

Vəcdə gəlir: “Əla deyib!”

Xəyalına gəlir onun

Kırlay yolu, kənd meşəsi.

Palçıq evlər, göy cığırlar,

Enlikürək, dağ cüssəli,

İgid Batı, güşt tutaraq,

Sanki yenə Murometstək,

Ağacları kötüyündən qoparacaq…

Oxuduqca Tukayı o,

Pəncərədəən bayaq baxan

Ay çəkilb getmiş hara?

Şair baxıb göy üzünə səpələmiş ulduzlara

Dedi: — Tukay zor şairmiş,

Şeiri belə yazarlar, bax!

…Eh, kim bilir, bəlkə elə

Ürəyindən keçib onun

Kazan yolu… Tukay yurdu.

Xəyalında ziyarətə gedib bəlkə

Vaxtsız ölmüş bir ustadı.

 

USSR. Poet Sergei Yesenin (second right), S. Tolstaya (first right), his sisters Yekaterina and Alexandra, friends – V. Nasedkin and A. Sakharov. Reproduction by Mikhail Barabanov. Photo TASS
Сергей Есенин (второй справа) в группе с С.А.Толстой (первая справа), сестрами Екатериной и Александрой, с друзьями В.Наседкиным и А.Сахаровым. Снимок из архива Литературного музея. Репродукция Михаила Барабанова, 1990 год /Фотохроника ТАСС/.

“Rusiyanın ağcaqayını”  hesab edilən Sergey Yeseninin Şərq dünyasına məhəbbəti təbii ki, xüsusi bir tədqiqat mövzusu olsa da, bu barədə bu yazıda yalnız bir neçə fikir söyləmək mümkündür. Yeseninin Şərqin dahi sənətkarları Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hafiz Şirazinin sənətinə vurğunluğunun bir səbəbi də şairin özünün böyük lirika ustası olmasındadır. Yeseninin qənaətinə görə, Füzuli, Sədi, Şirazi lirikasına bələd olmadan, onlardan öyrənib mənən qidalanmadan sənət zirvəsinə ucalmaq mümkün deyildir.Əlbəttə, bu da bir reallıqdir ki, yalnız  böyük sənəti dərk edən sənətkar belə düzgün qənaətə gələ bilərdi.Yeseninin şeirlərində Şərqə, Şərq ədəbiyyatına, Şərq mədəniyyətinə  ehtiramla bərabər, bir həsrət də duyulurdu. Şair Təbrizi, Xorasanı görməyin həsrətini çəkirdi.Yazılarında  dönə — dönə qeyd edirdi ki, Bakıya səfər etməyindən bir məqsəd də Təbrizi, şairlər vətəni Şirazı görməkdir.Deyirdi ki, lirikanın  müqəddəs Məkkəsi və Mədinəsi Şərqin özüdür.

Vaxti ilə Aleksandr Sergeyeviç Qriboyedovun Azərbaycanı qarış-qarış gəzdiyi, Abbasqulu ağa Bakıxanovla birlikdə böyük Nizaminin qəbrini ziyarət etdiyi, Ərzuruma səyahəti  zamanı Puşkinin  Azərbaycan ziyalıları və Qarabağ atlıları ilə tanışlığı, Mixail Yuryeviç Lermontovun Azərbaycanı gəzərkən dilimizə və  xalq ədəbiyyatımıza böyük maraq göstərdiyi, dekabrist şair və yazıçılarla qabaqcıl ziyalılarımızın dostluğu, Maksim Qorki, Vladimir Vladimiroviç  Mayakovskinin  Bakıya gəlişi, müxtəlif təbəqədən olan insanlar və yaradıcı ziyalılarımızla görüşü mədəni tariximizdən xalqımıza yaxşı məlumdur. Yaradıcılığı Bakı ilə bağlı olan böyük rus şairlərindən biri də  “Rusiyanın ağcaqayını” hesab edilən əlbəttə ki, Sergey Yesenindir.

Yeseninin şeirlərində xalqlar dostluğu ideyası mühüm yer tutur. O, insan ləyaqətini, xalqların, millətlərin ləyaqətini tərənnüm etməyi şairin vətəndaşlıq borcu hesab edirdi. Ondakı vətən eşqi dərin humanist arzularla döyünən ürəkdən  süzülüb  gəlirdi. Bu isə Yesenin poeziyasının təbiiliyini və vətəndaş səmimiyyətini daha da gücləndirirdi. Lakin Rusiyaya bir oğul məhəbbəti ilə yanaşı, başqa xalqların adət-ənənələrinə, poeziyasına, musiqisinə, bir sözlə, mənəvi gözəlliklərinə və sərvətinə dərin ehtiram hissi Yeseninin lirikasında ən ümdə yer tutan cəhətlərdəndir. O, Lermontovu, Puşkini, Qoqolu, Koltsovu, Nekrasovu nə qədər sevirdisə, Firdovsini, Xəyyamı, Sədini də bir o qədər yüksək qiymətləndirirdi.Yeseninin “İran nəğmələri”  buna canlı misaldır. Şair məktublarının  birində Şərqin musiqi və milli şeir ənənəsinə istinadən yazmışdı:“Müsəlmanlar (azərbaycanlılar)  hədər yerə demirlər ki, əgər o mahnı oxumursa, şuşalı, şeir yazmırsa, şirazlı deyil”.

Yesenin 1924-cü ildə ilk dəfə Bakıya gələndə 29 yaşı vardı. Məşhur şair kimi kifayət qədər tanınmışdı. Onun həyatının son iki ili, yəni 1924-1925 — ci illər yaradıcılığının  Bakı dövrü hesab olunur.

S.Yesenin yaradıcılığının tədqiqatçıları olan Pyotr Fyodoroviç Yuşin, Yuri Lvoviç Prokuşev, Vladimir Germanoviç Belousov, Sergey Petroviç Koşeçkin, Korneliy Lyutsianoviç Zelinski, Pyotr İvanoviç Çagin, Titsian Yustinoviç Tabidze və başqaları haqlı olaraq şairin yaradıcılığının bu mərhələsini ən məhsuldar dövr — qızıl dövrü adlandırırlar. Vaxtilə Puşkinin yaradıcılığında “Boldino payızı” necə mühüm rol oynamışdısa, Yesenin yaradıcılığında  da  Bakı, Mərdəkan payızı xüsusi əhəmiyyət kəsb edirdi.

Bəs necə oldu ki, Yesenin Azərbaycana gəldi, onu Bakıya kim dəvət etmişdi? Bu suala cavab vermək üçün siyasi tariximizin həmin səhifələrini yada salaq.

Pyotr Çagin “Sergey Yesenin Bakıda” məqaləsində yazır: “1924-cü ilin fevralında mən partiya işləri ilə əlaqədar olaraq Moskvada ezamiyyətdə idim. O vaxtlar mən Azərbaycan KP MK –nın ikinci katibi və “Bakinski raboçi” qəzetinin redaktoru idim. Bakıya yola düşməzdən qabaq, axşam Vasili İvanoviç Kaçalova (böyük rus sovet aktyoru, SSRİ Xalq artisti — R. Mirzəzadə) qonaq getdim və orada Sergey Yeseninlə tanış oldum.Yesenin Bakı haqqında, hələ də “mürgüləyən qızıl Asiyadan” çoxlu nişanə qalan, ancaq indi neft buruqları məskəni olan şəhər haqqında hekayələrimi acgözlüklə dinlədi.

Ertəsi gün səhər tezdən mehmanxanada qapının hündürdən döyülməsinə oyandım. Belə erkən gələn Sergey Yesenin idi. O, utancaqlıqla gülümsəyərək dedi: “Bağışlayın, deyəsən, biz dünən sizinlə qaloşlarımızı  dəyişik  salmışıq…”.

Reyhan Mirzəzadə

(ardı var)

 

 

Tags: ,

Leave a Reply