|

Şəki xanlığı ilə Osmanlı münasibətləri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (7 votes, average: 1,57 out of 7)
Загрузка...

Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə bir sıra qiymətli əsərlər [9; 7; 13; 19] həsr olunsa da Şəki xanlığının, habelə digər Azərbaycan xanlıqlarının Osmanlı impe­riyası ilə qarşılıqlı əlaqələri indiyədək öyrənilməmiş qalır. Sovet dövründə bu istiqamətdə tədqiqatların aparılmaması bir tərəfdən Azərbaycan – Osmanlı münasibətlərinin araşdırılması üzərinə qoyulan yasaqla, digər tərəfdən Osmanlı – türk mənbələrinin Azərbaycan alimləri üçün əlçatmaz olması ilə əlaqədar idi. Bununla yanaşı, Rusiya işğalları dövründə Cənubi Qafqazın tarixi məsələlərinin geniş əks olunduğu çox qiymətli ilk mənbə olan “Акты Кавказской Архео­графи­ческой Комиссии”nin cildlərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri dövründə Azərbaycan xanlıqları və sultanlıqlarının tarixinə dair, o cümlədən Şəki xanlığının tarixi barədə olduqca qiymətli məlumatlar vardır. Lakin çox təəssüf ki, bu qiymətli mənbədə Şəki xanlığının Osmanlı impe­riyası ilə əlaqələrinə dair məlumatlar yox dərəcəsindədir. Əlbəttə, bunun özü də Azərbaycan xanlıqlar dövrü tarixinin dərindən öyrənilməsinə müəy­yən qədər mən­fi təsir göstərməmiş deyil. Odur ki, tarixşünaslığımızdakı bu boşlu­ğu aradan qal­dırmaq üçün tədqiqatçılarımızın indiyədək lazımınca faydalanmadıqla­rı osmanlı mənbələrinin, xüsusilə də Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı ar­xivində saxlanılan sənədlərin çox mühüm əhəmiyyəti var. Şəki xanlığının Osmanlı imperi­yası ilə qarşılıqlı əlaqələrinə həsr olunmuş bu məqalə də, əsasən, məhz həmin mənbələr əsasında yazılmışdır.

Şəki Azərbaycanın şimal – qərb bölgəsində Azərbaycan dövlətçiliyinin qo­runub sax­lan­masında və müxtəlif tarixi dövrlərdə ölkəyə təcavüz edən yadelli iş­ğalçılara qarşı mübarizədə mühüm rol oynamışdır. Şimal – Qərbi Azərbaycan, o cümlədən Şəki bölgəsi, ən qədim zamanlardan, xüsusilə tariximizin kimmer – iskit (skif) – sak dövründən başla­yaraq müxtəlif türk toplumlarının kütləvi şəkildə məskən sal­dı­ğı diyarlardandır. Yurdun məhz bu bölgəsi Azərbaycan xalqının qəhrəmanlıq epo­su olan “Kitabi – Dədə Qorqud” dastanları ilə bilavasitə bağlıdır. “Kitabi–Dədə Qor­qud” dastanlarının “Bəkil oğlu İmran” boyunda cərəyan edən hadisələr Azərbaycanın məhz bu regionlarında baş vermişdir [11, s. 16 – 17].

Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycan ərazisində meydana gələn yer­­­li dövlətlərdən biri də Şəki hakimliyi idi. Şəki hakimləri orta əsrlərdə Azər­bay­ca­nın şimal – qərb torpaqlarının yadelli işğallarından qorunmasın­da fəal işti­rak etdikləri kimi, Azərbaycanın daxilində gedən siyasi proseslərdə mühüm rol oynamışlar. Azərbaycanın şimal – qərb torpaqlarını yadelli hücumlarından qoruyan Şəki ha­kimləri eyni zamanda Azər­baycan Albaniya dövlətinin varisləri kimi çıxış edir­di­lər [ 20, s. 116 — 137]. Ayrı – ayrı dövrlərdə Albaniya hökmdarı titulunu qəbul edən Şəki hakim­ləri əs­lin­də uzun tarixi dövr ərzində hökmranlıq etdikləri ərazidə Azərbaycan – Alba­niya mədə­niy­yətinin inkişafını davam etdirmişlər.

Şəki hakimliyinin ərazisi eyni zamanda Xilafətin süqutundan sonra uzun müd­­dət islamla xristianlıq arasında mürəkkəb mübarizə meydanı olmuş­dur. Bu mübarizənin gedişində üstünlük təşkil edən türk toplumları, o cümlədən oğuz – türk tayfaları regionun etnik – siyasi tarixində mühüm rol oynamış, buralarda islam dininin geniş yayıl­ma­sını və üstünlük qazanmasını təmin etmişlər.

Bütün orta əsrlər boyu Azərbaycanın şimal – qərb regionunda hegemonluğu əl­­də saxlayan Şəki hakimliyi Səfəvilər dövlətinin tənəzzülü dövründə yenidən müs­təqil­ləşməyə başlamış, Nadir şah Əfşarın imperiyası dövründə isə Şəki Azər­bay­ca­nın şimal – qərb bölgəsində müstəqillik mübarizəsinin mərkəzinə çevrilmişdi. Bu mü­barizənin gedişində yerli müsəlman – türk əhaliyə başçılıq edən Hacı Çələbi mər­kəzi hakimiyyət tərəfindən müdafiə olunan Məlik Nəcəfi məğlub edərək, hələ Nadir şahın sağlığında ikən Şəkini Azərbaycan ərazisində ilk müstəqil xanlığa çevirmişdi. Nadir şahın yeni yaranmış müstəqil Şəki xanlığının başçısını aradan götür­mək planı iflasa uğramışdı [ 19, s. 16 – 17; s. 26 — 27].  İmperiya daxilində yaranmış ilk müstəqil Azərbaycan dövlə­ti­ni aradan qaldırmaq siyasəti və bu məqsədlə Nadir şa­hın həmin bölgəyə təşkil et­di­yi yürüşlər heç bir nəticə verməmişdi.

Nadir şahın öldürülməsindən (1747) sonra isə Azərbaycanda çoxsaylı xan­lıqlar və sultanlıqlar meydana gəldi. Beləliklə, Azərbaycan tarixində ölkədə hege­mon­luq uğrunda ayrı – ayrı xanlıqlar və sultanlıqlar arasında uzun sürən ara çəkiş­mə­ləri dövrü başlandı ki, bu da Azərbaycanın tarixi müqəddəratı üçün fəlakətli son­luqla nəticələndi.

Yeri gəlmişkən, bəzi uzaqgörən Azərbaycan xanları Rusiya imperiyası və qa­carlar İranı tərəfindən ölkə üçün artmaqda olan işğal təhlükəsinin yaxınlaşdığı şərait­­də xarici təcavüzə müqavimət göstərmək üçün Azərbaycanı vahid mərkəzləş­di­rilmiş dövlət halında birləşdirməyə cəhd göstərdilər. Bunlardan biri də Hacı Çələbi xanın başçılıq etdiyi Şəki xanlığı idi.

Görkəmli dövlət xadimi Hacı Çələbi xanın hakimiyyəti dövründə (1743–1755) Şəki xanlığı bir tərəfdən qərbdən Rusiyanın müdafiə etdiyi gürcü çarlarının iş­ğal­­­larına qarşı mübarizə aparır, digər tərəfdən yaxınlaşmaqda olan Rusiya – İran təcavüzü əleyhinə Azərbay­ca­nı birləşdirmək siyasəti yeridirdi. Bu məqsədlə o, ilk növbədə Osmanlı impe­riyası ilə əlaqələr yaratmışdı [ 15, s. 32 — 35].

Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz dövrdə Rusiya ilə hərbi qarşıdurma­ya meyl göstərməyən Osmanlı imperiyası Rusiyanın Azərbaycan xanlıqları ilə mü­na­­­­sibətlərini və özünün bölgədəki mənafeyini diplomatik yolla tənzimləməyə çalı­­şır­dı. Belə ki, Osmanlı sultanlarının tapşırığı ilə Azərbaycanla həmsərhəd olan əya­lət­­­lərin valiləri Azərbaycan xanlıqlarında baş verən hadisələri diqqətlə izləyir və top­ladıqları məlumatları mərkəzə ötürürdülər [ 12, s. 44; 29, s. 27]. Beləliklə, Os­man­lı dövləti xanlıq­la­ra və sul­tan­lıq­lara parçalanmış Azərbaycanda baş verən hadi­sə­lərlə yaxından tanış idi.

Azərbaycan xanlarının Osmanlı sarayına ünvanladıqları çoxsaylı məktublar bəhs olunan dövrdə Azərbaycanla Osmanlı imperiyası arasında geniş əla­qə­lər olduğunu sübut edir.* Məsələn, 1746 — cı ildə (hicri 1158 – ci il) Əhməd xanın mö­hü­rü ilə Osmanlı vəzirinə göndərilmiş məktubda Şəkidə Hacı Çələ­bi­nin hakimiy­yə­ti ələ keçirməsindən, Nadir şahın onun üzərinə təşkil etdiyi yü­rüş­lər­dən və onla­rın nəticələrindən, Hacı Çələbinin kömək üçün Osmanlı sarayına mək­tub göndər­mə­sindən bəhs olunur. Məktubda göstərilir ki: “… Şirvan əyalətinin Şəki kənd­lə­rin­də hakimiyyəti ələ almış Hacı Çələbi adı ilə məşhur olan bir şəxs Nadirə qarşı yer­li kəndxudalarla ittifaq bağladı. Nadir şah Şirvana təcavüz etdiyi zaman Hacı Na­di­rə üstün gəlib onu məğlub etmişdir. … Hacı Çələbi üç dəfə Nadirin  qoşunları ilə mü­haribə edib və Haqq Təala həzrətlərinin inayətilə qələ­bə çalmışdır. …bu gün ha­rada olduğu bilinməyən Nadir şahın təkrar edəcəyi bir hücum müqabilində bu tərəf­lərdə olan bütün əsgərlərini götürüb islam əsgərinə qoş­maq niyyətində olan Hacı Çələbinin məktubunu Sizə gön­dərmişik. Nadirin vəziyyəti barədə məlumat almaq üçün göndərilən casuslar hələ geri dönməyib. Bundan sonra da bu ətraflarda hər hansı bir hadisə baş verər­sə tez bir zamanda rəsmi sənədlə sizə  xəbər verərik…” [ 14, s. 478 – 475]. Göründüyü kimi, bu mək­tub Şəki xanlığı ilə Osmanlı döv­ləti arasındakı qarşılıqlı əlaqələrin başlanma tarixinin dəqiqləşdiril­məsi və bəhs olunan dövrdə baş vermiş siyasi hadisələrin gedişinin öyrənilməsi üçün­ olduqca əhəmiyyətli ilk mənbədir.  

Şəki xanlığı ilə Osmanlı imperiyası arasındakı münasibətlərin araşdırılma­sında olduqca əhəmiyyətli olan digər bir sənəd 1754 – cü ildə Hacı Çələbi xanın şəx­sən özünün Osmanlı sarayına göndərdiyi məktubudur. Hacı Çələbi xan göstə­ri­lən məktubunda yazırdı: “…Nadir şah saysız – hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar törətmişdir. Buraya da ardı – arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin Allah bizə kömək oldu. ….Nadir şahın ölümündən sonra İranın müxtəlif yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı. …. Osmanlı dövləti hələ qədimdən bəri, ehtiyac olduqda, Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir…” [ 17, s. 452 — 451].

Hacı Çələbi xan yuxarıda göstərilən məktubunda, həmçinin, gürcü çarlarının Car–Balakən camaatlıqları üzərinə yürüşlərindən, Şəki xanlığının bu yürüşlər  za­ma­nı yadellilərə qarşı baş vermiş döyüşlərdə iştirakından, döyüşlərin gedişi və nəti­cələrindən də ətraflı bəhs edir, gürcü çarlarının bu yürüşlərdə Rusiya ilə əlbir olduğunu vurğulayırdı: “… gürcü valiləri haqlı – haqsız varislik iddiasında olub, kafir ruslarla əlbir olaraq, 40 – 50 min əsgərlə Car – Tala camaatı üzərinə hücum etmişlər. …Car və Tala camaatı ilə bizim mehriban qonşuluğumuz, həm də din və məzhəb eyniliyimiz var. Buna görə də biz onların imdadına getdik. …. Vuruşma bir saat yarım çəkdi. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı, kafirlər məğlub oldu ” [ 17, s. 452 — 451].

Məlum olduğu kimi, Şəki xanlığı ilə qonşu Car – Balakən camaatlıqları arasında mehriban qonşuluq və sıx dostluq münasibətləri vardı [1]. Belə ki, hələ 1744 – cü ildə Şəki xanlığının yaranmasından çox keçməmiş, Nadir şah öz qoşunu ilə Şəki xan­lığı­na yürüş etdi. Hacı Çələbi xanın müdafiə olunmaq üçün sığın­dığı Gələsən–Görəsən qalası mühasirə olundu. Lakin mühasirə­də olan Hacı Çələbinin qoşunu gecələr qaladan çıxıb şah ordusuna hücumlar edir, ona ağır tələfatlar verirdi. Məhz bu ağır sınaqlar dövründə Car – Balakən döyüşçüləri şəkililərin köməyinə gəlir, həmin çətin mübarizədə onlara köməklik edirdilər. Bu bir­gə mübarizə Nadir qoşunlarının ciddi tələfatına səbəb olmuş və onlar geri çəkil­mə­yə məcbur olmuşdular [19, s. 21].

Hacı Çələbi xanın haqqında bəhs etdiyimiz məktubunun bütövlükdə Azər­bay­can tarixinin, o cümlədən Şəki xanlığının tarixinin öyrənilməsində digər bir mü­hüm əhəmiyyəti də ondan ibarətdir ki, həmin məktubda  1752 – ci ildə baş ver­miş Qızılqaya xəyanəti də öz geniş əksini tap­mış­dır. Belə ki, 1752 – ci ildə gür­cü çar­la­rı Teymuraz  və II İrakli Gəncəyə yürüş etməyi qərara aldılar. Lakin on­lar bilir­dilər ki, Şəki və Qarabağ xanları da Gəncəni ələ keçirməyə çalışırlar. Buna görə də II İrakli hiylə işlədərək vaxtı ilə Qarabağa hücum etdiyi üçün Hacı Çələbi xandan narazı qalmış Qarabağ xanı Pənah xanı (1748 — 1763) öz tərəfinə çək­mək üçün onunla danışıqlara girdi və getdikcə güclənməkdə olan Şəki xanına qarşı ittifaq bağlamağı təklif etdi. Həmin təkliflə razılaşan Pənah xan­la yanaşı bu ittifaqa Gəncə xanı Şahverdi xan (1747 – 1760), Qaradağ xanı Kazım xan (1747 – 1752), İrəvan xanı Hüseynəli xan və Naxçıvan xanı Hey­dər­qulu xan (1747 – 1763/64) da qoşuldular. Xanlar II İrakli ilə görüşüb Hacı Çələbi xana qarşı danışıqlar apar­maq üçün Gəncəyə gələrkən, II İraklinin pusquda durmuş qoşun hissələri qəflətən hücum edərək onları əsir aldı və qollarını qandallayıb Gürcüstana doğru hərəkətə başladı. II İrakli bu yolla Azərbaycan  xanlıqlarını özündən asılı hala salmaq istəyirdi. Bundan xəbər tutan Hacı Çələbi xan Azərbaycan xanlarını xilas etmək üçün II İraklinin hərbi qüvvələrini təqib edərək darmadağın etdi. II İrakli tərəfin­dən xəyanət yolu ilə əsir alınmış Azərbaycan xanları isə azad olundular [4, s. 186; 19, s. 30; 7, s. 150 – 151; 23, s. 123]. Bu hadi­sə Hacı Çələbi xanın Osmanlı sarayı­na yazdığı məktubunda belə əks olunmuşdur: “ … Qaradağlı Kazım xan, Pənah xan Cavanşir, Haqverdi xan, Hüseyn­əli xan, Nə­cəf­qulu xan…. və sairə xanlar birləşib. … (II İrakli – T.G.) xanların hamısını öz çadırına topladı. Zi­ya­fət əsnasında onları həbs etdi. Sonra Gəncə qalası üzərinə hərəkət etdi. …sə­hər­dən günortanın sonlarına qədər ox-oxa, top-topa, misli görünməmiş döyüş oldu. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı ” [17, s. 452 — 451].

Məktubun sonunda Hacı Çələbi xan Osmanlı dövləti ilə olan münasi­bət­lə­rin­dən bəhs edərkən sultana bir il öncə də məktub göndərdiyini vurğu­la­yır. “… bu had­isəni bilməniz və bundan şad olmanız üçün baş vermiş bu hadisəni şəxsinizə bil­dir­dim.  Osmanlı dövləti daima İslam dini uğrunda çoxlu işlər görüb. Keçən il də mən sizə məktub göndərmişdim. İndi də sizə şahənə hədiyyələr göndərirəm və sizə də­rin təşəkkürümü bildirirəm…”. Şəki xanının məktubunun so­nun­da qeyd olunmuş bu fakt sübut edir ki, həmin məktub Hacı Çələbi xanın Os­man­­lı dövlətinə göndər­di­­yi ilk məktubu deyil.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bəzi əsərlərdə bu məktubun düzgün olma­­­ya­raq 1747 – ci ildə (hicri 1160 – cı ilə) yazıldığı qeyd edilir. Lakin mək­tub­da­kı hadisələrin araşdırılması, müqayisəli təhlili, həmçinin Qızılqaya xəyanətinin 1752 – ci ildə baş verməsi faktı göstərilən məktubun 1753 – 1754 cü illərdə yazıl­dığını sübut edir.

Şəki xanlığı ilə Osmanlı imperiyası arasında əlaqələr  Hacı Çələbi xanın haki­­miy­­­yətindən sonra da davam etmişdi. 1755 – ci ildə Hacı Çələbi xanın vəfatın­dan sonra hakimiyyətə gəlmiş Şəki xanları əsas diqqətlərini xanlığın siyasi qüdrəti­nin daha da möhkəm­lən­dirilməsinə, ərazisinin genişləndirilməsinə, qonşu xanlıq­lar­la münasibət­lə­rin nizama salınmasına yönəltmişlər. Bununla belə, qonşu ölkə­lərlə, xüsusilə Osmanlı imperiyası ilə əlaqələr də davam etdirilmişdir.

XVII əsrin 80 – ci illərindən başlayaraq Şəki xanlığının Osmanlı imperiyası ilə münasibətlərində yenidən canlanma baş verdi. Bu Cənubi Qafqaz üçün Çar Rusiyasının işğal təhlükəsinin daha da artması ilə bağlı idi. Məsələ burasında idi ki, 1783 – cü ildə gürcü çarı II İrakli Rusiya ilə Georgiyevsk traktatını imzaladı [10, s. 265 – 276] Gür­cüstan Rusiyanın himayəsini qəbul etdi. Gürcü çarının həmin müqa­viləni imza­la­maqda əsas məqsədi Çar Rusiyasının köməyi ilə Azərbaycan əra­zi­sinə olan id­dia­­larını həyata keçirmək idi. Bu məqsədilə o, dəfələrlə İrəvan, Gən­cə xanlıqları, Car – Balakən camaatlıqları üzə­rinə yürüşlər etmişdi [1, s. 106 – 107; 29, s.  27 – 28]. Bu Azərbaycan xanlarını, xüsusilə də Şəki xanlarını ciddi na­ra­­­hat edirdi. Bu məqsədilə onlar Osmanlı sarayı ilə münasibətlərini davam etdi­rir, Cə­nubi Qafqazda baş verən hadisələr haqqında qarşı tərəfi məlumatlandırır, öz müs­tə­qilliklərini qorumaq üçün Osmanlı dövlə­tin­dən kömək istəyirdilər.

Bəhs olunan dövrdə Şəki xanlığı ilə Osmanlı imperiyası arasında əlaqələrin da­vam etdiyini 1784 – cü ildə (hicri 1198 – cu il) Çıldır valisinə yazılan məktub bir daha sübut edir. Həmin məktubda deyilirdi:“ Mərhum və bağışlanılmış Sarı Mus­ta­fa paşanın qalası (Gəncə qalası – T. G.) doqquz aydır ki, Rusiya kafirlərinə tabe olan İrakli xan tərəfindən Rusiya əsgərləri ilə birlikdə top və topxana ilə mühasirə edil­miş, ətrafdakı kəndlər qarət edilmişdir. … mərhəmətli Məhəmməd Həsən xanın, osmanlı qüvvələri və ləzgi tayfasının birləşməsi nəticəsində  onların hücumu dəf olunmuşdur. … Rusiyanın İran tərəfinə keçməsi üçün iki qapı var və ikisi də bağ­lı­dır. Bunlardan biri Dərbənd tərəfdəndir ki, o güclüdür və o biri qapı bu tərəf­dən­dir ki, indi bu tərəfi zəif görüb istərlər ki, fürsət tapıb İslamiyyəni aradan götürə­lər” [5, s. 370 – 369; 27, s. 92 — 93]. Bu məktubda, həmçinin lazım gəldikdə Şəki, Qarabağ və Şirvan xanlarının düşmənə qarşı birləşməsinin zəruriliyi vurğulanır, Osmanlı imperiyası­nın da onlara yardım etməsindən bəhs olunur: “… Şəki xanı, Şirvan və Qarabağ sərkərdələri, Məhəmməd Səid xan, İbrahim xan, Ağasi xan sözlərini bir ediblər ki, əgər müsəl­man tərəfinə kafirlərdən hücum olarsa və hadisə üz verərsə, onlara qarşı birləşib müba­rizə aparsınlar. Sizdən istədikləri də budur ki, belə vəziyyətdə sizlər də bu tərəf­dən islama kömək edəsiniz… ” [5, s. 370 – 369; 27, s. 92 — 93].

Şəki – Osmanlı əlaqələri Məhəmməd Həsən xanın dövründə də davam etdi­ril­miş, iki dövlət arasında diplomatik münasibətlər mövcud olmuşdur. Məhəmməd Həsən xan qarşı tərəfə ünvanladığı məktublarının birində Çıldır va­li­sinin elçisi vasitəsi ilə ona göndərilmiş məktubu aldığını xəbər verir, Çıldır va­li­sinin gürcü çarı Teymuraz haqqında məlumat verilməsi barədə xahişini yerinə ye­tir­diyini, Teymurazın Moskvaya gedib orada öldüyünü, həmçinin Rusiya impe­ra­to­ru­nun da vəfat etdiyini bildirirdi [13, s. 158].

 Məhəmməd Həsən xan 1784 – cü ildə (hicri 1198 – ci il) Osmanlı sarayına göndərdiyi növbəti məktubunda isə yazırdı “…İrakli xanın Rusiyanın təşviqi ilə Azərbay­can mülklərinə, o cümlədən İrəvan qalasına təcavüzünə qarşı Azərbaycan və Dağıstan xanlarının birlikdə hərəkət etmələri barədə əmrinizə riayət etməklə Dövləti Aliy­yə­nin xidmətində olduq. … Gəncə qalası bir neçə ildən bəri Rusiyanın yardımı ilə İrakli xanın işğalında ikən əhali, ətraf hakimlərin və Osmanlı ordusunun gücü ilə o  geri alınmışdır. Sonradan İrakli xanın oğlu Almas Mirzə, yez­nə­si (kürəkəni) Davud bəy və Şəmsəddinli Əli Sultan xeyli əsgərlə buraya hü­cum etmişlər. Qala əhalisinin xahişi ilə biz də Allahu Təalanın yardımı, əhali və di­gər ümməti Məhəmmədin kö­mə­yi nəticəsində  düşmənin təcavüzünü dəf etmi­şik” [ 18, s. 334 – 333; 27, s. 88 – 91; 28, s. 62 — 65]. Bu qiymətli məlumatdan aydın olduğu kimi, II İrakli Georgiyevsk trakta­tın­dan dərhal sonra Rusiyanın kömə­yi ilə Azərbaycan torpaqlarını işğal etməyə və Gürcüstan ərazilərini genişlən­dir­mə­yə çalışırdı.

Şəki xanı məktubunun sonunda İrandakı vəziyyətdən bəhs edərək yazırdı: “… İran indi sahibsiz qalıb və hər kəs bir məmləkət zəbt etməklə məşğuldur. Onların təkbaşına Rusiyaya müqavimət göstərə bilməyəcəkləri məlumdur. Hamı­mız mərhəmətli və şəfqətli padşaha möhtacıq. Tiflis xanlığına ruslar tərəfindən cəb­bəxana və sursat  göndərilməsinə mane olmaq üçün bölgənin vəziyyətini bilən və etibarlı adamlardan olan Əli Əfəndi məlumat vermək üçün yanınıza göndərilir” [ 18, s. 334 – 333; 27, s. 88 – 91; 28, s. 62 — 65]Məhəmməd Həsən xanın bu məktubu onun öz dövrünün görkəmli döv­lət xadimi olduğunu və Azərbaycanı düşdüyü fəlakətli vəziyyətdən qurtarmaq üçün yollar axtar­dığını sübut edir.

Gəncə qalasının Rusiyandan yardım alan II İrakli tərəfindən mühasirəyə alınması, Məhəmməd Həsən xan, eləcə də İrəvan xanlığının gəncəlilərin köməyinə gəlməsi sayəsində işğalçıların  geri çəkilməyə məcbur olması faktı Çıldır valisi Süleyman paşanın 1785 – ci il iyunun 13 – də (hicri 1199 –cu il) Osmanlı sarayına gön­dərdiyi məktubunda da öz əksini tapmışdır. Bu məktubda diqqət çəkən digər bir fakt isə gürcü çarı II İraklinin Rusiya ilə 1783 – cü ildə bağladığı Georgiyevsk traktatının Azərbaycan xanlarına göndərilməsidir. Məktubda qeyd olunur ki: “ Tif­lis xanı İrakli xanın ruslarla bağlılığını ortaya qoyan və on üç maddədən ibarət olan anlaşma mətni Osmanlı dövlətinə meyl etməmələri təşviq etmələri üçün Azər­baycan və Dağıstan xanlarına göndərildi…” [6, s. 286 – 284; 27, s. 130 — 132].

Bəhs olunan məktubda, həmçinin, Osmanlı sarayından xanlar üçün göndəri­lən fərman­ların, hədiyyələrin sahiblərinə çatdırılması və xanların  da buna cavab olaraq öz adam­la­rı­nı İstanbula göndərmələri haqqında da məlumat verilir: “… Azərbaycan və Dağıs­tan xanlarına çatdırılmaq üzrə göndərilən ali fərmanlar və sul­tanın hədiyyə və ehsan­ları xəzinə katibimiz vasitəsilə yerlərinə çatdırıldı. … Döv­ləti Aliyyədə tam sədaqət­lə, səmimi məhəbbətlə… himayə olunmaları üçün Quba və Dərbənd hakimi Fətəli xan etibarlı adamı Hacı Əhməd bəyi, Şəki və Şirvan hakimi Hacı Çələbi xan oğlu Məhəmməd Həsən xan üləmasından Əli Əfəndi, Dağıstan əmir­lərindən Avar hakimi Ümmə  xan (Ömər xan – T.G.) etibarlı adamlarından əl-Haski və Şuşa və Qara­bağ xanı İbra­him xan Mirzə Məhəmməd  adlı etibarlı adamını xəzinə katibi­mizə qoşa­raq göndərmişlər… ” [6, s. 286 – 284; 27, s. 130 — 132].

Şəki xanlığı ilə Osmanlı imperiyası arasında qarşılıqlı əlaqələr xanlığın Rusiya tərə­fin­dən işğalından sonra da davam etmişdir. Belə ki, Qarabağ xanı İbrahimxəlil xanın (1763 – 1806) təkidi ilə Şəki xanı Səlim xanın Rusiyanın himayə­sini qəbul etməsinə baxmayaraq Çar Rusiyası, çox keçmədən hər iki xanla bağladığı müqavilələrin şərtlərini pozdu [21, s. 702- 705; 24, s. 705 – 707; 22; 10, s. 365 — 376]. 1806 — cı ildə Qarabağ xanı İbrahim xan  ailəsi ilə birlikdə* işğalçılar tərəfindən qətlə yetirildi [ 26, s. 332]. Bundan narazı qalan və Şəki xanlığının da bu cür aqibətlə qarşılaşacağını yəqin edən Səlim xan işğalçılara qar­şı fəal müba­ri­zəyə başladı. Xanlığın ərazisi Çar Rusiyası tərəfindən zəbt olundu. İmperiyanın əlaltısı olan Xoylu Cəfərqulu xan Şəkiyə xan təyin olundu [25, s. 272 – 273; 29, s. 32]. Şəki xanı bundan sonra Vətənindən didərgin düşərək uzun müd­dət Qacar­lar dövlətinin və Osmanlı imperiyasının köməyi ilə hakimiyyətini bərpa etmə­yə cəhd göstərdi. Bu baxımdan Şəki xanlığının Osmanlı imperiyası ilə əla­qə­lə­rini araşdırmaq üçün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində qorunub saxlanılan “Hatt-i Hümayun” da mövcud bəzi məktublar olduqca maraq­lıdır. Məsələn, 1818 –ci ilə (hicri 1234 – ci ilə) aid olan və Bağdad valisi Davud paşa tərəfindən Osmanlı sarayına gön­dərilmiş bir məktubda Şəki və Şirvan hakimi Səlim xanın 1813 – cü ildə ölkəsinin ruslar tərəfindən işğa­lın­dan sonra İran şahzadəsi Abbas Mirzənin ya­nına gəlib burada yerləşməsi, bundan sonra tabe­çiliyində olan yüz nəfərlə Bağ­da­da səfər etməsi, burada Osmanlı valisi Davud paşa ilə gö­rüşməsi və əgər Osmanlı impe­ri­ya­sın­dan yardım olarsa Şəki xanlı­ğında haki­miyyətini bərpa etmək iqtidarında olması ba­rə­də məlumat verilir. Məktubda qeyd olunur: “… Şəki və Şirvan hakimi, nəca­bət­li Səlim xan Bağdada gəlib qullarınızla görüşdü. …ertəsi günkü yığıncağın müza­ki­rə­­si zamanı sual cavab etməklə bu görüşün məqsəd və məramları haqqında xəbər al­­dıq. … Şəki, Şir­van və Dağıstanda başdan – ayağa dağlıq ərazilərə yayılan əs­gər­­ləri öz tərəfinə cəlb edərək, az bir müddətdə bu qüvvələrin köməyi ilə həm xan­lı­ğı, həm də göstə­ri­lən əyalətləri xarici və daxili işğaldan qurtarmaq və öz hakimiy­­yəti al­tına almaq, həm də vaxt qazanaraq Dağıstan ilə birlikdə adı çəkilən mahal­­ları ka­firlərin işğalın­dan tamamilə qurtarmaq ümidi ilə xüsusi məktubu acizanə şəkildə ərz və niyaz olunmaqla göndəririk ” [3, s. 132 — 131].

Lakin onu da qeyd etmək lazımdır ki, bəhs etdiyimiz məktubda Osmanlı imperiyasının Rusiya ilə sülh münasibətlərində olduğu və Səlim xanın kömək istə­yi­nin bu münasibətləri poza biləcəyi də vurğulanır və qeyd olunur ki; “ … lakin, Osmanlı dövləti ilə Rusiya arasında dinc əlaqələrin qurulduğu bir zamanda öz vəziy­yətini çətinə salaraq bu münasibətləri gərginləşdirməyin imkan xaricində oldu­ğunu bilirik ” [3, s. 132 — 131].

Yeri gəlmişkən, Səlim xan bundan sonra Osmanlı sultanı ilə şəxsən görüş­mək üçün Bağdaddan İstanbula yola düşmüşdü. Bunu onun yolüstü Ərzurumdan Osmanlı sultanına 1819 – cu il iyunun 1 – də (hicri  5 şaban 1234) göndərdiyi mək­tu­bu da sübut edir. Səlim xan həmin məktubunda yazırdı: “ …. Bağdaddan sonra Ərzu­ruma daxil olub öz xidməti borcumu yerinə yetirirəm və ali yüksək dövlət xadi­minə daim dua etməkdəyəm. Sizin əzəmətli şövkətinizə və əmrinizə əsasən yüksək vəzifəli qardaşınız və Bağdadın əmiri olan Davud paşa özünün yüksək vəzi­fə­li şəxsləri ilə birlikdə məni yola saldılar. Şaban ayının ikisində Ərzuruma gəlib çıx­mışam. Sizin nəzərinizə çatdırılacaq məsələləri yazılı surətdə çatdırmaq mümkün olmadığına görə onları şifahi surətdə şəxsən Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Elə buna görə də məni qəbul etmənizi rica edirəm. Atalar məsəli var, deyirlər: Turandan İrana, İrandan Turana. Sizi şəxsən ziyarət etmək mənə xoş olar. Ümid edirəm ki, mənim xahişimi qəbul edəcək və məni yüksəklərə qaldıra­caq­sı­nız.

Şəki, Şirvan və Dağıstanın keçmiş valisi”[16, s. 127].

Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrini araşdırmaq üçün Başba­kan­lıq Osmanlı Arxiv sənədləri içərisində mərhum Qarabağ xanı İbrahim xanın qı­zı – Şəki xanı Səlim xanın həyat yoldaşı Tuti bəyimin Osmanlı sultanına 1813 – cü il­  iyulun 5 – də (hicri 1227 – ci il) ərəbcə ünvanladığı məktubu da olduqca qiymət­li­dir. Belə ki, həmin mək­tubunda özünü “ Qarabağın şəhid xanı İbrahim xanın qızı Tuti bəyim” kimi təq­dim edən və Cənubi Qafqazdakı vəziyyəti təsvir edərək, rus­lar­la mübarizə apara­raq, Şəkini geri qaytardıqları, işğalçıların zəifləməsindən istifadə edərək Dağısta­nın müsəlman əhalisi ilə ittifaq bağladıqları və Osmanlı döv­lətinin gərəkli yardımı göstərə­cəyi təqdirdə üstünlük qazanacaqlarını bildirən Tuti bəyim yazırdı: “… ruslar Tiflisi istila etdikdən sonra biz onlara qarşı dörd il mübarizə apardıq. Minlərlə müsəlman bacı və qardaşlarımız şəhid oldu və biz geri çəkildik. İndi əsgərlərimiz kafirlərlə (ruslarla) mübarizə aparıb, onları Şəkidən çıxarıb. İndi Şəki bizim nəzarətimizdədir. Amma biz onların geri qayıtmasından ehtiyat edirik,  çünki bizim müdafiə olunmaq üçün yetərli silah – sursatımız yoxdur. Elə buna görə də vəziyyətimizi Sizə ərz edirəm. Bundan əlavə, biz Dağıstanın rəhbərləri və müsəlman xalqı ilə ittifaq qurmuşuq. Vəziyyətimiz haq­qın­da Sizlərə məlumat verməsi üçün Hüseyn Əfəndini Osmanlı dövlətinə gön­də­ri­rik. Dövlət rəhbərimizdən bizim adımı­za bir fərman verməsini və onun əmrinin yeri­nə yetiriləcəyinə ümid edirik. Biz bura­da bütün silahlılarımızla birlikdə qırx minə yaxın müsəlmanıq. İndi  ətraf­dakı rus ordusu olduqca zəifləmişdir, onlar bizə qalib gəlməyə qadir deyil…  ”[8, s. 155; 27, s. 186 — 188].

Lakin Şəki xanlığının Çar Rusiyasına qarşı Osmanlı imperiyasından yardım almaq planı baş tutmadı. Gülüstan müqaviləsi (1813) ilə Şimali Azərbaycanın böyük hissəsini, o cümlədən Şəki xanlığını işğal etmiş Rusiya imperiyasının Cənu­bi Qafqazdakı mövqeyi Türkmənçay müqaviləsindən (1828) sonra daha da möh­kəm­­ləndi: Şimali Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperi­ya­sı­­nın tərkibinə qatıldı. Bütünlüklə Şimali Azərbaycanda olduğu kimi Şəki xanlığın­da da Rusiya işğal rejimi dövrü başlandı.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Arzu Əşrəf qızı. Car – Balakən camaatlığı. Bakı, 2009, 256 s.
  2. Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı, 1999, 584 s.
  3. Bağdad valisi Davud paşanın məktubu, 1818. BOA, Hatt – i Hüma­yun, № 761/35955. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX­ əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 səh.
  4. Bakıxanov A. Gülüstani – İrəm, Bakı, 2001, 287 səh.
  5. Çıldır valisi Süleyman paşanın Osmanlı sultanına məktubu, 1783 – 1784 . BOA, Hatt – i Hümayun, № 4/94 G. // Azərbaycan tarixi arxiv sə­nəd­lərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı,2010, 508 səh; Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
  6. Çıldır valisi Süleyman paşanın Sədarətə məktubu, 1785. BOA, Hatt – i Hümayun, № 04/110. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.; Osmanlı belgelerinde Karabağ. İstan­bul, 2009, 660 s.
  7. Ədalət Tahirzadə. Şəki tarixi qaynaqlarda. Bakı, 2005, 256 s.
  8. Qarabağın mərhum xanı İbrahim xanın qızı Tuti xanımdan Osmanlı dövlətinə məktub, 1813. BOA, Hatt – i Hümayun, № 1108/ 44645 F. //Azərbaycanın tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əv­və­lləri. I cild. Bakı, 2010, 508 s. ; Osmanlı belgelerində Karabağ. İstan­bul, 2009, 660 s.
  9. Mahmud İsmayıl, Maya Bağırova Şəki xanlığı. Bakı, 1997, 76s.
  10. Mahmudov Y.M. Şükürov K. K.  Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639 – 1828. I cild. Bakı, 2009, 512 s.
  11. Mahmudov Y.M. Azərbaycan tarixi. Erkən intibah dövrü. Bakı, 2008, 128 s.
  12. Məmmədov H. M. Osmanlı imperiyasının xarici siyasətində Azərbaycan xan­­lıq­­ları. Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1989, № 3, s. 44 – 50.
  13.  Mustafazadə T. T.  XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı – Azər­baycan münasibətləri. Bakı, 2002, 372 s.
  14. Nadir şah Əfşarla Şəki hakimi Hacı Çələbi arasında olan hadisələrə dair Osmanlı dövlətinə göndərilən Əhməd xan möhürü ilə məktub, 1746. Baş­ba­kan­lıq Osmanlı Arxivi, Hatt – i Hümayun, №  7/231 // Azərbaycan ta­ri­xi ar­xiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.
  15. Nəcəfli G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII ­əsrin II yarısı) Bakı, 2002, 132 s.
  16. Sabiq Şəki xanı Səlim xan haqqında, 1819. BOA, Hatt – i Hümayun, № 823/37395 //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəl­lə­ri. I cild. Bakı, 2010, 508 s.
  17. Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754. BOA, Hatt – i Hümayun, №  5/ 156. //Azərbaycan tarixi arxiv sənədlərin­də. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.
  18. Şəki xanı Məhəmmədhəsən xanın Osmanlı dövlətinə məktubu, 1784. BOA, Hatt – i Hümayun, № 4/94 L. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.; Osmanlı belgelerinde Kara­bağ. İstanbul, 2009, 660 s.
  19. Şəki xanlığının tarixindən. Bakı, 1958.
  20. Şirinbəy Hacıəli. Şimal – Qərbi Azərbaycan: İngiloylar. Bakı, 2007, 280 s.
  21. Всеподданнейший рапорт кн. Цицианова от 22 – го мая 1805 года, № 19 //Кавказской Археографической Комиссии, т. 2, Тифлис, 1868, док. 1436, 1238 с.
  22.  Гарабаг: Кюрекчайский договор – 200. Баку, 2005, 176  с.
  23.  Левиатов В. Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948, 227 c.  
  24. Отношение кн.   Цицианова к  кн.  Чарторыйскому, от 22 – го мая 1805 года, № 328 // Кавказской Археографической Комиссии, т. 2,  Тифлис, 1868, док. 1437, 1238 с.
  25.  Отношение кн.   Цицианова к барону Будбергу от 4 – го января 1807, № 1 //Акты Кавказской Археографической Комиссии, т.3, Тифлис, 1869, док. 492, 760 с.
  26. Письмо гр. Гудовича к барону Будбергу, от 21 – го августа 1806 года, № 21 // Акты Кавказской Археографической Комиссии, т.3, Тифлис, 1869, док. 606, 760 с.
  27. Osmanlı  belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
  28.  Osmanlı devleti ile Azerbaycan türk hanlıkları arasındakı münasibetlere dair arşiv belgeleri.(Karabağ – Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Re­­van, Kuba, Hoy) 1578 — 1914. I kitab. Ankara, 1992, 427 s.
  29.  İbrahim Yüksel. “Çarlık Rusiyasının Azerbaycanı istilası ve Osmanlı devletinin tutumu.” Kafkas araştırmaları. İstanbul, 1988, s. 25 – 39.




Günay Xaliq qızı Talıbova – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi

 

* Geniş məlumat üçün bax: Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009; Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010.

 

*Qarabağ xanı ailəsi ilə birlikdə qətlə yetirilən zaman onun arvadı Şəki xanı Səlim xanın bacısı Tuti bəyim də öldürülmüşdü.

Günay Talıbova

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2010, cild 32


1 Response for “Şəki xanlığı ilə Osmanlı münasibətləri”

  1. cok iy gercekden yaradana tessekurler memmed azeri

Leave a Reply