|

SƏFƏVİ-PORTUQALİYA MÜNASİBƏTLƏRİNİN ERKƏN DÖVRÜNDƏ HÖRMÜZ MƏSƏLƏSİ

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 3,00 out of 7)
Загрузка...

strait-of-hormuzGeostrateji məkanda yerləşən Azərbaycan qədim zamanlardan bir çox ticarət yollarının keçdiyi əsas ölkələrdən olmuşdur. Avropanı və Asiyanı birləşdirən müxtəlif cəhətlərdə yerləşən dövlətlərin tacir zümrəsinin qarşılıqlı tanıma prosesinin bir neçə minillik tarixi vardır. Əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq Avropa ölkələrində feodallaşma başa çatdı, sənətkarlıq kənd təsərrüfatından tam ayrıldı, bütün şəhərlər meydana gəldi, urbanizasiya prosesi dərinləşdi, bu proseslər genişləndi (1, 40). “Səfəvilər elə bir dövrdə hakimiyyətə gəlmişdilər ki, artıq beynəlxalq aləmdə ciddi, əsaslı dəyişikliklər baş vermiş avropalılar Hindistana yeni yol açmaqla tarixə ümumdünya səciyyə vermiş, Yeni Dünya nizamı kəskin dəyişməyə başlamışdı. Avropada baş vermiş hadisələr həm dövlətçiliyə, həm də beynəlxalq aləmə münasibətdə bu bölgədəki dövlətləri iki fərqli düşərgəyə parçalanmışdı. XVI əsrin əvvəllərində əsasən Azərbaycan və İran ərazilərini özündə birləşdirən güclü Səfəvi imperiyası bu baxımdan Avropanın bir sıra dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edirdi” (7, 119-120).
Antik dövrdə və orta sərlərdə dünya ticarət yollarında mühüm əhəmiyyət kəsb etmiş Hörmüz boğazının tanınması məsələsinin yüzilliklərlə bağlı olan tarixi vardır. Hörmüz boğazının Fars körfəzi ilə birbaşa bağlı olduğunu sübut edən ən qədim yazılı sənəd, e.ə. IV əsrə aiddir. Bu sənəd Makedoniyalı İsgəndərin dəniz donanmasının komandanı Nearxın adı ilə bağlıdır. Sənəddə Makedoniyalı İsgəndərin əmrinə əsasən Nearxın gəmilərlə Fars körfəzinə daxil olması göstərilir. Onun əsas yolu Mekran sahillərindən keçmiş Hörmüz limanına daxil olmuşdu. Həmin yüzillikdə Hörmüz boğazının adı “Barkan” idi. Bu faktı isə həmin sənəddə göstərilmişdir. Nearx qeyd etmişdi ki, o, bütün səyahəti zamanı “buradan daha yaxşı şəraitə malik olan su hövzəsinə rast gəlməmişdir” (11,34). Hörmüz limanının və ya boğazının yazılı tarixi Sasani hökmdarı Ərdəsir Babakanın hakimiyyəti zamanından məlumdur. Ərəb xilafəti dövründə, xüsusilə Abbasilər sülaləsi zamanında (750-1258) burada ticarət xeyli inkişaf etmişdi. İran alimi Ə.Vilayəti Hörmüz adası haqqında yazmışdır: “Hörmüz adası 8 əsrə qədər “Corun” adlandırılırdı və Hörmüz limanı Munab şəhəri yaxınlığında yerləşirdi. O, Kerman və Sistan (Kirman və Seistan) limanları sırasında idi və o qədər də mühüm əhəmiyyətə malik deyildi. İstəxri, Müqəddəsi və digər islam coğrafiyaşünaslarının çoxu bu şəhərin bünövrəsinin qoyulmasını Ərdəşir Batəkana aid etmişlər və onların dediyinə görə, bu liman buğdu, düyü, üzüm, xurma və əsil atların ticarət bazarı olmuşdur və hicri V əsrin (miladi XI əsr) sonlarında İran əmirlərindən bir neçəsi orada hökmranlıq etmişlər Hicri I əsrin sonları və 8-ci əsrin əvvəllərində (XIII əsr) Çığatay türklərinin həmləsi nəticəsində, Hörmüz limanının əmiri Mir Bahəddin Əyaz və bütün əhali oradan Corun adasına köçdülər və öz keçmiş vətənlərini yad etmək üçün onun adını dəyişib Hörmüz qoydular, orada yeni şəhər saldılar. Hörmüz adası bir neçə əsr müddətində beynəlxalq ticarət nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olmuşdur və onun əmirləri öz təsir dairələrini tədricən bura keçirməyə nail olmuşdular” ( 2, 44).
Hörmüzün Səfəvilər tərəfindən tutulması hadisəsini İsgəndər bəy Münşi belə təsvir edirdi: “Humayun məiyyətin İraqi-Ərəbə yürüşünün zikri, o vilayətin fəthi və baş verən (başqa) hadisələrin bəyanı:
O vilayətin fəthi belə olmuşdur: İraqı – Ərəb məmləkətlərinin əyanları sultan Murad əhvalatından xəbər tutduqda, türk əmirlərindən Barik adlı birisi o mülkü zəbt etdi və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun şahın da işıqlı beyninə yol açdığı üçün o, əvvəlcə Barik üçün zərlə işləmiş tac, kəmər və xüsusi xələt göndərdi, onu ibadətə dəvət etdi. Barik bir neçə gün dövlət xanlıq şüarını öz şüarı etdi. Humayun yürüşün o səmtə başlanacağı aydınlaşanda qaladarlıq ehtiyatı və sila-sursat toplamağa başladı. Şah Hüseyn bəyə lələni qoşunun münqəlayi edib, irəli yolladı. Hüseyn bəy Bağdadın iki mənzillik məsafəsinə çatdıqda Barik qorxuya düşdü.O vilayətin əksər əyanı şah Barjahın adamlarına itaətə meylləndi. Barik isə özündə qarşılaşma və qaladarlıq qüdrəti görməyərək, bir gecə gizlicə Dəcləni keçdi, sultan muradla birlikdə yorğun halda Hələbə qaçdı.”Lar və Hörmüz valilərinin elçiləri Xilafət” ehtişamlı saraya gələrək, layiqdi peşkəşlər təqdim etdilər, o məmləkətlərdə xütbəni və sikkəni Humayun Şəhriyarın adı və soyadı ilə bəzədilər”( 4, 69-72).
Venesiya səyyahı Mikele Membre Hörmüz adasına xüsusi diqqət yetirərək qeyd edirdi ki, “Hörmüz adası barədə deməliyəm ki, bu ada çox kiçik, quru və ağacsızdı. Adanın dənizin yaxınlığında İrana tərəf yerləşən yalnız bir şəhəri var. Beləliklə, bu şəhərdə içməli su olmadığna görə, suyun hamısı qayıqlarla materikdən gəlir və onlar suyu evlərindəki dolça və səhənglərin içərisində saxlayırlar. Bu şəhərdə, nə meyvə, nə də yeməyə bir şey bitir. Lakin bura İran, Bəsrə və Hindistandan hər şey gəlir. Hörmüzdə çoxlu balıq tuturlar. Mənə elə gəlirdi ki, burada iki min ailə var. Qala çox kiçikdir. O bir tərəfdən şəhər, digər tərəfdən dənizdə yerləşir. Onun çoxlu topu və ətrafında evləri var” (3,17 ).
Hörmüzün portuqallar tərəfindən tutulmasından sonra müəllif eyni adlı şəhərinin ödədiyi vergilər haqqında yazırdı ki, ”bu şəhərdə ildə Sufiyə( Səfəvi hökmdarı şah Təhmasib-A.Ö.) 3 yüz tümən, Portuqaliya kralına 4 min dukat xərac verən Hörmüz kralı yaşayır. Mavr olan bu kral Sufinin papağından qoyur (yəni ki, Təhmasib özü ona bu cür papaq vermişdi, yəni ondan asılı olan vassallığa qəbul etmişdi-A.Ö.). Bu şəhərin əhalisi mavrlar, azacıq sayda portuqallardır”( 3 , 76). M.Membre ticarətdə Hörmüzdə istifadə edilən pulu, üzərində Hörmüz kralının yazıları olan, onların təngə adlandırdıqları kiçik, uzunsov gümüş sikkələr olduğunu bildirirdi(3 , 77). Əslində bu sikkə Şah I Təhmasibin pul islahatından sonra dövriyyəyə buraxdığı «şahı»dır. Əsərdə müəllif Səfəvi dövlətini Sufinin torpaqları, Əcəm; Osmanlı ərazilərini Böyük Türkün torpaqları adlandırır.
Venesiyalı Vinçenso Alessandrinin xatirələrində əsasən sufi xanədanın, yəni səfəvilər imperiyasının yaranma tarixində Şah I İsmayıl, I Təhmasib və onların varisini, dövlətin sənədləri, vergi sistemi, saraydaxili münasibətlər və digər məlsələlər öz əksini tapmışdır. Müəllif səfəviləri erkən yarandığı illərdə ticarət yolları haqqında qeyd edirdi ki, “Hələbdən keçən yol indi istifadə edilmədiyindən, Hörmüz vasitəsilə gedən ticarətə heç kim nəzarət etmir. Mallar hələ də quru ilə İstanbula gedir və oradan da Moldaviyaya (yaxud Boqdaniyaya) aparılaraq, Polşa, Danimarka, İsveç və digər yerlərə paylanır” ( 3, 92).
Bir çox tanınmış dünya tarixçiləri Hörmüz boğazını – Fars körfəzini “Böyük ipək yolundan” geridə qalmayan əhəmiyyətli su yolu kimi qələmə almışdılar. Məşhur səyyah Marko Polo 1272-1293-cü illərdə Hörmüzdə olmuş burada ticarətin vəziyyətindən, satılan mallar barədə maraqlı məlumatlar vermişdir(10, 23-27 ). Avropalılardan 1497-ci ildə Vasko Da Qama bura daxil olmuş ondan 10 il sonra portuqaliyalı Alyonso de Albukerk Hörmüzə hücum etmişdi.
Beləliklə, 1507-1508-ci illərdə Hörmüzdə baş verən tarixi hadisələri tam olaraq təsvir etmək üçün buranın XVI-XVII əsrlər tarxinin araşdıran alimlərindən portuqaliyalı Luis Hüseyranın fikirlərindən başlamağı olar:
«XV əsrin ağır missiyasının Avropanın XVI əsrinə keçidinin, yəni tarixin keçiş nöqtəsində üç insan – Vasko Da Qama, Alfonsu de Albukerki, Françesku seçilmişlərdən olmuşdular. Bunlardan birincisi Uzaq Şərq torpaqlarına dənizlərlə yolu tapmalı, ikincisi Portuqaliyanın dənizlərdəki ağalığının əsas özülünü yaratmalı, III – Portuqaliya Şərq imperiyası yaratmalı idi. Bu dahilər, güclü insanlar XVI yüzilliyi bizim tariximizin möhtəşəm dövrünə çevirməli idilər» (14, 51).
Bunlardan Alfonsu de Albukerki 1507-1508-ci illər Hörmüz hadisələri ilə birbaşa bağlıdır. Portuqaliya kralı V Alfonsun müşaviri Qonsela de Albukerki və Leonora de Menezisin oğlu konkistadorluqla məşğul olan Alfonsu de Albukerki 1462-ci ildə anadan olmuşdu. Təhsilini kral sarayında alan bu şəxs şahzadə Juanın qoşunları sırasında hələ çox gənc yaşlarında Toro yaxınlığında olan döyüşlərdə iştirak etmişdi. Sonralar şahzadə hakimiyyətə gəldikdə o, atlı qvardiyasının zabiti kimi, özünün şəxsi silahdaşıyıcısı qismində Mərakeşdə (Arsildə) xidmət etmiş və 1503-cü ildə Hindistanda portuqalların Kəlküttədə Koçin və Kulan adlı ticarət faktoriyalarının qala tikintilərinə qarşı üsyan qaldıran yerli əhaliyə qarşı döyüşlərdə xüsusi olaraq seçilmişdi.
Bu hadisələr haqqında onun məktubları əsasında oğlu Braz de Albukerkinin yazdığı «Комментарии великого Алфонсу де Албукерки» adlı kitabda məlumat vardır. “Atamın kral Manuelə yazmış olduğu məktubda yazılmışdı: Koçində qalanın tikilməsinə kral Manuel əmr etmişdi. 1504-cü ildə Portuqaliyaya qayıdanda o, kralı Hindistanın vəziyyəti ilə tanış edir və xüsusilə yerlilərə Malabar sahillərinin sahibləri olmasına mane olmağı məsləhət görmüşdü( 15,7).
1506-cı ildə o, ikinci dəfə Triştan da Kunyanın rəhbərliyi ilə təşkil edilən hərbi ekspedisiyanın tərkibində kapitan vəzifəsində Hindistana yola düşmüşdü. Araşdırmalara görə, Albukerki kralın gizli əmrini də özü ilə aparırdı. Bu sənəddə o, Hindistandakı Portuqaliyanın vitse-kralı Françesku de Almeydanın varisi elan edilmişdi. 1508-ci ildən sonra Albukerki komandiri olduğu gəmilərlə qəfildən yolunu dəyişib, Fars körfəzinə hərbi ekspansiyaya yollanmışdı. Yol boyu Kalamat, Kuriat, Maskat, Soar, Orfasanı işğal edərək, Hörmüz limanına daxil olmuşdu. Hörmüz hökmdarı müqavimət göstərmədən özünü Portuqaliyanın vassalı olduğunu elan etmiş və hər il 15 min qızıl serafim(Portuqaliyanın həmin dönəmdəki pul vahidi-A.Ö.) dəyərində xərac ödəməklə kral hakimiyətini qəbul etmişdi. Hörmüzün işğal edilməsi Albukerkinin öz qərarı olmamışdı. Bu barədə portuqaliyalı tarixçi Qaspar Koreyinn məlumatlarında, onun kral Manuelin əmrini yerinə yetirməsi barədə sənəd vardır (16, 66-80).
1507-ci ilin 26 sentyabr tarixində Albukerki Hörmüzdə qala tikitisinə bağlamışdı. Amma onunla birgə bura daxil olan digər komandirlər, matroslar, həmçinin viste-kral onu bu işdən çəkindirməyə cəhd göstərirlər və səlahiyyət çərçivəsindən kənara çıxmamağı tələb edirlər. Buna baxmayaraq, öz şəxsi planlarını həyata keçirmək uğrunda o, hətta həmyerlilərini və silahdaşlarını nəzərə almadan bəzi müxalif qüvvələri Hörmüzdən qovur. Bu zaman vitse-kral qalaya hücum əmri verir. Ağır döyüşlərdə bir neçə zabit tərəfindən satqınlıq baş verir və Albukerki öz həmyerlilərinə uduzur. O, həbs edilir, «Hörmüzün kralı» olmaq arzusuna görə hakimiyyətə qarşı günahlandırılır. Öz növbəsində Albukerki vitse-kral Françisku de Almeydanı Hörmüz boğazının və ümumilikdə, Fars körfəzinin hakimiyyətindən çıxmasında, həmçinin şəxsi zəmində onunla kral arasında konfliktin yaradılmasında ittiham edir. Öz çıxışının sonunda məhkəmədə “məni sizin rəqibiniz kimi qələmə verdi” deyərək bütün olan hadisələrdə Françiskunu günahkar elan etmişdi. 1508-ci ilin dekabrında kralın ona verdiyi təlimata uyğun olaraq Kananar şəhərinə daxil olduqda o, vitse-kralı əvəz etməyə cəhd göstərmişdi. Bu zaman yenidən Françisko onu həbs etmək əmrini vermişdi. Lissabondan bu hadisələrin yerində həll edilməsi üçün göndərilən marşal Fernando Koutinyu kralın əmri ilə, nəhayət ki, 11 aydan sonra 1509-cu ilin noyabrında onu Hindistanın vitse-kralı elan edir.Hindistanda Portuqaliyanın birinci vitse-kralı Françesku de Almeyda Şərqin tam olaraq idarə edilməsində «dənizlərdə hakimiyyəti əldə saxlamaqla Hindistanı da saxlamaq mümkündür» şüarını həyata keçirirdi (14, 451; 5, 199). Onun əksinə, Albukerki hesab edirdi ki, yalnız hərbi gəmilərlə Hind okeanını və ətrafını nəzarətdə saxlamaq mümkün deyildi (17,402). Əslində Albukerki Portuqaliyanın Asiya və Afrikadakı ticarət əlaqələrində, o cümlədən Hörmüzdə yerli hakimlərdən asılılığı tamamilə aradan götürmək yollarını təklif edirdi. Belə ki, yerli hakim qüvvələrin rəsmi icazəsi olmadan portuqaliyalı tacirlər alver edə bilməməklə bərabər, həm də gəmilərin limanlara daxil olmasına, mallarının saxlanılmasına, anbarlardan istifadə etməyə icazələri yox idi. Bu isə ilk işğal dönəmlərində Portuqaliyanın xeyli maliyyə itkisinə gətirib çıxarırdı. Albukerkinin yeni konsepsiyasının mahiyyəti ticarətin tam asılılıqdan çıxması, yerli hakimlərin bütün gəlir mənbələrinin əlindən aılnması demək idi. Bu konsepsiyanı həyata keçirməyin ən optimal yolunu Albukerki işğal etdikləri məkanlarda, o cümlədən Hörmüzdə, yenidən və fərqli “nöqtəvari işğal” yolu ilə sahillərdə, boğaz və limanlarda ələkeçməz dərəcədə möhkəm müdafiə sisteminə malik olan qalaların tikilməsi ideyasını irəli sürmüşdü (15,52;16,66).Bununla da şərqdə böyük Portuqaliya imperiyasının yaradılması üçün ilk Hörmüzdən başlayaraq, Qoa, Diu, Ədən, Köçin və Kananoredə qala tikintisini təklif etmişdi. Bu yeni tikililər – qalalar sisteminin mərkəzini Qoa elan etmək fikrində olmuşdu (13, 222; 9,111).
Bartolomeo Diasın 1488-ci ildə Ümid burnunu kəşfinə qədər, Fars körfəzinin girişini nəzarətdə saxlayan Hörmüz adası dünyanın ən iri ticarət mərkəzlərindən biri hesab edilirdi. Hörmüz Səfəvi imperiyasının strateji məkanlarından biri olaraq, həmişə avropalıların diqqət mərkəzində olmuşdu. Hərbi işğallara qədər Portuqaliyanın hakim dairələri Şah I İsmayıldan orada qala tikintisi üçün icazə almağa dəfələrlə cəhd göstərmişdilər. Onlar başa düşürdülər ki, əgər Hörmüz Portuqaliyanın rəqiblərinin əlinə keçsə, portuqalların Ümid Burnu ətrafından keçən əsas ticarət yolunu kəsərək, Hindistandan Avropaya və əks istiqamətə aparılan bütün yüklərə də nəzarəti itirə bilərlər. Bu cəhdlərin II səbəbi Hörmüzün beynəlxalq ticarət mərkəzi statusunda Səfəvi imperiyasının ən iri bazası olması ilə əlaqədar olmuşdu. Buradakı bazar bütün səyyahların marağına, həmin dövrün nüfuzlu insanlarının həyat tərzində “gizlətmədikləri qibtə hissinə” çevrilmişdi?
Beləliklə, Lissabon Təbrizdən qala tikintisi üçün bütün diplomatik vasitələrdən istifadə etdi. Bunun üçün, hətta səfəvilərə «ömürklük» dostluq belə təklif edilmişdi. Şah I İsmayıla Səfəvi dövlətinin vaxtı gəldikdə , lazım olduqda Portuqaliyanın qüvvələrindən Osmanlı imperiyasına qarşı mübarizədə yararlanmasını belə təklif etdilər (18,43;19,223-225). Əslində XVI əsrin əvvvəllərində Hörmüz Səfəvi imperiyadakı müdafiə sisteminin zəif bəndlərindən biri olaraq Hind okeanı hövzəsində hər zaman osmanlılar tərəfindən zəbt edilə bilərdi.
Beləliklə, 1525-ci ilin mart ayının 26-da Hindistanın vitse-kralı Alfonsu de Albukerki Fars körfəzinə ikinci dəfə daxil oldu və Hörmüz adası, limanla birgə məşhur konkistadorlara tam olaraq, təslim oldu. Hörmüz hakimi 1508-ci ildən sonra ödəmədiyi xəracı belə toplam olaraq portuqallara verməyə razı oldu.
Portuqaliyanın Hindistana yolu tutması barədə Vilayəti qeyd edirdi ki, «Don Emmanuel Kasitiliya kralı Ferdinanda yazdığı məktubda Portuqaliyanın Hindistan torpağına və sularına 5 dəfə qoşun çəkdiyindən söz açmış və orada Aqromozo (Hörmüz) və Culfar adalarına işarə etmişdi. Bu məktubdan məlum olur ki, portuqaliyalılar Fars körfəzi məntəqəsi haqqında o qədər də çox coğrafi məlumata malik olsalar da, Hörmüz adasını mirvari toplamaq mənbəyi olduğuna görə tanıyırdılar. Məktubda Hörmüz adasının mirvaridən başqa, həm də sağlam vücudlu atlarının olması da diqqəti cəlb edir fikri də maraqlıdır. Məktub 9 noyabr 1503-cü ildə yazılmışdı” ( 2, 65).
XV əsrin sonlarında Hindistana dəniz yolunun kəşf edilməsi kimi mühüm hadisə, Avropanın bu ticarətə birbaşa çıxışı olmayan digər dövlətlərini yeni yollar axtarmağa məcbur etdi. Bu yollardan biri Şərqi Avropanı keçməklə Ağ dənizdən başlayan Şimali Dvin çayına, Volqa çayını və Xəzər dənizini keçməklə Azərbaycandan İrana, oradan isə Hindistana gedən ticarət yolu idi. Həmin dövrdə böyük həcmdə ipəyin istehsal olunduğu Azərbaycan və İran beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edirdi. XVI əsrin əvvəllərində Azərbaycanda iri şəhərlərində qızğın ticarət gedir və bu şəhərlərdə xarici ölkələrdən gəlmiş tacirlər məskən salırdılar.
Beləliklə, XVI əsrin beynəlxalq siyasət və ticarət sistemində Azərbaycan Səfəvilər imperiyasının xüsusi yeri var idi. Həmin dövrdə bu imperiya beynəlxalq proseslərin mühüm subyektlərindən olmuşdu. Lakin malik olduğu önəmli strateji və iqtisadi mövqeyə baxmayaraq, yaranmış geosiyasi vəziyyət bu imperiyanı Avropa ölkələri ilə birbaşa qarşılıqlı əlaqələrdən müəyyən qədər məhrum etmişdi.
Böyük coğrafi kəşflərə qədər dünyanın intensiv işlək vəziyyətdə olan ticarət xətti Aralıq dənizi hövzəsində yerləşmişdi. Burada Ön Asiya şəhərlərini xüsusi qeyd etmək lazımdır. Şərq-Qərb istiqamətində qədim mədəniyyətlər mərkəzləri olan Çin, Hindistan, Mərkəzi Asiya öz satış mallarını Həştərxan-Xəzər dənizi, oradan Kür çayı ilə Qara dənizə, oradan Avropanın qədim gəmiçilik və su ticarəti mərkəzi hesab edilən venesiyalıların məşhur karavella qaler adlı iri yük tutumlu ticarət gəmiləri ilə Avropa ölkələrinə göndərirdilər. Bu ticarət yolunun XIV əsrin sonunda iflasa uğradılmasında Əmir Teymur müəyyən işlər gördükdən sonra, daha dəqiq Qızıl Orda xanı Toxtamışı təqib edərkən 1335-ci ildə Həştərxanın dağıdılması ilə, yolun istiqaməti birbaşa Azərbaycan ərazisinə yönəldi. 5 ildən sonra yenə də fateh Əmir Teymurun Bağdadı dağıtması ilə Təbrizin ticarət yollarındakı əhəmiyyəti yenidən artdı. Bu tarixi yüksəliş Fateh II Mehmetin (1451-1481) Konstantinopolu tutaraq, Bizans imperiyasını ələ keçirdiyi zamana qədər davam etdi. Bununla da, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya-Çin-Hindistan arasında olan ticarət yolu əlson 200 ildəki nailiyyətlərini itirdi. Aparılan siyasət nəticəsində Azərbaycan Ağqoyunlu dövləti XV əsrin II yarısında bu yönümdə mühüm nəticələr əldə etdi; yenidən Azərbaycanın Avropa və digər xarici ölkələrlə əlaqələri genişləndi. Azərbaycanın beynəlxalq əhəmiyyətli quru karvan yollarının üstündə yerləşən Şamaxı, Culfa, Təbriz, Dərbənd kimi şəhərlərinin yeni yüksəlişi başladı. Ağqoyunlu dövlətinin Trabzon imperiyası ilə olan əlaqələri əslində Avropaya çıxışın xeyli asanlaşdırılması demək idi. XVI əsrin əvvəllərinə Ağqoyunlu dövlətindən Səfəvilərə vacib iki böyük ticarət yolu miras qalmışdı. Bunlardan birincisi, Cənubi Azərbaycan torpaqlarından keçən Təbriz-Trabzon-Hələb-Beyrut-Dəməşq-Konya-Bursa-İstanbul və oradan şimala Avropaya yönələn yol; II Volqa-Xəzər su yolu ilə Şərqi Avropaya uzanan ticarət yolu idi. XV əsrin I yarısına qədər I yol dünya əhəmiyyəti kəsb edirdisə, İstanbulun fəthindən sonra II yol – şimal yolu daha da aktivləşir və əslində Azərbaycan xalqının tarixində ilk dəfə Şərqi Avropa ilə əlaqələr güclənməyə başlayır və deməli, müasir Şimali Azərbaycanın Şərqi Avropada güclənməkdə olan Rusiya-slavyan dövləti ilə əlaqələrinin hərtərəfli iqtisadi, siyasi, mədəni əlaqələri formalaşmağa doğru yönəlir. XVI əsrin əvvəllərində Səfəvi dövlətinə müəyyən qədər işlək vəziyyətdə olan, amma mübahisələr, münaqişələr məkanı olan III yol fiziki baxımdan quru və su yolu olaraq – Hindistanın ədviyyatlarını Azərbaycana çatdıran Hörmüz-Şiraz-Rey-Təbriz-Trabzon xətti olmuşdu. Buradan gətirilən və aparılan, yəni alınan və satılan bütün şərq və qərb mənşəli mallar Trabzon və Kaffada cəmləşirdi. Oradan Portu adlanan – Avropanın qapısı olan İstanbula, Avropaya yayılırdı. Bu yolda ən mühüm və ən təhlükəsiz, ucuz su yolları boğazlardan — Bosfor, Hörmüzdən keçirdi. Bu zaman göstərilən Avropa- Asiya ticarət yolunda Bosfordan sonra II dərəcəli əhəmiyyət Hörmüz boğazına aid idi, Hörmüz Səfəvilər dövlətinə aid olan mühüm keçid rolunu oynayırdı. Təbrizdən gələn və ora gedən quru yolunun cürbəcür xətlərindən xüsusi olaraq Təbriz-Bursa İstanbulu göstərmək lazımdır( 8,20).
1515-ci ildən başlayaraq Hörmüzdə portuqalların gömrük sistemi Hindistanla Səfəvi və Osmanlı imperiyaları arasında olan ticarətdən xeyli gəlir əldə etdilər. Bütün yüzillik ərzində bu gəlir Portuqaliya dövlətinin xəzinəsinin əsas gəlir mənbəyindən birinə çevrildi. Göstərilən faktı sübut edən sənədlər sırasında Albukerkinin kral Manuelə yazdığı məktublarından birində (1515-ci il 22 sentyabr tarixli) xüsusi olaraq «portuqalların Hörmüzdə xeyli sahəsi olan Səfəvi torpaqları və Ərəbistanda at alverindən olan gəlir haqqında» yazmışdı ( 15, 34 ).
Bu məktubda Albukerki portuqalların Hörmüzlə, eyni vaxtda, həm də onun yerli hakiminə aid olan digər yerlərə də nəzarət etməyi göstərirlər. Bu o deməkdir ki, Hörmüzün həmin illərdəki yerli hakimi yalnız formal olaraq statusunu və titulunu saxlaya bilmişdi. Əslində Hörmüz Portuqaliya protektoratı- müstəmləkəsinə çevrilmişdi. Nəhayət ki, uzun illərdən sonra portuqallar Hörmüzdə qala tikərək öz arzularını reallaşdırmağa başladılar. Tikdirdikləri güclü qalada çoxsaylı və yaxşı silahlanmış hərbi qarnizon yerləşdirdilər. Alqı-satqıya yönələn bütün əşya və mallardan 10 % gəlir vergisi tuturdular. Bundan başqa, hərbi gəmilərin saxlanılması məqsədilə 1%, gəlirlərin 1 %, müsəlman, yəhudi və erməni mənşəli tacirlərdən əlavə olaraq 3 % vergi yığılırdı. 1517-ci ildə portuqallar Bəsrə ilə ticarət əlaqələri yaratdılar. Bəsrə Dəclə çayının mənsəbində yerləşir. Müsəlman şəhəri olmasına baxmayaraq, portuqallarla intensiv ticarət əlaqələri yaratmışdılar. Onlar bir-birindən daha çox at, silah, partlayıcı maddə (porox), gəmi quraşdırılması üçün daha çox ağac alveri edirdilər(15, 34).
Roma papasının qərarlarının birində həmin yüzillikdə müsəlmanlara məhz adı çəkilən malların satılmasına Avropanın xristian dövlətlərinə veto-qadağa qoyulmuşdu. İstisna yalnız Portuqaliyaya aid edilmişdi(11). Bunun səbəbi Hindistanın Portuqaliyanın əlində olması ilə bağlı olmuşdu. Bundan başqa, Hörmüz Portuqaliyanı Qırmızı dəniz sahillərinə hərbi ekspansiyasının əsas dayaq nöqtəsi rolunu oynayırdı. 1521-ci ildə müsəlmanlar ilk də Hörmüzü portuqallardan azad etmək cəhdi göstərdilər. Hörmüzün hakimi Bəhreyn adasındakı üsyan səbəbindən xərac verməkdən imtina etdi. Portuqaliyanın 400 nəfərlik cəza dəstəsi Antoniu Korreyanın başçılığı ilə bu adanı işğal etdiyi və üsyanı xüsusi qəddarlıqla yatırmasına baxmayaraq, həmin ilin son aylarında Hörmüz şəhərində narazılıqlar başladı. Eyni zamanda Hindistanda və Cənub Şərqi Asiyada portuqaliyalılara qarşı hücumlar gücləndi. Sağ qalmış portuqal əsgərləri Hörmüz qalasında gizlənmək məcburiyyətində qaldılar. Portuqalların yeni qüvvəsi Luis de Menezisin üsyanları yatırmaq üçün göndərilən hərbi gəmilərinin döyüşlərindən sonra Hörmüzdə müqavimət sındırıldı və yerli hakim şəhərə qayıtdı. Bu zaman müsəlmanlar arasında qanlı qarşıdurmalar başladı. Yalnız iki ildən sonra 1525-ci ildə Hörmüzdə və onun ətrafında olan bu qarşıdurmalara son qoyuldu və alınan xərac 60 min qızıl serafinə qədər artırıldı. Bu illərdə Hörmüz limanına qış aylarında dincəlmək üçün Portuqaliyanın hərbi eskadriyası tez-tez yerləşməyə başladı. Bu gəmilər hər il dəfələrlə Qırmızı dənizinin girişində yerləşərək, müsəlmanların ticarət gəmilərinə hücum edərək, soyğunçuluq edir və oğurladıqları malları Hörmüz bazarlarında satırdılar. Portuqaliya bu illərdə tez-tez Hörmüzün yerli hakiminə qarşı çıxmağa cəhd göstərən digər adaların əhalisinə qan udduraraq, həm də sadə bir “fiqur” kimi yerində qalan bu hökmdarı müdafiə edirdilər. Yerli xüsusiyyətli konfliktləri həll edən portuqal işğalçıları əslində öz gəlir yerlərini, yəni mənafelərini hər kəsdən qoruyurdular(6,32).
Portuqaliyanın «forpostu», dayağı olan Hörmüzün bu əlaqələrin güclənməsində mühüm əhəmiyyəti vardı. Eyni rolu bir neçə ildən sonra Bəsrə yaxınlığında yerləşən Qizar vilayətinin hakiminə qarşı istifadə edildi. 1529-cu ildə Beliorra de Souzun başçılığı altında az sayda hərbi eskadra Bəsrə hakimini qarşı yönəldərək, onu da portuqalların xeyrinə ticarətə cəlb etməyə məcbur etdi. Keçirilən hərbi müdaxilədən sonra Bəsrə hakimi portuqallara 7 fusta – yəni xüsusi yelkənli gəmiləri verməkdən imtina etdi. Belə olduqnda portuqallar 300 nəfərin ölümü ilə nəticələrin yanğın törətdilər. Bu vəhşi «yandırılma» üsulu portuqalların Şərq ölkələrində həyata keçirdikləri üsullardan biri olmuşdu. 1529-cu ildə Hörmüzə Hindistandakı Portuqaliyanın yeni vitse-kralı, qubernatoru Nunu da Kunya qışlamağa gəlmişdi. O, yerli əhalinin portuqallara qarşı olan çıxışlarına bəhanə gətirərək, Hörmüzdən alınan illik xəracı 80 min serafimə qaldırdı. Əsas məqsəd yerli hakimi və ümumiyyətlə, əhalinin gəlirlərini tam olaraq ələ keçirmək olmuşdu. Vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, on il ərzində xərac ödəmək üçün heç nə olmadı və portuqallar bütün işləri, o cümlədən yerli əhalinin bütün gəlirlərini nəzarətə götürdülər.
Bütün göstərilən səbəblərə görə, həm də kiçik bir ərazidən götürdükləri külli miqdarda gəlirlərə görə, pортугаллар Щюрмцз щаггында belə fikir yürütməyə başladılar: “Яэяр дцнйа бир цзцк олсайды, Щюрмцз онун алмазы ола билярди” (7, 32;9,33).
Hörmüz portuqalların Hindistana yönələn okean yolunda başlıca məntəqə rolunu oynayırdı. Bu məntəqəyə sahib olmuş portuqallar Hindistan və Səfəvilər arasında gedən bütün okean ticarətini də keçirmək və səfəviləri bu ticarətdə özlərindən asılı hala salmaq istəyirdilər. Həmin ticarət öz həcminə görə çox böyük idi. O, zamanında Səfəvilərə hədsiz dərəcədə gəlir gətirirdi. Başlıca gəlir mənbəyi Hindistandan daşınan cürbəcür əmtəələr və ədviyyat idi. Qeyd etmək lazımdır ki, Portuqaliya Hörmüzü ələ keçirdikdən sonra hind tacirlərinin Səfəvi dövləti ərazilərinə gətirdikləri ədviyyatın həcmi kəskin şəkildə azaldı (7, 114-115; 5, 256).
Beləliklə, XV əsrin sonlarında — XVI əsrin əvvəllərində okean ticarətinin yaranması beynəlxalq əlaqələrdə Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən önə çıxardı. Okean ticarətindən kənarda qalmış Avropa dövlətləri Azərbaycanla əlaqələr hesabına özlərinin iqtisadi maraqlarını təmin etməyə, Hindistana çıxış yolu əldə etməyə, okean ticarətində inhisarçı mövqeyi əvvəllər ələ keçirmiş Avropa dövlətləri isə Azərbaycan Səfəvi dövləti ilə siyasi əlaqələr qurub onunla birgə özlərinin ən güclü rəqibi olan Osmanlı imperiyasına qarşı çıxış etməyə çalışırdılar. Azərbaycan Səfəvi dövlətinin maraqları da onların maraqları ilə üst-üstə düşürdü. XVI əsrin əvvəllərində Portuqaliyanın Hind okeanında ekspansiyası Asiya miqyaslı ticarətin quruluşuna ciddi təsir göstərə bilmədi. Hətta XV əsrin sonlarında Afrikanı əhatə etməklə, Hindistana gedən ticarət yolunun avropalılara məlum olması Osmanlı imperiyası əraziləri vasitəsilə Levanta uzanan ticarətin əhəmiyyətini azalda bilmədi. Hindistana dəniz yolunun avropalılar tərəfindən mənimsənilməsi tezliklə müsəlman dövlətlərinin maraqlarına mənfi təsir göstərdi. Məhz həmin dövrdən etibarən Avropa kapitalizmi islam dünyasını özünün müstəmləkə sisteminin ucqarına çevirdi.Bütün bu tarixi hadisələr sırasında Azərbaycan Səfəvi dövlətinin önəmli bir hissəsi olan Hörmüz məntəqəsinin işğal edilməsi, 100 il ərzində Portuqaliyanın müstəmləkəsinə çevrilməsinin də mühüm rolu olmuşdur.

Ədəbiyyat
1. Mahmudov Y. Azərbaycan diplomatiyası (Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklərdə). Bakı, “Azərbaycan diplomatiyası” jurnalının nəşri, 289 s.
2. Əli Əkbər Vilayəti. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı, 1999, «Əlhudə» nəşriyyatı, 421 s.
3. Venesiyalılar Şah I Təhmasibin sarayında ( Mikele Membre və Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər O.Əfəndiyevindir. Bakı, Təhsil, 2005, 127 s.
4. İsgəndər bəy Münşi «Dünyanı» bəzəyən Abbasın tarixi. Fars dilindən çevirən t.e.d., prof. Şahin Fərzəliyev. «Şərq-qərb» nəşriyyat evi, 2010. Bakı, 1144 s.
5. Антонова К.А., Бонград-Левин Г.М. Котовский Г.Г. История Индии. М., 1979, 299 с.
6. Бодянский В.А. Бахрейн. К истории Персидского залива. М.: Наука, 1962, 161с.
7. Туманович Н.Н. Европейские державы в Персидском заливе в XVI-XIX вв. М.: Наука, 1982, 188 с.
8. Лангенбек В. История мировой торговли. Пер. Ф.Капелюшя. М.-Л. Госуд. Изд-во, 1-я Образцовая тип. в Москве, 1927, 155 с.
9. Хазанов А.М. Восток глазами востоковеда. Ч. 1., М., 195, с. 111).
10. Книга Марко Поло. Перевод со старофранцузского текста И.П.Минаева. М., 1955, 60с.
11. Луцатто Дж. Экономическая история Италии. Античность и средние века. М., 1954, 235 с.
12. Пах Ж. Восточная Европа и начальный период современной международной торговли в XV в. М., 1870, 45 с.
13. Deanvers Ch. The Portuguesse in India. London, 1894, vol. 1, p.222;
14. Teixeira L. Pequena cronica da İndia. Lisboa, 1954, р. 20
15. The Commentaries of the Great Alfonso d’Albuquerque. London, 1875, p.52
16. Dicionario de historia dos descobrimentos Porty guesos, vol.1, Lisboa 1994, p.34
17. Portugueses en Mogambique e na Africa Central, 1497-1840, Lisboa, 1962, vol.III, doc 71, p.402
18. Robert B. The Portuquesse of the South Arabian Coast: Hadramai Chroniches Oxford: Clarendon, 1963, p.43.
19. Balley Wallus Diffle and Perge D. Winius. Foudations of the Portuguese empire 1415-1580. Europe an the World in the Age of Expansion. Vol. I, Minnesota, 1977, р. 268.

Açar sözlər: şəhər-liman, işğalçılar, Hindistana yolun əvvəli,ticarət yolları.
Ключевые слова: порт-город, завоеватели, начало дорог в Индию, торговые пути.
Keywords: the port city, conquerors, the beginning of roads in India, trade ways.

РЕЗЮМЕ
В эпоху Великих Географических открытий территория Азербайджанского государства Сефевидов занимала особое место во взаимоотношениях различных европейских стран и государств. Самой первой «горячей точкой» стал перешеек Ормуз, который входил в указанное время в состав Сефевидского государства. Португалия, изучив восточные страны, впервые поняла значение этого пункта в системе международных торговых путей, соединявших Индию с европейскими странами. Португалия, захватив различными путями этот пункт, осталась в Ормузе около 100 лет. Но до полного завоевания Португалия преодолела множество «препятсвий» в своем пути. Одним из главных «препятствий» на этом пути были юридические и фактические хозяева Ормуза-Сефевидские шахи.

SUMMARY
During Great Geographical discoveries the territory of the Azerbaijani state Sefevidov held a specific place in relations between various European countries and the specified state. So, very first «more hotly the point» was port and an isthmus of Ormuz which at the appointed time находиласт as a part of this state. Having studied east countries of Portugal for the first time understood value of this area to a vsistema of the international trade ways, connecting India with vosty, and from there and the European countries. Having taken various ways Portugal remained in Ormuz околдо 100 years. But to a polny gain Portugal overcame sets of obstacles in the way with many countries and including with legal and actual owners of Ormuza-Sefevids.

ANAR ÖMƏROV, Bakı Dövlət Universiteti

«Geostrategiya» jurnalı № 06 (36) NOYABR-DEKABR 2016

http://az.strategiya.az/index.php?do=xeber&id=78802

Leave a Reply