|

Qərb Azərbaycanda dindarlarla manipulyasiyaya çalışır

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

Gülnara İnanc

`Ethnoglobus.az` Beynəlxalq online informasiya analitik mərkəzinin və 

Rusiyanın «Lev Gumilyov » mərkəzinin Bakı nümayəndəliyinin direktoru

 

Oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkədəki siyasi qüvvələri aktivləşməyə məcbur edir. Həm xarici, həm də seçkilərdə iştirak etməyi nəzərdə tutan daxili siyasi qüvvələr İslam amilinə istinad etmək cəhdləri, siyasi İslamın aktivliyi müşahidə olunur.

Mövzunu Rusiyanın «Lev Qumilyov» mərkəzi üçün eksklüziv müsahibəsində Azərbaycan İslam Partiyası sədrinin (AİP) siyasi məsələlər üzrə müavini  Hacı Akif Heydərli  şərh edir.

-AİP prezident seçkilərinə necə hazırlaşır?

Parlament və prezident seçkiləri hər bir siyasi partiyanı düşündürən və ciddi hazırlıq görməyi tələb edən  siyasi-ictimai hadisədir. AİP də tərəfdarlarını xalqımızın bu taleyüklü məsələsinə hazırlaşdırır.

Bu ərəfədə bəzi partiyalar imitasiya xarakterli struktur dəyişiklikləri aparır. Siyasi  partiyaların ictimai fikrə təsiri olmadığı təqdirdə gəlişigözəl bəyanatalara daha çox yer verirlər, bununla mətbuat vasitəsilə cəmiyyətin diqqətini cəlb etməyə çalışırlar.

Azərbaycandakı siyasi partiyaların və onların nümayəndələrinin bir qismi  müxtəlif  cəbhələrdə, bloklar və ya partiyalar daxilində  əvvəllər də prezident və parlament seçkilərində iştirak ediblər. Onlardan bir qismi iqtidarda da olub.

İndiki hakimiyyətin də ictimai rəyi öz xeyrinə yönəltməyə çalışan imitasiya xarakterli  yolçəkmə, strateji əhəmiyyətə malik olmayan və ya insanların sosial həyat tərzinə  nəzərəçarpacaq dərəcədə müsbət təsir etməyən yeni obyektlərin inşası, təmtəraqla istifadəyə verilməsi hakimiyyətdə dayanmaq maraqlarından başqa bir şeyə xidmət etmir, imitasiya xarakterlidir.” “Quruculuq işləri” daha çox  dövlət büdcəsinin talanması üçün şərait yaratmaqla, həm də milli sərvətin əlavə və ucuz  xərclənməsi hesabına başa gəlir.  Amma reallıqda ölkədə vətəndaşların adi insani hüquqlarının məmurlar tərəfindən aşkarcasına pozulması və ali hakimiyyət orqanlarının belə haqsızlıqları dəstəkləməsi,  ciddi ölçülərin götürülməməsi onu deməyə əsas verir ki, iqtisadi inkişafı şərtləndirilməli belə amillər əslində xalqın maraq və mənafeyinə xidmət etmir.

Qeyd etməliyəm  ki, Azərbaycan xalqı  15 il əvvəlkindən fərqli düşünür və bir  qədər də demək olar ki, siyasiləşib. Bu, əlbəttə tarixi zərurətdən doğur. Demokratik prinsiplərin əsas aparıcı amili xalq hakimiyyətidir. Əvvəllər xalqımız çox aldadılıb.  Nəticədə seçkilərdən əvvəl insan haqları, vətəndaş hüqüqları barədə verilən vədlər həyata keçirilməyib. Bütün bunlardan nəticə çıxarmayana qədər xalq dövlətin və hakimiyyətin  mənbəyi, sahibi  olmaq kimi zəruri prinsipial mövqeyini geri qaytara, reallaşdıra bilməz.

Təəssüf  ki, müxalif partiyalar cəmiyyətin  narazı  üzvlərinin arxasınca  qaçmaqla güc sahibi olmaları fikrini yaratmaq istəyirlər. Hakimiyyət isə qeyri-qlobal narazılıq hallarını və subyektlərini tez ram edə və işləri hətta bəzi məmurları qurban verməklə yoluna  qoya bilir. AİP isə digər siyasi qurumlardan fərqli olaraq narazı qüvvələrin deyil, əqidəli, hətta əqidəsi uğrunda canından  keçməyə hazır olanların partiyasıdır. Siyasi partiya olaraq seçkilərə gedəcəyimiz təqdirdə yalnız öz üzvlərimizə deyil, İslami-mənəvi-əxlaqi dəyərləri cəmiyyətin aparıcı gücü hesab edənlərə də arxalanmağı nəzərdə tuturuq. Seçkilərdə xalqın etimadı böyük rol oynayır. AİP istər parlament , istərsə  prezident seçkilərində müstəqil olaraq   iştirak etməsə də,  bloklarda bu addım atılmışdır.Sadəcə deyə bilərik ki, təcrübəmiz vardır.

Hazırki tarixi şərait və xalqımızın maraqları bizim seçkilərdə iştirakımızı zəruri edir. Müasir çağırışları nəzərə alaraq, AİP prezident seçkilərində təşəbbüs qrupu şəklində iştirak edə bilər.

Siyasi partiyalar, müxalif qüvvələr, hakimiyyətə iddialı şəxslər islamçılığın ədalətli hakimiyyət tələbi baxımından  cəmiyyətin nüfuzunu qazanmaq üçün  mühüm amil  olduğunu bilərək inanclı təbəqəni ətraflarında birləşdirmək marağındadırlar. Bu baxımdan hətta aparıcı siyasi partiyaların daxili strukturlarında inanclı insanlarla qruplaşdırılan  şöbələr yaradılır. Bununla onlar dindar amilindən bəhrələnmək istəyirlər.

Şübhəsiz ki, bu istəklərin hamısı reallığı nümayiş etdirmir. Təcrübə göstərir ki, mövcud olduğu 20 il ərzində heç bir daxili və xarici diqtəyə getməyən AİP cəmiyyətdə nüfuz və etimad qazanıb. Cəmiyyətin əksər üzvləri ərazi bütövlüyünün, dövlətçiliyin, müstəqilliyin təmin edilməsində İslam əqidəsinə sarınanlar və onların təəssübünü çəkərək ətrafında birləşməklə həlledici mövqe nümayiş etdirmək olar. Cəmiyyət, onun  intellektual və tərəfsiz təbəqəsi də bunu  qəbul edir və ümidlidir. Hər bir vətəndaş da  xalqın maraq və mənafeyinə xidmət edən, ona sağlam gələcəyi vəd edən  qüvvəni gücləndirməlidir.

-Partiya prezident seçkilərində hansı formada iştirak edəcək?

-AİP rəsmi dövlət qeydiyyatından keçmədiyindən prezident seçkilərinə rəsmi qurum kimi gedə bilməyəcək. Amma bu, onu seçicidən məhrum edə bilməz. Əslində seçkinin nəticələri də seçicidən, onun seçimindən və bu  seçimini sonadək dəstəkləməkdən asılıdır. Əgər seçkilər şəffaf keçiriləcəksə, seçici uğrunda mübarizə əsas işimiz olacaq. Seçici uğrunda mübarizəmiz digər partiyalardan fərqlənir. Bizim ideyalarmız, planlarımız, istək-arzularımız  bütün insanların  ürəyindən xəbər verəcək məncə. Doğrudur,yeni yaranan bəzi bloklarda İslamçılıq amili aparıcı xətt kimi ortaya qoyulur. Onlar da cəmiyyətin istəklərindən qaynaqlanırlar. Belə hərəkatlar ümumi məqsədlərimiz üçün də  faydalıdır.

AİP-in prezident seçkilərində öz namizədi də ola bilər, amma onun bizim partiyanın fəaliyyətdə olan üzvü olması vacib deyil. Həmin şəxsin əqidəsi və fəaliyyəti İslam əxlaqı ilə  uyğun gəlməlidir. AİP bu gün hakimiyyətdə təmsil olunan şəxsin də namizədliyini dəstəkləyə bilər, müxalifət partiyasının da. Seçici bazasına əsaslanaraq, seçkiləri boykot da edə bilər. Məqsədimiz  çoxmilyonlu seçici dəstəyini almaq, gələcək hakimiyyətin başında kimin olacağına həlledici nöqtədə dayanmaqdır.

İslami dəyərlərin əsas olduğu  bir blokda birləşmək də məqsədimizə nail olmağın əsas vasitəsi ola bilər. Xalqın taleyinin həlledici təsir imkanlarını nəzərə alıb, bu ideya ilə hərəkət etmək də zəruri hal ola bilər.

— Müxalifət əhalinin narazı hissəsini ardınca aparmaq gücündə deyil. Belə  bir şəraitdə dindar olmayan,iqtidardan narazı vətəndaşı AİP arxasınca necə aparacaq?

-Orduda ən son qətlə yetirilmiş əsgərin anası yanvarın 12-də keçirilən etiraz aksiyası ilə bağlı hadisədən siyasi məsələlər üçün istifadə etməməyə çağırmışdı. Çünki xalq  bütün siyasi partiyaların öz konyuktur maraqlarına ximət etməsini başa düşür. Bu, xalqın qələbəsidir. Artıq vətəndaş imitasiyalara uymur.

AİP heç vaxt özünü reklam üçün ictimai hadisələrdən, bədbəxt sonluqla bitən  neqativliklərdən siyasi məqsədləri üçün istifadə etməyin tərəfdarı olmayıb, başqa  sözlə kiminsə bədbəxtliyiüzərində xoşbəxtlik qurmaq əsl xoşbəxtlikdən uzaqdır.  Azərbacanda inanclı insanların sayı artır. 10 il əvvəl aparılan sorğulardan əhalinin yalnız 2-3 %  dindar olduğu ortaya çıxırdı. Son sorğulara görə isə bu rəqəm on dəfəyə yaxın artıb.

Lakin bu, xalqımızın, o cümlədən onun narazı hissəsinin inanclı insanlarla birləşərək  hakimiyyətin dəyişməsini tələb etməsi anlamına gəlmir. Xalq haqqa tapınmasa, haqq yolunu tapmaz. Buna görə də   AİP həm də maarifçilik xəttini   yürüdür, alimlərimizə, imanlı ziyalılarımıza ümidimiz böyükdür. Elmlə imanı birləşdirmək, bir də dünyaya pak siyasət təqdim etmək qələbəninqazanılmasını və dayanıqlı hakimiyyəti  şərtləndirən əsas amildir.  Cəmiyyətimiz  korrpusiya, rüşvətxorluq, yalançılıq, ucuz vədlərdən bezib və İslamda da bunlar əxlaqa zidd hallar sayılır. Elə bir hakimiyyət yaratmaq,  dövləti elə bir qüvvəyə etibar etmək lazımdır ki, buna görə hər bir vətəndaş seçiminə görə mənəvi cavabdehlik daşımasını dərk etsin vədövlətçiliyin qorunmasında onu etibar etdiyinə səmimi şəkildə itaət  etsin və arxasında dayansın.

-Nədən AİP-in ötən ilin sonuna nəzərdə tutulmuş qurultayı keçirilmədi?

-AİP-in qurultayında ölkə dindarlarının hazırda haqsız həbsdə olan hacı Mövsüm Səmədovun liderliyini dəstəkləyəcəyinə ümidimiz vardı. Hazırda partiya sədri həbsdədir və yenə də yeganə namizədimiz M.Səmədov olacağına şübhəmiz yoxdur. Bu mənada qurultay hələ ki, təxirə salınır.  Prezident seçkilərinə qədər AİP sədrinin azadlığa çıxacağına  ümid edirik. Biz indi də M.Səmədovu mənəvi cəhətdən azadlıqda qəbul edirik.

Partiyanın dövlət qeydiyyatı məsələsi üçün məhkəməyə müraciət edəcəyik. Ədliyyə nazirliyinin qarşısında etirazlarımızı bildirəcəyik. Ümidvaram ki, AİP-in qeydiyyatdan keçməsinə nail olacağıq.

-Belə bir fikir var ki, AİP-in qurultayı keçirilərsə, partiyada parçalanma yarana bilər…

-AİP-in öncəki qurultaylarında sədrliyə həmişə bir neçə namizəd olub. Qurultaylardan sonra nə zamansa parçalanmalarla üzləşmişik, amma bu, həmin insanların  əqidəsindən dönməsi demək deyil. Parçalanma arzuolunan hal olmasa da hər halda hər bir partiya üçün başucalığı gətirmir. Amma insanların biri-birini qəbul edə bilməmələri bu kimi hallar  yaradır. Bu da əslində sovet maşınından bəzi inanclı insanlara da görünür bir az miras qalıb. Ona görə də AİP də 20 illik olsa ziyan çəkib. İslam əqidəli insanlar üçün isə  səhvi  təkrar etmək həm yolverilməz, həm də  əzabdır.  Düşünmürəm ki, indi AİP-də parçalanma olsun. Vahid komandamız seçki platforması  və fəaliyyət proqramı üzərində işləyir. Seçki ərəfəsində bunları ictimaiyyətə təqdim edəcəyik. Siyasi israrımız yalnız iqtidara gəlmək deyil, Azərbaycanı hüquqi dövlətə çevirəcək, ədalətli və azad cəmiyyət qura biləcək, insan haqlarını real qoruyacaq hakimyyətə nail olmaqdır. Buna qadir olacaq fərdin siyasi kimliyindən asılı olmayaraq, hakmiyətə gəlməsini öz qələbəmiz hesab edəcəyik.

-Qərb institutları siyasi İslamla manipulyasiya edir. Azərbaycanda  bunun nəticələrini hiss edirsinizmi?

-Qərbin bəzi rəsmi qurumlarının insanların inancına təsir göstərmək səyləri hiss olunur. Bu Azərbaycanda İslam cərəyanları arasında ziddiyyətlər yaratmaq cəhdi kimi təzahür edir. Bu, cəmiyyətdə inanclı insanların vəhdətinə qarşı edilir.  Bəzi Qərb dövlətləri inanclı insanların mitinqləri zamanı öz vətəndaşlarını ehtiyatlı olmağa çağırırlarsa, bu, islamıçıları dünyaya təhlükə mənbəyi kimi göstərməyə yönəlib.

AİP Azərbaycanın müstəqil olmasını, Qərbdən və digər dünya güclərindən asılı olmamasını istəyir.

Qərb siyasi İslamın  hakimiyyətə gəlməsini istəmir və Azərbaycanda siyasi İslama İranla qonşuluq aspektində, gələcəkdə Qərbin ölkəmizdəki maraqlarını  məhdudlaşdıracaq hədəf kimi yanaşır. Yəni İran faktoru Azərbaycanda  inanclı insanlara qərb dairələrinin münasibətini tənzimləyən əsas amildir. Bu amil hətta bəzən insan haqlarının qorunması baxımından da  özünün ögeylik münasibətini göstərir.

Buna görə də  AİP-in hakimiyyətə gəlməsi və seçkilərdə mühüm səs toplamasına razı olmayan dairələr bunun müqabilində  hətta demokratik dəyərlərin ölkəmizdə  təzahür tapmasının üstündən  xətt çəkir. Bu zaman onlara  xalqın üzərində daha qəddar rejimin  olması maraqlıdır. Məlumdur ki, bundan narahat olan bəzi Azərbaycandakı diplomatik korpusların nümayəndələri ölkədəki siyasi partiyalarla qapalı görüşlər keçirir, mövcud vəziyyəti araşdırırlar. Təəssüf ki, belə görüşlərin nəticələrindən  ictimaiyyət məlumatlandırılmır.

 

 

Leave a Reply