|

“…Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır…”

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Görkəmli rus şairi, rus poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi, Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi, akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə qovuşmasından 165 il ötür.

“Bir millətin ədəbiyyatı demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəceyi-tərəqqisini, mərtəbeyi- kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar”.

Firidun bəy Köçərli

“Jukovskinin rus ədəbiyyatına, rus cəmiyyətinə xidməti böyükdür, ölçüyəgəlməz  dərəcədə  böyükdür! Bu müvəqqəti, nisbi xidmət deyildir…Jukovskinin əsərlərinin oxucunun qəlbinə təsiri həmişə, xüsusilə o zaman daha qüvvətli, daha nüfuzlu və daha faydalı olmuşdur…Jukovskinin şeirlərinin üstünlüyü onların məzmunundadır. Doğrudan da fırtına zamanı Kiyev knyajnası ilə birlikdə mağarada oturmuş Vadimi təsvir edən lövhələrdən biri  “İzmailin alınması” kimi min dəbdəbəli odaya dəyər.

…Romantizm ünsürlərin inkişafı bizim insanlığımızın ilk şərtidir. Jukovskinin böyük xidməti də elə burdadır! Onun bizim ədəbiyyatımızı necə məhdud və boş bir şeir aləmindən necə namütənahi və dolğun bir aləmə daxil etdiyini düşündükdə, adamın ürəyi əsir; o, öz tərcümələri vasitəsilə bizim ədəbiyyatımızı məzmunca nə qədər zənginləşdirmiş, nə qədər səmərələşdirmişdir!.. .Tərcümələrinin çoxu və ya daha doğrusu tərcümələrinin böyük bir hissəsi onun böyük istedadının əbədi yadigarı, rus ədəbiyyatının solmaz çiçəkləri olaraq qalacaqdır. Gələcək nəsillər həyati ruha xidmət cəhətindən bunlarla tərbiyələnəcəklər… Mən onun “Qaliblərin təntənəsi” və “Tsererin şikayətləri” tərcümələrindən daha gözəl bir şey təsəvvür edə bilmirəm, — əgər Jukovski yalnız bunları tərcümə etməklə kifayətlənsəydi,- yenə də bizim ədəbiyyatımızda ad qoyub gedəcəkdi”.

Vissarion Belinski

 

 

Unudulmaz Köçərlinin sözünə qüvvət, doğrudan da millətin həm yaralarını, həm də onun qüdrət və cəlalını göstərən ədəbiyyat  ən mütərəqqi ədəbiyyatdır. Bu baxımdan XIX əsr rus ədəbiyyatı həqiqətən qibtə ediləsi bir ədəbiyyat idi. Həmin əsrdə rus bədii və fəlsəfi təfəkkürünün sürətli inkişafının mühüm bir sirri hər şeydən əvvəl bu ədəbiyyatın xalq həyatı və mənəviyyatı ilə əlaqəsinin möhkəmliyində, xalqın dərdinə qalmasında, qəlbinin xalqının qəlbi ilə bərabər döyünməsində əksini tapırdı. Rus cəmiyyətinin bütün kəskin ziddiyyətlərini açıq-aydın və cəsarətlə göstərmək yolu ilə xalqın şüurunu oyatmaq, ona öz adi insani hüquqlarını başa salmaq, onda milli ruh, milli vüqar, insanpərvərlik hissini, öz mənliyini, ləyaqətini, heysiyyətini qorumaq duyğularını dirçəltmək XIX əsr mütərəqqi rus ədəbiyyat  və mədəniyyət  adamlarının başlıca məqsədlərindən biri idi. Bu böyük adamlardan biri də rus romantizminin ilk mərhələsinin banisi və ən görkəmli nümayəndəsi, Rusiya İmperator Akademiyasının həqiqi üzvü, İmperator Elmlər Akademiyasının fəxri üzvü, Akademiyanın rus dili və sözçülüyü bölməsinin akademiki Vasili Andreyeviç Jukovski idi.

Jukovski əvəzsiz poetik istedada malik, özünəməxsus yaradıcılıq yolu olan və rus ədəbiyyatında sələfi olmayan, şairlikdəki məharəti, xüsusən şeir dilinin zənginliyi etibarı ilə özündən əvvəlki rus şairlərindən ölçüyəgəlməz dərəcədə yüksəkdə duran, rus şeirini romantik elementlərlə ruhlandıraraq, onu cəmiyyət üçün anlaşıqlı bir hala salan, rus şeirinin inkişafına imkan yaradan qüdrətli bir şair, misilsiz bir tərcüməçi olmuşdur.

Böyük rus tənqidçisi Belinski Puşkin poeziyasının ilk mənbələrini tədqiq edərkən göstərmişdir ki, Jukovskini öyrənmədən Puşkinin yaradıcılığını düzgün qiymətləndirmək mümkün deyildir. Belinski Puşkin poeziyasını Derjavin və Jukovski poeziyasının ən mükəmməl, yüksək inkişaf dərəcəsi hesab etmiş, Puşkini isə onların varisi adlandırmışdı.

Puşkin də öz növbəsində Jukovskiyə  böyük müəllimi baxırdı. Onun “Jukovskinin rəsminə” həsr etdiyi şeirinin hər bir kəlməsində bu ehtiramın bütün səmimiyyəti işıq saçırdı:

Onun şeirlərinin füsunkar şirinliyi

Keçəcək əsrlərin qibtəkar çöllərindən…

Dinləyərək bu şeiri, gənclik həsəd çəkərək,

Bu şöhrətin önündə ah çəkəcək dərindən.

Bir təsəlli tapacaq əzab, möhnət, qəm, kədər…

Çevriləcək sevincə xəyallar, düşüncələr.

 

Jukovski 1783-cü il fevralın 9-da Tula quberniyasının Mişensk kəndində mülkədar Buninin ailəsində dünyaya gəlmişdir.Onun məhəbbət lirikasına dair şeir və elegiyalarının bir qismi şairin şəxsi taleyi və mənəvi iztirablarının ifadəsi idi.

1768-1774 — cü illərin Osmanlı-Rusiya  müharibəsinin qəhrəmanı, almanəsili  cəsur rus mayoru  Karl İvanoviç Mufel (sonralar general-mayor rütbəsinədək ucalmışdır) türk imperiyasına daxil olan Benderi ( Moldova ərazisində) aldıqdan sonra əsir düşmüş iki bacını- türk qızları Salihə və Fatmanı tərbiyə edib böyütmək üçün öz köhnə dostu, varlı mülkədar Afanasi İvanoviç Buninin yanına göndərir.Salihənin 16, Fatmanın 11 yaşı vardı. Fatma bir qədər sonra vəfat etmişdi.

Afanasi İvanoviç Bunin Mişensklə bərabər, digər kəndlərin də  sahibi idi. Onun Tula, Oryol və Kaluqa quberniyalarında çoxlu mülkləri vardı.

Bunin   Salihə ilə qeyri-rəsmi şəkildə evlənərək Mişenskdəki malikanəsinin  ayrıca hissəsində onunla birlikdə  yaşayırdı. Qızı xaçlamış,  ona — Yelisaveta Dementyevna Turçaninova adı verilmişdi (Turçaninova «türk qızı» deməkdir). Vasili doğulanadək Salihənin  qızları dünyaya gəlsə də, körpələr çox yaşamamışdı. Salihə əvvəl evdə ağanın kiçik uşaqlarının dayəsi kimi xidmət göstərmiş, daha sonra təsərrüfatı idarə etməyi də ona həvalə etmişdilər.

Doğrudur, Vasili Andreyeviç öz xatirə və gündəliyində yazdıqlarına görə, ata evində onun güzəranı anasının məhz kənizliyi ucbatından kədərli keçirdisə, mənə elə gəlir ki, ağıllı Vasli bunun heç də faciə olmadığını dərk etməmiş olmazdı.Əgər tarixin özünə  müraciət etməli olsaq, müəyyən sayda buna bənzər  hadisələr mövcud olub. Məsələn, keçmiş ev qulluqçusu olan gözəl-göyçək, yaraşıqlı və xoşrəftar Yekaterina  çar I Pyotrun kənizi ikən onun  qəlbinə hakim kəsilmiş, sonra çara ərə getmişdi.

Yekaterinanın əsl adı Marta idi.1702-ci ildə Şimal müharibəsi zamanı rus qoşunları Mariyenburqu mühasirəyə alarkən Marta da əsir düşmüşdü.1708-ci ildə xristianlığı qəbul etdiyi zaman şahzadə Aleksey onun xaç atası olduğundan qıza Yekaterina Alekseyevna adı verilmişdi.

Vasili  nigahdankənar  doğulduğu üçün  onu  öz adına yazdıra bilməyən Bunin, övladının  gələcəyindən ötrü  narahatçılıq keçirirdi.  Çünki illər  sonra  balacanı  əsilsiz, adi kəndli oğlu kimi müddətsiz  əsgərlik və təhkimçilik  boyunduruğu  gözləyə  bilərdi. Odur ki, uşağa  zadəgan  ata  adı  yazdırmaq lazım  idi. Buninin kasıb, lakin genişqəlbli, mərhəmətli  zadəgan dostu  Andrey Jukovski    rəsmi şəkildə  ata kimi uşağı onun adına yazdırılmasına razılıq verdi. Vasili əsl həqiqətdə olduğu kimi, sənədlərində də zadəgan oğlu kimi tanındı.Bəs Bunin necə, bu işdə yanılmışdımı? Qoy bu suala yarixin özü cavab versin.

Rusiya tarixində çar I Pyotru nahaq yerə “Əsl böyük insan” adlandırmamışlar. Geri qalmış ölkə onun hakimiyyəti dövründə sənayenin inkişafında irəliyə doğru çox böyük sıçrayış etmişdi. İlk dəfə olaraq təhsil dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrilmişdi.

Rusiya Baltik dənizinin sahillərində qərarlaşmış, Avropaya ən qısa ticarət yolu açılmışdı.Mətbəədə çap olunan ilk qəzet buraxilmişdı.İlk hərbi  və peşə məktəbləri fəaliyyətə başlamışdı.Dünyəvi məzmunda kitablar çap edən ilk mətbəələr işə düşmüşdü.Ölkədə ilk muzey yaradılmış, ilk kütləvi kitabxana, teatrlar insanlara xidmətə başlamış, ilk parklar yaradılmış, Elmlər Akademiyasının təşkili haqqında ilk fərman imzalanmışdı.

Belinskinin Pyotrun həyata keçirdiyi dəyişikliklər haqqındakı qeydlərdən : “Ya öyrən, ya da öl; onun vəhşiliyə qarşı mübarizə bayrağında bu sözlər qanla yazılmışdı”.

Pyotr təkcə məmurlara yox, həm də ölkənin bütün əhalisinə daim belə bir fikir təlqin edirdi ki, təbəələrin hər bir addımı dövlət hakimiyyətinin ciddi nəzarəti altında olmalıdır.Pyotr yazırdı: “Bizim xalqımız uşaq kimi bir şeydir.Əgər usta (yəni müəllim) onları məcbur etməsə, heç vaxt əlifbanı da öyrənməzlər”.

“Uşaq kimi bir şey olan” təbəələrə anadan olduqları gündən ta ölənədək hər şeyi- təsərrüfatı idarə etməyi, mənəvi incəlikləri təlqin etməyi lazım gəlidi.

Pyotr zadəgan övladlarının təhsili ilə daim maraqlanır, hansı məktəblərdə təhsil alacaqlarına biganə qalmır, proqramın mənimsənilməsində onların müvəffəqiyyətlərini izləyirdi.Uşaqlarda əməksevərlik, nəzakət, əxlaq, kasıblara mərhəmət, səliqə-səhmanı inkişaf etdirmək və digər mədəni keyfiyyətlərin gücləndirilməsi diqqət mərkəzində idi.

Zadəgan balalarına adam arasında özlərini necə aparmaq qaydalarını  məktəblərdə də öyrədirdilər.Gənclər üçün nəzərdə tutulan “Gəncliyin təmiz güzgüsü və ya məişətdə davranış qaydaları” adlı təlimat əhali arasında böyük şöhrət qazanmışdı.Pyotrun sağlığında bu təlimat üç dəfə çap olunmuşdu.

“Gəncliyin təmiz güzgüsü”ndə gənclərin ailədə, qonaqlıqda, ictimai yerlərdə və xidmətdə özlərini necə aparmaq qaydaları şərh olunmuşdu. O, gənclərə təvazökar, zəhmətsevər olmağı, böyüklərin sözünə qulaq asmağı,ağıllı-kamallı, mərifətli olmağı öyrədirdi. Ataya və anaya dərin hörmət bəsləmək, valideynlər danışanda onların sözlərini kəsməmək, onlara cavab qaytarmamaq, əgər ata oğlunu yanına çağırırsa, ona ədəblə: “Atacan, nə buyurursunuz?” ifadələri ilə müraciət etmək qaydalarını ənənə kimi qəbul etmək təlqin edilirdi.

Ailədən kənarda olan gənclərə də lazımi məsləhətlər verilirdi.Gənclər böyüklərə münasibətində qanacaqlı olmalı, böyüklər danışanda diqqətlə qulaq asmalı, qarayaxalıq etməməlidirlər. Xəsis, eyni zamanda bədxərc olmamalıdırlar. Tövsiyələrdən bəziləri bunlar idi: “Özünü yerli-yersiz tərifləmə. Özünü elə apar ki, gözdən düşməyəsən, utanıb xəcalət çəkməyəsən. Bədxahlarının dalınca danışma, onlara hörmət və ehtiram bəslə. Ölənlərin pisliyinə danışma. Tənbəl olma, tənbəllikdən ağıl azalır, bədən süstləşir, o qədər kökəlirsən ki, hərəkət edə bilmirsən.Saraya yaxın olan ağıllı adam öz niyyətini və məqsədini heç kəsə açmaz, ürəyində saxlar.

Küçədə başıaşağı və gözüyumulu yol getmək, adamlara əyri-əyri baxmaq məsləhət deyil. Yeyəndə acgözlük etmə, suyu təmkinlə iç, ağzını əllərinlə yox, dəsmalla sil, ağzındakı tikəni udmamış su içmə.Barmaqlarını yalama, sümüyü gəmirmə.Yemək üçün süfrəyə nə qoydular, ona qane ol. Yemək yeyəndə ağzını marçıldatma, bədənini qaşıma, ağzındakı tikəni udmamış danışma, burnunu silmək ədəbsizlikdir” və s.

Təlimata görə, cavan oğlan özündə ləyaqətin üç əlamətini; sözə baxmaq, mehriban, nəzakətli olmaq əlamətlərini birləşdirməli idi.

“Gəncliyin təmiz güzgüsü”nün axırıncı səhifələrində qızlara tövsiyələr verilirdi; Allaha itaətkarlıq, zəhmətsevərlik, şəfqət, utancaqlıq, qənaətcillik, təmiz əxlaq, sədaqət, az danışmaq, düzlük və s. aşılanırdı. Qızlarda çöhrənin qızarması yüksək qiymətləndirilirdi. Bu keyfiyyət mənəvi saflığın və ismətin əlamətləri sayılırdı.

Pyotrun sağlığında nəşr olunmuş təlimatdan cəmiyyətin yüksək dairələri on illər boyu çox şey öyrənib götürmüşdülər.

Göründüyü kimi, Bunin oğlunun gələcək taleyi naminə uzaqgörənliklə atdığı addımda heç də yanılmamışdı.

Hələ gələcək şair anadan olmamış Buninlər ailəsinə fəlakət üz verir. Onların on bir uşağından altısı bir-birinin ardınca vəfat edir. Ölən övladların içində  Leypsiq Universitetinin tələbəsi olan yeganə oğulları da vardı.Vasilinin doğulması münasibətilə Bunin şadlıq əlaməti olaraq kənddə yeni kilsə tikdirir.

Sonralar ölüm yatağına düşən ata , son vəsiyyətində üzünü arvadı Mariya Qriqoryevnaya  tutub yalvarır: “Xanım, mən gedirəm, amma bu iki bədbəxti (Salihəni və Vasilini nəzərdə tutur) sənə tapşırıram. Onların bu dünyada heç kimləri yoxdur, rəhm elə”.

Vasili ögey bacısının — Varvara Afanasyevna Yuşkovanın  evində yaşadığı  zaman daha çox ədəbiyyatı öyrənirdi.Tulada yaşayan ədəbiyyat və musiqi həvəskarlarının ən çox  toplandığı, incəsənət  haqqında maraqlı söhbətlər, müzakirələr, fikir mübadilələri apardıqları yer Yuşkovların evi idi. Belə bir ailədə tərbiyə alan Jukovski, ədəbiyyat həvəskarlarının yığıncaqlarında ara-sıra iştirak edir və onlardan çox şeylər öyrənirdi.

Vasili 1797- 1800-cü illərdə  Moskva Universitetinin (bu universitet 1755-ci ildə M.V.Lomonosovun təklifi və qraf Şuvalovun yardımı ilə təsis edilmişdi) nəzdindəki pansionda təhsil alır. O, burada Andrey və Aleksandr Turgenevlərlə dostluq edir. Onlar  birləşərək ədəbi dostluq cəmiyyəti yaradırlar.

Vasili Andreyeviç  pansionu gümüş medalla bitirir, nümunəvi tələbə kimi adı pansionun fəxri mərmər lövhəsində əksini tapır.

Təhsil illərindən sonra Vasili yenidən Yuşkovların evində yaşamaqla ədəbi fəaliyyət göstərir. Başlıca olaraq tərcümələrə diqqət  ayırır. Hötenin “Gənc Verterin iztirabları”, alman dramaturqu və romanisti Avqust Fon Kotsebunun “Kiçik çay kənarında oğlan” əsərini və “Uydurma xəcalət” komediyasını rus dilinə tərcümə edir.

Vasili Jukovski  imperator I Pavelin ölümündən sonra Peterburqa xidmətə göndərilir. Gənc şairin digər ögey bacısı Yekaterina Afanasyevnanın ərinin istedadlı yazıçı, tarixçi, ictimai xadim Nikolay Mixayloviç Karamzinlə ailəvi dostluğu nəticəsində Vasili cənab Karamzinlə tanış olur. Qeyd edim ki, Karamzin “Zavallı Liza”, Kənd”, “Boyar qızı Natalya” povestlərinin müəllifidir. Onun əsas əsəri  12 cildlik “Rusiya dövlətçiliyinin tarixi” hesab edilir. Bu əsərlə yazıçı rus cəmiyyətinin bütün təbəqə və zümrələrinə müraciət edir.

1802-ci ildə Jukovski dövrün görkəmli ingilis şair-sentimentalisti, ədəbiyyat  tarixçisi Tomas Qreynin “Kənd qəbiristanlığı” adlı şeirini rus dilinə tərcümə edib Karamzinə təqdim edir.Nikolay Mixayloviç tərcümədən vəcdə gəlir, çox çəkmir ki, şeir Karamzinin rəhbərlik etdiyi “Vestnik Evropı” jurnalında dərc olunur və Jukovskiyə ümumrusiya şöhrəti qazandırır. Orijinalda olan demokratik ruhun, yoxsullara acımaq meylinin və həyatdan şikayətin tərcümədə bir az da qüvvətləndirilməsi, tərcümə dilinin zənginliyi oxucuların diqqətini xüsusi cəlb edirdi.Yüksək bədii keyfiyyəti olan bu tərcümə işi Jukovskinin şəxsində rus ədəbiyyatına yeni və orijinal bir istedadın gəldiyini xəbər verirdi. Şairin həmin ildə yazdığı və “İnsan təbiətin ən qiymətli əsəridir” fikrini ifadə edən “Gecə” şeiri də ədəbiyyata öz sözü, zövqü, fərdi üslubu və ədəbi dünyagörüşü ilə fərqlənən yeni bir istedadın gəldiyini bəyan edirdi.Şair özünün “May səhəri” adlı ilk mətbu şeirini də həmin dövrdə yazmışdı.

Daha sonra “Həyat və bulaq”, “ Məzarlıqda fikirlər” alı şeirlərini ərsəyə gətirən Vasili,  fitri istedada malik gənc  şair kimi müasirlərinin diqqətini cəlb edir. Qeyd etdiyim kimi, hələ kiçik yaşlarından ədəbiyyat və incəsənətə  böyük  məhəbbətlə yanaşan Jukovski, yetkinlik dövründə romantik ruhda xeyli şeirlər, pyeslər yazmışdır. Romantizm sonralar da şairin əsas yaradıcılıq üslubu olmuşdur.

Jukovski universiteti bitirdikdən sonra, 1802-ci ildə Mişenski kəndinə köçür. Kənddə yaşadığı altı il müddətində  o, xeyli mütaliə edir, bədii sənətkarlıq üsullarını dərindən öyrənir, eyni zamanda yeni şeirlər, nəsr əsərləri yazır, tərcümələr edir.

1805-ci ildə Vasili Andreyeviç  ögey bacısı Yekaterina Afanasyevnanın xahişi ilə onun qızları Mariya  və Aleksandra  Protasovalara  tarix və ədəbiyyat fənlərindən dərs deməyə başlayır. Hər gün səhər qızların yanına gəlib onlara  elm öyrədən Vasili, özü üçün qəti gözlənilməz  olan bir sevdaya düşür.  Qəlbində on iki yaşlı Mariyaya ülvi bir məhəbbət oyanır..Ürəyinin hökmündən heç cür azad ola bilməyən Vasili, buradan Moskvaya yola düşür.

1808-ci ildə dahi şairin ədəbi fəaliyyətində ikinci dövr-romantik poeziya dövrü başlayır. Onun “Lyudmila”, “Kassandra”, “Svetlana”, “Dustaq” adlı ilk balladaları ərsəyə gəlir. Bu balladalar rus romantizminin bünövrəsini yaradır. “Ona”, “Teon və Esxin”, “Slavyan qızı”, “Ah, sevimli dost, indi səninləyəm”, “Sən mənim qarşımda sakit durmuşdun” və s. lirik şeirləri də rəğbətlə qarşılanır. Jukovski yaradıcılığı boyu cəmi 39 ballada və poema yazır.Təkcə “Lyudmila” və “Svetlana” Jukovskini uzun illər Rusiyanın ən istəkli şairi kimi sevdirir.

Hələ ilk mətbəələri işə salmış I Pyotrun dövründə Rusiyada çap olunan kitabların xeyli hissəsi xarici nəşrlərdən tərcümə edilmiş kitablar idi. Pyotr bu işdə də özünü kənara çəkmir, tərcüməçiləri müvafiq təlimatlarla təmin edirdi.Görkəmli fransız memarı, mühəndisi, briqada generalı və diplomatı Fransua Blondelin şəhərləri möhkəmlətmək haqqında kitabını tərcümə edən İvan Zotova çar məsləhət görmüşdü ki, belə bir qaydaya riayət etsin: əvvəlcə tərcümə olunan mətnin mənasını başa düşmək lazımdır, sonra bu mətn ana dilində elə yazılmalıdır ki, onu hamı anlasın. Pyotru tərcümənin orijinala yaxınlığı deyil, işin mahiyyəti, tərcümə olunan mətnin mənasını dərk etmək imkanı maraqlandırırdı. “Kitablar bəlağət və gözəllik xatirinə deyil, bilik əldə etmək və öyrənmək xatirinə çap olunduqları üçün tərcümə yığcam və aydın olmalıdır” — deyə tövsiyə edən Pyotr, əkinçilik haqqında kitabın tərcüməsini özü redaktə edib  nümunə kimi göndərmişdi. Pyotr öz yanaşması ilə  “gərəksiz” süjetləri mətndən çıxarmışdı. Onun mülahizəsinə görə, bu süjetlər vaxt aparır və oxucunu yorurdu.

Rus ədəbiyyatı tarixində böyük bir tərcüməçi kimi də sevilən Jukovski bütün yaradıcılığı boyu tərcümə fəaliyyətini davam etdirmişdir. Rus oxucuları onun tərcümələri vasitəsilə dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olmuşlar. O, Hötenin “Balıqçı”, Bayronun “Şilyon məhbusu”, Valter Skottun “Smanqolm qəsri”, Homerin  “Odisseya”, F.Fokun “Uidina”, Şillerin “Orlean qızı”, “Arzu”, “Dağ yolu”, “Qaliblərin təntənəsi”, “Əlcək”, R.Saytinin “Varvik”, L.Ulandın “Üç nəğmə”, Ə.Firdovsinin  “Şahnamə” əsərindən  “Rüstəm və Söhrab” dastanını, qədim hind dastanı “Mahabharata”dan parçalar və bir çox görkəmli şair və yazıçıların əsərlərini rus dilinə tərcümə etmişdir. Jukovski həmişə yaradıcı tərcümənin tərəfdarı olmuşdur.O, tərcümə etdiyi əsərləri bəzən şəkli cəhətdən dəyişsə də, orijinalın ruhunu və bədii gözəlliyini heç bir zaman təhrif etməmişdir. Məhz bu xüsusiyyətlərinə görə Puşkin Jukovskinin tərcümə yolunu “nümunəvi tərcümə üslubu” hesab edirdi.

Doğrudan da Jukovskini sadə tərcüməçi adlandırmaq olmazdı.Tərcümə üçün əsərlər seçərkən  o, heç də təsadüfi meylə qapılmadan, qəlbinə, ruhuna yaxın olan əsərləri rus dilinə çevirirdi.Onun bütün tərcümələrində ümumi bir cəhət vardı. Bunlar hamısı birlikdə ənənəvi bir ədəbi sistemlə  xüsusi bir şeir aləmi — Jukovskinin şeir dünyasını təşkil edirdi. Belinski haqlı olaraq qeyd edirdi ki, Jukovskinin  ən orijinal əsərləri sanki bir tərcümədir, tərcümələri isə sanki orijinal əsərdir.Gəlin, bu nümunələrə diqqət edək, “Nəğmə”, “Quşcuğaz” müəllifin öz şeirləri, Hötenin “Meşə sultanı” isə tərcümədir:

Gündoğana, gündoğana

Can atır yer kürəsi.

Gündoğana, gündoğana

Uçur könül nəğməsi.

Çox uzaqda, gündoğanda,

Göy meşədən o yanda,

Göy dağların arxasında

Bir gözəl ömür sürür.

Ayrılıq baş verdi yəqin;

Düşünürəm o gözəl,

Möcüzəli keçmişlərin

Qəşəng əfsanəsidir.

O sanki əski günlərdən

Qonaq gəlmişdi mənə.

Bir nəşəli yuxu idi,

Bəxtim gülmüşdü mənə.

“Nəğmə” şeiri

Uçur quşcuğaz

Oynayır bağda.

Ötür budaqda.

Uçdu quşcuğaz,

Oynadı bağda,

Yoxdur budaqda.

Xoş nəğməkar quş

Haraya uçmuş?

 

Gözəl quş sənin,

Olmuş məskənin

Uzaq bir diyar

Orada yuvan var.

Bağçalarda sən

Ötürsən şən-şən.

“Quşcuğaz” şeiri

Kimdir çapır atını qışın bu tufanında?

Gecikmiş bir yolçudur gənc oğlu da yanında.

Yapışıb atasından uşaq əsir, titrəyir,

Bərk tutub isindirir oğlunu qoca, deyir:

 

−  Oğlum, nədən qorxursan, əsirsən qucağımda?

−  Ata, meşələr şahı durmuş göz qabağımda .

Başında tutqun tacı, sıx, topa saqqalı var.

−  Yox, o çəndir, bürümüş su üzünü dumanlar.

 

Oğlan bir səs eşidir: Quzum, mənə tərəf bax,

Məndə var fərəh, şadlıq, könül açan təmtəraq.

Çiçəklərim firuzə, axar suyum incidir,

Qızıl qəsrim inan ki, dünyada birincidir.

 

− Ata, meşə şahıdır bu mənimlə danışan,

O mənə qızıl, şadlıq, mirvari verir nişan.

−  Yox, oğlum, yanılırsan, tərs görürsən ruzgarı,

O küləkdir oyanıb, tərpədir yarpaqları.

 

Oğlan bir səs eşidir: Ay quzum, yanıma gəl!

Mənim qızlarım var ki, sevimli, qəşəng, gözəl.

Göyləri bəzəyəndə işığıyla parlaq ay,

Qızlar rəqs edər, uçar, sənə söyləyər lay-lay.

 

− Meşə şahı qızları çağırır , bax, atacan.

Qızlar məni səsləyir budaqlar arasından

−  Yox, dərin bir gecədir sükut çöküb ormana,

Ağacdır onlar belə düzülübdür yan — yana.

 

Oğlan bir səs eşidir: Sənə vurulmuşam mən,

Güc ya xoş, mənimkisən, qaçmaq olmaz əlimdən.

− Budur, meşə sultanı, bizi izləyir, ata!

Ah, nəfəsim tıxanır, az qalır bizi tuta!

 

Atlı uçan yel kimi çapır atı dördnala

Oğlan qışqırır, düşür kədərdən — haldan hala.

Atlı çaparaq gəlir qurtarır uzun yolu,

Qolları arasında can verir cavan oğlu.

“Meşə sultanı”

Onun “Don Karlos”u, “Valleynşteyn”i, “Vilhelm Tel”li deyil, məhz “Orlean qızı”nı tərcümə etməsi təsadüfi deyildi, çünki tarix sahəsi onun daxili aləmi ilə üst-üstə gəlmirdi, ruhun ecazlar dolu olan bu daxili aləmi ona daha yaxın idi, əsrarəngiz ruha malik olan bu qəhrəman, coşqun sevdalı qız-Orlean qızı onun qəlbinə daha yaxın idi. Bununla belə, əgər onun tərcümələrinin arasında bir qədər zəifləri vardısa, bu onun istedadının azlığından deyil, seçimdəki uğursuzluqdan irəli gəlirdi. “Urak kraliçası”, “Vadi”, “Kamones”dən parçalar və s.bu cür tərcümələrdəndir. Lakin şairin həm orijinal, həm də tərcümə edilmiş azmüvəffəqiyyətli  əsərləri də ədəbi aləmdə öz işini görmüş, onların məzmunu oxucuların həmin zövqə uyğun təbəqəsini qane etmişdir.

Jukovski 1808-ci ildə alman romantik şairi Qotfrid Avqust Bürgerin “Lenora” balladasını da müəyyən dəyişikliklərlə  sərbəst  təbdil və tərcümə edib nəşr etdirir. Bürger dövrünün mütərəqqi dünyagörüşlü, Fransa inqilabına rəğbət bəsləyən, mövzularını xalq həyatından götürən, xalq ənənəri və yaradıcılığından bəhrələnən şairlərdən idi.Onun yeni məzmunlu ballada ustası olması Jukovskinin nəzərlərini  xüsusi cəlb etmişdi.

1811-ci ilin 13 mayında şairin hamisi Mariya Qriqoryevna Bunina vəfat edir. Anası Yelisaveta Dementyevna carsıntı içində acı xəbərlə oğlunun yanına gəlir. Həyatın qəribəliklərinə baxın ki, cəmi 10 gün sonra şairin doğma anası Yelisaveta  da dünyasını dəyişir. Ani zaman çərçivəsində Yukovski ona əziz olan iki qadını itirir.

Jukovskinin  anası Yelisaveta Turçaninova  Novodeviçye qəbiristanlığında  dəfn  olunur, onun başdaşına  isə “E.T.” xristian adının  və soyadının  yalnız  baş hərfləri  həkk olunur.

Dağıstanın Xalq şairi Rəsul Həmzətov “Qəbir daşları üzərində yazılar” şeirindəki bu misraları Jukovskinin dövründən çox-çox sonrakı illərdə yazıb.Kim bilir, bəlkə də şairin ziyarət etdiyi məzarlar və onların daşları üzərində oxuduğu yazılar içində də olub  bu qərib türk qızının “E.T.” yazılı qəbri. Bilmirəm. Onu bilirəm ki, bu nisgilli misralar qəbir daşlarına adı tam yazılan və yazılmayan, hər iki şairlə sanki dərdləşən bütün mərhumların  həzin və kövrək bir elegiyasıdır:

…İnsan oğlu, səbr elə,

Yaşasan da gümansız.

Təskinliyin olsun ki,

Sən canlısan, mən cansız.

 

Təzə yollar salırıq

Amma dərdə baxın bir:

Yollar hara getsə də,

Bizi bura gətirir.

 

Ey xalqın nəğməkarı,

Dardır, kiçikdir qəbrim.

Bircə biləydim barı:

Yanımda kim yatır, kim?

 

Anasının və analığının ölümündən bir il sonra Napoleonun ordusu Rusiya torpaqlarına  basqın edir. Müharibə başlayır. Vasili Andreyeviç könüllü olaraq Moskvada yaradılmış orduya qoşulur və burada poruçik (çar ordusunda zabit rütbəsi) rütbəsində xidmət edir.

Yenə haşiyəyə çıxmaq zərurəti yaranır. Beləki, I Pyotr Qdanskda olarkən “Hərbi nizamnamə”nin 108 fəslinin hamısını redaktə etdi və onu çap olunması üçün Rusiyaya göndərdi. Pyotr mətnə 200 düzəliş əlavə etdi ki, bunlar ifadələri yığcamlaşdırır, dəqiqləşdirir və aydınlaşdırırdı.

Çarın və generallarının tətbiq etdikləri bütün yeniliklər Nizamnamədə öz əksini tapmışdı.Nizamnamə döyüşən orduda korvalant-əlahiddə dəstə olmasını nəzərdə tuturdu.Çeviklik, operativlik, hər yerdə çətinlik çəkmədən hərəkət etmək korvalantın başlıca amili sayılırdı. Nizamnamədə deyilirdi: “…Qoşunda yüksək rütbəli generaldan tutmuş müşgetyora, süvariyə və piyadayadək bütün adamlar sadəcə olaraq əsgər adlanır. Döyüşçü şərəfini ayaqlayanlar və döyüşçü ənənələrini pozanlar əsgər adlanmağa layiq deyillər. Öz bayrağını həyatının son dəqiqəsinədək qoruya bilməyənlərin əsgər adını daşımağa haqqı yoxdur…Müharibədə qələbəni möhkəm qaydalar, cəsur əsgərlər, saz silahlar təmin edir…”

Çarın “Hərbi nizamnamə”si eyni zamanda cinayət məcəlləsi idi;o, təkcə  əsgəri intizamın pozulmasına görə deyil, eyni zamanda siyasi cinayətlər üstündə cəza tədbiri də nəzərdə tuturdu. Hər hansı qiyamın , hiddət və inadkarlığın cəzası heç bir güzəşt olmadan dar ağacı idi. Nizamnamədə milli hərb sənətinin əsasları qoyulmuşdu. Rusiyanın adlı-sanlı sərkərdələrinin hamısı: Rumyantsev, Suvorov, Kutuzov yüz il ərzində döyüşlərdə və qoşunların təlimlərində bu Nizamnaməni rəhbər tutmuşdular.

Jukovski məşhur Borodino vuruşmasında  ehtiyatda olan döyüşçü kimi çarpışırdı. Qeyd edim ki, Borodino kəndi Moskvadan qərb tərəfdən 124 km aralıda yerləşir.  1812-ci ilin avqustun 26-da burada Rusiya ordusu ilə Fransa ordusu arasında hərb tarixində özünəməxsus şəkildə əksini tapan böyük vuruşmalardan biri olmuşdur. Baş komandanı M.İ.Kutuzov olmaqla rus ordusunda 120 min nəfər, 640 top, Napoleon Bonapartın başçılığı ilə Fransa ordusunda 135 min nəfər, 587 top vardı. Döyüşlərdə Fransa ordusu 47-si general olmaqla 50 min nəfərdən çox, rus ordusu 23-ü general olmaqla 44 min nəfərədək itki vermişdi. Borodino vuruşmasında rus ordusu yüksək hərbi gücə, hazırlığa və taktikaya malik olduğunu nümayiş etdirərək, Vətən müharibəsində Napoleonun məğlubiyyətini xeyli sürətləndirmişdi.

Borodinoda döyüşlərdən sonra şair Kutuzovun qərargahına ezam olunub, Tarutino kəndinə gəlir. Həmin Tarutinoya  ki, öz şücaətli tarixi ilə bu gün də böyük rus xalqının və rəşadətli Rusiya vətəndaşlarının qürur yeridir.

Vətən müharibəsində rus ordusunun Moskvadan Tarutino kəndinə çəkilməklə 17 sentyabrdan 3 oktyabradək işğalçı fransız ordusuna  qarşı hərbi taktika ilə etdiyi aldadıcı hərəkət Tarutino manevri adlanır.

Manevrin bəzi məqamlarından: Ordu Moskvadan geri çəkilir, Moskva çayını keçdikdən sonra qəflətən qərb tərəfə dönür, əvvəlcə Podolska, iki gün sonra Krasnaya Paxra kəndi ərazisinə gəlir. Beləliklə, rus qoşununu gözdən itirən Napoleon, onun yerini yalnız  sentyabrın 26-da müəyyən edə bilir.

Kutuzov köhnə Kaluqa yolu ilə əsasən gecələr olmaqla yenidən gizli şəkildə geri çəkilməyə başlayaraq, oktyabrın 3-də Tarutinoya gəlir.

Dahi sərkərdənin rəhbərliyi altında  olan ordu konstruktiv olaraq müəyyən hərbi gedişlərdən sonra Tarutino kəndində dayanır və yeni döyüş mövqeyi tutur. Məhz həmin günlərdə elə bu kənddəcə Jukovski rus ordusunun  vətənpərvərlik və hünərinin təntənəsini odlu-alovlu misralarına köçürür.Rus ədəbiyyatında yeni və əzəmətli bir abidə-oda yaranır. Şair “Ah, nə qədər gözəl və munissən, müqəddəs Vətən, səni təqdis  edərkən hansı qəlb  titrəməz?” deyə xitab etdiyi əsər “Rus döyüşçülərinin qərargahındakı  şair” adlanır.

“Rus döyüşçülərinin qərargahındakı şair” əsərində Jukovski bütün rus xalqına müraciət edərək, onu Vətən uğrunda ayağa qalxmağa, düşməni darmadağın etməyə çağırır.Şair əsərin müəyyən yerində rus xalqının qəhrəmanlıq keçmişinə nəzər salır, vətən yolunda fədakarlıq göstərmiş babalarının vətənpərvərlik ənənələrini tərənnüm edir və müasirlərini bu müqəddəs ənənələrdən ilham almağa çağırır.

Şair döyüşlərdə məğrurcasına həlak olan igidləri də unutmur, böyük bir vətənpərvərliklə qeyd edir ki, onların xatirəsi əbədi yaşayacaq və rus xalqını həmişə qəhrəmanlığa ruhlandıracaqdır.

Bəs Jukovskidəki bu dərin ilham haradan qaynaqlanırdı? Yadıma  bir anlıq nəinki rus, hətta dünya ədəbiyyatının, bəşər  eposu tarixinin görkəmli bir abidəsi kimi tanınan, təkrar-təkrar, sevə-sevə oxuduğum “İqor polku haqqında  dastan” düşür . Lirik-epik poema adlandırılan bu dastan bədii xüsusiyyətləri etibarı ilə yazılı ədəbiyyata mənsubdur. Öz üslubu  ilə “İqor polku haqqında dastan” xalq poeziyasına çox yaxındır. Əsərdəki obrazlı ifadələr, təşbehlər xalq mahnılarında və dastanlarında işlənən sözlər və ifadələrlə eynidir.

Rusiyanın görkəmli filoloqu akademik Dmitri Sergeyeviç Lixaçyov özünün “İqor polku haqqında söz” kitabında yazırdı: “İqor polku haqqında dastan” elə bir dövrün ədəbi məhsuludur ki, o dövrdə üç xalqın: rusların, ukraynalıların və belorusların mədəniyyəti bir kökə bağlı idi. XII əsrdə Rusiyanın (rus) mədəniyyəti vahid bir mədəniyyət idi.Bunun ən parlaq nümunəsini rus ədəbiyyatının böyük abidəsi olan “İqor polku haqqında dastan”da görürük…Bu dastanın dərin kökləri xalqa  əsaslanır, orada məhəlli, əyalət fərqləri yoxdur…O, üzünü keçmişə yox, gələcəyə çevirmişdir. XI-XII əsrlərdə yaranmış əsərlər içərisində məhz bu dastanda gələcək rus, Ukrayna və belorus ədəbiyyatlarının ünsürləri çox aydın bir şəkildə görünməkdədir”.

Dastan qədim rus dilində yazıldığı üçün müasir oxucu bu dili çətinliklə anlaya bilirdi. Mətndə digər amillər də vardı ki, kütləvi oxucu üçün çətinlik yaradırdı.Odur ki, XIX əsrin əvvəlindən başlayaraq mütəxəssislər “İqor polku haqqında dastan”ı  nəsr və nəzmlə müasir rus dilinə tərcümə və ya təbdil etməyə başladılar. 1817-1819-cu illərdə “İqor polku haqqında dastan”ın ilk tərcümələrindən biri məhz Jukovskiyə  məxsus oldu. Dastanda Rus vətəninin düşmənlərinə qarşı amansız mübarizə ruhu ilə bərabər, qüvvətli bir humanizm, insanpərvərlik hökm sürməkdədir. Bu möhtəşəm sənət abidəsində insanların şəxsi mənfəət üçün yox, xalq üçün, vətən üçün qəhrəmanlıq, fədakarlıq göztərməsi  təbliğ olunur. Elə bu məziyyətlərinə görə  də “İqor polku haqqında  dastan”la  Jukovskinin “Rus döyüşçülərinin qərargahındakı şair”in  arasında  səmimi bir ülfət, doğmalıq, qarşlıqlı əlaqə özünü aydın büruzə verir.

Həmin vaxtlar  “Kreml nəğməsi”, “Qaliblər rəhbərinə” və s. şeirlərində də Jukovski rus əsgərlərinin qəhrəmanlığını, şücaətini,  rus xalqının fədakarlığını fəxarətlə əks  etdirir. Jukovski bu şeirlərində qüdrətli rus sərkərdələrini hörmətlə tərənnüm edir.

Şair  1815-ci ildə “Arzamas” adlı ədəbi dərnəyə daxil olur. Bu dərnəyin üzvləri — Rusiyanın qabaqcıl fikirli gəncləri, hər şeydən əvvəl, ədəbiyyatdakı köhnəlmiş üslublara, bayağı, sönük əsərlərin yaranmasına qarşı mübarizə aparırdılar. “Arzamas”çıların bu ədəbi-məfkurəvi mübarizəsində Vasili Andreyeviç Jukovski ilə yanaşı, Rusiyanın ən böyük şairi  Aleksandr Sergeyeviç  Puşkin də iştirak edirdi. Karamzin, Puşkin, Batışkov kimi yazıçılarla  dostluğu  Jukovskinin  yaradıcılığına  gözəl təsir bağışlayırdı.

Jukovski rus ədəbi dilinin inkişafında  böyük rol oynamışdır. Şair rus ədəbi dilinə yeni təsvir və ifadə vasitələri gətirmiş, rus dilini daha da mükəmməlləşdirmiş, ona yüksək poetik ifadə bacarığı vermişdir. O, ədəbiyyatda bayağı təsvir vasitələrinə, ifadələrdəki dəbdəbəliyə qarşı mübarizə apardığı üçün mühafizəkarların hücumlarına məruz qalmışdı. Lakin bu təzyiqlərə baxmayaraq, Jukovski rus ədəbi dilinin saflığı uğrunda mübarizə  aparan “Arzamas” ədəbi cəmiyyətindən uzaqlaşmamış, əksinə, orada daha fəal iştirak etmişdi.

Bəllidir ki, Vasili Andreyeviç  rus ədəbiyyatına lirikanın dəyərli nümunələrini gətirmişdir. Onun bir sıra şeirlərində, xüsusən məhəbbət mövzusunda yazılmış balladalarında insan arzu və istəkləri, ümid dolu bir qəlbin həyəcanları duyulur. Şeirlərin misraları o qədər ahəngdar yazılıb ki, onlar oxucuya gözəl bir nəğmə kimi  təsir bağışlayır. Şair sözləri elə seçir, onları elə uyğunlaşdırır ki, intonasiya, səs təkrarlarına  elə ustalıqla, sənətkarlıqla  yanaşır ki, bütün bu keyfiyyətlər şeirin bədii təsir qüvvəsini qat-qat  artırır. Bu cəhətdən onun “Axşam”, “Nəğmə”, “Şair”, “Dəniz” şeirlərini, “Badə” və s.balladalarını göstərmək olar.

Məşhur “Pyotr islahatları”cəmiyyətin bütün sahələrində olduğu kimi, mədəniyyətdə də çox böyük hadisələrə səbəb olmuşdu. Maarifləndirmə işi inkişaf etməyə başlamışdı. Tədris və  təhsildəki  uğurlar mədəniyyətin digər sahələrinə də nüfuz edirdi. Yeni ştriftin tətbiqi kübar dilin, ədəbi nitqin güclənməsinə təsir göstərirdi. Odur ki, poetik əsərlərin-satira, oda, təmsil, epiqrammalar geniş yayılmışdı.Bunların bir çoxunun müəllifi  Anxota Kantemir hesab edilirdi.

Jukovski “Satira və Kantemirin satiraları haqqında”kı məqaləsində maraqlı məsələlərə toxunurdu: “Kantemir Rusiyanın çox az say təşkil edən klassik şairləri sırasına mənsubdur; lakin ruslardan nadir adamlar onun satiralarının mənasını qavraya bilir, çünki onun qədimi üslubu şeirlərdə yalnız və yalnız yüngül həzz arayan oxucunu hürküdür. Kantemiri ilk baxışdan sərt zahiri siması yaxşı heç nə vəd etməyən, onunla yaxından tanış olduqdan sonra isə xarakterini bəyəndiyin, söhbətlərindən ləzzət apardığın adamla müqayisə etmək olar. Oxucularımızın diqqətini bu şairə cəlb etməklə, biz onların minnətdarlığına layiq olacağımıza ümid edirik; lakin bəri başdan satira haqqında bəzi mühakimələrə varmağı özümüzə rəva görürük.

Satiranın predmeti nədir? İnsanın yanlışlıqlarını, axmaqlıq və qüsurlarını məsxərəyə qoymaq. Gülüş şən ovqat bəxş edir, şən olmaq isə insan ruhunun ən bəxtiyar durumlarndan biri olaraq qəbul edilir. Bizə bəlli olan bütün dillərdə, deyə Addison yazır, metafora tapırıq: çöllər gülür, çəmənlər gülür; bu onu sübut edir ki, gülüş özlüyündə nəsə cəlbedici və könül oxşayan bir haldır. Gülüş ruhu canlandırır, yaxud qəm-qüssə güc gələndə onun tutqunluğunu dağıdır, ya da çətin işin doğurduğu əqli yorğunluq onu əldən salanda fəallıq duyğusunu oyadır və qüvvəsini hərəkətə gətirir. Sultserin sözlərincə, gülüş iki cür olur: ya təmiz, sadəcə bizi şən ovqata kökləyən; və ya mürəkkəb, yəni kənar adamların duyğuları və anlayışları ilə  birləşmiş olan gülüş var. Özlüyündə məzəli olan predmet bizi gülməyə məcbur edir, vəssalam: bax bu təmiz gülüşdür; lakin əgər gülməli olanın alt qatında nəsə iyrənc və ya nifrətəlayiq bir hal gizlənibsə, onda bizim  qəlbimizdə acıq, hiddət, ikrah hissi gülüşlə birləşməli olur: bu isə mürəkkəb gülüş adlanır”.

Qeyd etdiyim kimi, Rusiyada poetik əsərlərin bir növü kimi təmsillər də yayılmaqda idi. Təmsillər-bənzətmə, oxşatma anlamında nəsihətamiz məzmunlu satirik əsərlərdir.Həcmcə kiçik, əsasən mənzum üslubunda olur. Bəzən mənsur təmsillərə də rast gəlinir. Təmsildə bədii ideya alleqoriya  vasitəsilə ifadə olunur. İnsan xarakterləri, ictimai həyat hadisələri  və münasibətləri heyvan və bitkilər aləminin təsviri yolu ilə təqdim olunur. İvan Andreyeviç Krılov həmin dövrdə məşhur təmsilçi kimi tanınmağa başlanmışdı.

Jukovskinin “Təmsil və Krılovun təmsilləri haqqında”kı məqaləsinin bir hissəni təqdim edirəm.

“Bizim zəmanədə nəyə təmsil deyilir?  Bu, baş vermiş əhvalatın şeirlə nağıl edilməsidir, burada iştirakçılar bir qayda olaraq ya heyvanlar, ya da cansız varlıqlar olurlar. Bu hekayənin məqsədi – ümumi yaşayışdan alınan və deməli, az və ya çox dərəcədə faydalı olan  hansısa bir mənəvi həqiqətin beyinlərə, şüurlara həkk edilməsidir.

Filosof- nəsihətçinin cadə və ümumiyyətlə nadir adam üçün xoş bir dillə təklif etdiyi mücərrəd həqiqət, təkcə əqli qabiliyyətə təsir göstərməklə, insanın qəlbində yalnız yüngül və çox tez silinib gedən iz qoyur. Hərəkətdə təqdim olunan və  deməli, bizdə duyğularımızı da, təsəvvürlərimizi də oyadan  həmin həqiqət gözlərimizdə maddi şəkil alır, mühakiməmizə daha güclü bir şəkildə həkk olunur və yaddaşımızda uzun bir müddət yapışıb qalır. Sözlərin sadə libasına bürünmüş quru anlayışla canlı şəklə salınmış, mənanın xoşagəlimliyi ilə bəzək vurulmuş, bizim təsəvvürümüz üçün fərqli, gözəçarpacaq bir forma almış həmin anlayış arasında müqayisəyə yer qalırmı? —  Təmsil yazanın başlıca predmeti belədir.

Təmsildə iştirak edənlər bir qayda olaraq ya şüursuz heyvanlar, ya da cansız yaradılışlar olur. Fikrimcə, bunun dörd başlıca səbəbi var. Birincisi: xarakterin xüsusiyyəti, bu məsələdə heyvanlar bir-birindən fərqlənir.  Təmsil hərəkətdə göstərilən əxlaqdır, mənəviyyatdır; onun məğzində birgəyaşayışdan hasil olunan ümumi əxlaqilik anlayışı dayanır, yuxarıda deyildiyi kimi, özəl bir hal üçün tətbiq olunur və bu tətbiqetmə vasitəsilə hissedilən təsirə çevrilir. Təmsildə gördüyümüz həmin dünya müəyyən mənada insan dünyasının güzgüdəki əksidir. Orada heyvanlar insanları təmsil edirlər, lakin insan yalnız bəzi münasibətlərdə, bəzi sifətdə  təqdim olunur və hər bir heyvan, özünün ayrılmaz daimi xarakterinə malik olmaqla,   həm insanı-mən qana susamış yırtıcını görürəm; tülkünü səhnəyə çıxarırsınız — mən yaltaq və hiyləgəri görürəm, — və siz lüzumsuz izahata əl atmaq zəhmətindən azadsınız. İkincisi: oxucunun təxəyyülünü yeni xəyallar aləminə çəkib gətirməklə, siz ona uydurmanı mövcud olanla (birinci ona bənzəyiş xidmətini göstərir) müqayisə etmək məmnunluğunu bəxş etmiş olursunuz, müqayisə məmnunluğu isə mənəviyyatın özünü də cəlbedici edir. Üçüncüsü: təmsil əxlaq dərsidir, siz bu dərsi insanlara heyvanların və cansız cisimlərin köməyi ilə keçirsiniz; təbiəti ilə ondan fərqlənən və onun üçün tamamilə yad olan varlıqları ona misal göstərməklə, siz onun heysiyyətinə rəhm edirsiniz, siz onu soyuqqanlılıqla mühakimə yürütməyə məcbur edirsiniz və o, hiss edilmədən özü barəsində dürüst hökmü elan edir. Dördüncüsü: qəribə, əcaib olanın gözəlliyidir. İştirakçının insan olduğunu görməyə vərdiş etdiyimiz səhnəyə siz poeziyanın qüdrəti ilə mahiyyətcə ondan təbiətin özü tərəfindən kənarlaşdırılmış olan varlıqları, — bizim üçün epik poemada  fövqəltəbii qüvvələrin, ruhların, silflərin, cırtdanların və bu sıradan olanların əməlləri qədər xoş olan möcüzəviliyi, qəribəlikləri, əcaib-qəraibliyi çıxarırsınız. Möcüzəvi olanın sirayətediciliyi şair tərəfindən onun sətiraltı mənalarında müəyyən tərzdə gizlədilmiş olan  həmin əxlaqla çatdırılır; oxucu isə, bu mənəviliyə yetişməkdən ötrü həmin o möcüzəviliyi, əcaib-qəraibliyi təbii hal kimi qəbul etməyə razıdır”.

Jukovski mövzularını ən çox qədim xalq əfsanələrindən bəhs edən kitablardan alırdı. Rus xalqının folklor irsindən bəhrələnərək eynən Puşkin kimi sevdalı, sehirli nağıllar yazırdı: “Çar Berendeyin nağılı”, “Yatmış şahzadə”, “Şahzadə İvan və Boz Qurd”, “Zambaq ağacı”, “Çəkməli Pişik” və s.

O da məlumdur ki, xalq yaradıcılığı xəzinəsində uşaqları cəmiyyət, həyat , ictimai münasibətlər , elmi məsələlər və təbiətlə tanış edən fantastik nağıllar az deyil.Bunlardan bəziləri bədii forma və məzmun etibarı ilə müasir elmi-fantastik əsərlərə çox bənzəyir. Jukovskiyə görə, uşaqlara elə nağıllar lazımdır ki, onlar həm fantaziya qabilyyətini inkişaf etdirməyə xidmət etsin, həm də uşaqlara  təbiət və cəmiyyət haqqında geniş biliklər versin.

Belinski də eyni fikirdə idi: “Təbiət elmləri hər şeydən daha qüvvətli bir şəkildə uşaqları maraqlandıra bilər. Bu predmet onlara yaxındır.Onlar hər bir addımda təbiətlə təmas edirlər, təbiət uşaqların doğma sirdaşıdır.Uşaqlar üçün müqayiəedilməz dərəcədə maraqlıdır bilsin ki, onun yolda qaçmasına mane olan yağış nədən əmələ gəlir, uşağı romalıların hansı paltarda gəzdikləri maraqlandırmır.Siz uşaqlara kəpənək haqqında danışın, çünki hər gün çəməndə onun dalınca qaçır…Ona köhnə və sadiq dostu barbos (it deməkdir) haqqında danışın ki, evi mühafizə edir…Uşağa həmişə ona yaxın olan şeylərdən danışın, ona nağıl edin ki, evi necə tikirlər, hər gün yediyi çörəyi necə bişirirlər, oturduğu stulu necə düzəldirlər…”

Lakin etiraf olunmalıdır ki, təbiət nağıllarının heç də hamısı uşaq psixologiyası və təfəkkürü üçün faydalı olmur. Elə nağıllar da var  orada daha çox cin, şeytan, mələk, ifritə və s. ağlasığmayan və real düşüncəyə zidd olan şeylərdən  danışılır.Belə nağıllar uşaqlarda illər boyu öz təsirini saxlayan qorxu, vahimə hissləri yaradır və onların acizləşməsinə, daima düşkün, bədbin, kədərli olmasına və fəaliyyətsizliyinə səbəb olur.

M.Qorki nağılların nəinki uşaqlara, hətta böyüklərə, yazıçılara belə dərin və müsbət təsirindən bəhs edirdi: “Mən qəti inam hasil etmişəm ki, nağıllarla və ümumiyyətlə, şifahi xalq yaradıcılığının tükənməz xəzinəsi ilə tanışlıq gənc yazıçılar üçün son dərəcə mənfəətlidir.Nağıl yazıçının fantaziyasını inkişaf etdirə bilər, onu sənət üçün uydurmanın əhəmiyyətini qiymətləndirməyə məcbur edər, ən başlıcası isə onun yoxsul leksikonunu, yoxsul dilini zənginləşdirə bilər”.

Faydalı nağıllarda təbiət təsvir və izah olunur, insanın təbiətlə mübarizəsi göstərilir, varlığın müxtəlif formaları və hadisələri haqqında, gün, ay, ulduzlar, gecə, gündüz, çay, dəniz və s.haqqında məlumat verilir. Belə nağllarda heyvanların həyatı, onların fərdi xüsusiyyətləri göstərilir və ən əhəmiyyətlisi isə insanların onlara münasibəti, ictimai münasibətlər təsvir  olunur, qəhrəman obrazların möhkəm iradəsi, cəsurluğu, humanizmi və fədakarlığı tərənnüm edilir. Jukovskinin nağılları məhz belə nağıllar idi.

Jukovski klassizmdən sentimentalizmə və sentimentalizmdən romantizmə doğru mürəkkəb bir yaradıcılıq yolu keçmiş, iki  ədəbi cərəyanın ən yaxşı ənənələrini inkişaf etdirmək yolu ilə yeni ədəbi cərəyanın -sentimentalistləşdirilmiş romantizmin banisi səviyyəsinə yüksəlmişdi. Elegiyalarında müasir həyatdan uzaqlaşmaq, ümidsizlik  onun sentimentalistləşdirilmiş romantizminin əsas xüsusiyyətlərindən idi. Buna görə də Jukovskinin rus ədəbiyyatında mövqeyi çox böyük idi. “Jukovski olmasaydı, Puşkin də olmazdı” — deyən Belinski, bununla belə, şairin əsərlərindəki bədbinliyi, qeyri-fəal seyrçilik ruhunu kəskin tənqid edirdi.

Jukovskinin  “Həyatda səadət yoxdur, Allah bizi xoşbəxtlik üçün yaratmış olsa da, həyatda qismətimiz kədər, məhrumiyyətdir, xoşbəxtlik bizim mənəvi aləmimizdədir. Özünü xoşbəxt hiss etmək üçün nəcib hisslər, ülvi fikirlərlə yaşamaq kifayətdir” — fikrini ifadə edən əsərini misal gətirib Belinski  “Bu fəlsəfənin nəticəsi  nədir?” sualına cavab olaraq yazırdı: “…Deməli, həyatın bütün səadətləri həqiqi səadət deyildir, deməli, səadət ancaq bizim daxili aləmimizdə imiş, mənəvi səadətlər buradan gəlib keçir və bizi dəyişdirirmiş… Çox gözəl! Lakin bundan belə bir nəticə çıxarmaq olarmı ki, biz gərək bu dünyada əlimizi qoynumuza qoyub oturaq, heç bir iş görmədən yüksək fikirlər və nəcib hisslərlə qidalanaq? Bu birtərəflilikdir, əxlaqi asketizmdir (asketizm — tərki dünyalıq deməkdir-R.Mirazəazdə). İfrat və yanlış ultraromantizmdir… İnsan bir yerdə, öz koması qarşısında mərmər tabut kimi hərəkətsiz dayanıb-durmaqla və öz-özü ilə gözəl həyat haqqında söhbət eləməklə necə gözəl, ülvi məqsədlərə çata bilər? Məgər təkcə bu gözəl, ülvi öz-özünə söhbət insanın yeganə səadətidir? Məgər insanın şəxsi səadəti yalnız qadına olan məhəbbətdədir?Ah, əgər belə isə, bu məhəbbət, ifratların təsadüfi ittifaqı qanuna görə ən böyük xudpəsəndlikdir!.. İnsanın şəxsi səadət arzusu həqiqi və qanunidir. İnsanın şəxsi səadətə meyli ağlauyğun və təbiidir. Lakin bütün aləm, onun səadəti təkcə bir ürəkdəmi yerləşməlidir?..İnsan üçün onun daxili, mənəvi aləmindən başqa böyük bir həya aləmi, tarixi idrak və ictimai fəaliyyət aləmi də vardır, elə bir aləm ki, orada fikir işə, hərəkətə çevrilir, yüksək həssaslıq da qəhrəmanlığa…Bu arasıkəsilməz iş, zəhmət aləmi, tükənməz fəaliyyət, yaradıcılıq aləmi, gələcəyin keçmişlə əbədi mübarizəsi aləmidir!..Və xoşbəxt o adamdır ki, hal-hazırki varlıqla kifayətlənmir, xoşbəxt o adamdır ki, onun qəlbində gözəl yaşayış idealı yurd salır”.

Jukovskinin qələmə aldığı “Yazıçı cəmiyyətdə” adlı məqaləsindəki qeydlərə diqqət yetirək:

“Nə üçün yazıçıya cəmiyyətdə uğur qazanmaq qeyri-mümkündür və yazıçı adı kübar insanın durumuna ziddiyyət təşkil etmir ki? Siz deyəcəksiniz, ola bilsin: hər bir yazıçı özünün vərdiş etdiyi adi məşğuliyyəti ilə, səs-küylü, rəngarəng və fikir dağınıqlığından ayrılmaz olan kübar həyatdan xeyli uzaqlaşıb. Bu fikirlə razıyam,  əgər kübar həyat adı altında siz avara, veyil, özünü yalnız ictimai zövq-səfalara həsr edənlərin, yorulub-usanmadan özündən kənarda yaşayanların, bir işi-peşəsi, bir dövlət vəzifəsi olmayanların;  devizi – fayda vermədən, bəzən isə başqalarının zərərinə olaraq xoşagələn olmağa çalışanların darıxdırıcı halını nəzərdə tutursunuzsa. Lakin siz görürsünüz ki, yaşadığınız mühitdə uğur – efemer efemer — yəni ötəri -R.Mirzəazdə) deyil, həqiqi və uzunsürən uğur – faydalı fəaliyyət və yüksək keyfiyyətlə birləşib. Elə birisi yoxdur ki, sadəcə kübar adam adlansın; hər kəsin öz xüsusi məşğuliyyəti var və ya olmalıdır, bu məşğuliyyət onu bir müddətliyə kübar aləmdən uzaqlaşdırır, az və ya çox dərəcədə davam etməklə tənhalığa çəkilməsini tələb edir; bir çoxları xidməti vəzifələrinə, hamı isə ümumilikdə ailə qayğılarına tabedir. Yazıçı vəzifəsi onu fikirləri ilə baş-başa qaldığı iş kabinetinə bağlayır – lakin kabinet onu cəmiyyətdən ayrı salırmı və onun başqaları ilə — hər birinin öz xüsusi qayğıları və vəzifəsi olanlarla  bərabər dərəcədə böyük kübarlar aləminin üzvü olmasına maneçilik törədə bilirmi? Əlbəttə, yazıçı, özünə hər hansı mühüm bir hədəf seçmiş hər kəs kimi, kübar aləmdə, necə deyərlər, yaşamaq məharətini özünün yeganə sənəti bilmiş adamları bəzəyən  həmin  göz oxşayan parlaqlığı asanlıqla qazana bilmir; lakin o bu dərəcədə həqiqiliklə və heç şübhəsiz ən nəcib bir tərzdə xoşa gəlmək üsullarına malikdir.

Yazıçı – özü də yalnız və yalnız yazıçı olan kəs — lütfkar adam keyfiyyətindən məhrumdurmu? Düşüncə zənginliyi istedadı ilə öz fikirlərini kağız üzərində başqalarından daha yaxşı ifadə edə bilən bir insan olmaqla, o, məhz buna görə də söhbətdə fikir və düşüncələrini xoşagələn bir tərzdə ifadə etmək qabiliyyətinə malik olmamalıdırmı? Və, vaxtının çox hissəsini öz kabinetində kitablarla keçirdiyindən qəribəliyə və insanlarla rəftarda qabiliyyətsizliyə məhkumdurmu? Düşünmürəm ki, biri digərinin qaçılmaz nəticəsi olsun.

Siz iddia edirsiniz ki, cəmiyyətdə çıxış edəndə müəllif  mütləq kişilərin məkrli maraqlarının və qadınların tələbkar özünəvurğunluğunun qurbanı olmalıdır: bu fikri o qədər də ədalətli hesab etmirəm. Yazıçı dünyəvi adamdır, həmişə kübar cəmiyyətində olmaqla, məhz buna görə xüsusi diqqət oyatmaya bilməz ki, onun üzü artıq tanışdır və  hamı ilə eyni rolu: öz ədaları, öz zahiri görünüşü, öz səs tonu ilə digərlərində təsir buraxan müsahib rolunu oynayır. Kübar cəmiyyətində fərqlənməni  sevməz, heyrətlərini həvəssiz büruzə verərlər və nadir kəslər onda maraq predmeti olur, bu isə özlüyündə artıq fərqlənmənin əlamətidir. Kübar cəmiyyətində heç kəsdən çox şey tələb olunmur, bəlkə də buna görə ki, yüksək tələblər böyük üstünlüyün əlamətlərindən ayrılmazdır; insanlar, xüsusilə də kübarlar ümumən ədalətli olsalar da, belə bir etirafı  büruzə  verməyi heç vaxt sevməzlər.

Əlavə edək: yazıçı cəmiyyətdə daha kübar adamların qarşısında xeyli üstünlüyə malikdir; o, digərlərindən daha dürüst adam ola və daha yaxşı düşünə bilir. Günün böyük qismini həsr etdiyi əqli işdən o, kübar adamın yalnız sezə bildiyi predmetləri götür-qoy etməyi öyrənir; çox tez-tez öz düşüncələri ilə baş-başa qaldığından  gözü ilə gördüklərini xeyli müddət xatirində canlandıra bilir; öz fikirlərini nizama salmaq və dəqiqliklə ifadə etmək vərdişi onun anlayışlarına xüsusi aydınlıq,  müəyyənlik və tamlıq verir, bunlar istisnasız olaraq yalnlz dünya işləri ilə məşğul olan adamın heç ağlına da gəlməz:  sonuncu, fövqəladə bir sürətlə onun yanından ötüb keçən predmetlərin rəngarəngliyi səbəbincə, necə deyərlər, göydə qapmağa və onlara öz diqqətini ötərincə yönəltməyə məcburdur. Tənhalığa çəkilmək yazıçını dərin düşüncəli insana çevirir; cəmiyyət arasında isə fikrini əlüstü ifadə etməyi mənimsəməli olur və nəhayət, onda özünün ən dərin fikirlərinə asan və xoşagələn ifadələrlə bəzək-düzək vermək məharətini iqtibas edir”.

Müharibədən sonra Jukovski ədəbi fəalyyətini davam etdirmək istəyir. Şairin dərin mənəvi  duyğularla  yazdığı «İmperator Aleksandra» şeiri onun taleyini həll edir. Jukovskinin güclü yaradıcılığına və vətənpərvər şair-vətəndaşlığına hörmətlə yanaşan  Sergey Semyonoviç Uvarov Andrey Vasilyeviçin daha da yüksəlməsinə, imperator əhlindən şairə yaradıcı fəaliyyətinə görə təqaüd ayrılmasına əzmkarlıqla çalışır. Onu da deyim ki, Uvarov Rusiyanın görkəmli dövlət xadimi, istedadlı filosofu idi, uzun illər xalq maarifi naziri olmuşdu,Rusiya dövlətçiliyində pravoslavlıq, mütləqiyyətçilik, xəlqilik formulunun müəllifi kimi də tanınırdı.

1815-ci ildə Uvarov Jukovskini, Rusiya imperatriçəsi, imperator I Pavelin arvadı Mariya Fyodorovnaya (ərinə olan sui-qəsddən sonra Mariya Fyodorovna Rusiya dövlətinin daxili siyasətinə  böyük nüfuz etmişdi) təqdim edir.İmperatriçə şairi saraya dəvət edir, Jukovski Qış sarayına köçür. Şair əvvəl sarayda şahzadə qızlara, eyni zamanda gələcək çar Nikolayın nişanlısı, alman şahzadəsi olan gəlinə rus dili və ədəbiyyatı dərsi tədris edir. Onun mənən büllur əqidəsi, təmiz vicdanı, şəfqətli qəlbi hamının diqqətini cəlb edir, heyrətə salır, ehtiram oyadır.1816-cı ildə sarayda şairə ömürlük təqaüd təyin olunur.

1823-cü ildə çox sevdiyi Mariya  Protasovanın uşaq dünyaya gətirərkən ölməsi xəbəri Vasili  Andreyeviçə  yenidən  sarsıdıcı zərbə vurur. O, bir an itirmədən özünü təcili Peterburqdan Derptə ( Estoniyanın indiki Tartu şəhəri-R.Mirzəzadə), Mariyanın cavan əri ilə yaşadığı evə çatdırır.

Dəfn zamanı üzücü qəmli duyğular içindəykən Mariyanın ölümqabağı Vasiliyə yazdığı məktubu ona verirlər. Artıq torpağa qovuşan Mariya  yazırdı: “Bu məktubu o vaxt alacaqsan ki,  sizin yanınızda olmayacağam, lakin mən o gün ruhumla sizə daha yaxın  olacağam. Həyatım boyu duyub hiss etdiyim ən canlı bəxtiyarlığımla sənə borcluyam!.. İndi isə əlvida!”.

1824-cü ilin iyulunda Jukovski çar I Nikolayın oğlu vəliəhd Aleksandr Nikolayeviçin (gələcək rus çarı II Aleksandr) tərbiyəçisi təyin olunur. Bu vəzifəsini yerinə yetirdiyi dövrdə şair  14 dekabr 1825-ci ilin dekabristlər üsyanının keşməkeşlərini də yaşayır, həmin vaxtlar toqquşmalar, iğtişaşlar zamanı hər an imperator ailəsinə, onun ətrafına hücumlar və təhlükələr gözlənilirdi. Bütün həyəcanlı günlərdə, saatlarda Jukovski bir an da olsa, Qış sarayından çəkilmir, hər dəqiqə çarın və onun ailəsinin yanında olur.

1826-cı ildə Jukovski uzunmüddətli məzuniyyət götürüb Avropaya səyahətə çıxır. O, Veymarda (ərazisi Almaniyanın tabeçiliyində olan şəhər) Höte ilə tanış olur. Alman dahisi  öz qaz lələkli  qələmini şairə hədiyyə edir.

Jukovskinin çoxsaylı xidmətləri içində bir faktı qətiyyən unutmaq olmaz ki, vaxtilə “Rusların duası” adlanan Rusiyanın ilk rəsmi himninin mətni   məhz  Jukovskiyə  məxsusdur  və  himnin musiqisi  ilk əvvəl məşhur ingilis şairi, dramaturqu və  bəstəkarı  Henri  Kerinin müəllifi olduğu İngiltərənin “İlahi, kralı hifz et” himninin musiqisinə  uyğunlaşdırılmışdı. Himn İmperator Aleksandrın mərasim və tədbirlərində ifa edilirdi.

Görkəmli rus virtuoz — skripkaçısı, bəstəkarı, dirijoru, musiqi yazıçısı və ictimai xadimi  Aleksey Fyodoroviç  Lvov 1833-cü ildə çar I Nikolayı onun Avstriya və Prussiya səfərində  müşayiət  edir. İmperatoru  hər yerdə ingilis marşının sədaları ilə salamlayırlar.  Monarx həmrəyliyinin melodiyasını İmperator  həvəssiz  dinləyir, rus himninin ingilis bəstəkarının musiqisi  ilə səsləndirilməsi ona xoş gəlmir. Rusiyaya qayıdan  kimi  Lvova ölkə üçün yeni  himn  bəstələməyi  tapşırır. Beləliklə, 1833-cü ildə Rusiyanın “İlahi, çarı hifz et!” himninə  başqa, fərqli  bir melodiya yazılır. Öz növbəsində Jukovski də himnin başlanğıcdakı sözlərinə əl gəzdirməli olur.

Həmin  ilin 18 dekabrında  çar ailəsi və yaxınları ilə birlikdə Pevçeskaya kapellaya – Sankt-Peterburq Dövlət Akademik Kapellasına (ənənəsi qədimdən qoyulmuş peşəkar xor kollektivini və simfonik orkestri özündə birləşdirən xüsusi zala malik rus konsert  təşkilatıdır-R.Mirzəzadə)  gəlir. Burada himnin Lvov tərəfindən bəstələnmiş musiqisinin (sözləri — Jukovskinin) saray müğənniləri və iki hərbi orkestrlə ilk ifası səslənir. İmperator yeni himni dinlədikdən  sonra  A.F.Lvova yaxınlaşır, onu qucaqlayıb bərk-bərk öpür  və deyir: “Sağ ol, sağ ol, gözəldir, mənim istəyimi yaxşı tutmusan”.

İfanın başqa bir şahidi də İmperatorun sözlərini eynilə yazır: “Bundan yaxşısı olmaz, mənim istəyimi yaxşı tutmusan”.

Çar bir neçə dəfə “C’est superbe!” (“Möhtəşəmdir!”)  ifadəsini təkrarlayır. Benkendorfa  hərbi nazir qraf Çernışevə bu himnin təcili şəkildə hərbi sistemə daxil edildiyini məlumat verməsini əmr edir. Himndən çox mütəəssir olan çar , bəstəkar  Lvova  üzərində  şəxsi  portreti  olan, brilliantlarla bəzədilmiş qızıl tütünqabı bağışlayır.

Cəmi altı sətirlik mətn  və 16 taktlı melodiya asanlıqla yadda qalırdı və bəndin üçdəfəlik   təkrarına hesablanmışdı. Yəni Jukovskinin “Rusların duası” şeiri bütünlüklə himnə daxil deyildi. Şeirdən dediyim kimi, bu altısətirlik mətn oxunurdu:

İlahi, çarı hifz et!

Qüdrətlə, əzəmətlə,

Şan-şərəflə çarlıq et,

Qorxu saç düşmənlərə,

Ey pravoslav çarı!

Hifz et çarı, İlahi!

Jukovski  ümumi diqqəti özünün müəllifliyinə cəlb etmir, bildirirdi ki, himn-duanın müəllifi — xalqdır.

Himn   Moskvada Rusiyanın Napoleon basqınından xilas edilməsinin 21-ci ildönümünün bayram edilməsi münasibəti ilə Böyük Teatrda və Sankt — Peterburqda Qış Sarayında əzəmətlə ifa edilmişdi.

“Rusların  duası”nı  əvəz  edən bu dövlət  himni 1917-ci ilin fevral çevrilişinə qədər mövcud olmuşdu.Sonrakı qırx ildə bu himn məlum səbəblərdən “unudulmuşdu”. Ruslar onu bir də 1958-ci ildə “Sakit Don” filmində dinləmişdilər. 1903-cü ildə  İtaliyanın tanınmış opera bəstəkarı  Umberto Menotti Mariya Corcano  himnin müsiqisini özünün yazdığı “Sibir” operasına daxil etmişdi. Pyotr Çaykovski isə “İlahi, çarı hifz et” melodiyasından “Slavyan marşı”nda, 1812-ci il Təntənəli Üvertürasının sonunda, eləcə də  III Aleksandrın tacqoyması münasibətilə Təntənəli Marşda istifadə etmişdi.

İnsanın ideya-mənəvi inkişafında, vətəndaşlıq yetkinliyində, həyata və əməyə şüurlu münasibətində ədəbiyyat və incəsənətin necə böyük təsiri olduğunu Jukovskinin nümunəsində bir daha şahidi oluruq.Milyonların rəğbətini qazanmış, onların təfəkkürünə və qəlbinə nüfuz etmiş bir ədəbiyyat adamı kimi Jukovskinin ən böyük keyfiyyətlərindən biri onun vətəndaşlığı idi, torpağını, xalqını sevməsi idi. Dahilərdən biri deyib ki, bütün dünyanın dəyərli adamı olmaq üçün ilk növbədə öz  Vətəninin vətəndaşı olmalısan. Jukovski dünyanın dəyərli adamı kimi ilk növbədə Rusiyanın layiqli vətəndaşı idi , vətəndaşı olaraq da qalacaqdır.

XVIII əsrin sonlarında ölkənin ictimai-siyasi həyatında yaranan gərginlik, kəndli hərəkatının qüvvətlənməsi, Fransa inqilabının təsiri özünü açıq — aydın göstərməyə başlayır, inqilabi — demokratik ədəbiyyatın rüşeymi yaranır, mövcud ictimai quruluşa qarşı Radişşev, Krılov, başqa yazıçı və şairlərin etiraz səsləri eşidilirdi. Jukovski hər şeydən əvvəl insan şəxsiyyətini müdafiə edən, şəxsiyyətin azadlığını irəli sürən insanpərvər bir şair-vətəndaş kimi diqqəti cəlb edirdi. Şairin bir çox şeirlərində və dostlarına göndərdiyi məktublarında bu fikirlər əsas yer tuturdu. O, hətta 1822-ci ildə öz kəndlilərini təhkimçilik asılılığından azad etdirmişdi.

İnsanları arasındakı gərginliyi götürmək, ziddiyyətləri aradan qaldırmaq üçün gərək hər kəs özünə qərəzsiz, ədalət hissi ilə kənardan baxa bilsin, başqasının da böyüklüyünü görə bilsin. Yalnız bu zaman adamlar bir-birini başa düşər, biri digərinə hörmətlə yanaşar. Bu dərin həyat fəlsəfəsi Jukovskinin zəngin daxili aləmini rövnəqləndirən keyfiyyətlərindən  idi. O, daima çar və xalq arasında münasibətlərin istiləşməsinə,  mənəvi körpülərin yaranmasına və möhkəmlənməsinə çalışırdı.

1836-cı ilin payızında Puşkin Jukovskiyə Danteslə aralarında olan mübahisə  zəminində artıq duelin yetişdiyini xəbər vermişdi. Xəbəri alan zaman Çar kəndində olan şair çaparaq halda özünü yetirir və bir həftə ərzində Hekkerlə danışıqlar apararaq, təhlükələr yaratmaqda olan münaqişəni sülh yolu ilə həll etmişdi.

Məlum olduğu kimi, XIX əsr mütərəqqi rus ədəbiyyatı ictimai azadlıqdan məhrum edilən, siyasi hüququ əlindən alınan, hər cür hücum və təzyiqlərə məruz qalan, lakin bununla belə gec-tez azadlıq əldə edə biləcəyinə inanan,  gələcəyinə böyük ümidlə baxan bir xalqın ədəbiyyatı,  bu xalqın arasıkəsilməz sürgünlərə, həbslərə, katorqalara, mühacirətə məruz qalan qəhrəman oğullarının,  bəşəri ideyaya xidmət edən yazıçı və mütəfəkkirlərin tribunası idi. Cəmiyyətin bütün yaralarını, Rusiyanı geri qoyan səbəbləri cəsarətlə açıb göstərən, mübarizə və döyüşkən ruhu etibarı ilə də mənsub olduğu xalqı ləyaqətləndirən, şöhrətləndirən bir ədəbiyyat idi. Jukovskinin sarayda, imperatorun yanında olması, ağlı, savadı, dünyagörüşü, vicdanı, mərhəməti, ədaləti, zülmətləri nura çevirən fikirləri ilə imperatorluğun etimad və ehtiramını qazanması Rusiyanın taleyinə və gələcəyinə  hər mənada müsbət təsir göstərirdi.

Jukovski Puşkinə, Gertsenə, Lermontova, Şevçenkoya, Baratınskiyə, dekabristlərə, digər inqilabçılara, çətində olanların hamısına kömək edirdi. Vəliəhdlə imperiyanı gəzdiyi zaman Kurqanda  şahzadəni müşayiət edən Jukovski, dekabristlərlə görüşür, onları bağrına basırdı. Əslində bağrına basdığı bir çox məhbusları  məhkumluqdan əvvəl heç tanımırdı. Polyaklara — öz ölkələrinin milli-azadlıq mübarizəsinə qalxmış polyaklara da kömək edir, vəliəhddən onlara qayğı göstərməsini xahiş edirdi.

Jukovski Puşkinə verilən cəzanı yumşaltmaq üçün onun Solovkiyə  ( Rusiyanın şimal-qərbində, Arxangelsk şəhəri yaxınlığında  Ağ dənizdə yerləşən altı adadan ibarət olan məkan-R.Mirzəzadə) sürgün edilməsini cənuba sürgünlə  əvəz etdirmişdi. Şair Yevgeni Abramoviç Baratınskiyə saldatlıq həyatından qurtarmaqda kömək etmişdi.Yazıçı, pedaqoq Aleksandr İvanoviç Gertsenin sürgündən qayıtmasına nail olmuşdu. Jukovskinin səyi və maddi yardımı sayəsində istedadlı Ukrayna şairi Taras Şevçenko təhkimçilik əsarətindən qurtara bilmişdi.Nekrasova da köməyi az olmamışdı.

Onun qəlbən xalqla bərabərliyin nəticəsi idi ki, II Aleksandr hakimiyyətə gəldiyi gün dekabristlərin əhvolunma fərmanına qol çəkdi. Onların bütün hüquqları bərpa olundu.Təhkimçilik hüququ ləğv   edildi. Azadlıq yolundakı  digər mətin tədbirlərinə görə II Aleksandr rus tarixində  “Aleksandr Osvoboditel” ( yəni azad edən,nicat verən anlamında) ləqəbini qazandı. Bunlar monarxın, imperatorun qəlbinə hələ körpə ikən müəlliminin axıtdığı nur — şəfqət və mərhəmətin nuru idi.

Jukovski 15 ildə daim vəliəhdin yanında oldu, ondan ayrılmadı. Şair-mütəfəkkir  siyasi baxışlardakı fərqə belə baxmadan istedadlı adamlara böyük hörmət göstərib dəstək, Puşkininsə  ən yaxın dostu oldu. Puşkin “Jukovskiyə” şeirində bu sədaqəti belə tərənnüm edirdi:

O yüksək qəlbinlə, açıq fikrinlə

Xəyal aləmində çırpınanda sən,

Saxlayıb liranı dizinin üstə,

Bir an buraxmırsan titrək əlindən.

Qarşında sehrkar zülmət içində

Dəyişərkən bir -bir mövhum xəyallar,

Alnında ilhamın soyuq nəfəsi,

Sənin saçlarını töküb dağıdar.

Haqlısan, azlarçın yaradırsan sən,

Paxıl hakimlərçin deyil sənətin,

Özgə fikri, özgə sözü toplayan

Yoxsul yolçulartək yoxdur qüvvətin.

Istedadın əsl dostuyçun yazdın,

Müqəddəs həqiqət dostu naminə…

Səadət hər kəsi sevməz, bil, hamı

Alqışçün gəlməmiş bu yer üzünə…

Yüksək fikirlərin, şeirin zövqünü

Xoşbəxtdir dünyada duyub bilənlər!

Xoşbəxtdir bu gözəl dadlı nəşədən

Həyatda kam alıb, ömür sürənlər…

Sənin o atəşin təmiz ruhundan

Bir fərəh qoparan xoşbəxtdir inan!..

Dahi şair ölüm ayağnda  olarkən bu müqəddəs dostluğa töhfə olan doktor  Şoltsun hekayətini xatırlatmaq zənnimcə yerinə düşərdi. Doktorun “Siz dostlarınızdan kimi görmək istərdiniz?” sualından  sonra Puşkinin ağlına gələn ilk adam  Jukovski olmuşdu.

Vasili Andreyeviç Jukovskini- bu qayğıkeş, mərhəmətli, sədaqətli, fədakar insanı sevməmək əlbəttə, qeyri-mümkün idi. Onu haqlı olaraq “rus ədəbiyyatının ən xeyirxah adamı” adlandırmışdılar. Köhnə dostunun elə bircə görkəmi Puşkinin ürəyinə qəribə bir sakitlik, dinclik gətirirdi:

-…Mən Jukovskini görmək istərdim…

Şolts xəstənin bu xahişini xüsusi qeyd etdikdən sonra onun nəbzini tutur. Puşkinin nəbzi gah asta, gah da iti vururdu.Su gətirmək, bir də cənab Jukovskinin ardınca adam göndərmək üçün Şolts otaqdan çıxır.

Günorta saat ikini vurur. Artıq Puşkinin bir saatdan da  az ömrü qalır. Jukovski dəhlizə doluşmuş adamlar üçün son bülleteni yazır: “Xəstə son dərəcə ağır vəziyyətdədir”.

Puşkin  Vasili Andreyeviçin təmənnasız qəlbinə, dostluğuna bütün ümidlərini bağlamışdı. Ölərkən son nəfəsində ailəsini ona tapşırdı. Və əbədi vəfa əlaməti olaraq barmağından heç zaman çıxarmadığı  bəxt — qələbə simvolu olan firuzə üzüyünü ona yadigar verdi. Bu üzüyü xanım Vorontsova şair cənubda sürgündə olarkən ona yadigar vermişdi. Puşkinin o qadına həsr etdiyi “Talisman” ( bu sözün tərcüməsi həmayil deməkdir) şeiri  bu üzüklə bağlı idi.

Jukovskinin  şair, şəxsiyyət, vətəndaş, dost, ictimai-siyasi xadim olaraq həyatını əks etdirərkən  Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqif yada düşür. Vaqif Jukovskidən 66 il əvvəl doğulsa da, Azərbaycan şairi dünyasını dəyişəndə, rus şairirnin 14 yaşı var idi.

Vaqif də Jukovski kimi  elə-obaya bağlı vətənpərvər şair, uzaqgörən dövlət xadimi idi. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir insan idi. Vaqif böyük siyasi xadim kimi xalqın öz səadəti uğrunda mübarizədə çox işlər görmüşdü. Azərbaycanın öz azadlığı yolunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri Vaqifin adı ilə bağlıdır. Qarabağ xanlığının vəziri olduğu zaman Vaqif Jukovski kimi sarayda yaşasa da, qəlbi  daim öz xalqının qəlbi ilə çırpınırdı.Şair öz vətəninin azadlıq və istiqlaliyyəti uğrunda Jukovski kimi heç zaman, heç kəsə, heç nəyə  satılmırdı.

Görkəmli şair Molla Vәli Vidadi  Vaqifin müasiri, dostu, bəzi mənbələrə görә isə qohumu idi.Unudulmaz şairimiz Səməd Vurğun özünün möhtəşəm “Vaqif” dramında şairin öz ustadı Vidadi ilə söhbətində yaratdığı misralar sanki hər iki xalqın övladının – Vaqif və Jukovskinin taleyinə biçilmişdi:

Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm, qırğının hesabı olmaz.

O, bəzən hirslənib quduran zaman

Mənəm zəncirini dartıb saxlayan.

 

1841-ci ildə Jukovski çar əhli ilə münasibətlərinin artıq qənaətbəxş olmaması ucbatından fəxri istefa ilə Almaniyaya köçür. Həmin il  aprelin 21-də, ilk məhəbbəti Mariyanın ölümündən 18 il sonra, 58 yaşlı Vasili Andreyeviç   Drüssel-dorf şəhərində yaxından tanıdığı  rəssam Reyterin 18 yaşlı qızı ilə evlənir.

1842-ci ildə qızı Aleksandra, 1845-ci ildə oğlu Pavel dünyaya gəlir.

Bunula belə, ailə həyatı uğurlu olmur. Arvadının xəstəliyi, öz nasazlığı, gözlərinin tutulmaq təhlükəsi ömrün gözəl çağlarının ötüb-getdiyini, qalanının isə fərəhsiz möhlət olduğunu ona aydın diqtə edirdi.

1848-ci ildə Baden-Badenə köçən şair, burada “Çar kəndi sonası” adlı sonuncu şeirini yazır. Bu şeir — Vasili Andreyeviç Jukovskinin son şeirlərindən biri şairin müəyyən mənada  avto — epitafiyası kimi qəbul olunur:

Ağ sinəli qu quşu, ey ağ qanadlı sona,

İnsanlara yovuşmaz, təkliksevən  nazənin,

Əyləşmisən taxtında uzaq, tənha suların!

Çoxdankı yar-yoldaş, yaşanmış  həyat,

Ötüb-keçən ömürdən dərin təəssüf  hissi —

Xatırlarsan onları yalqız düşüncələrdə!

Jukovski daim Rusiyanın həsrəti ilə yaşayırdı, vətəninə qayıtmağı arzulayır və artıq bunun marşrut istiqamətini barədə düşünürdü. Elə bu vaxtlarda qəfildən ömrünün on ilini mütəmadi yazışdığı yazıçı dostu N.V.Qoqolun öz “Ölü canlar” kimi möhtəşəm əsərinin ikinci hissəsini yandırması və bir qədər sonra Qoqolun özünün  vəfat  etməsi xəbərini eşidir.

“Moskvityanina”nın 5-ci nömrəsində Nikolay Vasilyeviçin can verən zaman dəhşətli vəziyyəti, “Əl çəkin məndən! İşgəncə verməyin mənə!” –deyə çığırması barədə oxuduğu yazı Jukovskinin əhval-ruhiyyəsinə olduqca mənfi təsir göstərir. Saatlarla qaranlıq otaqda oturan şair, daha sonra oradan çıxıb ehmalca divana uzanır  və bir daha ayağa dura bilmir.

Bu mənzərəni canlandırdıqca Taqorun, böyük Rabindranat Taqorun sözləri sanki qulaqlarımda səslənir: “Dünya qəlbimi iztirabla öpüb, tələb etdi ki, cavabında nəğmə deyim”.

Həyat  doğrudan da onun kədərli qəlbinin tellərinə toxunub həzin musiqi yaradırdı. Ayrılıq musiqisi…

1852-ci il aprelin 24-də (köhnə tarixlə 12-də) Jukovskinin sevimli Rusiyasının həsrəti ilə döyünən ürəyi gecə saat 01.37 dəqiqədə əbədi olaraq dayanır. Cənazəsi əvvəlcə  Baden-badenin şəhərətrafı qəbiristanlığının sərdabəsində saxlanılır.Həmin ilin avqustunda cənazənin məzarlıqdakı xidmətçisi Daniil Holdberq gəmi ilə şairin nəşini Peterburqa gətirir. Şair-şəxsiyyəti  Aleksandr Nevski Fəxri Dərgahında, müəllimi Karamzinin yanında   dəfn edirlər.

Hələ öz dövründə Belinskinin yazdığı “Rus ədəbiyyatı haqqında düşüncələr və qeydlər” məqaləsində belə bir hissə var: “…Jukovskinin əsərlərinin ilk səkkiz cildini indi gümüş pulla on beş manata da çətin tapmaq olar, çünki köhnə nəşri çoxdan satılıb qurtarıb, təzə nəşrinin isə izi-tozu yoxdur…”

Maraqlıdır ki, Jukovskinin kitablarına olan tələbat bu gün də əhəmiyyətli məsələ kimi qalmaqdadır. Belə ki, hələ keçmiş sovet dövründə belə,  Jukovski kimi böyük simanın əsərlərinin Azərbaycan dilinə tərcüməsi qənaətbəxş olmayıb.Buna acı təəssüf hissi keçirməkdən başqa çarəm qalmır və ümid edirəm ki, aidiyyatı təşkilatlar bu məsələni nəzərə alacaq və oxucular ana dilimizdə Jukovskinin zəngin yaradıcılığı ilə yaxından tanış olacaqlar.

Jukovskidən bəhs edərkən onun şəcərəsinin digər istedadlı adamlarını təqdim etməyi də oxucular üçün əhəmiyyətli hesab edirəm. Belə ki, dahinin atası Afanasi Bunin Rusiyanın digər tanınmış şairi, yazıçısı, və tərcüməçisi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı İvan Alekseyeviç Buninin ulu babası idi.

Bu nəsildə xeyli dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar yetişmişdir. Şəcərənin nümayəndələri arasında Vasili Jukovski və İvan Bunindən  başqa,  Aleksey Nikolayeviç  Bunin, Yuli Alekseyeviç Bunin, Vera Nikolayevna Muromtseva — Bunina (İvan Buninin həyat yoldaşı, o da ədəbiyyatçı, yazıçı və tərcümıçi olub), Anna Petrovna Bunina və İvan Petroviç Buninin adları tarixdə əbədi şöhrət qazanmışdır.

İvan Bunin özü 1870-ci ildə Voronejdə zadəgan ailəsində anadan olmuşdur. Ədib yaradıcılığa 1891-ci ildə işıq üzü görən ilk şеirlər kitabı ilə başlamışdır. O, yaradıcılığına şair kimi başlasa da, sonralar onlarla hekayə və povestlər yazmışdır. Onun sənətkar kimi formalaşmasında rus yazıçıları L.N.Tolstoy və  A.P.Çexovun böyük təsiri olmuşdur.

Rusiya kəndinin və kəndlisinin həyatı, zadəgan malikanələrinin dağıdılması, torpağa sahiblik hissinin itirilməsi  və s. Bunini düşündürən başlıca  mövzular  idi. Yazıçının Birinci Dünya müharibəsinəqədərki dövrdə qələmə aldığı “Хutorda”, “Vətəndən хəbər”, “Dünyanın o biri başında”, “Anton almaları”, “Şamlar”, “Quraqlıq”, “Kənd” və s. əsərlərində  rus kəndinin acınacaqlı vəziyyəti  təsvir olunmuşdur. Məhz bu əsərlərə görə Maksim Qorki onu  “Müasir dövrün ən yaхşı yazıçısı” adlandırmışdı.

Bunin Oktyabr  İnqilabını qəbul еtmirdi. 1920-ci ilə qədər  o, Ağ Ordunun nəzarətində olan Odеssada yaşadı. Daha sonra vətəndaş nikahında olduğu Vеra Muromtsеva ilə birlikdə Fransaya mühacirət еtdi. Parisdə və  Qrass şəhərlərində yaşayan yazıçı, bolşеvik rеjiminə etirazını “Lənətə gəlmiş günlər” (1925-1926-cı illərdə) adlı gündəliyində əks еtdirmişdi. Onun mühacirət dövrü yaradıcılığında “İеriхon gülü”, “Mityanın məhəbbəti”, “Günvurma”  və “Arsеnyеvin həyatı”  kimi əsərləri mühüm yеr tutur.

İvan Bunin Nobеl mükafatına klassik rus nəsrinin ənənələrini davam еtdirən ciddi sənətkarlığına görə layiq görülmüşdü. Bundan əvvəl onun adı iki dəfə nominantlar siyahısına salınsa da, üçüncü dəfə İsvеç Akadеmiyasının üzvü Pеr Halstrеm isə təqdimat nitqində “İvan Buninin rеal həyatı qеyri-adi dərəcədə ifadəli və dəqiq təsvir еtmək məharəti” üzərində хüsusi dayanmışdı.

Mükafat Buninə təqdim olunan günlərdə həyatın yazılmış qanunları yazılmamış qanunları ilə üz-üzə gəlmişdi:Şairin sevimli qardaşı ürək çatızmazlığından qəfil vəfat etmişdi.

Mərhəmət, insanlara sevgi və qayğıkeşliklə yanaşmaq sanki  nəsllikcə bu insanların ilahi duyğuları idi. Beləki, “Nobel pulu”nun böyük bir hissəsini Bunin ehtiyac içində yaşayan kasıb adamlara paylamışdı.

Zəngin yaradıcılığa malik olan İvan Bunin Quran ayələri ilə şeir yazan şair kimi də diqqəti cəlb edir.Onun müsəlman aləminin müqəddəs kitabı Qurana olan rəğbəti özü böyük ehtirama layiqdir.

Qurani — Kərimdəki “Biz sizə kövsər verdik”, “Ölümündən qorxub, vətənini atanları unutma”, “O, yol göstərən işarələr qoyur”, “Əlif, Lam, Mim”, “Bu gecə mələklər göydən enir”, “Biz mələklərə: “Adəmə səcdə edin! — dedik”, “Oddan yaranmış İblisdən başqa hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və s. ayələr İvan Buninin şeirlərinin əsas mənbəyidir. Şair Qurandakı “Biz sizə kövsər verdik” kəlməsinə istinad edərək, 1903-cü ildə qələmə aldığı “Kövsər” adlı şeirində yazır:

 

Duman arxasında çayların çayı,
Çağlayır Kövsərin lacivərd suyu.
Bütün yer üzünü xoşbəxt edəcək-
İnan — ibadət et, döz ömrün boyu.

 

Müqəddəs kitabdakı “Ölümündən qorxub, vətənini atanları unutma” ayələrinə istinad edərək “Xəyanətə görə” şeirini yazır:

 

Allah qırdı Vətənə xəyanət edənləri,
Kəllə sümükləriylə səpildi çöl, biyaban.
Peyğəmbərsə dirildib: Haqdan həyat dilədi,
Yer torpaq təhqirini bağışlamır heç zaman.

 

İvan Bunin Qurani-Kərimdəki “O, yol göstərən işarələr qoyur” , “Bu gecə mələklər göydən enir” , “O yatmır, mürgüləmir” surə və ifadələrindən ilhamlanaraq “Yol göstərən işarələr”,  “Qədr gecəsi” və  “Təmcid” şeirlərini yazmışdır.Qurandakı “Biz mələklərə: “Adəmə səcdə edin! — dedik”, Oddan yaranmış İblisdən başqa hamı səcdə edir” fikirlərindən təsirlənərək, “İblis-Allaha” şeirini ərsəyə gətirmişdir:

 

—  Adəmin qarşısında səcdə edin! – dedin sən,
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən.
Quru yarpaqlar ilə alov yola gedərmi?
Atəş ehtirasını yarpaqlar söndürərmi?

Mən öz od bayrağımı daha uca tutaram,
Sənin o Adəmini atəşimə qataram.
Dulusçu kimi onu odumda bişirərəm.
Onu bərkidib, sonra ona nəfəs verərəm…

 

İvan Buninin İslam dininə hörmət və məhəbbətini əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin Qara daşı”, “Məhəmməd qovulanda”, Məhəmməd və Sofiya”, “Yaşıl bayraq” və s. şeirlər onun yaradıcılıq xəzinəsinin dəyərli inciləridir.

Vasili Jukovskinin qan qohumları arasında daha üç görkəmli simanı təqdim etmək istəyirəm. İvan Vasilyeviç Kireyevski və Pyotr Vasilyeviç Kireyevski qardaşları; birinci qardaş Rusiyanın  din filosofu, ədəbi tənqidçisi və publisisti kimi, ikinci qardaş yazıçısı, tərcümıçisi, arxeoqrafı kimi tanınıb. Qohumlardan digəri Pyotr Petroviç Semyonov Tyan-Şanski səyyah, iqtisadçı, ictimai və dövlət xadimi, İmperator Elmlər Akademiyasının fəxri üzvü, Hökumət Senatı 2-ci Departamentinin senatoru, Avropadan olan ilk alim-səyyah kimi Tyan-Şan dağlarını fəth və yüksək dağ silsilələrinin hündürlük zonalarını tərtib edib. Bundan sonra alim soyadına Tyan-Şanski ləqəbini əlavə edib.

Yazımın sonunda Rusiyada 42 il hakimiyyət başında olmuş islahatçı Pyotru bir daha anmaq istəyirəm. Böyük rəhbərin Petropavlovsk kilsəsində dəfni mərasimində rus pravoslav kilsəsinin yepiskopu, alim, yazıçı və siyasi xadim Feofan Prokopoviç özünün məşhur nitqini söyləyir. Bu nitq əslində bir rekviyem idi.Çünki ağır itki münasibətilə nitqdə ifadə olunmuş kədər hissi və mərhumun gördüyü işlər üçün iftixar hissi dərin təsir bağışlayırdı: “…Ey ruslar, bu nə gündür, biz düşümüşük? Biz nələr görürük? Biz nə edirik? Böyük Pyotru soyuq torpağa tapşırırıq, onu dəfn edirik…Pyotr bizi tərk edib getmişdir, ancaq bizi səfil və məzlum vəziyyətdə qoymamışdır, biz hədsiz dərəcədə güclüyük, böyük şan-şöhrət sahibiyik.O, Rusiyanı necə bir ölkəyə çevirmişdirsə, Rusiya eləcə də olacaqdır:xeyirxah və sevimli olmuşdur, sevimli də olacaqdır, düşmənlər üçün zəhmli etmişdir, zəhmli də olacaqdır; ona bütün dünyada şan-şöhrət qazandırmışdır və Rusiya həmişə şan-şöhrətli olacaqdır.Bizə mənəvi, mülkü və hərbi sahədə islahatlar bəxş edib, bu düntyadan köçmüşdür…”

Vasili Andreyeviç Jukovski böyük Pyotr islahatlarında yetişən zadəgan idi, hədsiz dərəcədə güclü, böyük şan-şöhrət sahibi, eyni zamanda düşmənlər üçün zəhmli olan Rusiyanın övladı idi. Dünyəvi islahatlarda “doğulan” rus oğlu daha yeni islahatlar yolunda vətəni üçün yeni bir qüdrətli islahatçı yetişdirdi: II Aleksandr ölkənin nicatında parlaq izlər qoydu.

Bəli, onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya  eləcə də olacaqdır:xeyirxah və sevimli olmuşdur, sevimli də olacaqdır, düşmənlər üçün zəhmli etmişlər, zəhmli də olacaqdır; ona bütün dünyada şöhrət qazandırmışlar və Rusiya həmişə şan-şöhrətli olacaqdır.

Reyhan Mirzəzadə, publisist, politoloq

 

http://az.strategiya.az/index.php?do=xeber&id=84837

Leave a Reply