|

NATO-nun qlobal strategiyası

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Amerika Birləşmiş Ştatları və Avropanı birləşdirən Avroatlantika ideyasını özündə təcəssüm etdirən NATO XX əsrin beynəlxalq münasibətlər tarixinə öz möhürünü vurdu. 1949-cu il aprelin 4-də Vaşinqton müqaviləsinin imzalanması ilə əsası qoyulan təşkilat ötən əsrin, demək olar ki, bütün təlatümlü siyasi hadisələrində bu və ya digər şəkildə iştirak etmiş, soyuq müharibənin əsas fiqurlarından biri olmuşdur.

Lakin 90-cı illərin əvvəllərində sosializm sisteminin süqutu, NATO-nun əsas rəqibi olan Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra təşkilatın fəaliyyətində ideoloji boşluq əmələ gəldi. Təşkilat soyuq müharibədə qalib gələrək 40 ildə daşıdığı ideoloji yükdən azad olsa da, onun mübarizəsinin özəyini təşkil edən ideoloji dəyərlər də öz əhəmiyyətini itirmişdilər. Artıq nə Sovet İttifaqı qalmışdı, nə də onun proletar inqilabını dünyaya ixrac edərək ümumdünya inqilabına nail olmaq ideyası real görünürdü. Bir sözlə, NATO ideoloji böhrana düçar olmuşdu. Təşkilatın ölüm-qalım məsələsi dünyada ciddi müzakirə mövzusuna çevrilmişdi.
Bəzi tədqiqatçılar haqlı olaraq iddia edirdilər ki, Varşava Müqaviləsi Təşkilatının süqutundan sonra növbəti məntiqi addım Qərbin demokratik dəyərlərini “bolşevik” irticasından qorumaq üçün yaradılmış NATO-nun buraxılması olmalı idi. Lakin nə qədər təzadlı olsa da, məhz yeni beynəlxalq şərait bu addımı qeyri-mümkün edirdi. Tədqiqatçı A.Əzimli bunun səbəblərini aşağıdakı kımı qruplaşdırır:
1. İdeoloji qarşıdurmadan qaynaqlanan gərginlik aradan qalxsa da, Sovet İttifaqı və Yuqoslaviyada hadisələrin nəzarətdən çıxması göstərdi ki, Avropada sabitlik üçün yeni təhlükələr meydana gəlmişdir. Buna görə də, geri çəkilmək bağışlanmaz bir səhv olardı;
2. Sovet-Amerika qarşıdurmasının geosiyasi əsaslarına həsr olunmuş “Oyun planı” əsərində məşhur Amerika politoloqu Z.Bjezinski göstərirdi ki, bu rəqabətin əsas hədəfi Avrasiya materiki üzərində nəzarətin yaradılması olmuşdur. Dünya okeanı və kosmosa nəzarət bu materikin kimin təsir dairəsində olmasından asılıdır. Sovet İttifaqı dağıldıqdan sonra Qərb bloku materikə demək olar ki, tam nəzarət etmək imkanı qazandı. Belə olan təqdirdə, 40 il gözlənilən bu imkanı əldən qaçırmaq nə dərəcədə düzgün olardı?
3. NATO-nun keçmiş baş katibi M.Vernerin söylədiyi kimi, Alyansın buraxılması Avropanın ABŞ-dan və Kanadadan uzaqlaşması təhlükəsini daşıyır. Məhz amerikalıların qitədəki siyasi və hərbi iştirakı, Sovet təhlükəsi qarşısında ehtiyatlılıq Avropa dövlətləri arasında hakimiyyət və təsir uğrunda tarixi mübarizənin qarşısını alan əsas amillər idi. Nə Avropa Birliyi, nə də Qərbi Avropa Birliyi təhlükəsizlik təmin olunmasa və bu təhlükəsizlik üçün etibarlı təminat olmasa idi ümumavropa inteqrasiyasını təmin edə bilməzdilər. AB nə qədər sıx və güclü bir qurum olsa da, ABŞ-sız təhlükəsizliyi təmin etmək və böhranları həll etmək iqtidarında deyil;
4. Post-kommunist məkanında yaranmış etnik və dövlətlərarası münaqişələrin həll edilməsi və yenilərinin meydana çıxmasının qarşısının vaxtında alınması üçün effektiv mexanizmə ehtiyac yaranmışdı. Bu qəbildən olan münaqişələrin Avropa¬da sabitlik üçün əsas təhlükə mənbəyinə çevrildiyi üçün NATO öz hərbi strukturlarının effektivliyini nəzərə alaraq sülhyaratma funksiyasını da öz üzərinə götürmək məcburiyyəti qarşısında qalırdı. Bu aspektdən də baxanda görürük ki, NATO-nun hərbi mövcudluğu zərurətə çevrilmişdi.
5. NATO Avropa ilə Amerikanı birləşdirən yeganə vasitədir. Əgər Alyans Avropa təhlükəsizliyi və ümumavropa inteqrasiyası üçün həlledici əhəmiyyət daşıyırsa, ABŞ-ın iştirakı da Alyans üçün bir o qədər həlledici əhəmiyyətə malikdir. [2, 18-22]
Müəllifin fikirləri ilə əsasən razı olduğumuzu bildirərək, sonuncu bəndə bir qədər dəyişiklik etmək istərdik. Belə ki, NATO-nun qalmasını təmin edən əsas səbəblərdən biri ABŞ-ın Avrasiya materikindəki öz hərbi mövcudluğunu təmin etmək istəyidir. Bunun üçün ən effektiv mexanizm Şimali Atlantika Müqaviləsidir. Buna görə də, nə qədər ki, NATO-da əsas söz sahibi olan ABŞ-ın strateji planlarında dünya hegemonluğu iddiası var, bu ölkə təşkilatın dağılmasına yol verməyəcək, əksinə, onun Şərqə doğru genişlənməsinə səy göstərəcək.
NATO-nun qlobal strategiyası da məhz bu cür müddəalar üzərində qurulur. Belə ki, 1955-ci il mayın 14-də yaradılan və SSRİ-nin diqtəsi ilə fəaliyyət göstərən Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra dünyada yeganə hərbi-siyasi təşkilat kimi qalan NATO özünün yeni funksiyasını müəyyənləşdirməyə, beynəlxalq həyatda öz yerini və rolunu təyin etməyə, əhatə dairəsini genişləndirməyə səy göstərir. Digər tərəfdən, sosializm sistemi çökdükdən sonra, tarazlığı pozulmuş dünyada yaranmış yeni dövlətlərdə mövcud olan iqtisadi, siyasi böhran, milli, etnik və ərazi münaqişələri təkcə Avropada dövlətlərarası münasibətlər üçün deyil, eyni zamanda bütün beynəlxalq münasibətlər üçün təhlükə törədir. Belə şəraitdə NATO baş verən proseslərə öz münasibətini dəqiqləşdirməyə, münaqişələrin aradan qaldırılmasında xüsusi rol oynamağa, həmin ölkələrin demokratiya yolu tutmasında, azad bazar iqtisadiyyatına keçməsində və islahatlar aparmasında yeni imkanlarını təklif etməyə çalışır. [1, 91]
NATO-nun qlobal strategiyasına bir qrup keçmiş Sovet respublikalarında da loyal münasibət müşahidə olunur (xüsusilə də Yanukoviçə qədərki Ukrayna və Gürcüstanda). Almaniyalı professor Lotar Rühl bu münasibətin arxasında duran məqamları araşdıraraq onların niyyətini aşağıdakı kimi ifadə edir: “Onlar Alyansa üzv olaraq Rusiyanın artan təhdidlərinə qarşı öz müstəqilliklərini və təhlükəsizliklərini sığortalamaq istəyirlər. Bu ölkələr hazırda Rusiyaya qarşı özlərini müdafiəsiz hiss edirlər. Onların digər bir niyyəti isə, Qərbdən demokratik və iqtisadi islahatlara lazımi dəstək almaq, ümumiyyətlə Qərbi Avopa ilə aradakı bağları bərkitməkdir.” [3, 14]
Lakin transatlantizm fəlsəfəsi və NATO-nun qlobal strategiyası dünyada heç də hamı tərəfindən birmənalı qarşılanmır. Zaman-zaman hökm sürən anti-transatlantizm tendensiyası bu gün də mövcuddur. Bunun səbəblərini mərhum alimimiz R.Mustafayev aşağıdakı kimi ifadə edir: “Təəssüflər olsun ki, NATO-nun əsas prinsiplərinin bir hissəsi, transatlantizm fəlsəfəsi də daxil olmaqla, hazırda genişlənmə dinamikasını izah etmək qüdrətində deyildir. Bu prosesin sabitliyini təmin edəcək ideoloji mexanizm heç kəsdən gizli deyil ki, yerində sayır. Bəlkə də buna görədir ki, biz bu gün tez-tez transatlantizm fəlsəfəsinin böhranı, yeni strateji tezislərin işlənib hazırlanma zərurəti barədə səriştəli mülahizələr, fikirlər eşidirik.”
Göründüyü kimi, qlobal strategiya zərurətdən doğmaqla yanaşı, üstünlükləri ilə bərabər məlum nöqsanlardan da xali deyildir. Bu nöqsanlar ideoloji sahədən başlayıb texniki sahəyə kimi bütün münasibətləri əngəlləyir. Nəticədə fəaliyyətin çeviklik, qətiyyətlilik göstəriciləri aşağı düşür, təşkilatdaxili korrupsiya üçün münbit şərait yetişir.
NATO-nun qlobal strategiyası nədir?
Yeni strategiyanın əsas ideyası – “qlobal NATO”-nun, elə bir hərbi ittifaqın yaranmasıdır ki, o öz məsuliyyət sferasını genişləndirərək, bütün dünyanı əhatə edə bilsin. Vaşinqton və Brüsseldə bu planları “avroatlantik təhlükəsizlik strukturlarının qloballaşdırılması” adlandırırlar.
NATO-nun qlobal strategiyasının əsas məqsədlərindən biri ABŞ-ın və blokun aparıcı dövlətlərinin maraqlarının qlobal miqyasda qorunmasıdır. Hərbi mənada söhbət Atlantikadan Orta Şərqə qədər təsir dairəsinə yenidən baxılmasından, quru və dəniz hərbi əməliyyatları üçün yeni meydanlardan istifadə edilməsindən gedir. Bu strategiya həm də BMT TŞ-nın, yaxud ATƏT-in qabaqcadan sanksiyalarını almadan müstəqil güc tətbiqini nəzərdə tutur. Beləliklə, blokun öz məsuliyyət zonasından kənarda güc tətbiq etməklə aksiyalar keçirmək iddiası açıq-aşkar görünür.
Rusiyaya gəlincə isə, həm Vaşinqtonda, həm də Brüsseldə yüksək rütbəli hərbçilər bu ölkənin geniş ərazilərində böyük miqdarda zəif qorunan nüvə silahlarının olmasından narahatdırlar. Onların fikrincə, qeyri-sabit Rusiyada bu qorxunc silah nəzarət altına alınana qədər NATO bloku öz hərbi potensialını təkmilləşdirməli və onu Şərqə doğru sıxışdırmalıdır.
NATO-nun 2009-cu il aprelin 2-də Strasburqda keçirilmiş sammitindən əvvəl Alyansın yenidən formalaşdırılmasına dair inqilabi təkliflərin irəli sürülməsi də təşkilatın qlobal iddiaları haqda dediklərimizi təsdiq edir. O zaman Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazırdı: “Sammit zamanı ABŞ blokun yenidən formalaşdırılması konsepsiyasını təqdim etməyə hazırlaşır. Konsepsiyaya görə, NATO məhdud sayda ölkələrin üzv olduğu hərbi-siyasi blokdan Avstraliya, Yaponiya, Cənubi Koreya kimi ölkələrin də daxil olduğu dünya təşkilatına çevriləcək. Perspektivdə isə alyansın BMT-ni əvəz etməsi planlaşdırılır…” [4]
ABŞ-ın NATO-dakı yeni səfiri postuna alyans üzrə nüfuzlu Amerika ekspertlə-rindən biri kimi tanınan İvo Daalderin təyin olunması heç də təsadüfi deyildi. Daalder Demokratiya Liqası yaradılması ideyasının çoxdankı tərəfdarıdır. Bu ideya ilə prezidentliyə keçmiş respublikaçı namizəd Con Makkeyn çıxış edirdi. Makkeyn bildirirdi ki, BMT dünyada demokratiya ideyalarını müdafiə edə bilmədiyindən bu təşkilatı əvəz edən, zərurət yaranarsa, demokratiyanın müdafiəsi üçün hərbi güc tətbiqini də mümkün sayan beynəlxalq təşkilatın yaranmasına ehtiyac var. [5]
Göründüyü kimi, NATO-nun qlobal strategiyası onu hətta müsir beynəlxalq münasibətlər sisteminin təminatçısı olan BMT ilə də qarşı-qarşıya qoyur. NATO-nun beynəlxalq təhlükəsizlik sahəsindəki rolunun artdığını göstərən bu tendensiya, digər tərəfdən beynəlxalq münasibətlər sistemi üçün müəyyən təhdid yaradır. Çünki o, son nəticədə təkqütblü dünya sisteminin rəsmiləşdirilməsinə xidmət edir.
Beləliklə, soyuq müharibədən qalib çıxan NATO yeni bir mübarizəyə qədəm qoymuşdur. Öz “yaranma zərurətini” itirmiş təşkilat indi mövcud olma zərurətini əsaslandırmağa çalışır. Bu məqsədlə qloballaşma yolunu tutmuş NATO artıq əvvəlki kimi yalnız hərbi aksentə əsaslanmır, digər (qeyri-hərbi) sahələrə də nüfuz etməyə çalışır. Bu, təşkilatın ikinci niyyətindən xəbər verir: təşkilat həm də universallaşmağa çalışır.
MƏNBƏLƏR VƏ ƏDƏBIYYAT
1. Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, “Mütərcim”, 1997, 124 s.
2. Əzimli A. Azərbaycan-NATO münasibətləri (1992-2000). Bakı, “Adiloğlu”, 2001, 226 s.
3. Rühl L. NATO’s opening to the East and the future security architecture for Europe. // Deutschland, No.3, June 1997, p.14-17.
4. Газета «Коммерсант», 15 март 2009 г.
5. http://history.howstuffworks.com/john-mccain.htm

Almaz Əliyeva

ТРУДЫ
ИНСТИТУТА ИСТОРИИ НАН АЗЕРБАЙДЖАНА 2010, том 32

Leave a Reply