|

Nailə Rəhimbəyli: “Folklor dünənimiz, sabahımız və gələcəyimiz deməkdir”

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

Nailə Rəhimbəyli. Azərbaycanın ulu Gəncə şəhərində anadan olub. Sənətşünaslıq elmləri doktorudur və Bakı Musiqi Akademiyasının professorudur. Bakı Musiqi Akademiyasında «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının müəllimi və dosentidir. Bununla yanaşı, 2004-cü ildən AMEA Folklor İnstitutunun «Aşıq musiqisi və saz ifaçılığı» və «Çağdaş folklor» şöbələrinin aparıcı elmi işcisidir. «İncəsənətdə kecən ömür», «Azərbaycan dastanlarının melo-poetik xüsusiyyətləri» adlı monoqrafiyanın, 1 metodik tövsiyə, 70 elmi və elmi-publisistik məqalələrin müəllifidir. «İncəsənətdə kecən ömür» kitabı 2003-cü ildə Humay Milli mükafatına layiq görülmüşdür. Milli musiqimizlə bağlı çoxsaylı televiziya verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Dağıstan Respublikasında keçirilən bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. 2012-ci ildə “Qızıl Qələm” Mükafatına layiq görülmüşdür. Azərbaycan xalq musiqisi və folkloru ilə bağlı bir sıra xarici olkələrdə keçirilən simpoziumlarda iştirak etmişdir. Azərbaycan Bəstəkarlar İttifaqı və Jurnalistlər Birliyinin üzvüdür. ATEV.AZ saytı olaraq, Nailə xanımla görüşdük. Çağdaş Azərbaycan xalq musiqisinin və folklorunun durumu ilə bağlı onunla söhbətləşdik.

— Azərbaycan xalq sənəti ilə, xüsusilə, rəqs, musiqi, xalq nəğmələri ilə bağlı keçən yüzilin  20-ci illərində professional milli musiqimizin təməldaşı dahi Üzeyir Bəy Hacıbəylinin rəhbərliyi altında Asəf Zeynallı, Ərtoğrul Cavid, Qənbər Hüseynli, Bülbül və başqa  peşəkar bəstəçilərimiz məşqul olmağa başladılar. Onlar xalq musiqimizin, rəqslərimizin və folklorumuzun toplanılması, onların yazıya və nota köçürülməsi kimi çox möhtəşəm işlər gördülər. Daha sonralar Üzeyir Bəyin yeni nəsil kimi yetişdirdiyi tələbələrindən Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov və başqaları bu prosesi davam etdirdilər. Beləliklə dünya musiqisi ilə Azərbaycan etnomusiqisinin sintezi yaranmağa başladı. Ancaq bu gün sanki həmin ənənə yox kimidir. Sizcə bu nə ilə bağlıdır?

— Üzeyir Bəy böyük bir bəstəkarlıq məktəbi yaratmaqla  Azərbaycan musiqisini professional səviyyəyə qaldırdı. Bu gün bəstəkarlıq məktəbinin ənənələri varsa və musiqişünaslıq elmi inkişaf edirsə biz onların hamısına görə Üzeyir Bəyə borcluyuq. Üzeyir Bəy Azərbaycanda fundamental bəstəkarlıq məktəbinin  təməlini qoydu və görün o məktəbin nə qədər görkəmli yetirmələri oldu. Üzeyir Bəyin yaradıcılığına nəzər salanda musiqi sahəsinin bütün janrları onun yaradıcılığında öz əksini tapıb. Biz onun bütün əsərlərində bunun cücərtilərini görürük. Onun yaratdıqları yüzillər boyu  yaşayaraq var olacaq. Üzeyir Bəy qocaman musiqi ağacının köküdür, sonradan yetişən bəstəkarlar isə onun budaqları sayılırlar. 1927 ci ildə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin nota yazıb işlədikləri “Azərbaycan Türk el nəğmələri”, sonradan Səid Rüstəmov, Tofiq Quliyev, Fikrət Əmirovun, Bülbülün və başqa bəstəçilərimizin etno musiqimizin toplanıb yığılmasında böyük əməkləri oldu. Ancaq onlardan sonra, bu günə kimi yeni heç nə yoxdur. Bir neçə nəşrlər oldu. Bu nəşrlər əvvəlkilərin başqa bir forması idi. Sadəcə olaraq üç cildlik kitabları komplektləşdirib bir cild kimi nəşr etdilər. Ötən yüz ildə  çap olunanları bu günümüzə uyğunlaşdırdılar. Çox təəssüflər olsun ki, yeni araşdırmalar, yeni toplular yaranmadı. Bu gün Folklor İstitutunda, Musiqi folkloru şöbəsində bir layihə gerçəkləşdirilməktədir. Tarzən Mehman Mikayılov kimi milli musiqimizin araşdırmaçısı Güney Azərbaycanı və bir çox Türk dövlətlərini gəzərək və orada bizlərə aid olan musiqi örnəkləri, mahnıları toplamış və nota köçürmüşdür. Biz artıq həmin 100 mahnını nəşrə hazırlayırıq. Mehman bəy Güney Azərbaycanda apardığı araşdırmaların sonucu olaraq, indiyə kimi sayı yüzə çatan və nota salınmamış, kütləvilik qazanmamış, ifa olunmamış xalq mahnılarını toplayıb. Onlardan bir neçəsi bu gün  Azərbaycan Televiziyasının Qızıl Fonduna daxil edilib.

— Etno mədəni baxımdan Azərbaycan Türklərinin tərkib hissəsi olan bir çox boylar  indinin özündə belə, əski elat həyat tərzini davam etdirirlər. Özəlliklə də Güney Azərbaycanda Qaşqay, Şahsevən, Qacar, Savə, Xorasan, Tumac və başqa elatların xalq mahnılarını necə, qeydə alıbsınızmı?

— Bilirsiniz, Türk Dünyası ailəsinə məxsus olan toplumlar bu gün coğrafi baxımdan ayrı düşsələr də, yüzilliklərin, minilliklərin içində yaratmış olduqları mədəniyyət onları bir-birinə bağlayır. Mədəniyyət bizləri birləşdirən ən böyük qüvvədir və bu qədər zaman içində formalaşmış mədəniyyəti unutmaq, onu qoparıb atmaq mümkün deyil. Artıq bir neçə ildir ki rəsmi olaraq dövlət səviyyəsində praktiki baxımdan xalq musiqisi yetərli qədər təbliğ olunur. Muğam festivalları, Aşıq sənəti musabiqələri keçirilir. Müsabiqələr, festivallar milli musiqi sənətimizin təbliğinə, yeni səslərin üzə çıxmasında istiqamətlənir. Bunlar, təbii ki, bu sahədə aparılan işlərin müsbət tərəfidir. Lakin bütün bunlarla yanaşı, bir mütəxəssis olaraq onu da qeyd etməliyəm ki, musiqimizin təbliği düzgün istiqamətdə verilməlidir. Əskidən bədii şuralar var idi. Bu şuranın üzvləri isə milli incəsənətimizin və mədəniyyətimizin yüksək peşəkarları, yaradıcılıqları ilə öz dəyərli “sözlərini” söyləmiş görkəmli xadimlər idi. Və hər yeni əsər, istər iri, istərsə də kiçik həcmli olmasına baxmayaraq, Bədii Şuranın ciddi şəkildə “süzgəncindən” keçərək  təqdim olunmağa vəsiqə alırdı. Bu gün  məhz bu yöndə irəli sürülən bütün təşəbbüslərin daha sıx şəkildə koordinasiya olunması gərəkdir. Hər kəs bu istiqamətdə gərəkli və faydalı təklifləri ortaya qoya bilsə, eyni nöqtəyə güc sərf etməyə diqqət ayırsaq çox gözəl nəticələr əldə edə bilərik. Yoxsa, arzu etmədiyimiz bir boşluq yarana bilər. Folklor institutunun əməkdaşları, saz-söz ustalarımız vaxtaşırı Güney Azərbaycanın bölgələrinə müxtəlif tədbirlərlə bağlı səfər edirlər. O tayın ustad aşıqlar ilə görüşürlər və təbii ki, aşıq havacatlarımızın digər variantlarını eşidir, öyrənir və qeydə alırlar. Yaxın zamanlarda institutumuzda səsyazma studiyası öz fəaliyyətinə başlayacaq. İnstitutumuzun direktoru AMEA nın müxbir üzvü Muxtar İmanovun təşəbbüsü və AMEA nın Prezidenti akademik Akif Əlizadənin çox böyük dəstəyi ilə reallaşan bu studiyanın öndə gedən məqsədi  qeyd etdiyiniz başqa elatların xalq musiqisi yaradıcılığını, mövcud olan dastanlarımızı bütöv şəkildə, fərqli variantlarda yazmaqdadır. Fikrimiz Güney Azərbaycan (Təbriz, Ürmu, Ərdəbil, Həmədan, Savə, Kərəc və d.), Quzey Azərbaycan (Dərbənd, Borçalı) və başqa Türk Dünyasının ustad aşıqlarını, ansambllarını dəvət etmək, onların ifalarında mahnı, rəqs, aşıq havalarını və dastanları yazmaq, disklərə köçürərək folklor və etno musiqi fondunu zənginləşdirməkdi.

— Azərbaycanda hər bir bölgənin özümlü dəyərlərə malik olan folklor festivalları niyə keçirilmir? Axı istənilən bölgənin etno-mədəni yaşam tərzinin özəllikləri zamanla həm də unudula bilər. Fikrimizcə bu fesivalların keçirilməsi praktikası dünyanın bir çox inkişaf etmiş xalqlarının təcrübəsindən də faydalanmaq doğru olardı.

— Təbii ki keçirilsə gözəl olar. Çünki, özümüz də bilmədən milli musiqi və folklorumuzun bir çox özəlliklərini unuda bilərik. Belə bir problemə dünyanın başqa xalqlarında da rast gəlinir. Bölgəsəl folklor festivallarının keçirilməsi sayəsində bəlkə də bilmədiyimiz  örnəkləri üzə çıxarmaq mümkündür. Çünki, xalq yaradıcılığı elə bir qaynar bulaqdır ki, onun dərinliklərinə baş vurduqca, yeni mövzular üzə çıxır. Biz folklor İnstitutu olaraq bütün bölgələrə ezam olunuruq. Öz praktikamızdan deyə bilərəm ki, keçən il biz iki dəfə Masallıya halaylarla bağlı ezam olunduq.  Biz o halayları videoya çəkdik, mətnlərini yazdıq və çox nəfis şəkildə disk halında çıxartdıq. Diskdə Halay qruplarının çıxışları ilə eyni zamanda Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Füzuli Bayatın halay janrı ilə bağlı maraqlı şərhi də verilib. Diskdə Natavan xanımın rəhbərlik etdiyi və Həcər xanımın başçılığı ilə fəaliyyət göstərdiyi Halay qruplarının ifaları daxil edilib. Biz halaylarla bağlı onlardan dolğun bilgilər əldə etdik. Onu da qeyd etmək istərdim ki, folklor mətnlərini və musiqisini toplamaq heç də asan iş deyil. Biz bilirik ki, tarixən halaylar xınayaxdılarda oynanılıb. Biz  xınayaxdı və ya toy mərasimindəki halay səhnəsini çəkmək arzusundaydıq, lakin toy sahibləri bu təşəbbüsümüzə imkan vermirlər, utanırlar, çəkinirlər. Belə olduqda isə işlər hər zaman istədiyimiz kimi getmir. Bu gün dərc olunan kitablarda xalq mahnılarının yalnız mətnləri verilir. Biz istəyirik ki, ezam olunduğumuz bölgələrin və həmin mətnlərin musiqilərini tapaq, yazaq, nota salaq və musiqi mətnləri ilə birlikdə çap edək. Bununla da Şəki, Qarabağ, Zaqatala və digər bölgələrin  Musiqi Folklorunu buraxaq. Gəncənin Ozan məhəlləsi var ki, bu məhəllənin özünün ayrıca folkloru var. Həmin örnəklər yoxa çıxmadan, itmədən onları toplamaq lazımdır. İndiyə kimi xalq mahnılarını toplayanların çoxu ixtisasca filoloq olduqları üçün onları yalnız mətnlər ilgiləndirib. Ancaq bu mövzuya musiqişünaslıq bucağından da baxmaq lazımdır.

— Saxa (Yakutiya), Xakasiya, Tuva, Qığızıstan, Qazaxstan, Özbəkistan və Türkiyədə folklor musiqisi ilə paralel turizm sahəsinin də inkşaf prosesinə başlanılıb. Yəni turizm məkanlarında yerli xalq musiqisi və rəqslərini ifa edən folklor ansamblları həm də turistlər üçün etno mədəni xidmət göstərirlər. Bundan yerli hakimiyyət və yerli əhali gəlir əldə edir. Çünki, turizm məkanlarında dağ, orman, şəlalə, atla gəzinti və başqa görməli şeylərə dünyanın hər yerində rast gəlinir. Ancaq, turist kimi bölgəyə gələn insan heç zaman görmədiyi və tanımadığı bir mədəniyyətin şahidi olanda bu, ona daha çox xoş gəlir. Bizdə durum nə vəziyyətdədir? 

— Folkor İnstitutu ilə Turizm Universiteti arasında saziş imzalanıb və artıq əməkdaşlığa başlanılıb. Öncədən də verdiyiniz sualınıza cavabda dediyim kimi, bu prosesdə təbii olaraq bir sıra boşluqlar olacaqdır. Çünki, müasir Azərbaycan yeni bir dövlətdir. Biz indi-indi fəaliyyətlərimizlə bağlı bir çox problemlərlə qarşılaşırıq. Onların həlli yolunda müəyyən addımlar atmağa başlayırıq. Sanıram ki, bütün bunlar zamanla öz həllini tapacaqdır. Adi bir misal deyim. Əski Sovetlər Birliyi dönəmində AMEA-nın Ədəbiyyat İnstitutunda folklor şöbəsi var idi. Burada cəmi bir neçə alim çalışırdı. Artıq 15 ilə yaxındır ki bu şöbə ayrıca bir elmi tədqiqat institutuna çevrilib. Bu onu göstərir ki, milli mədəniyyətimizin inkişafı üçün daha geniş mənada fəaliyyət göstərmək üçün şərait yaradılır. Turizm Azərbaycanda yeni sahədir. Bu yöndə müəyyən mütəxəssislərin hazırlanması və infrastrukturların yaranması zaman tələb edir. Buna görə də Turizm Universitetin rektoru Cəfər Cəfərovun və Folklor İnstitutunun direktoru Muxtar İmanovun iştirakı ilə keçirilən dəyirmi masa toplantılarında  birlikdə maraqlı mövzular müzakirə etdik. Nəticə kimi həmin universitetdə müəyyən fənlərin tədris olunması tövsiyə olundu. Hər hansı bir tarixi abidə haqqında quru rəqəmləri sadalamaqla heç nəyə nail olmaq mümkün deyil. Adicə Qız Qalası haqqında hələ də doğru- dürüst əfsanə yoxdur. Kimlərinsə tariximizə qəsdən ləkə gətirmək məqsədilə uydurulan yalanlar, rəvayətlər var. Festivalların keçirilməsi gerçəkdən böyük bir praktik işdir. İnsanların gəlib dinləməsi gözəldir, ancaq bu musiqilərin izahı da verilməlidir. Hər dəfə elmi sözlərlə televiziya kanallarında danışmaq da doğru deyil. Bu mövzunu elə anlatmaq lazımdır ki, ən sadə vətəndaş da sənin nədən danışdığını anlaya bilsin. Bakı Musiqi Akademiyasının müəllimi olaraq orada Azərbaycan Xalq musiqi yaradıcılığından dərs deyirəm. Tədris etdiyim fənndən mövzu kimi xalq mahnılarından başlayaraq, əmək mahnıları, mövsüm-mərasim mahnıları, tarixi mahnılar, daha sonra, qadınların ifa etdiyi, kişilərin ifa etdiyi, birlikdə oynanılan rəqslər, idman rəqsləri, qəhrəmanlıq rəqsləri daxildir. Bizim aşıq ədəbiyyatımız var, aşıq havalarının melodik xüsusiyyətləri, danışmaqla bitməyən Muğam sənətimiz — bu mövzuları tələbəyə öyrətmək üçün yetərli qədər zaman ayırmaq lazımdır. Bu gün biz muğamı hələ sona qədər dərinlikləri, incəlikləri ilə dərk edə bilməmişik. Muğamın fəlsəfi bir mahiyyəti vardır. Bu mövzulara ən azı iki il vaxt gərəkdir ki, tələbədə aşıq sənəti, muğam sənəti, xalq rəqsləri haqqında  tam dolğun təsəvvür yaransın. Təəssüflə qeyd edirəm ki, Xalq musiqisi sənəti barəsində tələbənin təhsil alacagi saatlar azaldılıb. Bu yöndə dərs saatlarının az olduğuna görə qısa vaxt ərzində tələbələr bu qədər mövzunu yadda saxlamaq, mənimsəmək imkanı tapa bilmir.

— Yığdığınız mahnıların semantikası və onun semiotik anlamları işlənilirmi?

— Bu günə kimi mövcud olan xalq mahnıları və bəstəkar mahnıları haqqında yetərincə elmi işlər ərsiyə gəlib. Onların həmçinin,  semantikası da işlənilir. İndən belə toplanan musiqi folklor örnəkləri, mahnılar üzərində ayrıca nəzəri təhlillər aparılacaq . Təbii ki, bunların semantikası və semiotik dəyərləri də işlənəcəkdir.

— Müxtəlif bölgələrdən topladığınız unudulmaq üzrə olan musiqilərimizi ansambllara təqdim etmək, onların repertuarına saldırmaq kimi planlarınız varmı?

— Çalışdığımız Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” Folklor Ansanblı var. Ansambl  1976 cı ildə mərhum bəstəkar Rəşid Nəsib və tarzən Sidqi Mustafayev tərəfindən yaradılmışdır. Lakin 1992 ci ildən İrs folklor ansamblı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun nəzdində öz fəaliyyətini davam etdirir. Təbii ki, ansamblın fəaliyyəti başlıca olaraq unudulmaqda olan qədim el havalarını, xalq musiqi örnəklərini, keçmişimizdən xəbər verən meydan tamaşalarını toplamaq, bərpa etməkdən ibarətdir.  Və bu istiqamətdə xeyli işlər aparılıb, repertuar zənginləşib. Bu arada xüsusən qeyd etmək istərdim ki Azərbaycan Respublikası Prezidentinin 15 may 2014 cü il tarixli Fərmanına əsasən  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin məqsəd və vəzifələrindən biri müxtəlif bölgələrə aid mədəni irsi toplamaq, elmi şəkildə öyrənmək və qorunmasını həyata keçirməkdi.  Biz Folklor institutu olaraq Mərkəzlə sıx əməkdaşlıq edirik. Multikultiralizm Mərkəzinin dəstəyi ilə bölgələrə ezamiyyətlər təşkil olanacaq ki, Balakən, Şəki, Zaqatala və digər bölgələrin çox zəngin musiqi folkoru örnəkləri toplanacaq, nota salınacaq və təbii ki, ifa olunacaq. Çünki biz öz mədəniyyətimizə, onun dəyərli qatlarına, musiqilərimizə yiyələnmədikcə başqa millətlər onu özününküləşdirəcək və öz adına çıxaracaq. Biz bu hadisələrlə az rastlaşmamışıq. Ona görə də öz mədəniyyətimizə dəyər verib sahib çıxmalıyıq. Gəncədə qədim alətlərdən ibarət ansambl fəaliyyət göstərir. Gəncə Musiqi Kollecinin direktoru Gülçin Ələkbərqızı keçmişdən miras qalmış bu xalq çalğı alətlərini öz şəxsi vəsaiti sayəsinə əldə etmiş və hazırda professional bir etnomusiqi ansamblı yaratmışdır. Biz topladığımız musiqi örnəklərini təbii ki, həmin ansamblla paylaşacayıq və bununla da onların ifa olunmalarını təmin edəcəyik. Tez-tez müraciət olunan və ifa edilən, sözləri və musiqisi hafizəmizə həkk olunan xalq mahnılarımız çoxdur. Artıq unudulmaqda olan mahnılarımızı da ifa etsək daha doğru olardı. Onu da deyim ki, yallılarla bağlı çox geniş proyektimiz var. Adicə Naxçıvanın hər bölgəsinin özünəməxsus yallısı var. Biz yallıları bir araya gətirməyi planlaşdırırıq. Ağbaba, yəni Amasiya yallıları, Urmu vilayətində bu gün sayı yüzdən artıq olan yallıları və başqa bölgələrin yallı rəqslərini toplamaq lazımdır. Bu rəqslər sıradan ifa olunan hərəkətlər və ya təmrinlərlə bitmir. Onların hər birində əcdadlarımızın təbiət kultu ilə uzlaşan duyğusu, insan ruhunun özümlü harmonik dəyərləri bütünləşib. Bu gün dünyanın inkişaf etmiş əksər dövlətlərində etno mədəni və folklorun özümlülük dəyərlərinə daha çox diqqət yetirilməkdədir. Hətta bu yöndə milyonlarla vəsait xərclənir. Çünki, qloballaşan dünyada hər bir toplumun milli özümlülük dəyərlərinin qorunub saxlanılması vacib şərt sayılır. Bu mənada folklor musiqisinin və onun özəlliklərinin yaşadılması ən vacib şərtlərdən biridir.

Söhbətləşdi: Lalə CƏBRAYIL 

http://atev.az/news.php?id=5502#.VURrGyFViko

Leave a Reply