|

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

aze-flagBu gün Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması haqqında imzaladığı Fərmandan (15 may 2014-cü il) bir il ötür. Fərmanda qeyd olunduğu kimi, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mayın 15-də yaradılmasının bir illiyi tamam olan BBMM-nin fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışan Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır: “Bunun bir çox yolları var. Seçdiyimiz yol “Azərbaycan multikulturalizmi”ni xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir. Tələbələr fənnə böyük diqqət göstərdiklərini bildirirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır”.
Multikulturalizmin həyat tərzinə çevrildiyi
Azərbaycan

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Multikulturalizm Mərkəzi niyə yaradıldı
və yaxud da bir ilin HESAB VAXTI…

Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı.
Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başladı. Treninqlər zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir.
Treninqlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib.
Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu ali məktəblər Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti (Çex Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti var.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə), Sakarya Universiteti (Türkiyə), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna) rəsmi müraciətlərini göndərib. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə danışıqlar aparır.
“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanılıb.
Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi akademik səpkidə daha bir addımın atılmasını zəruri edib. Belə ki, Bakı Slavyan Universitetinin Elmi Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü ilə universitetin Elmi Şurasında “Azərbaycan multikulturalizmi” kafedrasının yaradılması haqqında qərar qəbul edilib. Universitetdə yaradılmış kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində “Multikulturalizmə giriş”, regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, “İxtisas ölkələrinin mədəniyyəti və incəsənəti”, “İxtisas ölkələrinin etnoqrafiyası”, “İxtisas ölkələrinin ictimai fikir tarixi”, “İxtisas ölkələrinin etnopsixologiyası”, “Müqayisəli ədədbiyyat” və s. fənlər tədris olunmaqdadır. Magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənni ilə yanaşı, “Ədəbi komprotivistika” və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır.
Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə digər ali təhsil müəssisələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcək.
Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bizə nə verir” sualı ətrafında fikirlərini belə açıqlayıb: “Onun siyasi əhəmiyyəti barədə geniş danışmağa ehtiyac yoxdur. Bu, böyük ideoloji, elmi, mədəni, maarifçilik sıçrayışıdır. Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir. Bununla dünyada başqa obrazımızı yaratmaq istəyənlərə göstərmək istərdik ki, görün bizim dostlarımız bizim haqqımızda hansı fikirdədir. Biz bu addımımızla ətrafımızı genişləndiririk. Faktlar onu göstərir ki, ilk təşəbbüslər özünü doğrultdu. Universitetlərlə əlaqə yaratdıq, onlara təkliflərimizi bildirdik və bu təşəbbüsümüz yüksək dəyərləndirildi. Bəzi universitetlərdən gələn təkliflərə əsasən, bu fənnin tədrisinin gələn semestr davam etdirilməsi arzulanır. Bütün bunlar Azərbaycana maraqdan irəli gəlir. Son illər ölkəmizdə görülən işlər, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə stimul verir”.

Azərbaycan təcrübəsi digər ölkələr
üçün örnək ola bilər

Multikulturalizm Mərkəzinin yaranma səbəbləri və fəaliyyəti barədə mətbuata açıqlama verən Mərkəzin icraçı direktoru Azad Məmmədov demişdir ki, məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq, paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin yaranması ilə bağlı Fərman may ayında verilsə də, faktiki olaraq strukturun formalaşması oktyabr ayından başlayıb. Amma bu qısa müddətdə Mərkəz xeyli tədbirlər keçirməyə müvəffəq olub. Belə ki, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər, Bakıda isə yekun konfrans keçirilib. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusuna həsr edilən və müvafiq icra hakimiyyətləri ilə birlikdə keçirilən region toplantılarında milli azlıqların nümayəndələri, dini icma rəhbərləri, ziyalılar iştirak edərək müzakirələr aparıb, maraqlı təkliflər irəli sürüblər. Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin, eləcə də dünyanın bu sahə üzrə aparıcı mütəxəssislərinin qatıldığı “Virtual Dəyirmi Masa” təşkil edib. Bakıda keçirilən yekun “Dəyirmi Masa”da Azərbaycandakı multikultural cəmiyyətin üstün məziyyətləri müzakirə olunub”.
Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü öz real həllini tapacaq.
Mövzu ilə bağlı bütün deyilən fikirləri, aparılan müzakirələr zamanı səslənən rəy və təklifləri ümumiləşdirib bir cümlə ilə ifadə etsək, qəti əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraflarıdır. Dünyada sivilizasiyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

 

Niyaz Niftiyev

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində çap edilir

 olaylar.az

Leave a Reply