|

Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şerinin yazılma tarixçəsi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı, Bakının Balaxanı kəndindən olan dəyərli həmkarımız Saleh Dostəliyevin şəhadəti əsasında

1910-cu ildə Balaxanı kəndində Zeyqəm adlı ortabab tacirin 11 yaşlı oğlu Dostəli mollaxanada dini təhsil alırmış. Qonşuluqda yaşayan bir müəllim uşağın çox fərasətli olduğunu görüb onu özünün işlədiyi yeni üsullu kənd məktəbində oxumağa çağırır. Atası icazə verməsə də, Dostəli gəlib məktəbə baxır, müəllimlərlə söhbət edir, müəllimlər yeni şagirdi, şagird də müəllimləri çox bəyənir. Uşağı dindirən müəllimlərdən biri Mirzə Ələkbər Sabir idi. Dostəliyə məktəbin geyim dəstini, dərs kitablarını verirlər və həmin gündən 11 yaşlı oğlanın ikili həyatı başlayır. Dostəli hər səhər gündəlik paltarında mollaxanaya gedir, 1-2 saat Quran oxuyandan sonra, yavaşca aradan çıxır, kəndin kənarında iri daş altında gizlətdiyi məktəb formasını geyib dərsə gəlir və həvəslə yeni biliklərə yiyələnir. Beləcə bir neçə ay keçir. Nəhayət, mollaxanada uşaqdan şübhələnirlər, izinə düşüb, paltarlarını əvəz etdiyi sığınacağı aşkar edirlər və atasına xəbər verirlər. Sərt xasiyyətli Zeyqəm kişi birbaş məktəbə gəlir, hay-küy və söyüşlə oğlunu axtarır, şagirdlər və Sabir də daxil olmaqla bütün müəllimlər bayıra çıxır, lakin heç kim Dostəlini qəzəbinin həddi görünməyən atasının əlindən ala biımir. Zeyqəm oğlunu Balaxanı kəndinin əsas meydanına gətirir, ağaca bağlayır, oğlana yaxın gələnə söyüş qoyur və sonra hamının gözü qabağında Dostəlini döyməyə başlayır. Səs-küyə, uşağın bağırtısına kənd camaatı, məktəblilər, müəllumlər yığışır, nə qədər dil tökürlərsə Zeyqəmi sakit edə bilmirlər. Müəllimlərin məktəbdə oxumağın zərəri olmadığı haqda öyüdlərinə Zeyqəm kişi hiddətlə “uşaq mənimdir, oxutmuram da, əl çəkin” deyə cavab verir. Nəhayət, kimsə gedib Zeyqəmin böyük qardaşını çağırır və meydandakı “tamaşadan” hirslənən böyük qardaş “Oxutmursan oxutma, daha bu rüsvayçılıq nədir” deyib Zeyqəmə bir şillə vurur və beləliklə onu sakitləşdirir. Bütün bu hadisəni izləyən Mirzə Ələkbər Sabir neft mədənlərinə səbəb hələ Bakının ən qabaqcıl və zəngin kəndlərindən sayılan Balaxanıda üzləşdiyi bu nadanlıq və cəhalət səhnəsini az sonra qələmə alır və məşhur “Oxutmuram, əl çəkin” şeri belə yaranır.
Bu şerin qəhrəmanının prototipi olan Zeyqəm kişi “sözünün üstündə durur” və daha oğlunu məktəbə qoymur. Dostəli mollaxananı bitirir və ömrünün sonuna qədər Balaxanının kənd mollası olur, amma necə molla… Çox gözüaçıq, yeni fikirli, maarifpərvər və başlıcası, Sabirin şerlərini əzbərdən bilən. Bu döyülmə əhvalatının rüsvayçılığını da Sabirin məşhur şerinə səbəb çox rahat keçirir və əksinə, bu əhvalatı həvəslə soruşanlara, o cümlədən nəvəsi Saleh Dostəliyevə özü təfsilatı ilə danışır.
Saleh müəllim bizlərə, biz də sizlərə danışdıq ki, böyük Sabirin şahidi olduğu bir hadisədən nə qədər dərin ictimai məna almaq qüdrətinə bir daha əmin olasınız.

Solmaz Toqidi-Rüstəmova

Tags:

Leave a Reply