|

Milyarderlər klubu, Dağlıq Qarabağ və Rusiya

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

“Atlas” Araşdırmalar Mərkəzi Rusiya-Azərbaycan münasibətlərinin ümumi spektrinə dair 500 respondent arasında sorğu keçirib.

Sorğunun birinci “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana təzyiq etdiyini düşünürsünüzmü” sualına respondentlərin 76 faizi “bəli”, 24 faizi “xeyr” cavabı verib.
“Putin administrasiyası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdırmı” sualına respondentlərin 83 faizi “xeyr”, cəmi 17 faizi “bəli” cavabı verib.
Sorğunun üçüncü “Azərbaycan Qəbələ RLS bağlı Rusiya ilə yeni saziş imzalamasa nə baş verə bilər” sualına aşağıdakı cavablar verilib:
— “Rusiyanın Azərbaycana təzyiqi bir az daha artacaq” (64 faiz);
— “Rusiya stansiyanın fəaliyyətinin dayandırılmasına görə Azərbaycana əlavə problem yaratmayacaq” (17 faiz);
— “Rusiya stansıyanın fəaliyyətinin dayandırılması qarşılığında Qəbələdə digər ölkənin radiolakasiya stansıyasının yerləşdirilməyəcəyinə dair Azərbaycandan təminat almağa çalışacaq” (19 faiz).
“Rusiya Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkisinə təsir etmək istəyəcəkmi” sualına respondentlərin cavabı bu şəkildə bölünüb: “təsir etməyə çalışacaq” (72 faiz), “təsir edə bilməyəcək” (19 faiz), “bu məsələdə Qərb ölkələri ilə razılaşdırılmış siyasət həyata keçirəcək” (9 faiz).
“Moskvada təsis edilən və azərbaycanlı iş adamlarından formalaşan “milyarderlər klubunun” məqsədi nədir” sualına aşağıdakı cavablar verilib:
— “Məqsəd Kremlin Azərbaycanla bağlı maraqlarını təmin etmək” (63 faiz);
— “Rusiyadakı azərbaycanlılara yardım etmək, onların problemlərini həll etmək” (17 faiz);
— “Azərbaycanda ədalətli idarəetmə sistem qurmaq” (14 faiz);
— “Prezident seçkisi qabağı ətrafını mənfi imicli simalardan təmizləməkdə İlham Əliyevə yardımçı olmaq” (6 faiz).
Sorğunun sonuncu sualı belədir: “Rusiya Azərbaycana qarşı təzyiq qərarına gələrsə, hansı alətlərdən istifadə edə bilər”. Cavablar aşağıdakı şəkildədir:
— “Ermənistana daha çox silah ötürəcək” (47 faiz);
— “Milyarderlər klubunu” fəallaşdıracaq” (22 faiz);
— “Cəbhə bölgəsində müxtəlif təxribatlar törədəcək” (16 faiz);
— “Rusiyadakı azərbaycanlıları deportasiya edəcək” (12 faiz)”
— “Azərbaycanın şimal bölgəsində separatçılıq ocaqları yaradacaq” (3 faiz).
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu sorğunun nəticələrini şərh edərək, Azərbaycan vətəndaşlarının əksəriyyətinin Rusiya hakimiyyətinin Azərbaycana yönəlik siyasətinin dəyişdiyini düşündüyünü bildirib: “Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun yaşandığını keçirdiyimiz sorğunun nəticələri də əyani göstərir. Keçmiş prezident Dmitri Medvedevdən fərqli olaraq Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də həvəsi yoxdur. Sorğunun nəticələri həm də onu göstərir ki, Moskvada “milyarderlər klubunun” formalaşdırılması ilə yanaşı separatçı “Sadval” təşkilatının yenidən fəallaşması, Moskva bazarlarının qapadılması qərarının verilməsi, Ermənistanla hərbi təlimlərin intensivliyinin artması və Ermənistan hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən qorunması kimi addımların üst-üstə düşməsini Azərbaycan vətəndaşları təsadüfi saymırlar”.
Elxan Şahinoğlu sorğunun sonuncu sualında Rusiyanın Azərbaycanın şimal bölgəsində separatçılıq ocaqları yarada biləcəyini respondentlərin ən aşağı faizlə savab verməsini isə onunla əlaqələndirib ki, Kremlin belə bir siyasətə baş vurması bumeranq effekti verə bilər: “Rusiya Azərbaycanın şimalında separatçılığa dəstək verərsə, bu əks effekt verə bilər, Rusiyanın onsuz da qeyri-sabit Şimali Qafqazdakı problemlərini artırar. Görünür, bunu sorğuya qatılan respondentlər də anlayır”.

Leave a Reply