|

Kürd məsələsi Yaxın Şərqin açarıdır

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Ethnoglobus.az Beynəlxalq onlayn informasiya-analotik mərkəzinin
hazırda Bişkekdə yaşayan, kürd əsilli Hejarê Şamil (Həjar Şamiloğlu) ilə müsahibəsi

Arayış: Hejar Əsgərov tanınmış Azərbaycan kürd şairi və publisisti Şamil Əsgərovun oğludur. 90-cı illərdə Bakını tərk edib. Azərbaycan mətbuatında adı PKK ilə birgə hallanır.

— Türkiyədəki kürd məsələsi ilə bağlı danışıqlarda haraya qədər gəlindiyini düşünürsünüz?

-Kürd məsələsi Yaxın Şərqin dərin köklü məsələlərindən biri kimi 200 illik bir tarixə məxsusdur. Bu baxımdan onun qısa bir zamanda əsaslı şəkildə həll edilməsini gözləmək sadəlövlük olardı. Türkiyədəki kürd məsələsi Osmanlı İmperiyasının dağılmasından sonra 1923-cü ildə qurulan Türkiyə cümhuriyyətində daha da kəskin şəkil aldı. Türk milləti əsasında inşa edilən bu dövlətdə kürdlərin bir xalq kimi inkar edilməsi üsyanlara səbəb oldu və məsələ daha da qəlizləşdi. Axırıncı üsyanın qanlı şəkildə yatırılmasından sonra, yəni 1938-ci ildən 1970-ci illərin axırına qədər bir səssizlik dönəmi yaşandı. 1978-ci ildə Kürdüstan İşçi Partiyasının / Partiya Karkerên Kurdistanın (PKK) tarix səhnəsinə çıxması ilə Türkiyə siyasi sisteminin reformuna təkan verən son ve ən uzun ömürlü yeni bir üsyan başladı.

Kürd problemi haqda 30-dan çox kitab yazmış, özü türk kökənli olub Türkiyədə ‘elmin vicdanı’ unvanını daşıyan sosioloq alim İsmail Beşikçi məsləni belə şərh edir:

“Kürd/Kürdistan məsələsi, Kürdlərin və Kürdüstanın 1920-ci bölünməsi, parçalanması və paylaşılması, Kürdlərin müstəqil dövlət qurma haqlarının gəsb edilməsidir. Kürdlərin, Kürd ictimaiyyəti olmaqdan, Kürd milləti olmaqtan gələn haqlarının gəsb edilməsi, assimilasiya siyasəti ilə qarşı-qarşıya durmasıdır.
Kürdlərin və Kürdüstanın başına gətirilən bu fəlakətdə, başda o vaxtların imperiya dövlətlərinin, Büyük Britanya və Fransa olmaqla, Qərbin, Avropanın məsuliyəti büyükdür…”

Beşikçiyə görə, Kürd məsələsi milli bir məsələdir və millətlərin öz müqəddaratını təyin etmə haqları çərçivəsində həll oluna bilər. Ancaq Türkiyədəki kürd məsələsinin mövcud şəraitdə ölkənin demokratikləşməsi, ölkədə demokratiyanın və insan haqlarının inkişaf etdirilərək Avropa standartlarına çatdırılması ilə də çözüləcəyinə inananlar var. 1999-cu ildən sonra müstəqil dövlət fikrindən vaz keçən A.Öcalanın özü də hal-hazırda Türkiyədə demokratiynın inkişafı ilə problemin çözümünün mümkün olduğuna inananların cərgəsinddir.

2012-ci ilin dekabrından etibarən Türkiyə höküməti ilə PKK lideri Abdullah Öcalan arasında danışıqların başlaması hər iki tərəfin bir-birinə yaxın görüşlərdə olduğu üçün baş tutdu. AKP hökümətinin seçkilərdə səslərin 50-dən çoxunu almasına baxmayaraq, Türkiyədə danışıqlar prosesinə qarşı olan ciddi bir siyasi müxalifət var. Milliyətçi Xalq Partiyası (MHP), danışıqları ‘xəyanət’ kimi qələmə verir, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) prosesə əngəllər törədir, xüsusilə dövlətin polis və hüquq-mühafizə organlarında təşkilatlanmış Fətullah Gülən hərkati isə açıq söyləməsə də danışıqlar prosesinə gizli zərbə vurur.

Bütün bu əngəlləmələrə rağmən aparıln sosial araşdırmalar Türkiyə ictimaiyyətinin böyük bir hissəsinin məsələnin siyasi çözümünü istədiyini göstərir.

İndiyə qədər davam edən danışıqlar nəticəsində PKK silahlarını susdurub, Türkiyədə faaliyyət göstərən gerillalarının bir qismini ölkə xaricinə çıxarıb. Son bir ildə türk ordusu ilə PKK gerillaları arasında çatışma olmayıb, bir nəfər dəhəyatını itirməyib. Dövlətin şz tərəfindən KCK üzvü olduğu iddia edilən bir qisim mhbusu azad edib, ölkənin bir neçə ünversitetində kürd dili bölümləri açıb, kürdçə mətbuatının önündəki əngəllər qaldırılıb. PKK və bu hərəkata yaxın olan Barış ve Demokratiya Partiyası (BDP) dövlətin atdığı addımları yetərsiz görsələr də prosesə ümidlə baxdıqlarını bildirirlər.
Son aylarda danışıqlar prosesinin dayandırıldığı haqqında xəbərlər çap edilsə də, dekabrın 24-də A.Öcalanın «Dövlət rəsmilri ilə görüşmələrimiz davam edir. Bu son görüşmələrimiz müsbət atmosferdə keçir” açıqlaması prosesin davam etdiyini nümayiş etdirir.

-Sizcə, bu müzakirələrdə PKK-nın rolunu bitmiş saymaq olarmı?

-Hər bir müzakirənin tərəfləri var. Bəhs etdiyimiz müzakirə və yaxud danışıq prosesinin bir tərəfi Türkiyə dövləti, digər tərəfi isə PKK və onun lideri Abdullah Öcalandır. PKK-nin rolunun bitmesi, müzakirənin müsbət və ya mənfi şəkildə sona çatmasından sonra qiymətləndirilə bilər.

Əgər müzakirələrin müsbət şəkildə sona çatması ilə PKK-nin rolunun bitib bitməyəcəyini nəzrdə tutursunuzsa, belə bir nəticəyə çatılırsa, PKK silahlı bir hərəkat olmaqdan çıxa bilər. Artıq fəaliyətini ancaq siyasi zəmində davam etdirəcək. Çünkü PKK sadəcə silahlı qerillalardan ibarət bir hərəkat deyil, Türkiyədə və dünyanın 50-dən çox ölkəsində on minlərlə kadrı, simpatiya bəsləyəni, bu dövlətlərin qanunlarına görə fəaliyət göstərən qurum və quruluşları var. Türkiyə seçkilərində 6 faizdən çox səs almış və 36 millət vəkili ilə təmsil olunan BDP elektoratının 90 faizindən çoxunu da PKK terəfdarı saya bilersiniz.

-Məlumdur ki, PKK içində bir yandan savaş tərəfdarı olan, o biri yandan danışıqlara üstünlük verən qruplar var. Sorunun həlli üçün PKK-nın içindəki bu qruplardan birinin silahlı mübarizədən vaz keçməsinə səbəb nə oldu?

-1991-ci ildə sosialist blokun çökməsindən sonra PKK məsələnin siyasi yollarla həlli fikrini qəbul etdi. Xatırladığım qədər PKK 5 dəfə atəşkəs elan edib. İlk atəşkəs 1993-cü il martın 20-də olub.

PKK monolit bir siyasi sistemdir. Rəhbərliyin mövqeyi partiya üzvləri arasında şəksiz qəbul edilir. Müharibənin dayandırılması Öcalanın əmri ilə olub.

— Danışıqların nəticəsində kürd məsələsi hansı şərtlərlə həll oluna bilər?

-Kürdlərin Türkiyə dövlətindən iki əsas tələbi var:
1)kürd dilində təhsilin başlanması üçün mövcud qanunvericilikdə düzəlişlərin edilməsi;
2) Siyasi status.
Bunlar sadəcə PKK-nin deyil, Türkiyədə yaşayan demək olar ki, bütün kürdlərin tələbləridir. PKK və bu baxışda olanlar status tələbini yumuşadaraq bələdiyyələrin və yerli idarəçiliyin gücləndirməsi şəklində ifadə edirlər.

Kısacası, danışıqların öz müsbət həllini tapması bu iki tələbin həyata keçirilməsinə bağlıdır. Bunun qarşılığında isə PKK silahlı mübarizəni durdurmaq və fəaliyətini yalnız siyasi yollarla davam etdirmək haqda zəmanət verib.

— İraqda Kürd muxtariyyətının rəsmi olaraq qəbul edilməsi bölgədəki siyasətə necə təsir edib?

-Cənubi Kürdüstanda 2003-cü ildən bəri öz ordusu, polisi, üniversitətləri, sərhədləri, yəni puldan başqa bir dövlət üçün gərəkli olan hər şeyə malik federatif bir sistem mövcuddur. Iraq dövlətinin federativ bir dövlət olduğu Konstitutsiyada da əksini tapıb. Başqa cür desək, hal-hazırda İraq Yaxın Şərqdə birinci və yeganə federativ dövlətdir. Bu sistemin ağır etnik və dini problemlərlə baş-başa olan bölgənin demokratikləşməsinin, dövlətlərin parçalanmadan daxili məsələlərini həll etməsinin önündə yaşıl işıq olduğunu söyləyənlər az deyil. Çox da uzaq olmayan gələcəkdə bölgədə yeni federativ dövlətlərin yaranacağının şahidi olacağıq. Bunların başında Suriya durur.
İraqda Federativ Kürdüstanın uaranması parçalanmış kürd coğrafiyasında hakim olan Suriya, İran və Türkiyəyə birbaşa təsiri oldu. Bu dövlətlər öz ‘kürd problemlərini’ həll etmə yolları axtarmağa başladılar. Bir də Iraqdaki federasiya dünya çapında kürdlərin azadlığa qovuşma ümidlərini də ciddi şəkildə artırdı.

-Siz vaxtilə PKK ilə əməkdaşlıq səbəbilə Azərbaycandan deportasiya olunmusunuz. Siz yazılarınızda Azərbaycana qarşı da kürdlərin torpaq iddiaları barədə yazırsınız.

-Sualınızı dəqiqləşdirməyə ehtiyac var. Azərbaycandan deportasiya olmamışam. Ölkəmdən ayrılmamın səbəbi də PKK ilə əməkdaşlıq deyil. Kürd azadlıq hərəkatını (buna İraqdan Türkiyəyə, Suriyadən İrana bütün kürd mübarizləri daxildir) müdafiə etdiyim üçün ( bir kürd və insan olaraq bu mənim üçün vəzifə idi və indi də vəzifədir, amaldır ) 1993-94 illərində Türkiyənin maliyyləşdirdiyi təşkilatlar, qruplar və şəxslər tərəfindən “PKK-cı damğası” ilə mənəvi və fiziki təzyiqlərə məruz qaldığım doğrudur. Müxbir olduğum ‘Həyat’ qəzetindən fərqli bəhanələrlə uzaqlaşdırıldım və s. Fəaliyətlərimi davam etdirə bilmək və ailəmi milliyətçi çevrələrin zərbəsi altında qoymamaq üçün Azərbaycandan ‘könüllü’ şəkildə ayrıldım və yenə eyni çevrələr tərəfindən ‘PKK ideolqu’ kimi tanıdıldığım üçün bir daha geri dönmək imkanım olmadı.

Kürdlərin Azərbaycana qarşı torpaq iddiaları haqqında heçbir məlumatım yoxdur və bilmədiyim bir şey haqqında da yaza bilmərm. Məndə olan məlumata görə, kürdlərin Azərbaycana qarşı ‘torpaq iddiası’ yoxdur. ‘Torpaq iddiası’nı təşkilatlar və dövlətlər edər. Azərbaycan və bütövlükdə Qafqaz Cənubi Kürdüstan Federasıyasının maraq dairəsi xaricindədir. Kürdlərin üç böyük siyasi təşkilatı olan PKK (Kürdüstan İşçi Partiyası), KDP (Kürdüstan Demokrat Partiyası) ve YNK’nin (Kürdüstan Vətənpərvərler Birliyi) gündəmində Qafqaz və Azərbaycan yoxdur.

Bəzi şəxslər 20-ci əsrin əvvəllərində Azərbaycanda Kürdüstan Qəzası olduğunu dilə gətirir. Bu da çox təbiidir. Çünkü elə bir qəza olub. Mən də rusça və türkçə kütləvi tirajla çap edilən “Diaspora Kürdləri” kitabımda bu qəzanın tarixini, qurulma və ləğv olunma səbəblərini tədqiq etmişəm.

Bu sualınıza cavab olaraq əsası 1989-cu ildə qoyulan “Yekbûn” (“Birlik”) təşkilatından bəhs etmək lazımdır. “Yekbûn”un içərisində “Kurdistan avtonomiyasının bərpası” (воссоздание курдской автономии) sözləri olan program və nizamnaməsi 1991-ci ilin 27 mart 1991 tarixində SSSR Ədliyə Nazirliyi tərəfindən təsdiq edilmişdi. Sovet İttifaqının dağılması ilə birlikdə “Yekbûn” da tarixə qarışdı. “Yekbûn”un Azərbaycan üçün heç bir təhlükə təşkil etmədiyini isə lideri Məmməd Süleymanoviç Babayevin bu təşkilatı qurduğu illərdən həyatının sonuna qədər (keçən il rəhmətə gedib) Bakıda yaşaması açıqca göstərir.

‘Türk dünyası’nda, xüsusi ilə Azərbaycanda ‘Kürd fobiyası’ yaradılmağa çalışılır. Suni ədavət qızışdırılır. Bu nalayiq işlə məşgul olanlar türk xalqının da başına bəla olan Türkiyə ‘dərin dövlətinin’, yəni kölgə dövlətin pulla satın aldığı insanlar, qruplardır. Təəssüf ki, bu ‘dərin dövlət’i idarə edənlər əsasən alban, yunan, erməni, gürcü, çeçen, ərəb kökənli, türklükle heç bir əlaqəsi olmayan özünə ‘mən türkəm’ deyən millətini dəyişdirnlərdir.

-Sizin PKK ilə əmkədaşlığınız hansı səpkidə olub?

-Mən bütün Kürdüstan siyasi hərəkatlari ilə əməkdaşlıq etmişəm və edirəm. İnsanlıq qururu və kürdlük heysiyeti olan hər kəsin mənim kimi davranmalı olduğu qənaətindəyəm. Çünkü yer üzündə kürdlər qədər ədalətsizliyə məruz qalan başqa bir xalq yoxdur. Kürd mübarizəsi içərisində olmaq, birbaşa bəşəri ədalətsizliyə qarşı mübarizə sıralarında olmaq deməkdir.

Bir şəxsi PKK ilə əlaqədə olmaqla ittiham etmək, başqa bir şəxsi Müsavat Partiyası, Rusya Birlik Partiyası, Türkiyə Sosyal Demokrat partiyası ile əlaqədə olmaqla ittiham etmək qədər əxlaqdan xaric bir işdir. PKK-nin bəzi teror faaliyyətləri olub, ancaq terrordan terror doğar! PKK bir nəticədir, səbəb deyil. Türkiyənin kürd xalqına qarşı apardığı teror fəaliyətlərinə qarşı onun anlayacağı dildə cavab verilib. Məsələ budur. Şükür ki, indi problem terrorla deyil, sülh danışıqları ilə həll edilməyə çalışılır.

Azərbaycan mətbuatında illərdir mənim “Öcalanın sağ qolu”, “PKK-nin ideologu”, “PKK-nin MDB məslulu” olduğum yazılır. Bunlar Türkiyədəki kölgə güclərin maliyələşdirdiyi Azərbaycan emissarlarının yuxularında istehsal etdiyi cəfəngiyatlardır. Əgər bu vəzifələri aparmış olsaydım, bunu aşıq deyər və bundan qürur duyduğumu söylərdim. Hətta mənim Ermənistan üzərindən işgal edilmiş Qarabağa getdiyimi, orada iclas keçirdiyimi, gizlinden Azərbaycana gəlib İsmayıllı rayonunda təbliğat apardığımı yazıblar. Mənim 1983-cü ildən sonra Ermənistana, 1994-cü ildən sonra isə Azərbaycana ayağım dəyməyib.

Hejarê Şamil (Həjar Şamiloğlu) müstəqil bir jurnalist və tədqiqatçıdır. Hər zaman da müstəqil olub. Bu müstəqilliyimi Kürdüstanın müstəqilliyinə, Azerbaycanın dünyanın super dövləti olma xəyalına dəyişmərəm.

Mənim üçün kürd xalqının azadlığı üçün mübarizə edən hər kəs müqəddəsdir, Azərbaycan xalqının, uygurların, bərbərilərin, tayvanlıların tarixi-siyasi haqlarına çatması üçün tər tökən, baş işlədən ömrünü ortaya qoyan hər kəs müqəddəsdir. Mənim PKK ilə əməkdaşlığım da bu səpkidə olub.

-PKK-nın Azərbaycanla bağlı planları nədən ibarətdir?

-20 ildən çoxdur kürd siyasətinin və ictimaiyətinin nəbzini tuturam. PKK-nin Azərbaycanla bağlı hər hansı bir planı haqqında heç bir məlumata rast gəlməmişəm. Azərbaycan və bütünlükdə Qafqaz PKK-nin və o cümlədən bütünlükdə Kürd hərəkərinin fəaliyət və maraq sahəsi xaricindədir. Kürd siyasi partiyalarının Qafqazla əlaqəsi sadəcə burada yaşayan kürdlərin varlığından irəli gəlir. Bu da çox təbiidir. Çünkü kürdlər dünyaya dağılmış bir millətdir. Dünya Azərbaycanlılarının həmrəyliyi faaliyətləri yoxmudur? Dünya Ruslarının həmrəyliyi faaliyetleri? Kürdlər də insandır, xalqdır və həmrəylik fəaliyətləri var və olacaq. Qardaş xalqlar bu çalışmalara simpatiya ilə baxmalıdır.

Türkiyədəki kürd məsələsinin çözümü prosesi Yaxın Şərqdə, o cümlədən Qafqazda etnik millətçiliyin artmasına necə təsir edir?

-Tam tərsinə. Kürd məsələsinin çözümü Yaxın Şərqdə, o cümlədən biləvasitə Qafqazda etnik millətçiliyin azalmasına xidmət edəcək.

Bəlkə 20-30 il qabaq kürd məsələsi ‘etnik bir məsələ’ kimi qəbul edilə bilərdi. Bu gün kürd məsələsi bir bölgə məsələsi, hətta dünya məsələsidir. Kürdlər apardıqları mübarizə ilə Yaxın Şərqin demokratikləşməsinin açarı oldular. Ən azından Yaxın Şərqin 4 əhəmiyətli dövlətinin – Türkiyə, İran, İraq və Suriyə’nin istibdad qıfılının demokratik açarı Kürdlərdir. Kürdlər bu dövlətləri demokratikləşməyə məcbur edir və edəcək. Kürd məsələsi həll olmadan, bu dövlətlərdə iqtisadi, siyasi, sosial problemlər, yəni insan kimi yaşamağa mane olan problemlər həll ola bilməz.

Bugün kürd siyasi ağlı «bölünək, parçalanaq» demir, birlikdə demokratikləşək deyir, bütün xalqlar, bütün din ve məzhəblərin özünü azad bir şəkildə ifadə etmək haqqı olduğunu deyir.

Farslar azəriləri, azərilər farsları tarix səhnəsindən silə bilməz, türklər kürdləri, kürdlər türkləri axırıncı nəfərinə qədər yox edə bilməz, ermənilər azəriləri, azərilər erməniləri Qafqazdan silib ata bilməz. Yeganə yol – ağlın yoludur. Yəni birlikdə və bərabər hüquqla yaşama alışqanlığını mənimsəmə yoludur. Müharibələrdə qazanan olmur – hamı itirir. Məsələn, ermənilər Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edərək qazanmayıb. Qonşularının da, özlərinin də həyatlarını zəhər edib.

Sonda bunu demək istəyirəmki, bu gün Kürd siyasi-demokratik mübarizəsi Yaxın Şərq üçün böyük bir şans, tarixi bir fürsətdir. Kürdlərin demokratik mübarizəsini, bölgənin demokratikləşdirmə mübarizəsini dəstəkləyənlərin özləri də, qonşuları da, tarix də qazanacaq. Yeganə yol demokratiyadır, yeganə yol qonşuluq hüququnu tanımaqdır. Yeganə yol, özünü ‘düşmənin’ yerinə qoyub düşünə bilməkdir. Hamımız insanıq, “yağı düşmən” dediklərimiz də bizim kimi sevir, nifrət edir, düşünür, hiss edir, gülür, ağlayır…Yeganə yol- ağlın yoludur.

Gülnara İnanc

Leave a Reply