|

Kürd ləyaqətinin aynası

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Bizim Şimali Azərbaycanda kürdlərə məxsus “Dənge Kürd” qəzetinin təsis və nəşr olunması xəbərini eşidəndə ürəkdən sevindim. Ağlıma gələn birinci fikir bu oldu ki, bu yeni qəzet öz dilini, milli özünəxaslığını, adət və gələnəklərini keşməkeşli tarixin, min illərin sınağından sağ-salamat çıxarmış, öz milli varlığını qoruya bilmiş alnıaçıq, üzüağ bir xalqın, cəsur, igid bir millətin fikir və arzularının, azadlıq və istiqlal uğrunda mübarizəsinin aynası olacaqdır, olmalıdır! Yanılmıramsa, 1954-cü ildə Universitetin böyük akt salonunda mübarək görüşünə yığışdığımız böyük şairimiz Əbdürrəhman Həjarın başı ağ çalmalı peyğəmbər çöhrəsini, alovlu nitqini, dadı damağında qalan ölməz misralarını xatırladım:

Kül olsun gözünə bu satqınların,
Məgər asandırmı bir xalqı yemək?
Tarixlər bilir ki, min qəsbkarın
Dişini qırmışam, pəncələşərək.
Tikanlı tikəyəm, məni yeyənin
Gözündən gələrəm, açıq-aşkara.
Qanıma susayıb “Qan! Qan!” – deyənin
Bir gün eləyərəm gününü qara.

Başqa bir şeri sevimli şairimiz Hüseyn Kürdoğlunun çevirməsində necə əzəmətlə səslənirdi:

Məzarımda bir gül bitsin, bir tikan.
Gülü olsun dostlarıma ərmağan.
Yad gözünü kor eyləsin hər zaman
Əyilməyən bu tikanım, Kürdüstan.
Sənə qurban şirin canım, Kürdüstan.

Bu gün qırmızı imperiya, habelə başda Amerika Birləşik Dövlətləri olmaqla batı (qərb) dünyasının hakim dairələri dəridən-qabıqdan çıxırlar ki, oyanan Şərqi, Türk-Müsəlman aləmini cilovlasınlar, özlərinə təslim vəziyyətinə salsınlar, çiçəkləyən, yüksələn Türkiyənin inkişafını dayandırsınlar, ayrı-ayrı xalqların milli istiqlal, Azadlıq uğrunda mübarizəsini heçə-puça çıxarsınlar, millətləri bir-birinə qarşı qoymaq, salışdırmaq, vuruşdurmaq yolu ilə çoxdan yeritdikləri “Parçala, hökm et!” siyasətlərini daha da dərinləşdirsinlər. Biz ayıq olmalı, buna yol verməməliyiz. Dünyada ən mürtəce, rəzil, qaniçici, terrorçu partiya olan “Daşnaksütyun” partiyasının və onun təsiri altında öz milli əxlaqını itirmiş ermənilər fitnə-fəsadlarının hansı mənbədən, “Ağ ev”dən, Kremldən gəldiyini açıq, aydın görməli və bəşəriyyətə car çəkməliyiz.

Kürd xalqı bəşəriyyətə Əhməd Xani, Cəziri, Qoran, Ciyərxun, Osman Səbri, Əbdürrəhman Həjar kimi böyük klassiklər vermiş, Səlahəddin Əyyubi, Qazi Məhəmməd, Molla Mustafa Barzani kimi qəhrəmanlarının adı ilə insanlığın şərəf kitabına düşmüş əzəmətli bir xalqdır, millətdir, bizim Türkazər millətinin ən yaxın dostlarındandır. Türk və Kürd millətlərinin bir qılıncın iki ağzı, bir badam qabığı içində qoşa badam ləpəsi adlandıranlar yanılmırlar. Biz bu epitetlərin mənasına layiq olmalıyıq. Əminəm ki, “Dənge Kürd” qəzeti Kürd qəhrəmanlığına, Kürd humanizminə, Kürd ləyaqətinə ayna tutan bir orqan kimi mədəniyyət tariximizi zənginləşdirəcəklər. Planetin hər hansı bir guşəsində azad olmayan bircə millət, bircə fərd qalıbsa mən öz səadətimi tam saya bilmərəm. Bəşəriyyətin ayrılmaz və qüdrətli bir qanadı olan qəhrəman Kürd millətinin öz azadlığı, dili, adət və gələnəklərini yaşatması uğrunda mübarizə aparması ürəyimcədir. Bu məqsədi özünə apmal seçənlərə, o sırada “Kürdün Səsi” (“Dənge Kürd”) qəzeti yaradıcılarına uğur və uçuş qanadları dilərəm.

“Dengê Kurd”, №1, 1992

 

Leave a Reply