|

KÖRFƏZDƏ ƏRƏB DÜNYASININ GƏLƏCƏYİ, DÖVLƏT QURULUŞU, KEÇİRİLƏN İSLAHATLARIN İSTİQAMƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ PROSESLƏRİ GEDİR.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Körfəz ölkələri arasında baş verən qarşıdurma, hərbi əməliyyatlar ehtimalı, İrana qarşı ABŞ-ərəb ölkələri birliyi və digər mövzularda AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb dövlətləri şöbəsinin müdiri Fərda Əsadovla müsahibəni təqdim edir.

— Fərda müəllim, Körfəz ölkələri arasında nə baş verir?

— Əslində çox şey baş verir. Onları bir-bir sadalamaq həm vaxt aparar, həm də çətindir. Əgər biz prosesə tarixi perspektiv istiqamətində yanaşsaq, fikrimcə, Körfəzdə ərəb dünyasının gələcəyi, dövlət quruluşu, keçirilən islahatların istiqamətinin müəyyənləşdirilməsi prosesləri gedir. Həmçinin bunlara təsir göstərən xarici amillərlə daxili qüvvələrin təması, mübadiləsi və eyni zamanda bu proseslərin dünya siyasətinə təsiri olduğu üçün qlobal siyasətdə yeni münasibətlərin qurulması, yeni ittifaqların yaranması, yeni yaranan güclər arasında qüvvə nisbətinin müəyyən edilməsi prosesi müşahidə olunur.

— Konkret olaraq bir sıra ərəb dövlətlərinin Qətəri təcrid etmək siyasətinin gerçək səbəbləri nədən ibarətdir?

— Yəqin ki, biz indi bunu tam aydınlığı ilə müəyyən edə bilmərik. Qətərlə bağlı baş verən hadisələr özü bunu ortaya qoyacaq. Ancaq mən o fikirlə razıyam ki, məsələni Amerikanın yeni administrasiyasının ərəb ölkələrindəki siyasi prioritetləri ilə müqayisə edərək anlamaq mümkündür. Xüsusilə, Prezident Trampın Səudiyyə Ərəbistanına səfəri və bu səfərin nəticəsi ilə müqayisədə.

Aydındır ki, İran Livanda “Hizbullah”la çox yaxından əməkdaşlıq edir və demək olar ki, onun arxasında durur. “Hizbullah” isə bir çox hallarda terrorçu təşkilat adlandırılır. Yəni reputasiya məsələsi var. Suriya hadisələrində İran Əsədə bilavasitə çoxlu yardımlar edib. Söhbət maddi və hərbi yardımdan gedir. İran yardımını “Hizbullah” vasitəsilə həyata keçirib. Biz məsələlərə bir qədər geniş baxsaq görərik ki, bu regionda həm də İranla Səudiyyə Ərəbistanı arasında nüfuz rəqabəti gedir. Fars Körfəzində Səudiyyə Ərəbistanının dominant olmaq məsələsi var. Müəyyən mənada bu siyasətə qarşı çıxan Qətər Əmirliyidir. Hazırda Qətər Əmirliyinin siyasətinin Səudiyyə Ərəbistanının siyasətinə tam uyğunlaşdırmaq üçün hərəkətlənmə müşahidə edilir. Hələlik biz bunun nəticəsini görə bilmirik. Başqa bir tərəf də var — Səudiyyə Ərəbistanının öz daxili vəziyyəti. Məsələn, hakim sülalənin heç də hamısı Səudiyyə Ərəbistanının gələcək siyasətinin hansı ittifaqlar üzərində qurulması məsələsində həmrəy deyillər. İndiki vəliəhd Qətər və Türkiyəyə daha yaxınlıq etmək haqda mövqeyinə müəyyən qədər aydınlıq gətirirdi. Halbuki, vəliəhdin müavini, indiki kralın oğlu, hazırkı siyasətin arxasında duran və onun mənəvi dayağı olan iddialı gənc siyasətçi də var. Deməli, söhbət yenə də Səudiyyə Ərəbistanının gələcək hakimiyyəti, növbəti kralının kim olması və onun siyasətinin necə qurulmasından da gedir.

— Siz də hesab edirsiniz ki, Qətər terrorçuları maliyyələşdirir və onlara dəstək verir?

— Bu haqda son xəbərlər aydındır. Qətərə qarşı ittihamlardan biri odur ki, terror təşkilatlarına bir milyard dollar ötürüb. Nəzərə almaq lazımdır ki, əgər belə bir fakt varsa, bunu terror təşkilatına yardım kimi qiymətləndirmək olmaz. Söhbət terrorçulara əsir düşən Qətərin hakim sülaləsinin terrorçulardan azad edilməsi üçün ödənilən vəsaitdən gedir. Belə baxsaq, bu vəsait xeyli maliyyə vəsaitidir və terror təşkilatı bundan öz xeyrinə istifadə edəcək. Ancaq məsələnin digər tərəfi də var. Hakim sülalələrdə əsas məsələ həmrəylik, sülalənin bir-birinə dayaq durması, müdafiə etməsidir. Demək olar ki, bu məqam ərəb rejimlərinin əsasında duran dəyərdir. Buna xain çıxan rejim sözsüz ki, öz daxilində də dayağını itirmiş olar. Beləliklə, Qətər belə vəziyyətdə çətin qərar verməli olub.

Terrorçulara dəstək vermək məsələsinə gəldikdə deyim ki, bu iddialar ancaq Qətər Əmirliyinə istiqamətlənmir. Belə tip ittihamlar Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin ünvanına da yönəldilir. Lakin bu iddialarla bağlı tutarlı sübutlar və faktlar üzə çıxarılmayıb.

— Beynəlxalq media Qətərdə dövlət çevrilişi ehtimalı haqqında yazıb. Rus mediası isə hətta belə xəbərdarlıqla çıxış edib. Sizcə, Körfəz böhranı konteksində Qətərdə dövlət çevrilişi baş verə bilərmi?

— Bu, istisna edilmir. Çünki Qətərin özündə, hakim sülalə daxilində tam həmrəylik yoxdur. Məsələn, hakim sülalənin bir neçə üzvü Səudiyyə ilə Qətər arasında gərginlik yarandığı üçün öz məyusluğunu ifadə edib. Və bu haqda hətta Ər-Riyada öz mövqelərini bildiriblər. Bunların hamısı o deməkdir ki, Qətərin siyasətinə xeyli təsir göstərilir. Bu təsirlərə Qətərin nə qədər sinə gərəcəyi bilinmir. Amma bəllidir ki, Qətərin də özünə yaxın qüvvələri var. Nəzərə almaq lazımdır ki, 2014-cü ildə imzalanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, Türkiyə Qətərdə öz hərbi qüvvələrini yerləşdirib. Bunların hamısı böyük siyasətdə nüfuz balansının yaranması ilə bağlıdır.

— Qətər əmirinin ABŞ Prezidenti Donald Trampın Vaşinqtona səfər təklifindən imtina etməsi hazırda baş verən proseslərin arxasında Ağ Evin durduğunu deməyə əsas verirmi?

— Əlbəttə. Bu, müəyyən qədər belədir. Birincisi, Tramp özü qeyd edib ki, Ər-Riyadda səfərdə olduğu zaman terrorçuları kimin maliyyələşdirməsi barədə sual verib. Orada hər kəs Trampa Qətəri nişan göstərib. Görürsünüzmü, artıq Tramp bunu açıq, çılpaq şəkildə deyir.

— ABŞ-ın dəstəyi olmadan Körfəz ölkələri Qətər Əmirliyinə qarşı belə bir addım ata bilərdimi?

— Mən düşünürəm ki, ABŞ-ın dəstəyi olmasaydı, bu, baş verməzdi. İkincisi, Amerikanın özünün Qətərlə xüsusi qarşıdurması yoxdur. Əslində, söhbət Amerikanı maraqlandıran böyük ərəb siyasətinin nə cür istiqamət götürməsindən gedir. Və burada Qətərə və Qətər vasitəsilə İrana təsir göstərmək məqsədi var. Eyni zamanda başqa bir üçlük var — Rusiya, İran və Türkiyə. Bu üçlükdə İran nişangah kimi tutulubsa, deməli, onu zəif həlqə sayırlar. İran vasitəsilə bu üçlüyün də zəifləməsi məsələsi var. Lakin gördüyünüz kimi, Türkiyə müəyyən addımlar atmağa başladı. Bu, o deməkdir ki, müəyyən kompromislər məsələsi ortaya çıxır. Bu kompromis məsələsində təkcə Qətər və Səudiyyə maraqları yoxdur. Eləcə də Rusiya, Türkiyə və İran maraqları var.

— Körfəz böhranı yaranan kimi Moskva, Ankara və Tehran Qətərlə sıx əlaqələr yaratdı. Görünən odur ki, bu üç paytaxt büruzə verməsə də, Qətəri müdafiə edir. Qarşı cəbhədə isə ABŞ və digər ərəb ölkələri dayanır. Güc balansını necə qiymətləndirirsiz?

— Konkret proqnoz vermək çətindir. Bu təkcə region, ərəb siyasəti məsələsi deyil. Biz ABŞ-ın özündə baş verən proseslərə də nəzər salmalıyıq. Vaşinqtonda yeni hakimiyyət formalaşandan sonra Trampa qarşı tənqid və müqavimət görürük. Ötən gün Konqresdə son prezident seçkilərində Rusiya izinə dair dinləmə keçirildi. Dinləmədə Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri dindirildi. Fikrimcə, bu dinləmələrdə Trampın Amerikaya xas olmayan siyasət aparması problemi qoyulur. Yəni belə çıxır ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə Rusiya ilə bağlı aparılan istintaqa görə təzyiq göstərib. Bu da ABŞ siyasəti üçün məqbul deyil və prezidentin legitimliyinə kölgə salır. Yəni ortada çox məsələlər var. Əslində bir məqam mənə qəribə gəlir və mən bunun səbəbini tapa bilmirəm. Sanki Rusiya hökuməti ABŞ-la daha münasib, öz maraqlarına uyğun siyasət aparmaq ümidindədir. Amma digər cəbhədə isə sanki ABŞ-Rusiya qarşıdurması baş verir. Amma bunu da çox ehtiyatla edirlər. Bəlkə də ona görə ehtiyatla edirlər ki, Tramp administrasiyasında böhran yaranmasın. Mən doğrusu, bu məsələlərin konkret hansı nəticə verəcəyini deməyə çətinlik çəkirəm. Ancaq gördüyünüz kimi məsələlər çoxtərəflidir. Odur ki, xeyli gözlənilməz hadisələr də ola bilər.

— 100 ildən sonra Türkiyə ordusu yenidən Qətərə daxil olur. Sizcə, bunun hansı nəticələri ola bilər?

— Siz düşünürsünüz ki, Türkiyə hərbi əməliyyatlara başlaya bilər? Axı bu əməliyyat kimə qarşı keçiriləcək? Mən düşünmürəm ki, Qətərə qarşı hərbi qüvvədən istifadə ediləcək. Mənim ağlım kəsmir ki, hansısa qüvvə belə riskə gedə bilər.

— Anti-Qətər koalisiyası…

— Səudiyyə liderliyində indiki koalisiya bunu etmiş olsa, bundan ancaq İŞİD terror təşkilatı faydalana bilər. Üstəlik, belə addım atılarsa, bütün ərəb ölkələrində buna qarşı etiraz aksiyaları baş verər. Belə hallar ərəb dünyasında bir neçə dəfə baş verib. Nəzərə alın ki, indi səhnədə əsas rolda çıxış edən həmin ölkələrin daxili vəziyyəti də birmənalı deyil. Bunların hamısı ciddi məsələdir.

— Pakistan İslam Respublikası elan etdi ki, Qətərə 20 minlik hərbi kontingent göndərə bilər. Adətən Əfqanıstanda çox fəal olan və proseslərə nəzarət etməyə çalışan İslamabadın bu addımının arxasında nə durur?

— Mən düşünmürəm ki, böyük cəbhə boyu proses olsun, burada Türkiyə, Pakıstan, Qətər, İran, Rusiya yer alsın. Bu artıq dünya müharibəsi deməkdir. Sözsüz ki, hansısa məqamda durmaq lazımdır. Mən düşündüyüm qədər burada o qədər bizə bəlli olmayan təsirlər, cərəyanlar var və mümkündür ki, bunun da mənbəyi ABŞ-da və ya Avropaya gedib çıxır.

— Biz Pakıstanın ərəb regionunda iştirakına dair məlumatsızıq. Bir ərəbşünas kimi İslamabadın bu coğrafiyada iştirakı haqda nə deyə bilərsiniz?

— Doğrusu, mən də bu haqda məlumatsızam. Bircə onu deyə bilərəm ki, Pakıstan islam ölkələri arasında ardıcıl və qəti mövqe tutub, ictimai rəyə uyğun siyasət aparır. Məsələn, müqayisə üçün Dağlıq Qarabağ münaqişəsinə dair İslamabadın qəti mövqeyini göstərə bilərəm. Bir çox başqa islam ölkələrindən fərqli olaraq Pakistan konkret mövqe tutur. Ola bilsin, buna yol açan odur ki, Pakistan coğrafi, siyasi və ya iqtisadi maraqlar baxımdan bu məsələnin içində deyil. Yəni bu, mənəvi dəstəkdir və bunun Pakıstanın iqtisadiyyatına və siyasi prioritetlərinə o qədər də təsiri yoxdur. Başqa sözlə, bu cür mövqe tutmaqla nələrisə qurban vermək riski yoxdur.

— Rusların Körfəz böhranında aktiv olmasının arxasında nə durur?

— Rusların fəlsəfəsi qısa və konkretdir. Onlar hesab edirlər ki, Vaşinqton heç vaxt düşünülmüş siyasət aparmır, özünün iddia etdiyi insan haqları və humanizm məsələsində hətta Rusiyanın siyasətindən də ziddiyyətli siyasət yeridir. Və hər dəfə məqam düşdükdə Rusiya özünə siyasi xal qazanmağa çalışır. Baxın, ruslar ehtiyatla danışsalar da, müəyyən tənqid də səsləndirir ki, bu qədər böhran yaratmaq kimin xeyrinədir? Sonra da bunu ABŞ siyasətinə bağlayırlar.

— SSRİ-nin ərəb coğrafiyası ilə dərin və geniş əlaqələri mövcud idi. Sirr deyil ki, SSRİ-ni dağıtmaq üçün Qərb dairələri ilk olaraq Ərəb-SSRİ münasibətlərinə kölgə saldılar, bu regionu öz tərəflərinə çəkdilər. İndi rusların Suriya böhranında aktivliyi ilə seçilməsi, Qətər məsələsində ortaya çıxması və İranı yanında yer alması Rusiyanın yenidən ərəb coğrafiyasında daha geniş və dərin formatda kök salmasına hesablanıb?

— Əvvəla, ruslar ərəb regionunda aktiv iştirak edir. Üstəlik aktiv iştirak etməklə yanaşı, özlərinin qonşuları ilə siyasətində müəyyən mövqe və nüfuz qazanırlar. Ruslar hər zaman vurğulayır ki, əgər ABŞ öz təhlükəsizliyini təmin etmək üçün müəyyən güc və təsirlərdən istifadə edirsə, buna hər kəsin haqqı çatır. Həm də Rusiyanın özünün təhlükəsizlik konsepsiyası var və burada Ukrayna, Orta Asiya, Cənubi Qafqaz da müəyyən qədər yer tutur. Üstəlik bu regionun öz təhlükəsizlik konsepsiyasına uyğun şəkildə formalaşmasına çalışır.

— Qətər böhranı hansı ssenarilər əsasında həll edilə bilər?

— Mənim ehtimalıma əsasən, iki ssenari mümkündür. Birincisi, Qətərdə hakim sülalə daxilində böhran baş verə və nəticədə hakimiyyət dəyişikliyi ola bilər. Beləcə, bütün günahlar istefa verən kralın üzərinə qoyula, siyasət yenidən rəndələnə bilər. Və ya deyə bilərlər ki, Qətər əmrinin böhrana səbəb olan İranla bağlı fikirləri əslində həqiqəti əks etdirmir, bu, bir təxribat olub. Bu barədə də razılaşma ola bilər və Doha siyasətində dəyişiklik edə bilər. Eyni zaman da Qətər özünün İran, Suriya, Livan siyasətində yeni prioritet götürsə, Qərbin mövqeyinə uyğun siyasətə start versə, problem yoluna qoyula bilər. Məncə, İran məsələsi ikincidir. Əvvəl Qətərin problemi sovuşmalıdır. Bundan sonra İranla ərəb rejimləri və ABŞ-ın qarşıdurması mümkündür ki, yeni mərhələyə qalxsın.

— İranın üzərinə getmə siyasəti söz oyunudur, yoxsa ciddidir?

— Ciddi məsələdir və həm də təkcə İran məsələsi deyil. Yuxarıda qeyd etdiyim kimi, İran, Rusiya və Türkiyə birlikdə öz siyasətlərinin yeridilməsində uğur qazanır. Elə Suriya məsələsində Kreml Tehran-Ankara-Moskva üçlüyünü yeni qüvvə olaraq təqdim etdi, Astana prosesini başladı. Görünən odur ki, ciddi təhlükə var. Hazırda Qərbin ərəb coğrafiyasında apardığı siyasətə alternativ meyillər də hiss edilir. Bu üçlüyün zəiflədilməsi üçün tədbirlər görülür. Bu üçlükdə isə zəif həlqə kimi İran görülür.

— Yəni yaxın gələcəkdə İranla bağlı hərbi addımlar istisna edilmir?

— Ən azından belə təhlükə var. Bunun baş verməyəcəyinə ümid edirəm. Qətərlə bağlı isə hərbi qarşıdurmanın olacağını düşünmürəm. İnanmıram ki, ərəb coğrafiyasında yeni qardaş qırğını olsun. Əks halda müharibə onsuz da böhranda olan ərəb dünyasına o qədər yeni problemlər gətirər ki, bu da İŞİD-in güclənməsinə, terrorçular üçün daha münbit şəraitin yaranmasına xidmət edər.


Müəllif: Nemət
http://teleqraf.com/news/gundem/138723.html

Leave a Reply