|

Iranın xarici siyasətində din və ideologiyanın rolu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

AREŞ İFTİXARİ      

AMEAnın Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun dissertantı

 

Xarici siyasət və beynəlxalq münasibətlərə dair araşdırmalar sahəsini üç növə ayırmaq mümkündür. Birincisi tarixi araşdırma adlanır. Onun əsas məqsədi dövlətlər və xalqlar arasında baş verən hadisələri şərh etməkdən ibarətdir. İkinci növ təhlil beynəlxalq sosiologiya adlanır. Onun məqsədi xarici siyasət və beynəlxalq münasibətlərə təsir edən amillərin sosial səbəblərini işıqlandırmaqdır. Üçüncü növ təhlil modeli isə xarici siyasətin nəzəriyyəsinə üstünlük verir. Bu, o deməkdir ki, beynəlxalq proseslərin formalaşması və nəticələrini araşdırarkən bir sıra qayda, yaxud prinsiplərin olduğu  sübut olunur və əldə olan çərçivənin digər proseslərdə tətbiq edilməsi, qeyd olunan təhlil modelinin əsas məqsədidir (1).

Məsələnin tətbiqinə aid İran İslam Respublikasının xarici siyasəti və onunla əlaqədar konsepsiyaları, adı çəkilən üç növ təhlil modelindən xaric deyil. Yəni İİR xarici siyasətinin əsas prinsipləri, formalaşması bu siyasətin həyata keçirilməsi istiqamətlərinin dəyişməsi, tarixi, sosial və nəzəri faktları mövcuddur.

Tarixi araşıdarma prinsipinə görə İran adlanan ölkənin qədim tarixini və bu tarixin mürəkkəb ictimai-siyasi hadisələrini nəzərə almaq lazımdır. Cağdaş İran tarixində 1979-cu ildən bəri baş vermiş siyasi-tarixi proseslər, o cümlədən, şah rejiminin devrilməsi, radikal islamçıların hakimiyyətə gəlməsi, dini hökumətin qurulması, İran-İraq müharibəsi, beynəlxalq proseslərin gedişi və İİR-nın beynəlxalq sistemdəki mövqeyi, tarixi baxımdan tədqiqat obyekti hesab oluna bilər. İİR-nın xarici siyasətində beynəlxalq sosioloji araşdırmanın tətbiqi böyük əhəmiyyətə malikdir. Əgər «xarici siyasət, daxili siyasətin davamıdır» prinsipini nəzərə alsaq, İİR-nın xarici siyasətinə təsir göstərən daxili və beynəlxalq sosial məsələləri öyrənmək zəruridir. Qeyd olunan mövzunun xarici mənşəli prosesləri, qloballaşma, informasiya inqilabı, mədəniyyətlərin konflikti və dialoqu, qeyri-dövlət təşkilatları, beynəlxalq hüquq normaları, beynəlxalq qurumlar və s. kimi faktlardan ibarətdir. Məsələnin ölkədaxili sosial prosesləri isə əhalinin sosial-iqtisadi durumu, din məsələsi, dil və etnik məsələlər, demokratiyanın inkişaf səviyyəsi və daxili normaları, ideologiya və s. kimi sosial hadisələrin təsirindən ibarətdir.

Xarici siyasət və beynəlxalq münasibətlər nəzəriyyələrinin İİR-nın xarici siyasətinə tətbiq olunması üçüncü məsələdir. Bu sahədə olan nəzəriyyələr müxtəlif təsnifat və xüsusiyyətlərə malikdir. Məsələn, realizm, bihoverizm, sistem, inteqrasiya, funksiyalizm, sülhpərvərlik və s. kimi nəzəriyyələr mövcuddur. Təbii ki, beynəlxalq münasibətlər mövzusunun genişliyi, mürəkkəbliyi və dəyişkənliyi müştərək nəzəriyyədən istifadə edilməsinə maniə hesab olunur. Bu səbəbdən xarici siyasətin təhlilində kompleks nəzəriyyələrin öyrənilməsi zəruridir. Konkret olaraq İİR-nın xarici siyasəti bir sıra tarixi hadisələr, beynəlxalq və ölkədaxili sosial proseslər və özünəməxsus nəzəri çərçivədən qaynaqlanır. Dəyişkən tarixi və sosial məsələləri nəzərə almasaq, İİR-nın Konstitusiyasında və ideoloji mənbələrində qeyd olunan xarici siyasətin əsas prinsipləri bunlardan ibarətdir:

  1. Hegemon dövlətlərə qarşı zəif insanları dəstəkləmək.
  2. İslam inqilabının ixrac edilməsi.
  3. Dünya səviyyəsində islami hökumətin qurulması.
  4. Harda olduğundan asılı olmayaraq dünya müsəlmanlarını dəstəkləmək.
  5. Başqa dinlərdə olanları islam dininə dəvət etmək.
  6. Müstəqil siyasət aparmaqla fövqəl güclərə tabe olmamaq.

Yuxarıda sadalanan ümumi prinsiplər İİR-nın dövlət strukturu və ideologiyasına dair əsas mənbələrdə, o cümlədən, Konstitusiya, Quranı və Nəhcülbəlağə, islam inqilabı rəhbərlərinin müxtəlif ideyalarında öz əksini tapmışdır. Aşağıda həmin mənbələr qeyd olunan məsələlər baxımından şərh olunur.

I. Konstitusiya. İİR-nın Konstitusiyası, 3 dekabr 1979-cu ildə referendumundan keçərək, 1988-ci ildə Konstitusiyaya Yenidən Baxılma Şurasın əmri ilə bir sıra dəyişmələrə məruz qaldı. Ön söz, 14 fəsil və 177 maddədən ibarət olan Əsas Qanunda konkret xarici siyasət məsələləri 10-cu fəsil və 2, 3, 5, 11, 152, 154-cü maddələrdə öz əksini tapmışdır. Məsələn, 3-cü maddənin 5-ci bəndində deyilir: «Müstəmləkləçilik qətiyyətlə rədd olunur və  əcnəbilərin nifuzunun qarşısı alınmalıdır» (2).

İİR-nın Konstitusiyasında dünya müsəlmanlarının birləşməsinə dair belə bir fikir irəli sürülür: «Kəramətli Quran ayəsinin hökmünə görə «həqiqətdə sizin ümmətiniz vahid (bir) ümmətdir və mən sizin allahınızam, təkcə mənə ibadət və pərəstiş edin» (3), bütün müsəlmanlar bir ümmətdir və İİR öz ümumi siyasətini islam xalqlarının birlik və həmrəyliyi əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi və mədəni birliyin gerçəkləşməsi üçün ardıcıl çalışmağa borcludur” (4).

Başqa bir maddədə müsəlmanların hüquq və müstəqilliyini qorumaq zərurəti vurğulanır və göstərilir ki, «İİR-nın xarici siyasəti başqalarına hər hansı bir şəkildə hökmranlıq etmək və ya başqalarının hökmranlığını qəbul etməyin əleyhinə olmaqla, ölkənin hərtərəfli müstəqilliyini və ərazi bütövlüyünün qorunub saxlanılması, bütün müsəlmanların hüquqlarının müdafiəsi, hegemon qüdrətlər qarşısında bloklara qoşulmamaq və qeyri-militarist dövlətlərlə qarşılıqlı sülhpərvər əlaqələr yaratmaq prinsipinə əsaslanır» (5). İİR Konstitusiyasında bu ölkənin humanizm və başqa dövlətlərin daxili işlərinə qarışmamağa dair rəsmi mövqeyi belə əks olunur: «İİR bütün bəşər cəmiyyətində, insan səadətini özünün amalı hesab edir, istiqlaliyyət, azadlıq və ədalətli hökumətə malik olmağı dünyanın bütün xalqlarının haqqı kimi tanıyır. Buna görə də başqa millətlərin daxili işlərinə qarışmaqdan tamamilə uzaq olmaqla yanaşı, dünyanın hər bir  nöqtəsində müstəzəflərin (məzlumların) müstəkbirlərə (zülmkarlara) qarşı haqlı mübarizəsinə himayədarlıq edir» (6).

II. Quran. İİR-nın xarici siyasətində özünü əks etdirən başqa bir qaynaq islam dininin əsas kitabı olan Qurandır. Quranın 114 surəsinin 6666 ayəsində müxtəlif ümumi və xüsusi mövzularda hekayələr və əmrlər şəklində qeyd olunan məsələdən söz açılsa da, müasir dövrdə xarici siyasət adlanan elmə konkret şəkildə toxunulmur. Ancaq bir sıra ayələrdə beynəlxalq münasibətlər mövzusunun detallarına işarə olunmuşdur ki, bunun da inikasına İİR-nın xarici siyasətində təsadüf olunur. Məsələn, islam dininin digər dinlərdən üstünlüyü belə vurğulanır. «Tanrı yanında ən sevimli din islam dinidir» (7). Kafirlərə qarşı münasibət isə kəskin surətdə ifadə olunmuşdur. «Əgər kafirlər sizin qarşısında durub sizə tabe olmurlarsa, onları harada görsəniz öldürün, əks halda əgər kafirlər sizə baş əyib tabe olsalar, onların malları və canları sizin üçün halal deyil» (8). Düşmənə qarşı müharibə haqqında Məhəmməd peyğəmbərə əmr olur ki: «Ey rəsul (göndərilmiş) insanları müharibəyə doğru dəvət et, sizlərdən 20 nəfər inamlısı onların 200 nəfərindən üstündür, onlar biliksizdirlər» (9). İslam dininə dəvət etmək üçün müharibə mövzusuna işarə olunubdur, Töbə surəsində belə deyir: «Haqq dininə gəlmiyənlərlə müharibə edin» (10). Qeyd olunduğu kimi, Quran ayələrində xarici siyasətlə əlaqədar mövzular, o cümlədən, islam dininin üstünlüyü, kafirlərlə müharibə və islami birlik ideyası dəfələrlə bəyan olunmuşdur ki, bu da İİR-nın xarici siyasətinin əsas prinsiplərində əks olunur.

III. Nəhcülbəla. İslam dininin şiə qoluna aid digər əhəmiyyətli qaynaq Nəhcülbəlağədir. Bu, sünnilərin 4-cü xəlifəsi, şiələrin isə birinci imamı hesab olunan Əli ibn Əbitalibin X əsrdə Seyyid Rəzi tərəfindən toplanmış məktub, xütbə, kəlam və çıxışlarından ibarət bir kitabdır. Orada müxtəlif mövzulardan danışılsa da, konkret xarici siyasətdən bəhs olunmur. Yalnız ara-sıra fraqmentar şəkildə xarici siyasət məsələlərinə şamil edilə bilən bəzi ifadələr bəyan olunmuşdur ki, bunlardan da İİR daxil və xarici siyasətində, xüsusilə, hüquqla bağlı məsələlərdə yetərincə istifadə edilmişdir. Məsələn, 17-ci xütbədə biliksiz vasitəçilər tənqid olnur, 24-cü xütbədə isə haqqa inam gətirməyənlərlə müharibə etmək vurğulanır. Kitaba əsasən, Məhəmməd peyğəmbərin gətirdiyi din başqa dinlərdən üstündür və Allah yolunda düşmənlərlə vuruşmaq cənnətin astanası hesab edilir (11). Habelə inam yolunda hətta qohum-əqrəbaları belə öldürmə göstərişi verilmişdir (12). Kitabın 125-ci xütbəsində müasir demokratiya mövzusu ilə əlaqədar, xalqın rəyi ilə Quran hökmünün müqayisəsində Quran hökmü üstün hesab edilir. 216-cı xütbədə isə hakimlə xalq münasibətinə işarə olunmuşdur. Kitabın məktublar bölməsində ölkə başçılarına neçə hökümət etməyi göstərir. Məsələn, 63-cü məktubdə Əbu Musa Əşəriyə və 53-də isə Misirə göndərilmiş Malik Əştərə necə davranacağını yazır.

Dini mənbələr sahəsində qeyd olunan kitablardan başqa müxtəlif qaynaqlar da mövcuddur ki, onlardan necə istifadə edilməsi yalnız din alimləri və onların başçısı hesab olan «Vəliyyi Fəqih»in öhdəsindədir.

IV. VilayətiFəqih. Bu sözün Azərbaycan dilində mənası din aliminin dövlətə rəhbərlik etməsi deməkdir. İİR-nın təməl daşı hesab olan, ölkənin bütün sahələrində prinsip kimi hakim olan Ruhulla Xomeyninin «Vilayəti Fəqih» ideyasıdır (13). Bu ideya digər din alimlərinin fikirlərindən fərqli olaraq din mövzusunu təmamilə siyasiləşdirib, ölkənin idarə edilməsini dini prinsiplər əsasında planlaşdırır (14). R.Xomeyninin fikrincə, «12-ci imamın qeybi (gözə görünməzlik) zamanında İslam prinsiplərini bərpa etmək üçün din aliminin dövlətə rəhbərlik etməsi zəruridir. Bu iş müsəlmanları təcavüzdən qoruyar və onlar qayib (görünməyən) imamın vəzifəsini yerinə yetirən şəxsə tabe olub güclü bir dövlət qurmaq qabiliyyətinə nail olarlar.» (15) İİR-nın xarici siyasətində bu idyeanın təsirini göstərmək üçün, R.Xomeyninin əsərləri və indiki rəhbər Əli Xamneinin fikirləri ilə tanış olaq.

İİR-nın banisi R.Xomeyninin dövlətin xarici siyasət xəttinə dair fikirləri onun Vəsiyyətnaməsində öz əksini tapmışdır. Orada İİR-nın xarici siyasətinin əsas prinsipləri aydın şəkildə göstərilir. Məsələn, vəsiyyatnamədə deyilir: «Mən indi İranın şərəfli və zülm çəkmiş xalqına tapşırıram ki, dinsiz Şərqə və kafir Qərbə bağlı olmayan bu ilahi yola sıx bağlı olsunlar, Tanrıdan istəyirəm ki, fövqəlqudrətlərin daxili və xarici amilləri sizin yenilməz inamınızı sarsıtmasın.» (16) R.Xomeyni «Vəsiyyətnamədə» dəfələrlə vurğulayır ki, bu inqilab ilahi bir inqilabdır, islami hökumət tanrı vergisidir və islam dini siyasi bir dindir. Kafir dövlətlərin başçılığı altında olan xalqlara tövsiyə olunur ki, «İİR-nı və bu ölkənin zəhmətkeş xalqını örnək hesab edərək zalım hakimləri öz yerində oturtsunlar.» Xarici İşlər Nazirliyinin rəhbərliyinə tapşırır ki, səfirlikləri islamiləşdirsinlər, islam dinini dünyada yaysınlar, xarici siyasətdə müstəqillik və milli maraqları qorusunlar, İİR-na qarşı siyasət yeritməyən ölkələr və müsəlman ölkələri ilə münasibət qursunlar. R.Xomeyni yazır: «Qəflətdə olan müsəlman dövlətin baçılarını oyadın, birləşməyə cəhd göstərin, Tanrı bizimlədir. İslam prinsiplərini bərpa etmək üçün xaricdən yardım gözləmədən özünüz ayaqa qalxmalısız, qalxın haqqınızı zalim dövlət başçılarından alın, islami hökumət qurmaq bizim arzumuzdur» (17).

İİR-nın ümumi lideri sayılan R.Xomeyninin digər əsəri 23 cilddən ibarət olan «Səhiyfeye-Nur» adlı kitabda toplanmış çıxış və tapşırıqlarıdır. İİR-nın xarici siyasətinin əsas prinsipləri bu kitabda dəfələrlə bəyan olunur. Məsələn, kitabda göstərilir:  «İİR xarici siyasətinin əsas prinsipi, qonşu dövlətlərin daxili işlərinə müdaxilə etməmə və mehriban qonşuluq əsasında qurulur» (18). O habelə inqilabın ixracı haqqında yazır: «Fövqəlgüclər yəqin sınacaq və islam inqilabının dünyaya ixrac edilməsi müsəlman ölkələrinin birləşməsinə səbəb olacaqdır.» (19)

Kitabda xarici dövlətlərlə münasibətlərin hansı səviyyədə olacağı barədə deyilir: «Bizim arzumuz bütün xalqlar və dövlərlərlə yaxşı davranmaqdır. Biz həmçinin müsbət fikirlər, xoş münasibətlər və mehriban dostluğun olmasını istəyirik»(20). R.Xomeyni müsəlman ölkələrinin səfirləri toplantısında dediyi sözlər onun xarici siyasət barəsindəki baxışların daha bariz şəkildə ifadə edir: «müsəlmanların bayramı onların müstəqilliyə yiyələnəcəyi gün olacaqdır» (21). Yekun olaraq deyə bilərik ki, R.Xomeyni Birləşmiş Millətlər Təşkilatını fövqəldövlətlərin əlində digər ölkələri aldatmaq üçün bir oyuncaq hesab edir (22), islam inqilabının təbliği olunmasını tövsiyyə edir, (23) islam təbliğ etməklə Qərbin kufr təməllərini dağıtmaq tapşırığı verir (24). Onun ən maraqlı vəsiyyətlərindən biri budur: «Biz istəyirik islam inqilabını qılınc vasitəsilə deyil, təbliğat yolu ilə dünyaya ixrac edək. Bu gün islam mövzusü dünyanın əksər ölkələrində gündəmdə olan məsələyə çevrilmişdir» (25).

İİR-nın xarici siyasəti ilə əlaqədar digər qaynaq R.Xomeyninin «Vilayəte Fəqih» adlı kitabıdır. Kitabda o, din aliminin dövlətə rəhbərlik etməsini zəruri və faydalı hesab edir. Burada həmçinin dini hökumətin strukturu, məqsəd və vəzifələri əks olunmuşdur. (26) Xarici siyasətlə bağlı qeyd olunur: «Siz islam və islami hökumətin proqramlarını dünya əhalisinə çatdırın ki, bəlkə müsəlman ölkələrinin başçıları işin doğru olduğunu başa düşdülər. Onların vəzifədə qalmasının şərti sizinlə həmrəy olmaqdır» (27). R.Xomeyni radikal mövqeydən çıxış edərək yazır: «Zalim hökumətlərlə əməkdaşlıq etməmək, onlarla əlaqələri pozmaq və onları devirmək lazımdır. Yeni siyasi, iqtisadi və mədəni təşkilatların qurulması bizdən asılıdır və tağutu (qeyri-islami rejim) islami ölkələrdə aradan götürmək bizim boynumuzdadır» (28).

İİR-də hakim olan «Vilayeti-fəqih» prinsipinə görə, 1989-cu ildən bəri R.Xomeyninin vəzifəsini icra edən Ə.Xamnei dövlətin idarə olunmasında müstəsna səlahiyyətlərə malikdir. İİR-nın rəhbəri özünü ölkənin birinci şəxsi, dünya müsəlmanlarının rəhbəri, «vilayəti fəqih» ideyasının və peyğəmbər və imamlar silsiləsinin təmsilçisi (29) və bir sözlə, Tanrının yer üzündə nümayəndəsi hesab edir. Bu məsələ Konstitusiyada belə əks olunmuşdur. «İİR tək Allahlıqlı, vəhy, məad, imamət, ardıcıl rəhbərlik və ictihad (dini hökuməti şəraitə uyğunlaşdırmağa çalışmaq) əsasında qurulmuşdur (30). Xarici siyasətlə bağlı rəhbərin rolu Ana Yasanın 110-cu maddəsində ifadə olunmuşdur. Orada rejimin əsas siyasi xətti hərbi qüvvələrə komandanlıq, müharibə və sülh əmri vermək İslami Məclisin prezidentini vəzifədən azad etmək səlahiyyəti kimi məsələlər öz əksini tapmışdır (31). Məsələn, 52 maddədən ibarət ümumi inkişaf proqramına dair IV fəsildə xarici siyasətlə əlaqədar, ölkə rəhbəri 2003-cü ildə belə bir fərman vermişdir: İmam Xomeyninin dini və siyasi ideyalararını bütün işlərdə əldə əsas tutaraq (maddə 2), fars dilinə üstünlük verməklə (maddə 5), dünya səviyyəsində hegemonluğa və zülmə qarşı mübarizə aparılmalıdır. Onun göstərişlərində habelə mədəni təzyiqlərin qarşısını almaq, İİR-nın əldə etdiyi uğurları kütləvi informasiya vasitələri ilə dünya xalqlarına çatdırmaq, xarici siyasətdə sabitlik, izzət, hikmət və məsləhət pripsiplərini yetirmək və əlaqələri sıxlaşdırmaq qeyd olunmuşdur (32).

Fərmanın 30-cu maddəsi sırf xarici siyasətə bağlıdır. Orada xarici siyasət xəttinin aşağıdakı əsas prinsipləri göstərilir:

— Dinc xarici siyasət xəttini davam etdirmək.

— Düşmən hesab olmayan ölkələrlə əlaqələri artırmaq.

— Mövcud münasibətlərdən faydalanmaq və potensial imkanlardan istifadə etmək.

— Beynəlxalq və regional səviyyədə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək.

— Beynəlxalq siyasətdə təcavüzkarlığa qarşı mübarizə aparmaq.

— Regionu xarici dövlətlərin hərbi müdaxiləsindən qorumaq.

— Müsəlmanları və hüququ tapdalanmış xalqları, xüsusilə, Fələstin xalqını dəstəkləmək.

— Müsəlman ölkələrinin inteqrasiyasına cəhd göstərmək.

— BMT-nin quruluşunda dəyişikliyə nail olmaq.

— İslam dünyası ilə əlaqələri möhkəmləndirmək, islam inqilabını dünyaya aydın şəkildə tanıtmaq, inqilabın qazandğı uğurları, İranın müfəssəl tarixini və islam demokratiyasını bütün səviyyələrdə təbliğ etmək (33).

Yuxarıda qeyd olunan məsələlər, İİR-nın ideoloji və nəzəri sahədə, rəsmi mənbələrdə bəyan olunan xarici siyasətinin əsas prinsipləri hesab olunur. Təbiidir ki, siyasət aləmində əsas prinsip sözü ideal anlayışdır və dəyişkən beynəlxalq şəraiti nəzərə almadan xarici siyasəti öyrənmək mümkün deyil.

 

Mənbələr

 

  1. Frankel. Cozef, Nəzəriyye müasir rəvabete beynəmeləl, Tərcümə V.Bozorgi, Tehran, Ettelaat, çap 2, 1376, s. 13
  2. İİR-nın Konstitusiyası, maddə 3, bənd 5.
  3. Quran, Ənbiya surəsi, 92-ci ayə.
  4. İİR-nın Konstitusiyası, maddə 11
  5. İİR-nın Konstitusiyası, maddə 152
  6. İİR-nın Konstitusiyası, maddə 154
  7. Quran, Al Omran surəsi, 19-cu ayə
  8. Quran, Nissa surəsi, 89-90-cı ayələr
  9. Quran, Ənfal surəsi, 65-ci ayə.
  10. Quran, Töbə surəsi, 29-cu ayə
  11. Nəhcülbəlağə, 26-cı xütbə
  12. Nəhcülbəlağə, 56-cı xütbə
  13. İİR-nın Konstitusiyası, 5 və 107-ci maddələr
  14. Kədivər Möhsün, Nəzəriyyehaye dövlət dər feqhe şiə, Tehran, Ney, 1378
  15. İmam Xümeyni, Vilayəte fəqih, Nəşre asar, 1377, s. 39
  16. İmam Xümeyni, Səhiyteye inqilab, Tehran, s. 5
  17. Bax: R.Xümeyninin vəsiyyətnaməsinə
  18. Səhifeye nur, cild 5, s. 144
  19. Səhifeye nur, cild 6, s. 220
  20. Səhifeye nur, cild 8, s. 114
  21. Səhifeye nur, cild 10, s. 91
  22. Səhifeye nur, cild 13, s. 68
  23. Səhifeye nur, cild 18, s. 261
  24. Səhifeye nur, cild 13, s. 262
  25. Səhifeye nur, cild 18, s. 80
  26. İmam Xümeyni, Vilayəte fəqih, Tehran, nəşre asar, 1377
  27. İmam Xümeyni, Vilayəte fəqih, Tehran, nəşre asar, 1377, s.128
  28. İmam Xümeyni, Vilayəte fəqih, Tehran, nəşre asar, 1377, s.138
  29. Mədəni Cəlaləddin, Hüquqe əsasi dər Comhuriye islamiye İran, Tehran, Suruş, 1364
  30. İİR-nın Konstitusiyası, maddə 2
  31. İİR-nın Konstitusiyası, maddə 110
  32. Ruznamə ittilaat, 2003, 12.3
  33. Ruznamə ittilaat, 2003, 12.3

Leave a Reply