|

İranın öz marağı var, Azərbaycanın öz marağı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Son zamanlarda İrana səfər edən ziyalılarımız, alimlərimizin canında qorxu hissi var. Bu da onların İrana səfər edərkən həbs edilmə ehtimalları ilə bağlıdır. Son belə olay azərbaycanlı alim Xalidə Xalidin başına gəldi. Dövlətlərarası danışıqlardan sonra bu problem aradan qalxdı.
Bu və digər məsələlərlə bağlı hafta.az-ın suallarını Etnoqlobus Beynəlxalq İnformasiya və Analitik Mərkəzinin direktoru Gülnarə İnanc cavablandırır.

— Bu yaxınlarda İranda səfərdə olmusuz. Səfəriniz nə ilə bağlı idi?
— İyunun 3-dən 9-dək Azərbaycan İslam Partiyasının tərkibində Tehran, Məşhəd, Qum şəhərlərində olmuşam. Səfərin məqsədi Xomeyinin ölümünün 34-cü il dönümü ilə bağlı idi. Bu tədbirlər İran İslam Respublikasının dövlət proqramı çərçivəsində baş tutub. Səfər zamanı Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə departamentinin rəhbəri ilə görüşdük. Görüşdə əsas mövzu Suriya məsələsi, oradakı proseslərə verilən önəmlə bağlı oldu. Bundan başqa, səfər zamanı Xomeyninin qəbrini ziyarət etdik, ziyarətgahlarda olduq və bir sıra görüşlər baş tutdu. Buna görə də bu səfər mənim üçün araşdırmaçı kimi həm mənəvi baxımdan, həm də siyasi baxımdan çox gözəl səfər idi.

— Adətən İrana gedən araşdırmaçılar, problemlərlə üzləşirlər. Sizdə belə hal oldu?
— Heç bir problemlə üzləşmədim, çünki mən heyətin tərkibində idim. Azərbaycanda İranda ziyalıların, araşdırmaçıların həbsi ilə bağlı qəribə tendensiya formalaşıb. Mən hesab edirəm ki, hər halda həmin adamların çıxışları təxribat xarakterlidir. Korrektə edilməyən ifadələr işlədirlər. Bu ifadələri səsləndirdiyi zaman həmin dövlət haqqında xoşagəlməz sözlər deyirlər və onları saxlamağa bəhanə tapılır. Düşünmürdüm ki, mən İranda həbs oluna bilərəm. Çünki həm çıxışlarımda, həm də yazılarımda tolerant və daxili senzuradan istifadə edən adam olmuşam. Ümumiyyətlə, həm mətbuat işçiləri, həm də hər bir vətəndaş getdiyi ölkə haqqında məlumatlı olmalıdır. Özünü aparmaq qaydalarına riayət etməlidirlər. Getdiyin ölkədə istədiyin kimi hərəkət edə bilməzsən, ona qarşı xoşagəlməz ifadələr işlədə bilməzsən. Belə bir cəhd təbii ki, qarşı tərəfdən xoş qarşılanmayacaq. Digər məsələ də qeyd etdiyim kimi Azərbaycandan gələn adamların təxribata meyilli olmasındadır. Üzdə olan səbəblər bunlardır, amma başqa siyasi və geosiyasi səbəblər də var.

— Sonuncu dəfə həbs olunan azərbaycanlı ziyalı AMEA-nın elmi işçisi Xalidə Xalid idi. Onun isə İrana getməkdə məqsədi Məhəmmədhüseyn Şəhriyarın irsini araşdırmaq idi. 
— Qeyd etdiyim kimi, siyasi və geosiyasi səbəblər var. Bir il əvvəl bir alim həbs olunmuşdu. Mən həmin məsələni qeyd etdiyim səbəblərlə bağlayıram. Sonradan məlum oldu ki, o adam Azərbaycanda həbsdə olan İran vətəndaşını dəyişmək üçün istifadə olunub. Bu hallar var, amma dediyim amillərin də yeri var.

— Ümumiyyətlə, Azərbaycanda İrana qarşı münasibət birmənalı deyil. Məsələn, çoxları gözləyir ki, müsəlman ölkəsi kimi İran Ermənistana deyil, Azərbaycana dəstək versin. 
— İranın bölgədəki mövqeyində sıxışdırılma çox yüksək səviyyədədir. Və İran bu təzyiqlər qarşısında özünü müdafiə edir. Buna baxış bucağından asılı olaraq pis də demək olar, yaxşı da. Təbii ki, Azərbaycan mövqeyindən baxanda bu, xoşagəlməzdir. İran təzyiq altında çabalayır və bu zaman özünü müdafiə üsulu axtarır. Ona görə də istər-istəməz Ermənistanın yanında olmalıdır. Azərbaycan isə İranın mühüm rəqibi olan Türkiyənin yanındadır. Hər bir dövlətin öz marağı var. Biz hesab edirik ki, İran yanlış yoldadı, İran isə hesab edir ki, Azərbaycan yanlış yoldadır. Milli maraqlar bəzən qonşu dövlətin maraqlarına zidd ola bilər. Belə olanda hər dövlət özünə siyasi tərəfdaş seçir. Cəmiyyətdə İrana qarşı mənfi fikir yaranır və biz bununla oradakı soydaşlarımızı da incidirik. İctimai fikirdə həm Azərbaycanda, həm də İranda mənfi baxışlar var, bu da insanlararası münasibətlərə pis təsir edir. Bu mənada Ramiz Mehdiyevin İrana səfərini yüksək qiymətləndirirəm. Çünki o, çox az ölkəyə səfər edir. Eləcə də Şeyxülislam da nüfuzlu adam olduğundan onun səfəri ictimai fikrin yumşalmasına kömək edə bilər. Hər iki ölkə seçki ərəfəsindədir. Seçkiqabağı bir-birilərinin həssas məsələlərinə toxunmamaq haqqında razılığın əldə olunması müsbət haldır.

— Qeyd etdiniz ki, Azərbaycan ziyalıları təxribat mahiyyətli fikirlər səsləndirirlər. Necə hesab edirsiz, Azərbaycan ziyalısının İrana münasibəti necə olmalıdır?
— Azərbaycan üçün talış separatizmi narahatlıq doğurduğu kimi İran üçün də Güney Azərbaycan məsələsi narahatlıq doğurur. Məsələ talışların və cənubi azərbaycanlıların sayında deyil, məsələ işin mahiyyətindədir. Bu, onlar üçün həssas məsələdir. Azərbaycanlı ziyalılar gizlətmir ki, Güney Azərbaycan məsələsində onların mövqeyi var, bütün Azərbaycanı istəyirlər və s. Söhbət nəyin doğru olub-olmadığından getmir. Bizim dövlətimiz üçün hər hansısa separatizm təhlükəlidirsə, onlar üçün də bu, eyni şeydir. Ölkəyə gəlib o dövlət üçün həssas məsələdən danışıramsa, onda öz fikirlərimi korrektə etməliyəm. Bu ona bənzəyir ki, kiminsə evinə girib deyirsən ki, bu divar kağızı mənim xoşuma gəlmir, bunu dəyişmək lazımdır. Nə isə mənim xoşuma gəlməyə bilər, öz baxışım ola bilər, amma bunu getdiyim yerdə təbliğ edə bilmərəm. Azərbaycandan da bir neçə xarici jurnalist deportasiya olunub. Ona görə ki, Dağıstanda, Rusiyada Azərbaycandakı talışların, ləzgilərin hüquqlarının tapdandığını və onlara azadlıq istəmələrini yazırlar.

— Azərbaycanda talışlar hüquqlarının pozulması, öz dillərində təhsil tələbi ilə aksiyalar keçirmirlər. Amma Cənubi azərbaycanlılar dəfələrlə bu tələblə çıxış edib.
— İlk olaraq qeyd edim ki, Azərbaycanda etnik azlıqların öz dilində məktəbləri var. Azərbaycanda tolerantlıq daha çoxdur və etnik azlıqların sayı az olduğundan onların tələblərini rahat yerinə yetirir. Amma İranda azərbaycanlılarla farsların sayı demək olar ki, eynidir. Ona görə də İran dövləti üçün Cənubi azərbaycanlıların tələblərini yerinə yetirmək problemdir. Azərbaycan türklərinə bu gün istədiyi hər haqqı versələr, sabah deyəcəklər ki, sən kimsən, buranın sahibi mənəm. Hər bir dövlətin öz dövlətçiliyini qorumaq haqqıdır və biz bu haqqı ona tanımalıyıq. Bizim mövqeyimizdən baxanda təbii ki, yanlışdır, amma o da dövlətini qorumalıdır. Azərbaycanlılar orada çoxdur və hər sahədə uğur qazanırlar.

Fatimə Kərimli, hafta.az

Leave a Reply