|

İrandakı partlayışlar sabotajdırmı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İranda iyunun 26-sı Tehranın şərqində yerləşən Pərçində  müdafiə nazirliyinin mərkəzi, iyunun 30-da Tehran özəl klinikasında, iyulun 2-si Natanz (İsfahan) nüvə kompleksində , iyulun 4-də Əhvazda “Zərkan” elektrik stansiyasında transformatorun partlaması  olmaqla 4 partlayış baş verib.

Hadisələrin ard-arda olması ,elektrik stansiyası, hərbi mərkəz və xüsusilə də Nüvə zənginləşdirilməsi müəssisəsinin strateji obyektlər olması təsadüf versiyasını  kənara qoyur. Düzdür , İranda sanksiyalar ucbatından  texniki avadanlıqların köhnəldiyi və elektrik stansiyasında transformatorun istidən partlamasının mümkün olduğu deyilsə də nüvə obyektindəki partlayış  bütün diqqəti təxribata yönəldib.

İranın atom enerjisi təşkilatının nümayəndəsi   Bəhruz Kamalvəndi iyulun 6-da bildirib ki, Natanz nüvə obyektinin partlayış zamanı xəsarət alan hissəsinin bərpasına qərar verilib. Onun sözlərinə görə, zərər görmüş və tamamilə sıradan çıxmış hissədə ölçü cihazları daha müasir qurğularla əvəz olunacaq.1

Kamalvəndinin bəyanatı iyulun 6-na qədər hadisə ilə bağlı rəsmi qurumların dilə gətirdiyi yeganə açıqlamadır. Obyektlərin strateji olduğunu nəzərə alsaq, partlayışların təsadüf olmadığını şübhə doğurmur. Odur ki, Tehrandakı rəsmilər strateji obyektlərdəki partlayışlarla bağlı susmaqla  İranın başlıca opponentləri olan İsrail və ABŞ-ın reaksiyasını gözləyir.

Beləliklə, İsrailin debka.com saytının ekspertləri ABŞ-ın peyklərdən aldıqları fotoları analiz edərək  Natanzdakı partlayışın sabotaj olduğu, bombanın nüvə obyektinin içərisində partladığını və  obyektə ciddi ziyan dəydiyini , əsas nüvənin zənginləşdirilməsi qurğusunun yerə batdığını deyir.

İsrailin milli təhlükəsizlik araşdırmaları  institutunun böyük elmi işçisi Yoel Quzanski   İsrail, ABŞ və digərləri İrandakı nüvə inkişafını dayandırmağa , yaxud heç olmasa belə hesab ödəcəyini  göstərmək niyyətini bir nəzəriyyə kimi irəli sürərək deyib: “Əgər İran durmasa, biz daha çox belə “qəzalar” görəcəyik”.

Hələ ki, Tehran İsraili partlayışlarda ittiham etməyib,  İsrailin müdafiə naziri Benni Qans isə İranda baş verən hər bir hadisənin İsrailə dəxli olmadığını deyib.

Debka.com  resursunun isə MOSSAD-ın nəzarətində olduğunu nəzərə alsaq, İsrailin faktiki olaraq  İrandakı son partlayışların arxasında durduğunu etiraf edilib.  Araşdırmada partlayışın Tehranın nüvənin zənginləşdirilməsi planını ləngitdiyinə diqqət çəkilib.

Kamalvəndi də ötən həftə bildirmişdi ki, nüvə sentrofuqalarının yığıldığı ərazi ciddi zərər görüb və onların yerinə daha təkmil aparatlar qurulacaq . O, həmçinin zərərin sentrofuqaların hazırlanması və təkmilləşdirilməsini ləngidə biləcəyini vurğulayıb.

“New-York Times” isə  Yaxın Şərqdəki kəşfiyyat mənbələrinə əsaslanaraq yazır ki,Natanzda nüvə zənginləşdirilməsi obyektində güclü partladıcı qurğunu İsrail quraşdıra bilərdi.

Daha bir maraqlı xəbər odur ki, BBC-nin fars dilində olan bölməsinin elektron poştuna gələn məktubda özünü “Vətənin hepardları” adlandıran qruplaşma Natanz nüvə obyektində  baş verən partlayış üçün məsuliyyəti üzərinə götürüb.  Qruplaşma Natanzı orada gizlətmək mümkün olmayan yerüstü obyektlər olduğu üçün hədəf seçildiyini bildirir. “Vətən hepardları” məlum məktubda hakimiyyətə qarşı mübarizə aparmağa qərar vermiş təhlükəsizlik  qurumlarının keçmiş əməkdaşlarından  ibarət olduqlarını  bildirirlər.2.

Bu qruplaşma ilk dəfə gündəmə gəldiyi üçün onun xarici əlaqələri, harda mərkəzləşməsi haqda məlumaq yoxdur. Lakin İranda hakimiyyətin dəyişilməsini, ən azından mülayimləşməsini planlaşdıran qüvvələr ölkə daxilindəki potensialdan mütləq yararlanmalıdırlar. Bunun üçün son dövrlər İran daxilində milli məsələ ilə oynamağı ikinci plana çəkib (gündəmdən şıxarmamaq şərti ilə) dinindən və etnik kimliyindən asılı olmayaraq cəmiyyətin hakimiyyətdən narazı olan bütün təbəqələrini  bir araya gətirmək niyyəti önə çəkilir.

Qruplaşmanın həqiqətən mövcud olduğunu, yaxud  partlayışı üzərinə götürməklə

ölkə daxilində narazı qüvvələrin səfərbər olması üçün bir qarmaq kimi atıldığını da nəzərdə tutmaq olar.

Qeyd edək ki, iyun ayında   120 İran gəmisi və nəqliyyat kompaniyası yanacaq daşınması  ilə məşğul olan Shipping Line (IRISL) və  onun Şanxayda yerləşən törəmə müəssisəsi E-Sail Shipping Company Ltd (E-Sail) üzərinə ABŞ-ın qoyduğu qadağalar proseslərin yolunu açırdı.

Daha sonra, iyunun 30-da keçirilən BMT Təhlükəsizlik Şurasının online toplantısında ABŞ-ın dövlət katibi Mayk Pompeo Birgə fəaliyyət planı çərçivəsində İranın üzərinə qoyulmuş və bu ilin oktyabrında vaxtı bitəcək silah embarqosunu uzatmağa çağırıb:”Əks halda İran Rusiyadan 3000 km. radiuslu qırıcılar ala bilər”.

Pompeonun sözlərinə görə, embarqo İrana daha çox təzyiq göstərəcək ki, Tehran özünü normal dövlət kimi aparsın.3.

Rəsmi Moskva isə Tehrana silah satmaq niyyətindən vaz keçmək fikrində olmadığını dəfələrlə bildirib və bununla da Ağ Evin Fars körfəzi məsələlərində oyunçu olan İranın hərbi gücünün artmasından narahatlığını əsaslandırıb.

Bundan əlavə ,partlayışların qısa fasilələrlə baş verməsi, xəstəxanadakı partlayışda 19 nəfərin ölməsi İran cəmiyyətində çaşqınlıq yaratmağa yönəlib. Pandemiya dövründə sanksiyalar altında olan İranda inflyasiya artdı, iş yerləri bağlandı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü, virus xofu, informasiya azlığı: bunlar ictimai psixoz  yaratmaq üçün ciddi səbəblərdir.

Yuxarıda qeyd etdiyimiz kimi, ən son sanksiyalar İranın  yanacaq satışı imkanlarını daha da daraltmaqla ölkə iqtisadiyyatını daha da zəiflətməyə və vətəndaşların kütləvi etirazlarına nail olmağa yönəlib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenzya Ağ Evin İran siyasəti haqda dedikləri yuxarıdakı fikirləri daha da möhkəmləndirir: “ABŞ-ın İran siyasətini “təzyiq” yox, “boğmaq” adlandırmaq daha doğrudur. İrana məqsədyönlü şəkildə hər tərəfdən təzyiq edirlər. Məqsəd isə “hakimiyyətin devrilməsinə” nail olmaq, yaxud elə bir situasiya yaratmaqdır ki, İran həqiqi mənada boğulmağa başlasın. Bu, dizini insanın boğazına qoymaq kimi bir şeydir”. 4.

 

İstinadlar:

  1. https://ru.irna.ir/news/83845747/%D0%98%D1%80%D0%B0%D0%BD-%D0%BF%D0%BE%D1%81%D1%82%D1%80%D0%BE%D0%B8%D1%82-%D0%B1%D0%BE%D0%BB%D0%B5%D0%B5-%D0%BA%D1%80%D1%83%D0%BF%D0%BD%D1%83%D1%8E-%D0%B8-%D1%81%D0%BE%D0%B2%D1%80%D0%B5%D0%BC%D0%B5%D0%BD%D0%BD%D1%83%D1%8E-%D1%83%D1%81%D1%82%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BA%D1%83-%D0%BD%D0%B0-%D0%BC%D0%B5%D1%81%D1%82%D0%B5
  2. https://www.interfax.ru/world/715692
  3. https://news.un.org/ru/story/2020/06/1381222
  4. https://news.un.org/ru/story/2020/06/1381222

Gülnara İnanc, “Etnoqlobus”

 Beynəlxalq onlayn mərkəzinin direktoru, ekspert

Leave a Reply