|

İran və 3 strateji əməkdaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Arəş İftixari, AMEA Şərqşünaslq İnstitutunun dissertantı

 

 

Beynəlxalq təhlükəsizlik məsələlərinə dair araşdırmalarda, «dövləti təcavüzdən qorumaq və müdafiə qabiliyyətinə malik olmaq»1 prinsipini əsas götürərək xarici siyasətin və beynəlxalq əlaqələr mövzusunun ən önəmli məsələlərini (müharibə və sülh) öyrənməyə imkan yaranır.

Mövzu ilə bağlı olaraq yuxarıdakı göstərdiyimiz konsepsiyadan 3 məqsədimiz vardı. Birincisi, İran İslam Respublikası ilə Qafqaz regionu ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları və Şimali Qafqaz bölgəsi) arasında olan təhlükəsizlik məsələlərinə dair nəzəri bir çərçivə tapmaqdır. İkinci məqsədimiz mövcud olan əhəmiyyətli mövzuları seçib müəyyənləşdirməkdən ibarətdir. Üçüncüsü isə bu problemlərin çözülməsi üçün fikirləri araya qoymaqdır.
Bildiyimiz kimi, İran və Qafqazın geopolitik, siyasi, iqtisadi və mədəni önəmləri hamıya aydındır. Orada neft, enerji, çeşitli dinlər, mədəniyyətlər, etniklər, siyasi rejimlər və xarici dövlətlərin maraqları qabarıq şəkildə özünü göstərir. Regional və beynəlxalq vəziyyəti nəzərə alaraq təhlükəsizlik məsələləri üzrə dörd səviyyədə (beynəlxalq, regional, ölkədaxili və bölgələr nəzərdə tutulur)2 araşdırma aparmağa imkan yaranır.

İndiyədək təhlükəsizlik məsələlərinə dair araşdırmalarda realist baxışlar hakim olsa da mövzunun dəyişkənliyi, subyektivliyi, nisbiliyi və siyasi, iqtisadi və mədəni proseslərin gedişi, bu sahədə müxtəlif nəzəriyyələrin ortaya çıxarılmasına səbəb olmuşdur. İdealist ənənəsi, yeni realist, yeni liberalist, feminist və yaşıl qrupların irəli sürdüyü konsepsiaların hər biri özünəməxsus prinsiplərə söykənərək problemlərin həllinə çalışırlar. Bizim mövzuya uyğun olan nəzəriyyə «Kopenhagen məktəbi» adlanır. Orada təhlükəsizlik mövzularına geniş baxılır, regional səviyyədə araşdırmalara üstünlük verilir, təhlükəni doğuran amillərə üstünlük verilir, subyektiv fikirlər əhəmiyyətsiz amil hesab edilir, dövlətlərin öhdəliklərini azaltmaq üçün çeşitli yollar göstərilir, qorxulu, hədələyici və təhlükəli vəziyyətləri bir-birindən arıyıb, təhlükəsizlik mövzularını başqa sahələrə (mədəni, hüquq və s.) yönəltmək imkanını yaradır və sonda vurğulanır ki, təhlükəsizlik mövzularına subyektiv yanaşmaq və problemi yaradan əsas amilləri görməmək təhlükənin ən böyük mənbəidir.3

Qeyd edək ki, məqalənin coğrafiya çərçivəsi Qafqaz və İran ərazisini əhatə edir. Qafqaz dedikdə, təxminən Araz çayı ilə Kuma və Kuban çayları, Xəzərlə Qara dəniz arasında yerləşən rəngarəng təbiətə və etnoqrafiyaya malik tarixi ərazi nəzərdə tutulur.4 Təxminən 320 min km2 məsafədə olan Qafqazda 25 milyon əhali yaşayır. Böyük Qafqaz sıra dağları bölgəni iki yerə bölməklə Şimali Qafqazda Rusiya Federasiyası tərkibində Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardino-Balkar, Qaraçay — Çərkəz və Adigey Muxtar Respublikaları mövcuddur. Cənubi Qafqazda isə Azərbaycan Respublikası və onun tərkibində olan Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ Muxtar vilayəti, digər ölkə Gürcüstan Respublikası və onun tərkibində olan Abxaziya, Acarıstan və Cənubi Osetiya Muxtar vilayətləri və Qafqazın cənub qərbində Ermənistan Respublikası yerləşir.

Qafqaz regionunun başqa özəllikləri də vardır. Lakin tədqiq olunan mövzu ilə az əlaqəsi olduğuna görə məqalədə onlara toxunulmur. Təhlükəsizlik araşdırmaları baxmından Qafqazın geopolitik, iqtisadi və mədəni xüsusiyyətlərini belə səciyyələndirmək mümkündür:

1. Regionda 50-yə yaxın etnik və dini qruplar mövcuddur. SSRİ-nin süqutundan sonra MDB-də baş vermiş 168 münaqişə və böhrandan 21-i Cənubi Qafqazın payına düşür.5 Buraya Şimali Qafqaz problemlərini də artırsaq böhranların sayı yəqin ki, artacaq. Nümunə olaraq Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan azərbaycanlıların mədəni və iqtisadi problemləri, Ermənistanın ərazi iddialarını, avarların Gürcüstandan çıxarılmasını və Ermənistanda aparılmış etnik tənmizləmə siyasəti hamıya aydındır. Adını çəkdiyimiz mövzuların arxasında müxtəlif dövlətlər və qrupların maraqları görünür.

2. Enerji və iqtisadi baxımından Qafqaz regionu çox böyük əhəmiyyətə malikdir. Azərbaycanın neft və qaz yataqları, regionda olan neft kəmərləri, Xəzərin enerji, hərbi və tranzit önəmi, regiondakı təbii sərvətlər, Gürcüstanın Qara dəniz sahilində olduğu strateji mövqeyi və regionun ekoloji əhəmiyyəti hamıya aydındır.

3. Region ölkələrinin xarici ölkələr ilə bağladığı iqtisadi, hərbi və təhlükəsizlik müqavilələri və üzv olduqları beynəlxalq təşkilatlar, o cümlədən, İslam Konfransı Təşkilatı (İKT), Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı, GÜOAM, NATO, Avropa Şurası, AB və s. kimi önəmli təşkilatlar regionu bir strateji zonaya çevirməsinə səbəb olubdur. Qafqazda gedən siyasi-iqtisadi rəqabətdə iştirak edən ABŞ, Rusiya, Avropa ölkələri, İsrail, İran, Türkiyə, Çin, Hindistan və Pakistan kimi maraqlı dövlətlər region ölkələri üçün əlverişli və ya mənfi şərait yaratmaq qabiliyyətindədirlər.

4. Regionda gedən siyasi-mədəni və iqtisadi proseslər (avropalaşmaq, amerikaçılıq, türkçülük, islamçılıq və s.) müxtəlif blokların yaranmasına səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq İranla Qafqaz ölkələri arasında olan təhlükəsizlik məsələlərini ölkələrin ikitərəfli əlaqələri əsasında izah etmək məqsədə uyğun olar.

İran-Azərbaycan münasibətlərinə gəldikdə İranın keçmişində mühüm rol oynamış vahid Azərbaycanın bir hissəsi müstəqil Azərbaycan Respublikasıdır. 1918-1920-ci illərdən sonra iki ölkə arasındakı münasibətlər rəsmi surətdə SSRİ parçalandıqdan sonra başlayıb və ilk illərdə bu əlaqələr çox mürəkkəb, qeyri-sabit və dəyişkən olmuşdur. Məsələyə beynəlxalq münasibətlərə dair nəzəriyyələr baxımından yanaşsaq görərik ki, iki ölkə arasındakı münasibətlər ziddiyyətli mövqelərdən tutmuş müxtəlif səviyyəli əməkdaşlıq şəklində inkişaf etmişdir. Misal üçün Azərbaycanın Türkiyə və ABŞ ilə əməkdaşlığının müqabilində Ermənistanın Rusiya və İranla əlaqələrinin inkişafı və onların strateji müttəfiqə çevrilməsi müşahidə olunur. Rusiya Federasiyası, İİR və Ermənistan arasında prezidentlər səviyyəsində görüşlər keçirilmiş, müxtəlif sahələrdə müqavilələr imzalanmışdır.
Təhlükəsizlik baxımından İran-Azərbaycan münasibətlərini belə izah etmək olar ki, İranın Azərbaycana qarşı təzyiq vasitələri mövcuddur. Dağlıq Qarabağla bağlı mövqeyi və əməlləri, bəzi dini və separatçı qruplarla əlaqələri, Naxçıvanın blokada şəraitində olması və İranın iqtisadi, hərbi, texniki üstünlüyü Azərbaycan üçün təhlükə mənbəyi sayılır. Qeyd olunanların müqabilində Azərbaycanın İran ilə müqayisədə çeşitli üstünlüyü vardır.

Məsələn, İran çərçivəsində yerləşən Güney Azərbaycan, Xəzər məsələsi, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycanın ABŞ, Avropa, İsrail, Türkiyə və s. ölkələrlə hər tərəfli əməkdaşlığı Güney Azərbaycanın mədəni-siyasi istəkləri və Azərbaycanın beynəlxalq və regional hərbi-müdafiə birliklərində iştirak etməsi İran üçün təhlükəlidir.6 İran cəhd göstərir ki, «şimal-cənub koridoru» marşrut planı tezliklə reallaşsın və beləliklə Qərb və Türkiyənin yeni siyasi, iqtisadi və mədəni strategiyasını özündə əks etdirən «Trans Xəzər» planı baş tutmasın. Habelə Qafqaz regionunun İran ərazisi olduğunu iddia edən İİR islam və İran mədəniyyətini regionda inkişaf etdirmək üçün müxtəlif yollardan istifadə edir. O, Azərbaycan-İsrail siyasi əməkdaşlığını tənqid edərək siyasi-dini normalara uyğun gəlməyən bir hal kimi qiymətləndirir. Bu sahədə olan məsələlər, o cümlədən «Azərbaycan-İsrail Gəncləri Dostluq Cəmiyyəti»nin qurulması, İlham Əliyevin İsrail prezidentinə təbrik göndərməsi və Bakıda keçirilən 6 milyon yəhudinin soyqırımı xatirəsinə həsr olunmuş mərasim, İranın Azərbaycana qarşı bəhanə mövzusuna çevrilibdir. İran iddia edir ki, Bakı rejimi fələstinlilərin soyqırımına göz yumur və bu faciələr qarşısında susur, guya Azərbaycan Respublikası İsraili himayə etməklə, islam dünyasının mənafeyinə beynəlxalq səviyyədə zərər vurur.7 Bu mövzu ilə bağlı qeyd etməliyik ki, Azərbaycan-İsrail arasında mövcud olan normal əlaqələri, İİR ilə Ermənistan arasında olan münasibətlərdən fərqləndirmək lazımdır. Səbəb ondadır ki, İsrail dövləti heç bir zaman İran ərazisinin 20 faizini işğal etməyib, soyqırım törətməyib, əhalini öz doğma yurdlarından zorla köçdürməyib və İsrail dövləti İran-İraq müharibəsində İranı dəstəkləmişdir.

İİR-nın Azərbaycana qarşı tutduğu mövqeyi maraqlıdır. Məsələn, Xalq Cəbhəsi hakimiyyəti dövründə və ondan sonrakı illərdə Ermənistanı himayə etməsi və Azərbaycan əhalisi ilə birbaşa münasibətlər yaratmağa cəhd göstərməsi8, Azərbaycan rəsmilərində şübhə yaranmağa səbəb olmuşdur. Bu faktlarla bərabər «Əsrin müqaviləsində» İran üçün nəzərdə tutulmuş 5% payın verilməməsi nəticəsində İİR Azərbaycana etdiyi yardımı dayandırmış və Naxçıvana verilən elektrik enerjisinin pulunu tələb etmişdir. Azərbaycan dövləti isə bəzi radikal dini qrupların başçılarını həbs edərək onları İrana casusluqda ittiham etdi, İranı Azərbaycanda dövlət çevrilişinə cəhd göstərməkdə günahlandırmışdı. Azərbaycanda dünyəvi Konstitusiyanın qəbul olunması və qarşılıqlı təbliğatlar iki ölkə arasında soyuq münasibətlərin yaranmasına səbəb olmuşdur.

İran-Azərbaycan münasibətlərində təhlükəsizlik məzmunu daşıyan amillər sırasında Bakıda NATO-nun informasiya ofisinin açılışı, Azərbaycanın NATO ilə birgə təlim keçirməsi və əməkdaşlığı kimi faktlar da mövcuddur. Yuxarıda qeyd etdiyimiz mövzular İran-Azərbaycan münasibətlərində əhəmiyyətli rol oynayır. Bu arada islam və din faktoru çox maraqlıdır. Çünki İran və Azərbaycan islam və şiə ölkələri olduğuna görə İran, Azərbaycan dövlətini İsraillə əməkdaşlıqda ittihamlandırır, əksində Azərbaycan dövləti və dünya azərbaycanlıları isə İranı Ermənistanla əməkdaşlıqda ittiham edirlər.

İran-Ermənistan münasibətləri. İki ölkənin siyasi, iqtisadi və mədəni münasibətləri İran-Azərbaycan münasibətlərindən fərqli olaraq strateji əməkdaşlıq səviyyəsində həyata keçməkdədir. Bunların siyasi, mədəni hərbi, təhlükəsizlik və iqtisadi əlaqələrində heç bir zidiyyət olmadan inkişafı davam edir. Məsələn İran, Ermənistanın xarici ticarətində Rusiyadan sonra ikinci yeri tutur.9 İki ölkənin əməkdaşlığı nəticəsində Ermənistan, İran üçün mühüm siyasi və iqtisadi partniyoruna çevrilibdir. Ermənistan dövləti iranlı tələbələri və mədəni qrupları qəbul edir, İrandan enerji alır, NATO-nun Şərqə doğru genişlənməsinə maneə hesab olunur, regionda güc balansını İranın xeyrinə tənzimləyir və sonda İran-Azərbaycan münasibətlərində önəmli rolu vardır. İki ölkə arasında olan yüksək səviyyədə əlaqələr öz əksini müxtəlif məsələlərdə göstərir. İİR, bir tərəfdən Azərbaycanın ərazinin bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan torpağı olduğunu tanıyır, digər tərəfdən daşnakların başçısı R.Koçariyanla 10 milyard dollarlıq qaz müqaviləsi bağlayır, yüksək səviyyədə siyasi əlaqələr qurur və erməni biznesmenlərinə şərait yaradır. İran dövləti həmçinin 24 aprel qondarma soyqırımı mərasiminin keçirilməsinə icazə verir, cənubi azərbaycanlıların mədəni və siyasi tələblərinin qarşısını zorakılıqla alır.10
İran və Ermənistanın təhlükəsizlik planları, İranın təhlükəsizlik naziri Əli Yunisinin Ermənistan səfərində müzakirə olunmuşdur.11 Bu iki dövlətin planlarında ortaq cəhətlər çoxdur. Regiona dair iddia olunan təhlükəsizlik planlarında görünür ki, İran-Ermənistan əlaqələrinin bütün sahələrdə yaxınlığı hər iki ölkə tərəfindən alqışlanır və İran, Rusiya və Ermənistandan ibarət «3 strateji əməkdaş»ın yaranma səbəbini üzə çıxarır.

İran-Gürcüstan münasibətləri. Gürcüstanla İranın qonşuluğu yoxdur. Ancaq Gürcüstan Respublikası İranın Qafqaz siyasətlərində önəmli yer tutur. Onun Qafqazdakı rolu, Qara dənizlə qonşuluğu, orada neft kəmərlərinin yerləşməsi və iqtisadi əlaqələri İran üçün önəmlidir. Sənədlərə görə, 1996-cı ilədək 40-dan artıq imzalanmış müqavilə və saziş İran-Gürcüstan əlaqələrinin yuxarı səviyyədə olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 1996-cı ildən bəri iki ölkənin münasibətləri müəyyən qədər zəifləmişdir.12

Gürcüstanın NATO ilə əməkdaşlığı, Qərblə yaxınlaşması, Cənubi Osetiya və Abxaziya problemləri Rusiyadan uzaqlaşması, bu dövlətin xarici münasibətlərində Rusiya və İranın yerinə ABŞ, Avropa və Türkiyənin əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Məsələn, Gürcüstanın xarici iqtisadi siyasətində Türkiyənin birinci yeri tutması faktını qeyd etmək kifayətdir.

Şimali Qafqaza gəldikdə gündəmdə olan problemlərindən biri Çeçenistan məsələsidir. Çeçen xalqının özünəməxsus coğrafiya, mədəniyyət, dil, din və siyasi istəkləri vardır. Onlar özlərini Rusiya totalitar dövlətinin assimiliyasından qorumaq üçün illər boyu mübarizə aparmışlar. Çeçenlər Hənəfi məzhəbinə inanmış müsəlmanlardırlar və onların arasında dini etiqadın rolu xeyli yüksəkdir.13 Çeçenlərin apardığı tarixi mübarizələr Rusiya çərçivəsindən çıxaraq regional və beynəlxalq səviyyəyə çatması onun əhəmiyyətini göstərir. Məqalənin mövzu ilə əlaqədar olaraq Çeçenistan müsəlman ölkəsinin vəziyyəti və ona aid münasibətlər, o cümlədən İİR ilə münasibətini bilmək maraqlıdır ki, İİR çeçen məsələsini Rusiyanın daxili məsələsi hesab edir və İranın xarici siyasətinin əsas prinsiplərini nəzərə alaraq əksinə əməl olunur. Fikrimizcə, məsələnin araşdırılması və əldə etdiyimiz aşağıdakı nəticələr problemin həlli üçün müsbət addım sayıla bilər.
1. Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan dövlətləri, bugünədək baş vermiş və potensial xarakterik daşıyan etnik problemlərdən xilas olmaq üçün etnik qrupların bir sıra siyasi və hüquqi istəklərini, mədəni sahəyə şamil etməklə, dövlətlərini bir çox təhlükələrdən qorumaq şansını ələd edə bilərlər. Bu yolda uğur qazanmağın əsas şərti regiondakı qanuni sərhədləri tanımaq və ölkələrin ərazi bütövlüyünü müdafiə etməkdən ibarətdir. Örnək olaraq, əgər İİR Azərbaycanla bağlı öz xarici siyasətində Dağlıq Qarabağ məsələsinə dair ermənilərin yersiz iddialarına qarşı real mövqe tuta bilsə, İran-Azərbaycan münasibətləri öz həqiqi yerini tapacaqdır və İranda mövcud olan etnik problemlərin çox hissəsi öz həllini tapa bilər.

2. İqtisadi və enerji sahəsində regional əməkdaşlığın olması zəruridir. Burada yerləşən ölkələrin ortaq tarix, mədəniyyət və iqtisadiyyatı bütün sahələrdə əməkdaşlıq etməyə imkan yaradır. Enerji mənbələrinin yiyələnməsinə dair düzgün mövqe tutmaq, regional fond yaratmaq və iqtisadi əməkdaşlığın inkişaf etdirməsi problemlərin çoxunu həll edə bilər. Bu işlərin nəticəsi regionda inteqrasiyaya səbəb ola bilər və hər ehtimala qarşı xarici dövlətlərlin regionda yarada biləcək problemlərinin qarşısı alınar.
3. Dünyadakı normalara uyğun olaraq müxtəlif regionlarda ideoloji, siyasi və mədəni birliklər yaratmaq inteqrasiyaya səbəb olmuşdur. Hazırda Qərb dünyası xristianlıq və qərbləşdirmək mövqeyindən çıxış edir. Şərq dünyası isə öz mədəniyyəti və varlığını qorumaq uğrunda çalışır. Samuel Hantingtona görə, sivilizasiyalararası toqquşma baş verməkdədir. Qeyd olunanları nəzərə alaraq region dövlətləri beynəlxalq aləmdə öz mövqelərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bir sıra əhəmiyyətli məsələləri nəzərə almalıdırlar. Onlar təhlükəsizlik sisteminə zərbə vuran ölkələr yaxud qrupların qarşısını almaqla davamlı strateji ittifaqlar yarada bilərlər.

Misal olaraq əgər İran İslam Respublikası öz xarici siyasətində olan əsas prinsiplərə düzgün əməl etsə, dünya müsəlmanlarını dəstəkləsə xristiyan Rusiya və Ermənistandan uzaq olsa, Türkiyə, Azərbaycan, Orta Asiya, Çeçenistan və başqa müsəlman dövlətləri ilə mədəni-dini birlik yaratsa, region xeyli çətinliklərdən kənarda qalar. Bu sahədə olan digər əhəmiyyətli məsələ regionun təhlükəsizlik sistemini pozan təcavüzkar Ermənistan dövləti ilə mübarizə etmək mövzusudur. Yəni bir separatçı və cinayət törədən ölkə ilə iqtisadi, mədəni, siyasi və təhlükəsizlik əlaqələri qurmaq və regionda sabitliyi pozmaq kimi əməllər təhlükəsizlik sisteminə ağır zərbə vurur. Bu məsələ bir mənalı olaraq torpaqlarına təcavüz olunan ölkənin əleyhinədir və belə bir hallarn qarşısını almaq üçün bütün dövlətlərin əməkdaşlığı vacibdir.

Mənbələr:
1. Tiriyov Tiri, Mütaelate əmniyyətiye novin, tərcumə Əli Rza Təyyeb və Vəhid Bozorgi, Tehran, Pəjuheşkədeye mütaleate rahbordi, 1383. s. 9
2. Səccadpur Seyyed Məhəmməd Kazım, Siyasəte xareciye Comhuriye İslami İran, Tehran, dəftəre mütaleate siyasi ve beynəlmeləli, çap əvvəl, 1381, s. 181
3. Müsahebeye elmi ba Bari Buzan,Mütaleate Asyaye mərkəzi və Qafqaz. № 3. s. 5-9
4. İbrahimli Xaləddin, Yeni Avrasiya Qafqazi, Baki, 2001, Xəzər Univerditeti Nəşriyyatı,s. 112
5. Bax-Məleki Qasım, Fehreşte bərxordhaye necadi ərzi və məhəlli dər Comhurihaye bazmande əz Şurəvi sabeq, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 12, s. 298-300
6. Əfşordi Məhəmməd Hüseyn. Geopolitike Qafqaz və siyasəte zareciye Comhuriye İslamiye İran, Tehran, enteşarate Sipah Pasdaran s. 351-373
7. Rustəmi Kərim, Vəhdəte-siyasəte-dövləte Baku ba Recime Səhyonisti Azərpeyam qəzeti, (83.3.6), s. 8
8. Bəxşayeşi Ərdeştani Əhməd, üsule siyasəte xareciye Comhuriye İslamiye İran, Tehran, Avaye nur, cap əvvəl 1375, s. 136
9. Nickar İsfəhani Rza, İqtisade Ermenistan be zibane amar və ərqam, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 7, s. 54-55
10. Dəstgiriye 55 nəfər be ittihamhaye siyasi və əmniyyəti, İran qəzeti, 1383.2.24 (13 may 2004), s. 2
11.Ağakəsiri Mahmud, İran qəzeti. 1383.6.18 (8 sentyabr 2004) s. 5
12. Əfşordi Məhəmməd Hüseyn. Geopolitike Qafqaz və siyasəte zareciye Comhuriye İslamiye İran, Tehran, enteşarate Sipah Pasdaran, s. 400
13. Vaizi Mahmud, Eləl və Əvamele estemrare Böhrane Çeçen, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 46. s. 7-10

Leave a Reply