|

İnsanhaqları və hüquqlarına fəlsəfi baxış

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

AMEA Fəlsəfə İnstitutu İslam fəlsəfəsi

şöbəsinin böyük elmi işçisi, f.ü.f.d., dos. Mustafayev Radif Heybət oğlu

Bir çox anlayışlara münasibətdə olduğu kimi, insan haqları və hüquqları məfhumları da qarışdırılmaqda və ya mahiyyət fərqlərinə baxılmadan eyniləşdirilməkdədir. Nəticədə, insan haqlarından bəhs edərkən insan hüquqlarından və əksinə, insan hüquqlarından danışıb insan haqlarını nəzərdə tutmaq adi hallardan birinə çevrilmişdir. Üstəlik, iş o yerə gəlib çatmışdır ki, artıq insan azadlıqları sırasında təkcə insanlara verilən hüquqlar çıxış edib, haqdan, o cümlədən insan haqlarından özgələşmiş və ya təcrid edilmiş insan hüquqlarının tətbiq və təbliği dəb halı almışdır. Beləliklə də, insan hüquqlarının prioritetliyini əldə rəhbər tutmağa çalışan müasir dövr cəmiyyətlərdə insan hüquq və azadlıqları adı altında, əslində insan haqlarına və ümumiyyətlə istənilən bir haqqa zidd olan münasibətlərin qanuniləşdirilməsi prosesi cərəyan edir. Fikrimizcə, bir müddət Avropada müşahidə edilən və hal-hazırda “Qoca dünya”nın müasir çıxıntısı olan ABŞ cəmiyyətində də eynicinslilərin nikahlarının legitimləşdirilməsinin insan haqları və azadlıqları kontekstində təqdim edilməsi yuxarıda qeyd etdiyimiz prinsipial qüsurdan irəli gəlmiş konkret misal hesab edilə bilər. Odur ki, təqdim edilən məqaləmizdə bu məsələni həll edərkən doğru müqəddimədən başlanmasını vacib hesab edib, diqqəti insan haqlarının insan hüquqlarından fərqli mahiyyətinə və o cümlədən də, məntiqi olaraq eynicinsli nikahların insanlara verilmiş  hüquq olub, insan haqları ilə ziddiyyət təşkil etdiyinə yönəltmək istərdik. Bu baxımdan əsaslı çıxış etməyimiz üçün AMEA Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının 27 noyabr 2013-cü il tarixli qərarı ilə nəşr edilmiş, f.ü.e.d., professor Əbülhəsən Fərhad oğlu Abbasovun “İnsan haqları və ictimai rəy” adlı kitabına  istinad edilməsini vacib bilirik. Çünki, sözügedən kitab bu sahədə fundamental tədqiqat əsəri olduğundan müəllifin mövqeyinə dərin ehtiram bəsləməklə yanaşı, fikrimizcə, məsələnin aydınlaşdırılması baxımından burada yeralmış mülahizələrə polemik şəkildə münasibətimizin bildirilməsi elmi və əsaslı olardı.

Sözügedən kitabda insan haqları anlayışını ideya adlandırmış prof. Ə.Abbasov, onun qədim köklərə malik olduğunu vurğulayıb qeyd edir ki, “…insan haqları ideyasının ortaya çıxdığı vaxtdan indiyə kimi onun şərhində, anlamında, ictimai praktikada reallaşmasında ciddi müxtəlifliyin olmasına baxmayaraq, onun əsas məğzinin insan varlığının qorunmasına yönəlməsi dəyişməz olaraq qalmış və inkişaf etmişdir” (s.14). Əlbəttə, insan haqlarının təkcə sosial deyil, eyni zamanda ontoloji mahiyyət kəsb etdiyi danılmazdır. Amma onun şərhində, anlamında, ictimai praktikada reallaşdırılmasında ciddi müxtəliflik olduğu kimi, bu ontoloji mahiyyətin də nə vaxt dərk edildiyi və ya necə ortalığa çıxdığı mübahisə doğurmaqdadır. Belə ki, fikrimizcə, insan haqlarının ontoloji baxımdan təkcə bəşəriyyətə aid bir ideya olması ilə yanaşı onun İlahi tərəfindən bəşəriyyətə bəxş edilmiş bir nemət olması barədə fikirlər də unudulmamalıdır. Bu baxımdan biz, insan haqlarının genezisinə münasibətdə “ontoloji tarazlığı” təmin edib qeyd etmək istərdik ki, doğrudan da sözügedən kitabdan verilmiş yuxarıdakı sitatda oxuduğumuz kimi, insan haqlarının məğzini insan varlığının (bizsə deyərdik, “mövcudluğunun”) qorunmasına yönəlməsi təşkil edir. Elə bu cür yönəlişin müasir dövrdə insan haqlarının inkişafına gətirib çıxartdığıtək, fikrimizcə, sözügedən inkişafda tərəqqinin yoxsa tənəzzülün aşkarlanması ən başlıca məsələdir. Belə ki, bunu aydınlaşdırmaq üçün əksər hallarda avtomatik olaraq, prof. Ə.Abbasovun da etdiyi kimi, “…ayri-ayrı ölkələrdə, müxtəlif mədəniyyətlərdə özünəməxsus xüsusiyyətlərə malik olmuş və təkamül yolu keçmiş…” insan hüquqları anlayışına müraciət edirik.

Doğrudan da, prof. Ə.Abbasovun vurğuladığıtək, günümüzdə insan hüquqlarının müasir səviyyəsi deməyə əsas verir ki, bunlar universallığa iddia etdikləri kimi, artıq onların (insan hüquqlarının) təkzibinə qarşı açıq-aşkar fikirlər irəli sürülmür. Elmi ədəbiyyata istinadən müəllif bildirir ki, «İnsan hüquqları anlayışı…azad fərdlərə öz seçimi üzrə hərəkət etmək, layiqli həyat və yaşamaq üçün müəyyən nemətlərə sahibliyi reallaşdıran, onların öz aralarında, həmçinin dövlətlə və bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normaların məcmusu kimi izah olunur» (s.14). Bu müəyyənlik və sonrakı izahlardan məlum olur ki, insan hüquqları insanın davranış və fəaliyyətində seçim azadlığı, «…insanın azad yaşaması və inkişafı üçün dövlət tərəfindən ən yaxşı şəratin yaradılması»dır. İnsan hüquqlarının təzahürlərinə gəldikdə isə, Ə.Abbasov bunun «qədimdən bəri müxtəlif din və mədəniyyətlərdə öz təzahürünü» tapdığını qeyd edir. Fikrini əsaslandırmaqdan ötrü, o bildirir ki, «Məsələn, bütün dinlərdə insanlarla xoş rəftar etmək, onlara işgəncə verməmək, yoxsullara, yaşlılara, əlillərə yardım göstərmək, uşaqlarla mehriban davranmaq və s. kimi normaların olduğu danılmazdır. Bütün bunlar da insan hüquqlarının təşəkkülündə öz rolunu oynamışdır» (s.15). Deməli, bütün sadalanlar hələ insan hüquqları olmayıb, sadəcə bu hüquqların təşəkkülündə öz rollarını oynamış dini və ya mədəni normalardır. Yaxud da, kitabın başqa bir yerində müəllif qeyd edir ki, «Tarixin hər bir zaman kəsiyindəki fikir və ideyalar, həmin dövrün ictimai-siyasi həyat şərtləri, düşüncə tərzi insan hüquqlarının  formalaşmasına öz təsirini göstərmişdir» (s.22). Xüsusən də, «Müasir dövrdə insan hüquqlarının mahiyyəti və bu hüquqların müdafiəsi üçün işlənib hazırlanmış müdafiə mexanizmlərinin, əvvəlkilərə nisbətən, kifayət qədər mütərəqqi və effektli olduğu danılmazdır»(s.22). Üstəlik, professor beynəlxalq qanunvericiliyə əsaslanaraq bildirir ki, «…insan hüquqlarının coğrafi və mədəni mənsubiyyətindən, ictimai və siyasi quruluşundan asılı olmayaraq bütün dövlətlərdə birmənalı anlaşılması bu hüquqların beynəlxalq xarakter daşıdığını sübut edir» (s.23).

İnsan hüquqlarının həm kollektiv subyektlərin, həm də fərdlərin hüquqları ilə izah edildiyini xatırladan tədqiqatçıya görə, «İnsan hüquqları sosial-siyasi, iqtisadi, mədəni münasibətlərdə reallaşdığından bu münasibətlərdəki demokratik prinsiplərin (qanunun aliliyi, azad seçkilər, fikir azadlığı, bazar iqtisadiyyatı, yaxşı idarəçilik və s.) mövcudluğu insan hüquqlarının ən yüksək səviyyədə təmin olunması ilə nəticələnir» (s.24).

Sözügedən əsərdə prof. Ə.Abbasov hüquqların hüdudlarının müəyyən olunmasının çox önəmli olduğunu da vurğulamışdır. Məlum olduğu kimi, «İnsan hüquqlarının hüdudları əsasən beynəlxalq hüquqi sənədlərdə və dövlətlərin normativ hüquqi aktlarında təsbit olunur» (s.25). Amma müəllifə görə, «…dövlətin insan hüquqlarının və əsas azadlıqlarının məhdudlaşdırılması istiqamətində fəaliyyəti bunun üçün tələb olunan əsasın icazə verdiyi həddi keçməməlidir» (s.25).

Kitabda prof. Ə.Abbasov insan hüquqları sisteminə daxil olan hüquqlar arasında müəyyən ierarxiyanın olduğunu qeyd etmişdir. Amma fikrimizcə, bu hüquqlar sırasında ən ümdə olanlarıtək yaşamaq, azad olmaq və mülkiyyətə malik olmağı hüquq adlandırmaq heç də doğru deyildir. Çünki, istər yaşamaq, istər azad olmaq, istərsə də mülkiyyətə malik olmaq insan hüquqları olmazdan öncə insanlara məxsus haqlardır. Bunu daha da əsaslı göstərmək üçün yenə də sözügedən ədəbiyyata müraciət edib insan haqlarının nə olduğunun müəyyənləşdirilməsinə keçək. Belə ki, insan haqlarını insan hüquqları anlamında işlətmiş müəllif qeyd edir ki,  «…insan haqları öz-özlüyündə elə mürəkkəb bir fenomendir ki, onun mahiyyətini və məzmununu dərk etmək üçün bu hüquqların sosial fəlsəfənin metanəzəri, inteqrativ gücü və imkanlarından istifadə etmək araşdırılması gərəkdir» (s.17). Buradan aydın göründüyütək insan haqlarını insan hüquqları ilə eyniləşdirmiş müəllif, daha sonrakı ifadələrində də, «insan hüquqlarının mahiyyətinin hərtərəfli aydınlaşdırılması»ndan, «insan hüquqlarının ictimai praktikada yetərincə həyata keçirilməsi»ndən və yaxud da «Bir ideya, universal prinsip, həyat fəlsəfəsi və ictimai praktika kimi zəngin sosial-siyasi, mədəni, dini, iqtisadi, əxlaqi-mənəvi və hüquqi təməllərə malik insan hüquqları»ndan bəhs edir (bax: s.17). Professor Ə.Abbasov insan haqları ilə əlaqədar fikirlərində isə qeyd edir ki, «İnsan haqlarının fəlsəfi-siyasi mahiyyətini insan varlığının bünövrəsini təşkil edən fərdi azadlığa nail olmaqdan, şəxsiyyətin özünüifadə, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinin, imkanlarının inkişafına, ümumiyyətlə, cəmiyyətin yaradıcı mənbələrinin reallaşmasına üstünlük verməkdən ibarətdir» (s.17). Bizə görə isə, insan haqları, insanın azad mövcudluğunu, qabiliyyət və imkanlarını yalnız təsbitləyir. Professor Ə.Abbasovun qeyd etdiyi, «…fərdi azadlığa nail olmaq…, qabiliyyətlərinin, imkanlarının inkişafı…,ümumiyyətlə, cəmiyyətin yaradıcı mənbələrinin reallaşmasına üstünlük vermək…» kimi məqamlar artıq insan haqlarına deyil, insan hüquqlarına aid məsələlərdir. Bu anlamda, əlbəttə ki, «İnsan haqlarının həm insanla, həm insanlığı şərtləndirən amillərlə bağlılığı bu haqların insan və insanlıqla əlaqədar olan sosial-siyasi, iqtisadi, mənəvi-psixoloji təməllərə dayanan hüquqi təzahürlərlə, eləcə də insanın əxlaq ölçüləri çərçivəsində münasibətlər sistemi ilə izah edilə bilər» (s.17-18).

Yenidən insan hüquqlarından bəhs edən müəllifin bunu haqlı olaraq əlaqələndirdiyi insan probleminə münasibətdə göstərdiyi misalda bildirilir ki, «XX əsrin ikinci yarısına qədər olan dövrdə hər bir insanın doğulduğu andan başlayaraq hüquqlara malik olduğu iddia edilirdisə də, sonralar bu fikir müəyyən müsbət dəyişikliyə məruz qalmışdır. Belə ki, insan hüquqlarının inkişafı və bu sahədə ayrı-ayrı dövlətlərin hüquq təcrübəsi əsasında insanların hətta ana bətnindən hüquqlara malik olması qəbul edilmişdir» (s.18). Bunu «…ana bətnindəki olan uşağın yaşamaq hüququ səbəbindən aborta icazə verilməməsi (müəyyən istisnalar nəzərə alınmaqla), ana bətnindəki uşağın fəaliyyət qabiliyyəti olmasa belə, varislik hüququ baxımından hüquq qabiliyyətli olması» ilə dəqiqləşdirmiş müəllifdən fərqli olaraq biz hesab edirik ki, ana bətnində olan uşağın yaşamaq hüququ deyil, yaşamaq haqqı təsbitlənir və bu haqqa əsasən də doğulmamış körpənin belə yenə də elə bu haqqa əsasən varislik hüququnu əldə etdiyini söyləmək daha doğru olardı.

Yaxud da, professor Ə.Abbasov başqa bir yerdə qeyd edir ki, «İnsan haqları ideyası yarandıqdan bəri ona müxtəlif adlar verilmişdir» (s.19). Belə ki, müəllifə görə, «Bu ideya (insan haqları — R.M.) ilk əvvəllər «təbii hüquqlar», «əsas hüquqlar», «şəxsi hüquqlar», «şəxsi azadlıqlar» anlayışları ilə ifadə olunurdu» (s.19). Halbuki, professor Ə.Abbasovun insan haqları ideyasına aid etdiyi bu hüquqlar əslində elə insana aid edilən «təbii haqlar», «əsas (başlıca insan ) haqlar(ı)», «insan haqları və azadlıqları»dır. Əlbəttə, müəllifin qeyd etdiyitək, «…bu ifadələrin fərqləndirici elementləri də mövcud» olduğu kimi, fikrimizcə, «…bütün hallarda, söhbət[in] məhz insana məxsus hüquqlardan» getdiyini iddia etmək doğru deyildir. Çünki, istənilən bir insan hüququ bu təməl prinsiplərə, haqlara əsaslanıb ortalığa çıxaraq fərqləndirici elementləri ilə mövcud olur. Bu cür haqlardan «təbii hüquqlar» adı altında qeyd etdiyi «təbii haqlar»a münasibətdə müəllif yazır ki, «Hələ XIX əsrin əvvəllərində ingilis liberalizminin banilərindən biri olan İyeremiya Bentam bu ifadəyə qarşı çıxaraq, «təbii hüquların» hər hansı sosial kontekstdən kənarda cəfəngiyat olduğunu iddia edirdi. Sonralar Karl Marks bu fikri müəyyən qədər dəstəkləyərək insanların ictimai münasibətlərdən təcrid olunmuş halda — sosial monada qismində baxılmasını yalnış mövqe hesab etmişdir. Amerikanın tanınmış alimi Cak Donell insan haqlarının insanın təbiətinin, əxlaqının, həyat tərzinin, davranışının güclü təsirinə məruz qaldığını iddia edir. Ona görə, insan hüquqları ideyası insanın qabiliyyət və bacarıqlarını nəzərdə tutan sosial müstəvidir» (s.19). Cürət edib geniş həcmdə verdiyimiz bu istinadda, əslində «təbii haqlar»ın müəyyənliyinə aid yeralmış hər bir mülahizəyə münasibət bildirərək bir daha «insan haqları» ilə əlaqədar mövqeyimizi dəqiqləşdirmək istərdik. Belə ki, birinci müəyyənlik (İ.Bentam) başqa sözlə deyilərsə, «təbii haqlar»a qarşı qoyula biləcək «ilahi haqlar»ın qəbul edilməzliyidir. Yəni, mövcud haqlar istənilən bir sosial kontekstdə yaranır və bu kontekstdən kənarda nonsensdir. Elə K.Marksın da insan haqlarına münasibətdə eyni mövqedən çıxış etdiyi göz önündə olsa da, bu insan haqları əsasında formalaşmalı olan fərdi azadlıq haqqı özünü tam doğrultmur. Bu səbəbdən də, prof.Ə.Abbasovun qeyd etdiyi kimi, K.Marks fikirlərində «…insanların ictimai münasibətlərdən təcrid olunmuş halda — sosial monada qismində baxılmasını yanlış mövqe hesab etmişdir». Halbuki, bunun özü K.Marks tərəfindən insanlara heç bir şəxsi azadlıq hüquqlarını tanımadığı anlamına gəlməyib, sadəcə onun ictimai münasibətlər/ictimai haqlar çərçivəsində insan haqlarına yer verdiyini bildirir ki, bu da nə qədər mütərəqqi bir yanaşma olsa da, məhz insan haqlarını fərdi azadlıq haqqı müstəvisindən sosial monada səviyyəsinə qaldıra bilmədiyindən məhdud və totalitardır.

Amerikalı Cak Donelin mövqeyinə gəldikdə isə, burada müəllifin verdiyi müəyyənlikdən göründüyütək, əslində söhbət insan haqlarından deyil, yenə də bu haqlar əsasında yüksələn insan hüquqlarının formalaşmasından gedir. Əlbəttə, bu baxımdan insan hüquqlarının formalaşdığı sfera insan qabiliyyət və bacarıqlarının gerçəkləşdirildiyi sosial müstəvidir. Prof. Ə.Abbasov bəzi tədqiqatçıların bu baxımdan mövqelərini izah edərkən bildirir ki, belələrinə görə «…insan hüquqları ictimai praktikada reallaşarkən həm insanların ehtiyacları, həm də dövlətin maraqları təmin olunmalıdır»(s.20)

İnsan haqlarını insan hüquqlarından fərqləndirmək üçün bizə əsas verən növbəti mülahizə prof. Ə.Abbasovun insan haqları və insan hüquqlarının əxlaq normaları ilə münasibətlərini aydınlaşdırarkən aşkarlanır. Belə ki, müəllifə görə, «İnsan haqları ideyasının əxlaq normaları ilə əlaqələndirilməsi zəruri olsa da, bu normaların insan hüquqlarının ifadəsi üçün yetərli olmaması da bir reallıqdır” (s.20).  Belə ki, müəllifə görə “İnsanların yaşadıqları cəmiyyətlərdə və mənsub olduqları mədəniyyətlərdə əxlaq normalarının müxtəlifliyi insan hüquqlarının məzmununa da müxtəliflik qatır” (s.20). Fikrimizcə, birinci istinadda yeralmış “…əxlaq normalarının insan hüquqlarının ifadəsi üçün yetərli olmaması…” fikri insan hüquqlarının qeyri-əxlaqi ola bilməsi anlamına gəlməyib, əxlaq normalarından fərqli olaraq hüquq normalarının qanuniliyinə və bu baxımdan da daha geniş məzmuna malik olduğuna işarədir. Əks halda qeyri-əxlaqiliyi aşkarlanan insan hüquqları dərhal haqlı narazılıqlar doğurur ki, bu da bizə insan hüquqlarının yalnız pozitiv olan  insan haqlarından irəli gəldiyini deməyə əsas verir.

Müxtəlif cəmiyyətlər və mədəniyyətlərdə əxlaq normalarının müxtəlifliyi onların ümumi əxlaq normalarına zidd olmamaq tələbini özlərində ehtiva etdiyi kimi, bu müxtəlifliyin insan hüquqlarının məzmununa da müxtəliflik qatması yalnız lokal, məhəlli və ya regional səciyyə daşıyır. Xüsusən də, bu cür müxtəliflikləri insan hüquqları ilə əlaqədar müşahidə etmək mümkün olduğu halda, onların bütün bəşəriyyət üçün ümumi olan insan haqlarına şamil edilməsi mümkün deyil və ya yolverilməzdir. Buradan da insan haqlarının ümümbəşəriliyi, eyniliyi, insan hüquqlarının isə lokal, regional, müxtəlifliyi aşkarlanmış olur. Elə bu anlamda yuxarıda müəyyən qədər toxunduğumuz insan haqları və hüquqlarının subyekti məsələsinə gəldikdə iddia edə bilərik ki, insan haqlarının subyekti fərd olsa da, mahiyyət etibarı ilə ümumi olanlar, insan hüquqlarının subyekti isə nə qədər də, ümumi və ya kollektiv olanlar anlaşılsa da, əslində fərdi olanlar və ya fərdə aid olanlardır.

Yenə də insan haqları ilə insan hüquqlarını eyniləşdirmiş prof. Ə.Abbasovun sözügedən kitabına müraciət etsək görərik ki, müəllif «İnsan haqlarına dair fəlsəfə, hüquq, sosial-siyasi sahələrdə mövcud olan bütün əsərlərdə hüquqların məhz insanlara məxsus olduğu qeyd olun»duğunu vurğulayır. Amma bu zaman o, insan haqlarının subyekti kimi «insan» dedikdə kimin nəzərdə tutulduğu məsələsinin və insanın dövlətlə münasibətləri müstəvisində vətəndaş kimi insan hüquqları subyektliliyindən irəli gələn məqamı fərqləndirmişdir. Birinci məsələni aydınlaşdırmış müəllif qeyd edir ki, «İnsan hüquqları haqqında qəbul edilmiş bütün beynəlxalq sənədlərdə insan və insanlardan danışılır» (s.21). Bu sənədlərdəki «insan» anlayışının fərdi nəzərdə tutduğunu bildirən professor aydınlaşdırır ki, «Fərd dedikdə kəmiyyətcə tək olan, hüquq və azadlıqlara malik və hüquqlardan istifadə edən, azadlıqlardan bəhrələnən şəxs başa düşülür» (s.21). Öz növbəmizdə, insan haqlarını insan hüquqlarından fərqləndirdiyimizə görə bu mülahizənin aşağıdakı şəkildə verilməsini daha dəqiq hesab edirik: «Fərd insan haqları baxımından ümumi-nominal, insan hüquqları baxımından isə kokret bir şəxsdir ki, bu şəxs müxtəlif haqlara sahib olub bunların əsasında formalaşmış müxtəlif hüquq və azadlıqlardan bəhrələnir».

Belə ki, prof. Ə.Abbasovun da vurğuladığıtək, insan haqlarının belə bir fərd kontekstində anlaşılması müasir dövrdə qərarlaşmış mövqe olub, «İlk zamanlar hüquq və azadlıqlarının subyektləri dedikdə müxtəlif  insan təbəqələri (sosial qruplar, kastalar, tarixi birliklər və s.) başa düşülür və məhdudiyyətlər müəyyən olunurdu»(s.21). Daha da fikrini aydınlaşdıran müəllif bildirir ki, «O dövrlərdə insan hüquqları müəyyən qrup insanlara şamil edilmiş, yalnız sonradan universallaşdırılmışdır» (s.21). Bizə görə isə, insan hüquqları müasir dövrdə universallaşdırılmasına baxmayaraq yenə də fərdi və ya şəxsi səciyyə daşıyır. Halbuki, bütün bunları insan haqlarına münasibətdə irəli sürmək mümkün deyildir. İnsan haqları həmişə universal olduqlarından müxtəlif dövrlərdə yalnız müxtəlif qrupların imtiyazı şəklində qanuniləşdirilmiş və ya hüquqi prinsip və normalar şəklinə salınmışdır. Bundan da irəli gələrək, istənilən bir qrupun, kastanın və s.-nin hüquqsuzluğu belələrinin haqsızlıqlarının tanınmasından irəli gəlirdi. Amma sonralar professor Ə.Abbasovun da misal göstərdiyi kimi, əgər 1215-ci ildə qəbul edilmiş «Böyük Azadlıq Xartiyası» Britaniya Krallığının fərqli silklərini və təbəqələrini haqlı bilib onlara unvanlanaraq yazılmışdısa, 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqları haqqında ümumi Bəyannamə» bəşər nəslinin bütün üzvlərini haqlı hesab edərək, hər bir insana xitabən yazılmışdır. Buna görə də, müəllif bir daha haqlı olaraq iddia edir ki, «…insan hüquqları kollektiv deyil, fərdi xarakter daşıyır və müxtəlif qruplara daxil olan konkret fərdlərin hüquqları kimi başa düşülür» (s.21). Odur ki, həqiqətən də, «Tarixin hər bir zaman kəsiyindəki fikir və ideyalar, həmin dövrün ictimai-siyasi həyat şərtləri, düşüncə tərzi insan hüquqlarının formalaşmasına öz təsirini göstərmişdir»(s.22).

Burada bir məqamı qeyd edək ki, göründüyü kimi, prof. Ə.Abbasov da insan hüquqlarının formalaşdığından bəhs edir. Hətta müəllif vurğulayır ki, «Müasir dövrdə insan hüquqlarının mahiyyəti və bu hüquqların müdafiəsi üçün işlənilib hazırlanmış müdafiə mexanizmlərinin, əvvəlkilərə nisbətən, kifayət qədər mütərəqqi və effektli olduğu danılmazdır» (s.22). Əlbəttə, insan hüquqlarını həm də insan haqları kimi təqdim edən müəllifə görə oxşar prosesləri insan haqlarının formalaşması kimi də təqdim etmək olar. Amma fikrimizcə, insan haqları ən ümumi, universal və hətta ideal olduqlarından onların formalaşmasına ediləcək hər hansı bir təsirdən deyil, onlara riayət edilib-edilmədiyindən, bu prinsiplərin əldə rəhbər tutulub-tutulmadığından bəhs etmək daha doğru olardı. O cümlədən də, professorun vurğuladığı bir nüansı da gözardı edə bilmərik ki, «…insan hüquqları müasir dövrdə elə bir səviyyəyə gəlmişdir ki, artıq bu ifadə altında bütün dövlətlərdə eyni hüquqlar başa düşülməkdədir» (s.23). Fikrimizcə, sözügedən durum təkcə hüquqların universallaşması ilə deyil, insan hüquqlarının formalaşdıqca insan haqlarıyla səsləşməsi və ya onlara uyğun səciyyə daşımaları, onların səviyyəsinə qalxmasıdır. Yaxud da, prof. Ə.Abbasov qeyd edir ki, «Bu hüquqların pozulması ayrı-ayrı fərdlərin təklikdə hər birinin hüquqlarının pozulması ilə üst-üstə düşərsə, insan hüquqlarının pozulması kimi şərh oluna bilər». Bizsə deyərdik ki, belə bir hal təkcə insan hüquqlarının deyil, o cümlədən də insan haqlarının pozulmasıdır ki, bu da öz növbəsində konkret təzahürləri ilə əsasən hüquq pozuculuğu təəssüratını yaratmış olur. Müəllifin sonrakı pənərcikdə H.Hacızadəyə istinadən vurğuladığı insan hüquqlarının ictimaiyyətə yox, daha çox fərdə aid, fərdiyyət məsələsi olduğunu vurğulamasına biz, insan haqlarının əksinə, universal olub, bütün bəşəriyyətə aid olduqlarını əlavə etmək istərdik. Bununla da insan haqları ümumi bir əsas kimi hər bir fərdə aid və ya fərdiyyət məsələsi olan insan hüquqlarının bazisini təşkil etmiş olur. «Ümumiyyətlə, şəxs dedikdə, hüquqları ictimai praktikada reallaşan ictimai varlıq başa düşül»düyünü vurğulamış prof. Ə.Abbasovun qeyd etdiyitək, «İnsan hüquqları sosial-siyasi, iqtisadi, mədəni münasibətlərdə reallaşdığından bu münasibətlərdəki demokratik prinsiplərin (qanunların aliliyi, azad seçkilər, fikir azadlığı, bazar iqtisadiyyatı, yaxşı idarəçilik və s.) mövcudluğu insan hüquqlarının ən yüksək səviyyədə təmin olunması ilə nəticələnir»(s.24). Bizsə, müəllifin nəzərdə tutduğu münasibətlərdə mövcudluğunu vurğuladığı demokratik prinsiplərin insan haqları ilə səsləşmələri və ya birbaşa insan haqları olduqları halda insan hüquqlarının ən yüksək səviyyədə təmin olunduğu qənaətindəyik. Çünki, «demokratik prinsiplər» belə adlandırdıqlarımız cəmiyyətlərə və quruluşlara münasibətdə fərqli olduqları təqdirdə, insan haqları özünün universallığı və ümumbəşərilikləri ilə seçilir. Bu baxımdan hansısa bir ölkəyə və ya cəmiyyətə demokratiya dərsi keçmək istəyənlər hər şeydən öncə buradakı insan haqlarının pozulub-pozulmadığını müəyyən etməzdən əvvəl, sözügedən sistemə hörmət əlaməti olaraq insan hüquqlarının insan haqlarına uyğunluq dərəcəsini müəyyən etməlidirlər. Əks təqdirdə, sistemin öz daxili imkanları nəzərə alınmadan, bəzi hallarda ona yad olan mücərrəd demokratik dəyərlər əldə rəhbər tutulub hətta demokratiyanın beşiyi sayılan ölkələrdə belə insan haqlarının pozulduğunu və hətta tapdalandığını iddia etmək olar.

Bu isə müasir dövrdə insan hüquqlarının nəinki ən yüksək səviyyədə təmin olunmasına xidmət edir, hətta deyərdik ki, adi insan hüquqlarının belə kobud şəkildə pozulması ilə nəticələnir (məsələn, «Ərəb baharı» ilə əlaqədar cəmiyyətlərdə baş verən hadisələr buna bariz misaldır). Əslində beynəlxalq müstəvidə insan haqlarının keşikçisi olan beynəlxalq qurumların da səlahiyyəti elə bu prizmadan zəruri olduğu təqdirdə, belələrinin hər-hansı bir demokratik prinsiplərə istinad edərək antidemokratik hesab etdikləri sistemlərə qarşı sanksiyalaşdırıcı mövqedən çıxış etmələri sonda insan hüquqlarının ən yüksək səviyyədə təmin olunmasından daha çox, bu hüquqların bəzi hallarda geriyədönməz bir şəkildə dağıdılması ilə nəticələnir. Bütün bunların baş verməsini əngəlləməkdən ötrü fikrimizcə, sözügedən qurumlar və siyasi dairələr hal-hazırda dəbdə olan «ikili standart»larda ittiham edilməsinlər deyə, insan haqlarının prioritetliyini əldə rəhbər tutub insan hüquqlarına hörmət nümayiş etdirməlidirlər. Əks təqdirdə, insan hüquqlarını bir və ya bir neçə cəmiyyətlərdə mövcud demokratiya modellərinə görə yönləndirmək istəyənlər, əksər hallarda özləri də “bilmədən” insan haqlarına laqeyd qalırlar ki, nəticədə universal, ümumbəşəri səviyyəyə qaldırılmış insan hüquqları insan hüquqlarına xas olan fərdilik və ya fərdə aid olanlardan özgələşərək insan haqlarının antipoduna çevrilmiş olur. Buna görə də biz, insan hüquqlarının insan haqları ilə səsləşməsi və ya onların səviyyəsinə qaldırılması dedikdə, bu məqamı unutmayıb, təkcə ilə ümumi arasındakı dialektik münasibətlərin qorunub saxlanmasını nəzərdə tuturuq. Əks təqdirdə təkə (insan hüquqlarına) aid olanlarla, ümumiyə (insan haqlarına) aid olanların qarışdırılması ümumi dolaşıqlıqlara gətirib çıxartdığıtək, bunlara aid mahiyyətlərin də bir-birindən fərqləndirilməyərək eyniləşdirilməsi prinsipial yanlışlıqlara yol açır. Bu anlamda prof. Ə.Abbasovun iradı da tam yerinə düşür ki, «Çox hallarda insan hüquqları dövlətin yeritdiyi, dövlət və qeyri-hökümət təşkilatlarının formalaşdırdığı bir fəaliyyət sahəsi hesab edilərək, qanunverici orqan tərəfindən qəbul olunmuş qanunlardan və dövlətin öz üzərinə götürdüyü beynəlxalq sazişlərdən irəli gələn öhdəliklər kimi qəbul edilir» (s.24). Əlbəttə belə bir yanaşma, müəllifin qeyd etdiyi kimi, «…tam mənzərənin yaranmasında, daha əhatəli məzmunun, bəzi təfərrüatların aşkarlanmasında bu, şübhəsiz ki, kifayət deyildir» (s.24).

Amma biz də onun, «Etiraf edək ki, əksər hallarda insan hüquqları dedikdə, konkret psixologiyadan, mədəniyyətdən, milli-dini mənsubluqdan məhrum olmuş və formal hüquq şəbəkəsində davranış və fəaliyyətinin tənzimləməsi nəzərdə tutulan mücərrəd şəxs barədə söhbət aparırlar» qənaətinə kontor arqument kimi misal gətirdiyi akademik R.Mehtiyevin mövqeyini dəstəkləyib, bildirmək istərdik ki, yalnız insan haqları ümumi və ümumbəşəri olub, konkret psixologiya, mədəniyyət, milli-dini mənsubluq fövqündə dayanan bir hadisədir. Demokratiya və insan hüquqları isə, əksinə «…spesifikadan, o cümlədən milli-mədəni, irsi-tarixi, dini səciyyədən kənarda mümkün deyildir» (s.25). Beləliklə də, insan haqlarını ona xas olan səciyyəyə varmadan fərdiləşdirmək, müəyyən bir sivilizasiyaya, millətə və ya dinə aid etmək insan haqlarının insan hüquqları səviyyəsində təhrif edilməsindən başqa bir şey deyildir. Belə bir təhrif isə, insan hüquqlarını yüksəltmədiyitək, insan haqlarının səviyyəsinin aşağı salınması və bütövlükdə fərdə aid olan insan hüquqlarının pozulmasına şərait yaratmaqdır.

Prof. Ə.Abbasova görə, «Təbii ki, vətəndaş dövlətdən təmin olunmasını tələb etdiyi hüquqlarının müqabilində dövlətə şərəf və ləyaqətlə xidmət etməlidir»(s.25). Xüsusən də, assimmetrik risk nəzəriyyəsini xatırladan müəllif izah edir ki, «…dövlətin insan hüquqlarının və əsas azadlıqlarının məhdudlaşdırılması istiqamətində fəaliyyəti bunun üçün tələb olunan əsasın icazə verdiyi həddi keçməməlidir. Əks təqdirdə, «insan hüquqları» məfhumu həddən ziyadə deformasiyaya uğrayaraq universallığını itirə və mənasız bir ifadəyə çevrilə bilər»(s.25-26). Fikrimizcə, bu məqam insan haqları və hüquqlarının vəhdəti məsələsinə aid bir nöqtədir ki, biz bunun dialektik formada olmalı olduğunu yuxarıda qeyd etsək də, müəllifin məsələyə sinergetik yöndən yanaşmasının bir sıra əsərlərində öz əksini tapdığını vurğulamaq istərdik. Yenidən insan hüquqlarının yaranma tarixinə və buna münasibətdə irəli sürülmüş fikirlərə geniş yer ayırılmış fundamental tarixi-fəlsəfi ekskursa qoşulmadan sırf insan haqları ilə əlaqədar fikirlərə müraciət etsək görürük ki, müəllifə görə, «İnsan haqları ideyasının təbii hüquqlardan qaynaqlandığını nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, insan hüquqları dövlətdən əvvəl mövcud olmuşdur» (s.79). Buradan da belə bir nəticə çıxır ki, «Deməli, insanın hüquq və azadlıqları dövlətlərin fərdlərə verdiyi «hədiyyə» olmadığı üçün dövlətin bu hüquqları birtərəfli məhdudlaşdırması da qəbul edilməzdir». Yenə də fikrimizcə, insan haqları və insan hüquqları anlayışı eyniləşdirildiyindən müəllifin, «insan hüquqları dövlətdən əvvəl mövcuddur» ifadəsinin «insan haqları dövlətdən əvvəl mövcuddur» anlamında oxunması daha doğru olardı. Çünki, tarixən hüququn elə dövlətdə yaranıb, buradakı hakimiyyətin  sanksiyalaşdırılmış iradəsini ifadə etdiyi danılmazdır. Halbuki, belə bir siyasi təsisat və hakim iradə olmazdan öncə də insan haqları mövcud olmuş və varlıq elə insanın mövcudluğu ilə əlaqəli universal, bəşəri bir haldır. Belə bir haldan hər hansı bir dövlətin, o cümlədən də siyasi quruluşun nələrisə «hədiyyə» etməsi artıq mövcud sistemdəki hüquqi münasibətləri əks etdirir. Haqlı olaraq insan haqlarını mahiyyətcə pozitiv anlayış hesab edən müəllifin fikirlərini yenidən redaktə edərək təqdim etsək deyə bilərik ki, «insan haqlarının məhdudlaşdırılması nəinki insana, nəticə etibarı ilə elə dövlətin özünə də ziyan vurur»(s.79). Belə bir məhdudlaşdırma aləti isə, yalnız dövlətin təsbitlədiyi hüquqlar, yaxud da cəmiyyətin hüquqsuzluq durumudur.  Həqiqətən də, prof. Ə.Abbasovun bildirdiyitək, «Tarixə nəzər salsaq görərik ki, insan hüquqları (bizsə deyərdik ki, insan haqları) pozulmuş və azadlıqları (bizsə deyərdik ki, hüquqları) məhdudlaşdırılmış ölkələrdə hakimiyyət sabitliyi, əmin-amanlıq, davamlı inkişaf deyil, siyasi və sosial qeyri-sabitlik, çevriliş və çevrilişə cəhdlər, sosial və iqtisadi tənəzzül mövcud olmuşdur»(s.79). Amma cəmiyyətdə, məsələn, «…ümumi əxlaqa zidd olan və ya əxlaqın müəyyən meyarlarına görə ifrat səciyyə daşıyan haqdan istifadəyə görə (pornoqrafik, irqçi ədəbiyyat və kino, ifrat marginal qruplaşmalar) məhdudiyyətlər müəyyən olun»masının özü hər bir ifratçılıq kimi haqqın ifratçılığının da eybəcərlik doğurduğunu təsdiqləyir (s.81). Yaxud da, prof. Ə.Abbasovun köklü transformasiya şəraitində insan hüquqlarına, bizim isə, insan haqlarına ən böyük əngəl, hətta təhlükə yaradan mənfur amillərdən biri kimi sosial özgələşmədən bəhs etmişdir. Müəllifə görə, «Özgələşmə, xüsusən, köklü və mürəkkəb transformasiya prosesində insan hüquq və azadlıqlarının adekvat anlaşılmasına, bu haqların təmin olunmasına bilavasitə təsir göstərən sosial hadisədir»(s. 95). Bu istinadda verilmiş sosial hadisə hesab edilən özgələşmənin fikrimizcə, insan haqlarının adekvat anlaşılmasına, insan hüquqlarının isə təmin edilməsinə bilavasitə təsir göstərdiyini qeyd etmək daha doğru olardı. Belə ki, əksər hallarda insan hüquq və azadlıqlarının adekvat anlaşılması heç də zəruri olmadığı kimi, insan haqlarının təmin edilməsi də insan hüquqları olmadan qeyri-mümkündür. Bütövlükdə isə, müəllifə görə özgələşmə «sosial hadisə olmaqla yanaşı, insanı konkret şəxsiyyət və fərdiyyət səviyyəsində öz ictimai təyinatından uzaqlaşdıran prosesdir»(s.98).

Müasir dövrdə insan hüquqlarını məhdudlaşdıran proseslər sırasında qloballaşma prosesi də müəllifin diqqətindən yayınmamışdır. Belə ki, o, sözügedən ədəbiy    yatda qlobal böhran anlamında bu proses sayəsində insanın özgələşməsinin özünün yüksək həddinə çatdığını vurğulamışdır. Xüsusən də, bu durumda əlbəttə ki, «…həm milli suverenlik, həm də insan haqları kimi fundamental məsələlər ziyansız ötüşmür» (s.111). Bütün bunları ümumiləşdirmiş prof. Ə.Abbasov qeyd edir ki, «Müasir dünyanın mövcudluq forması olan qloballaşma prosesini insan hüquqları ideyasının reallaşması baxımından iki (müsbət və mənfi) aspektlərdən qiymətləndirmək mümkündür»(s.113). Əgər, təbirimizcə, bunlardan biri insan haqları və hüquqlarının təminatlanmasında öz müsbət təsirini göstərən universallaşmadırsa, müəllif bunu demokratiyanın universal dəyərtək yayılmasına və qərarlaşmasına şərait və imkan kimi izah edir. Halbuki, fikrimizcə, demokratiyanın universal dəyər olmasından öncə bu rolun sahibi olan insan haqlarına və bu haqlarla ziddiyyət təşkil etməyən insan hüquqlarının yayılma və qərarlaşma şəraiti və imkanlarından bəhs etmək daha doğru olardı. Məgər tarixi inkişafında avtoritar mərhələdə olan cəmiyyətlərdə insan haqları və hüquqlarının gerçəkləşməsi mümkün deyildirmi? Yaxud da, bütün insan hüquqlarının ideal bir şəkildə gerçəkləşdirilən konkret demokratiya modeli mövcuddurmu? Bu sualların özü artıq elmi jarqonda papulist status qazanmış və mahiyyətinə varmadan bir qurtuluştək istifadə edilən «demokratiya» ibarəsindən irəli gəlir. Fikrimizcə, bəşəri mövcudluqla əlaqədar istinad ediləsi yeganə abstraksiya vardırsa bu da insan haqları ifadəsidir ki, onun da gerçəkləşdirilməsində pozitiv addım elə insan hüquqlarının konkret inkişaf səviyyəsinin müəyyən edilməsidir. Əks təqdirdə baş verməkdə olan mənfiliklərdə təkcə qloballaşma prosesinin deyil, bunu süi istifadə edərək dünyaya demokratiya dərsini keçmək istəyən bütün qüvvələri də asanca günahlandırmaq olar. Belələrinin sırasında müəllifin də qeyd etdiyi kimi, dünyanın ən demokratik ölkələri sayılan Qərb sivilizasiyasına müraciət etsək, «İnsan haqları (biz buraya insan hüquqlarını da əlavə edərdik) ilə bağlı bir sıra mühüm məsələlərə gəldikdə, ABŞ və Avropa İttifaqı ölkələri özləri üçün rəva bilmədiklərini başqaları üçün məqbul sayırlar. Beləliklə də, faktiki, dünyada tüğyan edən haqsızlıqlara, ədalətsizliklərə dəstək vermiş olurlar. İnsanların haqqı, bir qayda olaraq, iqtisadi, geosiyasi və hətta şəxsi maraqlara qurban verilir» (s.114). Odur ki, bu cür maraqlardan çıxış edib dünyaya demokratiya dərsini verməkdə məqsəd heç də insan haqları və hüquqlarının təmin edilməsi olmayıb, əksinə, sözügedənlərin daha da geriyədönməz bir halda dağıdılıb məhv edilməsi və ya yerli şərtlərdən (tarixi, milli, dini və s.) özgələşdirilməsidir.

Həqiqətən də, prof. Ə.Abbasovun vurğuladığıtək, «Mahiyyət etibarilə, qloballaşma «bəşəriyyət» anlayışını yeni ontoloji məzmunla zənginləşdirir, bütün xalqlar üçün vahid həyat və fəaliyyət məkanı formalaşdırır» (s.118). Amma bu zaman «…milli amilin itməsi və yoxa çıxması ehtimalını qəbul etməyə və yaxud qloballaşmaya adaptasiya olunmaq üçün milli özünəməxsusluğun və milli identikliyin qurban verilməsi fikri…qloballaşmanın çox ciddi, lakin, heç də yeganə olmayan tələbidir ki, …milli identikliyini itirən insan çox şeyi, o cümlədən dini etiqad azadlığını və mədəni özünəməxsusluq hüququnu (bizsə deyərdik ki, haqqını) itirir» (s.119). Elə «demokratiyanın yeni dalğası» məfhumu ilə, «Hər hansı maddi ehtiyaclardan, iqtisadi motivlərdən qaynaqlanan münasibət qlobal demokratikləşmənin qarşısını almamalıdır»(s.120) qənaətində olan müəllif C.Sorosun insan hüquqları və demokratiya məsələsində beynəlxalq təşkilatların öz üzərinə məsuliyyət götürməli olduqları fikrinə istinadən bildirir ki, «O (C.Soros-R.M.), hətta belə bir müddəa ilə çıxış edir ki, dövlətlər özlərinə məxsus suverenitetin bir hissəsini beynəlxalq təşkilatlara verə bilərlər» (s.120). C. Sorosun buna misal kimi, «…öz suveren hüquqlarından (bizsə deyərdik ki, suveren haqlarından -R.M.) əhəmiyyətli dərəcədə imtina etmiş Avropa İttifaqı ölkələrini göstər»diyitək, hər halda bu ittifaqın belə özünü doğrultmadığı məqamların müasir gündəmi zəbt etdiyi unudulmamalıdır (məsələn, Yunanıstanın düşdüyü müasir durum baxımından). Əlbəttə, söhbət beynəlxalq təşkilatlardan gedirsə, bu təşkilatların ölkə suverenliyinə hörmət etməsi olduqca vacibdir. Çünki, bu suverenliyin müəyyən məqsəd və maraqlar baxımından məhdudlaşdırılması heç də həmişə insan haqları və hüquqlarına uyğun bir şəkil ala bilmir. Odur ki, istənilən beynəlxalq təşkilatın suveren ölkənin haq və hüquqlarını məhdudlaşdırmazdan öncə, bunların ən yüksək səviyyədə gerçəkləşməsini arzulaması və bu istiqamətdə fəaliyyət göstərməsi daha arzuedilən olardı. Əks təqdirdə, prof. Ə.Abbasovun qeyd etdiyitək “Bütün dünya üçün nəzərdə tutulan konsept, monosentrik ideyalar, təsəvvürlər əsasında qurula bilməz” (s.122). Məntiqi olaraq universal konsepti mümkün hesab edən müəllif vurğulayır ki, bunun özü “nə amerikasayağı, nə də avropasayağı yeganə baxış bucağını qəbul etmir”(s.122). Əslində, müasir dövrdə müşahidə edilən tendensiyaya münasibət bildirərək prof.Ə.Abbasov qeyd edir ki, “Monosentrizm elə demokratiyanın özünü də boğan, sıxışdırıb meydandan çıxaran yanaşmadır” (s.122). Yerigəlmişkən, biz də, bundan öncəki fikirlərimizin doğru anlaşılması üçün bir daha “Aristotelsayağı” demokratiyanı qəbul etmədiyimizin deyil, elə müasir dövrdə demokratiyanı monosentrizm şəklinə salınaraq insan haqları və hüquqlarının “kobud mədəni şəkil”də pozulmasının əleyhinə olduğumuzu vurğulamaq istərdik. Prof. Ə.Abbasov da bunu dəqiq olaraq aşağıdakı şəkildə tənqid etmişdir: “Qloballaşmanın monosentrik təməldən qaynaqlanaraq intensivləşməsi və yayılması, bütün hallarda, ideyalar, baxışlar avtoritarizmdir ki, real diktaturalara yol açır. Nəticədə isə söz, iradə, fikir, dini etiqad azadlığı, layiqli yaşayış haqqı əlçatmaz mifə, reallaşmayan xəyallara çevrilir” (s.122). Buraya biz müəllifin başqa əsərlərində fərqləndirməyə çalışdığı müasir anqlosakson liberalizmi ilə lebralizmin mahiyyət baxımından fərqli hadisələr olduğunu əsaslandırmasını da əlavə edə bilərik. Belə ki, bu xətti sözügedən əsərdə də davam etdirmiş prof. Ə.Abbasov müasir iqtisadi qloballaşmada korporasiyaları günahlandıraraq yazır ki, belələri ilə “Dünyanın həmrəyliyinə, bəşəri harmoniyaya xələl yetirən bu qeyri-məqbul strategiyanın həyata keçirilməsi məqsədilə, yeri gələndə, ayrı-ayrı dövlət başçılarına, siyasi xadimlərə ciddi təzyiqlər edilir, başqa ölkələrin iqtisadi həyatında təsirli yer tutub möhkəmləndirmək üçün müxtəlif adlar altında QHT-lər, fondlar, hərəkatlar yaradılır, sərfəli “ictimai-siyasi eşalon” formalaşdırılır, mədəniyyət sahəsi, kütləvi informasiya vasitələri ələ keçirilir, “cəlb” olunmuş müxbirlər, incəsənət adamları və ictimai-siyasi xadimlər vasitəsilə ictimai rəyə və psixologiyaya, insanların dünyagörüşünə, zövq və istehlak tələblərinə lazımi yönüm verilir” (s.123). Mövqeyimizin tam dəstəkləndiyi bir məqam kimi müəllifdən aşağıdakı sitatı da vurğulamaq istərdik ki, “Xüsusi zərurət olduqda transmilli korporasiyalar, böyük şirkətlər və onların təsiri altında hərəkət edən güc mərkəzləri, dövlət xadimləri, siyasi mafiya şəbəkələri bilavasitə hansısa ölkələrdə siyasi hakimiyyətin “demokratik qaydalara uyğun” formalaşmasına girişirlər və faktiki olaraq xalqların azad, sərbəst seçim hüququnu (bizsə deyərdik ki, haqqını) pozurlar” (s.123-124). Bununla yanaşı müəllif qeyd edir ki,  “qismən azad”, “qismən demokratik” dəyərləndirilən ölkələr, tədricən demokratiya yolu ilə inkişaf edənlərtək səciyyələnir ki, belə bir şəraitdə həmin ölkələrdə “…oliqarx, feodal-bürokratik, ifrat ənənəvi rejimlər, bir qayda olaraq, demokratik fasad arxasında fəaliyyət göstərməyə üstünlük verirlər, yəni siyasi mimikriya yolunu seçirlər” (s.124). Bunun isə bu cür ölkələrdə mahiyyət dəyişikliklərinə gətirib çıxartmadığını vurğulayan tədqiqatçıya görə, “Həmin rejimlərin qloballaşmaya adaptasiyası, beynəlxalq münasibətlər sistemində iştirakı, əksər hallarda, milli maraqların və insan haqlarının qurban verilməsi hesabına başa gəlir ki, bu da ağır, dramatik nəticələrdə özünü göstərir” (s.124).

Həqiqətən də, biz ayrı-ayrı ölkələrin suveren haqlarının qorunması mövqeyindən çıxış edərkən bəzi hallarda bu suverenliyin insan haqları və hüquqlarının buxovuna çevrilməsinin  şahidi ola bilərik. Amma istənilən halda, insan haqları və hüquqlarının azadlıq idealına uyğun bir şəkildə gerçəkləşdirilməsinin tərəfdarı kimi, biz beynəlxalq təşkilatlar üçün ayrı-ayrı dövlətlərin suveren haqlarına və hüquqlarına hörmət edilməsini zəruri hesab edərək, suveren dövlətlərin də sözügedn insan haqları və hüquqlarına riayət etmələrini vacib bilirik. Əks təqdirdə, prof. Ə.Abbasovun qeyd etdiyi kimi, buna riayət etməyən istənilən (müəllifə görə, avtokratik rejimli) bir ölkədə “Demokratik frazeologiya ilə əməli fəaliyyət arasında uçurum yaranır ki, nəticədə cəmiyyətdə, insani münasibətlərin ahəngdarlıq pozulur, disharmoniya, destruksiya dərinləşir və kəskinləşir. Belə şəraitdə, aydındır ki, insan hüquq və azadlıqlarının təmin olumasında ciddi problemlər yaranır” (s.125).

Biz, artıq geniş şəkildə təsvir etdiyimiz prof. Ə.Abbasovun sözügedən əsərində yeralmış növbəti müddəanı redaktə edərək qeyd etmək istərdik ki, müəllifin qeyd etdiyitək, “Fəaliyyətdə olan hüquqi normalar və hüquqi şüur əsasında insan hüquqları ilə bağlı təsəvvürlər dayanmırsa,…” cümləsində, həm təkrarçılıq, həm də mahiyyət baxımından “insan haqları ilə bağlı təsəvvürlər” ifadəsinin işlədilməsi yerinə düşərdi. Çünki, istənilən bir cəmiyyətdə fəaliyyət göstərən hüquqi norma və hüquqi şüur özü kimi başqa bir insan hüquqları ilə deyil, məhz, bütövlükdə insan hüquqlarına istiqamət göstərən, ümumi ideal olan insan haqları ilə tənzimlənir. Belə bir tənzimləmə fəaliyyətində isə, ayrı-ayrı insan hüquqlarının bir-biri ilə rəqabət aparmaları da elə bütün bunların insan haqlarına uyğun olub-olmamasını aşkarlayır. Doğrudan da, ümumbəşəri və ideal olan insan haqlarına uyğun gəlməyərək, prof.Ə.Abbasovun təbirincə desək, “…qəbilə-tayfa, qrup maraqları dominantlıq edirsə, vətəndaşlar “özümüzünkülər”ə və “yadlar”a bölünürsə, ayrı-seçkilik psixologiyası aşılanırsa, deməli, demokratiya heç vaxt tam məzmunda və həcmdə qərarlaşa bilməz” (s.125).

 

 

 

Leave a Reply