|

İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə təsiri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə (KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. Təsadüfü deyil ki, internetin, xüsusilə də sosial şəbəklərin meydana çıxması jurnalistikanın yeni dövrünün başlanması kimi xarakterizə edilir. 
Bu gün dünyanın aparıcı KİV təmsilçilərini narahat edən ən aktual məsələlərdən biri “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin ciddi mediaya köklü şəkildə təsir göstərməsidir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyirinə dəyişir. 

Media təmsilçilərinin sosial şəbəkələrdəki rolu

Sosial şəbəkələrdə olmaq media təmsilçiləri üçün nədir? İşdən sonra şəxsi həyatlarının bir hissəsi, beyin dincliyi, yoxsa təmsil etdikləri medianın işçisi olaraq gündəlik fəaliyyətlərinin davamı? Media təmsilçisinin öz işini sosial şəbəkədə davam etdirməsi məcburidirmi? Təsadüfi deyil ki, sosial şəbəkələrin operativlik baxımından üstünlüyünü nəzərə alan və vəziyyəti müəyyən qədər tarazlaşdırmaq, bu geriliyi nisbətən azaltmaq üçün media rəhbərləri öz əməkdaşlarına informasiyalarını sosial şəbəkələrdəki səhifələrində yaymalarını tövsiyə edirlər. Bununla onlar rəhbərlik etdikləri media orqanının məlumatlarını öz oxucuları, dinləyiciləri, tamaşaçıları ilə yanaşı, həm də digərlərinin diqqətinə çatdırmış olurlar. Sosial şəbəkələrin hər hansı qütbləşmədən kənar qalması, siyasi mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq hamının diqqət mərkəzində olması onların ən böyük üstünlüyüdür. Təkcə ixtisaslaşmış deyil, adi media qurumlarının da izləyiciləri müəyyən qədər bəlli bir dairəni əhatə edir. Tutaq ki, dünyanın ən nüfuzlu, tanınmış mətbu orqanları internet vasitəsilə bütün ölkələrə yayılır. Amma onları həmin ölkələrdə heç də hamı izləmir. Çünki maraqlar müxtəlifdir, sosial şəbəkələr isə bütün bu müxtəlif maraqları özündə birləşdirir. Elə ona görə də bugünkü media paralel olaraq həm də sosial şəbəkələrdə mövcud olmaq məcburiyyətindədir. Sosial şəbəkələr məlumatları mediadan daha sürətlə yaymaqla yanaşı, həm də ikinci ciddi bir missiyanı — adi insanları jurnalistə (peşəkar olmasalar belə) çevirmək missiyasını da yerinə yetirirlər. Yaxın vaxtlara qədər kompüterdə yazmağı bilməyən adamlar belə artıq özləri də hiss etmədən nəinki mətnlər, hətta videosüjetlər hazırlamağı, onları montaj etməyi və öz səhifələrində yerləşdirməyi də öyrənirlər. İnsanlarda buna həvəsi, əlbəttə ki, sosial şəbəkələr yaradır. Bununla yanaşı, sosial şəbəkələr adi insanlara siyasi liderləri, onların tərəfdarlarını da tanıtdırır, onlar haqqında müəyyən fikir formalaşdıra bilir.

Sosial şəbəkələr bir çox media qurumları kimi yalnız hər hansı fərdin təbliğatı və ya antitəbliğatı imkanını yaratmır. Burada kimsə özünü təbliğ etməklə yanaşı, həm də rəqiblərinin, əleyhdarlarının və ya opponentlərinin hücumundan da müdafiə olunmaq məcburiyyətindədir. Bütün imkanların hamı üçün bərabər tanındığı məkanlar isə, əlbəttə ki, auditoriya üçün daha cəlbedicidir. AzərTAc-ın direktoru Aslan Aslanov hesab edir ki, reallıqla razılaşmaqla bərabər, əgər ənənəvi media təcili tədbirlər görməsə, innovasiyalı texnologiyaların imkanlarından yüksək, daha yaradıcı səviyyədə istifadə etməsə, onda bu mübarizədə əsaslı surətdə geri qalacaq və uduzacaq. Səbəb odur ki, insanlar innovasiya texnologiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək həm görüntülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, bir-biriləri ilə xəbərləşirlər. Ənənəvi media bu operativlikdən xeyli geri qalır.

Mediadan fərqli olaraq sosial şəbəkələrdə yayılan informasiyalara nəzarət etmək, demək olar ki, mümkün deyil. Sosial şəbəklərdə informasiyaları daha çox adi insanlar yayır və odur ki, həmin informasiyaların obyektivliyinə görə də onlardan bu məlumatlarla bağlı ictimai məsuliyyət tələb etmək absurddur. Heç şübhəsiz ki, bu məqam media mənsublarının da diqqətindən kənarda qalmır. Ona görə də sosial şəbəklərdə adi insanlardan, dövlət və hökumət qurumlarından fərqli olaraq media qrumları və onların təmsilçiləri daha fəal olurlar və ya olmalıdırlar. Media qurumları sosial şəbəkələrdə öz səhifələrini yaratmaqla informasiyalarını paylaşır, media təmsilçiləri də fərdi qaydada sosial şəbəklərdə iştirak edirlər.

Azərbaycan dilində yayımlanan xarici radioların sosial şəbəkələrdəki fəallığı

Sosial şəbəkələrdə dünyanın bütün media orqanları kimi “Amerikanın səsi”, “Azadlıq” radiolarının Azərbaycan dilli büroları, BBC-nin Azərbaycan xidməti və onların təmsilçiləri də fəaldırlar. Heç şübhəsiz, bununla onlar təkcə təmsil etdikləri media qurumunun auditoriyasını genişləndirmir, həm də hazırladıqları materiallarla öz fəaliyyətlərinin səviyyəsini təqdim etmiş olurlar. Yəni hər kəs öz hazırladığı xəbəri, reportajı, süjeti paylaşmaqla özünün daha peşəkar, daha maraqlı, daha operativ olduğunu da göstərməyə çalışır. Sözsüz ki, bu, bütün jurnalistlərə xas olan xüsusiyyətdir və normal haldır. Burdan belə nəticəyə gəlmək olur ki, sosial şəbəkələr təkcə paylaşım üçün yox, həm də rəqabət üçün çox münbit ərazidir. Bəs əməkdaşların radioların tələblərinə zidd hər hansı bir informasiya yaymalarına nə dərəcədə icazə verilir?
“Amerikanın səsi”nin jurnalist kodeksinə görə, rəsmi işlər haqqında məlumatı təqdim edən zaman burada çalışan jurnalistlər öz siyasi baxışlarını kənarda qoyurlar. Burda çalışanlar iş zamanı və ya işdən kənardakı davranışlarının bütövlükdə “Amerikanın səsi”nə təsir etdiklərini dərk edirlər və jurnalistika sənətinin bütün standartlarına sadiq qalmalıdırlar. Onlar iş yerində komanda şəklində işləməyə, xeyirxahlığa, nəzakətli davranışa şərait yaratmaq və dünyanın hər yerində “Amerikanın səsi”nə inamı və onun effektivliyini artırmaq üçün işləməlidirlər. Bir sözlə, bu media qurumunda çalışan təmsilçi işdən sonra hara gedirsə-getsin, nə edirsə-etsin birmənalı olaraq radionun işçisi hesab olunur və bununla da həmin əməkdaşlardan davranışlarına nəzarət etmək və radionun prinsiplərinə xələl gətirəcək heç bir neqativ hala yol verməmək tələb olunur.

“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının (Bakı bürosu) marketinq üzrə meneceri Rafiq Məmmədli deyir ki, onlarda da əslində “Amerikanın səsi”ndəki kimidir, yəni işçilər sosial şəbəkələrdə (fərqi yoxdur nə zaman, iş vaxtı, işdən sonra) siyasi hadisələrə dair öz mövqeyini nümayiş etdirə bilməzlər. Bunun da səbəbi odur ki, “Azadlıq” radiosunun işçiləri harda çıxış etmələrindən asılı olmayaraq tərəfsiz görünməlidirlər. Rafiq Məmmədli bəzən istisnalar olduğunu da bildirir. Məsələn, bəzi radio əməkdaşları nəinki mövqe nümayiş etdirir, hətta siyasi proseslərin mərkəzində olur ki, nəticədə bu, cəmiyyətdə birmənalı qarşılanmır, yəni radionun mövqeyi kimi qəbul edilir. Radionun keçmiş əməkdaşı İlqar Rəsul isə deyir ki, vaxtı ilə o da burada müqavilə əsasında çalışıb. Amma ona və müqavilə əsasında çalışan digərlərinə bu qayda ciddi şəkildə tətbiq olunub. İlqar Rəsul hətta sözügedən qaydanı pozanların işdən kənarlaşdırılması faktlarının da şahidi olduğunu bildirir: “Bir vaxtlar sosial şəbəkədə siyasi düşüncəsini bölüşən, amma, əlbəttə ki, açıq-aydın mövqe ortaya qoyan müxbir radio ilə əməkdaşlıqdan kənarlaşdırılırdı. Amma son vaxtlar “Azadlıq” radiosunun müxbirlərini etiraz aksiyalarında iştirakçı kimi, təqsirləndirilən bu və ya digər şəxsi dəstəkləmək məqsədilə məhkəmə binasının qarşısına yığışanların arasında da görmək olur”. İlqar Rəsulun sözlərinə görə, bəzən radionun əməkdaşlarının hansısa siyasi müraciətə imza atmaq halları da olub ki, bunlar da sonradan arzuolunmaz nəticələrə gətirib çıxarıb: “Bir dəfə radionun üç əməkdaşı beynəlxalq təşkilatlara ünvanlanan müraciətə imza atmışdılar. Həmin müraciətdə Azərbaycanda ictimai, siyasi və dini baxımdan bir neçə məsələyə kəskin münasibət bildirilir, beynəlxaq təşkilatlardan yardım istənilirdi. Xeyli insanın imza atdığı bu müraciət yetərincə səs-küyə səbəb olmuşdu. Nəticədə mən canlı efirdə veriliş apararkən din sahəsində studiyaya dəvət olunmuş mütəxəssis radionu tərəfkeşlikdə ittiham etdi. Səbəb kimi də əməkdaşların həmin siyahıya imza atmasını göstərdi”. “Azadlıq” radiosu Azərbaycan redaksiyasının digər sabiq əməkdaşı Rövşən Əliyevin qənaətincə, reportyorların sosial şəbəkələrdə istənilən mövzu ilə bağlı fikir bildirmələri onların çalışdıqları xəbər mediasının tərəfsizliyini şübhə altına qoyur və bu, ciddi xəbər mediasının nizamnaməsində öz əksini tapır.

Əslində, bu cür faktlar media qurumunun obyektivliyinə şübhə yaradır. Bu ziddiyyətli məqamdan danışan media ekspertləri vəziyyəti belə izah edirlər ki, bu cür halların baş verməsi özünü obyektiv və qərəzsiz adlandıran media qurumlarının nüfuzuna xələl gətirir. Əgər media rəhbərliyi belə hallara qarşı konkret tədbirlər görmürsə, onların qarşısının alınmasına məhəl qoymursa, deməli, bu məsələdə hansısa maraqlar rol oynayır. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının (Bakı bürosu) marketinq üzrə meneceri Rafiq Məmmədli radio rəhbərliyinin əməkdaşlara işlədikləri xəbəri, videosüjeti sosial şəbəkədəki səhifələrində yaymağı tövsiyə etdiyini deyir. Amma o, təəssüflə çox az hallarda əməkdaşların paralel olaraq informasiyalarını öz sosial şəbəkələrində yaydıqlarını da bildirir.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı əməkdaşların agentliyin informasiyalarının sosial şəbəkələrdə də paralel şəkildə yaymalarının xüsusi öhdəlik kimi qoyulmadığını deyir. Müxbirlər yazılarının daha çox oxunması və sosial şəbəkədəki dostlarının rəyini öyrənmək üçün bunu özləri edirlər. Onun sözlərinə görə, “APA Holding”in əməkdaşları üçün peşə-davranış kodeksi qəbul edilib və əməkdaşlar bu kodeksə əməl edirlər (6).
Vüsalə Mahirqızı əməkdaşların sosial şəbəkələrdə özlərini ifadə etməkdə tam sərbəst olduqlarını da vurğulayır. Amma o da hesab edir ki, əməkdaş APA-nı təmsil etdiyi üçün harda olmasından asılı olmayaraq onun formatından kənara çıxa bilməz: “Müxbirlər diqqətlərini çəkən istənilən məsələyə şərh yaza, istənilən informasiya və qeyri-informasiya vasitəsinin məlumatını paylaşa bilərlər. Şirkətin buna hər hansı müdaxiləsi yoxdur. Amma bir istisna var ki, müxbir əldə etdiyi informasiyanı sayta ötürməmişdən əvvəl onu ilk olaraq sosial şəbəkədə paylaşa bilməz”.
Onu da qeyd edək ki, sosial şəbəklərin əhəmiyyətini nəzərə alan dünyanın “Sinxua”, “Assoşieyted Press”, “Röyter”, “Kiodo” kimi aparıcı informasiya agentlikləri artıq sosial şəbəkələrlə iş şöbələri yaradıblar.

Azərbaycanda yalnız “APA Holding”in və “AzərTAc”ın sosial şəbəkələrlə iş şöbəsi fəaliyyət göstərir.

“Assoşieyted Press” İnformasiya Agentliyinin xəbər xidməti müxbirlərinə “Twitter”də öz fikirlərini bildirməyi, başqalarının yazdıqlarını orada təkrar paylaşmağı (retweet) qadağan edib. “Assoşieyted Press”də düşünürlər ki, jurnalistin “Twitter”də başqalarının yazdıqlarını paylaşmasını oxucular həmin fikri onun bəyənməsi kimi anlaya bilərlər.

Hərçənd jurnalistlərin çoxu öz “Twitter” hesablarındakı bioqrafiya hissəsinə belə bir qeyd əlavə edir: “Retweetlər bəyənilmə kimi qəbul edilməməlidir”. Ancaq, görünür, “Assoşieyted Press”in xəbər xidməti üçün bu cür qeyd kifayət etmir.

CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Oktavia Nasr “Hizbullah” terrorçusunun ölümü haqqında yazdığı tvitə görə 20 illik işini itirməli olub. “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də hesab edir ki, rəhbərlik etdiyi qəzetdə çalışan jurnalistin mövqeyi qəzetin mövqeyi ilə üst-üstə düşməlidir.
“Assoşieyted Press” İnformasiya Agentliyinin direktor müavini Tomas Kentə görə, bəzən informasiya agentliyində çalışan jurnalist xəbəri peşə prinsiplərinə uyğun yaydıqdan sonra sosial şəbəkələrdə bununla bağlı öz fikirlərini bölüşür. Onun fikrincə, bunun özü də mübahisəli məsələdir. Bunu nəzərə alan “Assoşieyted Press” öz müxbirlərinə yazdıqları xəbərlərlə bağlı sosial şəbəkələrdə məlumat yaymağı qadağan edib.

Nəticə

Müşahidələr göstərir ki, bütün yeni yaradılan sosial şəbəkələrə əvvəl cəmiyyətlər, sonra dövlətlər (dövlət qurumları) inteqrasiya edirlər. Əgər birincilər virtual aləmin bu müstəvisinə transfer olunmaqla özlərinin məlumat almaq, paylaşmaq və fəaliyyət imkanlarını artırmaq istəklərini reallaşdırmış olurlarsa, ikincilər bu prosesdən kənarda qalmamaq, yaranmış tarazsızlığı balanslaşdırmaq və əlbəttə ki, mövcud vəziyyəti nəzarətdə saxlamaq məqsədi güdürlər. Məhz bu və ya digər maraqlar çəmiyyətin və dovlətin, rəsmi strukturlarla qeyri-rəsmi qurumların, sadə insanların istər-istəməz bir araya gəlməsi zərurətini yaradır. Özü də hansısa qapalı və ya məhdud mühitdə yox, birbaşa hər kəs üçün açıq olan sosial şəbəkələrdə. Odur ki, medianın da bu sosial şəbəklərdə fəaliyyəti daha çox aktivlik və opretivlik tələb edir. Bütün təhlillər onu deməyə əsas verir ki, media təmsilçisi sosial şəbəkədə olduğu zaman unutmamalıdır ki, o burda heç də sərbəst deyil. Yəni çalışdığı media qurumunun maraqlarına, profilinə əks hər hansı bir məlumat yaya bilməz. “Amerikanın səsi”nin nizamnaməsində deyildiyi kimi: ““Amerikanın səsi”nin müxbiri hər yerdə “Amerikanın səsi”nin müxbiridir”.

Yeri gəlmişkən, APA İnformasiya Agentliyinin bu yaxınlarda qeyd olunan yubileyində əksər media qurumları agentliyi təbrik etməklə yanaşı, onu ölkənin bir saylı informasiya agentliyi adlandırmışdılar. Bu, artıq həmin media təmsilçilərinin bilmədən APA-nı reklam etməsi, özlərinin təmsil etdikləri media qurumunun isə antireklamı kimi xarakterizə oluna bilər.

Almaz NƏSİBOVA
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dissertantı
almazmahmud@gmail.co
m

kaspi.az

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.ru/az.gumilev-center.ru/wp-content/themes/transcript/single.php on line 62