İran İslam inqilabının rəhbəri, bu qədim və zəngin keçmişə malik olan ölkədə ilk cümhuriyyətin banisi İmam Xomeyni(r.ə) təkcə Quran, hədis, məsumların həyat tərzi, fiqh və s. dini elmlər sahəsində deyil, həm də hikmət, ürfan və əxlaq sahəsində tanınmış şəxsiyyətlərdən biridir. Əlbəttə, imamın şah əsəri XX yüzilliyin ən böyük tarixi-siyasi və ictimai hadisəsi olan İran İslam inqilabıdır. Belə bir əzəmətli ictimai-siyasi hərəkatın rəhbəri eyni zamanda irfan çeşməsindən bəhrələnən incə təbli bədii zövq sahibi olmuşdur.
İlk baxışda siyasi fəaliyyətlə poeziya bir araya sığmır. Ancaq tarix boyu Şərqdə bir sıra dövlət xadimləri bədii zövqlə şeir yazmışlar. Buna Səfəvilərin ilk hökmdarı Şah İsmayıl Xətayini və Pakistanın müstəqillik qasidi İqbal Lahurini göstərmək olar. Bu cür şəxsiyyətlərdə şeir, adətən, irfan şöləsilə cilalanır, bəlkə də onlar irfandan şövqə gələrək öz hərəkatlarına ruhani məna verir və çoxlu tərəfdar toplaya bilirlər.
Hər bir ölkənin həyatında çətin məqamlar olur və belə vəziyyətdə nəfsini tam cilovlaya bilən rəhbərlərə ehtiyac duyulur.
İmamın “Divan”ının müqəddiməsində deyilir:
“İmamın şairliyi bütövlükdə onun irfani cilvəsidir, yəni o həzrətin arifanə və mənəvi anlam və duyğuları aşkar şəkildə şeirlərində bəlli olur. Bu məsələ göstərir ki, onun şəxsiyyətinin ən dərin məqamları irfani hisslərlə dolu idi. Şeiri aşiqanə pıçıltı, ruhi həyəcan və nigarançılıq ifadə edir. Kəlmələri xəlvətdə işlətməklə öz qəlbinin sirli dərdini mənəvi məhbubla bölüşür və Haqq ilə razi-niyaz edir. O həzrətin əsərlərində işlənən məfhumlar arif şairlərin şeirlərində müşahidə edilir. Ariflərin batini müşahidə ilə öz qəlbində tanıdıqları zəngin mənalar zövqə əsaslanan rəmzi deyimlərdir. İmamın şeri üslub baxımından Əraqinin üslubudur.
İmamın divanını araşdırsaq onun mənəvi əzəməti və irfani ucalığını görmək mümkündür. Bununla da onun batini seyr və süluku və mənəvi aləmi ilə tanış olmaq olar. Onun şeirlərindəki irfani incəliklər və məzmunların hamısı islam sənət məktəbinin çərçivəsində öz ifadəsini tapır.
İmamın şeirlərini əvvəlki arif sənətkarların əsərləri ilə müqayisə etdikdə bir çox maraqlı paralellər tapmaq olur.
1. Əttar :
درد دل را دوا نمی دانم گم شدم سر از پا نمی دانم
Ürək dərdinə dəva bilməyirəm,
İtmişəm mən, özümə gəlməyirəm
2. İmam demişdir:
درد خواهم دوا نمی خواهم غصه خواهم نوا نمی خواهم
İstərəm dərdi, dəva istəmərəm,
İstərəm qüssə, nəva istəmərəm.
3. Mövlana deyir:
آن یوسف خوش عذار آمد و آن عیسی روزگار آمد
Xoş Yusifi – Kənan indi gəldi,
Ol İseyi – dövran indi gəldi.
4. İmam deyir:
کوتاه سخن که یار آمد با گیسوی مشگبار آمد
Bir sözlə bu gün ki, yar gəldi,
Zülf içrə o mişki-bar gəldi.
5.Sədi deyir:
شادی به روزگار گدایان کوی دوست بر خاک ره نشسته به امید روی دوست
Şadam dost kuyinin gədalarının ruzigarını kaş,
Görmək üçün dost üçün vurdular ümmidə baş.
6. İmam deyir:
عمری گذشت و راه نبردم به کوی دوست مجلس تمام گشت و ندیدم روی دوست
Keçdi ömür yol tapıb dost evinə girmədim,
Oldu bu məclis tamam, dost üzünü görmədim.
7.Sədi deyir:
یک امشبی که در آغوش شاهد شکرم گرم چو عود بر آتش نهند غم مخورم
O nazənin gözəlin ağuşunda bir gecə mən
Atıldım ud kimi odlarə, leyk qəm yemədim.
8. İmam deyir:
یک امشبی که در آغوش ماه تابانم ز هرچه در روی جهان است روی گردانم
İşıqlı ay qucağında rahatca bir gecə mən
Çevrildim üz dünyadə var olanlardan.
9. Hafiz deyir:
یاد باد آنکه سرکوی تو ام منزل بود دیده را روشنی از خاک درت حاصر بود
O zaman yad ola-kuyin mənə bir mənzil idi,
Qapının torpağı dəymiş gözə nur hasil idi.
10. İmam deyir:
کاش روزی به سر کوی تو ام منزل بود که در آن شادی و اندوه مراد دل بود
Kaş ki, bir gün səri-kuyində mənə mənzil ola,
Ki, bu şadlıqla dilək, arzu, murad hasil ola.
11. Həkim Şəfai deyir:
ماییم همین خاطر افکار و دیگر هیچ در ساخته با راحت و آزار و دیگر هیچ
Bizik fikir xatirəsi, hər şey heçdir
Rahat və azarla varıq, hər şey heçdir heçdir.
12. Aşiq İsfəhani deyir:
در باغ تو حق نفسی با صبا هیچ در کوی تو آمد شد بیحاصل ما هیچ
Bağında haqq nəfəsi var, səba heçdir
Kuyinə hasilsiz gəlib – getməyimiz heçdir.
13. İmam deyir:
ماییم و یکی خرقه تزویر و دیگری هیچ در دام ریا بسته به زنجیر و دیگر هیچ
Bizik və təzvir xirqəsi, başqa şey heçdir
Riya damına zəncirlə bağlandıqsa, hər şey heçdir.
14. Həkim Səbzvari :
…دسوان قضا آیتی از دفتر عشق آسیمان به سر و پایی بود از کشور عشق
Qəzanın divanı eşq dəftərindən ayədir,
Asiman eşq ölkəsindən baş – ayaq idi.
15.İmam deyir:
چه افراشته شد در دو جهان پرچم عشق آدم و جن و ملک مانده به پیچ و خم و عشق
Hər iki cahanda yüksəldi eşq bayrağı
Adəm, cin və mələk eşqin dolanbacında ilişdi.
İrfan məktəbinə görə, gözəllik eşqin ilkin qaynağıdır. Bu mətləb imamın şeirlərində çox aydın ifadə olunmuşdur:
پر تو حسنت به جان افتاد و آن را نیست کرد عشق آمد درها را هر چه بد درمان نمود
16. Nuri – hüsnün canə düşdü, canı ol nur etdi yox,
Eşq gəldi, pis də olsa, dərdə dərman eylədi.
İrfan baxımından varlıq aləmi haqqın camal sifətinin təcəllisi sayılır. Bu məktəbə görə bütün varlıq aləmi hamısı Haqqa aşiqdir və Ona tərəf hərəkətdədirlər. Buna görə varlıq zərrələrinin hamısı Onun şövqü ilə yaşayır. Haqqın əzəli camalı varlığa hərəkət, şövq və şur vermişdir ki, bunların hamısı eşqin xüsusiyyətlərindəndir. Bu barədə İmam buyurur:
این قافله از صبح ازل سوی تو رانند تا شام ابد نیز بسوی تو روانند
سرگشته حیران همه در عشق تو غرقند دل سوخته هر ناحیه بی تاب و توانند
بگشای نقاب از رخ و بنمای جمالت تا فاش شود آنچه همه در پی آنند
ای پرده نشین در پی دیدار رخ تو جانها همه دل باخته، دلها نگرانند
17. Üz tutdu sənə sübhi-əzəldən ki, bu karvan,
Tək sən tərəfə ta əbədiyyət gəlir hər an.
Heyran olan hər kəs sənin eşqində olub qərq,
Gücdən düşərək yandı və qəb oldu nə suzan.
Göstər camalın, qoyma qala üzdə niqabı.
Aşkar ola ol ki, gedir ardınca hər insan.
Ey pərdənişin, bil səni görməkdən ötəri.
Canlar uduzur qəlbini, qəlb isə nigaran.
İrfandakı eşq məktəbinə görə hər bir aşiq Haqqın camal nuruna qərq olur, eşqin hərarətindən vəcdə gəlir. Haqqın cilvəsi onu bihuş edir, yeri və asimanı vəcdə gətirir. İrfan baxımından varlıq aləmində nə varsa hamısı haqqın camal sifətindən doğan nurla gözəllik tapır, hər bir gözəlliyin qaynağı onun cilvəsindəndir.
İmam deyir:
هر کجا پا بنهی حسن وی آنجا پیداست هر کجا سر بنهی سجده گه آن زیباست
جمله خوبان بر سر حسن تو سجود آورند این چه رنجی است که گنجینه پیر و برناست
18. Hara getsən, orada hüsnü onun peydadır,
Hara qoysan baş onun səcdəgahı zibadır.
Hüsnünə cümlə gözəllər də sənin səcdədədir,
Bu nə zəhmət, cavana, pirə düri-yektadır.
ما همه موج و تو دریای جمالی؟ ای دوست موج دریاست، عجب آنکه نباشد دریا
19. Biz hamı dalğasıyıq, sənsə camal dəryası,
Dalğadır, leyk əcəbdir o ki, olmaz dərya.
Deməli, bütün gözəlliklərdə Onun gözəlliyinin nişanəsi vardır. Ona görə məcazi eşq həqiqi eşqə yetişmək üçün sınaq və körpüdür. Məcazi gözəlliklərin hamısında gərək həqiqi yarın camalını görəsən.
İmamın etiqadına görə həqiqi gözəlliyə yetişmək üçün namazdan da istifadə etmək olar. İrfanda bütün ibadətlər həmin məqsəd üçündür. Yəni namazın ən mühüm rəmzlərdən biri budur. İmamın namaz haqqında söylədikləri dəqiq olaraq irfan məktəbi ilə uyğundur.
Həmin baxışa uyğun olaraq irfanda eşqi məcazi və həqiqi olaraq iki qismə bölmüşlər. Onların nəzərincə ibadətlər və şəriət hökmlərinin hamısı məcaz və həqiqətdən ibarətdir. Məcaz ibdətin zahiri və surəti hesab edilir, bunlar olmasa heç vaxt batin və hiqəqətə yetişmək olmaz. “Bil ki, insan şəriətin zahirindən başlamasa ilahi maarifdə heç bir yolu keçə bilməz”. Yəni məcazi mərhələdən keçmədən həqiqi mərhələyə yetmək olmaz.
Həzrəti İmam (r.ə) bu məktəbin digər tərəflərinə də riayət etmişlər. O, irfanın ictimai mövqeyinə diqqət yetirmiş, rəhbərlik etdiyi inqilabla bunu göstərmişdir.
Doktor İsmayıl Mənsuri Laricani bunu belə açıqlayıb: “İrfani məsələni zahidlikdən və salikin qəlbindən varlığın bütün sahələrinə şamil etmək lazım gəlir və keçmiş ariflər irfani məsələləri cəmiyyətə təhqir bilməmiş, bəlkə əksinə, cəmiyyətin irfana ehtiyacını hər bir elmdən daha atrıq bilmişlər. Bu baxımdan kamil arif eyni zamanda bir ictimai sülh keşikçisidir. Buna xatir peyğəmbərlər və məsum imamlardan sonra Həzrəti İmamı cürətlə arif adlandırmaq olar ki, cəmiyyətin islah edilməsi ilə irfan arasında peyvənd yaratdı”.
Həzrəti İmam Xomeyninin (r.ə) irfanında başa bir cəhət də müşahidə edilir ki, bu da fərdi və ictimai hadisələrə baxışdan ibarətdir. “İmamın (r.ə) irfani düşüncəsinin gövhəri iki ünsür: “məzhərşünaslıq” və “məhzərşünaslıqdır”. Yəni arif riyazət (nəfsini qorumaq) və seyr və süluk zamanı özünü Allah-təalanın hüzuruna yetirir. Aləmin hər yerini ilahi məhzər kimi görür. İmam buyurur: “Aləm ilahi məhzəridir”. Beləliklə, irfan dairəsi fərdi və ali məqalma məhdud deyil, bəlkə aləmin hamısı onun təsir sahəsinə daxildir, cəmiyyət isə onun bir qismidir. Əgər arif məhzərşünas olsa özünü Allah hüzurunda və onun cilvəsindən biri kimi görər, onda şücaət və qəhrəmanlıq ruhiyyəsi şölə saçar və o zaman Allahdan savayı heç bir qüdrətdən qorxmaz. Çünki özünü Allahın məhzərində görər və bu iki cəhət ictimai reforma və dini hərəkatın düşüncə pirinsipidir.
İmam öz əsərlərində hamıdan daha çox tohid və Allahı tanıma məsələsinə girişmişdir. İlahinin zatı, ad və sifətləri mövzusunda əksər mütəkəllimlərin, filosofların və əvvəlki ariflərin fikir və mülahizələrini tənqid və təhqiq etmiş, onların qarşılaşdığı çətinlikləri təşəbbüs və yeniliklərlə ortadan götürmüşdür. Onun əsərlərində ilahinin gözəl adları həmişə bütün adlardan üstündür. O, yazır: “İlahinin ismi-əzəm adından ilk dəfə hər nə zahir olursa, Rəhman və Rəhim sifətlərə dəlalət edir və bunlar iki gözəl adlar sayılır və ilahi adların hamısına şamil edilir. Yəni Allahı həmişə camal sifətilə tanımaq mümkündür və Onun cəlal sifəti də camaldan bir qisim hesab olunur.”
İrfanda bu məsələ həmişə diqqət mərkəzində olub. Misal olaraq Cilinin (hicri, 767-805) “Kamil insan” kitabına işarə etmək olar: “Allahın camal sifəti Onun uca vəsfi və gözəl adlarıdır. Lütfdən doğan sifətlər – varlıq, nemət, ruzi və xilqəti əhatə edir. İluhiyyət və ülviyyət kimi sifətlər camal və rübubiyyət adlara (iluhiyyət, ülviyyət) və qüdrət baxımından cəlal adlara aid edilir. Rəhman adı da Allahın gözəl adlarındandır. Ancaq Rəhim adı cəlal sifətinə aiddir. Haqqın camalı iki növdür:a) mənəvi, gözəl adlar və ali vəsflər mənasında işlənir b) surət mənasında işlənir. Bu isə həmin mütləq aləmdir ki, ondan varlıq təbəqələrinə keçir. Aləmdəki xoşagəlməzliklər və qəbahətlər də onun lətafət və gözəlliyidir, hər şey Onun camal surətinin zirvəsidir. Ona görə, vücud, varlıq öz kamalı baxımından gözəl bir surətdir və İlahi camalının məzhəridir. Hər bir hiss olunan, duyulan və ağıl ilə bəlli olan xəyal, əvvəl, axır, zahir, batil, söz, fel(hərəkət), məna və s. bunların hamısı İlahinin camal və kamal sifətinin təcəllisidir.”
İrfan məktəbində Mənsur Həllac, İbn Ərəbi, Molla Sədra kimi şəxsiyyətləri bəzi zahirpərəstlər kafir sayırdılar. İmam isə başqa böyük ariflər kimi onların fikirlərindən bəhrələnmişdir. İmam Hafizin bir beytinə istinad edərək buyurur: “Allah Təala özünün cəmi kamil adları ilə bütün varlıq təbəqələrinə təcəlli etdi, İnsan aynasında özünü göstərdi. Həqiqətən Allah Adəmi öz surətində xəlq etdi”.
نظری کرد که بیند به جهان صورت خویش خیمه در اب و گل مزرعه آدم زد
20. Cahana baxdı ki, öz surətini görsün,
Adəmin zəmisində su və gildən xeymə qurdu.
Deməli, insan Allahın əzəmətli adının təcəllisi, Onun uca kölgəsi və xəlifəsidir. Heç bir məktəb və fəlsəfədə İnsan məqamı bu əzəmətə yetişmir. İmamın arifanə baxışları O, Həzrətin iki əsərində — “Misbahul-hidayət fil-vilayət vəl-xilaf” və “Təliqatun əla şərhi fisusil-hukm və misbahil-üns”də öz əksini tapmışdır.Onun arifanə fikirləri maraqlıdır.
Şəriət, təriqət və həqiqətdən bəhs edərkən bildirir ki, “Təriqət və həqiqət şəriətdən hasil olur, şəriətin zahiri və təriqət həqiqətin batini üçündür və zahir batindən ayrılmaz”.
İmam, Həmd, Tovhid, Qədr və Ələq surələrini arifanə üslubda təfsir etmişdir. Onun nəzərində Quran bir süfrədir ki, hər kəs öz ölçüsündə gərək ondan istifadə etsin. Heç vaxt Allah kəlamının zahiri ilə kifayətlənməmiş, həmişə batini mənaya yetişməyə səy etmişdir. İmamın arifanə fikirlərinin tədqiqi ayrıca bir mövzudur. İmam həzrətlərinin firqə və sufi silsilələrinin heç biri ilə bağlılığı olmamış və irfanda elə bir yüksək zirvədə qərar tapmışdır ki, heç bir firqə çərçivəsinə sığmır. O, İslamın həqiqi nümayəndəsi, Rəbbani alim və İlahi arif olaraq etiqad baxışından irfanın xalis və saf üsüluna əsaslanmışdır.
Hacı Aydın Nəsiri