|

«İkinci dünya savaşında azərbaycanlıların rolu» mövzusunda konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 0,50 out of 7)
Загрузка...

Mayın 5-də Beynəlxalq Mətbuat Mərəkzində «İkinci dünya savaşında azərbaycanlıların rolu» mövzusunda konfrans keçirilib. Konfransın təşkilatçısı «Etnoqlobus» beynəlxalq informasiya və analitik mərkəzidir.

Tədbiri giriş sözü ilə açan «Etnoqlobusun» direktoru ,politoloq Gülnara İnanc bildirib ki, tədbirin keçirilməsi iki səbəb əsaslanır: ötən əsrdə azərbaycanlıların vətənpərvərliyi və döyüşkənlik faktlarını günümüzdə vətənpərvərliyin gücləndirilməsində istfiadə etmək və vətənə sevgi hissini gücləndirmək. «Sovet İttifaqının tərkibində kiçik vətənimiz Azərbaycan böyük vətənin tərkibində idi. Böyük vətən faşizmə təslim olardısa, kiçik vətən məhv olacaqdı. Vətən də insan kimi həmişə şad günlər yaşamır, ona təcavüz olanda  vəxəstələnəndə də vətəni qorumaq və sağaltmaq lazımdır. İkinci Dünya savaşında da vətənimiz təhlükə altında olanda azərbaycanlılar torpaqlarını qorumağa qalxıb. O dövrdə də  Qarabağ savaşında olduğu kimi Azərbaycanda yaşayan bütün xalqlar vətən uğrunda birgə vuruşub», -G.İnanc dedi.

AMEA İnsan haqları institutunun əməkdaşı , Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov çıxında faşist Almaniyasının Qafqazı işğal və  SSRİ-nin başlıca neft qaynağı olan Azərbaycanı və Şimali Qafqazı ələ keçirmək haqda «Edelveys» planına toxunub: «Həmin plana əsasən faşistlər sentyabrın 25-i 1942-ci ildə Bakını ələ keçirməli idi. Nalçik, Orconikidze,roznı, Maxaçqala və Bakında müdafiə rayonları yaradılmışdı. Qafqazı ələ keçirəndən sonra faşistlər Yaxın Şərqə göz dikmişdilər. Amma Hitleri «A» ordu qruplaşması Qafqaz döyüşlərində 100 000 canlı qüvvə itirdi».

R.Hüseynov Hitlerin İran əməliyyatından danışarkən qeyd edib ki, müttəfiqlərin qoşunu bu ölkədə keçirilən əməliyyat nəticəsində Rza şah Pəhləvini devirib,dəmir yolları və neft yataqları üzərində nəzarət yaradıb. Qeyd edək ki, İkinci dünya savaşında İran Hitler Almaniyasının müttəfiqi olub.

AMEA Tarix institutunun əməkdaşı Nigar  Axundova müzakirə olunan dövrdə ədəbiyyatın rolundan danışıb.

N.Axundova deyib ki, İkinci dünya savaşı dövründə yazılan bədii əsərlər, musiqilər xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edib:

«Ü.Hacıbəyov, S.Vurğun, Rəsul Rza, Mirmehdi Seyidzadə və onlarla ədib və musiqiçimiz arxa cəbhədə milli ruhu gücləndirmək üçün əsərlər yazır, xalqın içində, o cümlədən cəbhədə çıxış edirdilər. Döyüş ruhunun qaldırılması , vətənpərvərlik hissinin, vətənə bağlılıq hissinin gücləndirilməsi üçün mədəniyyət xadimlərinin rolu əvəzsizdir və bu amilin faşizm üzərində qələbənin əldə olunması üçün əhəmiyyəti danılmazdır».

 

AMEA Tarix institutunun digər əməkdaşı Nərminə Əmirbəyova isə azərbaycanlıların faşistlərə qarşı müqavimət hərəkatında rolunu araşdırıb.

N.Əmirbəyova araşdırmaçıların artıq məlum olan faktlarla işlədiklərini  və Avropa partizan hərəkatında olan bir çox azərbaycanlılraın adının kölgədə qaldığına diqqət yönəldib:

«Faşistlərin işğalı altında olan Avropa ölkələrində Mehdi Hüseynzadədən başqa Cavid Həkimli, Firudin Hüseynov, Cəmil İsmaylov kimi azərbaycanlı partizanlar vuruşub».

AMEA İnsan Haqları institutunun əməkdaşı Mixail Bekker öz çıxışında Azərbaycanda yaşayan yəhudilərin də faşizmə qarşı müharibədə digər xalqlarala birlikdə vuruşduğuna toxunub:

«Mənim  dayım Şimali Qafqazda Maykop altında faşistlərə əsir duşub. Onun yanında olan azərbaycanlılar onun yəhudi olduğuun gizlədiblər . Dayıma bir neçə müsəlman duası öyrədib onu müsəlman kimi qələmə veriblər. Azərbaycan həmişə tolerant ölkə olub.»

Bekker həmçinin deyib ki, indi kommunizmlə faşizmi eyniləşdirmək cəhdləri var. Faşistlər öz irqindən başqasını qəbul etmir, onun yaşamaq haqqını tanımır. Kommunizm döıründə repressiyalar olub, amma bu faktlar faşizmlə müqayisəyə gəlməz.

AMEA Tarix İnstitutu Qafqaz tarixi şöbəsinin böyük elmi işçisi , professor Sevinc Əlieva İkinci düna savaşında kölgədə qalan məsələlərə toxunub.

«İkinci dünya savaşından danışanda həmin dövrdə dinc əhali arasında faşistlərə əməkdaşlıq ittihamı ilə repressiya olunanlar haqda mütləq deyilməlidir. Türkiyə ilə sərhəddə yaşayan türk,müsəlman xalqlarının  düşmən tərəfində keçmək təhlükəsi Sovet İttifaqının o dövrdəki hakimiyytəini qorxudurdu.

Diqqətdən kənarda qalan başqa bir məsələ isə legionerlərlə bağlıdır.

Faşist Almaniyasının rəhbərliyi uzun müddət Məmməd Əmin Rəsulzadəni öz tərəflərinə çəkməyə çalışırdı. M.Ə.Rəsulzadənin emiqrasiyadakı fəaliyyətinin başlıca hissəsi Azərbaycanın müstəqilliyni qaytarmaqdan ibarət idi. 6 ay ərzində Drezdendə faşistlər Rəsulzadə ilə danışıqlar aparırdı. Türk jurnalisti Uğur mumçu yazırdı ki, Rəsulzadəni nə şöhrətlə, nə pulla, nə vəzifə ilə satın ala bilməmişdilər. Onun almanlarla əməkdaşlığını mümkün edəcək yeganə şərt Azərbaycanın müstəqilliyi idi.

Həqiqətən, Berlinin Sovet qoşunları tərəfindən alındığı ərəfədə faşistlər Sovet İttifaqının tərkibində olan xalqlara müstəqillik  vəd etdilər

M.Ə.Rəsulzadə 1943-cü ildə öz çıxışında demişdi: «Azad və suveren yaşayan ölkələri işğal edən Almaniya kommunistlər tərəifndən işğal olunmuş Azərbaycana müstəqillik verə bilməz».

 

Azərbaycan Ukrayna icmasının sədri Aleksandr Fedosieviç Zareçnıy faşizmə bəraət olmadığını bildirib: «İkinci dünya savaşında o vaxt böyük vətənimiz olan SSRİ aqressiya ilə üzbəüz idi. Aqressiya və aqressora heç bir bəraət yoxdur. O zaman biz Sovet İttifaqınnı tərkibində idik və vətənimizi qoruyurduq. Mənim 2 dayım həmin müharibədə faşistlər tərəfindən güllələnib, atam isə cəbhədə vuruşub.».

Azərbaycan Ukrayna icmasının veteranlar Şurasının sədri Pereviükiy Leonid Pavloviç Azərbaycanın və azərbaycanlıların İkinci dünya savaşında həm ön , həm də arxan cəbhədə rolundan ətraflı danışıb: “Azərbaycan faşislərə qarşı yalnız yanacaqla çıxmayıb. Azərbaycanda qırıcı təyyarələr, avtomatlar, məşhur «katyuşaların» və digər hərbi texnikanın hissələri yığılıb».

DAK-ın Tatarstan bölməsinin sədri  Sərraf Kərimov azərbaycanlıların vətəninə həmişə bağlı olduğunu və aqressora qarşı fədakarlıqla vuruşduğunu qeyd etdi: “Azərbaycanlıların guya döyühkən olmadığı irəli sürülür. Bu, düşmənlərin və azərbaycan mentalitetinə yaxından bələd olmayanların uydurmasıdır. İkinci dünya savaşında yaranan Azərbaycan batalyonları və Qarabağ savaşındakı qəhrəmanlılaqlar xalqımızın düşmənə qarşı barışmaz və torpaqlarımızın işğaldan qurtarması üçün hazır olduğunu göstərir».

Azərbaycan «Tatarstan» cəmiyyətinin sədr müavini Emin Ramazanov tatar əsilli azərbaycanlıların İkinci düyna savaşı ilərində ön və arxa cəbhədə iştirakından danışıb.

O, həmçinin Bakıya «Qəhrəman şəhər» fəxri adının verilməsi üçün uyğun bir yol tapılmasının lazım olduğunu deyib.

«Tatarstan» cəmiyyətindən Fərxad Qafurov isə çıxışında dedi ki, tatarlar Qarabağ savaşında vuruşublar: « Qarabağda tatarlardan ibarət batalyon olub. Azərbaycanın düşməni tatarların düşmənidir».

Konfransda AMEA İnsan haqları institutunun əməkdaşı Eldar Qorin, Belarusiyanın Bakıdakı səfirliyinin konsulu Andrey Adamuşko, Rusiya səfirliyinin mətbuat attaşesi Ayla Məmmədova da çıxış edib.

A.Adamuşko İkinci Dünya savaşına Azərbaycanda belə bir marağın olmasından məmnunluğunu bildirib və Belarusiya vuruşan azərbaycanlılar haqda məlumat toplamaq üçün alimlərimizin arxivlərdə işləməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

A.Məmmədova isə öz növbəsində Azərbaycan alimləri və ictimaiyyətində Sovet İttifaqı dağılandan sonra da İkinci Dünya savaşı haqda pozitiv yanaşmanın saxlandığından və inkişaf etdirildiiyndən məmnunluğunu bildirib.

E.Qorin isə dünyada yeni çağırışların olduğunu və faşizm təhlükəsinin qayıtmaması  üçün alimlərimizin və ictimai xadimlərin üzərinə böyük yük düşdüyünü qeyd edib.

 

Konfrans iştirakçıları tədbirin əhəmiyytəini xüsusi vurğulayıblar.


Leave a Reply