|

I Şah Təhmasib dövründə təbabət

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 4,00 out of 7)
Загрузка...

Turac Qədimi, AMEA A.A.Bakıxanov adına Tarix institutunun dissertantı

XVI əsrin başlanğıсında mərkəzi Təbriz şəhəri olan Azərbayсan Səfəvilər dövləti yarandı. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətin əvvəlki dövrlərlə müqayisədə daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbayjan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniy¬yət sahəsində müəyyən tərəqqiyə nail olmuşdur.
Şəhər həyatının canlanması Səfəvilər dövlətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri hesab edilir. Böyük şəhərlərdə səhiyyə məsələləri¬nə də diqqət yetirilirdi.
1555-ci ildə I Şah Təhmasib tərəfindən paytaxt Təbrizdən Qəzvin şəhərinə köçürüldü. Yeni paytaxt tədricən saray əyanlarını və şahın qohumlarının nəzər diqqətini özünə cəlb etdi və onlar paytaxt şəhərdə məskunlaşmağa başladılar. Onların və burada yaşayan digər əhalinin müalicə məsələlərinin qaydaya salınmasına ehtiyac yaranırdı.
Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyəti dövrü ölkənin həyatına bir sıra ümdə dəyişikliklər gətirdi. Ticarət, sənətkarlıq, inkişaf etmiş incəsənət və memarlıq özünün ən yüksək səviyyəsinə çatmışdı.
Amma təcrübi elmlər sahəsində, xüsusilə də tibb elmində vəziyyət fərqli idi. Səfəvilər dövründə təbabət elmi müəyyən tərəqqiyə nail olsa da, bu, yetərli deyildi. Əlbəttə bu, o demək deyil ki, Səfəvilər dövründə tibb elmi və müalicə sahəsində heç bir mütərəqqi addımlar atılmadı, bəlkə də, sonrakı dövrlərlə müqayisədə tibb elmi daha çox canlanmışdı. Tanınmış təbib alimlər meydana çıxmışdı. Məsələn, Bəhaüddövlə tibb elmini Heratda hindistanlı alimlərdən öyrənmiş [1,s.266], Rey şəhərinə qayıdandan sonra təcrübəli həkim kimi fəaliyyət göstərmişdir. O, tibb sahəsində əldə etdiyi təcrübəsini gələcək nəsillərə öturmək məqsədi ilə «Xülasə ət-Təcarüb» adlı kitabını yazdı.
Kiril Olqudun «İranda tibb elminin tarixi» adlı əsərində, Bəhaüd¬dövlənin sözü gedən kitabı barədə deyilir: «…mənim fikrimcə, bu əsər monqolların hücumundan sonra tibb elmi sahəsində fars dilində yazılmış ən mükəmməl dərslik hesab edilə bilər. Bu, yalnız mənim fikrim deyil, çünki Səfəvilər dövründə yaşamış təbib, alim Əli Əfzəl Qate Qəzvini
tibb elmini təzəcə öyrənmiş qardaşına tibb elminə aid fars dilində yazılmış yalnız iki kitabı tövsiyə etmişdir ki, onlardan biri «Zəxire-yi Jorcani», digəri isə Bəhaüddövlənin yazdığı «Xülasə ət-Təcarüb» kitabı olmuşdur. Əlbəttə ki, adı çəkilən ilk kitab monqolların hücumundan qabaqkı dövrlərdə yazılmış kitablar sırasına daxildir» [2,s.390].
I Şah Təhmasib dövründə təbabət
Osmanlıların hücumları zamanı Təbriz şəhərinin ələ keçirilərək dağıntılara məruz qaldığını nəzərə alan I Şah Təhmasib 1555-ci ildə paytaxtı Qəzvin şəhərinə köçürdü.
«Xülasə ət-Təvarix» əsərində bu barədə deyir: «…Şah belə bir qərara gəldi ki, Qəzvin şəhəri məmləkətin tam ortasında yerləşdiyindən, qışlaq və digər ölkələrə yaxın olması baxımından ən münasib mahal olduğuna görə, həmin şəhəri paytaxt elan etsin» [3, s.378].
Həmin dövrdə sarayda fəaliyyət göstərən tibbi heyət bir baş həkim və bir neçə digər həkimlərdən ibarət idi. Şahın ailə üzvlərinə xidmət göstərən baş həkim «Həkimbaşı» adlanırdı. Həkimbaşı şahın əyanları ilə yaxın əlaqədə olduğundan, habelə xüsusi toplantılarda iştirak etdiyinə görə böyük imtiyazlara malik idi. Şahın nəbzini tutmaq həkimbaşının xüsusi imtiyazlarından hesab edilirdi. Bundan əlavə, o, bütün ölkədə həkimlərin işə götürülməsi, onların məvaciblərinə nəzarət etmək məsuliyyətini daşıyırdı.
Vilayət hakimlərinə xidmət edən həkimlərin işə təyin edilməsi üçün qərarları da həkimbaşı verirdi. Rəis ül-Vüzəra (baş vəzir) səhiyyə ilə bağlı görüləcək bütün işlərdə onun göstərişlərinə tabe idi.
Həkimbaşı vəzifəsindən bir pillə aşağıda, dərmanların satışı üzrə sədr və ya «Əttarbaşı» vəzifəsi gəlirdi [5,s.296].
Səfəvilər dövründə istehsal emalatxanaları birbaşa hökumət tərəfindən yaradılır və idarə edilirdi. Baxmayaraq ki, bu sahədə ən yüksək inkişaf Şah Abbasın dövrünə təsadif edir, amma onun bünövrəsi I Təhmasibin vaxtında qoyulmuşdu. Həmin karxanalarda çalışan işçilərə güzəştli müalicə xidmətləri də göstərilirdi. Başqa sözlə desək, müasir dövrümüzdə «işçilərə tibbi xidmət» adlandırdığımız bu iş, orta əsrlərdə özünün ilkin ibtidai formasında Azərbaycanda, Qəzvin şəhərində həyata keçirilirdi.
Şaha məxsüs karxanalarda çalışan işçilərə gəldikdə isə, onlar saray həkimləri tərəfindən pulsuz müalicə edilmə imtiyazlarına malik idilər və müalicə üçün lazım olan dərmanları pulsuz ala bilirdilər. Bununla yanaşı, imkansız işçilərin ehtiyaclarını təmin etmək məqsədi ilə «şərbətxane-ye xeyriyye-ye padşahi» adlı xeyriyyə əczaxanası təsis edilmişdi. Bu əczaxana Şah Təhmasibin şəxsi həkimi olan və sonralar «Həkim Xeyri» ləqəbi ilə məşhurlaşan Yar Əli Tehrani tərəfindən idarə olunurdu. O, tanınmış həkim idi və əczaçılığa dair bir kitab da yazmışdı. «Aləmara-yi Abbasi» əsərində həmin şəxs barədə yazılır:
«…o, fəzilət və kamal sahibi, xoş müsahibət, xoş təb və gülərüz bir insan idi. O, Padşahın diqqətini özünə cəlb etmiş və onun lütfkarlığından bəhrələnirdi…» [6,s.266].
Həmin əczaxana uğur qazandı və bir müddət keçdikdən sonra işlərin yaxşı getdiyini görən Yar Əli Tehrani iki oğlunu özünə köməkçi götürdü. Onun Nurəddin Əli və Həkim Şərif adlı oğlanlarının hər ikisi həkim oldu. Həkim Xeyri ömrünün sonunda dərvişliyə üz tutdu və dünyəvi işlərdən əl çəkdi. Bundan sonra əczaxananı onun oğlanları idarə etdi [7,s.458].
Dövrün tanınmış həkimləri
Səfəvilər sarayında bir neçə digər məşhur həkimlər də fəaliyyət göstərirdi. Həmin dövrdə yaşamış tarixçilər, o cümlədən İskəndər bəy Münşi və Məhəmməd Yusif Valeh İsfahani onlar haqqında bəzi məlumatlar vermişdilər. Beləliklə, I Şah Təhmasibin sarayında fəaliyyət göstərən bir neçə məşhur həkimlərin həyat və fəaliyyəti ilə tanış olaq.
Rüknəddin Məsud Karzuni
I Şah Təhmasib çalışırdı ki, cəmiyyətdə islam əxlaq normalarını və şəriət qanunlarını zorla da olsa tətbiq etsin. Təbiidir ki, belə vəziyyətdə şəriət qanunlarına zidd olan hər hansı bir rəftar və ya əməllərə qadağa qoyulmalı idi. Bu işlərdə şahı dəstəkləyən və onu təhrik edən vəziri Əmir Müizəddin Məhəmməd İsfahani idi. Lakin bir müddət sonra saray təbiblərindən olan Rüknəddin Məsud Karzuni tərəfindən hiylə quruldu və şah onun təsiri altına düşərək, vəzirini saraydan qovdu. Şahın qəzəbinə düçar olduğunu görən Müizəddin Məşhəd şəhərinə qaçmalı oldu və orada zahidlik həyatı sürərək dünyasın dəyişdi. Şah tezliklə öz əməlindən peşman oldu və tapşırıq verdi ki, Həkimbaşını oda atsınlar.
Həmin həkimin fəaliyyətinin bir sıra xüsusiyyətlərini K. Olqud belə şərh edir:
«Rüknəddinin müasirləri onu tibb sahəsində istifadə etdiyi üsullara görə təbabət qaydalarına əməl etməyən bir şəxs hesab edirdilər, amma buna baxmayaraq, onun bu sahədə apardığı dəyişikliklər ümumi xalq tərəfindən qəbul edildi» [8,s.403].

Mövlana Nurəddin
Şah Rüknəddinə qarşı etdiyi ağır rəftara baxmayarq, onun oğlu Mövlana Nurəddinə ehtiram göstərdi.
Bu şəxs əməli irfanı təbabətlə sintez etmiş və öz müasirlərinin diqqətini cəlb etmişdi. Odur ki, onu həmişə yaxşı bir həkim kimi yad edirlər. Maraqlı burasıdır ki, həmin təbib böyük şöhrətə malik olduğuna və I Şah Təhmasibin dəvətinə baxmayaraq, ömrünün axırınadək siyasi çəkişmələrdən uzaqda, bir yaxşı saray təbibi olaraq yaşamışdır [9,s.458].
Mirzə Əbülfəth Təbrizi
I Şah Təhmasibin saray həkimlərindən biri də Mirzə Əbülfəth Təbrizi olmuşdur. Boyu çox balaca olduğuna görə, onu «Kiçik həkim» adlandırırmışlar. İskəndər bəy Münşinin verdiyi məlumata görə, o, çox mahir bir həkim idi, xalq arasında böyük şöhrəti vardı. «Xoldi Bərin» əsərində onun ömrünün son anları barədə belə məlumat verilir: « Kiçik Həkim Padşahın inayəti və ehtiramı nəticəsində yüksək məqama yetişdi, amma sonda öz hövsələsizliyinə görə onun qəzəbinə tuş gəldi və həyat piyaləsi dolub daşdı » [10,s.458].
Mirzə Əbu Nəsr Gilani
Nisbətən tanınmış həkimlərdən biri də Mirza Əbu Nəsr Gilanidir. O, həkimlik fəaliyyətinə orduda başlamışdı. Bir gün onu şahı müalicə etmək üçün çağırdılar və həmin müalicə uğurla nəticələndi. Padşah buna görə onu özünün ailə həkimi vəzifəsinə təyin etdi. O, bu vəzifədə olduğu dövrdə şahın varisi Heydər Mirzə ilə tanış oldu. Amma çox keçmədən bu tərəqqi onun qürurunu artırdı və saraydakılarla kobud rəftar etməyə başladı. Həmin təkəbbürlülük onu dəhşətli bir sonluğa sürüklədi. I Şah Təhmasib dünyasını dəyişən zaman, bir qrup şəxs Şahın onun sui-qəsdi nəticəsində zəhərlənərək öldüyünü iddia etdi. Heydər Mirzənin fitnəsi İsmayıl Mirzə vasitəsilə yatırıldıqdan və Qəzvində kütləvi qırğın törədildikdən sonra, bəxti dönmüş həmin həkimi gizləndiyi yerdən tapıb çıxararaq parça-parça etdilər və bədənin hissələrini gizləndiyi yerin yaxınlığındakı hovuza atdlar [11,s.163].
Kəmaləddin Hüseyn Şirazi
Məzhəb təəssübkeşliyinin zirvə nöqtəsinə çatdığı bir dövrdə başı bəlalar çəkmiş şəxslərdən biri də Kamaləddin ləqəbi ilə tanınmış saray təbibi Hüseyn Şirazı olmuşdur. O, şərab düşkünü olduğuna görə saraydan qovulmuşdur. Onun içki düşkünlüyü barədə İskəndər bəy Münşi yazır: «…içkiyə qurşandığından zühd və təqvadan uzaqlaşdı…» [12,s.264]. Sonra bunun üstə saraydan qovuldu. O, bundan sonra nəzəri və praktik təbabətdən xəbərdar olan Əhməd Xan Gilani adlı bir yerli hakimin yanına getdi və onun yanında xidmət edərək dünyasını dəyişdi. Şiraz şəhərindən və Kəmaləddinin nəslindən olan digər bir həkim də var idi ki, onun da I Şah Təhmasibin tanınmış saray həkimlərindən olmağına baxmayaraq, şərab içdiyinə görə tez-tez Yəzd şəhərinə sürgün edilirdi.
İmadəddin Mahmud
Dövrün məşhur saray həkimlərindən biri də təbabət və hikmət alimi kimi tanınmış İmadəddin Mahmud olmuşdur. O, öz fəaliyyətinə Şiraz şəhər hakiminin yanında başlamış, sonralar bir müddət I Şah Təhmasibin sarayında xidmət etmişdir. Amma görünür, o, saray əyanlarından uzaq olmağı daha uyğun bilib, oradan Məşhədə getmişdi. Həmin həkimdən bir neçə xəstəliklər barədə kitabçalar qalmışdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, I Şah Təhmasib dövründə Azərbaycanda təbabətdə müəyyən nizam yaranmış və tanınmış təbiblər insanların müalicəsi ilə məşğul olmağa başlamışdılar. Onlar öz elmi biliklərini praktikada tətbiq edirdilər.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT
1. رکن الحکما فیلسوف الدوله عبدالحسین بن محمد طبیب تبریزی ، مطرح الانظار فی تراجم اطباء العصار و فلاسفه المصار ،تهران، انتشارات موسسه مطالعات تاریخ پزشکی ، 1383هجری شمسی .
2. الگود ، سیریل ، تاریخ پزشکی ایران و سرزمین های خلافت شرقی ، ترجمه دکتر باهر فرقانی ، تهران، امیر کبیر ، 1371 .هجری شمسی .
3. قاضی احمد بن شرف الدین الحسین الحسینی القمی ، خلاصة التواریخ ، به تصحیح احسان اشراقی ، تهران، انتشارات دانشگاه تهران ، 1359هجری شمسی .
4. سیوری ، راجر ، ایران عصر صفوی ، ترجمه کامبیز عزیزی ، تهران، انتشارات سحر ، 1366. هجری شمسی
5. الگود ، 1371 . هجری شمسی.
6. اسکندر بیگ منشی ، تاریخ عالم آرای عباسی ، به تصحیح اسماعیل رضوانی ، تهران، دنیای کتاب ، 1377 . هجری شمسی .
7. محمد یوسف واله اصفهانی ، خلد برین ، به کوشش میر هاشم محدث ، تهران، انتشارات ادبی و تاریخی ، 1372 . هجری شمسی .
8. الگود ، 1371 . هجری شمسی .
9. اسکندر بیگ منشی ، 1377 . هجری شمسی .
10. واله اصفهانی ، 1372 . هجری شمسی .
11. فیلسوف الدوله ، 1383 . هجری شمسی .
12. اسکندر بیگ منشی ، 1377 . هجری شمسی .
13. واله اصفهانی ، 1372 . هجری شمسی .

AZƏRBAYSAN MİLLİ ELMLƏR AKADEMİYASI
TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR
2009, cild 31

Leave a Reply