|

Həzrət Bəhaullah- İlahi Vəhyin açılışı, həbslər və sürgünlərlə zəngin bir həyat

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Qızıl Əsrin gəlişinə inananlar

2017-ci il oktyabr ayının 21 və 22-də Bəhaullahın ardıcılları – bəhailər və əsrlər boyu sürən müharibələr və münaqişələr erasının sona yetməsinə ümid bağlayan insanlar dünyanın 195 ölkəsində Onun Mövludunun 200 illiyini qeyd etməyə hazırlaşırlar. Bəhailər inanırlar ki, Bəşəriyyət yeniyetməlik dövründən yetkinlik dövrünə qədəm qoymağa başlamışdır. Bu Yeni Erada Bəşəriyyətin birliyi nəinki mümkündür, o hətta qaçılmazdır. Bəhailər həmçinin əmindirlər ki, Bəhaullah – “Dünyanın üfüqündə doğmuş Günəş”, “Yeni İlahi müjdənin Daşıyıcısı” və “Vəd Olunmuş Kəs” Öz Vəhyi ilə bəşəriyyətin həyatında Ədalət, Sülh və Qardaşlıq, əmin-amanlıq və firavanlıq dövrünü –Qızıl Əsri başlatmışdır. Hazırda dünyada baş verən proseslərə baxdıqda, bir daha əmin oluruq ki, İnsanlıq son nəticədə sülhdən başqa yol olmadığını dərk edəcək və Bəhaullahın gətirdiyi təlimlər “insanlığı miskinlik və rüsvayçılıq vadisindən qüdrət və şərəf zirvələrinə aparacaqdır”. Bəhaullah ingilis şərqşünası Edvard Braunla söhbətində bu sözləri demişdir: “Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa; insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə; dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burada zərərli nə var?.. Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır…”
Danılmaz faktdır ki, O, Öz Təlimi ilə yer üzünün bütün irq, mədəniyyət, sinif və millətlərinə mənsub olan milyonlarla insanı heyran etmiş və onların sədaqətini qazanmışdır. Bu fenomen müasir dünyada heç nə ilə müqayisə oluna bilməz. Bəhaullah deyir ki, O, insanlığın yetkinlik dövründə Allahın Elçisi, əvvəlki dinlərdə verilmiş vədləri yerinə yetirən İlahi Vəhy Daşıyıcısıdır və bu, dünya xalqlarının birləşməsi üçün ruhani sinir və əzalar yaradacaqdır.

Bəhaullahın Yazıları irqlər, dinlərin və millətlərin inteqrasiyası, dünya vətəndaşlığı, qadın-kişi bərabərliyi, tərki-silah və kollektiv təhlükəsizlik kimi sosial məsələlərdən başlamış insan qəlbindəki ən gizli duyğulara dair həyati məsələlərə qədər çox geniş mövzu dairəsini əhatələyir. Son onilliklərdə Onun seçilmiş əsərlərinin dünyanın 800-dən artıq dilinə tərcümə olunması sahəsində aparılan məqsədyönlü proqram bu əsərləri hamının əli çatan mənəvi sərvəti etmişdir.

Mirzə Hüseyn Əli Bəhaullah

İranda, Tehran şəhərində 12 noyabr 1817-ci ildə doğulmuş Mirzə Hüseyn Əli Bəhaullah əsilzadə həyatının bütün imtiyazlarından istifadə edirdi. Məhdud bir rəsmi təhsil almasına baxmayaraq, erkən yaşlarından hikmətliliyi ilə seçilirdi. Hələ gənc yaşlarından atası kimi hökumətdə mənsəb arxasınca getməkdən imtina edərək Mirzə Hüseyn Əli həyat yoldaşı ilə birlikdə, Öz enerjisini kasıbların qayğısına qalmağa həsr etmək yolunu tutdu.
XIX əsrin əvvəlləri bir çox ölkələrdə İlahi Xilaskarın gəlişinin gözlənilməsi dövrü idi. Avropa və Amerikada tampliyerlər və milleritlər kimi dini cərəyanların nümayəndələri hesab edirdilər ki, xristian kitablarında bəşər tarixinin sona çatdığını və İsanın ikinci gəlişinin yaxınlaşması haqqında öz inamlarının sübutunu tapmışlar. Orta Şərqdə də belə bir həyəcanla Quranda və İslam hədislərində verilmiş xəbərlərin tezliklə həyata keçməsini gözləyirdilər. Tarixdə bu gəlişin gözlənilməsinin ən dramatik ifadəsi İranda baş verdi və o, tarixdə “Bab” adı ilə tanınan gənc şirazlı tacirin şəxsiyyəti və təlimi ilə bağlı oldu. Doqquz il ərzində – 1844-cü ildən 1853-cü ilədək – İran cəmiyyəti ümid və həyəcan içində yaşadı. Bab deyirdi ki, “Allahın Günü” yaxınlaşır. Onun Özü isə İslamın yazılarında adı çəkilən Vəd olunmuş Kəsdir və bəşəriyyət həyatımızın bütün sahələrində dəyişikliklərin baş verəcəyi yeni dövrün astanasındadır. Hələ öyrənilməmiş bilik sahələri bu yeni dövrdə, hətta uşaqlara XİX əsrin ən savadlı alimlərini üstələmək imkanı verəcəkdir. Bab deyirdi ki, onun İlahi Missiyası isə bəşəriyyəti bu dəyişikliklərin özəyi olan və bütün dinlərin ardıcıllarının gözlədiyi ümumdünya Allah Elçisinin – “Allahın zahir edəcəyi Kəsin” – gəlişinə hazırlamaqdan ibarətdir.

Babın dinini qəbul etməsilə, Bəhaullahın və ailəsinin həyatı həmişəlik dəyişdi. Onlar heç vaxt şəxsən görüşməsələr də, Mirzə Hüseyn Əli Babın müjdəsini eşidən andan dərindən ona inandığını bəyan etdi və bütün enerji və nüfuzunu onun yayılmasına sərf etdi. 1848-ci ildə, Mirzə Hüseyn Əli Babın ardıcılları üçün Xorasanın Bədəşt məntəqəsində çox əhəmiyyətli bir toplantı təşkil etdi və bu toplantı yeni dinin (Babi Dininin) müstəqil olmasını təsdiq etdi. Bu zamandan etibarən, O, ərəbcə mənası “Allahın Cəlalı” olan Bəhaullah adı ilə tanındı. İcma böyüdükcə, onun səbəb olduğu müxalifət də şiddətləndi. Üç yüz nəfər babi Şeyx Təbərsi məqbərəsinə sığınanda, Bəhaullah onlara qoşulmaq üçün yola düşdü, lakin tutuldu və zindana atıldı. 1850-ci ildə Bab camaat qarşısında edam edildi. Babın öldürülməsindən sonra, tezliklə aydın oldu ki, Bəhaullah babilərin üz tuta biləcəkləri yeganə Şəxsdir.

İlahi Vəhyin açılışı, həbslər və sürgünlərlə zəngin bir həyat

1852-ci ildə, Bəhaullah İran şahı Nəsrəddin şahın həyatına qəsddə ortaqlıq kimi saxta bir ittihamla mühakimə olundu. Onu ayaqyalın və zəncirdə, izdihamla dolu küçələrdən Siyahçal adı ilə tanınan bədnam yeraltı zindana gətirdilər. Bu zindan vaxtilə hamamın su anbarı olmuşdu. Zindanın divarları arasında məhbuslar onun soyuq, üfunətli havasında dözülməz dərəcədə ağır olan zəncirlərlə bir-birlərinə bağlanaraq zülm çəkirdilər. Bu zəncirlərin izi Həzrət Bəhaullahın bədənində ömrünün sonuna qədər qalmışdı. Məhz bu dəhşətli şəraitdə ən nadir və ən əziz hadisələrdən biri baş verdi: fani insan, zahirən bütün cəhətləri ilə adi bir insan bəşəriyyətə yeni bir müjdə gətirmək üçün Allah tərəfindən seçilmişdi. Haqqında Musa, İsa və Məhəmməd Peyğəmbərin bizə gəlib çıxmış, ancaq dolayısı yolla söhbətlərdə toxunulan İlahi Vəhyin alınması təcrübəsi Həzrət Bəhaullahın Öz sözləri ilə təsvir olunur:
“Tehranda zindanda qaldığım günlərdə, hərçənd dəriyə işləyən zəncirlərin ağırlığından və iyrənc qoxudan az da olsa yata bilirdim, lakin o nadir mürgülü anlarda Mən başımdan sinəmə, sanki uca dağın zirvəsindən yerə can atan qüdrətli bir cərəyan kimi nəyinsə axdığını hiss etdim. Bu anlarda Mənim dilim elə şeylər söyləyirdi ki, heç bir insan onu eşitməyə tab gətirməz.”

Şiddətli iztirablarla dolu dörd aydan sonra Bəhaullah buraxıldı və vətəni İrandan həmişəlik sürgün edildi. Özü və ailəsi əvvəlcə Bağdada sürgün olundular. Orada Babın qalan ardıcılları rəhbərlik üçün getdikcə Həzrət Bəhaullaha üz tutdular. Xasiyyətinin nəcibliyi, məsləhətinin müdrikliyi, hamıya yağdırdığı mehribanlıq əzilmiş icmanı canlandırdı. İcmanın nüfuzu artdı. Bu zaman O, Özünün ən məşhur Yazılarını – “Gizli Kəlamlar”, “Yeddi Vadi” və “Kitab`i-İqanı” yazdı. Bəhaullahın Yazıları Onun məqamına işarələr vursa da, Öz Missiyasını açıq elan etməyin zamanı deyildi. Onun şöhrəti yayıldıqca, İran şahına bədxahları tərəfindən məktublar göndərildi ki, o, Osmanlı sultanından Bəhaullahı İran sərhədlərindən uzaqlaşdırmasını xahiş etsin. İkinci sürgünə hökm verildi. 1863-cü ilin aprelində, Bağdaddan İstanbula yola düşməzdən öncə, Bəhaullah və Onun yoldaşları Onun Rizvan – Cənnət – adlandırdığı bağda on iki gün qaldılar. Orada Bəhaullah Özünün Həzrət Babın vəd verdiyi Kəs– Allahın bəşəriyyətin yetkinlik dövrü üçün və dünyanın bütün dini yazılarında öncədən xəbər verilmiş İlahi Zühur olduğunu elan etdi:
“Həqiqətən, bu Gün elə bir gündür ki, bəşər Vəd Olunmuşun Camalını görə və Səsini eşidə bilər. Allahın çağırış sədası ucalmış və Onun üzünün nuru bəşərin üzərindən yüksəl-mişdir. İndi hər kəs əvvəllər eşitdiyi hər boş sözü qəlbinin lövhəsindən silməli, açıq və qərəzsiz qəlblə Onun Vəhyinin əlamətlərinə, Onun Missiyasının dəlillərinə və Onun Cəlalının nişanələrinə nəzər salmalıdır.”

Bağdaddan ayrıldıqdan üç ay sonra, Bəhaullah və yoldaşları İstanbula çatdılar. Onlar orada ancaq dörd ay qaldılar. Görünməmiş bir qış soyuğunda son dərəcə çətin və üzücü səfərə çıxmağa məcbur edilərək Ədirnəyə sürgün olundular. Ədirnədə yaşadıqları yer onları dözülməz soyuqdan qoruya bilmədi. Bəhaullah Ədirnəyə “Ucqar məhbəs” adı verdi. Onların yaşayış üçün çox əlverişsiz bir şəraitdə yaşamağa məcbur edilmələrinə baxmayaraq, Bəhaullahın qələmindən Vəhy ayələri nazil olmaqda idi və Onun təlimləri Misir və Hindistan kimi uzaq ölkələrə çatdı. 1867-ci ilin sentyabrından başlayaraq, Bəhaullah dövrünün dövlət başçılarına silsilə məktublarını yazdı.

“Ey hökmdarlar tayfası, hər şeyin Sahibi gəldi. Hökmranlıq Qoruyan və Qəyyum Allaha məxsusdur. Bu, elə bir Əmrdir ki, yanınızda olanlar onunla müqayisəyə gəlməz — bunu anlayın. Məbada qürur sizi Vəhyin Mənbəyindən məhrum edə, ehtiyatlı olun ki, bu dünyanın şeyləri sizi göyün Yaradıcısından bir pərdə kimi ayırmasın. Allahın Həqqaniyyətinə and olsun! Biz sizin məmləkətlərinizi tutmaq istəyində deyilik. Biz könülləri fəth etmək və ona sahib olmaq üçün gəlmişik”

Bu peyğəmbərlik yazılarında, O, yeni bir dövrün başlanmasından danışaraq missiyasını açıq elan etdi. Lakin O xəbərdarlıq etdi ki, əvvəlcə, dünyanın siyasi və sosial nizamında fəlakətli çevrilişlər olacaqdır. O, dünya liderlərini ədaləti müdafiə etməyə və öz təbəələrinin haqlarına hörmət etməyə çağırdı. O, onları dəvət etdi ki, bir toplantı çağırsınlar və orada müharibələrə son qoysunlar. O buyurdu ki, daimi sülh ancaq kollektiv addım atmaqla mümkündür. Onun xəbərdarlıqlarına qulaq asmadılar.

Bəhaullaha böhtan atanların davamlı təbliğatı Osmanlı hökumətinin Onu son dəfə ən bədnam cəza koloniyasına sürgün etməsinə səbəb oldu. 1868-ci il avqustun 31-də Aralıq dənizi sahilindəki Əkka şəhərinə (indiki İsrail ərazisində) gələrək, Bəhaullah həyatının qalan hissəsini bu qala-şəhərdə və onun ətrafında yaşamalı oldu.

İki ildən çox bir müddətdə zindanda qaldıqdan sonra Bəhaullah və yoldaşları şəhər daxilində darısqal bir evə köçürüldülər. Vaxt keçdikcə Bəhaullahın nüfuzu həbsxana nəzarətçilərinin və Əkka sakinlərinin cəhalətpərəstlik və biganəliklərini dəf etdi. Bağdadda və Ədirnədə olduğu kimi, Bəhaullahın xasiyyətinin nəcibliyi tədricən daha geniş cəmiyyətin, o cümlədən, bəzi liderlərin heyranlığını qazandı. Əkkada Bəhaullah ən mühüm Vəhy kitabı olan Kitab`i-Əqdəsi (Ən Müqəddəs Kitab) nazil etdi ki, bu da Onun Dininin əsas qanun və prinsiplərini əhatə etdi və qlobal inzibati nəzmin təməlini qoydu. 1870-ci illərin sonlarında, Bəhaullaha şəhər divarlarından kənara çıxmaq üçün bir qədər azadlıq verildi və ardıcıllarının Onunla nisbi bir sakitlikdə görüşməsinə imkan yaradıldı. 1890-cı ilin aprelində, Kembric Universitetinin professoru E.Braun Bəhaullahın Əkkanın yaxınlığında sakin olduğu malikanədə Onunla görüşdü. Braun o görüşü belə təsvir edirdi: “Mən gözlərimi dikdiyim o üzü heç vaxt unuda bilmərəm, amma onu təsvir etməyə də qadir deyiləm. O nüfuzedici gözlər sanki insanın qəlbini oxuyurdu; o geniş alında qüdrət və hakimiyyət qərar tutmuşdu…Mən şahların həsəd aparacağı və imperatorların əbəs yerə ah çəkəcəkləri sədaqət və məhəbbət Hədəfi olan Kəsin qarşısında baş əyərkən Kimin hüzurunda dayandığımı soruşmağa ehtiyac yox idi”

Həzrət Bəhaullah 1892-ci il mayın 29-da dünyasını dəyişdi.

Daim inkişaf edən sivilizasiya

Bəhaullah bildirir ki, İlahi Vəhy sivilizasiyanın hərəkətverici qüvvəsidir. Allah Kəlamı həm fərdi şüur, həm də insanların qarşılıqlı əlaqələri üçün yeni imkanlar yaradır və İlahi Vəhylərin ardıcıl açılışı “başlanğıcı və sonu olmayan bir prosesdir…” Sivilizasiyanın tarixi baxımından, Allah Məzhərlərinin bir-birinin ardınca gəlməkdə məqsədləri ictimai şüuru təkamül etdirmək, bütün irqləri, millətləri və dinləri vahid orqanizm kimi vahid bəşəriyyətdə birləşdirməyə və öz ümumi gələcəyinin məsuliyyətini öz üzərinə götürə bilməyə hazırlamaqdır. Bəhaullahın dediyi kimi “Mərhəmətli Allahımız insan nəslini bir ürək və bir can kimi görmək ümidindədir. Bəşəriyyətin birliyi sarsılmaz olaraq bərqərar olmayınca, onun firavanlığı, əmin-amanlığı və dincliyi əldə edilə bilməz.”

Bu nə qədər təzadlı səslənsə də, ancaq həqiqi, əsl birliyə nail olduqdan sonra bəşəriyyət öz fərdiliyini və müxtəlifliyini bəsləyə bilər və bəşəriyyət hazırda sivilizasiyanın məhz bu mərhələsinə daxil olmaqdadır.

“İnsan nəsli öz inkişafında, hər bir ayrıca fərdin körpəlik, uşaqlıq, gənclik dövrlərini xatırladan mərhələləri keçmişdir. İndi biz kollektiv yetkinliyimizin başlanğıc mərhələsini yaşayırıq ki, o, bizim ancaq dumanlı təsəvvürə malik olduğumuz qabiliyyət və imkanlarla doludur.”

Bəşəriyyətin birliyi, indi yaranmaqda olan yeni eranın leytmotivi və bir meyardır ki, insan cəmiyyətinin təkmilləşdirilməsinə dair hər bir təklif məhz bu meyarla ölçülməlidir. Bəhaullah təsdiq edir ki, yalnız bir insan nəsli vardır və bir irqin və ya etnik qrupun digər insanlar üzərində hər hansı bir üstünlüyü haqqında keçmişdən miras qalmış fikirlər əsassızdır. Eynilə də, Allahın Məzhərlərindən hər biri Onun vahid İradəsinin yerinə yetirilməsinə xidmət etdikləri üçün Onların Vəhyləri də bütün insan nəslinin mirasıdır; yer üzündəki hər bir şəxs də o ruhani mirasın qanuni varisidir. Hər hansı bir formada mövhumatda israr etmək həm cəmiyyətin mənafeyinə zərər gətirir, həm də bizim dövrümüz üçün Allah İradəsinə itaətsizlik deməkdir:

“Ey yer üzünün rəqabət aparan xalqları və tayfaları! Birliyə doğru üz tutun və ittifaq nuru ilə nurlanın! Bir yerə toplaşın və Allah xatirinə ixtilaf doğuran şeyləri aradan qaldırın ki, bütün aləm ən böyük Günəşin nuruna boyansın, insanlar bir şəhərə daxil olub bir taxtda otursunlar. Bu Məzlumun həyatının ilk günlərindən indiyə qədər deyilənlərdən özgə nə bir məqsədi olub, nə də bir başqa arzusu olacaq. Şübhə yoxdur ki, dünyanın xalqları, hansı irqdən və ya dindən olurlarsa olsunlar, bir səmavi Mənbədən ilham alır, bir Allahın əmrini yerinə yetirirlər. Dövrün tələbinə görə, əmrlər və hökmlər müxtəlif olub, insanların itaətsizliyindən doğan bəzilərindən başqa hamısı Allah tərəfindən göndərilib və Onun İradə və Məqsədinin ifadəsi olub. Qalxın və yəqinlik əli ilə sizlərin arasında ixtilaf səpən mövhumat bütlərini sındırıb tökün…”

Bəşəriyyətin yetkinlik çağına çatmaq prosesi onun ictimai-sosial cəhətdən təşkilatlanmasında da qaçılmaz olaraq təkamüldən keçir. İnsan nəsli ailə, qəbilə-tayfa, şəhər-dövlət və xalq, son vaxtlar isə millətlər əsasında inkişaf edərək müxtəlif dərəcədə uğurlarla cəmiyyətlər yaratmışdır. Bəşəriyyətin yetkinlik yaşına çatması bütün ictimai-sosial nəzmin bütövlükdə transformasiyasını tələb edir. Yeni cəmiyyət elə bir cəmiyyət olmalıdır ki, bütün insan nəslinin müxtəlifliyini əhatə etsin və mədəni təcrübənin min illər ərzində cilaladığı istedad və bəsirətləri tam miqyası ilə istifadə etsin.

“Bu Gün Allahın ən gözəl nemətlərinin insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəziləti bütün yaranmış şeylərə nüfüz etmişdir. Bu gündən dünyanın bütün xalqları aralarındakı ixtilafı aradan götürməli və tam birlik və sülh içində Onun inayət ağacının kölgəsinə toplaşmalıdırlar… Tezliklə dünyanın bugünkü nizamı yığışacaq və onun əvəzinə yeni bir nizam qurulacaq. Həqiqətən, sənin Rəbbin doğru Söyləyən və gizli şeyləri Biləndir.”
Kainatın maddi və mənəvi ehtiyatları təkcə hər hansı bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. Ümumi nemətlər bolluğu yaradılması üçün edilən müxtəlif töhfələr və səylər hər cür tərifə və təşəkkürə layiqdir, lakin bunlar rəhbər tutduqları sosial-iqtisadi konsepsiyalardan asılı olmayaraq, yer üzü xalqlarının böyük əksəriyyətinin düçar olduğu ifrat yoxsulluq və ifrat zənginliyi aradan götürməlidir.

Yaşadığımız bu günlərdə biz Həzrət Bəhaullahın Zühuru ilə zahir olan qüvvələrin Bəşər Cəmiyyətini necə dəyişdirdiyini, dünyanın Həzrət Bəhaullahın cızdığı İlahi Ədalət Cəmiyyətinə doğru getdiyini görürük. Biz həm də bilirik ki, Həzrət Bəhaullahın özü Bəşəriyyətin azadlığı və xoşbəxtliyi naminə ağlagəlməz əzablara dözmüş, bəlalara sinə gəlmiş və onları sevə-sevə qəbul etmişdir ki, Bəşəriyyət onlardan qurtulsun. Həzrət Bəhaullah buyurur:

“Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki, bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar. Bu, sənin Rəhman və Rəhim Rəbbinin mərhəmətindədir. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür məşəqqətlərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşrüklər ən xaraba şəhərdə necə məskun etmişlər”

“Allahın Günün”də yaşamaq ölçüyəgəlməz səxavətdir, amma o, özü ilə ağır məsuliyyətlər də gətirir. Bu səxavəti qiymətləndirmək və vəzifələrimizi yerinə yetirmək üçün biz tez-tez bu Günün böyüklüyü və əhəmiyyəti barədə düşünməliyik. İnsan hər bir şeyə qarşı qura bilər, təkcə Allahın bu Günündən başqa. Ona görə də hər bir həqiqət carçısı bu gün bəşəriyyət üçün Allahın Məqsədindən daha çox xəbərdar olmalıdır. Həzrət Bəhaullah buyurur:
Bu Gün – ən böyük mərhəmət və ən yüksək fəzilət Günüdür. Hamı tam birlik və ittifaqla ilahi inayət ağacının kölgəsinə toplaşmalı və rahatlıq tapmalıdır. Və bu gün hamı şərəf və yüksəliş gətirən işlərdən yapışmalıdır. Xoş o kəslərin halına ki, Mənim ən Uca Qələmim onları xatırlamaq üçün hərəkətə gəldi..

Həzrət Bəhaullah ümumdünya sülh və qardaşlıq bayrağını qaldırdı və Allah Kəlamını açıqladı. Onun Müjdəsi minlərlə adamın qəlbini canlandırmışdır və bu gün Onun Təlimi bütün dünyaya yayılmaqda davam edir. Heç nə Ona İlahi Məqsədə – Bəşəri birliyə, Əbədi Sülh və millətlərin, dinlərin və irqlərin Qardaşlığına nail olmaqda mane ola bilməz.

Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

 

http://www.bizimyol.info/az/news/27195.html

Tags:

Leave a Reply