|

Fikrin böyük sənətkarı Dostoyevski

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Fyodor Mixayloviç  Dostoyevskinin  anadan olmasının 200 illiyi  münasibəti ilə

 

“Dostoyevski elə bir dahi yazıçıdır ki, onu nəinki birinci dərəcəli rus sənətkarları ilə bir sıraya qoymaq, eyni zamanda onun adını əsrimizin Avropasının ən birinci və böyük dühaları cərgəsində çəkmək lazımdır”.

 

A.M.Skabiçevski

rus tarixçisi və ədəbi tənqidçisi

 

 

“Dostoyevski özünün lap ilk əsərlərindən başlayaraq, mənim ən çox humanist adlandırdığım cərəyanın görkəmli xadimi oldu. Qoqolun ən yaxşı cəhətlərinin və Belinskinin daha çox həyati ideyalarının təsiri altında yazılmış “Yoxsul adamlar”da Dostoyevski bütün qüvvəsi ilə, gənc istedadın təzəliyi ilə bizim yoxsul varlığımızın onu sarsıdan anomaliyalarını təhlilə girişdi və bu təhlildə özünün yüksək insanpərvər idealını ifadə edə bildi”.

 

 N.A.Dobrolyubov

                                                 rus ədəbi tənqidçisi, şairi, publisiisti

 

“O, mənim psixianaliz haqqında bir çox şeylər öyrəndiyim yeganə insandır.O, mənim həyatımın ən böyük sevincidir”.

 

 Fridrix Nitsşe

                                                  alman filosofu və klassik filoloq

 

“Dostoyevski mənə bütün elm adamlarından daha çox şey vermişdir”.

 

  Albert Eynşteyn

           alman fiziki, nəzəriyyəçisi, fizika üzrə Nobel mükafatı laureatı

 

 

“Bəşəriyyət üçün çalışmaq lazımdır. Ancaq bir Rusiya üçün deyil, bəşəriyyət üçün! Yalnız Rusiyanı düşünmək məhdud patriotizmdir”

 

  F.M.Dostoyevski

 

 

“Portretçi, məsələn, bir şəxsin portretini çəkməkdən ötrü onu əyləşdirir, hazırlayır, diqqətlə baxır. Nə üçün belə eləyir? Çunki o, təcrübədən bilir ki, insan heç də həmişə özünə oxşamır, ona görə də portretçi insanın “fizionomiyasının əsas ideyasını” axtarır, subyektin özünə daha çox oxşadığı anı axtarır. Portretçinin istedadı da elə bu anı axtarmaq və tutmaq bacarığından ibarətdir”.

 

  F.M. Dostoyevski

 

“Mən yazacaq, yenə də yazacağam, yazdıqlarımla isə ömrüm boyu incidilmiş və təhqir olunmuşları müdafiə edəcəyəm!..”

 

F.M. Dostoyevski

 

 

“Mən başqa cür düşünmək və yaşamaq istəmirəm, yalnız bu inamla düşünüb-yaşamaq istəyirəm ki, bizim 90 milyon rusun hamısı (ya da o zaman nə qədər çoxalıb-törəyəcəklərsə, onların hamısı) bir vaxt təhsil görmüş, insanlaşmış və xoşbəxt olacaqlar. Mən bilirəm və möhkəm inanıram ki, ümumi maarif bizdə heç kəsə ziyan vura bilməz. Hətta inanıram ki, fikir səltənəti hər hansı başqa bir yerdən daha tez bizdə, bizim Rusiyada qurulacaqdır”.

 

 F.M.Dostoyevski

                                                                         1876-cı il.

 

“Nəhayət, mən Rusiyaya gəlib çatdım. Gördüklərimin hamısı gözəldir. Başqa ölkələrdəkinə oxşamır. Kökündən gözəldir. Onlar hamını ayağa qaldırmış, hərəkətə gətirmişlər”. “… Əgər buraya gəlməsəydim, həyatımın məqsədini tamam yerinə yetirilmiş hesab etməzdim… Onların qeyri-adi cəsurluğu gözə çarpır… Məni möcüzələr yarada bilən  Avropa elmləri valeh edir, lakin burada gördüyüm nəhəng işlər məni daha çox heyran qoyur… Onu da qeyd etmək lazımdır ki, Rusiya bir çox illər dəhşətli aclıq  çəkmiş,  burada  çoxlu  miqdarda  adam  ölmüşdür. Lakin xaricdən köməyin olmamasına baxmayaraq, onlar bu zərbəyə davam gətirə bilmişlər… Bir dəfə mən İngiltərədə olanda, ilk dəfə bir ingilisdən Rusiyada xalqın rifahını yaxşılaşdırmaq üçün necə qeyri-adi işlər görülməkdə olduğunu eşitmişdim… Gördüklərimin hamısı məni təəccübləndirdi. Səkkiz il ərzində maarif bütün əhalinin mənəvi simasını dəyişmişdir… Onların yaymaqda olduqları maarifin əsas məqsədi insan tərbiyə etmək cəhdindən ibarətdir… Rusiyada insan fikrinin böyük hərəkəti duyulmaqdadır. Mən heç bir ölkədə təhsilin buradakı kimi böyük ölçüdə yayıldığını görməmişəm… Onlar dünya miqyasında xadimdirlər. Buna görə də onlara böyük zəka lazımdır… Əgər mən öz gözlərimlə görməsəydim, heç vaxt inanmazdım ki, onlar cəmisi 10 il ərzində nəinki yüz minlərlə adamı cəhalət və həqarət zülmətindən çıxarmış, onlara savad öyrətmiş, həm də onlarda insana ləyaqət hissi tərbiyə etmişlər. Onların bütün səyləri öz xalqının xeyrinə yönəldilməklə yanaşı, həm də eyni dərəcədə başqa xalqların xeyrinə yönəldilmişdir.

 

…Mən Rusiyadan indicə qayıtmışam, ölkənin əzəmət və şöhrətə doğru yolunun necə çətin olduğunu görmüşəm”.

 

(Böyük hind mütəfəkkiri, filosof, yazıçı, şair, dramaturq, rəssam, Şərqdə ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun “Rusiya haqqında məktublar”ından. Sentyabr – oktyabr ayları, 1930-cu il.)

 

Bütün klassiklər kimi həmişə müasir olan, ziddiyyətlər, münaqişələrlə dolu dünyamızın idrakı üçün əsərləri ilə bütün bəşəriyyətə böyük fayda, estetik və mənəvi qida verən Fyodor Mixayloviç Dostoyevski həmişə ürəklərdə yaşayan qüdrətli sənətkardır. Görkəmli filosof, Peterburq Elmlər Akademiyasının müxbir üzvü olmuş Dostoyevski, XIX əsr rus və dünya ədəbiyyatının bəşəri simalarından, dünyanın ən çox çap olunan, ən çox oxunan və ən çox sevilən   dahi   yazıçılarından   biridir.

Kiçik   yaşlarından ətrafında cərəyan edən hadisələrə son dərəcə həssas və qayğıkeş münasibət bəsləyən Fyodoru insanların yoxsul və kədərli həyatı daha çox qüssələndirmiş və sarsıtmışdı. Maksim Qorkinin haqlı olaraq dediyi kimi: “İnsan əzabları haqqında xatirələri öz ürəyində toplayan və bu dəhşətli xatirələri təsvir edən bir insan dünyaya gəlməli idi – bu insan Dostoyevskidir”.

Doğru deyilib ki, zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. Amerikada doğulan ingilis yazıçısı Henri Ceymsin etirafıdır: “Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın”. Və dünyaşöhrətli filosof Əbu Turxan deyib ki, böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər.

Fyodor Dostoyevski zavallı olmağı kiməsə haqq qazandırmayan, zəhmət çəkib güclü olmağı aşılayan, çökən bir millətin uçurumun tam dibinə çatdıqdan sonra ona qalxmaq üçün təkan verən, lakin çox böyük tarixin içində bir az deyil, məhz böyük bir ədəbiyyat yaradan, böyük rus millətinin yetisdirdiyi böyük şəxsiyyət idi.

Yazılanlara görə, Dostoyevskilər nəslində şair də olmuşdur. Yazıçının qızı bu barədə yazır: “Mənim dədə-babam Litvanın qaranlıq meşələri və bataqlıqlarını tərk edəndə, yəqinki Ukraynanın işığı, çiçəkləri və ellinçi poeziyası onların gözlərini qamaşdırmışdı; cənub günəşi onların qəlbini isitmiş, beləliklə də şeir aləminə sövq etmişdir”.

Qrossmanın yazdığına görə, doğrudan da Dostoyevskilərdən birinin “Tövbə nəğməsi” adlı şeiri məlumdur. Bu şeir XVIII əsrin sonunda Volındakı “Boqoqlasnik”də çap olunmuşdur. Yazıçının qardaşı Andrey Mixayloviçin fikrincə, bu əsər onların babası– Bratslav protoiyereyi (baş keşişi-R.Mirzəzadə) Andrey Dostoyevskinin qələminin məhsuludur.

Fyodor Mixayloviç Dostoyevski 1821-ci il oktyabrın 30-da (yeni tarixlə noyabrın 11-də) Moskvada həkim ailəsində dünyaya göz açmışdı. Altıuşaqlı ailənin ikinci övladı idi. O, qədim adət-ənənələrə hörmətlə yanaşan, müqəddəs ayinlərə riayət edən patriarxal  bir ailədə tərbiyə almışdı.

Yazıçının  atası Mixail  Andreyeviç  Dostoyevski Moskvada Tibb-Cərrahlıq  Akademiyasını bitirmiş, 1812-ci il Vətən müharibəsi illərində orduda hərbi həkim kimi çalışmış, sonradan hərbi qulluqdan istefaya çıxmış, ömrünün sonuna qədər Moskvada kasıb təbəqəyə məxsus olan Marina xəstəxanasında həkim kimi insanlara xidmət göstərmişdir.

Dostoyevskilər sülaləsinin əcdadı keçmiş əsrlərdə dvoryanlar sinfinə mənsub olsalar da, sonrakı zamanlarda naməlum səbəblərdən dvoryan hüququunu itirmişdilər.

Yazıçının anası Mariya Fyodorovna Moskva tacirləri ailəsindən idi. Fyodor Mixayloviç ilk təlim-tərbiyəsini  evdə almışdı. Anasından əlifbanı, atasından latın dilini, fransız Suşardan fransız dilini öyrənmişdi. Dayəsi mehriban, xoşrəftarlı Alyona Frolovnanın söylədiyi nağıllar da onun hafizəsində silinməz izlər qoymuşdu. Ailədə hər gün müntəzəm qiraət saatları olurdu. Ksenofonun tarixi əsərlərini, Lomonosovun tərcümeyi-halını, Derjavin, Jukovski, Puşkin və başqa şairlərin əsərlərini mütaliə edir, öyrənirdilər. Lakin bu cür mədəni bir ailədə qatı dindarlıq da mövcud idi. Uşaqlar evə dəvət edilən keşişdən dini təlim alırdılar.

Ailənin məişət vərdişləri nəticəsində ədib rus memarlığı və xalq nəqqaşlığının dəyərli abidələri ilə erkən yaşlarından maraqlanmağa başlamışdı. Həyatının son illərində  yazıçı bunu ehtiramla xatırlayırdı: “Hər dəfə Kremlə və Moskva kilsələrinə getmək mənim üçün nəsə təntənəli bir mərasim idi”.

Ədib 1847-ci ildə yazdığı məqalələrinin  birində Moskvanın Arxangel kilsəsi (XVII əsrin memarlıq abidəsi), “Qranovitaya palata” (Kremldə memarlıq abidəsi. 1487-1491-ci illərdə Böyük Moskva knyazı III İvanın göstərişi ilə italyan memarları Marko Ruffo və Petro Antonio Solari tərəfindən tikilib. Moskva Kremlinin 20 qülləsindən biri olan məşhur “Spasskaya  Başnya”da Solarinin memarlığı ilə ərsəyə gəlib), Boris Qodunovun qəbri (XVI əsrin sonu, XVII əsrin əvvəlində rus çarı və böyük knyazı) və onun yaddaşına həmişəlik həkk olunmuş digər abidələrdən məhəbbətlə bəhs edirdi.

Anası Mariya Dostoyevskayanın ilkin savad öyrətdiyi Əhdi-Ətiq (Bibliyanın həcmcə daha böyük, birinci bölməsi.39 kitabdan ibarət olub, e.ə. 3-2-ci əsrlərdə tamamlanıb. Xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur)  və  Əhdi-Cədid  (xristian  Müqəddəs  Yazılarının ikinci bölməsi. Əhdi-Cədidə, həmçinin İncil kitabı da deyilir) tarixi   məcmuə   kitabları   ədibə   güclü   və   dərin   təsir bağışladı. Dahi  yazıçı  bu  kitablardakı  əfsanələrin  bədii əhəmiyyətini yüksək qiymətləndirirdi. Onları əsl xalq dastanı hesab edirdi. Bu əfsanələr içərisində onun diqqətini xüsusilə cəlb edən “İovun kitabı” və bu kitabdakı bir hekayət oldu. Hekayətdə deyilir ki, Allahın qəzəbinə düçar olan bir nəfər cəfakeş insan ağır sınaqlara dözməli olur. Qohum-qardaşları həlak olur, iflasa uğrayır, cüzam xəstəliyinə düçar olur, dilənçi kökünə düşür və o, bütün bu işgəncələrə itaətkarlıqla dözür. Buna görə də həmin insan şəfa tapır, əvvəlki həyatı özünə qayıdır, yenə böyük ailə başçısı olur və xoşbəxt ömür sürərək, qocalıb ölür.

Hekayətdən təsirlənən Fyodor Mixayloviç 1875-ci ildə arvadına yazır: “İovun kitabı”nı oxuyuram, bu əsər məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb, az qala, göz yaşı axıda-axıda otaqda saatlarla var-gəl edirəm… Bu kitab, Anya, təəccüblüdür ki, məni həyatda sarsıtmış olan ilk kitablardan biridir, mən o zaman hələ, az qala, körpə uşaq idim!”.

Dostoyevskini roman yazmaq sənətinə cəlb edən XVIII əsr ingilis yazıçısı xanım Anna Radklif olmuşdur. Yazıçı qadın Avropa ədəbiyyatında məzmunca yeni olan “qotik roman” yaratmışdı. Bu romanın müəlliflərini orta əsr cəngavər rəvayətləri, heykəltəraşlıq və memarlıq qotikası məzmunlarında  əksini  tapmış  rəvayətlər  maraqlandırıb cəlb edirdi.

Fyodorun atası Mixail Andreyeviç və anası Mariya Fyodorovna uzun qış gecələrində ona  Anna Radklifin coxcildli epopeyalarını oxuyardılar. Kiçik yaşlarında ikən hələ oxuyub-yazmağı bilməyən Fyodor, bu romanları məftunluq, bəzən də dəhşət içərisində dinləyərdi. O, rus kəndi ilə, onun rəvayətləri, ayinləri, mərasim və adətləri ilə 10 yaşından sonra tanış olmağa başladı. İllər keçəndən sonra o, “Yay təəssüratları haqqında qış qeydləri”ndə rus xalqının təbiətində, fitrətində olan səmimiyyətdən, qardaşlıq, dostluq hisslərindən bir daha bəhs etdi. Rus kəndlisinin hiyləsiz, kələksiz, hər cür fitnə — riyadan uzaq olan bir məxluq  olduğunu  etiraf  edib,  bu  keyfiyyətlərin  cəmiyyətin əsası, dayağı, milli varlığının bünövrəsi olduğunu təsdiqlədi.

1833-cü ildə Fyodorla  böyük qardaşı Mixail ev təhsilnii tamamlamış və hər iki qardaş pansiona qoyulmuşdu. Burada Fyodor ilk dəfə dvoryan pedaqogikasının nədən ibarət olduğunu anlamışdı. Bir il sonra isə qardaşlar internat — məktəbə köçürülmüşdü. Burada Moskvanın ən yaxşı alimləri, pedaqoqları dərs deyirdilər.

“Yeniyetmə” romanında uşaqlıq və gənclik illərinin təəssüratlarından bəhs edən Dostoyevski yazırdı: “…Məni qardaşımla birlikdə Peterburqa mühəndislik məktəbinə gətirdilər və onunla bizim gəncliyimizi korladılar. Mənə elə gəlir ki, bu, bir səhv idi. Doğrudan da bu, düzələ bilməyən bir səhv idi”.

Gələcəyin böyük yazıçısı hərbi tikintiyə heç cür həvəs göstərmirdi. Hərbi mühəndislik  maddi cəhətdən çoxgəlirli peşə sayıldığından, atasının yanında ədəbiyyat sahəsindən söhbət gedə bilməzdi. Ata, oğlanlarının fikri ilə hesablaşmaq istəmirdi.

Hərbi məktəbin ciddi rejimi Dostoyevskini sənət haqqındakı düşüncələrindən ayıra bilmədi. Gecələr ilk arzu və duyğularını dəftərçəsinə qeyd edir, həyat və insan haqqında düşünürdü.

M.Cəfər Dostoyevskinin həmin illərdəki həyatını da istedadlı araşdırmaçı-mütəxəssis və alim kimi tədqiq edib yazır:

“1837-ci ildə Mariya Fyodorovna vəfat etdi. Ananın ölümündən sonra ata oğlanlarını Peterburqa aparıb onlara hərbi mühəndislik məktəbinə hazırlaşmağı tapşırdı.1838-ci ildə qardaşların hər ikisi məktəbə qəbul olundu.Hərbi mühəndislik məktəbində oxumaları qardaşları ədəbiyyata olan həvəsini azaltmadı, əksinə, Peterburq mühiti bu həvəsi daha da artırdı. Boş vaxtlarında Mixail şeir yazır, Fyodor roman oxuyurdu.Pansionda və mühəndislik məktəbində Dostoyevski Homer, Şekspir, Şiller, Puşkin, Qoqol, Höte, Bayron, Volter, Hüqo, Balzak, Kornel, Rasin, Jorj Sand kimi yazıçıları öyrənir, özü də bədii yaradıcılıq sahəsində qələmini sınayır, Şillerin təsiri ilə ikinci bir “Mariya Stüart”, Puşkinin təsiri ilə təzə bir “Boris Qodunov” yazırdı. Dostoyevski “Yoxsul insanlar” romanını da mühəndislik məktəbində ikən yazmağa başlamışdı.

Təhsil illərində Fyodor Mixayloviç atası ilə vaxtaşırı məktublaşardı. Həmin məktublar ədibin sonradan yaradılan ev-muzeylərində qorunub saxlanılmaqdadır. Məktubların birində deyilir: (N.A.Qromova.“Xatirələr. Məktublar. Gündəliklər”. Moskva, 2000).

 

F.M.Dostoyevski – M.A.Dostoyevskiyə

5-10 may 1839-cu il. Moskva

 

“Lütfkar atam!

Duyuram ki, Siz indi də  məndən dərhal cavab almadığınıza görə mən tərəfdən narahat olursunuz. Çox lütfkar atam!  Sizi sakitləşdirməyə və  mənim indiki susqunluğumda özümə bacardığım qədər haqq qazandırmağa çalışım. – Bu saat bizim imtahanlarımız başlanıb. —  Hazırlaşmaq gərəkdir, bu arada bütün sərbəst vaxtımızı isə frunt təliminə sərf edirik, çünki  tezliklə May nümayişi olacaq.- Ah! Özümü o qədər qınayıram ki, Sizin dərd çəkməyinizə bais olmuşam! – İndi bunu mümkün qədər yumşaltmağa  cəhd edəcəyəm.  Məktubunuzu aldım və göndərdiyiniz sovqata görə  minnətdaram. – Lütfkar atam,  yazırsınız ki, özünüz pulsuz qalıbsınız və bu üzdən düşərgə vaxtınadək mənim üçün az-çox nəsə göndərə bilməyəcəksiniz. – Öz  valideynlərinin vəziyyətini anlayan uşaqlar  özləri onlarla hər şeyi: sevinc və kədəri paylaşmalıdırlar; valideynlərin  ehtiyaclarına uşaqlar  tam şərik olmalıdır. – Nə olar, çay içməsən, acından ölməzsən. Birtəhər yaşaram!  Fəqət sizdən xahiş edirəm ki,  düşərgə üçün uzunboğaz çəkmə almağa az-çox pul göndərəsiniz:  çünki ora gedəndə uzunboğaz çəkmə  ehtiyatını görməliyəm”.

1839-cu ildə Mixail Andreyeviç kənddə öz təhkimçi kəndliləri tərəfindən öldürüldü. Kənd  və  malikanə sahibi olandan sonra Mixail Andreyeviçin xasiyyəti çox dəyişmişıdi. Təhkimçi kəndlilərlə çox sərt, amansız rəftar edir, arvadı Mariya ilə yaxşı yola getmir, sədaqətli qadını incidirdi. Mixail Andreyeviçin bu sərtliyi, amansızlığı oğluna məlum idi. Bütün bunlara baxmayaraq, atanın ölüm xəbəri Dostoyevskiyə çox ağır təsir etdi. Onda bütün ömrü boyu davam edən epilepsiya xəstəliyinin ilk əlaməti də bu sarsıdıcı xəbəri eşidəndən sonra başladı. Atanın ölümündən sonra ailənin vəziyyəti ağırlaşdı. Mixail Andreyeviç elə bir sərvət qoyub getməmişdi ki, uşaqlar onunla heç olmasa, iki-üç il dolana bilsinlər.

1843-cü ildə Dostoyevski hərbi mühəndislik məktəbini bitirib Peterburqda İstehkam Müdirliyində mühəndis-çertyojçu vəzifəsinə təyin edilir. Lakin bu vəzifə Dostoyevskini maraqlandırmırdı, 1844-cü ildə o, qulluqdan istefa verib, peşəkar bir ədəbiyyatçı kimi yaşamağı qərara alır. Müstəqil yazıçı həyatı keçirmək, istədiyini yaza bilmək üçün maddi imkan lazım idi, lakin 23 yaşlı Dostoyevski belə bir imkandan məhrum idi. Qulluqdan çıxandan sonra borclu düşmüş ədibin ev kirayəsini belə verməyə pulu yox idi. Bu çətinliklərə baxmayaraq, o, inadla “Yoxsul insanlar” əsəri üzərində işləyir, Balzakın “Yevgeni Qrande” romanını tərcümə edir, şeir, hekayə yazır, oxuyur, biliyini artırırdı.

Hərbi mühəndislik  məktəbinin  yerləşdiyi Mixaylovski qalası, onu tikdirən çar I Pavel, Pavelin qətlində iştirak edən oğlu çar I Aleksandr Fyodoru dərin fikirlərə qərq edirdi. Yazıçı düz 40 il ata qatili  olan  yüksək  mənsəb  sahibini  düşünmüş  və  İvan Karamazovun faciəsi ilə həmin tarixi faktı təqdim etməyə çalışmışdı.

Hərbi mühəndislik məktəbində Dostoyevskinin ətrafına toplaşan gənclər klassik ədəbiyyat və sənəti öyrənməklə bərabər, dünya ədəbiyyatında baş verən yenilikləri də diqqətlə izləyirdilər. Yoldaşları yaradıcılıq enerjisi ilə seçilən Fyodru “Alovlu Fedya” adlandırırdılar. “Alovlu Fedya”nı bədii nəsr daha çox maraqlandırırdı. Dünya ədəbiyyatının yetişdirdiyi ən böyük düha kimi o, Nilkolay Vasilyeviç Qoqolu qəbul edirdi. Ona görə də Qoqolun “Peterburq povestləri”, “Şinel”, “Dəlinin qeydləri”, “Müfəttiş” və “Ölü canlar”ının müəyyən təsiri Dostoyevskinin yaradıcılığında əksini tapmışdı.

1845-ci ilin may ayında A.V.Qriqoroviç və N.A.Nekrasov yaşıdları olan Dostoyevskinin yaradıcılığı ilə maraqlanırlar.Sonralar bir yazıçı kimi tanınan Qriqoroviç, Dostoyevskinin məktəb yoldaşlarından idi. Peterburqda onlar bir müddət bir otaqda yaşamışdılar.

Gənc dostlar Dostoyevskidən “Yoxsul insanlar” romanının əlyazmasını alıb aparırlar.Gecə yatmayıb, həvəslə romanı oxuyur, ertəsi gün Dostoyevskinin yanına gəlib bu məzmunlu əsərinə görə onu qucaqlayıb təbrik edirlər. Gənc Nekrasov o zaman bir şair və jurnalist kimi Peterburqda məşhur idi. Nekrasov romanın əlyazmasını Vissarion Qriqoryeviç Belinskiyə verir. Roman Belinskiyə çox dərin təsir buraxır. Ədəbi istedadları müəyyən etməkdə fövqəladə həssas olan böyük tənqidçi, gənc Dostoyevskinin şəxsində rus ədəbiyyatına “qeyri-adi” və “özünəməxsus” yaradıcılıq keyfiyyətləri olan bir istedadın gəldiyini görüb sevinir və səbirsizliklə Nekrasova “Gətirin, müəllifi tez yanıma gətirin!” – demişdi.

İlk görüşdə Belinski Dostoyevskiyə “Sizə istedadlı bir sənətkar kimi həqiqət qapıları açılmışdır…Öz istedadınızı qiymətləndirin, ona sadiq olun, böyük yazıçı olun”- demişdi.

Belinski ilə tanışlıq Dostoyevskiyə çox dərin təsir buraxmış, onun yaradıcılıq fəaliyyətinə yeni istiqamət vermişdi. Ədib 30 il sonra bu ilk tanışlığı xatırlayıb demişdi: “Bu görüş mənim həyatımın ən gözəl dəqiqələri idi”.

1846-cı ilin əvvəllərində Nekrasovun nəşr etdirdiyi “Peterburqski sbornik” məcmuəsində Dostoyevskinin “Yoxsul insanlar” romanı nəşr olundu. Həmin ildə gənc ədibin daha bir əsəri-“Oxşar” povesti çap edildi. Belinski “Peterburqski sbornik” sərlövhəli məqaləsində “Yoxsul insanlar” romanına yüksək qiymət verib, “Dərin bəşərilik və poetik elementlə yumorun qarışması Dostoyevski istedadının xüsusi əlamətini və xarakterini təşkil edir”- deyə yazırdı.

Dövrünün  ziddiyyətlərinə  baxmayaraq, Dostoyevski həmişə xalqı düşünən, xalqa doğru can atan, xalq üçün əzab çəkən, öz sözləri ilə desək, gözəl, sadə rus xalqını xoşbəxt görmək istəyən yazıçı idi. Onun gündəliklərinin birində belə bir qeyd vardı: “Bir realist olaraq mən insanda insanlığı axtarıram. Axtardığım bu insan rus “Məni”dir… Bu mənada mən əlbəttə, xəlqiyəm, xalqa bağlıyam, çünki mənim istiqamətim öz mənbəyini xalqın xristian ruhundan alır. Ona baxmayaraq ki, mən indiki rus xalqına tanış deyiləm, ancaq gələcəkdə tanınacağam”.

Dostoyevskinin yaşayıb-yaratdığı illər rus xalqının ictimai həyatında hər cür çətinliklərlə dolu dövr idi. Təhkimçiliyin ulduzu tədricən sönür, burjuaziyanın təsir dairəsi genişlənirdi. Mütləqiyyət – təhkimçilik sistemi tarixin ağır zərbəsi ilə üz-üzə dayanırdı. Dostoyevskini yaşadan, onun zəif, nasaz vücuduna əfsanəvi cəngavər gücü verib yaratmağa sövq edən onun xalqına olan sevgi və bağlılığı idi ki, bu bağlılıq da onu ədibin öz ifadəsi ilə desək, “əsrin övladı” etmişdi. O, bir an da olsa müşahidəçi, seyrçi mövqeyindən ayrı düşməmiş, yaşayıb-yaratdığı zamanın mənasını dərk etməyə çalışmışdı. Xalqın, Vətənin taleyi, müqəddəratı, istiqbalı ilə bağlı şəkildə cərəyan edən ictimai-siyasi hadisələrə, əxlaqi-fəlsəfi məsələlərə münasibətini bildirməkdə cəsarətli səylərini əsirgəməmişdi. Dövrün xüsusiyyətindən, əzablar, sarsıntılar girdabından yaranan mürəkkəb suallara öz cavabını verməyə çalışmışdı. Bunun üçün də təfəkkürünü yeni-yeni xalqlar, ölkələr, ictimai quruluşlar haqqındakı məlumatlarla zənginləşdirmişdi. Müəyyən qədər utopik səciyyə daşıyan sosializm sistemi insanların məcazına uyğun gəlmirsə, bəs cəmiyyət hansı yolla getməlidir? Ədib belə bir qənaətə gəlirdi ki, bu yol ictimai-siyasi təbəddülatlar içindən keçməlidir. İnsanların mənəvi-əxlaqi aləmində yaranan dəyişikliklər içindən keçməlidir. Adamların qəlbində, ruhunda, hiss və şüur dünyasında yaxşılıq, xeyirxahlıq, şərə, pisliyə, yamanlığa qalib gəlməlidir. Bu da yaxşı adamların pis adamlara təsir gücü, onların çirkinliklərlə dolu qəlbinə xeyirxahlıq məşəli gətirməsi ilə mümkün olardı.

Dostoyevskini ilk dəfə kəşf edən, istedadını yüksək qiymətləndirən inqilabçı demokratlar və onlara rəğbət bəsləyənlər olmuşdu. Dostoyevskinin ilk əsərləri — “Mariya Styuart” və “Boris Qodunov” romantik dramları müəyyən səbəblərə görə oxucu kütləsinə çatmadığı üçün “Yoxsul insanlar” onun birinci əsəri qəbul edilirdi. Bayaq qeyd etdiyim kimi, bu romanı bəyənən, bir gecəyə oxuyub, səhərisi görkəmli rus ədəbi tənqidçisi Belinskiyə çatdıran, mətbuata çıxaran rus ədəbiyyatının klassiklərindən biri, şair və yazıçı Nikolay Alekseyeviç Nekrasov, Dostoyevskinin yeni, qeyri-adi istedad sahibi olduğunu duyub haqqında: “Oxucunu eyni zamanda güldürmək, həm də onun ruhunu təlatümə gətirmək, oxucunu göz  yaşları içində gülümsəməyə məcbur etmək – heç bilirsinizmi, nə böyük bacarıq, nə böyük istedaddır?!” sözlərini yazan isə Belinski olmuşdu. O, povesti ilk ictimai roman adlandırmışdı.“Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” məşhur aforizmi Dostoyevskiyə daha çox aid idi. Onun “Yoxsul insanlar”ı dünyaya yeni bir Qoqolun gəldiyini xəbər verirdi. Roman, Qoqolun “Şinel”indən sonra kiçik rus çinovnikinin acınacaqlı həyatına həsr edilmiş ikinci güclü əsər idi. Hətta bəzi mühüm  xüsusiyyətlərinə  görə  Dostoyevskinin  Qoqoldan da irəli getdiyi söylənilirdi.

“Yoxsul insanlar” romanında Makar Devuşkin, Varvara Alekseyevna, tələbə Pokrovski, onun atası qoca Pokrovski, Qorşkov və başqaları saf qəlbli, sadə insanlar çar, təhkimçilik və qullar Rusiyasının rəzil günə qoyduğu, alçaldıb təhqir etdiyi çarəsiz insanlardır.

Makar Devuşkin azsavadlı xırda çinovnikdir, idarələrin birində kargüzar işləyir. Bu, hər gün müxtəlif yazıların, əmrlərin səliqə ilə aydın, gözəl xətlə köçürmək departamentdə ən ağır iş olsa da, Devuşkin işini səylə, bacarıqla yerinə yetirir.İşdə çatdıra bilmədiyi kağızları  evə gətirir. Gecələr də evdə idarə üçün işləyir. Lakin gündəlik fiziki və zehni əməyi  müqabilində aldığı cüzi əmək haqqı ona ən adi təminatı ödəməyə imkan vermir. O, istirahətə, əyləncəyə həsrət qalıb. Adam arasına çıxmağa babat bir geyimi yoxdur. Əlliyə yaxın yaşı olsa da, hələ də ailə, övlad sahibi ola bilməyib. Devuşkin əsilzadə, zadəgan ailəsindən deyil, buna görə də həyatın bütün sərtliyi ilə üzləşməkdədir.Yoxsulluq, məhrumiyyətliklər taleyinə yazılmış bir bəladır. Otuz ildən çoxdur ki, çoxmərtəbəli varlı evlərinin zirzəmilərində kirayənişin yaşayır.Özü kimi ömrü zirzəmilərdə “çürüyən”, vəziyyəti daha dəhşətli, dözülməz olan insanların əhatəsində olmaq necə də ürəkağrıdıcı mənzərədir.

İşlədiyi idarədə Devuşkini adam yerinə qoyan yoxdur. Peterburqda insanlara mənəvi keyfiyyətlərinə, tərbiyəsinə, əxlaqına, işgüzarlığına görə deyil, əsil-nəcabətinə, varına, puluna, sərvətinə görə dəyər verirlər. Kim varlıdırsa, mənsəb sahibidirsə, qoy əxlaqsız, vicdansız, namussuz, qəddar, zülmkar olsun, eybi yox, bu şərt deyil, həmin şərəfsiz ləyaqət, hörmət sahibi olacaqdır. Əksinə, kim yoxsul olub, aşağı vəzifədədirsə, ağıllı, mənəviyyatlı, qayğıkeş, işgüzar, çalışqan olsa da, dəxli yoxdur, o, dəyərsiz və hörmətsizdir. Devuşkin “hörmətli” sayılan adamların çoxundan ləyaqətli olduğu halda, məhz yoxsul, xırda vəzifəli olduğuna görə dəyərsizdir, heç nədir. Odur ki, kimsənin yanında dərdini söyləyə bilməsə də, öz-özünə “Bəs mən, mən də axı insanam!”- deyə inildəyir.

“Yoxsul insanlar” üzərində işləyərkən Dostoyevski qardaşına yazırdı ki, həyatı və insanları öyrənmək mənim ilk məqsədim və qayğımdır. Bu işdə o, Şekspirdən də nümunə götürdüyünü bildirirdi: “Şekspir ən böyük dahidir. Çünki o, insanları başqalarından çox yaxşı tanıyır”.

Deyirlər, yazıçı “insan qəlbinin mühəndisi”dir. Fyodor Mixayloviç, sözün əsl mənasında, “insan qəlbinin cərrahı” idi. Dostoyevski sənətinin bu məziyyətini də ilk dəfə Belinski qiymətləndirib, ədibin insan qəlbinə yaxınlığını və doğmalığını nəzərdə tutub:“Dostoyevskinin istedadı özünəməxsusluğu ilə parlayır”, – demişdi. Bu barədə Fyodor Mixayloviçin  qardaşına yazdıqlarını yada salaq:

“Elə güman edirəm ki, mənim şöhrətim heç vaxt indiki kimi, bu cür yüksək bir zirvəyə ucalmayacaqdır. Sən təsəvvürünə gətir ki, bizimkilərin hamısı, hətta Belinski də belə hesab edirlər ki, mən Qoqoldan da xeyli irəli getmişəm… Məndə yeni orijinal bir keyfiyyət tapırlar, bu keyfiyyət ondan ibarətdir ki, mən sintezlə deyil, analizlə hərəkət edirəm, yəni dərinlərə varıram, özüm də atomları araşdıraraq, bütövü axtarıb tapıram.  Qoqol  isə  bilavasitə  bütövü  götürdüyü  üçün mənim qədər dərin deyil… Mənim gələcəyim son dərəcə parlaqdır…”.

Dostoyevskinin  anidən  qazandığı  şöhrət  gənc ədiblər arasında bəzən kinayə ilə qarşılanırdı. Hətta İ.Turgenev Belinskinin Dostoyevski ədəbi istedadı haqqındakı coşqun rəyi ilə razılaşmırdı. Nəzərə alsaq ki, dünya ədəbiyyatının korifeylərinə heç də hər zaman standart yanaşma olmayıb, fikir müxtəlifliyinin özü inkişafa da xidmət edə bilib, əlbəttə, bunu təbii hesab etmək olar. Bir şərtlə ki, istedada olan yanaşmalar ədalətə söykənmiş və humanizmə xidmət etmiş olsun. Haqsız olaraq söylənilən səmimiyyətdənkənar rəylər, zərif, həssas duyğulu yaradıcı insana  soyuq, laqeyd münasibət istedad sahibinin ruhunda sərt və yaralı izlər qoyur. Dostoyevskiyə də olan bu haqsız yanaşma onun “Netoçka Nezvanova” əsərində görkəmli skripkaçalanın öz yaradıcılıq yüksəlişində çəkdiyi məşəqqətlər haqqındakı sözlərində əksini tapmışdır:

“İstedada  canıyananlıq  lazımdır,  istedada  lazım olan şey budur ki, onu başa düşsünlər; halbuki sən məqsədinə azca belə nail olanda, səni nə cür sifətlər əhatə edəcəyini görəcəksən. Sənə misilsiz ağır əmək, məhrumiyyətlər, aclıq, yuxusuz gecələr bahasına başa gələn, nəsib olan şeyə onlar heç bir əhəmiyyət verməyəcəklər, ona nifrət və həqarətlə baxacaqlar… Sən tək olacaqsan, onlar isə çox, onlar sənə sancaqlarla işgəncə verəcəklər”.

Bir cəhəti də qeyd etmək yerinə düşərdi ki, “Netoçka Nezvanova” əsərində Dostoyevskinin sonrakı yaradıcılıq dövründə cox xoşladığı formanın – fəlsəfi dialoqun və yaxud monoloqun ilk təctübələri mövcuddur, həm də sənətkarın yaradıcılıq metodu kimi mühüm növü-forması.

Dostoyevski özəlliklə də onun şəxsi ləyaqətinə toxunanların hücumlarından əzab çəkirdi. Lakin əfsanələr və dedi-qoduların məhz onun ətrafında cərəyan etməsi təsadüfi deyildi. Bunun üçün özü əsas yaradırdı. Onda hər kəslə, ilk öncə ədəbi əhatəsi ilə  düşmənçilik etməyə  nəsə bir qarşısıalınmaz tələbat vardı.  Burada məsələ təkcə onun xarakterində deyildi, ilk öncə onun təfəkkürünün  təbiətində və bədii dühasında idi.

Dostoyevskinin insani keyfiyyətləri onun şəxsiyyətinin, necə deyərlər, sabit qavranılmasını istisna edirdi. Onu nəinki anlamaq,  lakin həm də, anladıqda, yaxın doğmalarının və yaxın tanışlarının bir insanı onun bütün zəiflikləri ilə  birlikdə necə  var, qəbul etdikləri kimi qəbul etmək çətindi.

Özünün təbiəti etibariylə, özünün bütün gözlənilməz hərəkətləri ilə   Dostoyevski onun dühası qarşısında baş əyən adamları belə özündən perikdirirdi.  Ona sonsuz dərəcədə bağlı olan doğma qardaşı Mixail  də onunla ünsiyyətdə  bəzən çətinliklərə   düşürdü. Belə olduğu bir halda Dostoyevskinin qıcıqlandırıcı  xasiyyətlərinə  qardaş dözümlülüyünün olmadığı Straxov  haqqında nə deyə bilərik? 14 dekabr 1878-ci ildə  Dostoyevskinin hansısa yeni hərəkətinin təptəzə təəssüratları altında  ikən Straxov Tolstoya yazırdı: “Mən həyatı Maykov sevdiyi qədər sevmirəm, özümü də   Dostoyevski özünü sevən tək sevmirəm”.

M.M.Baxtin qeyd edir ki, M.K.Mixaylovski  tərəfindən  Dostoyevskiyə verilmiş  “amansız istedad” bənzətməsinin təməli var,  baxmayaraq ki, o, Mixaylovskinin təsəvvür etdiyi qədər də sadə məsələ deyildir.      Dostoyevskinin öz qəhrəmanlarını  onlardan özünün son həddinə çatan özünüdərk sözünü qoparmaqdan ötrü  məruz qoyduğu özünəxas mənəvi işgəncələr insanın onun özünüdərki və özünüifadəsi sferasında  insan təsəvvüründəki bütün maddi və obyektiv, bütün bərk və dəyişməz, bütün zahiri və neytral olanları  həll etməyə imkan verir.

İstər həyatın keşməkeşlərində, istərsə də yaradıcılıq zirvəsinə gedən enişli-yoxuşlu yollarda onun üçün ata əvəzi olub, həm də səmimi bir dosta çevrilən doğmaca qardaşı ilə paylaşmaq Fyodor Mixayloviç üçün mənəvi borca çevrilmişdi. Qardaşın qardaşa məktublarından:

 

F.M.Dostoyevski  M.M.Dostoyevskiyə

16 noyabr 1845, Peterburq

 

“Hə, qardaşım, heç vaxt, mən düşünürəm ki, mənim şöhrətim indiki zirvəsinə çatmaz. Hər yerdə ölçüyəgəlməz ehtiram, hər yerdə mənə qarşı müdhiş maraq. Mən ən mötəbər təbəqəni  xalqın ən aşağı təbəqəsi, dibi ilə tanış etdim.  Knyaz Odoyevski ona baş çəkməklə onu bəxtiyar etməyimi  rica edir, qraf Solloqub isə həsəd və ümidsizlikdən saçlarını yolur. Panayev ona elan edib ki, onların hamısını  palçığa salıb ayaqlaya biləcək istedad meydana çıxıb.Solloqub başıalovlu bütün qapılarda vurnuxub, Krayevskinin yanına gələndə birdən soruşub ki,bu Dostoyevski kimdir? Mən  Dostoyevskini harada tuta bilərəm? Heç kəsi vecinə almayan və  nəticəsini düşünmədən hər kəsi sancan Krayevski isə ona cavab verib ki, “Dostoyevski öz təşrifi ilə  sizi bəxtiyar etmək istəmir”. Bu gerçəkdən belədir: aristokratcığaz  indi  səmimiyyətsizlik edir və düşünür ki, öz nəvazişləri ilə məni məhv edib. Hər  kəs məni möcüzə kimi qəbul edir. Hətta ağzımı açıb bir kəlmə danışa bilmirəm ki,  hər künc-bucaqda Dostoyev “ski”nin nə dediyini, nə söylədiyini təkrarlasınlar.  Belinski məni hər zamankından çox sevir.  Bu günlərdə şair Turgenev Parisdən geri dönüb və ilk dəfədən mənə elə bağlandı, elə dostanə münasibət sərgilədi ki… Belinski bunu belə izah edir ki, Turgenev mənə vurulub. Amma, qardaşım, bu  necə adamdır, tanıyırsanmı?  Mən də az qala, ona vuruldum”.

V.N.Belopolskinin “Dostoyevski və onun dövrünün fəlsəfi fikri”ndə  (Rostov-Don, 1987) yenə oxuyuruq:

 

“İnsanın daxilində insan.

İkiləşmə  necə baş verir?

 

İnsan təbiətini dərk etməyə maraq Dostoyevskidə  erkən özünü göstərib. 1839-cu ildə qardaşına yazıb: “İnsan özü bir sirdir. Və əgər sən onun bütün  həyatın boyu dərkində davam edə biləcəksənsə, demə ki, vaxtımı əbəs sərf etdim: mən bu sirlə məşğulam, çünki insan olmaq istəyirəm”.

İnsanın “sirrini” açmaq  yazıçını onun təbiətinin ikiliyi üzərinə gətirmişdi.  Y.F.Yunqa yazdığı 11 aprel 1880-ci il tarixli məktubunda  xəbər verirdi: “Bax ona görə siz mənə doğmasınız ki, sizdəki bu ikiləşmə nöqtəsinə-vergülünə qədər məndə  olan kimidir və bütün həyatım boyu məndə belə olub. Bu böyük əzabdır, lakin eyni zamanda həm də böyük həzzdir. Bu – qüvvətli dərkdir, özünə hesabat vermək tələbatıdır və sizin tələbatınızın təbiətində özünün özünə  və  insanlığa mənəvi borcudur. Bu ikilik bax, bu deməkdir.

…Onun müasiri olan ziyalı adamda Dostoyevski iki başlanğıcı —  qardaşlıq (soy mənsubiyyəti)  və şəxsi (fərdi) başlanğıcları görmüşdü. Bu xüsusatın nəzərə alınması yazıçının yaradıcılıq metodunun, onun şəxsiyyət konsepsiyasının fərqləndirici cizgilərini dərindən anlamağımıza imkan  verir. “İnsanın varlığında insan tapmağa”  çalışmaqla, o, zahiri, şəxsi başlanğıcın altında daxili qardaşlıq başlanğıcını arayırdı. Dostoyevski bunu fərqləndirici rus cizgizi hesab edir, çünki məhz Rusiyada Qərbdə “xüsusiçilik başlanğıcı”  tərəfindən sıxışdırılmış olan kollektivizmə can atmağı formalaşdıran kəndli icması qorunub saxlanmışdı.

“Yüksək anlamda” realizm, yazıçının fikrincə, “insan qəlbinin bütün dərinliyini” təsvir etməlidir, yəni qəhrəmanın bir qayda olaraq, dövrün ideyaları ilə bağlı olan psixologiyasında  fərdiyyətçilik başlanğıcının təcəssümü ilə kifayətlənməməli, təsvir olunan xarakterin mahiyyətinə  sarsıntılar və böhranların təsviri ilə varmalıdır. “İnsanın daxilində insan tapmaq”  vəzifəsi Dostoyevskinin “bütün on doqquzuncu əsr sənətinin”  əsas fikri hesab etdiyi məqsədlə sıx bağlıdır. Viktor Hüqonun “Paris Məryəm Ana kilsəsi”  romanının tərcümə nəşrinə  önsözdə  Dostoyevski   bunu: “… Şəraitin ağırlığının,  yüzillərin və ictimai xurafatın  durğunluğunun ədalətsiz şəkildə  əzib tapdalayaraq həlak etdiyi insanın bərpası” kimi xarakterizə edir. Dostoyevski üçün insan —  uzunsürən iqtisadi inkişafın məhsuludur, bu prosesdə onun əsl insani, qardaşlıq, kollektivçilik mahiyyəti düşmən təsirin  təbəqəsi altında gizlənmişdir. Sənətin vəzifəsi – bu mahiyyəti çılpaqlamaq, “bərpa” ideyasına xidmət etməkdir.

Gördüyümüz kimi, yazıçıda dürüst və bütöv insan konsepsiyası olmuşdur. Bu da əlamətdardır ki, özünün  bütün  mücərrədliyi ilə o, zamanın ən mühüm sosial ziddiyyətlərini əhatə edirdi və dərin tarixi mahiyyətdə idi”.

Bir qədər əvvəl yazıçının öz təfəkkürünü yeni-yeni xalqlar, ölkələr, ictimai quruluşlar haqqındakı məlumatlarla zənginləşdirdyini qeyd etdim. Bu baxımdan, onun həyatına müstəsna təsir göstərmiş məsələlərdən yan keçmək mümkün deyil. Dostoyevskinin rus xalqının ictimai-siyasi həyatındakı rolu ədəbi tarixin səhifələrində böyük izlər qoymuşdur.

1846-cı ildə Dostoyevski Petraşevski ilə tanış olur. Petraşevskiçilər cəmiyyəti, yaxud dərnəyinin rəhbəri olan Mixail Vasilyeviç Butaşeviç-Petraşevski 40-cı illərin azadlıq hərəkatının görkəmli xadimi, furyerist, Rusiyada ilk sosialist dərnəyinin təşkilatçısı kimi tanınırdı. Bu təşkilat  bir tərəfdən Belinskinin inqilabi ideyaları, ikinci tərəfdən fransız utopik sosialistlərinin – Sen Simon, Furye, Kabe, Lui Blan, Robert Oyen, Jorj Sand, Prudon və digərilərinin təsiri altında yaranmışdı. Fransua Mari Şarl Furye burjua cəmiyyətinin tədqiqini vermiş, böyük Fransa inqilabı ideoloqlarının ideyaları ilə gerçəkliyin ziddiyyətlərini, yoxsulluqla zənginliyin antaqonizmini açıb göstərmişdi. İnsanın  formalaşmasında ətraf mühitin və tərbiyənin həlledici rolu haqqında fransız materialistlərinin müddəalarından çıxış etmişdi. Furyeyə görə, insan qüsurlu deyil, yaşadığı cəmiyyət qüsurludur. Ona görə də elə ictimai quruluş yaratmaq lazımdır ki, insan ehtiraslarını, onun inkişafını tam təmin etsin. Petraşevski özünü Furyenin tərəfdarı sayır, Rusiyanın siyasi quruluşunun demokratikləşdirilməsi, kəndlilərin, onlara torpaq verməklə azad olunması ideyalarını irəli sürürdü. Petraşevskiçilər – həmin dövrdə Peterburqda zadəgan və raznoçin ziyalıları dərnəklərinin üzvləri, utopik sosialistlər və demokratlar idi. Dərnəkdə 70-ə yaxın adam iştirak edirdi. Gizli dekabrist cəmiyyətlərindən sonra Petraşevskilər dərnəyi Rusiyada ikinci gizli siyasi təşkilat sayılırdı. Lakin fərq onda idi ki, dekabrist cəmiyyətlərinin üzvləri yalnız dvoryan ziyalılarındam ibarət olduğu halda, Petraşevskilər dərnəyinin üzvləri sinfi mənsubiyyətləri baxımdan müxtəlif olub, dvoryanlar, meşşanlar, tacirlər, müəllimlər, incəsənət adamları; aktyorlar, bəstəkarlar, musiqişünaslar və  tələbələrdən ibarət idi. Təşkilata müxtəlif təbəqələrdən olan ziyalıların cəlb olunması səbəbsiz deyildi. Petraşevski dekabristlərdən fərqli olaraq, rus inqilabi hərəkatını demokratlaşdırmaq, azadlıq uğrunda bütün xalqı hərəkətə gətirmək istəyirdi.

Lakin Petraşevskiçilər cəmiyyəti təşkilat kimi formalaşsalar da, hazır proqramları yox idi. Onlar kəndli üsyanına rəhbərliyin planını hazırlamağa cəhd göstərmişdilər. Anlayırdılar ki, Rusiyada ictimai münasibətləri yalnız siyasi dəyişikliklər yolu ilə kökündən dəyişmək mümkündür. Petraşevskiçilər respublika, yaxud heç olmasa, konstitusiyalı monarxiya tərəfdarı idilər. Dekabristlərdən fərqli olaraq, petraçevskiçilər xalqı inqilabın əsas qüvvəsi sayırdılar.

1847-ci ilin yazından Dostoyevski Petraşevskinin dərnəyində iştirak etməyə başlayır.Yazıçı, Furyenin təlimi ilə tanış olduqdan sonra vəcdə gəlir. O yazır: “Furyerizm dinc sistemdir, o, insanın ruhunu öz zərifliyi ilə valeh edir, qəlbini bəşəriyyətə məhəbbətlə məftun edir; həmin məhəbbətlə ki, Furye öz sistemini tərtib edərkən onu ruhlandırar, ona ilham verərdi. Furyenin sistemi öz ahəngdarlığı ilə insanı heyrətə salır. O, kinli hədə-zorbalarla deyil, bəşəriyyətə məhəbbət hissi ilə ruhlandıraraq, zəkaları özünə cəlb edir. Bu sistemdə nifrətlər, qəzəblər yoxdur. Furyerizm siyasi islahatı nəzərdə tutmur, onun islahatı iqtisadidir. O, nə hökumətə, nə də mülkiyyətə qəsd edir…”.

Lakin   Dostoyevski   hakimiyyətin   zorla   qabaqcıl ictimai sinfin əlinə keçməsinə tələsmir və bunu qəbul etmirdi. O, yalnız cəmiyyətin iqtisadi cəhətdən irəliləməsini istəyirdi. Dahi söz ustası yalnız sözdə azadlıq tərəfdarı olduğunu bildirir, əməli işdə isə hərəkətsizlik göstərirdi. Buna baxmayaraq, yazıçı petraşevskiçilər tərəfindən hörmətlə qarşılanırdı…

Həmin illərdə Rusiyada ideya mübarizələri kəskin şəkildə davam edirdi. İslahat ərəfəsində bir-birinə zidd siyasi fikir cərəyanları yaranırdı. Mühafizəkar slavyanofillər Rusiyanı geriyə çəkmək istəyir, liberal qərbçilər maariflənmək yolu ilə və mövcud quruluşa toxunmadan avropalaşmağı müdafiə edir, Çernışevski və Dobrolyubov kimi inqilabçı-demokratlar utopik şəkildə olsa da, sosializm, kommunizm və kəndli inqilabı ideyalarını təbliğ edirdilər. Bu ideya mübarizələrinə Dostoyevski də münasibətini bildirməyi özünə mənəvi ehtiyac hesab edirdi.

İdeya-fikir müxtəlifliyindən Peterburqda ziyalılar arasında qruplaşmalar əmələ gəlmişdi. Bu qruplardan biri də A.P.Milyukovun dərnəyində toplaşan ziyalılar qrupu idi. Bu adamları yalnız “zəminəçilik” ideyası birləşdirirdi. “Zəminə” dedikdə, bu ziyalılar hər işdə “xalq ruhuna”, “rus ruhuna” əsaslanmağı üstün tuturdular.“Zəminəçilər” belə hesab edirdilər ki, I Pyotrun islahatlarından sonra rus ziyalıları ilə, savadlı dvoryanlarla savadsız xalq arasında böyük uçurum əmələ gəlmişdir.Guya Qərb həyatını, Qərbdə doğan fikirlərin təqlidi nəticəsində rus ziyalıları “əsl rus ruhu”ndan, “rusçuluq zəminindən” ayrı düşmüşlər. Onlar öz aləmlərində rus ziyalısı ilə rus xalqı arasındakı ziddiyyəti, savadlı dvoryanlarla savadsız xalq arasındakı anlaşılmazlığı aradan qaldırmaq, xalqı savadlandırmaq, maarifləndirmək yolu ilə sinfi ziddiyyətləri ləvğ etmək, bununla da “vahid rus ruhunun qələbəsini” həyata keçirmək haqqında düşünürdülər.

Əlbəttə, Qriboyedov və Puşkindən başlamış, Belinski, Çernışevski və Dobrolyubova qədər Rusiyanın bütün öndə gedən yazıçı, şair, mütəfəkkirləri də həqiqətən I Pyotrun islahatlarından sonra rus dvoryanları məişəti ilə xalq məişəti arasında böyük uçurumun yarandığını, rus dvoryanlarının böyük bir hissəsinin təkrarçılıq, təqlidçilik edib rus ruhundan tamamilə uzaqlaşdıqlarını, ana dillərini belə bəyənmədiklərini, zəhmətkeş xalqın əsrlər boyu qaranlıqda, cəhalətdə saxlandığını dönə-dönə təsdiq etmişdilər. Bu yazıçı, şair və mütəfəkkirlər belə hesab edirdilər ki, xalqı zülmətdən işığa, əsarətdən azadlığa çıxarmaq üçün onu dvoryan zülmündən xilas etmək lazımdır. “Zəminəçilər” isə “xalq ruhu” sözləri ilə bu sinfi ziddiyyəti barışdırmaq, cəmiyyətdə “mədəni dvoryanların” ağalığını, rəhbərliyini daha da möhkəmləndirmək istəyirdilər.

Dvoryanların rus olub rusu bəyənməməsi cəmiyyətin  mənəvi faciəsi idi. Dostoyevski də digər məsləkdaşları kimi bu uçurumu görürdü. Bir tərəfdə uçuq-sökük, hisdən qapqara qaralmış daxmalar, zülmlə tapılmış bir tikə quru çörək və kvas, o biri tərəfdə dəbdəbəli saraylar, qəsrlər, parklar, hər biri neçə-neçə kəndin gəliri hesabına başa gələn ballar, ziyafətlər, musiqi salonları, rəqs məkanları…Bu uçurumu yaradanların da çoxu özlərini “dünyagörüşlü”, “yenilik tərəfdarı”, “liberal”  elan edirdilər.

Ədəbi fəaliyyətinin ilk dövründə, yəni Sibirə sürgün edilənə  qədər Fyodor  Mixayloviç istedadlı realist və psixoloq bir yazıçı kimi 1844-1849-cu illər arasında yazdığı  “Yoxsul insanlar” romanı, “Oxşar”, “Ev sahibəsi”, “Zərif  ürək”, “Bəyaz  gecələr”, “Netoçka Nezvanova” povestləri və “Polzuxin”, “Özgə arvadı və çarpayı altına girmiş yad kişi”, “Namuslu oğru”, “Cənab Proxarçin” hekayələri ilə məşhurlaşmışdı.

“Bəyaz gecələr”də 26 yaşına qədər ömrünü tənhalıqda keçirən, heç bir tanışı, sirdaşı olmayan, yoxsulluq ucbatından adi gənclik həyatının belə nə olduğunu bilməyən, Peterburq kimi nəhəng şəhərdə özünü yad adam tək hiss edən gənc, həyatında ilk dəfə bir qadına- 17 yaşlı gözəl, həssas və zərif qəlbli Nastenkaya rast gəlir.Lakin onu da özü kimi məzlum, kimsəsiz, taleyi puç olmuş görür.

Hər ikisi xəyalpərvər olan gənclər həyatda qovuşa bilmədikləri arzularına xəyal aləmində qovuşmağa adət etdiklərinə görə, ifrat xəyalpərvərə çevrilirlər. Dostoyevskinin bu povestində xəyalpərəstliyin psixoloji əlamətləri böyük sənətkarlıqla təhlil edilir.

“Namuslu oğru” hekayəsində yazıçı Yemelya surətində bədbinlik, iradə zəifliyi, düşkünkük və tənbəllik nəticəsində içkiyə qurşanmanın, sərxoşluğa  tutulmanın acı nəticələrini açıb göstərmişdir. Bir çox əsərlərində olduğu kimi, bu hekayəsində də müəllif, ağalar-qullar Rusiyasında sərxoşluğun daha çox yoxsullar arasında yayılmasını ciddi bir bəla kimi təqdim etmişdir.

“Özgə arvadı və çarpayı altına girmiş yad kişi” əsərində görkəmli ədib səmimi sevgi əsasında qurulmayan, kişiləri qoca, əldən düşmüş, sarsaq, lakin arvadları  gənc olan dvoryan ailələrindəki əxlaqsızlığa, qadınların hiyləgərliyinə, ərlərin isə sadəlövhlüyünə gülmüşdür…

Çox keçmir ki, Petraşevski dərnəyinin üzvü olan 34 azadlıq mücahidi tutulur, Dostoyevski yatağında həbs olunur və Petropavlov qalasına salınır. Bu siyasi qrupun rəhbərlərindən biri kimi, Fyodor Mixayloviç də ölüm cəzasına məhkum edilir.

L.Qrossmanın maraqlı qeydləri diqqətimi cəlb edir:

“Hakimlərin masanın qırmızı örtüyü arxasından, hündür edam kürsüsündən hiddətli və qəzəb saçan baxışları zəif, üzgün, cansız və əsəbi gənc ədibə zillənmişdi. Məhbus xalatı geymiş, qəlbi təşviş və nigarançılıqla çırpınan, gözləri bərəlmiş ədib onların qarşısında donub qalmışdı.

Mahud qvardiya mundirləri dəmir geyim təsiri bağışlayan bu ali rütbəli xəfiyyələr qarşısında qızıl əsr-ümumun xoşbəxtliyi və səadəti haqqında düşünən dahi xəyalpərəst, bir dəri-bir sümük olan, rəngi ağarmış böyük ədib dayanmışdı.

Uca estradadan o, yabançı, soyuq, aydın sözlər eşidirdi. Komissiyanın sədri, qoca Nabokov danışırdı. Bu əldən düşmüş kaftar fəxri istefada idi.Borodin, Leypsiq və Varşavaya hücum əməliyyatlarında iştirak etmiş bu qoca, qrenader korpusu komandanlığı vəzifəsini ancaq bu yaxınlarda tərk etmiş və bədnam fəxri bir ad, Çesmen xeyriyyə müəssisəsinin direktoru və Sankt-Peterburq qalasının komendatı adını almışdı.Veteranlarla qazamata salınanlar üzərində rəis idi.Lakin o, qaşlarını hələ də dəhşətlə çataraq, özünü əlahəzrətin hiddət və qəzəbini ləyaqətlə ifadə edən adam kimi göstərməyə canfəşanlıqla səy edirdi.

O, boğuq səsi ilə elan etdi:

-İstefaya çıxmış mühəndis-poruçik birinci Dostoyevski siz, provoslav dini və ali hakimiyyətə qarşı yönəldilmiş qərəzli planlarını həyata keçirməyə başlamış gizli cəmiyyətə cinayətkarcasına mənsub olmaqda ittiham edilirsiniz. Müsadiənizlə, bu iş barədə sizə nə məlumdursa, hamısını gizli istintaq komissiyasına söyləyin. Masaya yaxın gəlin.

…Onu diqqətlə dinləyir və sözünü kəsmirdilər.Lakin ədib sözünü deyib qurtaran kimi, ali rütbəli müstəntiqlər hərəkətə gəldilər, bir-birinə kəsik-kəsik ifadələrlə müraciət etdilər, iclasın gələcək qaydası haqqında şərtləşdilər.

General Dolqorukova söz verdilər.Bu, hərbi nazirin müavini, Novqorod hərbi poseleniyelərində (I Aleksandr dövründə general Arakçeyev tərəfindən həyata keçirilən qoşun təşkili üsulu – R.Mirzəzadə) baş vermiş qiyamın yatırılmasında şöhrət qazanmış, Polşa qiyamçılarına qarşı aparılan işlərdə misilsiz mərdlik göstərmiş adam idi.Baxışları sönük, gözləri nursuz, cod tüklü qısa bığları olan bu adam arıq sifətini irəli verdi. Nazik donqar burnu sanki qənimət ələ keçəcəyini duymuşdu.Onun çuxura düşmüş gicgahları, geriyə daranmış seyrək saçları işıqda parıldayırdı. Enli pəncəvari epoletləri azca yuxarı qalxmışdı.Onun duruşunda, baxış və hərəkətlərində komandir hökmü duyulurdu.

O, sualları qırıq-qırıq və qısa verirdi:

-Siz xidməti hansı rütbədə tərk edibsiniz?

-Səhra-mühəndis poruçiki.

-Sıra təlimləri keçibsinizmi?

-Hərbi səfərlərdə olubsunuzmu?

-Hərbi- mühəndis korpusunda necə xidmət edirdiniz?

Sonra o, nazik bir dəftəri açıb, az qala iyrənə-iyrənə vərəqlədi:

-Bu sayaq mühakimə sizə məlumdurmu?

O, üz-gözünü turşudub, nifrət təzahür edən ifadə ilə oxudu:

“-Mənə yer eləyir, uşaqlar! Görünür, nə qədər ki, qüvvəmiz var, biz lazımıq, sonra bizi pəsməndə kimi yarğana atıb itlərə yem edəcəklər. Mən namusla qulluq edirdim, amm indi əlimi sədəqə üçün uzatmalıyam. Bizim kimiləri azdırmı? Məlum şeydir, axı soldatlara heç yaxşı kələm şorbası da verməzlər, amma özləri bir bax, nə cür löhrəm atların belində çapırlar! Ay əclaflar! Hələ bir dayanın, biz sizə göstərərik! İndi birinci olanlar axırıncı olacaqlar, sonuncular isə birinci olacaqlar. Bax, fransızlar öz ölkələrində işi elə bu cür də qurdular, başqaları da həmçinin.Təkcə bizdə, bir də murdar avstriyalılarda vəziyyət başqa cürdür”.

O, əlyazmasını nifrətlə kənara atdı…”

İstintaq komissiyasının suallarına yazıçının verdiyi cavab — “izahat”ın məqamlarından: “…Belə gərgin vəziyyətdə ədəbiyyatın yaşaması çətindir. İncəsənətin bütün növləri yox olmalıdır: satira, faciə daha yaşaya bilməz. İndiki senzuranın sərtliyi şəraitində Qriboyedov, Fonvizin və hətta Puşkin kimi yazıçılar daha yaşaya bilməzlər. Satira nöqsanı, şəri, pisliyi məsxərəyə qoyur, həm də çox vaxt xeyirxahlıq sifətində təzahür edən pisliyi, şəri. İndiki vəziyyətdə hansı məsxərəyə qoymaqdan söhbət gedə bilər? Senzor hər şeydə bir eyham görür, şübhələnir ki, görəsən, burada bir şəxsiyyət nəzərdə tutulmur ki, kin-küdurət yoxdur ki, yazıçı hansı bir şəxsə isə və hansı bir qaydaya isə işarə vurmur ki?..

…Mən şikayətlənirdim, yalvarırdım ki, bu kədərli, acı səhv mümkün qədər tez keçib getsin. Ona görə ki, ədəbiyyatı sevirəm və onunla maraqlanmadan yaşamağı təsəvvür etmirəm; ona görə ki, bilirəm – ədəbiyyat xalq həyatının ifadələrindən biridir, cəmiyyətin güzgüsüdür… Ədəbiyyatsız cəmiyyət yaşaya bilməz, mən isə görürdüm ki, həmin bu ədəbiyyat sönür…

…Mənim cavabım budur – mən həqiqəti yazmışam”.

Adlar, maddələr,qətnamələr meydana        yayılır, amansız hökm sərt ahəngdarlıqla dönə-dönə yenidən səslənirdi. İnsanın qanını dondurub qulaqlarda dəhşətli əks-səda, ürəklərdə həyəcanlı çırpıntılar yaradan hökm sonuncu dəfə oxundu:

— İstefada olan 27 yaşlı mühəndis – poruçik Fyodor Dostoyevski cinayətkar niyyətlərdə iştirak etdiyi üçün, pravoslav dininə və ali hakimiyyətə qarşı ədəbsiz və qaba ifadələrlə dolu olan şəxsi məktubu yaydığı üçün, habelə ev litoqrafiyası vasitəsilə hökumətə qarşı əsərlər çap edib yaymaq qəsdində olduğu üçün… Güllələnmə təriqilə ölüm cəzasına məhkum edilsin!

Boğuq təbil səsi gurladı. Birgə vurulan mənhus təbil səslərinin gurultusu altında, qırmızı köynək və qara plis şalvar geyinmiş cəlladlar uzunboğaz çəkmələrini taqqıldada – taqqıldada edam kürsüsünə qalxdılar. Məhkum edilənləri diz çökdürdülər. Cəlladlar biçqılanmış ovxarlı qılıncları onların başları üzərində iki böldülər. Sındırılan poladların quru və kəskin cingiltisi şaxtalı havanı yardı.

Keşiş son xütbəni –   “Günahın mükafatı ölümdür!” sözlərini ifadə edərək, böyük bir xaçı öpmək üçün hər bir məhbusun dodağına yaxınlaşdırdı. Beləliklə də son mərasim – ölüm qarşısında paltardəyişdirmə başlandı. Elə oradaca, edam kürsüsündə onların yay plaşlarını, ucu şiş başlıqları, az qala yerə toxunan uzunqollu, enli kətan kəfənlə əvəz etdilər.

Onları üç-üç yenidən düzdülər. Dostoyevski ikinci cərgədə idi. Edam sərəncamçısının bağırtısı eşidildi:

— Petraşevski!

— Mombelli!

— Qriqoryev!

Onları kəndirlərlə üç boz dirəyə sarıdılar. Ölüm köynəyinin uzun qolları ilə onların əllərini arxalarına bağladılar.

Dostoyevski “həyatının son məqamları” barədə qardaşına yazırdı:“…Mən ikinci növbədə idim və bir dəqiqədən artıq yaşamayacaqdım. Səni, qardaş, sənin  bütün  ailəni  yadıma  saldım:  son  dəqiqədə  sən, yalnız sən mənim əqlimdə idin və ancaq o zaman bildim ki,  səni  necə  sevirəm,  mənim  əziz  qardaşım!  Yanımda olan Pleşşeyevi, Durovu qucaqlayıb, onlarla vidalaşmağa da macal tapdım”.

Ölümə məhkum edilən dahi insanın həyəcanlarının adamı heyrətə gətirən bu qeydləri içərisində sarsıntılı və kədərli nidalar da təzahür edirdi:

“Aman Allah! Mənim yaratmış, yaşatmış olduğum nə qədər surət yenidən məhv olacaq, başımdan sönüb gedəcək, yaxud zəhər kimi qanıma yayılacaqdır!..”

“Nəhayət, təbilləri çalıb edamın dayandırıldığını bildirdilər, dirəklərə sarınmışları geri gətirib bizə oxudular ki, Əlahəzrət İmperator bizə həyat bəxş edir. Sonra əsl hökmləri elan etdilər”.

Elə həmin gün Dostoyevskiyə bəyan edilir ki, o, birinci dəstə ilə Sibirə göndəriləcəkdir. Lakin bu bəşəri duyğular və əqidə sahibini yaşadan bir amal vardı: “Bəli, yazmaq mümkün olmasa, mən məhv olaram. On beş il həbsdə olum, ancaq qələm əlimdə olsun!”.

Yenicə edam cəzasına məruz qalaraq, bir neçə saatdan  sonra  sürgünə  yollanacaq  bu  insanın  yaradıcı şüur və idrak qüvvəsi, onun rəşadət və mənliyi doğrudan da misilsiz idi: “Mən kədərlənməmişəm, ruhdan düşməmişəm.  Həyat  hər  yerdə  həyatdır,  həyat  zahiri  aləmdə deyil, bizim özümüzdədir… Mənim qəlbimdə indi olduğu qədər heç vaxt belə qaynar, firavan və sağlam mənəvi həyat ehtiyatları olmamışdır…”.

1850-ci il yanvarın 23-də Fyodor Mixayloviç  xəndək və bəndlərlə əhatə olunmuş Omsk qalasına gətirilir. Bu qala XVIII əsrin əvvəlində çöl, səhra köçərilərini dəf etmək üçün tikilmişdi. Çox keçmədən həmin qala hərbi dustaqxanaya çevrildi.

Dostoyevski qarovul otağına gətirilir, burada paltarı dərhal dəyişdirilir, yazıçıya yeni məhbus geyimi verilir. Başını qırxdırıb, ikirəng gödəkçə geyindirərək, başına yumşaq, günlüksüz papaq qoyurlar. Yazıçı bu görkəmdə katorqa qazamatına daxil olur. Bura döşəməsi çürüyən, tavanı axan, sobaları dəmli, sökülməli həddə olan, sıradan çıxmış taxta bina idi. Birə, bit, cücüləırin əlindən göz açmaq olmurdu.Gecədən sübhə qədər hamı bir çəlləkdən istifadə edirdi. Bürkü və boğanaqdan adamın başı çatlayırdı. Ətrafda  səs-küy, söyüş, bağırtı, zəncirlərin cingiltili  səsi aləmi bürüyürdü. Bura cəhənnəm, dözülməz bir zülmət idi.

Omsk dustaqları qəddarcasına zəncirlənmişdilər. İnsanlar əlləri qandallı-qandallı hamamda çimir, xəstələnəndə elə zəncirlə hospitalda yatırdılar.

Dostoyevski cinayət aləminin ən qəddar, ən mənfur “şöhrətliləri” ilə dörd il bir yerdə yaşamalı oldu. Qandallanmış yazıçının İncil kitabını oğurlayan uşaq qatili, dəfələrlə qan tökmüş tatar Qazin, bütün dustaqların ən mənfuru, “mənəviyyatca  Kvazimodo” olan, ən rəzil, əxlaqsız, tüfeyli və xain Aristov – dahi Dostoyevskini katorqa kazarmasında əhatə edən “rəzil qəhrəmanlar” idi. Lakin məhbusxananın mehriban, səmimi, təmiz, saf adamlardan ibarət kiçik bir dəstəsi də vardı ki, onlarla bir yerdə olmaq yazıçı üçün dustaqxana zillətindən dincəlməyə bərabər olurdu.

Dostoyevski Omsk dustaqxanasına gələndə orada sürgün olunmuş ləzgilər, çeçenlər, Dağıstan azərbaycanlıları ilə rastlaşır. Azərbaycanlılar arasında çarpayısı Dostoyevski ilə yanaşı olan Əli adlı ürəyiyumşaq gözəl bir gənc vardı. Dostoyevski “Qeydlər”ində bu barədə yazır: “Onunla görüşümü həyatımda təsadüf etmiş olduğum ən gözəl görüşlərdən biri kimi xatırlayıram”. Bu gənc qeyri-adi bir məxluq idi, təbiətən elə gözəl bir insan idi ki, onun haqqında adamın ağlına heç bir pis fikir gələ bilməzdi.

Bu surət Dostoyevskinin təsvirində onun ən sevimli, tərbiyə, əxlaq və mənəviyyatca  pak olan qəhrəmanları içində vəsf olunmuşdur.Dağ xütbəsini dinləyərkən Əlinin buna məftun olması, müsəlman ola-ola öz yeni dostunun din və əqidəsini yüksəltməklə onu sevindirmək xatirinə “İsa müqəddəs peyğəmbərdir” deməsi kimi incə hərəkəti haqqındakı hekayət səciyyəvidir.

Bəli, qəhrəman dekabristlərə, petraşevskiçilərə, Rusiyanın Çernışevski kimi böyük vətəndaşlarına, azadlıq carçılarına, yüzlərlə gənc istedada divan tutan dvoryan dövləti Dostoyevskini də Sibirə, katorqaya, sürgünə göndərdi, illər uzunu azadlıqdan məhrum etdi. Katorqanın, sürgünün dəhşətli əzabları onun “Məhv olmuş xalq haqqında qeydlər”inin səhifələrinə köçürüldü. O, həyatın hər üzünü gördü.

Gənc ədib dörd il Omsk həbsxanasında katorqa cəzası çəkəndən sonra, altı il də 7-ci Sibir batalyonunda qulluq etməli oldu. Əslində bu qulluq da əzablarına görə katorqa cəzasından o qədər  fərqlənmirdi. Fyodor Mixayloviç sıravi soldat kimi ağır vəziyyətini bir qədər yüngülləşdirmək məqsədi ilə tərif ruhunda nəsə yazmağa məcbur oldu. 1854-cü ildə yazıçı yazdığı və Peterburqa göndərdiyi “Avropa hadisələri” adlı şeirdə rus çarını “xalqın atası” adlandırıb, onun “ədaləti”ndən bəhs etdi. Şeir təsirsiz qalmadı. Dostoyevski kiçik zabit və sonra zabit rütbəsi aldı, ləvg edilmiş dvoryan hüquqları bərpa edildi.

1857-ci il yanvarın 27-də Dostoyevski toy etmək üçün Kuznetskə yollanır. O, ilk səadətini burada tapmışdı. Ona görə də həyatının ən mühüm hadisələrindən biri bu şəhərdə  baş verir. Fevralın 15-də o, coşqun məhəbbətlə sevdiyi qadını yerli odigitriyev kilsəsinin mehrabına aparır. Toy mərasimi çox sadə, səssiz-səmirsiz keçir. Kuznetskdə Fyodor Mixayloviçin dostu-tanışı olmadığından və yoxsul dul qadın olan Mariya Dmitriyevna İsayevanın çox adama qoşulmadığından onların yanında sayca az adam olur. Nikahı keşiş Yevgeni Tyumensev kəsir. Toyda dörd nəfər zamindən ibarət rəsmi qonaqlar da iştirak edirki, onlardan biri müəllim Nikolay Verqunov olur.

…Baharda vərəm xəstəsi olan Mariya Dmitriyevnanın  vəziyyəti ağırlaşır. 1864-cü il aprelin 15-də o, vəfat  edir. Sonralar  Dostoyevski bu barədə yazır: “O, məni hədsiz dərəcədə sevirdi. Mən də onu hədsiz sevirdim, lakin biz onunla xoşbəxt yaşamırdıq…Bizim birlikdə yaşadığımız vaxt — onun ehtiraslı, vəsvəsəli və naxoşluq dərəcəsində fantastik xarakterinin nəticəsində — tamamilə bədbəxt olmağımıza baxmayaraq, bir-birimizi sevməkdən əl çəkə bilmidik, hətta bədbəxtliyimiz artdıqca, bir-birimizə daha möhkəm bağlanırdıq”.

Birinci arvadı Mariya İsayeva dünyasını dəyişdikdən sonra Dostoyevski 1867-ci ildə ikinci dəfə Marina Gimnaziyasının məzunu olan Anna Qriqoryevna Snitkina ilə ailə qurur. Atasını itirmiş Anna Qriqoryevna gimnaziyanı bitirdikdən sonra stenoqrafçı işləyir. Fyodor Mixayloviç nəşriyyatla müqavilə bağlayaraq  onlara çatdırmalı olduğu “Qumarbaz” romanını Annaya diqtə edərkən onunla tanış olur və evlənir. Dostoyevskinin  Annadan 4 övladı; iki oğlu və iki qızı dünyaya gəlir.

Dostoyevskinin Anna Qriqoryevnaya bağışladığı ilk təsir ağır və əzablı olur. O, öz gələcək əri ilə ilk görüşünü 50 il keçəndən sonra unudulmaz iztirab ifadəsi ilə belə xatırlayır:

“Bizim ilk görüşümüzdə Fyodor Mixayloviçin mənə bağışlamış olduğu ağır və miskin təsiri heç bir qüvvə ilə ifadə etmək mümkün deyildir.O, mənə fikri dağınıq, ağır, qayğıya  məhkum, aciz, tənha, əsəbi, az qala naxoş adam kimi göründü. Elə bil hansı bədbəxtliklər ucbatındansa o dərəcədə sarsılmışdı ki, qarşısındakı adamın sifətini görmür və rabitəli söhbət aparmaq taqəti yox idi.

O, məndən öz yazı stolunun arxasında əyləşməyi xahiş edərək, “Russki vestnik”dən bir neçə xətti yeyin-yeyin oxudu.Mən yaza bilməyib, ona dedim ki, çox iti oxuduğu üçün çatdıra bilmirəm, onu da əlavə etdim ki, danışıqda, yaxud diqtədə heç vaxt onun kimi iti danışmırlar.

O, asta-asta oxumağa başladı, sonra da stenoqramma yazısını adi yazıya çevirməyi məndən xahiş etdi. O, məni daim tələsdirir, deyirdi: “Ah, nə uzun çəkdi, məgər onun üzünün köçürülməsi belə uzunmu çəkir?”.Mən tələsərək, iki cümlə arasında nöqtə qoymadım, halbuki sonrakı cümlə böyük həriflə başlayırdı, özü də görünürdü ki, nöqtə ancaq buraxılıb.Fyodor Mixayloviç bu nöqtənin qoyulmamasına fövqəladə hiddətlənərək, bir neçə dəfə təkrar etdi: “Belə də iş olar?..”

Qrossman yazır ki, Dostoyevskinin Avropadakı sərgərdanlığının marşrutu bu mərhələlərlə müəyyən edilir: hər şeydən əvvəl Drezden; bura sakit yer idi, burada şəkil qalereyası və gözəl bağlar var idi.Yazıçı buranı bu xüsusiyyətlərinə görə olduqca yüksək qiymətləndirirdi.Sonra Baden-Baden; “Qumarbaz”ın müəllifi burada öz azart ehtirasına qapılmış və onun Turgenevlə  “Ocaq” romanı və Rusiya ilə Avropa problemləri haqqında məşhur söhbətləri olmuşdu. Avropa nəqqaşlığının qədir-qiymətini bilən sənətkar buradan, sonrakı alman Renessansının ən böyük nümunələrindən birinin xatiri üçün Bazelə yollanır.Sonra Cenevrəyə gedir, burada Fyodor Mixayloviç  Oqaryovla  yaxınlaşır. Sülh və Azadlıq Cəmiyyətinin məşhur konqresində iştirak edir.1868-ci ilin Vevedə keçirilən yayından sonra Dostoyevskilər İtaliyaya  köçürlər.Onlar xeyli vaxt Milanda və Florensiyada yaşayırlar, yolüstü  Boloniya və Venetsiyaya gedir, üç gün qərb slavyanlığının  mərkəzi olan “Qızıl Praqa”da qalırlar. 1871-ci il iyulun 5-də Rusiyaya yola düşürlər.

Dostoyevskinin xaricdə olduğu dörd il ərzində (o, ilk dəfə xaricdə 1862-ci ildə olmuş, Almaniya, İtaliya, Fransa və İngiltərəni gəzmişdir. İkinci dəfə 1863-cü ildə Avropaya gedən Dostoyevski, Romada “Qumarbaz” əsərinin bir hissəsini yazmışdır) Avropa qitəsi üzərində dəhşətli qara buludlar qatılaşırdı. Fransa-Prussiya müharibəsi və Paris kommunası ərəfələri yaxınlaşırdı. “Epoxa”nın redaktoru ilk dəfə idi ki, dünya hadisələri meydanına bilavasitə yaxın dayanaraq, beynəlxalq siyasəti yalnız qəzet səhifələrində deyil, canlı şəkildə müşahidə edirdi.

Avropada olarkən 1868-ci ildə Fyodor Mixayloviçin ilk övladı – Sonya adlı qızı dünyaya gəlir. Dostoyevskinin arvadı yazır ki, Fyodor Mixayloviç çox mehriban və zərif qəlbli ata idi. O, anadan yenicə doğulmuş qızına xeyli vaxt sərf edir, qayğıkeşlik göstərirdi. O, uşağın yatağı yanında saatlarla oturar, gah ona nəğmələr oxuyar, gah da özünəməxsus tərzdə onunla söhbət edərdi.Yuxudan ayılan kimi, yaxud evə qayıdanda, birinci sualı bu olardı: “Sonya necədir? Salamatdırmı? Yaxşımı yatıb, yeyibmi?”

Onun qəlbində çox gec yaşlarında baş qaldırmış atalıq duyğusu ömrünün beşinci on illiyinin sonlarında ona hədsiz səadət bəxş etmişdi. Lakin bu səadət çox davam etmədi.

Dostoyevski öz şəxsi arxivində tərcümeyi-halının ən qısa  və ən kədərli sənədlərindən birini həmişə daha həssas  və kədərli duyğuları ilə saxlayırdı:

 

“Cenevrə şəhəri. Dəfn şöbəsi

 

Həkim Silvestrə məlumat verilmişdir ki, mademuazel Sofya Dostoyevskaya yaşının üç aylığında 1868-ci il mayın 24-də ölmüşdür, dəfn isə 1868-ci il mayın mayın 26-sı gündüz saat 4-də təyin edilmişdir”.

 

Dostoyevski başına gələn müsibət üçün son dərəcə faciəli həyəcan keçirirmiş. Anna Qriqoryevna yazır ki, qızın ölümündən dərin kədərləndiyim halda, mən öz bədbəxt ərimin həyatı üçün son dərəcə qorxurdum. O, çox həyəcan keçirirdi, qadın kimi hönkürüb ağlayır, öz sevimli qızının soyumuş bədəni qarşısında dayanaraq, için-için göz yaşı axıdır, onun solğun çöhrəsini və xırdaca əllərini qızğınlıqla öpürdü. Bu cür dərin həyəcan və məyusluq halını mən artıq heç vaxt görmədim. Bizim ikimiz də elə düşünürdük ki, bu müsibətimizə dözə bilməyəcəyik…Fyodor Mixayloviçə baxanda mən dəhşətə gəlirdim. Sonyanın naxoş olduğu bir həftə ərzində o, lap arıqlayıb, sifəti çəkilmişdi… Bir neçə gündən sonra qızın qəbrinin ətrafına sərv ağacları əkilmişdi. Ağacların arasına isə ağ mərmər xaç bənd edilmişdi. Hər gün ərimlə birlikdə biz onun balaca qəbrini ziyarət edir, oraya çiçək aparır, ağlayırdıq..

Bir neçə gündən sonra Dostoyevski Maykova yazırdı:

“Bu balaca, son dərəcə zavallı, üç aylıq xırdaca məxluq mənim üçün artıq surət və xarakter idi. O, məni tanımağa, sevməyə başlamışdı, mən ona yaxınlaşanda gülümsəyirdi. Mən öz məzəli səsimlə onun üçün nəğmələr oxuyanda, qızcığaz onları dinləməyi xoşlayırdı.Mən qızı öpəndə, o, ağlamır, üz-gözünü turşutmurdu. Mən ona yanaşanda ağlamağı kəsilir, kiriyirdi”.

Cenevrəni tərk edib Rusiyaya döndükləri  mənzərədən isə  Anna Qriqoryevna  belə bəhs edir:

“Fyodor Mixayloviç Sonyacığazın balaca qəbri ilə vidalaşma təsiri altında son dərəcə kədərlənmiş və sarsımışdı; elə bu dəm, ömründə birinci dəfə (o, nadir halda gileylənərdi) onu bütün ömrü boyu təqib edən taleyindən acı şikayət eşitdim. O, mənə dərin məhəbbətlə sevdiyi anasının vəfatından sonrakı kədərli tənha gəncliyi haqqında söyləyir, onun istedadlı olmasını əvvəlcə  etiraf edən, sonra onu amansızlıqla təhqir edən ədəbi sahə yoldaşlarının  istehzalarını xatırlayırdı. Katorqanı və burada yaşamış olduğu dörd il ərzində nə qədər əzab və məşəqqətə məruz qaldığını xatırlayırdı. Mariya Dmitriyevna ilə evlənirkən son dərəcə arzu etdiyi ailə səadətinə nail olmaq xəyallarından danışırdı, lakin heyhat, bu səadət ona qismət olmadı. Mariya Dmitriyevnadan onun uşağı olmamışdı…İndi isə ona “doğma bala atası olmaq kimi böyük və yeganə bəşəri səadət” nəsib olanda, bu səadəti dərk edib qiymətləndirmək imkanı əldə edəndə isə uğursuz tale ona aman verməyib, rəhm etmədən onun üçün ən əziz bir məxluqu əlindən aldı. Onun öz həyatında yaxın və əziz adamlarının ucbatından düçar və dözməli olduğu acı təhqir və inciklikləri o, heç bir vaxt nə əvvəllər, nə də sonralar, xırda təfərrüatları ilə, bəzən də həyəcanlı və təsirli təfsilatı ilə dönə — dönə söyləməmişdir”.

Gerçək fikir yada düşür: “İç dünyasının naməlum qatları ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə qaranlığa bürünür”.

Anna, Fyodor Mixayloviçin qaranlıq həyatına ümidverici işıq saçmaqda idi. Bu barədə Sergey Belov yazır: (“Yazıçı arvadı”. Moskva, 1986).

“Anna Qriqoryevna gerçəkdən Dostoyevski üçün xilaskar mələkdi.  Və Anna Qriqoryevnanın  sevən qəlbinin müdrikliyi ondan ibarətdi ki,  o hələ demək olar uşaq yaşda olsa da, təkcə  Dostoyevskini xilas etmir və onu çətin durumlardan dartıb çıxarmır,  həm də özündə  onun qumarda növbəti uduzmasından sonra hətta ona təskinlik verməyə qüvvə tapırdı.

“Uduzdum”, “uddum”,  “uduzdum”, “uddum” – hər məktubunda  Dostoyevski ona xəbər verir. Və ən son nəticədə  – hər dəfə “uduzur”,  hər dəfə  “kömək et”, “yardım göstər”, “xilas et” xahişləri olurdu. Və Anna Qriqoryevna ona kömək əli uzadırdı. “Mən ərimi uduzduğuna görə heç vaxt qınamadım, bunun üstündə onunla heç vaxt qalmaqal salmadım (ərim mənim bu xarakterimi yüksək qiymətləndirirdi) və nəm-nüm etmədən bizim sonuncu pullarımızı ona verirdim.

Çox az qadın belə bir fədakarlığa gedər və ya özünü dəyişilməz olaraq ərindən, məsələn, belə bir məzmunda məktub aldıqda müti və cavabsız aparardı: “Anya, əzizim, mənim dostum, arvadım,  məni bağışla, məni alçaq, rəzil adlandırma. Mən cinayət törətmişəm, mən olan-qalanımı, göndərmiş olduğun pulların hamısını, sonuncu kreyserə qədər hər şeyi uduzdum. Dünən almışdım, dünən də uduzdum”; “Anya, əzizim,  mən heyvandan da betərəm! Dünən axşam saat 10-a qədər tərtəmiz  1300 frank udmuşdum.Bu gün – qəpik də… Tamam! Bütün pullarımı uduzdum”; “Anya, əzizim, mənim dəyərli zövcəm, olan-qalanımı uduzdum, hamısını, hamısını! Ah, mənim mələyim…indi bir daha səni iyrənc və alçaq oğru kimi soyub talamaram…”; “Mənim əziz mələyim Nyütya, mən olan-qopanımı uduzdum, gələndən sonrakı yarım saat ərzində hamısını uduzdum… Bağışla, Anya,  mən sənin həyatını zəhərləmişəm!..”

Ana Qriqoryevnanınsa dediklərinə nəzər salaq: (B.Bursov. “Dostoyevski şəxsiyyəti”. Moskva, 1979)

“Fyodor Mixayloviç  sonsuz dərəcədə xeyirxah adam olmuşdur.  O, bu münasibəti təkcə ona yaxın olan şəxslərə deyil,  bədbəxtliyini, uğursuzluğunu və ya fəlakətini eşitdiyi hər kəsə  göstərmişdir. Ondan bunu rica etmək lazım gəlmirdi, özü  köməyə gedirdi. Nüfuzlu dostları (K.P.Pobedonostsev, T.İ.Filippov, İ.A.Vışeqorodski) olduğundan  ərim fəlakət içində olanlara kömək etməkdən ötrü  onların nüfuzundan istifadə edirdi.  Nə qədər qoca kişiləri və köməksiz qarıları  sığınacaq evlərində yerləşdirmiş, nə qədər uşağı yetimxanalara qoymuş,  uğursuzluğa düçar olanlara çıxış yolu  göstərmişdi. Başqalarının nə qədər əlyazmalarını oxumalı və təshihlər etməli,  nə qədər açıq etirafları dinləməli və ən vacib məsələlərdə məsləhət verməli olmuşdu.  Əgər yaxın adama hansıa bir xidmət göstərə biləcəkdisə, nə vaxtını, nə də qüvvəsini əsirgərdi. Pulla da kömək edərdi, əgər pulu yoxdusa,  vekselə imzasını qoyardı və bunları ödədiyi hallar vardı. Fyodor Mixayloviçin xeyirxahlığı  ailəmizin maddi maraqları ilə daban dabana ziddi və çox vaxt mənə çatmırdı ki, o, nə üçün bu dərəcədə  yaxşılıqlar edir, lakin hansısa bir xeyirxahlığı etmək imkanının onun üçün nə qədər xoş olduğunu gördükdə,  vəcdə gəlməyə bilmirdim”.

Fyodor Mixayloviç  ailədə uşaqlara bütün varlığı ilə bağlı idi. Onlara layla çalardı, milad yolkası təşkil edərdi, balaca uşaq alətinin müşaiyəti ilə xanımı ilə vals edər, kadril, yaxud da əsl polyaklar kimi mazurka rəqsini ifa edərdi.

Uşaqlar böyüyəndə Fyodor Mixayloviç onları bədii ədəbiyyata, kitaba, poeziyaya, romana cəlb edərdi. Uşaqları tez-tez operaya, daha çox “Ruslan və Lyudmila” operasına baxmağa aparardı. Ədib onlar üçün Puşkinin, Qoqolun, Şillerin əsərlərini, Qriboyedovun “Ağıldan bəla”sını ifadəli şəkildə oxuyardı. Volter Skott və Dikkensin romanlarını övladları üçün mütaliənin əsası hesab edərdi.

O, xalq arasında da eyni şövqlə, eyni ruhla davranardı. Millətin, bəşəriyyətin  sabahı, gələcəyi olan uşaqların, yeniyetmələrin, gənclərin taleyi onun düşüncələrinin xeyli- ən əsas hissəsini təşkil edirdi. Yazıçı düşünüb şam kimi əridikcə, bu yanğı güclənib mübarizə məşəlinin alovuna dönürdü.

1876-cı ildə Peterburqda gənc bir qız intihar edərək, dördüncü mərtəbədən özünü atıb olür. Bu hadisə yazıçıya çox pis təsir edir.Ədib  “Həlim qız” povestini yazır.Əsərdə erkən yaşlarında atasını itirən, altıuşaqlı ərsiz və yoxsul xalasının qoltuğuna sığınan 16 yaşlı istedadlı, bilikli bir qızı sonda intihara gətirib çıxaran dərd,  zillət dolu şərait kövrək hisslər və ürək ağrısı ilə təsvir olunmuşdur.

Bu gənc qızın özü də, qəlbi də, xasiyyəti də gözəldir. Düşünür ki, nə vaxtadək xalasının yanında onun körpələrinin bir tikə çörəyinə şərik olacaqdır? O, namuslu, təmiz adı, öz zəhməti ilə yaşayıb, xalasına da kömək etmək istəyir. Lakin ziddiyyətlər, qalmaqallar, münaqişələr, sərxoşluq və harınlıq dolu Peterburq mühitində bu, mümkün olmur. Ehtiyac bu həlim qızı sarsıdır, alçaldır, o, əxlaq, mənəviyyatca pozğun və iyrənc adamların məkrli tələsinə düşür. Heç kəs, hətta doğmaca xalası da onu anlamır, ona ürəyi yanmır. Büllur kimi arzuları gənc qızın ürəyində qalır, o, sağlamlığını itirir. Ürəkkeçmə xəstəliyinə tutulur. Axırda yaşlı bir kişiyə rast gəlir…

Rus xalqının dindarlığını Rusiyanın ağıllı adamlarının əksəriyyəti həmişə təsdiq etmişlər. Lakin  M.Qorkinin “…Ruslar başqalarından artıq kilsə və ilahiyyat tərbiyəsi təsiri ilə yaşayırlar”, – dediyi halda, Dostoyevski bunu müsbət keyfiyyət, xoşbəxtlik hesab edirdi. Rus dindarlığını çox yerdə “xalq ruhu”, “əzabkeş, cümləqayğı ruh”, “itaətkar ruh”, “dözümlü ruh”, “saf ruh” sözləri ilə səciyyələndirirdi. Yazıçı, “Karamazov qardaşları”nda surətlərdən birinin “Yerə də, göyə də çıxsan, kimya inkişaf edib, Allahı inkar edəcəkdir” – sözlərinə qarşı dindar Alyoşa “Allaha məhəbbət olmayan yerdə insana da məhəbbət ola bilməz” – fikrini irəli sürür. XVIII əsrdə yaşayıb-yaratmış fransız filosofu, yazıçısı Volteri də misal gətirib, “Volter Allaha inanır, ancaq az inanır, elə buna görə də insanlığa az inanır”, – deyirdi.

Yazıçı “gündəliyi”nin 1873-cü ilə aid hissəsində belə bir qeyd var: “… Ağlım kəsəndən bəri  valideynlərimin mənə sevgi dolu münasibətini xatırlayıram. Bizim ailədə İncili uşaqlıqdan bilirdik.  Hələ on yaşım olardı Karamzinin rus tarixindəki  bütün başlıca epizodları  artıq bilirdim, bunları axşamlar atam ucadan bizə oxuyurdu. Hər dəfə Kremlə və Moskva kilsələrinə yollanmaq  mənim üçün nəsə təntənəli bir ziyarətə çevrilirdi.  Digərilərində bəlkə də mənim xatirələrimə bənzər uşaqlıq xatirələri olmasın… Odur ki, əgər hətta mən də bizi bürümüş bədbəxtliyin  həmin yeni nəhs mühitini təkəbbürlə gözardı edə bilmirəmsə, qarşımdakı xalq ruhunun təzahürünə təbii olaraq  ötəri və yuxarıdan aşağı baxa bilmirəmsə, — nəhayət, əgər mənə də, deyirəm,  evimizdə işıq və həqiqət hesab etdiyimiz  demək olar hər şeyə inanmaq çətin olardısa, onda  qırılmanın hələ atalardan,  babalardan bəri  nəsildən — nəslə ötürüldüyü və irsi olduğu xalqla hazırda əlaqələri daha dərindən kəsilmiş olanların halı necə olsun?”

Müəllim D.Hikmət yazır ki, ictimai fikir tarixi F.Dostoyevskinin yaradıcılığı qədər qəribə taleyə malik ikinci bir bədii irs bəlkə də tanımır. Vaxtilə ədəbiyyat, fəlsəfə, incəsənət və hətta teologiya sahəsində çalışan elə bir burjua ideoloqu yox idi ki, o,özünün Dostoyevskinin varisi, onun bu və ya digər ideyalarının çarçısı adlandırmasın. Burjua ədəbiyyatşünaslarından S.Marina “İnsan və Allah axtaran Dostoyevski” əsərində dahi rus ədibini Avropa mədəniyyətinin, “Avropa ruhu”nun davamçısı adlandıraraq, belə bir ideya irəli sürürdü ki, dünya mədəniyyətinin qan dövranı Dostoyevski vasitəsilə hərəkətə gəlir. Nüfuzlu katolik filosofu R.Qvardini isə dahi şəxsiyyətlərin dindarlığı problemini tədqiq edərkən müqəddəs Avqustin, Paskal, Qleyderinilə yanaşı, Dostoyevskinin də dini baxışlarını xüsusi bir səylə qeyd edir.

Bir məsələni də önə çəkmək istərdim ki, istedadlı yazıçının bədii əsərlərində təsvir edilən həyat həqiqəti özünün “Allahı sevən insanı da sevər” kimi mücərrəd fikirlərini rədd edir. Belə ki, Fyodor Mixayloviçin cib dəftərçəsində belə bir qeyd mövcuddur: “Allahsız vicdan dəhşətdir, belə bir vicdan əxlaqsızlığa qədər aza bilər”.

Yazıçının əsərlərində cinayətkarların əksəriyyəti; mülkədarlar, tacirlər, çinovniklər, kəndlilər də Allaha inanan, vaxtlı-vaxtında kilsəyə gedən, sinəsində xaç gəzdirən adamlardır. “Karamazov qardaşları”nda “Sirli qoca” adlanan varlı mülkədar qatı dindar olduğu halda, arvadını öldürür, rüşvət verib cinayətini ört-basdır edir. Bu əsərdə təsvir olunan son dərəcə əclaf xisləti olan, yaramaz və əxlaqsız Fyodor Karamazov da dindardır.

“Əbləh” (“İdiot”) romanında da təsvir olunan bir kəndli yolda öz kəndlisinin başını kəsib pullarını götürəndən sonra Allaha yalvarır ki, onun günahlarındam keçsin. Başqa bir misal: “Ölülər evindən qeydlər” əsərində anasını döyüb öldürənlər , atasının başını kəsənlər, azyaşlı uşaqları doğrayanlar, arvadını öldürənlər, oğrular, quldurlar, sələmçilər, hətta cəlladlar belə dindardırlar. Onların heç biri İsa Peyğəmbərin  müqəddəsliyinə və bir gün yenə gəlib insanları əzablardan xilas edəcəyinə şübhə etmir. Dostoyevskinin əsərlərindən xeyli sayda belə nümunələr göstərmək  mümkündür.

Dostoyevskinin məqsədi kilsə hakimiyyətini, dindarların, ruhanilərin nüfuzunu möhkəmləndirmək idi. “Karamazov qardaşları”nda rahiblərdən birinin : “Kilsə bu dünyanın yox, axirət dünyasının səltənətidir” fikrinə qarşı İvan: “Yox, kilsə bu dünyanın da səltənəti olmalıdır! İsa elə ona görə gəlib ki, Yer üzündə kilsə səltənətini əsaslandırsın. Kilsə gərək dövlətdə mühüm yer tutsun, kilsə gərək dövlətə çevrilsin, dövlət də kilsəyə  “rədd olsun diplomatlar, müharibələr, banklar!” – desin.

ABŞ-dakı Prinston Universitetinin professoru Y. Kaufman “Ekzistensializm: Dostoyevskidən Sartra kimi” adlı külliyyata yazdığı girişdə göstərir ki, “Zirzəmidən məktublar”ın birinci hissəsi ekzistensializmə yazılmış uvertüralardan ən gözəlidir”.Qeyd etmək lazımdır ki, Dostoyevskinin  Qərbdə ekzistensialist təmayüllü sənətkar kimi qavranılmasında “rus ekzistensialistləri” hesab edilən N.Berdyayev və L.Şestovun da az “xidmətləri” olmamışdır.

Fransız ekzistensializminin lideri Jan-Pol Sartr isə özünün “Ekzistensializm humanizmdir” adlı əsrəində yazır: “Dostoyevski  demişdir:”Əgər Allah yoxdursa, onda hər şey etmək olar”. Eksiztensializmin çıxış nöqtəsi məhz buradan başlayır”.

“Karamazov qardaşları”nda  İvan Karamazovun dediyi bu sözlər bütün ekzistensialist ədəbiyyatın ruhuna hakim kəsilsə də, Sartr və digər ekzistensialist yazıçılar bu kəlamın daxili mahiyyətindən çox, zahiri effektinin əsiridirlər.

Əslində F.Dostoyevskinin dediyi budur ki, insan, onun iradəsindən asılı olmayaraq, cərəyan edən ictimai qüvvələrin mövcud olduğu bu şəraitdə mütləq öz həyatının mənasını axtarmalıdır.Əgər həyatda hər şey təbii qanunların, cəmiyyət hadisələrinin amansız qanunauyğunluqları ilə bağlıdırsa, deməli, şər və xeyir yaradan insanların əzmi və cəhdi onların bu acı mühitini heç cür dəyişdirə bilməz. Bununla da cinayətkar və nəcib insanlar, əzilənlər və alçaldılmışlar öz hərəkətlərində, əslində hər cür məsuliyyət hissindən azad edilmiş olurlar.

Çünki hər şey cəmiyyətin  gözəgörünməz, dəmir qanunauyğunluğu ilə həyata keçirilir. Əgər öz arzu və ideyaları uğrunda, həyatının mənasını dərk etmək naminə mübarizə aparan insan öz mühitində özünə mənəvi dayaq tapmırsa, onda necə olsun? Bəlkə onun həyatının mənasını işıqlandıran qüvvə cəmiyyət fövqündədir, əbədi ruhda, o biri dünyadadır? Bəlkə insan xeyir qüvvələrinin dayağı olan Allaha pənah gətirməlidir? (Tanrının da bir hikməti var ki, səndən hərəkət, məndən bərəkət — R.Mirzəzadə) F.Dostoyevski əvvəlcə belə də edir. O, bütün sağlam və saf mənəviyyatı qorumağın əsna yolunu ilahi qüvvəyə arxalanmaqda görür. Lakin dialektik təfəkkürə malik ədib özü də hiss edirdi ki, Allahın varlığına və hökmranlığına qail insanlar cəmiyyətində yalnız şər qüvvələr tüğyan edir. Belə isə, bu cür cəmiyyəti qəbul etməkmi olar? “Mən Allahı yox, başa düş ki, onun yaratdığı dünyanı, ilahi dünyanı qəbul etmirəm və heç cür də qəbul edə bilmərəm”- İvan Karamazovun qardaşı Alyoşaya dediyi bu sözlərlə sanki Dostoyevski özü də acınacaqlı bir məntiq qarşısında durur: Allahın köməkliyinə  arxalanmaqla, həyatının mənasını axtaran insan Allahı rədd etmək mövqeyinə sürüklənir. Əgər Allah yoxdursa, deməli, insan heç kəs və heç bir şey qarşısında məsuliyyət daşımır. Belə çıxır ki, hər şey, o cümlədən cinayət də etmək olar.

Odur ki, İvan Karamazov belə bir bədbin nəticəyə gəlir: “Cinayətə nəinki haqq verilməlidir, hətta o, hər bir Allahsızın vəziyyətdən çıxması üçün ən zəruri və ən ağıllı yol kimi qəbul edilməlidir”.

Yazıçının qəhrəmanlarının əksəriyyəti “hər şey etmək olar” ideyasını sınaqdan çıxarmış və heç bir xoşbəxt nəticəyə gəlməmişlər.Təkcə bunu demək kifayətdir ki, ədibin dörd romanında iyirmi ölüm hadisəsinin şahidi oluruq.Özü də bu faciələr “hər şey etmək olar” ideyasının həyata keçirilməsi naminə baş verir.F.Dostoyevski bu ideyanın mənəvi iflasa uğramasını təsvir etməklə, əslində oxucunu bu prinsipi həyata keçirmək ehtirasından daşındırmaq istəyir. Halbuki J.P.Sartr və ekzistensialistlər bu aqibətsiz ideyanı özlərinin ədəbi düşüncələri üçün başlıca meyar götürərək, onu əsl azadlığın və xalis əxlaqın başlanğıcı elan etmişlər.

Müasir ekzistensialistlər əvvəla, unudurlar ki, yazıçının romanlarında bədii əksini tapan bir sıra ciddi fəlsəfi-əxlaqi problemlərin ekzistensialist ideyalarla uzlaşması hələ heç də F.Dostoyevskinin ekzistensializm cəbhəsində olması deyildir.

İkincisi, özlərini  “əsl Dostoyevski”nin sadiq sələfləri adlandıran ekzistensialist ədəbiyyatçılar onun realizmi ilə qətiyyən maraqlanmırlar.

…Burjua cəmiyyətinin insan şəxsiyyətinə acınacaqlı təsirini göstərən Dostoyevski  əsrinin dəhşətlərini əks etdirmək üçün yeni bədii formalar düşünmüş, ictimai-fəlsəfi roman janrını yeni üslubda təkmilləşdirmiş, onu yeni zirvəyə qaldırmışdır.Qəhrəmanlarının xarakterlərinin psixoloji incəliklərini məharətlə açmaqla, Dostoyevski dünya ədəbiyyatına özünəməxsus yeni bir ruh gətirmişdir.Əbəs yerə deyil ki, görkəmli alman yazıçısı Tomas Mani onu “dünya ədəbiyyatının birinci psixoloqu” adlandırmışdır.

F. Dostoyevski bütün yaradıcılığı boyu son dərəcə sadə və son dərəcə mürəkkəb bir problemi araşdırmışdır: insana tam iradə azadlığı verilərsə, o, öz fəaliyyəti ilə nəyə qadir ola bilər? Yazıçı tədqiq etmək istəyirdi ki, əgər müəyyən bir ideyaya arxalanan real insan, özünün bütün mənəvi -əxlaqi imkanlarını son qətrəsinə qədər sərf edərək, həmin ideyanı həyata keçirdiyi prosesdə tam çılpaqlığı ilə  açarsa, bu, nə ilə nəticələnə bilər? F.Dostoyevski insan qəlbinin ən dərin dialektikasına vaqif olmağa səy göstərirdi…

Əsərlərində cəsarətlə işlətdiyi yeni bədii estetik priyomlarla, hadisələrə fəlsəfi baxışı və qəhrəmanlarının çəkdikləri məşəqqətlərin psixoloji məqamlarını məharətlə açmaqla, Dostoyevski, əslində insanı rəzil vəziyyətə salan cəmiyyəti realistcəsinə ifşa etmək istəmişdir. Dinamik süjetli əsərlərində o, təkcə dövrünün irəli sürdüyü ən aktual problemlərin bədii inikasını verməklə kifayətlənməmiş, həmçinin bəşəriyyətin gələcək inkişafının nəyə gətirib çıxaracağı məsələsi ətrafında gərgin intellektual axtarışlar da aparmışdır.Yaradıcılığının bütün ruhunu təşkil edən bu ictimai pafos F.Dostoyevskini realist sənətə gətirib çıxarmışdır…

Rus klassikinin ekzistensialist sənətkarlardan fərqləndirən başlıca cəhət məhz budur. Halbuki ekzistensialistlər həyata tənha atılmış, xarici mühitlə hər cür münasibətdən təcrid olan miskin və simasız fərdləri vəsf edirlər. Dostoyevski arzu və ehtirasları, hiss və həyəcanları öz mühitinə bağlı olan fəci insanların həyatını təsvir etdiyi halda, eksiztensialist yazıçılar “mahiyyəti mövcudluğundan əvvəl gələn” yalnız öz şüurunun imkanlarında azadlıq axtaran hissiyyatsız bir subyektin qəribə taleyini özləri üçün yeganə obraz qəbul etmişlər…

“Söz, kəlmə — böyük qüvvədir!”- bu, Dostoyevskinin isitiqamətverici şüarı idi. Görkəmli ədibin söz, kəlmə bayrağı Puşkin idi. “Puşkinin varlığı sübut edir ki, mədəniyyət ağacı artıq boy atıb, bar verir, həm də onun meyvəsi çürük deyil, çox gözəl, qızıl kimi meyvədir..” – deyirdi yazıçı.

Dostoyevski qətiyyətli tənqidçi və publisist kimi ən müxtəlif məsələlərlə bağlı ən böyük jurnallarla qələm münaqişəsinə girir, öz tutarlı mövqeyini bildirməkdən çəkinmirdi. O, doğma dili və ana vətənin ədəbiyyatını müdafiə edəndə, onun yazıları xüsusi cəlbedici parlaq ahəng və qüvvətli ruh kəsb edirdi.

O zamanlar ilk dəfə Dostoyevski liberal bir orqan olan “Russki vestnik”ə qarşı  “vuruşmağa”  başlamışdı. Mixail Nikitoviç Katkov İngiltərəyə gedəndən sonra, ölkənin siyasi təsisatlarının, ingilis dövlət hüququnun tərəfdarı olmuşdu. Öz geridə qalmış yurdunun mənəvi sərvətinə qarşı liberalcasına tənqidi münasibət də buradan irəli gəlirdi. Katkov yenicə meydana çıxmış ingilispərəst   münasibət nəticəsində belə bir fikir irəli sürürdü ki, “rus ədəbiyyatı kiçikdir, yoxsuldur, yaşamağa təzəcə başlayır, özü üçün yenicə dil tapa bilmişdir”.

Təəssübkeş ədib bu iftiralı hücuma öz kəskin etirazını bildirdi: “O, heç də yoxsul deyil, bizim Puşkinimiz var, Qoqolumuz var, Ostrovskimiz var. Bu yazıçılarda fikir ardıcıllığı görünür, bu fikir isə qüvvətlidir, ümumxalq əhəmiyyətinə malikdir… Məgər “Russki vestnik” Puşkinin istedadında rus ruhunun və rus fikrinin ən qüdrətli təcəssümünü görmürmü?..”

Katkov Puşkinin “Misir gecələri”ni erotik parça kimi qələmə vermək istəyəndə, Dostoyevski bu “poetik sənət möcüzəsinə” elə ilhamlı və mükəmməl şərh yazdı ki, bu şərh 100 il keçəndən sonra da ölməz poema haqqında yazılan yeganə  kamil və misilsiz  şərh olaraq qalır. Fyodor Mixayloviç şərhini belə bitirir: “Bəli, biz sənəti pis başa düşürük, bunu bizə cəmiyyətimizdə , gərək ki, əsasən sözün tam mənasında və bütün varlığı ilə şair olduğu üçün əzab çəkib məhv olan sənətkar – Puşkin də öyrətmədi”.

B.Bursov davam edir:

“On yeddi yaşlı Puşkin  “Etiqadsızlıq” şeirində yazırdı:

Allah arayır ağlım, qəlbimsə onu tapmır…

Ağlın və qəlbin faciəsini Şekspirdə də, Hötedə də tapmaq mümkündür.Dünyada mütləq yeni deyə heç nə olmur. Lakin son dərəcə bənzər nəzəriyyələr  fərqli zamanlarda fərqli şəkildə yaşarlar. Dostoyevski çağında ağlın və qəlbin konflikti sözün gerçək anlamında siyasi problemə çevrilmişdi.Təsadüfi deyildi ki, məhz Çernışevski “qəlbin poeziyası” və  “fikrin poeziyası” arasında  bərabərhüquqluluğu müdafiə edirdi:  o sanki bununla demək istəyirdi ki,  inqilab – təkcə ağlın deyil, həm də  insanın bütün təbiətinin işidir.

Dünyada heç nə hazır şəkildə  meydana çıxmır. Qəlbin ağıl üzərində  üstünlüyü haqqında fikir, dünyanın özü qədər köhnə məsələdir. Biz ona Bibliyada da rast gəlirik. Bu da doğrudur, onda nəyə rast gəlinmir ki! Bibliya öz yerində, müsəlmanların Quranında da Puşkin  mənəvi qidanın böyük çeşməsini tapmışdı, onun “Qurana təqlid” silsiləsi bundan xəbər verir.  Dostoyevski  də Quranı diqqətlə öyrənmişdi və  onu yaxşı bilirdi.  İnsan şəxsiyyətinin özəyi olaraq qəlb haqqında ideyanın vəz edildiyinə  biz başqa dini inanclarda da rast gəlirik. “Xristian və hind mistikasında ürək” adlı rus dilində fəlsəfi əsər də vardır.

Dünyada heç nə yox yerdən meydana çıxmır, hər şeyin öz zəmini və ilkin qaynağı mövcuddur.  Fəqət işıq üzünə  çıxan yeni həqiqət, əgər o gerçəkdən də,    aydın məsələdir ki, heç olmasa nisbi olaraq,  həqiqətdirsə, — nə yolla yaranmasından, meydanaçıxma ərəfəsindən  asılı olmayaraq, hər dəfəsində vəhydir.  Dostoyevskinin insan qəlbi haqqında yazdıqları   onun kəşfi, onun öz çağının insanını nə şəkildə  anladığının ifadəsi idi. Dostoyevski Avropa fəlsəfi fikri, eləcə də Şərq fəlsəfəsi ilə tanışdı. Bütün bunlar onun ən müxtəlif əsərlərinə yansımışdır. Bununla bərabər, özünün müsbət ideallarını o, ilk növbədə rus fəlsəfi ənənələrinə isnad edərək formülə etmişdi. XVIII yüzilin məşhur Ukrayna filosofu Qriqori Skovorodanın əsərləri  ola bilsin ona hələ bəlli deyildi, amma şübhəsiz ki, onun fikirləri ilə  kimlərinsə vasitəsiylə tanış ola bilmişdi. Dostoyevskinin insan qəlbinə himnini oxuyarkən Skovorodaya məxsus bu kəlamı xatırlamamaq olmur: “Hər bir adam ondakı ürək necədirsə, elədir; insanda hər şeyə baş olan ürəkdir – bax, həqiqi insan yaxşı ürəyi olandır”.

Məlumdur ki, rus estetikasında iki cəbhə mövcuddur: utilitaristlər, yəni faydanı, mənfəəti əxlaqın əsası hesab edən və kapitalizm cəmiyyətinin ümumi səadət və ahəng yaratmağa qadir olduğunu sübut etməyə çalışan burjua əxlaq nəzəriyyəsinin tərəfdarları və saf gözəllik tərəfdarları. Rus ədəbi tənqidçisi Nikolay Aleksandroviç Dobrolyubov birincilərin sırasında idi. Almanəsilli rus lirik şairi Afanasi Afanasyeviç Fet ikincilərə mənsubluğu ilə seçilirdi. Dostoyevski özünün üçüncü mövqeyini – müstəqil və genişəhatəli mövqeyi irəli sürdü. O, azad yaradıcılıq, sərbəst poetika, qeyri – məhdud imkanlar və intəhasız məqsədlər sənətinin, bəşəriyyətə yüksək fayda verən sənətin tərəfdarı idi: “Biz məhz bunu arzu edirik ki, sənət həmişə insanın məqsədlərinə uyğun olsun, onun mənafeyindən ayrılmasın…”.

L.Qrossman Dostoyevskinin bu mövqeyini gözəl təhlil edib qeyd edir ki, o, yəni Dostoyevski, utilitaristlərlə razıdır ki, şair Borodino vuruşması günündə, Vətənin müqəddəratı həll edilərkən,yunan antologiyasının mütaliəsinə aludə ola bilməz. Yaxud Lissabon zəlzələsi baş verən gün “pıçıltı, ürkək nəfəs, bülbülün cəh-cəhi…” barədə şeir yaza bilməz. O, eyni zamanda, sənətdə utilitarizmin başçısı sayılan Dobrolyubovun ədədiyyata, Puşkinin və Turgenevin üzərinə hücumuna qarşı qəti etiraz edirdi. Dostoyevski fikrini belə tamamlayırdı: “Sənət həmişə insanla, onun müasir həyatı ilə yaşayacaqdır. Ona görə də hər şeydən əvvəl sənəti müxtəlif məqsədlərlə məhdudlaşdırmamalıyıq… Gözəllik ona görə faydalıdır ki, o, gözəllikdir, ona görə ki, bəşəriyyət gözəlliyə və onun ali idealına həmişə olduğu kimi indi də ehtiyac duyur. Gözəllik, normallıq idealı sağlam cəmiyyətdə məhv ola bilməz”.

Dostoyevski realizmi hər cür uydurmadan uzaq, həyatın üzünə dik baxan, sərt, qəzəbli realizm idi. Odur ki, ziddiyyətli yaradıcılıq prinsiplərinə görə, onun dünya ədəbiyyatına təsiri də müxtəlif idi. Rus dekadent və simvolistlərindən tutmuş, Qərb ekzistensialistlərinə, modernistlərinədək bir çox cərəyana və yaradıcılıq üslubuna mənsub olan görkəmli yazıçılar onda ayrı-ayrı xüsusiyyətlər və məziyyətlər axtarmışlar. Ədibin öz sözləridir ki, burnunun ucundan uzağı görə bilməyən realizm ən ağılsız fantastikadan   da   təhlükəlidir,   çünki   gözdən   şikəstdir. Ədibin bu yazımda adlarını çəkdiyim roman və povestləri ilə bərabər, “Şeytanlar” romanı, “Dayının yuxusu”, “Stepançikovo kəndi və onun sakinləri,“Əbədi ər”,“Cinlər”, “Oxşar” və digər əsərləri ən müxtəlif dillərə tərcümə olunub, yazıçını milyonlarla oxucuya sevdirmişdi.

1944-cü ildə, Böyük Vətən müharibəsinin qızğın dövründə Moskvada “Pravda” qəzetinin baş redaktoru Yemelyan Yaroslavskinin imzası ilə böyük bir məqalə dərc olunmuşdu. Məqalənin sərlövhəsi belə idi: “Net, Dostoyevski naş” (“Xeyr, Dostoyevski bizimdir”).

Sərlövhənin  altından  bu  epiqraf  yazılmışdı:

“Tolstoy velikiy buntar, Dostoyevski naşa bolnaya sovest” (“Tolstoy böyük qiyamçıdır, Dostoyevski bizim naxoş vicdanımızdır” (M.Qorki). Məqalə həyəcanlı idi, misilsiz bir ürək yanğısı, dərin vətənpərvərlik duyğusu, Dostoyevski yaradıcılığına qarşı hörmət və məhəbbət hissi ilə, atəşin qələmlə yazılmışdı. Məqalənin məhz “Pravda”da çap edilməsi təsadüfi deyildi. İş burasındadır ki, müharibə illərində faşist işğalçıları, onların ideoloqları apardıqları düşmənçilik təbliğatında bütün vasitələrdən istifadə edirdilər. Onlar rus yazıçısı Dostoyevskini də alman yazıçısı kimi qələmə verməyə cəhd etmişdilər. “Pravda” buna sərrast cavab  vermişdi.   Həmin  vaxtlar  azərbaycanlı  ziyalılar, qələm sahibləri “Pravda”nın səsinə səs verdilər. Təbrizdə çıxan “Şəfəq” adlı aylıq məcmuə keçmış Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin orqanı idi. Jurnalda sovet və İran ədəbiyyatının ən yaxşı əsərlərindən nümunələr verilir, çoxsaylı oxucular bu nümunələrlə tanış edilirdi.

Bakıdan gedənlər və jurnalda çalışanlar arasında Hüseyn Şərif də vardı. Yaroslavskinin məqaləsi lap yerinə düşmüşdü, ona görə ki, rus ədəbiyyatının görkəmli nümayəndələri – Tolstoy, Qorki, Qoqol, Dostoyevski kimi yazıçıların yaradıcılığına oxucular böyük maraq göstərirdilər. Dostoyevski yaradıcılığı ziyalıların diqqətini xüsusilə cəlb edirdi. Çünki bu dahi yazıçı haqqındakı ziddiyyətli fikirlər orada da müəyyən kök salmışdı. “Pravda”dan sonra Hüseyn Şərif də “Şəfəq” jurnalında Dostoyevski haqqında məqalə çap etdirmək qərarına gəlir. Jurnalın 1945-ci il 2-ci və  3-cü  nömrələrində  dərc  olunmuş  məqalədə  H.Şərif qeyd etmışdi ki, rus xalqı Dostoyevskini böyük iftixar hissi ilə yad edir. İnsan xarakterinin incə tellərini, onun dərin həyəcanlarını, kədər və sevinclərini, arzu və istəklərini, xəyal və düşüncələrini Dostoyevski qədər dərk edəni dünya ədəbiyyatı tarixində az təsadüf etmək olar. Dostoyevskinin əsərləri insanın bütün varlığına hakim kəsilir, oxucu günlər və aylarla bu əsərin təsirindən qurtara bilmir, romanların surətləri daim onun gözü qarşısında canlanır, oxucunun zövq və təmayülündən, inkişaf dərəcəsindən, nəhayət, əhval-ruhiyyəsindən asılı olaraq, müəyyən dərəcədə onun psixologiyasına da təsir edir, bəzən qəlbi sıxılır, bəzən sevinir, bəzən də dərin düşüncələrə dalır… Olduqca çətin mərhələlərdən keçmiş, “təlatümlü okeanı” andıran Dostoyevski yaradıcılığı ilə məşğul olmaq, onun əsərlərindən parçalar tərcümə etmək, özü də 1944-45-ci illərdə, doğrudan da böyük məsuliyyət hissi tələb edirdi. H.Şərifsə bu şərəfli işi böyük ehtiramla yerinə yetirirdi.

Fəaliyyətindəki, düşüncələrindəki məlum ziddiyyətlərə baxmayaraq, F.M.Dostoyevski bəşəriyyət üçün əziz və qiymətli bir  simadır. Çünki  o,  insan  və  həyat  haqqında ürəkağrısı, canyanğısı ilə danışmışdır, həm öz xalqının, həm də bəşəriyyətin işıqlı gələcəyinə böyük inam bəsləmişdir.

H.Şərifin xatirəsindən bəhs edərkən, Azərbaycanın görkəmli şairi, dramaturqu Hüseyn Cavidin Dostoyevskiyə olan böyük ehtiramından söz açan bir məqalə də yadıma düşür. Cavid tanınmış mədəniyyət xadimi Mehdi Məmmədovun onun Dövlət Teatr Texnikumunda oxuduğu illərdə ədəbiyyat müəllimi olmuşdu. M.Məmmədov “Cavid onu sevirdi” məqaləsində qeyd edirdi ki, Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə pərəstiş etdiyi yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, barmağını masaya döyəcləyərək onun haqqında hərarətlə, daxili inamla elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və sevirdik. Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin təlqini tamamilə əsaslı imiş. “Yoxsul insanlar”, “Cinayət və cəza”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Əbləh” və “Karamazov qardaşları” əsərlərinin müəllifi nadir yazıçı, mahir psixoloq, müdrik insan və ən başlıcası, böyük insanpərvərdir, həqiqi insan aşiqidir. O, insana bəslədiyi eşqin, ehtiramın naminə həyatın bəzi dibsiz görünən qaranlıqlarına, insan qəlbinin dərin guşələrinə baş vurur, cəmiyyəti və zehniyyəti bürüyən qaranlıqları sənətin şüaları ilə kəsir.O, oxucunu dəhşətə gətirən, vahiməyə salan cinayətləri, rəzalətləri, vəhşəti və miskinliyi, dərin ictimai ziddiyyətləri və ədalətsizlikləri işıqlandırmaqdan, durbin və zərrəbin ardında göstərməkdən çəkinmir.

M.Məmmədov daha sonra bildirir ki, F.M.Dostoyevski cəmiyyətin və bəşəriyyətin orqanizmini tədqiq və təşrih etməyi gözəl bacarmışdır. Cəmiyyətin dərdini görüb, dərmanını tapa bilməyənlərin dərdi-əzabı çox böyük olur. Onların  harayı  –  çağırışı  bəzən  xəstə  adamın,  çaşqın qəlbin fəryadı kimi səslənirsə, əgər bu haray təkcə real hadisələrdə, adi, təbii insan obrazlarında deyil, həm də xəyal, fantastika aləmində ucalırsa, yaxud bəzən ifrat natural, bəzən isə sırf romantik və simvolik boyalarda əks edirsə, insan və mələk, iblis və peyğəmbər surətlərində təcəssüm tapırsa, bu, dərdin, qubarın böyüklüyündən irəli gəlir. Biz incəsənətdə belə hallara bəsit, vulqar münasibət göstərdiyimiz o vaxtlarda Cavid – o həssasürəkli sənətkar bir sıra şəxsiyyətlərə, o cümlədən F.Dostoyevskiyə daha düzgün münasibət bəsləyirdi. O, böyük rus yazıçısını dərindən duyur, ona görə də onu yüksək qiymətləndirir və haqqında, bayaq dediyim kimi, pərəstiş hissi ilə danışırdı…

Avropa  yazıçılarına  üz  tutaq.  Vaxtilə  məşhur  Avstriya yazıçı və tənqidçisi Stefan Tsveyk yazırdı: “Balzak, Dikkens və Dostoyevski XIX əsrin yeganə dahi romançı – yazıçılarıdır,  mən  bu  yazıçılara  belə  üstünlük  verməklə heç  də  Höte,  Hotfrid,  Keller,  Stendal,  Flober,  Tolstoy, Viktor Hüqo və başqaları kimi yazıçıların ayrı-ayrı əsərlərinin böyüklüyünü inkar etmək istəmirəm”.

Tsveykin fikrincə, mütəxəssis romançılar ilə roman yazanlar arasında böyük fərq vardır. Bu istedadlı yazıçıya görə, əsl romançı-yazıçı sözün yüksək mənasında, ensiklopedik bir düha, hər şeyi əhatə etməyi bacaran sənətkar olmalıdır.Tsveyk nəhayət deyirdi ki, Dostoyevski, Balzak və Dikkens istisna edilməklə, bu yüksək dərəcəyə çata bilmiş   sənətkar   nə   keçmişdə   tapılar,   nə   də   indi var…

Şübhəsiz, S.Tsveykin  siyahısına  Lev Tolstoy kimi sənətkarı da daxil etmək olar. Dostoyevski məktəbindən bəhrələnən dünya şöhrətli yazıçıları xatırlayanda isə, Alber Kamyu (fransız yazıçı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, sağlığında “Qərbin vicdanı” adlandırılıb) və Frans Kafkanı (XX əsrin böyük almandilli şairlərindən biri) xüsusi qeyd etmək istəyirəm. Onlar bir çox keyfiyyətlərinə görə özlərini Dostoyevskinin şagirdi adlandırmışdılar. Avropa ədəbiyyatında realizmin banilərindən biri, görkəmli fransız yazıçısı Onore de Balzak öz ölməz romanlarında nəinki yalnız yüksək bədii surətlər, dillər əzbərinə  və  zərb  –  məsəllərə  çevrilən  tiplər  yaratmış, bütöv bir dövrün ictimai-siyasi və iqtisadi həyatını əks etdirmiş, böyük iqtisadçı alimlərin belə görə bilmədiyi incəlikləri görmüşdü. Eyni fikirləri Dostoyevski haqqında da demək olar.

Dostoyevski öz ana yurdunu, doğma Vətənini hədsiz dərəcədə sevdiyi, rus xalqının, rus torpağının ancaq səadəti və firavanlığını görmək istədiyi üçün dövrünün yaralarını amansızlıqla açır, dözülməz dərdləri qamçılayır, cəmiyyəti fəlakətə sürükləyən çürük əsasları şiddətli tənqid atəşinə tutur, şəxsi mənfəətini xalqın mənafeyindən yüksək tutan dövlət məmurlarını ifşa edib, hər cür amansızlıqlarla  qarşılaşsa da, mübarizə və əqidəsindən dönmürdü: “…Mən yazacaq, yenə də yazacağam; yazdıqlarımla isə ömrüm boyu incidilmiş və təhqir olunmuşları müdafiə edəcəyəm!..”.

Katorqa və soldatlıqda 10 il qaldıqdan sonra yalnız 1859-cu ildə Dostoyevskiyə paytaxt şəhərlərindən başqa, Rusiyanın hər yerində yaşamağa və ümumi qaydada əsərlərini çap etməyə icazə verildi. Ömrünün ən gözəl çağları olan gənclik illərini sürgündə keçirən yazıçı, “ölüm evi” adlandırdığı katorqadan özü ilə yalnız kiçik qeydlərini gətirdi.  Sonralar  həmin  qeydlər  yazıçıya  dünya  şöhrəti gətirən əsərlərinin yaranmasına kömək etdi. Sürgündən qayıtdıqdan sonra Dostoyevski ədəbi yaradıcılığı ilə bərabər, jurnalistlik fəaliyyətini də genişləndirdi. “Vremya” adlı jurnal buraxmağa nail oldu. Bu jurnaldan sonra böyük qardaşı Mixail ilə birlikdə  “Epoxa” adlı jurnal nəşr etdi. Böyük yazıçı özünün ən gözəl əsərləri olan “Cinayət və cəza”, “Alçaldılmış və təhqir olunmuş insanlar”, “Əbləh”, “Şeytanlar”, nəhayət, “Karamazov qardaşları” kimi gərgin və   fədakar  əməyin   nəticəsi   olan,  onun   adını  bütün dünyada  şöhrətləndirən,  imzasına  hörmət  və  məhəbbət gətirən görkəmli əsərlərini yazdı.

Yazıçının 1864-cü ildə yazdığı “Zirzəmidən məktublar” povesti ədibin dünyagörüşü və yaradıcılığında əmələ gələn dönüşün başlanğıcı oldu. Burada o, cəmiyyətdən uzaqlaşaraq tək qalan və öz təkliyi ilə öyünən, özünü insanlara qarşı qoyan fərdiyyəçi, anarxist bir şəxsi təhlil hədəfinə çevirdi.

“Zirzəmidən məktublar” povestinin yazıldığı il Dostoyevskinin həyatında ən çətin illərdən idi. Onun maddi vəziyyəti çox ağırlaşmışdı. Qardaşı vəfat etdikdən sonra, onun uşaqlarının qayğılarını öz üzərinə gö- türdüyü üçün vəziyyəti çıxılmaz idi. Yazıçı borclara düşməyə məcbur olurdu. Maddi çətinlikləri Dostoyevskinin mənəvi böhranını daha da şiddətləndirirdi. Belə vaxtlarda o, pulun hökmranlığını daha dərin bir qəzəblə hiss edirdi.

Moskvada  tanıdığı  Kumanina  adlı  çox  varlı,lakin pula heç bir ehtiyacı olmayan qarı vardı. Pulsuzluqdan nə qədər lazımlı,cavan, istedadlı adamlar məhv olduğu halda, bu qarı pulu xərcləməyə yer tapmırdı. Dostoyevski özü bu bivec qarıdan borc almağa məcbur olmuşdu. Həyatdakı bu uyğunsuzluq,  ədalətsizlik  yazıçını  son  dərəcə  sarsıdır, onun daxili aləmində mövcud ictimai-əxlaqi normalara etiraz doğururdu.

“Cinayət və cəza” romanını ədib belə bir əhval- ruhiyyənin təsiri altında yazmışdı.

“Cinayət və cəza” hələ 50-ci illərin əvvəlində yaranmağa başlamışdı. Ədib baş surəti, təqribən, 15 il müddətində düşünmüş, götür-qoy etmişdi. 1859-cu ilin oktyabrında Dostoyevski qardaşına yazırdı: “Mən dekabrda romanı yazmağa başlayacağam… Yadındadırmı, mən sənə bir tövbə-roman haqqında söyləmişdim, deyirdim ki, hələ özüm bunu yaşayaraq, hamısından sonra yazmaq istəyirəm. Bu günlərdə mən əsəri təcili surətdə yazmağı qəti qərara almışam… Mən bu romanı bütün qəlbimin qanı ilə yazacağam. Mən onu katorqada, taxtın üstündə uzanmış halda, ağır qəm-qüssə və duyğularımın parçalandığı anlarda düşünmüşdüm…”

«Cinayət və cəza» romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Dostoyevski Viktor Hüqonun “Ölümə məhkum edilmişin son günü” əsərini yüksək qiymətləndirirdi. “Cinayət və cəza”nın ilkin nəşri bu əsərin çıxdığı dövrə  təsadüf edir.

“Cinayət və cəza” yazıçının  “yetkin dövrünün” birinci romanı sayılır. Əsər ilk dəfə 1866-cı və 1867-ci illərdə 12 ay ərzində aylıq  “Russki  vestnik” ədəbi jurnalında hissələrlə nəşr olunmuşdur

Dostoyevskinin məktub və dəftərlərində olan işarə və eyhamlar göstərir ki, “Tövbə” adı altında o, Raskolnikovun macərasını nəzərdə tuturmuş.

Romanın baş qəhrəmanı Rodion Raskolnikov  vicdanı təmiz, ləyaqətli, gözütox, saf və bilikli bir oğlandır. Bu yoxsul , lakin savadlı tələbə ali məktəbdən qovulmuşdur. Oxumağa və yaşamağa maddi imkanı olmayan bir gənc, üstəlik, anasını və bacısını da saxlamalıdır.O, həddindən artıq  ehtiyac içində olub, sıxıntılı bir həyat tərzi keçirir.  Birtəhər çörək pulu qazanan atası öləndən sonra onsuz da güzəranı çətin olan ailənin vəziyyəti daha da ağırlaşır. Anası düşünürdü ki, oğlu təhsilini başa vurub bir sənət sahibi olar, ailəni maddi çətinliklərdən xilas edər. Lakin əksinə baş vermişdi; oğul özü də ananın cuzi təqaüdü ilə dolanırdı.

Bacısı Dunya varlı adamlardan birinin evində qulluqçudur, ağa evində onu incidib, təhqir edirlər. Roskolnikov özünü dolandıra bilmirdisə, anasına necə kömək edə bilərdi? Bacısını qudurub harınlamışların təhqirindən necə xilas edə bilərdi? Məgər aclıq, səfalətlik faciəsini yaşayan tək bir bu ailə idimi? Peterburqda  minlərlə belə miskin ailələr vardı.

Xristianlıqda belə bir fikir mövcuddur: “Öldürmə, düşmənini də bağışla!” Raskolnikov, Dostoyevskinin təsvirində bu İsa təliminə qarşı olan, adam öldürmək fikrinə düşən surətin cinayətinə haqq  qazandırmaqla bir dinsiz, ateist kimi də addım atmış olurdu.

Roskolnikovun bir tərəfdən özünün acınacaqlı taleyi, böyük ehtiyac içində olması, bacarıqlı, işgüzar, xeyirxah adam olduğu halda, işsiz, avara qalması, anasına, bacısına və halına acıdığı başqa bədbəxtlərə kömək edə bilməməsi, digər tərəfdən də quduzlaşıb vəhşiləşmiş varlıların zülmkarlığını və mərhəmətsizliyini görməsi onun həssas qəlbində  yoxsullara, məzlumlara dərin məhəbbət, rəğbət, hər cür ifratlara varmış harınlara isə güclü qəzəb, barışmazlıq, nifrət hissi oyadırdı.

Roskolnikov yalnız özünü düşünmür, özündən də pis gündə olan binəvaların, bədbəxtlərin halına acıyır, bir cəfakeş insanpərvər kimi onların da taleyi üçün mənəvi əzablar çəkir. Yoxsulluq və aclıq Raskolnikovu  dəhşətli  fikirlərə  gətirib  çıxarır. O, həddindən artıq çox pulu olan və bu puldan istifadə etməyən qarını öldürüb, yığdıqlarına yiyələnmək fikrinə düşür. Yalnız və yalnız içini didib-parçalayan, ona heç bir rahatlıq verməyən bu əzablar üçün çarəsizlikdən cinayətə qurşanır. Raskolnikov  cinayət  işlətməyə  haqlı  olduğu  qənaətinə gəlir. O, fikirləşir ki, heç bir şeyə yaramayan vecsiz bir qarını öldürmək cinayət deyildir. Axı bu qarı bu gün və ya sabah özü öləcək, amma mən onu öldürməklə yaşamalı olan bir çox adamı ölümdən qurtararam, bu daha yaxşı deyilmi? Raskolnikov bu hərəkəti ilə cəmiyyətdəki ədalətsizliyi aradan qaldırmaq, çəkdiyi əziyyətlərin əvəzini çıxmaq, həyatda müvazinət əmələ gətirmək istəyir. Balta ilə qadının başını çapdığı zaman cinayətin üstünə çıxan ikinci günahsız bir qadını- qarının bacısını da öldürüb, cinayət  üstündən cinayət  törədir; nəticədə  peşman  olur. Vicdan əzabı onu rahat buraxmır. O, hiss edir ki, işlətdiyi  cinayət  onu adamlardan, xalqdan  uzaqlaşdırmışdır. Bu cür yaşamaq  həyat  yox, onun üçün əvvəlki  əzablarından da betər idi.

Xoşbəxtlikdən bu çətin günlərdə doğmaları onu tək buraxmır. Anası, bacısı və dostu Razumxin ona dəstək olmaq üçün əllərindən gələni edirlər. Təbii ki, onlar hər şeydən xəbərsizdir. Nə baş verdiyindən xəbərdar olan tək adam isə Sonyadır.Sonya Raskolnikovun təsadüfən tanış olduğu Marmelodovun qızıdır.Əyyaşlıq xəstəliyinə tutulmuş Marmeladovun uşaqları ac qalmışdır. Arvadı və böyük qızı vərəm xəstəliyinə tutulmuşdur. Heç kəsdən kömək görməyən, əksinə, təhqir və söyüş eşidən Sonya Marmeladova, bacı və qardaşlarını ölümdən xilas etmək üçün küçəyə getməyə, namusunu satmağa məcbur olur. O, əxlaqsız həyat tərzi keçirir.Yaşadığı həyatın iyrəncliyinə baxmayaraq, Sonya təmizqəlblidir, ruhən safdır. Raskolnikovu ona bağlayan əsas tellərdən biri də bu saflıqdır. Bir də məcburiyyətin gətirdiyi günahlar.Yoxsulluğun, dilənçiliyin və sərxoşluğun törətdiyi səfil həyat səhnələri bir-birini əvəz edir.Yazıçı vaxtı ilə  geniş  yayılmış  qadın  əxlaqsızlığının  ictimai  köklərini açıb göstərir.

Raskolnikov günahını Sonyaya etiraf edəndə, Sonya ona tövbə etməyi və gedib cəzasını çəkməyi məsləhət görsə də, o, hələ təslim olmaq istəmir. Halbuki artıq müstəntiq onun izindədir. Müstəntiq bilir ki, cinayətkar Raskolnikovdur. Onun hələ cinayət baş verməmişdən qabaq yazmış olduğu məqalə, şübhəli davranışları müstəntiqə bunu deməyə əsas verir.

Və nəhayət, Raskolnikov cinayətini etiraf edir. Həm bu etirafa, həm də onun heç də pis insan olmadığını təsdiqləyən şahid ifadələrinə görə ona İrtış sahillərində yerləşən Omsk həbsxanasında 8 il həbs cəzası verilir və Sibirə göndərilir. Sonya da onunla gedir.

Qətlin törədilməsi və Raskolnikovun Sibirə sürgün edilməsi – bunlar cinayətin və cəzanın hüquqi ifadələri idi.Dostoyevski hesab edirdi ki, hüquqi cəzadan da ağır bir cəza mövcuddur ki,o da mənəvi əzablar, işgəncələrdir.Yəni insanın özü özünü ittiham etməsi və cəzalandırması bütün ağrılardan ən acısıdır.Bu mənəvi cəza isə heç bir cəza ilə müqayisə olunmaz dərəcədə çətin və lakin ədalətlidir.

Argentina şair və publisisti Horhe Luis Borhes «Cinayət və cəza» haqqında deyirdi ki, «qəhrəmanı qatil və pozğun olan bir roman mənə çevrəmdəki savaşdan daha təsirli gəldi».

Bəli, bu romanı oxuyub təsirlənməmək çətin məsələdir. Dostoyevskinin yazıçı kimi böyüklüyü də bundadır.Fyodor Mixayloviç çoxlarının müraciət etdiyi cinayət mövzusunu təkcə hadisə kimi yox, həm də psixoloji təhlil kimi təqdim edib.

Dostoyevski  başqa əsərlərində olduğu kimi, bu romanında da özündən tip, hadisə uydurmamış, canlı bir həyat hadisəsini, əsl həqiqəti qələmə almışdır. Bu da bir həqiqətdir ki, “Cinayət və cəza” romanı adi insani hüquqlardan məhrum edilmiş aşağı təbəqələrin-kimsəsizlərin, arxasızların, dayaqsızların, acların, məzlumların, tapdalananların, alçaldılanların, təhqir edilənlərin halına acıyan, onlar üçün əzab çəkən bir yazıçının od tutub yanan və alovlanan qəlbi, eyni zamanda özünəməxsus humanizmi idi.

Dünya ədəbiyyatında əsl hadisəyə çevrilən “Cinayət və cəza” hələ 1888-ci ildə Parisdə, 1890-cı ildə Leypsiqdə, 1916-cı ildə Tokioda tamaşaya qoyulmuşdur.

“Karamazov qardaşları” romanında ata oğulun, oğul atanın, qardaş qardaşın, ər arvadın düşməni və qatilidir.Dostoyevski son romanı olan “Karamazov qardaşları”nı 1877-1880-cı illərdə yazmışdır. Mənəviyyatsız, zülmkar, həris, hiyləgər və xəsis mülkədar Fyodor Pavloviç Karamazov iki dəfə evlənmiş, birinci arvadından bir, ikinci arvadından iki oğlu olmuşdur. Fyodor Karamazov və onun oğlanları Dmitri, İvan və Alyoşa bir-birinə oxşamayan, xaraktercə və mənəviyyatca bir-birindən fərqlənən adamlardır.İvan Karamazov ağıllı bir gəncdir, istedadlı yazıçı və filosofdur. Dostoyevski özünü düşündürən bir çox məsələləri İvanın dili ilə daha kəskin və qətiyyətli şəkildə irəli sürür. İvan adamları barışığa, birliyə dəvət edən insanpərvər bir mənəviyyat sahibi olsa da, onun bu ali keyfiyyətləri digər qüvvələrin ictimai prinsiplərindən çox uzaqdır.

Karamazovların kiçik qardaşı Alyoşanın taleyi də qəribədir.Monastrda tərbiyə alan bu dindar gənc də həyatda həqiqət və ədalət axtarmaq istəyindədir. Monastrdan çıxdıqdan sonra qarşılaşdığı hadisələr onu inqilabçılara yaxınlaşdırır.Zülmün kökünü kəsməık üçün o, hətta çarı öldürmək fikrinə düşür.Çara olan sui-qəsddə iştirak edir.Dostoyevski Alyoşanın simasında gənc nəslin qaranlıq çar Rusiyasında işıq axtarmaq istəklərini, işıqlı həyat uğrunda nəticəsiz fədakarlığın faciələrini əks etdirmişdir.

Kefcil, çılğın zabit Dmitri əsərin baş qəhrəmanıdır.O, əslində istedadlı, bacarıqlı, cəsur, eyni zamanda romantik, şairanə bir adamdır. Lakin bu cür dəyərli keyfiyyətlərə malik olan adam həyatda xoşbəxt ola bilmir. Ata qatili kimi təqsirləndirilən Dmitri, katorqa cəzasına məhkum olunur.Bütün çılğın məhəbbət macəralarına baxmayaraq, Dmitrini yoxsul, təhkimli kəndlilərin dərdi tərk etmir.Yuxuda gördüyü kənd yanğını qəlbində yoxsul kəndlilərə, otsuz çöllərə, ağlaşan uşaqlara qarşı dərin bir kədər doğurur. Kəndlilərin nə üçün qucaqlaşıb öpüşməməsinə, nə üçün şən mahnılar oxumamasına acıyır.Yer üzündə bundan sonra göz yaşları, inilti, arzuları söndürən fəryadlar olmaması üçün bütün varlığı ilə mübarizə girişməyə can atır…

“Alçaldılmış və təhqir edilmiş insanlar”da knyaz Volkovski qoca Smitin pullarını ələ keçirmək məqsədi ilə onun yeganə qızını aldadıb xaricə qaçırır. Aldadılmış qız xəstələnib ölür, onun Volkovskidən olan qeyri-qanuni uşağı- Nelli küçələrə düşür, qoca Smit yurdsuz bir səfilə çevrilir. “Yeniyetmə” romanında “gözəl qızların himayəçisi” olan knyaz Sokolski daha dəhşətli simasızdır. Zahirdə kasıb, məzlum ailələrin qızlarının himayəçisi, guya onları böyüdüb ərə verən, əslində isə qeyri-qanuni uşaqların  “məlum olmayan” atasıdır.

“Ev sahibəsi”ndə Murin, “Stepançikovo kəndi və onun sakinləri”ndə Foma Opiskin zəiflərin, kimsəsizlərin, məzlumların hesabına özləri üçün firavan həyat quran insan sifətli iblislər, şeytanlardır.

1856-cı ilin əvvəlində tanınmış rus tarixçisi, publisisti və sosioloqu Konstantin Dmitriyeviç Kavelin yazırdı: “İctimai fikir getdikcə daha artıq qanadlanıb vüsət alır, soldatçılıq, dəyənək və cəhalət karvansarası dağılır”.

Dostoyevski xalqının, bütün məzlumların taleyinə doğacaq günəşi həsrətlə gözləyirdi. Bu həsrətin içində insanların savadlanıb, maariflənib, azad, xoşbəxt həyata qovuşaraq, dünyəvi təfəkkür sahibləri olması istəyi xüsusi yer tuturdu.

Fyodor Mixayloviç Dostoyevski 1881-ci il yanvarın 28-də (yeni tarixlə fevralın 9-da) məhz bu cür istəklərlə həyatdan ayrıldı. Lakin qüdrətli Rusiya və məğrur rus xalqı onun arzularının hamısına nail oldu! Ona görə də epiqrafda dahi Taqorun dediklərini əbəs yerə xatırlamadım. Bu fikirləri Dostoyevskinin vəfatından cəmi 49 il sonra ziyarət edərək, Rusiyadakı mənəvi, zehni, iqtisadi inkisafı hələ az qala bir əsr bundan qabaq gözləri ilə görüb heyrətlənən, bu heyrəti əsl rus həqiqətləri kimi hamıya bəyan edən Şərqin və dünyanın korifey simalarından biri söyləyirdi. Demək, Dostoyevskilərin arzularını – ən əvvəl rus kimliyi, rus mənliyi və rus dəyərlərini böyük rus xalqı əzəmət və şöhrət dünyasında şücaətlə yaşadırdı. Rusiyada Dostoyevskinin gözlədiyi möhtəşəm fikir səltənəti qurulurdu.

Bu gün dahi sənətkarın yaradıcılığı zəngin mədəni irs kimi mütərəqqi bəşəriyyət üçün son dərəcə vacib, qiymətli və əzizdir. Dünyanın bütün tərəqqipərvər insanları Dostoyevskini, onun alovlu, mübariz, cəsarətli sənətini sevir və ucaldır. Böyük ingilis-amerikan şairi Uisten Hyu Oden yaxşı demişdir: “Dostoyevskinin ideyalarına əsasən, əlbəttə, əsl insan cəmiyyəti qurmaq olmaz, lakin Dostoyevskini unudan cəmiyyət də insan cəmiyyəti adlanmağa layiq deyildir”.

…Yanvarın 28-də səhər saat 7-də Anna Qriqoryevna oyanıb  görür  ki,  əri  ona  baxır.  A.Qriqoryevna  ərinə  tərəf əyilərək soruşur:

— Mənim əzizim, de görüm, özünü necə hiss edirsən?

Fyodor Mixayloviç pıçıltı ilə deyir:

— Anya, bilirsənmi, mən üç saatdır ki, yatmıram, daim düşünürəm, indicə aydın şəkildə dərk etdim ki, mən bu gün öləcəyəm.

— Mənim əzizim, sən niyə belə düşünürsən? Bəs axı indi sənin halın yaxşıdır, daha qan gəlmir (yazıçı ciyərlərindəki xəstəliklə əlaqədar olan qanaxmalardan əziyyət çəkirdi), yəqin, Koşlakovun dediyi kimi, ”bərkimə” əmələ gəlib. Allah eşqinə, sən özünə şübhələrlə əzab vermə, sən hələ yaşayacaqsan, səni inandırıram, yaşayacaqsan!

— Yox, mən bilirəm, mən bu gün ölməliyəm!

…Anna Qriqoryevna ağlayırdı. Dostoyevski ona yenidən təşəkkür edir, təsəlli verir, uşaqları ona tapşırırdı.

-Yadında saxla, Anya, mən səni həmişə dərin məhəbbətlə sevmişəm, özüm də sənə qarşı heç fikrimdə də xəyanət etməmiş, vəfasız olmamışam!

Saat 11-də Dostoyevskinin boğazından yenə qan açılır. Xəstə özünün son dərəcə zəif hiss edir.O, uşaqları çağırır, onların əllərindən tutur, arvadından xahiş edir ki, yolunu azmış oğul haqqındakı ibrətli hekayəni oxusun. Bu, Dostoyevskinin dinlədiyi son hekayə olur.Yenidən qan açılandan sonra axşam saat 7-də xəstə huşunu itirir və  saat  9-a işləmiş qüdrətli yazıçının ürəyi dayanır.

31 yanvar 1881-ci ildə dünyaşöhrətli yazıçının dəfn mərasimində 30 min nəfərdən artıq adam hüzn və kədərlə tabutun arxasınca addım-addım yeriyir, dahini son mənzilə yola salırdı.

Dostoyevskinin dəfn günü Anna Qriqoryevna  özünün “bundan sonrakı həyatını” onun yaradıcılığını   populyarlaşdırmağa həsr edəcəyinə and içmişdi. “Tale mənə, adi qadına, — deyə o, yazıçı A.İzmayılova danışmışdı, —  böyük adamın arvadı olmaq kimi sonsuz səadət bəxş etmişdi və əlbəttə, mən öz vəzifələrimi də bilirəm”.

Anna Qriqoryevna  gerçəkdən də “hər bir fikri, hər bir hərəkəti ilə” Dostoyevskiyə “məxsusdu”. Və ona “xidmət” özünün ən müxtəlif formalarında:  yoxsul valideynlərin uşaqlarına təhsil verməyə çalışmaqda,  Rusiyanın ən müxtəlif kitabxanalarına  Dostoyevskinin əsərlərini pulsuz göndərməkdə, xeyriyyəçilik yardımlarında – xalq kitabxanaları, oxu zallarının açılmasına ianələrdə də olurdu.

11 may 1881-ci ildə o, Ədəbi Fondun komitə sədri Viktor Pavloviç Qayevskiyə  yazırdı: “ Diqqətinizə görə Sizə necə minnətdarlıq edəcəyimi bilmirəm. Mən çox yaxşı anlayıram ki,  işin uğurla bitməsinə görə mən bütün varlığımla sizə minnətdaram. Sizsiz  bu iş uzanacaq və  qız, öz doğmalarının yoxsulluğu, bəlkə də onların müəyyən laqeydliyi üzündən təhsilsiz qalacaqdı. Komitə gerçəkdən xeyirxah iş gördü və  Fyodor Mixayloviçin  xatirəsini ləyaqətlə yad etdi. Mən çox yüksək dərəcədə məmnun və şadam…”

B. Bursov “Dostoyevski şəxsiyyəti” ndə  bildirir:

“Onların avtobioqrafizminin səbəbləri çox və ya az dərəcədə aydındır. Aydın məsələdir ki,  qeyri-adi adam özü haqqında hər zaman danışmaq istər,  çünki öz dəyərini hər zaman hiss edir, bilir.  Avtobioqrafik janr bu yola yaranır. Adamlara ümumiyyətlə həm başqasının təcrübəsini mənimsəməyə, həm də  öz təcrübəsini digərlərinə ötürməyə tələbat xasdır. Böyük adamlar özlərinin bu keyfiyyətləri ilə adi adamlardan seçilirlər. Onlardan bəziləri —  insan varlığının mənasını dərk etmək formasını əldə etməyə qabil olanlar  dünyanı hər şeydən əvvəl öz təcrübələri ilə dərk edirlər. Yazıçılardan  Dostoyevski  və Tolstoy bu sırada  öndə dayanırlar. Onlarda hədəf ümumidir, lakin onlar bu  hədəfə fərqli yollarla gedirlər.

Təsadüfi deyildi ki, XX yüzilin əvvəllərində  bütün dünya böyük rus yazıçıları Tolstoy və Dostoyevskiyə  geniş diqqət yetirməyə başlamışdı. Məhz həmin vaxtlar Rusiyada  dünya tarixinin  gedişini dəyişdirəcək inqilab  yetişməkdəydi. Bütün insanlar tarixi hadisələrə cəlb olunurdu.  Tolstoy və Dostoyevskinin əsərlərinə nəyə həsr olunur- olunsun,  dünya sarsıntılarından  doğan həyəcanlı mənəvi atmosfer hopmuşdu.

Straxov birinci olaraq problem məsələ qaldırmışdı – “Tolstoy, yoxsa  Dostoyevski?”. Lakin o, Dostoyevskidən qorxdu və onu rədd etdi. Doğrusu, qorxmalı şeylər az deyildi onda, amma nə qədər qorxsan da, onlardan yan ötə bilməzdin. O, insanların özlərini anlamaları üçün  onlara nə qədər gərəkdi! Və Dostoyevski   onu yalnız digər yaxşı yazıçılara  bənzədən tərəfləri ilə deyil, məhz Dostoyevski  kimi anlaşılmalı idi.

1901-ci ildə Merejkovskinin (Dmitri Sergeyeviç Merejkovski rus yazıçısı, şairi, ədəbi tənqidçisi, dini filosofu, tarixçisi və tərcüməçisidir-R.Mirzəzadə) “Tolstoy və Dostoyevski” əsəri işıq üzü görür. Bir neçə il ərzində, 1901-ci ildən 1909-cu ilə qədər bu əsər dörd dəfə nəşr olunur və o zamanın ədəbi çevrələrində böyük səs-küy qoparır, bu əsər bir neçə Avropa dilinə  çevrilərək xarici ölkələrdə də məşhurlaşır.

Merejkovski  Tolstoy və Dostoyevski  haqqında bərabər səviyyəli dahilər kimi bəhs etsə də, onun bütün hüsn-rəğbəti Dostoyevskinin tərəfindədir. Və onun bu əsərini “Tolstoy və   Dostoyevski” deyil, “Tolstoy, yoxsa  Dostoyevski” adlandırmaq  daha doğru olardı. Merejkovskinin nəzər nöqtəsindən Tolstoy  öz fikirlərində insanların  dünyəvi varlıqları hüdudunda  qapanıb qalır, deməli, yalnız  “cismani olanı aydın görür”,  Dostoyevski  isə  “ruhu aydın görür”, çünki insanı  bizim yaşadığımız dünyadan inikas edən digər dünyalarla təmasda göstərir.

Dostoyevskinin öyrənilməsi işi Maksim Qorkinin onun barəsində çoxsaylı kəskin rəyləri ilə mürəkkəbləşir. Sovet yazıçılarının birinci qurultayında Qorki  Dostoyevskiyə  böyük yer ayıırır və ona burada çox sərt xasiyyətnamə  verir:

“Dostoyevski  “Gizlindən qeydlər”  qəhrəmanının şəxsində eqosentrist tipinin, sosial degenerat tipinin bədii sözün müstəsna dərəcədə kamilliyi ilə  verdiyi şöhrətə sahibdir.  Özünün şəxsi müsibət və iztirablarına görə,  öz gəncliyinə uymasına görə,  doymaz qisasçı təntənəsiylə Dostoyevski öz qəhrəmanının zahiri ilə  XIX – XX yüzillərin  gənc insanlarının  mühitindən ayrı düşmüş  fərdiyyətçinin nə dərəcədə  rəzil duruma düşə bildiyini göstərmişdir”.

Bir qədər sonra:

“Dostoyevskiyə həqiqət axtarıcısı rolu ayırıblar. Əgər o, bunu axtarıbsa – onu insanın vəhşi, heyvani başlanğıcında tapıb və onu rədd etməkdən ötrü deyil, haqq qazandırmaqdan ötrü tapmışdır”.

Daha sonra:

“Dostoyevskinin bir dahi olduğu şəkk-şübhədən kənardır, öz təsviriliyinə görə onun istedadı Şekspirə bərabərdir. Fəqət onu şəxsiyyət olaraq, “dünyanı  və insanları mühakimə edən” olaraq,   asanlıqla orta əsr invizatoru rolunda  təsəvvür etmək mümkündür”.

Mənəviyyat və təfəkkür sahiblərinin təsdiqlədiyi həqiqətdir ki, insan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Qərinələr və əsrlər ötdükcə, Fyodor Mixayloviç Dostoyevski kəsərli sözə, parlaq zəkaya və saleh əmələ xidmət edən fikrin böyük sənətkarı  kimi ədəbi tarixdə daha geniş şöhrət qazanır, sevilir, nəsillər bir-birini əvəz etdikcə də yaşayacaq və seviləcəkdir.

Əbədiyaşar  irsinə  həmişə  sadiq  qalan  rus  xalqı  və rus dövləti bu ilin sonunda böyük Dostoyevskinin  anadan olmasının 200 illiyini sevgi və ehtiramla  qeyd edəcək. Bu, dünyanın bütün ədəbi aləmi, tərəqqipərvər xalqları,oxucuları üçün əsl bayramdır.

Dostoyevski əbədidir, unudulmazdır. Dostoyevskini unudan cəmiyyət  isə doğrudan da, sözün həqiqi mənasında insan cəmiyyəti adlanmağa layiq deyildir…

 

 

 

Reyhan Mirzəzadə,Publisist-politoloq

Strategiya.az — Fikrin böyük sənətkarı

 

Leave a Reply