Среда, Февраль 19th, 2014 |
«Etnoglobus»»Azərbaycançılıq termininə ümumi baxış» mövzusunda konfrans keçirib

Загрузка...
İslaminsesi.az-ın verdiyi xəbərə görə, fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində «Etnoqlobus» (ethnoglobus.az) Beynəlxalq onlayn informasiya və analitik mərkəzinin təşkil etdiyi «Azərbaycançılıq termininə ümumi baxış» mövzusunda konfrans keçirilib. «Etnoqlobus”un direktoru, ekspert Gülnara İnanc konfransın, mərkəzin ötən ilin dekabrında start verdiyi müddətsiz «Etniklik Azərbaycançılığın əsas amillərindən biri kimi» layihəsi çərçivəsində təşkil olunduğunu deyib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan etnoqraflar, tarixçilər, dilçilər, Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri, ekspertlər, siyasətçilər, Azərbaycanda yaşayan etnik qrupların nümayəndələri iştirak ediblər.
G.İnanc konfransın təşkil olunmasında məqsədin Azərbaycan ictimai, siyasi, elmi və mədəni fikrində «azərbaycançılıq» termini ilə bağlı mövcud olan mövqelərin öyrənilməsi və ictimaiyyətə çatdırılması olduğunu vurğulayıb.
Konfransda «Azərbacançılıq» termininə tarixi, etnoqrafik, linqvistik nöqteyi-nəzərdən müxtəlif yanaşmalar təqdim olunub.
AMEA-nın İnsan haqları institutunun əməkdaşı Rizvan Hüseynov «azərbaycançılıq» termininin yaranma tarixi və ona yanaşma fərqliliyindən danışıb. Tarixçinin fikrincə, Azərbaycan siyasi millətin formalaşması dövrünü artıq çoxdan keçib. Amma Qərbin ortaya atdığı multikulturalizm kimi ictimai-siyasi-mədəni amil iflasa uğradığı üçün Azərbaycan siyasi millət anlayışına yeni bir format verməlidir. Alim həmçinin, siyasi millət anlayışının formalaşmasında Ermənistanla olan münaqişənin və eyni zamanda, demoqrafik və türkçülük amilinin də nəzərə alınmasını vacib hesab etdi.
Cəmiyyət və vətəndaş partiyasının sədri Əli Əliyev «Azərbaycançılığın» etnik zəmində yarandığını diqqətə çatdırmaqla, Azərbaycanda yaşayan xalqların ümumi mədəni irsin formalaşmasındakı rolundan danışıb. Siyasətçi Azərbaycanda etnik zəmində ayrı-seçkiliyin olmamasının tariximizə və bugünkü ictimai-siyasi mühitə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, siyasi millət anlayışında «azərbaycanlı» termini dövlət quruculuğunun əsaslarından birini təşkil edir. Buna görə də azərbaycançılıq inkişaf etdirilməli və təbliğ olunmalıdır.
«Ronahi» kürd mədəniyyət mərkəzinin sədri Fəxrəddin Paşayev etnikliyin Allahdan bizə verildiyini və bizim seçim imkanımız olmadığını vurğulayıb. Daha sonra F.Paşayev Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın Laçın rayonundan olan 6 nəfər kürdün Ermənistana qarşı iddiaçı olduğunu da xatırladıb. Bu hadisə Ermənistanın işğalçı simasını və yalnız azərbaycanlılara qarşı deyil, burda yaşayan digər etnik xalqlara, o cümlədən kürdlərə qarşı da soyqırım siyasəti həyata keçirdiyini sübut edir.
İranın Qum şəhərində yerləşən Beynəlxalq dini kollecin məzunu Elnarə Paşayeva İslam dininin insanların milli, irqi, dini zəmində sıxışdırılmasına qarşı olduğunu qeyd edib. Bundan əlavə, o, azərbaycanlıların etnik kimliklərini yalnız mətbəx mədəniyyətində qoruyub saxladıqlarını bildirib: «Qumda mənimlə dünyanın bütün qitələrindən gələn müxtəlif millətlərdən olan tələbələr oxuyurdu. İndoneziyada, Hindistanda, Malayziyada, Madaqaskarda və digər yerlərdə insanlar dillə yanaşı, öz etnik kimliklərini geyimlərində də qoruyub saxlayıblar. Azərbaycandan olduğumu deyəndə onlara Azərbaycanı hazırladığım rəngarəng milli mətbəximizlə tanıtdıra bilirdim. Azərbaycanlını digər xalqların içərisində heç bir xarici əlamətlərə görə fərqləndirmək mümkün deyil.»
Udin-xristian icmasının başçısı Robert Mobili udin xalqının düzənlikdə yaşamasına baxmayaraq, assimilyasiya olunmadığını xüsusi qeyd edib. O, bu faktın guya Azərbaycanda etnik azlıqların assimilyasiya olunması ilə bağlı yalançı iddiaları təkzib etdiyini deyib.
Xatırladaq ki, daha əvvəl R.Mobili Ermənistanın Alban-udin kilsələrinə sahib çıxmalarının qarşısının alınması üçün yepiskopluq yaradılmasını təklif edib. Bundan əlavə, R.Mobilinin xaricdə daimi çıxışları Azərbaycandakı tolerantlıq siyasətinin söz deyil, həqiqətən unikal bir fakt olduğunu təsdiqləyir.
Polyak icmasının sədr müavini Aleksandr Kostin də «azərbaycançılıq» termininin siyasi millət ifadəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan bütün xalqlar yalnız dinc-yanaşı yaşamayıb, həm də bir-birinə qaynayıb qarışıb. Bu isə yüksək tolerantlığın nəticəsidir: «İnsanlar yanaşı yaşaya bilər, amma bir-birinə nifrət edər. Və şərait yetişəndə bir-birini məhv etməyə hazır olar. Azərbaycanda isə millətindən, dinindən asılı olmayaraq hər bir kəs ictimai-siyasi, iqtisadi-sosial mühitə adaptasiya olunub.»
AMEA-nın Etnoqrafiya institutunun əməkdaşı Rafiq Səfərov çıxışında diqqəti siyasi millətin formalaşmasının tarixi əsaslarına yönəldib. O, «azərbaycançılılar» ifadəsinin həm siyasi millət, həm də etnik türklərin özünü tanıtdıran bir termin olduğunu qeyd edib.
Yazıçı Adıgözəl Məmmədov Azərbaycanda bütün etnik qrupların, çoxsaylı türklər kimi başlıca probleminin Dağlıq Qarabağın işğalı olduğunu və hamının bir nəfər kimi «azərbaycançılıq» ideyası ətrafında birləşməli olduqunu vurğulayıb. A.Məmmədov dövlətin bütün qurumlarının, o cümlədən ictimaiyyətin «azərbaycançılığın» təbliğ etməli olduqlarının vacibliyni diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın bizə qarşı güclü təbliğat maşını işlədiyindən bizim onlara cavab metodlarımız daha güclü olmalıdır.
Sonda G.İnanc «azərbaycançılığın» təbliğində və öyrənilməsində etnik kimliyin, etnik psixologiyanın nəzərdə tutulmasının vacibliyini vurğulayıb.
G.İnanc bildirib ki, mart ayında keçiriləcək növbəti konfransda etnik kimlik mövzusu müzakirə olunacaq.