|

Böyük şair-vətəndaş Nekrasov

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

google

Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 200 illik yubileyi     münasibəti ilə

“Biz rusların öz siyasi və dövlət əhəmiyyətimizə şübhə ilə yanaşmağa haqqımız yoxdur: bütün slavyan qəbilələri içərisində yalnız biz möhkəm və qüdrətli dövlət halında birləşmişik və istər Böyük Pyotradək, istərsə ondan sonra bu son dəqiqəyədək taleyin bir çox sərt sınaqlarından şərəflə çıxmışıq; biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq. Daxilən inkişaf etməyən bir xalqda bu möhkəmlik, bu qüvvət ola bilməz. Bəli, bizdə milli həyat var, biz ona görə yaranmışıq ki, dünyaya öz sözümüzü, öz fikrimizi deyək; lakin bu hansı sözdür, hansı fikirdir — bunun qayğısını çəkməyimiz hələlik tezdir. Bizim nəvələrimiz, yaxud nəticələrimiz bunu heç bir səy göstərmədən, gərgin düşünüb axtarmadan biləcəklər, çünki bu sözü, bu fikri onlar deyəcəklər…İndiyədək biz Avropa mədəniyyətinə  yalnız  buna  görə  heyran  olurduq  ki,  o, Asiya mədəniyyəti deyildi — bundan əl çəkməyin vaxtıdır. Avropa mədəniyyətini yalnız buna görə sevmək, yalnız buna görə ona ehtiram göstərmək, ona can atmaq lazımdır ki,  o,  bəşəridir  və  buna  əsasən  bəşəri  olmayan  bütün Asiya şeylərini necə qətiyyətlə rədd ediriksə, bəşəri olmayan bütün Avropa şeylərini də eyni qətiyyətlə rədd etməliyik…Rusiyanı 1940-cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik — o zaman Rusiya mədəni dünyanın başında duracaq, elmin də, sənətin də qanunlarını verəcək, bütün mədəni bəşəriyyətin dərin hörmətini qazanmış olacaqdır».

 

  Vissarion Qriqoryeviç Belinski

                                     görkəmli rus ədəbi tənqidçisi

 

“Puşkin yoxdursa, Lermontov da öldüsə, Nekrasov var. Deməli, rus poeziyasının bayrağı azad surətdə göylərdə dalğalanmaqdadır».

 

 Fyodor Mixayloviç Dostoyevski

                                          tanınmış rus yazıçısı

 

 

Nikolay  Alekseyeviç  Nekrasov  gözəl  şair, yazıçı, ədib, dramaturq, istedadlı bir ədəbiyyat xadimi, tənqidçi idi; bununla yanaşı, o, tam 20 il ərzində  özünün böyük zəhmətsevərliyilə müşaiyət olunan jurnalistlik fəaliyyəti ilə də nüfuz qazanmışdı. Rus xalqının qüdrətinə və onun böyük gələcəyinə olan dərin inam hissləri həmişə Nekrasov şeirinin əsas ruhunu, qayəsini təşkil edirdi. Dobrolyubov haqlı olaraq Nekrasovu “sevimli rus şairi, bizim şeirimizdə xeyirxahlığın ilk nümayəndəsi, həyat və qüvvət ifadə edən yeganə istedad” adlandırmışdı.

XIX əsrdə azadlıq uğrunda gedən inqilabi mübarizənin öz nəğməkarı, öz qüdrətli poetik istedadı olmuşdur.Şübhəsiz ki, dekabristlərin nəğməkarı Puşkin idi və onun işini Lermontov davam etdirdi. XIX əsrin ikinci yarısında isə inqilabi təşviqatın genişləndiyi dövrdə əsas nəğməkar Nekrasov oldu.

Çar Rusiyası dövründə həmvətənlərinin ağır güzəranını, təhkimçi kəndlilərin dözülməz vəziyyətini ürək ağrısı ilə müşahidə edən, yüksək vətəndaşlıq duyğusu ilə qələmə alan N.A.Nekrasovun ədəbi irsi klassik rus poeziyasının ən qiymətli səhifələrindəndir. O, rus ədəbiyyatına inqilabçı – demokratik poeziyanın  ən  gözəl  nümayəndəsi  kimi  daxil  olmuşdur.

XIX əsrin böyük bir dövrünü yaradıcılığında əks etdirən Nekrasov, öz əsərləri ilə təkcə yaşadığı əsr haqda oxucuların təəssüratını genişləndirməklə qalmır, onun əsərlərindən insanlar vətəni, öz xalqını sevməyi öyrənir, ictimai fəallığını artırırdı. Nekrasov poeziyasının tərbiyəvi əhəmiy- yəti də bundadır. Şairin demokratizmi onun vətənpərvərliyindən, öz vətənini azad, məğrur və xoşbəxt görmək arzusundan irəli gəlirdi. Vətən sevgisinin mahiyyəti haqqında şair yazırdı ki, vətəni sevmək, hər şeydən əvvəl ona ürəkdən, ehtiraslı və səmərəli bir şəkildə xoş güzəran, maarif diləməkdir, bütün ləyaqətini və hətta həyatını ona qurban verməkdir; ondakı bütün yaxşı şeyləri ürəkdən sevmək və kamilliyə gedən yolda ona mane olan hər şeyə qarşı nifrətdir:

 

Sənətə xidmət et, vətəndaş ol sən!

Çalış insanlığa bir sirdaş ol sən.

Ucalt məhəbbətin qadir adını,

Ona tabe elə istedadını.

İlhamın, qüdrətin çoxdursa əgər,

Heç zaman sən onu vermə büruzə.

Çünki əməyində saçıb şəfəqlər,

O, öz — özünə çıxacaq üzə.

 

Nekrasovun böyüklü — kiçikli hər bir əsərini oxuyanda ilk dəfə diqqəti cəlb edən onun doğma xalqına, doğma rus torpağına olan tükənməz məhəbbətidir. Bu saf məhəbbət onun poetik fikirlərinin mayası, əsərlərinin cövhəridir.O,yalnız sevməklə, vətəninin ecazkar təbiətinin füsunkar mənzərələrinə heyran olmaqla kifayətlənmir; ana yurdunun hər dərdi, hər əzabı şairin həssas qəlbində əks- səda verib, güclü etiraz və üsyan səsinə çevrilir. Nekrasovun fikrincə, əsl poeziya həmişə həyatla bağlı olmalıdır. Vaxtilə məşhur dekabrist, şair və ictimai xadim olan Kondrati Fyodoroviç Rıleyevin irəli sürdüyü “Mən şair deyiləm, amma vətəndaşam” fikrini Nekrasov bir qədər də inkişaf etdirmişdi. Şair qəti bir fikir irəli sürürdü ki, özünü vətəndaş zənn edən bir kəs, vətənin dərdinə biganə qala bilməz. O, şairdə hər şeydən əvvəl vətəndaşlıq hissinin olmasını vacib bilirdi:

 

Sən şair olmaya bilərsən, inan,

Vətəndaş olmağa lakin borclusan.

Axı vətəndaşlıq nə deməkdir, nə?

Layiqli oğuldur o vətəninə.

 

İnqilabçı şair Nekrasov bu fikirdə idi ki, poeziya xalqın azadlığı işinə xidmət etməlidir. Ona görə də şair göstərirdi ki, doğma anasını müsibət içində görən oğul, ona sakit tamaşa edib kənarda qala bilməz. Vətənin namusu, şərəfi üçün, ona etiqad və məhəbbət uğrunda odun içinə girmək də azdır. Belə bir iş üstündə həlak olan oğul mənasız ölmür, al qanı boş yerə tökülmür. Şairin fikrincə, vətəninin övladı olan belə namuslu vətəndaşlar vətənə çox lazımdır.  On  görə  də  Nekrasovun  bu  sətirləri  döyüş şüarına çevrilib ölkənin hər yerində inqilabçılar tərəfindən əzbərdən təkrar olunurdu.Şair-vətəndaşın odlu sətirləri Rusiyanın qabaqcıl adamlarında ümid yaratmaqla bərabər, istismarçılar aləminə nifrət hisslərini də gücləndirirdi.

Nekrasov vətəninin hər bir guşəsində bir bəla, zülm, işgəncə, fəryad görür, onları min bir ağrı ilə ürəyinin hər bir damarından, əzələsindən, hüceyrəsindən keçirib, qələmə alırdı.Çünki şair vətəninin əsl vətənpərvər oğlu idi, onun vətəndaşlıq qeyrəti məhz həmin vətənpərvərliyin, yurdsevərliyin ifadələrindən biri idi.

Şairin qəlbi vətəni ilə bağlı o qədər nisgilli idiki,  kiçik şeirlərində də bu qayğı dolu düşüncələrindən ayrıla bilmirdi; doğma torpağın iniltiləri onun bütün ruhuna hakim kəslilirdi. “Səhər”ində o, səhərini belə açırdı:

 

Otlaqlar üzünə qəm rəngi vurmuş,

Çəmənlər nə qədər fikirli, naçar!

Tayalar üstündə yuxulu durmuş,

Yağışdan islanmış ala qarğalar.

Zəngin şəhərlər də çəkmir heç kəsi,

Orda da buludlar səmanı sarmış.

 

Doğrudan da Nekrasov vətəninin səadəti üçün əlindən gələni əsirgəmir, şair-vətəndaş kimi bir an da mübarizədən geri çəkilmir, xalqını, ana vətənini fəlakətə düçar edənlərə qarşı nifrətini gizlətmirdi.O, öz sənəti, qabiliyyəti ilə necə deyərlər, zülm və şərin uçurumu üzərindən keçir, öz rübabını doğma yurdun məhəbbəti, sevgisi  ilə ifa edirdi. “İlham pərisi” şeirində olduğu kimi:

 

Uşaqlıqdan bağlanılmış əhdimizi o qırmadı,

Söz pərisi öz qəlbini yenə məndən ayırmadı.

Dərdlərimi anlatmağa məni yenə o öyrətdi,

Bu dərdləri söyləməkdə mənə ilham kömək etdi.

 

Nekrasovun hər bir şeiri mətbuatda dərc olunduqda. bütün əleyhdarları bu şeirlərə qarşı etirazlarını bildirir, şairi susdurmağı, məcmuənin bağlatdırılmasını tələb edirdilər. “Laylay” şeiri çap olunduqda, jandarma rəisi qraf  Orlov özündən çıxaraq maarif naziriyinə yazıb bildirmişdi ki, belə əsərləri mətbuata buraxmaq çox təhlükəlidir. Nazir də senzuraya töhmət elan etmişdi.

Nekrasovun böyüklüyü bir də onda idi ki, o, Lermontovun ölümündən sonra rus poeziyasında yaranan durğunluğu hiss etmişdi. O, duymuşdu ki, poeziya ədəbiyyatın başqa janrlarına nisbətən həyatın tələblərindən geri qalır. Nekrasov bunlara son qoydu, rus şeirinin şərəfini bərpa etdi, ona yeni məna və məzmun gətirərək, dövrün tələblərinə cavab verə biləcək mübariz bir poeziya səviyyəsinə qaldırdı. Rus ədəbiyyatında rus kəndlisi birinci dəfə olaraq Nekrasov poeziyasında özünün yüksək mövqeyini tutdu, özünün bütün qüdrətini, eyni zamanda zəif cəhətlərini də ilk dəfə Nekrasov poeziyasında aydın gördü, birinci dəfə olaraq öz düşmənlərinin kimlərdən ibarət olduğunu, onların bütün çirkin, vəhşi sifətlərini və niyyətlərini Nekrasov poeziyasından öyrəndi. Lakin Nekrasov xalqının halına acı göz yaşları tökmədi, əksinə, ən qəzəbli misraları ilə elin-obanın düşmənlərini damğaladı. Əslində böyük   sənətkarların   hamısının   yaradıcılığında   bu   iki duyğu-məhəbbət və nifrət hissləri həmişə qoşa olmuşdur. Həqiqi sənətkarlar vətəni səmimi məhəbbətlə sevdikləri kimi, ona dərd verənlərə, bəla gətirənlərə qarşı da amansız, barışmaz olmuşlar. Ona görə də belə ədiblərin əsərlərində lirika ilə satira əksər hallarda bərabər addımlamışdır. “Portretlər” adlı şeirində Nekrasov öz dövrünün bir çox məşhur adamlarının, rütbə və mənsəb sahiblərinin real və inandırıcı satirik portretlərini yaratmışdır.

Ədalətsiz məhkəmə hakimlərini, ədabaz şair, aktyor və musiqiçiləri, bivec ziyalıları, xəyanətkarlıqla iş başına keçən  çinovnikləri  amansız  tənqid  atəşinə  tutan  şair, əsərin bir hissəsində yazırdı:

 

 

Günahı böyükdür məhkəmələrin,

Hakimlər kor olmuş uşaq kimidir.

Həlli beş yüz illik vaxt tələb edən

İşi bir ləhzədə onlar həll edir.

 

Odlu, qəzəbli misralar şairin qələmindən birdən- birə kağıza köçürülmürdü. Şairin sətirləri onun yaralı qəlbinin fəryadı, yanıqlı ruhunun üsyanı idi. Çünki o, hər şeydən əvvəl Rusiyanın, əzəmətli və cəfakeş, “miskin və məğrur” bir torpağın əsl övladı, əsl vətəndaşı idi. Nekrasov öz şeirini  “intiqam və kədər pərisi” adlandırırdı. Çünki onun ilham pərisi xalqın əzab və göz yaşlarını tərənnüm etməklə bərabər, insanları əsarətə qarşı intiqama çağırır, o, amansız bir mübarizə başlanacağına and içirdi. Qabaqcıl rus inqilabçı-demokratları — Belinski, Çernışevski və Dob- rolyubovun ən yaxın dostu və silahdaşı olan Nekrasov, “sənət sənət üçündür” nəzəriyyəsinə tamamilə qarşı çıxaraq, vətəndaş şeirinin, xalq şeirinin bayrağını yüksəklərə qaldırırdı.

Nekrasovu təkcə qabaqcıl rus ziyalıları deyil, bütün xalq sevirdi. Dobrolyubov şairin yeni nəsli gələcək azad Rusiyanın yolunda can qurban verməyə çağıran «Yeremuşka haqqında mahnı» adlı əsərini oxuduqdan sonra dostlarının birinə yazmışdı: «Bu şeiri sev, əzbərlə və unutma! Didaktikdir, lakin bizim gənc nəslin ürəyindən xəbər verir. Aman Allah, əgər senzuranın təzyiqi olmasaydı, Nekrasov nə qədər gözəl şeirlər yaza bilərdi!..». Dobrolyubov Nekrasovu «Sevimli rus şairi, bizim şeirimizdə xeyir- xahlığın ilk nümayəndəsi, həyat və qüvvət ifadə edən yeganə istedad» adlandırmışdı.

Nekrasovun əleyhdarları isə onun muzasının dumanlı cansıxıcılığından danışırdılar.Şairin özü də bəzən bununla razılaşmalı olurdu:

 

«Sərbəst şeiriyyət yoxdur səndə,

Mənim ağır, yöndəmsiz şeirim”.

 

Nekrasovun belə bir özünüqiymətləndirməsinə  Nekrasov şeirinin qüvvəsini onun “ağırlığında» görən Çernışevski etiraz edirdi.  Onun şeirlərinin “cansıxıcı yeknəsəqliyi”, eləcə də onlarda  gerçəkliyin qəsdən qara boyalarda verilməsi haqqında qərəzli mühakimələri xalq həyatının poetik tərəflərinin əks olunduğu “Gəmiqayıranlar” poemasına baxarkən aydın görünür.

Dostları Nekrasovun qüdrətli ilhamına qanad verir, yaradıcılıq üfüqlərini genişləndirirdi. Şair bu məsləkdaşlarının parlaq zəkaları, xalq azadlığı üçün yanan ürəkləri, müqəddəs amalları, cəsarət və fədakarlıqlarının pərəstişkarı idi. Birlikdə keçən anları şair ömrü boyu unutmurdu. Bu dostluğu yalnız taleyin acı sınaqları sarsıda bilərdi. Nə etmək olardı Tanrı qarşısında? Nekrasov şair dostu Nikolay Aleksandroviç Dobrolyubovu itirdikdən sonra ürək ağrısı ilə yazırdı:

 

Gənclik illərində sən ehtirası

Ağla tabe etdin, sən o vaxt sərtdin.

Azadlıq, şərəfçin necə yaşayıb,

Necə ölməyi də bizə öyrətdin.

Ömrün hər zövqünü, hər səfasını,

Rədd edib, qorudun o pak eşqi sən.

Çəkdin yer üzünün hər cəfasını,

Öz ürək yanğını heç söndürmədən.

Əmək, arzu, ümid — nə verdin, aldı

Yari — mehriban tək sevdiyin vətən.

…İllər ötdü — getdi, soyudu qəm də,

Sən bizdən yüksəyə qalxdın anbaan…

Ağla, Rus torpağı! Fəxr elə həm də,

Bu göylər altından qərar tutandan,

Sən hələ nə belə oğul doğubsan,

Nə çəkə bilibsən qoynuna geri;

Yığıbmış qəlbinə bu xoşbəxt insan

Mənəvi gözəllik xəzinələri.

Ey ana təbiət! Göndərməsəydin

Belə insanları dünyaya hərdən

Viranə qalardı həyat zəmisi…

 

Zəngin ruhlu, dərin mənəviyyatlı, ürəyi xalqın, məzlumların yaralı ürəyi ilə çırpınan insanpərvər rus sari harada dünyaya göz açmışdı? Soyunun kökü haradan qaynaqlanırdı?

Nikolay Skatov yazır ki, (“Nekrsov”. Moskva-2004) Nekrasovlar soyunun tarixini yazıya almayıblar, əbəttə, nəsildən-nəslə ötürülən məlumatlar olub, şairin atası və bibilərinin xatirələrindən az-çox nələrsə bilinməkdədir. Bütün bunlara rəğmən bəllidir ki, soy sırf rus, o zamanlar deyildiyi kimi, velikorus soyudur. Dogrudur, Nekrasovlar soyu əldə sənəd-sübutları olmadığından ötrü Yaroslavl quberniyası dvoryanlarının sütunu sayılan əsilzadə soylarının daxil edildiyi şəcərə kitabının 6-cı hissəsində yer ala bilməyiblər.Odur ki, onların rəsmən əsilzadə sayılmalarının hesabı 1810-cu ilin ikinci yarısından, Aleksey Sergeyeviç Nekrasovun ilk zabit rütbəsini almasından başlanır. Son zamanlarda isə Nekrasovların 1916-cı ilin aprelində, çevriliş ərəfəsində imperator II Nikolay tərəfindən təsdiqlənən gerbi tapılmışdır.

Bütün ailə — atası, anası, qardaşları və bacıları Aleksey Sergeyeviç  Nekrasovun Yaroslavl quberniyasındakı malikanəsinə yığışanda, onun üç yaşı olardı:  ailə başçısı hərbi xidmətlə vidalaşaraq, ömrünün bir çox illərini keçirdiyi Podolsk quberniyasından özünün kiçik malikanəsinin yerləşdiyi balaca Qreşnevo kəndinə köçmüşdü. Ukraynanın cənubunda olarkən ailə qurmuşdu: 1817-ci ildə ukraynalı mülkədar qızı olan  Yelena Andreyevna Zakrevskaya ilə evlənmiş, bir-birinin ardınca uşaqları – üç oğlu (Andrey, Nikolay, Konstantin) və iki qızı (Yelizaveta, Anna)  dünyaya gəlmişdilər; sonralar Qreşnevoda Fyodor doğulmuşdu.Oğlu Nikolay 2 noyabr (10 dekabr)  1821-ci ildə  Nemirovo şəhərciyində dünyaya gəlmişdi.

Aleksey Sergeyeviç 1823-cü ildə mayor rütbəsində istefaya çıxmış və 1824-cü ilin payızında ailəsi ilə  birlikdə doğma yerlərə yola düşmüşdü.

Özünün kiçik bir sövməəsi olan balaca Qreşnevo kəndi Aleksey Sergeyeviç Nekrasova məxsusdu. Kənd Volqanın sol, düzənlik sahilində, Yaroslavldan 20 kilometr aralıda yerləşir.

Hələ şairin sağlığında yanğına məruz qalan Nekrasovlar malikanəsi kəndin lap sonunda yerləşməklə, üzü Kostromaya baxırdı.  Nekrasovun uşaqlıq və erkən gənclik illəri burada keçmişdir. Yaroslavlda gimnaziyanı bitirib, buradan Peterburqa yollanmışdı. Sonralar şair dəfələrlə bu evdə olmuşdu. Qreşnevoya yaxın kəndlərdə  Nekrasovun kəndli dostları vardı, ov edərkən onların evində qalardı. Kənd həyatından əhvalatları ona həmin kəndlilər danışmışdılar.

Qreşnevo malikanəsi və köhnə ata evi  Nekrasovun avtobioqrafik şeir və poemalarında  bütün parlaqlığı ilə təsvir olunmuşdur.

“Mən Paris, Neapol, Nitsada olmuşam. Amma heç yerdə Qreşnevodakı kimi belə  rahat nəfəs almamışam”- deyə böyük şair sonralar yazmışdır.

Aleksey Sergeyeviçin vəfatından sonra malikanə onun kiçik oğlu Fyodor Alekseyeviç Nekrasova məxsus idi.

Hazırda hələ XIX əsrin əvvəlində inşa olunmuş keçmiş musiqi məktəbinin binasında N.A. Nekrasov muzeyinin filialı açılmışdır…

Nekrasovun uşaqlıq illəri burada, Volqa çayının sahilində, təbiətin qoynunda keçmişdi. Həssas, yaraşıqlı, mavigözlü, zəngin mənəviyyatlı qadın olan anası Yelena Andreyevna mütaliəni çox sevər, fransız və polyakca kitablar oxuyar, musiqi ilə maraqlanar, pianoda ifa edər, məlahətli səslə oxuyardı. Lakin Aleksey Sergeyeviç belə bir mənəvi sərvəti anlaya biləcək dərəcədə kamil adam deyildi. Bu səbəbdən gözəl Yelena özünü bir gün belə xoşbəxt hiss etməz, ürəyi açılmaz, üzü gülməzdi. Hətta bir dəfə əri balaca Nikolayın yanında məşuqəsi olan yad bir qadını Yelenanın otağına gətirmiş, həmin qadına ifrat dərəcədə qulluq etməyi arvadından tələb etmişdi. Yelena bu haqsız tələbdən imtina etdiyi üçün qəddar əri tərəfindən döyülmüş, acı göz yaşları, hıçqırıqlar içində boğula — boğula oğlunun qolundan tutub otaqdan çıxmışdı. O gündən balaca Nikolayın şair qəlbi gizli də olsa, atadan küsmüş, ömürlük əzablara düçar olan tənha, kimsəsiz qadına — anasına sığınmışdı.Yelenanın yeganə təsəllisi uşağının ona qəlbən bağlanması, hər addımda sevimli anasına havadar çıxması idi. Odur ki, Yelena ailə həyatının ən böhranlı günlərində dərdini dağıtmaq üçün uşağının əlindən tutub tez — tez bağçaya çıxar, oğlunu bağrına basaraq, oxşar, ağlayardı. Beləliklə, sevimli ananın qəmli həyatı və atanın zalım rəftarı balaca Nekrasovun şüurunu həyat və insan taleyi haqqında düşündürən ilk səbəb,  ilk  dərd  olmuşdu.  Odur  ki,  Nekrasov  bu qəmli ananı, onunla birlikdə sevimli bacıları Anna və Yelizavetanı ömrünün son günlərinə qədər belə unuda bilməmiş, «Vətən», «Ana», «Laylay», «Rus qadınları», «Bir saatlıq cəngavər» və s. kimi bir çox əsərlərində bu gözəl insanları xatırlamış, onların kədərindən bəhs etmişdi. Bu da təsadüfi deyildi ki, Nekrasov 7 yaşında ikən yazdığı «Sevimli anacan…qəbul ediniz…» misrası ilə başlanan şeirini anasına — Yelena Andreyevnaya həsr etmişdi.

Atası da öz zövqünü oğluna aşılayar, hara gedərdisə, onu da özü ilə aparar, gəzdirər, əyləndirərdi. Buna görə də Nikolay hələ 10 yaşında ikən gözəl və inadkar bir ovçu, nişançı idi. O, at çapmaqda da mahir idi, möh- kəm iradəsi, fövqəladə çevikliyi, atəşin təbiəti vardı.

1832-ci ildə 11 yaşında ikən Nikolay Yaroslavl gimnaziyasına daxil olur. O, ədəbiyyatı, mütaliəni çox sevirdi. Ən sevimli şairləri Puşkin və Bayron idi. Bu iki şairlə bərabər, Nikolay ilk gənclik dövrlərində görkəmli rus şairlərindən Lomonosovu, Jukovskini, Polejaevi və polyak şairi Adam Mitskeviçi də çox oxumuş, ilk şeirlərini bu şairlərin təsiri altında yazmışdı.

Nikolay hələ uşaqlıq vaxtlarından Volqanı çox sevirdi, rus xalqının ictimai həyatı və bu həyatın mənası haqqındakı ilk dərslərini məğrur çayın sahillərində almışdı. Buradakı həyat Nekrasovu amansız təhkimçilik hüququ ilə erkən vaxtlarında tanış etmiş, bu məzlum kəndlilərə verilən ağır cismani cəzaları gözləri ilə görmüş, burlakların acınacaqlı həyatı ilə yaxından tanış olmuşdu.

Bir dəfə Nekrasov yoxsul balıqçılar arasında dolaşarkən  onlardan  birinin əzablı və işgəncəli işinin ağırlığına  artıq dözə bilməyərək: «…Ah, Allah mənə səhərə qədər üzüsulu bir ölüm versəydi, nə olardı?..»- dediyini eşitmiş və bu sözlərdən  o  qədər  sarsılmışdı  ki,  öz  sevimli  çayına  da nifrət  və  hiddətlə  baxmağa  başlamış,  məğrur  Volqanı «kölələr çayı, kədər və qubar çayı» adlandıraraq, yazmışdı:

 

Ah, nə qədər ağladım,

Doğma çayın o qəmli,

Kədərli sahilində.

Boğdu məni bir anda,

Sahilində duranda,

Volqamızın o səhər

Hıçqırıqlar, ələmlər.

Dedim: Qullar çayısan

Kədər, qubar çayısan!..

 

O, kiçik yaşlarından burlakların kədərli mahnılarını dinləyir, Sibir sürgününə göndərilən ayağıqandallı dustaqların əzab-əziyyətləri onun uşaq qəlbində təəssüf dolu acı izlər qoyurdu. Atasının ailədə olduğu kimi, təhkimli kəndlilərlə də kobud rəftarı ömrü boyu Nekrasovun hafizəsindən silinməmişdi. Dünyaya çörək, işıq, həyat və rövnəq verən zəhmət adamları ehtiyac və səfalət içində yaşayırdılar.Namuslu, dözümlü, qüvvətli insanların zülm və acıları onun şair qəlbinə od salmışdı. Bu od gündən-günə közərdikcə, Nekrasov öz qəlbinin harayını daha aydın eşidirdi — Yox, belə yaşamaq olmaz!..

Onun ürəyində zadəgan zülmünə, işgəncələrinə, əxlaqına, rüşvətxor çar çinovniklərinin bürokratizminə, pozğun mənəviyyatına, hakim siniflərin murdar adət və ənənələrinə dərin bir nifrət hələ gənc yaşlarından oyanıb kök salmağa başlamışdı.

O,varlı mülkədar malikənasinin meşşan həyatındakı kəskin ziddiyyətləri təsvir edərək, sonralar bu bəlaları “Vətən” şeirində əks etdirirdi:

 

Burada bir vaxt məclislərdən yüksəldikcə qədəh səsi,

Qarışardı o səslərə məzlumların ah-naləsi.

Yalnız tənha varlığıyla o hamını əzən cəllad

Nəfəs alar, dövran sürər, yaşayardı burda azad.

 

Təhkimçilik həyatının zülm, faciə dolu səhnələri azmış kimi, balaca Nekrasov tez-tez Vladimirka malikanəsinin yaxınlığından keçən böyük yolda başqa bir kədərli səhnə də görürdü: Sibirə sürgün edilən dustaqları onun qəmli, yaşla dolmuş gözlərinin önündə bu yolla qovub aparırdılar.

Nekrasov mütaliəni çox sevirdi. Onda ədəbiyyata, şeirə həvəs, kitaba sonsuz maraq anasından keçən ən gözəl xüsusiyyət idi. Onun yeganə arzusu şair olmaq idi. Anası da oğlunu ədəbiyyatçı, şair görmək istəyirdi. Atası bu arzunun qəti əleyhinə çıxaraq, Nikolayı hərbçi-zabit kimi yetişdirməyə çalışırdı.

1838-ci ildə 17 yaşlı Nikolay Peterburqa gələrkən atasının göndərdiyi hərbi məktəbə deyil, universitetə daxil olmaq fikrinə düşür. Müvəffəqiyyətsizliyə uğrayan gənc, universitetə yalnız azad dinləyici kimi daxil ola bilir. Bundan qəzəblənən atası oğluna maddi kömək etməkdən imtina edir, onu övlad kimi qəbul etmək istəmir. Beləliklə, Nekrasov çıxılmaz, çətin vəziyyətə düşür. İşə düzələ bilməyən oğlan, üç il Peterburq küçələrində bir parça çörəyə möhtac qalır. Gecələməyə yeri olmur. Qışı isti paltarsız keçirən Nekrasov, iradəsindən dönmür, çap etdirə bilməsə də, şeir yazmaqdan qalmır, onları dəftərinə köçürür. Şeirlərinin birində Peterburqun yoxsullar üçün əzab-əziyyət ocağı, milyonçular üçün cənnət olduğunu söyləyən Nikolay Alekseyeviç, həyatının ən ağır anlarında da şair olmaq fikrindən dönmür.

Volqanı “kədər və qubar çayı” adlandıran şair, Peterburqa da “yoxsulların zindanı” kimi baxırdı:

Paytaxtımız  gözəldir,

Aşıb-daşır sərvəti.

Yoxsulların zindanı,

Varlıların cənnəti.

Nekrasov həyatının bu ağır dövrünü yadına salaraq yazırdı:

“Düz üç il mən həmişə, hər gün aclıq hiss etmişəm… Mən ağlasığmaz dərəcədə çox işləyirdim! İlahi, insan nə qədər işləyər?!”

O, tək-tək şagirdlərə dərs deyir, mətbuatla əməkdaşlıq edir, məqalələr, povestlər, pyeslər yazır, korrektə işləri aparırdı. Lakin bu əzablı əmək də onu ehtiyacdan xilas etmirdi. Şair deyirdi:

“Dəfələrlə  iş o yerə çatmışdı ki, mən Morskaya küçəsindəki bir restorana getmişəm. Orada yeməyə heç bir şey sifariş etməsən də, oturub qəzet oxumağa icazə verirdilər. Mən qəzeti götürüb özümü elə göstərirdim ki, guya oxuyuram, amma əslində boşqabı qabağıma çəkib yavan çörəyi yeyirdim”.

Nikolay hələ gimnaziyada oxuduğu illərdə yazdığı şeirlərini dostlarının köməyi ilə 1840-cı ildə çapa hazırlayır.Onun «Arzular və səslər» adlı ilk şeirlər məcmuəsi nəşr olunur.

Bu məcmuədən sonra Nekrasovun cəmiyyətdəki haqsızlıqları tənqid edən oçerk və felyetonları ərsəyə gəlir ki, onların bir çoxu şeirlə yazılmışdır.

Təkcə 1840-1841-ci illər arasında Nekrasov 10 povest və hekayə, 9 səhnə əsəri, bir çox məqalə, resenziya və satirik şeirlər yazmışdı. Şair sonralar özü də bu dövrdəki yaradıcılığını xatırlayanda: “Heç ağlasığan iş deyildir. Aman Allah, mən nə qədər işləmişəm?!. Nə qədər işləmişəm?!.”- deyə, özü öz işinə, çalışqanlığına təəccüb edirdi.

Təsadüfi deyildir ki, 1843- cü ildə nəşr etdirdiyi kitabını da şair «Şeirlə məqalələr, şəkilsiz» adlandırmışdır. O, hansı janrda yazırsa-yazsın, birinci növbədə şair olaraq qalırdı.

Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olmuşdu. Şair 1843-1845-ci illərdə klassik və müasir rus şair və ədiblərinin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr etmişdi. Nekrasov ədəbiyyatın hansı sahəsində çalışmasından asılı olmayaraq, rus yazıçısına yalnız bu tövsiyələrini («Rus yazıçısına» şeirində) aşılayırdı:

 

Nahaq izdihama üz verərək sən,

Ona yarınmağa hey can atırsan.

Ey rus yazıçısı, sənin vəzifən

O deyil, ucadır, nəcibdir ondan.

 

Bax, elə bir dövrə çatmışıq bu gün

Ki, fayda verməyir xalqa yarınmaq.

Xeyirli iş üçün, məfkurə üçün

Əlləşən insanı arzulayır xalq.

 

Nə ada qulluq et, nə də sənətə,

Ellərin yolunda qoy həyatını.

Qüdrətli, möhtəşəm bir məhəbbətə

Tabe et, dühanı, istedadını.

 

Çoxsa bacarıq da, hünər də səndə.

Gəl ondan söz açıb, qürurlanma heç.

Öz — özünə parlar sənin işində

Onun həyat verən şüası tez — gec.

 

Ən möhkəm daşları, diqqət elə sən,

Qırıb parçalayır bir adi fəhlə.

Onun çəkicinin zərbələrindən

Öz — özünə uçur alov və şölə.

 

1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazır ki, bunların içində «Peterburq guşələri» xüsusi yer tuturdu. Nəsr əsərləri yazmaq Nekrasovun imkanlarının daha geniş olduğunu təsdiq edirdi. Məcmuədə müəllif şəhər ətraflarını, çirkli həyətləri, üfunətli zirzəmiləri,  burada  yaşayan  miskin,  bədbəxt  adamları təsvir edir. Belinski  «Peterburq guşələri»ni yüksək qiymətləndirir, Nekrasovun qeyri — adi müşahidəçilik qabiliyyətini, gördüklərini ustalıqla  təsvir  etməsini əsərin dəyərli xüsusiyyətlərindən hesab edirdi.

1850-ci ildə yazdığı «Yolda» adlı şeirini Belinskiyə oxuyarkən Vissarion Qriqoryeviç həyəcanlı halda Nekrasovu bağrına basıb, «Heç bilirsinizmi ki, siz şairsiniz, özü də  əsl  şair!»-  demişdi.  Şeirdə  Peterburq  həyatını  təsvir edən dörd epizod təqdim olunur.İlk epizodda acından taqətdən düşmüş bir nəfər alverçidən çörək oğurlayıb tez onu dişləyir, lakin bu zaman tutulur.

İkinci epizodda ananın öz oğlu ilə kədərli vida mərasimi təsvir olunur. Gənc qadın hönkürüb ağlayır. Sakitcə, lakin ciddi şəkildə dayanmış baba da sevimli Vanyuşasından ayrılır.

Üçüncü epizodda uşağın dəfni daha kədərlidir. Soldat uşağın tabutunu qoltuğunda aparır. Şair göstərir ki, nə qədər uşaq sağ idi, buna heç kim sevinmirdi, indi uşaq ölüb, gözlərdə yaş parlayır.

Sonuncu epizodda kasıb arabaçı, səfeh Vanka arıq yabısının qayışlarını parıldadır ki, varlı kimi görünsün. Bu şeirdə Nekrasov sadə adamların göz yaşlarını, kədər və qüssəsini, xalq həyatının əsas xüsusiyyətlərini olduğu kimi göstərə bilmişdir.

1856-cı ildə N.Q.Çernışevski getdikcə daha da mükəmməlləşən Nekrasova yazırdı: “İndi siz ədəbiyyatımızın ən yaxşı, demək olar ki, yeganə gözəl ümidisiniz”.

Cəmi 37 il ömür sürmüş V.Q.Belinski bütün həyatı boyu inqilabi-demokratik ideyaların yorulmaz təbliğatçısı kimi çıxış edərək, ədəbiyyatı çar-üsuli idarəsinə qarşı mübarizədə böyük ideallar səviyyəsində duran xitabət kürsüsünə çevirmişdi. Nekrasovun Belinskiyə müraciətlə:

 

Mənə icazə ver əziz müəllim,

Diz çöküm, o böyük adın önündə

 

-deməsi əlbəttə, təsadüfi deyildi. Şair əziz müəlliminə həsr etdiyi “V.Q.Belinski” adlı poemasında yazırdı:

 

Ah, mənim yurdumun azad ürəkli,

Nəcib düşüncəli, şirin diləkli

Görəsən nə qədər övladları var?

Olmuşmu  çoxuna sədaqət şüar?

Kimki insanlara “qardaşım” deyir,

Kimki cəhlə, şərə nifrət bəsləyir,

Kimin ki dərindir dərya kamalı,

Kimi xəyanətin paslı qandalı

Əsir etməmişdir onlara bu ad

Əzizmi, sayırmı özünə ustad?

 

…Çıxdı ortalığa belə bir zaman

O şöhrətsiz insan vermədi aman

Sürünən kəslərə, yaltaq kəslərə,

Ədna adamlara, axmaq kəslərə.

Vətənpərvər adlı o min don geyən,

Bir də xoş niyyətli arzum var deyən

Saysız oğrulara.

O gündən bəri

Döydü, qamçıladı xəyanətləri

Utanmaq bilmədən gəldi hiddətə

Canlıdır şayiən, qoy axşam-səhər

Qəbirdə yesə də səni cücülər,

Bir cild tarixindən yaxşıca əlbət

Nəsildən — nəsilə tanıdar səni

İnadla verdiyin belə məsləhət.

 

N. A. Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixində yalnız şair kimi deyil, eyni zamanda istedadlı mühərrir və mübariz bir jurnalist kimi də tanınıb sevilmişdir. Hələ gənc yaşlarından — Yaroslavl gimnaziyasında oxuduğu zamandan onda mətbuata qarşı dərin maraq oyanmışdı. Həmin dövrdə nəşr edilən «Moskva Universitetinin elmi xəbərləri», «Moskovskie vedomosti», «Teleskop», «Moskovski nablyudatel», «Biblioteka dlya çteniya», «S.Peterburqskie vedomosti» və s. jurnalları böyük həvəslə oxuyan Nekrasov, öz yoldaşlarına demişdi: «Mən daha yaxşı nəşr edərəm».

Jurnal nəşr etmək arzusu ilə Nekrasov Belinski ilə məsləhətləşəndən və senzura ilə danışıqlar aparandan sonra 1844-cü ildə “Fiziologiya Peterburqa” adlı almanaxın nəşrinə icazə alır. Bu, onun mühərrirlik fəaliyyətinin başlanğıcı olur. Lakin Nekrasov bu almanaxın yalnız iki hissəsini nəşr edə bilir. Bu almanaxlarda şairin “Peterburq guşələri” və  “Çinovniklər” adlı iki hekayəsi, Belinskinin dörd məqaləsi və digər altı yazı dərc olunur.

“Fiziologiya Peterburqa”nın nəşri qadağan ediləndən sonra Nekrasov 1846-cı ildə “Peterburqski sbornik” adlı yeni bir almanax nəşr etməyə başlayır. Bu almanax da əvvəlki almanaxın tutduğu yolu davam edirdi. “Peterburqski sbornik”də Nekrasovun dörd – “Yolda”, “Sərxoş”, “Sevindirici görüş”, “Laylay” şeirləri dərc olunmuş, Belinski, Dostoyevski, Turgenev, Panayev, Maykov, Solloqub və digər yazıçıların yazıları təqdim olunmuşdu.

Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, XIX əsr rus jurnalistikası Nekrasovun adı ilə bağlıdır. Ömrünün çoxunu mətbuat sahəsində işləməklə keçirən bu böyük jurnalist, Rusiyada mübariz, mütərəqqi mətbuatın təşkilat- çılarından və rəhbərlərindən biri olmuşdur. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynamışdır.

1848-ci ildə Nekrasov vaxtilə Puşkin tərəfindən təsis edilmiş «Sovremennik» məcmuəsini icarəyə götürmüşdür.

Artıq “Sovremennik”in ilk illərində, çox böyük çətinlikləri aşaraq, Nekrasov ədəbi-jurnal fəaliyyətinin geniş yoluna çıxır – zaman özü onu bu yola yönəldir. Belinskinin silahdaşı olaraq, bir redaktor olaraq, o, “Sovremennik”in ətrafına təhkimçilik hüququna və onun bütün təzahürlərinə nifrətin birləşdirdiyi ən yaxşı rus ədiblərini toplayır. O, bir şair olaraq gerçəkliyin əvvəllər yaxına buraxılmayan və ya gözardı edilən tərəflərini sənətə gətirir və artıq ilk illərdən xəlqi mövzuları görünməmiş miqyasda ədəbiyyata daxil edir: bu insanların iztirablarına və ehtiyaclarına bilavasitə müraciət edir ki, bu da rus ədəbiyyatında yeni meyl idi. Bütün bunlarla bərabər, poeziya hər zaman onun ilk vəzifəsiydi. Bu sahədə başlıca uğurları isə əlbəttə ki, hələ irəlidə idi.

Onun yorulmaz fəaliyyəti nəticəsində jurnal qısa bir müddətdə inqilabçı — demokratların mübariz orqanına çevrildi. Gertsen, Çernışevski, Turgenev, Dobrolyubov, Qonçarov,  Şedrin,  Dostoyevski,  Lev  Tolstoy  və  bir çox başqalarının əsərlərini  «Sovremennik» jurnalında çap edən və xalqa tanıtdıran məhz Nekrasov idi.

Bunu V.Malnin də “N.A.Nekrasov”da təsdiq edir: (Moskva-1971)

“Rus ictimai fikir tarixində “Sovremennik” jurnalının önəmini dəyərləndirməkdən ötrü  bunu xatırlamaq yetərlidir ki,  Çernışevskinin həmin dönəmdə yazmış olduğu  demək olar bütün əsərləri və  Dobrolyubovun əsərlərinin böyük qismi onun səhifələrində işıq üzü görmüşdür. Nekrasova minnətdarlıq duyğularını Çernışevski öz həyatının sonunadək qoruyub saxlamışdır. Ölümündən azca əvvəl naşir Soldatenkova yazırdı: “Nekrasov mənim vəlinemətimdir. Yalnız onun böyük ağlının, qəlbinin yüksək nəcibliyinin və xarakterinin sarsılmaz möhkəmliyinin sayəsində  mən yazdığım kimi yazmaq imkanında olmuşam. Mən öz vətənimə yaxşı xidmət etmişəm və onun minnətdarlığına haqqım var, fəqət onun qarşısında mənim bütün xidmətlərim  — onun xidmətləridir”.

Nikolay Alekseyeviç də özünün qabaqcıl müasirlərindən, dostlarından çox şey öyrənirdi. «Rusiyanı bürüyən yeddiillik qaranlıq gecə», “Senzura terroru dövrü” adlanan böhranlı 1848-1855-ci illərdə «Sovremennik»in işi çox çətinləşdi.

Həmin vaxtlar Nekrasovun səhhəti ciddi şəkildə pozulmuşdu.  1853-cü ilin yazında kəskinləşən boğaz xəstəliyi ona əzab verirdi, səsi batmağa başlamışdı. Öncə o, buna məhəl qoymur, az müalicə alırdı. Üstəlik də həkimlər uzun müddət  xəstəliyi müəyyən edə bilməyərək, gərəkli dərmanlar təyin etməmişdilər. Əhvalı o qədər bərbad olmuşdu ki,  Nekrasovda  ölə biləcəyi fikri yaranmışdı. Bu fikri  pessimist ovqatın hopmuş olduğu “Son nəğmələr”də, üç şeirində   əksini tapmışdır. Onlardan birincisi jurnalın mart sayında dərc edilmişdir.

Silsilədən bir və ya iki il sonra yazılmış və dərc edilmiş digər iki  şeirdə  eyni ölüm gözləntisi, çin olmayan  ümidlər,  üzərinə götürdüyü  zəhmətin  güc yetməyən ağırlığı kimi motivlər  təkrarlanır. Onlar alleqorik “Biçilməmiş zəmi” şeirində də (1854) səslənir.

1853-cü il yazın əvvəlində Nekrasov – ehtimal ki, sağlamlığı səbəbincə — kənd həyatı yaşamaqdan ötrü bütün yayı paytaxtdan getməyə qərar vermişdi; artıq aprelin 10-da Qriqoroviçə yazırdı:“Mən sizin romandakı hadisələrin cərəyan etdiyi həmin yerlərə — Oka sahilindəki kəndə gedirəm, mənim üçün çox maraqlıdır, baxım, görüm sizin təsvirlər nə dərəcədə gerçəkdir?”.

1848-ci ildə rus xalqı özünün ən böyük müdafiəçilərindən biri olan Belinskini itirdi. İkinci tərəfdən, həmin  il Fransa İnqilabından sonra qorxuya düşən çar mütləqiyyəti hər cür vasitələrdən istifadə edərək, ölkədəki inqilabi əhval-ruhiyyəni boğmağa çalışırdı. Nekrasova  Lev Tolstoy, Turgenev, Çernışevski, Dobrolyubov kimi yazıçıları jurnaldan uzaqlaşdırmaq tapşırıldı. Nekrasov bu təklifi qəbul etmədi.

1863-cü ilin martında Nekrasov “Sovremennik”də Çernışevskinin “Nə etməli?” romanını çap etməyə başladı. Məcmuə bütövlükdə Çernışevskinin qoyduğu yol ilə gedirdi.

Sonradan Tolstoyun, Turgenevin öz arzuları ilə jurnaldan uzaqlaşması, Dobrolyubovun ölümü, Çernışevskinin  həbsi, Sibirə sürgün edilməsi Nekrasovu olduqca çətin və çıxılmaz bir vəziyyətə saldı. Senzuranın jurnalı təqib etməsi, digər görünən və görünməyən çətinliklər 1866-cı ildə “Sovremennik”in tamamilə bağlanmasına səbəb oldu.      Nekrasov əlacsız qalmışdı.O, çarəsizlikdən jurnalın çapının yenidən davam etdirilməsi üçün icazə almaq məqsədi ilə M.N.Muravyov soyadlı çinovnikə tərifedici bir oda yazmağa məcbur oldu. Bu da coşqun inqilabçı gənclərin qüdrətli şairdən incik düşmələrinə səbəb oldu. Fəal gənclərdən biri şairə “Ola bilməz!” başlıqlı şeir yazıb göndərdi.Bu gənc öz şeirində Nekrasovun odasındakı liberalizm təsirlərini sadalayır, öz sevimli şairinin belə hisslərə qapılmasından ürək ağrısı yaşadığını bildirir, şeirini bu xitabla bitirirdi: “Ola bilməz!”

Nekrasov bu mənzum məktubu alandan bir neçə gün sonra “Ola bilməz!” başlıqlı şeiri göndərənə “Naməlum dostuma” adlı məşhur cavab-şeirini yazır:

Mən öz sənətimdə alver etmədim.

Fəqət, vaxt oldu ki, qəzavü-qədər

Məni təhdid etdi, o vaxt rübabım,

Çaldı yanlış olan səslər, nəğmələr,

Çoxdandır yalqızam, əvvəllər mənim,

Dostlarım var idi, hanı o dostlar?

Kimini bu fələk saldı kəməndə,

Kimi də dünyanı tərk etdi şəksiz.

Hər il dostlarımı itirib mən də,

Qaldım havadarsız, yalqız, köməksiz.

Daşa döndümsə də illər boyunu,

Saxladım könüldə o ilqarımı

Xalqındır tökülən hər damcı qanım,

Bağışla, ey vətən, günahlarımı!..

 

Elə bu şeirinə görə də çoxları Nekrasovu liberal adlandırmırdı.

«Sovremennik» bağlanandan sonra Nekrasov öz mühərrirlik fəaliyyətini dayandırmadı.O,1867-ci ildə «Oteçestvennıe zapiski» jurnalının naşiri Krayevski  ilə  danışaraq,  nəşrin mühərrirliyini  öz üzərinə götürdü.Sədaqətli dostlarını yenə ətrafına toplayaraq, bu jurnalı da inqilabçı demokratiyanın orqanına çevirə bildi.

Şairin mövqeyi təbiiki senzuranın xoşuna gələ bilməzdi. Hökumət tərəfindən mətbuat işləri idarəsinə verilən bir tapşırıqda deyilirdi: «Nekrasovun hökumət üçün nə qədər  qorxulu  olduğuna  hələ  də  göz  yumanlar  var. Bu məsuliyyət birinci növbədə senzura komitəsinin və dövlət — mühafizə idarələrinin öhdəsinə düşür».

Belə bir şəraitdə Nekrasov üçün yazmaq və çap olunmaq çətin idi. Jurnalistika təkcə öz təbiəti etibariylə mürəkkəb deyil,  həm də təhlükəli peşəyə çevrilməkdə idi. Qabaqcıl jurnalların senzura təqibi getdikcə güclənirdi; eyni zamanda hər növ irticaçılar, xəbərçilər, yalançı vətənpərvərlər canlanmışdılar.Öz köhnə düşmənlərinin üstünə cummaqdan ötrü Bulqarin sanki belə bir məqamın gələcəyini gözləyirmiş kimi  bir-birinin ardınca yeni böhtanlar və iftiralar quraşdırırdı.

Buna baxmayaraq, şair — jurnalist öz jurnalının nüfuzunu ömrünün sonuna qədər qoruyub saxlaya bildi. Nekrasov 20 il «Sovremennik»in,10 il «Oteçestvennıe zapiski»nin mühərriri və naşiri olmuşdur. 30 il ərzində rus cəmiyyəti və rus xalqı Nekrasovdan almanaxlardan başqa, 350 nömrə jurnal almışdı ki, bu nömrələr orta hesabla 18 milyon nəfər tərəfindən oxunmuşdu. «Nekrasov ideal bir mühərrir- naşir idi», «Nekrasovdan yaxşı bir mühərrir tanımıram», «Rus jurnalistikasının taleyi Nekrasova çox borcludur»- bu fikirləri onun müasirləri olan M.A. Antonoviç, P.Kovalevski, A.S.Suvorin söyləmişdi.

Nekrasov Peterburqda demək olar 40 il yaşamışdır. Peterburqun ətraf məhəllələrində Nikolay Alekseyeviç neçə-neçə mənzil dəyişdirmişdir. 1857-ci ildə o, Liteynaya və Basseynaya küçələrinin kəsişdiyi yerdə olan (indiki Liteynaya  prospekti, ev  36)  Krayevskinin evinə köçmüş və həyatının sonunadək burada ömür sürmüşdür.  Nekrasovun nəşr etdiyi “Sovremennik” jurnalının, bu nəşr bağlandıqdan sonra isə “Oteçestvennıe zapiski”nin  redaksiyası da burada yerləşirdi.

1946-cı ildə  şairin 125 illik yubileyi qeyd olunanda, burada N.A. Nekrasov Mənzil-Muzeyi təşkil olunmuşdur.

Nikolay Alekseyeviç əsərlərinin çoxunu canlı həyat müşahidələrinə əsaslanıb yaradır və «Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır»- deyirdi. Nekrasov yaradıcılığının böyük məziyyətlərindən biri də budur ki, onun rus həyatında görüb duyduğu reallıq birtərəfli, zahiri reallıq deyildi. Şair mənsub olduğu xalqın ürəyində, daxilində, mənəviyyatında olan reallığı, real şüuru da kəşf etmişdi. Bu real şüurda isə xalqın qüdrəti, əzəməti qorunurdu. Müdrik şair ürəyi bu qüdrəti duyduğuna görədir ki, Nekrasov rus xalqının xoşbəxt gələcəyinə dərin inam bəsləyir və bu inamın tərənnümü onun yaradıcılığında xüsusi yer tuturdu. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara məhəbbət, Rusiyanın böyük və işıqlı gələcəyinə inam onun poeziyasının əsas mövzusu idi.

Nekrasov 13 bacı — qardaş olan çoxuşaqlı ailədə dünyaya gəlmişdi. Odur ki, şairin uşaqlıq aləminə daha həssas, uşaqların taleyinə, sabahına daha diqqətcil  münasibəti  vardı. Balacaları  hədsiz  dərəcədə sevən şairin 1860-cı ildə yazdığı «Uşaqların fəryadı» şeirini həyəcansız oxumaq mümkün deyil. Nikolay Alekseyeviç bu şeirində o vaxtlar kəndlərdən gətirilib zavodlarda, zirzəmilərdə hərlənən ağır çarxların gurultusu içində huşlarını itirincəyə qədər işlədilən uşaqların ürəkparçalayan fəryadını çox təsirli bir şəkildə təqdim etmişdir. Uşaqlıq sevincindən məhrum olan bu körpələr şəhərlərin başgicəllədən boğucu mühitindən, əzablı və ağır əmək şəraitindən doğma kəndə, sakit çöllərə qaçmaq, həsrət qaldıqları analarının qucağına baş qoyub ağlamaq, təsəlli tapmaq istəyirlər. Lakin kəndə getməyə də ayaqları gəlmir, çünki onları orada da əzabdan,  dərddən  başqa  heçnə  gözləmir.  Onlar  öz  həssas uşaq qəlbləri ilə başa düşürlər ki, ana qoynuna baş qoyub ağlamaq  özü  də bir dərdə-bəlaya çevriləcəkdi. Çünki  onların  bu  göz yaşları bədbəxt anaların ürəyini parçalaya bilərdi:

 

Həyat döyüşündə məhv olanların

Eşitməsəniz də hər lənətini,

Eşidin, qardaşlar, barı ağlaşan

Bədbəxt uşaqların şikayətini:

…Hər gün fabriklərdə ağır çarxları

Hərləyir, hərləyir, hərləyirik biz!

…Dayan, ey amansız hərləniş, dayan,

Zəif huşumuzu qoy bir toplayaq!-

Ağlamaq, yalvarmaq verməyir fayda,

Nə bir rəhmə gəlir, nə eşidir çarx.

…Bizi buraxsalar indi bir düzə-

Yıxılıb yatardıq otlar üstündə

Tezcə bir nə ola, biz evə dönək!..

Lakin yox, oraya gedirik nahaq…

Ehtiyac orda da qoymaz dincələk,

Dərd bizi orda da qarşılayacaq!

Yıxılsaq hərlənən bu başımızla

Solğun anamızın köksünə səssiz,

Hönkürsək, ağlasaq, göz yaşımızla

Onun ürəyini parçalarıq biz!..

 

Nekrasov hələ gənclik illərində kənddən ayrıldıqdan sonra da kəndliləri tərk etməmişdi. Şairin arxivində bir çox kəndli dostlarına yazdığı məktublar və onlardan aldığı cavablar mühafizə olunmaqdadır. Bu məktublardan biri Nekrasovun ovçu dostu Qavrila Yakovleviç  Zaxarovdandır. Nekrasov həmişə kəndə ova çıxanda, Qavrilanı özü ilə aparar və onun oxuduğu xalq mahnılarını dinləməyi sevərdi. Bu mahnılardan biri də «Korobuşka» adlı mahnı idi. Nekrasov Qavriladan eşitdiyi bu mahnıdan ilham alaraq, gözəl şeirlərindən biri olan «Korobeyniki», yəni «Çərçilər» adlı şeirini yazmışdı. Yazı-pozu bilməyən Qavrila şairə göndərdiyi məktubunda sadə sözlərlə öz sevimli dostunu pasxa bayramı münasibəti ilə təbrik edir və «Mənim gözəl laçınım» sözləri ilə başlayan məktubunda tez — tez şairi yuxuda gördüyündən və onun üçün çox darıxdığından bəhs edirdi. Qavrila məktubu zabit  Kuzma  Rezviyakova  yazdırdığını  da  əlavə  qeyd edirdi.

Bir dəfə yenə kəndə gedəndə, Nekrasov Orina adlı bədbəxt bir kəndli qadına rast gəlir. Orina soldat anası idi. O, 8 il olardı ki, soldatlığa aparılmış yeganə oğlunu bir dəfə də olsun, görməmişdi. Bir gün onun gözünün ağı – qarası olan oğluna polkda cəza verir, döyür və evə yola salırlar. Oğul güclə özünü anasına çatdırır, evə gələndən 10 gün sonra ölür… Bədbəxt ana ilə bu görüşdən sonra Nekrasov özünün «Soldat anası Orina» adlı məşhur əsərini yazır.

Ana  mövzusu  Nekrasovun  yaradıcılığını  zinətləndirən mövzulardandır.Şairin əsərlərinin külliyatı ilə yaxından tanış olduqca, onun anaya həsr etdiyi xeyli şeirlərinə rast  gəldim. Şeirləri  həyəcansız oxumaq  mümkün deyil. Gəlin, bu misralarda bird aha ana qəlbinin döyüntülərini dinləyək:

 

Ana eşqi ülviləşir zaman-zaman,

O, ilahi bir sevgidir bu dünyada.

Yurdumuzda anasını haraylayan

Gözüyaşlı körpələri salın yada…

Ana eşqi çırağıdır hər övladın,

Qəlbimizlə, ruhumuzla o görüşür.

Dilimizdən düşmür ata, bacı, qadın,

Ağır gündə bircə Ana yada düşür.

 

Ana surəti Nekrasovun qəlbində və şüurunda daim ən yüksək, ən gözəl duyğuların təcəssümü kimi qalmışdı. Onun şeirlərində ana surəti köləlik və despotizm əleyhinə, sadə xalqın mənafeyi naminə, vətən naminə  mübarizə edən qəhrəmanların surəti ilə üzvü surətdə birləşmisdir.Məhz buna görə Nekrasov öz anasına bu qədər gözəl və məhəbbət dolu misralar həsr etmişdir:

“Əgər mən öz həyatımı xeyir və gözəllik idealları uğrunda mübarizəyə həsr etmişəmsə, əgər mənim qoşduğum nəğmə canlı məhəbbətin dərin mənası ilə yaşayırsa, mənim anam, bu səadəti mənə sən vermiş, sən məni ucaltmısan, sən mənim varlığımdakı canlı, həsssas ruhu xilas etdin!”

Nikolay Skatov yazır:

“… Onun öz anası barədə  söylədikləri, — deyə gənc Nekrasov haqqında Dostoyevski xatırlayır, —  ondan danışarkən yad etdiyi zərif, isti duyğuların qüvvəsi hələ o vaxt onda gözləntilər doğurmuşdu ki, əgər onun həyatında  taleyinin  ən qaranlıq və ona fəlakət gətirən nəhs anlarında onu xilas edəcək və həyatda ona mayak, yolgöstərən ulduz olacaq  müqəddəs nəsə varsa,  əlbəttə, bu, ilkin uşaq təəssüratları, heç kəs görməsin deyə (özü belə danışıb mənə) bir küncdə  əzabkeş anasının, onu bu qədər sevmiş varlığın qucağına sığınaraq   onunla birlikdə axıtdığı uşaq göz yaşları, uşaq hönkürtüsüdür. Düşünürəm ki, onun həyata sonrakı bağlılıqlarından heç birində ona bu qədər təsir edə və onun qəlbinə onu bütün həyatı  boyu təqib etmiş digər qaranlıq, qarşısıalınmaz həvəslərinə hökm  edə bilməzdi.  Ruhun izahedilməz coşquları isə özünü hələ o vaxtlar  hiss etdirirmiş.

… Ümumilikdə ana qavrayışı və onun taleyi, bir şair və insan olaraq Nekrasovda var, bu, onun ümumilikdə həyatı qavramasında özünü göstərir. Bu, olduqca bədbin,  görünür, erkən dərk edilmiş bir duyğudur. Olmuş olsa belə,  yazışmaların izləri saxlanılmayıb. Anasının ölümünə, məsələn məktubarında,  reaksiyasının heç olmasa hansısa əlamətləri yoxdur.  Hələ xeyli erkən yaşda olan anası Yelena Andreyevanın ölümü isə, belə görünür, tamamilə gözlənilməz olub: hər halda, 1841-ci ilin yayında, o vaxtlar Peterburqda yaşayan şair bacısının toyunda şərəfə içmək üçün Yaroslavla gedir, amma  anasının matəm məclisi ilə üzləşməli olur. Bacısı da çox yaşamayıb,  bir il ərdə olduqdan sonra vəfat edir. Amma bacısı ilə münasibətləri anasının onun həyatındakı  rolunu dolayısı ilə olsa da, qabarıq şəkildə aydınlaşdırır. Yelizaveta, bu böyük bacı, Nekrasov üçün ən yaxın insan olub.  Anasından başqa, həm də anası ilə birlikdə. Əbəs yerə “Vətən”də anası haqqında şeirdən dərhal sonra, bir növ onuna həmahəng şəkildə birləşərək bacısı haqqında şeirlər gəlir.

“Dünən bütün günü darıxırdım. Axşam darıxmağım gücləndi… Hansısa qırsaqqız qüssə yaxamdan əl çəkmir, mənə əzab verirdi… Birdən səndən məktub gətirdilər… Mən hərisliklə onu qapdım, oxudum, lakin bu da məni  sakitləşdirmədi: üstəlik  də heyrətləndirdi: sanki məni həmin axşam təqib edən fikirlərin təsiri altında yazılmışdı…

Bu halda düşündüm, nədəndir ruhumdakı bu boşluq? Nədən digərilərini fərəhləndirən və bəxtiyar edən hallar məni heç də həmişə və bu qədər güclü bir şəkildə sevindirmir?.. Nədən digərilərini göyün yeddinci qatına qaldıra, hirs və ümidsizliyin qucağına ata biləsi uğurlar və uğursuzluqları bu qədər soyuq qarşılayıram?.. Bəli, günlər sürətlə ötüb keçir… aylar da uçur… arxasınca illər… Amma qüssə  yerində qalır, yenə də həmin qəm-qüssə, darıxmaq. Bəs mən nə vaxt şad-xürrəm olmalıyam? Bunu özümdən soruşuram. Görünür, zamanı gəlməyib, bəlkə də heç gəlməyəcək. Bu nə qəribə, narahat insan həyatıdır belə, özü də bilmir nəyin intizarındadır… Özün özünü yaşamağa dəyməz fikrini boynuna almağa məcbur etdiyin həmin o yaşamaq sənəti deyilən şey budurmu…

Necəsən, əziz bacım? Nələr üzərində düşünürsən? Sənin ruhunun dərinliyinə… ətrafda gözə görünən hər şeyə baxışlarına… bələdəm,  ona görə də düşünürəm ki, sənin də özünlə dilsiz həsbihal dəqiqələrin qüssəli, olduqca qüssəli keçib gedir… Tənhalığın qəm-qüssəsi mənə daha tez-tez əzab verməyə başlamışdır…Həvəslə yanınıza gələr, sizinlə birlikdə dincələrdim…”

N.A.Nekrasov xalqı özündən, özünü xalqdan əsla ayırmırdı. Mülkədarların ağır zülmü, işgəncələri altında inləyən, şallaq zərbələrindən vücudunda salamat yer qalmayan hər bir rus qızı onun doğma bacısı idi:

 

Saat altı idi dünən Sennaya

Getmişdim, nə gördüm, orada cavan

Bir kəndli qızını döyürlər yaman.

Ondan çıxmayırdı nə səs, nə səmir,

Qırmanc səs salmışdı havada yalnız.

Bu vaxt ilhamıma dedim: “Yaxşı bax!

Öz doğma bacındır o döyülən qız”.

 

Nekrasov xalqın hər bir acıtaleli övladına qayğı, ürək yanğısı ilə yanaşırdı. Çünki insan dərdini anlamaq, hisslərini duymaq, onun kədərinə həmdəm olmaq, taleyin düçar etdiyi çətin həyat şəraitində ona həyan olub doğru-dürüst yol göstərmək, axan göz yaşlarını silmək hər baş və ürək gəzdirən varlığın mənəvi kamilliyinin təzahürü ola bilməzdi. Bunun üçün əsrindən asılı olmayaraq, hər bir dövrdə həm insan, həm də adam olmaq lazımdır! İnsan və adam! Böyük insan, böyük adam və böyük şair olan Nekrasovun “Katerina” şeirini oxuyanda xeyli xəyallara dalmışdım. Şair nələr demək istəyirdi bu eyhamlı şeirində? Qoy oxucularım özləri desinlər! Şeiri oxuyaq:

 

Mənim gözəlliyim puç olub solur.

Ərimin ucbatından ömrüm zay olur.

İçəndə dağıdır, sındırır, söyür,

Evdə nə vardırsa, çölə sürüyür.

Bunu gözləmirdim nişanlananda,

Ata-qardaşıma yalvardım onda.

Qonşular yanında tökdüm göz yaşı,

İnsan zalım olur insana qarşı.

Qocalar dedilər, səbr elə, dayan,

Kimsə inciməyib ər yumruğundan.

Qardaşım söylədi: Səbr et, bacıcan,

Kimsə inciməyib ər yumruğundan,

Qonşular söylədi: Ay qız, bir dayan,

Kimsə inciməyib ər yumruğundan.

Uzaq qohumum var Fedya adında,

Saldatdır, tapmışam eşqimi onda.

O, gəlir yanıma bir göz eləcək,

Zəmidən o yana oturaraq tək,

Ona söyləyirəm mən öz dərdimi,

Qəlbim Fedyamındır son günə kimi.

Ərim xəbər alır: “Harda itmisən?”

“Harda kefim çəkir… bil, beləyəm mən,

Getmişdim biləm ki, bitibdi çovdar?..”

“Yenə aldadırsan məni, ay idbar!”

…Hirslənir, qızışır, çıxır özündən,

Qoy söysün, incimir ruhum sözündən

Döysə, necə olar? Qorxuram, inan!

Kimsə inciməyib ər yumruğundan.

 

Ana Rusiyanın böyüklüyü, rus adamının əyilməz mənliyi, polad iradəsi, geniş və saf qəlbi, dərin məhəbbəti, işıqlı zəkası Nekrasovun «Beşik nəğməsi», «Sirr», «Bostançı», «Üç atlı», «Unudulmuş uzaq bir diyarda», İt ovu», «Əxlaqlı   adam»,   «Vətən»,   «Vətən   yaxşıdır»,   «Elegiya», «Dua», «Səpinçilər», «Dəmir yolu», «Kənd uşaqları», «Belinskinin xatirəsi», «Biçilməmiş zəmi» və s. kimi çoxsaylı əsərlərini cilalandıran, onun milli qürurunu qidalandıran əsl ilham mənbəyi olmuşdur. «Rus qadınları» da həmçinin. Beləki o, 1872-ci ildə dekabrist Volkonskinin oğlunda onun anası Mariya Volkonskayanın əri və digər dekabristlər haqqında xatirələrin olduğundan xəbər tutur. Şair dərhal dekabristin oğlu ilə görüşür və xeyli məlumat əldə edir.

Yada salmaq istərdim ki, 1826- cı ildə dekabristlərin əsas bir hissəsini Sibirə sürgün edirlər.Onların fədakar, etibarlı qadınları, qəhrəman rus qızları — Muravyova, Trubetskaya, Annenkova, Pozen, Yuşnevskaya, Volkonskaya və başqaları ərləri ilə bərabər, Sibirə getməyi qərara alırlar. Çar Nikolay bu hadisənin xalqa ağır təsir edəcəyini bilib, onlara mane olmaq əmrini verir. Lakin cəsur qadınlar fikrindən dönmürlər.

Nekrasovun dünyaca məşhur «Rus qadınları» poeması bu  mövzuya  həsr  olunub.  Əsər  sözün  əsl  mənasında xalqın mənəvi qüdrəti, azadlıq eşqi və qəhrəmanlığı haqqında əbədi yaşayan bir dastandır. Qeyd etdiyim kimi, çar mütləqiyyəti tərəfindən sürgünə, dözülməz katorqaya göndərilən cəsur dekabristlərin-inqilabçı zabitlərin arvadları heç bir çətinliyə, hədə — qorxuya, yolun uzaqlığı, qarlı-boranlı-çovğunluğuna, min cür əzab-əziyyətə baxmayaraq, isti və rahat dvoryan ocaqlarını qətiyyətlə tərk edib, uzaq Sibirə, qandallı ərlərinin yanına gedirlər. Onların hünəri, mərdliyi və mətanəti şairə ilham verir:

 

…Məzara qoyulum mən diri-diri

Ərimin gözləri yolda qalınca.

Qohum tənələri, yad tənələri…

Tənəsiz gedirəm onun dalınca.

 

…Nahaq qaraladı böhtanlar onu,

O ki, təmiz idi qarlı dağ kimi.

Dustaq geyimində olsa da yenə

Mən onu sevirəm bir Allah kimi.

 

…Bir qədər ağladıq. Mənim qərarım

Onu sevindirdi, kövrəltdi yaman:

«Özünü ələ al! Bir şənlən barı,

Yox, mənim əzizim, çox sınıxmısan!

Ah, bu üstümüzdən qara buludu

Biz necə dağıdaq! Necə ayrılaq?..»

 

“…Gedin! Vaxtdır daha!Qovarlar yoxsa.

Nəçənniklər yaman üzüboz olur».

Sanki cəhənnəmə atırlar məni,

Cənnətim, balalar, belə sovulur.

Söydü rus dilində bir zabit məni.

Qışqırıb, hirslənib, dönmüşdü oda,

Sergey yuxarıdan frank dilində

“Maşa, görüşərik dustaqxanada!..».

 

Xanımların bir neçə nəfəri Sibirdə məhv olur. Qalanları isə uzun illərdən sonra saçları ağarmış və belləri bükülmüş halda geri dönürlər. Sibirdən geri dönən fədakar rus qadınlarından biri də Mariya Volkonskaya idi…

“Rusiyanın Nekrasov məkanları”nda N.K.Nekrasovun (Yaroslavl-1971) yazdıqlarında maraqlı məqamlar var:

“1871-ci ilin yayı. Karabixdə (Yaroslavldan bir qədər aralıda şairin yay aylarında istirahət etdiyi gözəl təbiəti olan kənd — R.Mirzəzadə) Nekrasov “Rus qadınları” poemasını yazır.16 iyulda o,“Knyaginya Trubetskaya” poemasının birinci hissəsinin son sətirlərini çıxarır. Bu yekun sətirlərində  knyaginya Yekaterina İvanovna Trubetskayanı ərinin sürgün yerinə getməsinə əngəl törətməklə, məruz qoyduğu mənəvi işgəncələrə dözməyən,  dekabrist qadınının dönməz iradəsindən sarsılan İrkutsk general-qubernatoru səsini ucaldır:

Poemanın təməlində Senat meydanındakı dekabr hadisələri və onun nəticələri dayanır: 1826-cı ildə çıxarılan hökmə görə,  bir çox dekabristlər Sibirə katorqa cəzasına göndərilirdi.  Dekabrist arvadları: Yekaterina Trubetskaya, Yelizaveta Narışkina,  Mariya Volkonskaya,  Aleksandra Muravyova…  onların ardınca yola cıxırlar. Çar onların barəsində də qərarını  vermişdi: onlar rəsmən “dövləti cinayətkarların arvadları” elan edilir və  xüsusi əsasnaməyə görə  katorqa sürgünündə olanların arvadları kateqoriyasına düşürdülər. Onların katorqada doğulan uşaqları isə əsilzadə deyil, dövlət kəndliləri  elan edilirdi.

Bu mərdanə qadınlar öz dekabrist ərlərinə sadiq çıxmışdılar.  Onların arxasınca mənəvi qəhrəmanlığa imza atmış: bütün mülki hüquqlardan, sərvətdən, cəmiyyətdə tutduqları yüksək mövqedən imtina edərək, ömürlük yaşamaq üçün Sibir şəhərciklərinə yollanmışdılar. Onlar I Nikolaya etirazlarını bu şəkildə ifadə etmişdilər.

Knyaginya Trubetskaya uzaq səfərə yollanarkən deyir:

Nekrasov çox vaxt  Mariya Nikolayevna Volkonskayanın oğlu Mixail Sergeyeviçlə birlikdə ova gedərdi. “Knyaginya Trubetskaya” poemasını bitirən şair, onu oxumaq və rəy vermək üçün  Volkonskiyə verir. Mixail Sergeyeviç Volkonski  cavab verir ki,  Trubetskoylar ailəsi ilə yaxın dostluq  münasibətindədir və ona görə də Nekrasovdan  onun poemaya dair bütün  iradlarını mütləq nəzərə almağı xahiş edir, əks təqdirdə Trubetskoylar  onun poemanı oxuduğundan xəbər tutsalar və  əgər onda ailə üçün xoşagəlməz məqamları aşkar etsələr, məhz onu qınayacaqlar.  Nekrasov  gerçəkdən Mixail Volkonskinin iradlarının xeyli qismini nəzərə almışdı.

Yekaterina  İvanovna Trubetskaya  1825-ci ilin dekabr üsyanının rəhbəri olmuş, öncə ölüm cəzasına məhkum edilmiş, lakin ölüm cəzasıının ləğvindən sonra  bir çox dekabristlər kimi Nerçinsk mədənlərinə ömürlük katorqaya  göndərilən Sergey Petroviç Trubetskoyun arvadı idi.  O vaxtlar knyaginya hələ çox gənc yaşdaydı. Lakin məhz o Sibir yolunu açmış, əvvəlcə knyaginya Mariya Volkonskaya, ardınca isə digər dekabrist arvadları bu yolu tutmuşdular.

Fyodor Mixayloviç Dostoyevski bu fədakar qadınları Tobolskda görmüşdü.  “Biz öz ərlərinin arxasınca könüllü olaraq Sibirə yollanmış böyük əzabkeşləri gördük… Heç bir təqsiri olmayan bu qadınlar onların məhkum ərlərinin iyirmi beş il ərzində gördüyü məşəqqətləri yaşamışdılar”.

Nekrasov  poemada  meydanda üsyançılara necə divan tutuluğundan,  onların bütün əngəllərə baxmayaraq, Sibir  yolunu tutduqlarından, öz yolları üstündə yeni-yeni məhkum dəstələrinə çatdıqlarından söz açır.  Knyaginya Trubetskayanın yeni məhkum qafilələri ilə rastlaşdığının təsvir edildiyi sətirlər  ürək parçalayan mənzərədir.:

Poemanın  ikinci hissəsi  dekabrist Sergey Qriqoryeviç Volkonskinin arvadı, knyaginya Mariya Nikolayevna Volkonskayaya həsr olunub. “Knyaginya M.N. Volkonskaya”  Karabixdə, bir il sonra – 1872-ci ildə yazılmışdır.

Poemanın təməlində knyaginya Mariya Volkonskayanın sırf ailə xarakterli qeydləri dayanır. Mixail Sergeyeviç  bu “qeydləri” uzun müddət və inadla şairə göstərməyə razılaşmayıb. Nəhayət,  Nekrasov  onu  inandırıb və Volkonski razılaşıb.

Şairin  inadla tanış olmaq istədiyi əlyazmaları onlar üç axşam oturub oxumuşlar. Volkonski  onları fransızcadan ruscaya çevirir, Nekrasov isə bu parçaları yazıya alır. Oxu əsnasında Nikolay Alekseyeviç tez-tez əsəbiliklə yerindən durur,  bərkdən səslənirdi: “Yetər artıq, dözə bilmirəm!” — kaminin yanına qaçır, xeyli vaxt üzü ona tərəf oturur və əlləri ilə başını tutaraq  uşaq kimi ağlayırdı.

Mariya Nikolayevna 1812-ci il Vətən müharibəsi qəhrəmanı general Rayevskinin qızı,  1812-ci il Vətən müharibəsi qəhrəmanı  Sergey Qriqoryeviç Volkonskinin arvadı idi. Volkonski də 25 yaşında artıq general rütbəsində idi.

Sergey Volkonski-Səadət İttifaqqının üzvü və Cənub gizli cəmiyyətinin iştirakçısı idi.  Bəllidir ki, imperator I Aleksandr  onun bu fəaliyyətindən xəbər tutmuş və sıra baxışlarından birində sərt tonda Volkonskiyə demişdi: “Mənim imperiyamın idarəsi ilə deyil, Alayla məşğul olun…”

Knyaginya Mariya Volkonskayanın yolu  Yekaterina Trubetskayanın yolundan heç də asan deyildi. Lakin buna baxmayaraq, Nerçinsk mədənlərinə gedib çıxa bilmişdi. Nəzarətçi öz rəislərinin qəzəbinə düçar olmaq risqinə  gedərək şaxtaya keçməkdə ona kömək etmişdi. Əri ilə görüş də orada olmuşdu:

 

Mən indi cəhənnəm görürdüm gerçək!

Dəhşət buxovlarmı, Sibir qarımı?

Ərimin qıçında qandalı görcək

Anladım bayaqkı əzablarını.

Çox əzab görmüşdü. Tablıydı ancaq.

Yıxıldım mən onun ayaqarına.

Mən çaşıb ərimin özündən qabaq

Qandalını sıxdım dodaqlarıma.

 

“Knyaginya M.N. Volkonskaya” poeması  senzura tərəfindən “Knyaginya Trubetskaya” poeması kimi amansızlıqla kəsilib doğranmasına rəğmən böyük uğur qazanmışdı. Nekrasovun qəhrəmanı XIX əsrin 60-70-ci illərinin raznoçin aydınları nəslinə mənəvi cəhətdən yaxın obrazlara çevrilmişlər. “Onun qəhrəmanı olan bu qadınlar, — deyə A.Skabiçevski yazırdı, — eynilə bizim zəmanədə həmin çevrənin ən yaxın və ən təhsilli qadınları kimi düşünür,  danışır və  fəaliyyət göstərirlər. Halbuki poemalarda  bizim zəmanədən əlli il geridə qalmış keçmiş təqdim olunur”.

Onları bizim günlərdən əlli illik zaman kəsimi  deyil, iki yüz il ayırsa da, bu qəhrəman rus qadınlarının obrazları indiki insanlara yaxın və anlaşılandır”.

Böyük nasir və dramaturqumuz Cəlil Məmmədquluzadə 1908-ci ildə «Molla Nəsrəddin» jurnalında nəşr etdirdiyi «Filosoflar» əsərində qadın, ana hüququnu müdafiə edib, azadlıq uğrunda mübarizədə qadınların da böyük və sarsılmaz qüvvəyə malik olduğunu qeyd edərkən Nekrasovun «Rus qadınları» poemasındakı Volkonsaya və Trubetskaya obrazlarını, onların fədakarlığını, cəsurluğunu və sədaqətini misal göstərmiş və poemanın qayəsini izah edərək yazmışdır: «Volkonskaya, yainki Trubetskaya öz ərlərinə vəfalı olublar və ərlərini hökumət katorqa tənbehi üçün Sibirə göndərəndə, bunların övrətləri də nə müsibətlərlə Sibirə gedib və nə bədbəxtliklərlə Sibir həbsxanasında ərləri ilə bərabər ömürlərini başa veriblər və halbuki hər ikisi dövlətli kişinin qızı ola — ola eləyə bilərdilər ki, ərlərindən boşanıb, bir özgəsinə ərə getsinlər…».

C.Məmmədquluzadə bütün Azərbaycan şair və yazıçılarını Nekrasov yolu ilə getməyə, Azərbaycan qızlarının Volkonskaya və Trubetskaya kimi inqilabi ruhda tərbiyə olunmasına həsr edilmiş şeirlər yazmağa çağırırdı.

A. Alməmmədov  “Azərbaycan — rus ədəbi əlaqələri”ndə qeyd edir ki, rus xalqının böyük nəğməkarı N.A.Nekrasovun demokratizmi onun vətənpərvərliyindən, öz vətənini “azad, məğrur və xoşbəxt” görmək arzusundan irəli gəlirdi. Böyük şair bütün ömrü boyu istismarçı sinfə, mürtəce çinovnik və mülkədarlara nifrət bəsləmişdi. Şəhər yoxsullarına və rus kəndlisinə tükənməz məhəbbətinin isə həddi – hüdudu yox idi. Ona görə də Nekrasovun adı həmişə rus ədəbiyyatı klassikləri arasında xüsusi hörmətlə çəkilmiş, müasirləri, inqilabçı – demokratlar bu ada ehtiramla yanaşmış, onun poeziyasını, jurnalistlik fəaliyyətini yüksək qiymətləndirmişlər.  Azərbaycanın  da  qabaqcıl  ziyalıları, yazıçı və maarif xadimləri Rusiyanın digər görkəmli mütəfəkkirləri, yazıçı və şairlərilə yanaşı, Nekrasovun da həyatına, inqilabi fəaliyyətinə, ədəbi yaradıcılığına bələd olmuş, ondan bəhrələnmişlər. N.A.Nekrasovun adı hələ inqilabdan əvvəl Azərbaycan mətbuatında hörmətlə çəkilmişdir.

Onun həyat və yaradıcılığı haqqında şairin əbədiyyətə qovuşmasının 25 illiyi münasibətilə 1902-ci ilin dekabrında Bakı mətbuatında ilk dəfə geniş məlumat verilmişdir. “Kaspi” qəzetinin xüsusi nömrəsi N.A.Nekrasovun xatirəsinə həsr edilmişdi. Səhifədəki məqalələrdən biri “Vətəndaşlıq poeziyası” adlanırdı. Qəzetdə çap olunan bütün materiallarda jurnalistlərin şairə rəğbəti hiss olunmaqdadır. Qəzet yazırdı ki, bütün Rusiya indi özünün ən böyük oğullarından birinin, unudulmaz vətəndaş – şairi N.A.Nekrasovun xatirəsini yad edir. Daha sonra bildirilirdi: “Cəsarətlə demək olar ki, Nekrasov ən sevimli rus şairidir. Onun külli miqdarda pərəstişkarları olduğu kimi, barışmaz düşmənləri də çoxdur”.   Məqalə müəllifinin fikrincə, bunun özü şairin istedadının qeyri – adiliyini sübut edir. Çünki yalnız böyük istedad sahibi özünə dərin məhəbbət, yaxud nifrət qazana bilər.

Məqalədə onun mübariz şair kimi meydana çıxması və həqiqi vətəndaş – şair kimi həyatdan köçməsi əsaslı şəkildə təhlil olunur. Haqlı olaraq göstərilir ki, nə qədər Yer üzündə  “alçaldılmışlar və incidilmişlər ” mövcuddur, nə qədər Yer kürəsində  dərd – kədər eşidilən guşələr var, o vaxtadək şair – vətəndaşın vəzifəsi bitmiş sayıla bilməz.

Məqalədə Nekrasovun da Puşkin kimi ədəbi məktəb yaratdığı göstərilir, onun fikrinin davamçısı olan raznoçin (XIX əsrin 60-cı illərində Rusiyada zadəgan cəmiyyətinin adət və ənənələrinə, təhkimçiliyə qarşı mənfi münasibət bəsləyən ziyalı – R.Mirzəzadə) şairlərin adı çəkilir. Müəllif inamla yazır ki, gec – tez Nekrasovun adı rus xalqının ən çox sevdiyi adlardan biri olacaq. Çünki   “rus xalqı üçün heç bir şairimiz Nekrasov qədər iş görməmişdir.Vaxt gələcək ki, onun nəğmələri əllərdə gəzəcəkdir…”

1910 — cu ildə «Baku» qəzeti Nekrasovun sağlığında nəşrinə icazə ala bilmədiyi «Rus elində kimin günü xoş keçir» əsərində epopeyanın qəhrəmanı Qriqori Dobrosklonovun mahnılarının Yaroslavlda artıq nəşr edildiyini sevinclə oxuculara xəbər verirdi. Bu mahnılar şairin sağlığında çap olunmasa da, xalq arasında əldən — ələ yayılıb inqilabçı gənclərin dillər əzbəri olmuşdu. Bu nümunələrdən göründüyü kimi, bunlar adi mahnı olmayıb, inqilaba əsl çağırış idi:

 

Bəsdir ağır qul taleyi,

…Yetər, yetər!

Dirçələn rus üzərində

Başqa nəğmə eşidilər.

 

Xalqın qisməti-

Bəxtiyar olmaq

Azadlıqdadır

Hər şeydən qabaq.

 

Bu mahnıların ilk dəfə nəşr edilməsinin xəbəri verildiyi həmin ildə Bakıda «Nekrasov səhəri» təşkil edilmiş, şairin həyat və yaradıcılığı haqqında məruzə dinlənilmiş, şeirləri oxunmuşdu. Ömrünün on dörd ilini «Rus elində kimin günü xoş keçir» poemasının yazılmasına həsr edən şair, burada rus xalqının islahatdan əvvəl və sonrakı həyatının  geniş və dolğun mənzərəsini yaratmışdır. Şair əsl xalq eposu yaratmaq üçün müxtəlif poetik formalardan, rus xalq yaradıcılığına xas olan oynaq ritmlərdən, əfsanə və rəvayətlərdən, nağıllardan, mərasim nəğmələrindən, xalqın müxtəlif adət və ənənələrindən geniş istifadə etmiş, əsəri xalq danışıq tərzinə uyğunlaşdırmış, folklorun bütün təbii  çalarlarını  təqdim  etmişdir.  Bu  keyfiyyətlərinə  görə «Ən milli rus şairi» adlandırılan Nekrasov, rus elində kimin yaxşı yaşadığını öyrənmək məqsədi ilə səfərə çıxan yeddi kəndlini az qala bütün Rusiya boyu gəzdirir, müxtəlif təbəqələrlə qarşılaşdırır, xalq azadlığı uğrunda mübarizə aparan «Xalq qəhrəmanları» ilə görüşdürür. Bunların fonunda şair ictimai həyatdakı ümumi vəziyyət, insan taleyinin acınacaqlı durumu ilə bərabər, xalqın möhkəm iradəsini, yenilməz gücünü, sarsılmaz birliyini də əks etdirir.

Nekrasov «Şaxta çovğun, qırmızıburun» poemasını bacısı Anna Alekseyevnaya həsr etmişdir. Şairin anasına və bacısına olan dərin məhəbbəti bu poemanın meydana çıxmasında mühüm rol oynamışdır. Poema rus kəndlilərini, xüsusən kəndli qadınları içəridən didib — parçalayan əzabları, fiziki işgəncələri, onların daxili dünyasında cərəyan edən hiss və meylləri açıb göstərir. Poemanın məğzini üç obrazlı surətdə verilmiş motiv təşkil edir: soyuq, tənhalıq, ehtiyac.

Oxucu bütün əsər boyu həyatın bu üç çətin və qasırğalı hadisələri ilə qarşılaşan rus qadınlarının taleyini izləyir, təhkimçilk dünyasının dəhşətli, əzablı günləri içərisində doğulan, işgəncələr çəkən və məhv olan rus kəndlilərinin məşəqqətli həyat tərzi onun gözləri önündə canlanır. Poema rus kəndli qadınlarında olan xarakter zənginliyini təsvir edən misralarla başlayır:

 

Elə qadın var ki, rus kəndlərində

Onda sakitdir üz, möhkəmdir ürək.

Gözəldir, göyçəkdir hər davranışı,

Yerişi, baxışı çariçalar tək.

 

Belə qadınların şəxsi ləyaqət və simasını müəyyən edən əsas keyfiyyət zəhmətdir. Şairin qəhrəmanı da məhz zəhmətkeş rus kəndli qadındır:

 

Soyuğa, aclığa onun tabı var,

Səbr edər, özünü heç vaxt itirməz.

Taxıl biçdiyini görmüşəm onun,

Bir əl atan kimi hazır olur dərz…

 

Əsəri oxuduqdan sonra dekabrist Valkonskinin oğlu Nekrasova yazmışdı: «Mən indicə sizin «Şaxta — çovğun» poemanızı oxudum. O, özünün soyuqluğu ilə deyil, istiliyi və  poemanın  daxilindəki  hərarətlə  məni  sarsıtdı.  İndiyə kimi oxuduğum heç bir əsər mənə bu qədər dərindən təsir etməmişdir».

Nekrasov öz varlığını pula satan, tərifnamələr, mədhiyyələr yazmaqla özünə gün ağlamağa çalışanlara bildirirdi:

 

Sanma ki, çörəyi olmayan bir kəs

Haqqında nəğmələr qoşmağa dəyməz!

 

Şairi bir şair kimi düşündürən də məhz “çörəyi olmayan kəslər” idi. Bu, Nekrasovun bütün əsərlərində parlaq şəkildə nəzərə çarpır.

Puşkin və Nekrasov.Hər ikisi dünya ədəbiyyatının söz, sənət, poeziya nəhəngləri.Bu nəhənglər dünya şeir okeanlarının firtınalarında  yol göstərən etibarlı mayaklar kimi rus sənət okeanlarında parladı.

M. Antsferov  “Puşkin və Nekrasov: yaradıcılığın sosiologiyası” (İvanovo, 1980) kitabında iki nəhəng arasında doğru-dürüst müqayisələr aparır. Bəzi məqamları nəzərdən keçirək:

“Öncələr Puşkinin günəmuzd çalışanlardan zəhləsi gedib…

 

Ey mənasız camaat, susun və danışmayın,

Günəmuzd, ehtiyac və qayğının kölələri…

 

İndi isə Nekrasov  öz əməyini böyük fəxrlə gündoğmazdan işə çıxan günəmuzdun əməyi ilə eyniləşdirir:

 

Daşıdın böyük qəlbində

Güc yetməz qayğı.

Gündoğmazdan iş üstündə,

Günəmuzd sayağı.

 

Diqqət edək — “gündoğmazdan” və xatırlayaq: “Sən Günəş olmayanda  doğan ulduzlar kimi  gözə çarpırsan” (“Şair və vətəndaş”). Aralarında iyirmi illik zaman kəsimi var. Puşkində isə bu kontekstdə “ulduzlar sönməmiş”dir. Daha öncələr isə “səadətin cazib ulduzu”ndan bəhs etmişdir.

Gördüyümüz kimi,  şairlərin öz  missiyaları barədə fərqli təsəvvürləri  onların makrokosmlarının fərqli olmaları ilə təsbit olunur. Puşkin parlaqlığın, dolğunluğun və həyat sevincinin vurğunudur; o, dünyanın Günəşin işıqlandırdığı hissəsinin şairidir. Nekrasov  işıq düşməyən, qaranlıqda qalan hissənin nəğməkarıdır. Beləliklə, Puşkin özü Günəşdi, astral inanc poeziyasına tapınırdı; Nekrasov ulduz olaraq solyar inanca bağlıydı.  Puşkin maksimalist idi, gecəni qovub, gündüzü çağırırdı.

“Əsilzadə Puşkində, — deyə N.V.Lunaçarski yazır, — yuxudan oyanan sinif deyil (baxmayaraq ki, sinif ona özünün müəyyən möhürlərini vurub), xalq, millət, dil, tarixi taledir. Onun gələcəyi rus xalqının bütün gələcəyidir. Beləliklə, Puşkin rus milli xarakterini ifadə etməkdən çox onu formalaşdırırdı. Bunu Nikolay Qoqol  da dərk edərək uzaqgörənliklə deyib: “Puşkin fövqəl təzahürdür və ola bilsin rus ruhunun yeganə təzahürüdür:  bu, rus adamı və onun gəlişməsidir, bu bəlkə də onun iki yüz il sonra necə olacağıdır”. Və bizə elə gəlir ki, F.İ.Tyütçev Puşkinin xatirəsinə müraciət edərkən məhz bu barədə yazırdı:

 

Səni isə ilk sevgi tək

Rusiya ürəyi unutmayacaq.

 

Və bu artıq növbəti nəsildə,   Nekrasov  nəslində özünü göstərir. Bəli, dərk edilmiş və ya şüuraltı olaraq bütün həyatı boyunca Nekrasov üçün “rus şeirinin Günəşi”  poetik dəyərlərin yüksək ölçüsü idi. “Böyük şairin timsalında sənəti, həqiqəti və vətəni sevməyi öyrənin, — deyə ”1855-ci ilin noyabrı üzrə jurnallar haqqında qeydlər”də yazırdı, — və əgər Tanrı sizə istedad veribsə, Puşkinin izincə gedərək ədəbi uğurlarınızla olmasa da,  qüvvəniz və qabiliyyətiniz çatdığı qədər  Vətənin maariflənməsinə, rifahına və şərəfinə təmənnasız şəkildə can atmağınızla ona bərabər olmağa çalışın”.

“Nekrasovda Puşkin təsirinin, Puşkinə oriyentasiyanın güclənməsi dəyişilməz olaraq öz müqəddəratını təyin ilə, şairin yeri və poeziyanın təyinatı haqqında poetik əsərlərdə öz ifadəsini tapan mövqe arayışları ilə bağlıdır”, — deyə N.N.Skatov qeyd edir.  Puşkin Nekrasov üçün daimi yol yoldaşı və yön göstərici, mütləq təməldir, lakin dəyişilməz deyildir, hər vaxt öz poetik və mənəvi potensialını sərgiləməkdədir, elə bir təməldir ki, onunla mücadiləyə da baş vurmalı olur, öz bədii kəşfləri üçün ondan uzaqlaşmaq da, bununla bərabər, yeni axtarışlar üçün  yenidən ona üz tutmaq da lazım gəlir. Məsələn, 16 iyul 1877-ci ildə  Nekrasov gündəliyində yazır ki,  bir vaxtlar Lermontovun “Yelkən”ini çox sevib, indi isə elə hey Puşkinin “Xatirələr”ini təkrarlayır. Aydındır ki, yaradıcılıq qüvvəsinin aşıb-daşdığı vaxtlar  səadət dalınca düşmür, səadətdən də qaçmırdı, ona bu hal yaxındı:

 

Ləpələr oynayır, külək açıb dil,

Əyilir dor ağacı, yaman kökdədir.

Əfsus o, səadət eşqində deyil,

Nə də səadətdən qaçıb yan gedir.

 

Altında şəfəqdən işıqlı zolaq,

Üstündə günəşdən qızıl naxışlar.

Fırtına axtarır, fırtına ancaq

Guya fırtınada bir rahatlıq var.

 

Yaxud Puşkində:

 

Getdi azadəlik, yas tutdu ola,

Qoydu çələngini bizə yadigar.

Coş, gurla, ey dəniz, qop ey fırtına,

Sənin aşiqindi çün o nəğməkar.

 

O vaxt isə özü belə yazırdı:

Fırtına bahasına dinclik, azadlıq,-  axı bu, nifrət bahasına məhəbbətin özüdür.

Lakin ölümündən hardasa yarım il əvvəl Nekrasov  Puşkinin:

 

Oxuduqca nifrət duyub ömrümə qarşı,

Bu dərdlərdən az qalıram mən tutum vərəm,

 

— sözlərinə müraciət edir.

Və artıq onun “Vətən”də yazdığı  “Baxaraq ikrahla öz ətrafıma” sözlərinə heç də bənzəməz…”

Azərbaycanın ilk Xalq şairəsi olan Mirvarid xanım Dilbazinin gözəl bir xatirəsi var. Şairə yazır: “Mən Nekrasovu ilk dəfə məktəb skamyası arxasında oxuduğum zaman, “Barmaq boyda kişicik” şeiri ilə tanıdım. Şeir mənə çox təsir etdi. Altı yaşlı odunçu oğlunun qar tutmuş kirpikləri, qüvvətli ruhu, sərrast cavabları uzun zaman mənim yadımdan çıxmadı.Sonralar şairin tərcümeyi-halı ilə tanış oldum. Şair 16  yaşında  ikən  ata  çörəyindən,  vərəsəlik  hüququndan imtina etmişdi, çünki bu çörək təhkimçi kəndlilərin zəhmətilə becərirdi.

Nekrasov yazırdı: “Xleb  poley,  vozdelannıx  rabami,  neydyot  mne prok… Mən         bu     şeiri  uşaqlıqda  yazmışam.          Bəlkə         də vərəsəlik hüququmdan, ata çörəyindən imtina etməklə bu fikrimi əməlimlə təsdiq etmişəm”.

Nekrasovun  “Qırmızıburun şaxta” poemasının təsir qüvvəsini heç bir sözlə təsvir edə bilmirəm. Yoxsul rus qadınının surəti nə böyük sənətkarlıqla yaradılmışdır!

1961-ci ildə mən Moskva çüvarında, rus meşəsində xeyli yaşadım. Qarlı meşədə odun daşıyan odunçu oğlu “barmaq boyda kişiciyi”, ərinin meyidini yamaqlı kəfəndə, qar basmış kirşədə qəbiristana aparan Daryuşkanı-Nekrasovun bu ölməz surətlərini xatırlayıb, ətrafımdakı yeni həyatı, yeni insanları fərəhlə müşahidə etdim. Bu təəssüratla  “Rus qadını” adlı şeirimi yazdım. M.Dilbazi”.

 

Mirvarid  xanımın yazdığı həmin şeir budur:

 

Talada ot biçir bir rus qadını,

Heyif ki, bilmirəm onun adını.

Kimin nəslindəndir bilirəm ancaq,

Bilirəm bu genisinəli qoçaq,

Çarlar Rusiyasında haqqı tapdanan,

Həmin bu meşədə şaxtadan donan,

Məhkum Daryuşkanın uzaq, çox uzaq,

Xoşbəxt nədidəsi- nəsli olacaq.

Bir köhnə, yamaqlı kəfən içində,

Qarlı, fırtınalı, çovğunlu  gündə,

O yoxsul gözəlin qəbristanadək

Apardığı kişi — o ömrü gödək,

Ulu babasıdır bu gənc qadının.

Şanlı “Avrora”dan atası onun

İlk atəş açmışdır Qış sarayına.

Əcdadı hüquqsuz, ac yoxsul olmuş,

Azadlıq düşmüşdür onun payına,-

Talada ot biçir bir rus qadını.

İşıqlı dünyadan ilham alaraq,

Heyif ki, bilmirəm onun adını,

Kimin  nəslindəndir bilirəm ancaq,-

Onu tanıyıram Nekrasovun mən

O odlu, alovlu şeirlərindən.

Volokolamsk, 1961.

 

Unudulmaz şairəmizin bu şeiri Nekrasovun “Yanvar şaxtaları” şeirinin son misralarını təkrar-təkrar ruhumda  sədalandırır:

 

Ölürsən, qışda öl, a varlı, qışda,

Payız salsın yola qoy yoxsulları.

Çünki məzarçılar düşüncə şaxta,

Birə  üç qiymətə  qazır məzarı.

 

Nekrasovun ən böyük arzu-niyyəti xalqının səadəti, xoş güzarana qovuşması idi. O, ömrü boyu öz vətənini və xalqını azad, məğrur və xoşbəxt görmək arzusu ilə yaşayıb-yaratmışdır. Bu baxımdan böyük şairin “Vətən” şeirini sevə-sevə bir də yada salaq:

 

 

…Böyük, kiçik inləyirdi kədər, qüssə yeyə-yeyə

Mən dayəmdən ayrılmazdım bir an belə ah, ey deyə!

Könlüm dərddən sıxılarkən neçə dəfə bir dərd ilə

Onu anıb, göz yaşları axıtmışam gilə-gilə.

Çoxmu keçmiş, deyin onun çəkilərkən adı hər an

Ehtiramla gözlərinə göz dikdiyim zamanlardan?..

Onun o boş, o mənasız, o zərərli sevgisindən

Doğan bəzi cəhətləri indi belə andıqca mən

Sinəm dolur yeni-yeni düşmənçilik və qəzəblə.

Yox! Yox! Mənim o üsyankar, o sərt keçən gəncliyimdə

Ürək açan bir xatirə tanımadım, görmədim mən.

Lakin qəmli həyatımı bürüyərək ilk illərdən

Onu min bir lənət ilə damğalayan hər nə ki, var

Burdan, doğma vətənimdən başlamışdır bütün onlar!..

Mən salarkən nifrət ilə dörd bir yana burda nəzər

İsti yayda bir sərinlik gətirən o sıx meşələr

Min sevinclə görürəm ki, doğranmış, yox edilmişdir.

Tarla yanmış, sürülərsə  tənbəl-tənbəl mürgüləyir.

Qurumuş  arx üzərində öz başını sallayaraq

O mülkədar görkəmli ev yanı üstə yıxılmış bax.

Burda bir vaxt məclislərdən yüksəldikcə badə səsi

Qarışardı o səslərə məzlumların ah, naləsi.

Yalnız, yalnız varlığılə o hamını əzən cəllad

Nəfəs alar, dövran sürər, yaşayardı burda azad.

 

Ömrünün son illərində Nekrasov tez-tez xəstələnirdi və Karabixə getməsi ona çətin olurdu.1871-ci ildə o, Novqorod quberniyasının Çudovskaya Luka adlı yerində ərazisi böyük olmayan ov yasaqlığı alır. “Ümidsizlik”,“Qoca Naumun kədəri”, “Elegiya”, “Peyğəmbər”, “Gecəqondular” burada  yazılmışdır.

 

Görkəmli şairin vətən məhəbbəti, vətən sevgisi, vətən sevdası elə bil onun ürəyinin qanı ilə yazılırdı:

 

İl keçir, gün keçir, taqət azalır

Ey mehriban ana, ey əziz vətən!

Sənin xoş gününü, azad gününü,

Qorxuram dünyada görməmiş öləm.

Ölsəm də istərəm hər ayın, ilin

Xoş keçsin, şən keçsin, ucalsın səsin…

 

Şair  cəmiyyətin  qabaqcıl, xalqın böyük hissəsinin onu sevdiyini, ona ehtiram bəslədiyini hiss edirdi. Lakin ağır xəstəlik zamanı yatağından dura bilmədiyi günlərdə bəzən ona elə gəlirdi ki, “nəğməsi heç bir iz qoymadan uçub getmiş, xalqa çatmamışdır”. Ölümü ərəfəsində yazdığı şeirlərdə Nekrasov  bəzən öz hüzn və kədərini, bədbin fikirlərini ifadə edirdi:

 

Tezliklə boz torpaq olar məskənim,

Can vermək ölümdən ağırdır, ağır.

Qoy arxamca baxıb yanmasın heç kim,

Eh, onsuz da mənə kim yanacaqdır…”

 

Bu şeir inqilabçı gənclərin böyük etirazına səbəb olmuşdu. Peterburq tələbələrinin nümayəndə heyəti xəstə şairin yanına gələrək ona bir məktub vermişdi. Məktubda deyilirdi: “…Bizim qəlbimiz xalqa müqəddəs və qüdrətli məhəbbət hissi ilə doludur, biz bilirik ki, bu məhəbbət bir çoxlarına baha oturmuş, onlar azadlıqdan və həyatdan məhrum olmuşlar. Biz sənə yanacağıq, sevimli şairimiz, xalqın əziz müğənnisi, onun dərdlərinin və əzablarının tərənnümçüsü, bizim qəlbimizdə xalqa bu coşqun məhəb- bət odunu yandıran, xalqın düşmənlərinə qarşı nifrət odunu alovlandıran şairə biz ürəkdan yanacağıq. Əziz adamlarımızın adlarını nəsildən-nəslə çəkdikcə,  biz sənin də adını unutmayacaq və onu dirçəlmiş, gözü açılmış xalqa verəcəyik ki, o, xalq səadəti bağçasına xeyli səmərəli, məhsuldar toxum səpmiş şairini də tanısın”.

Şair, ömrünün son günlərində yazdığı və “Son nəğmələr” adı ilə nəşr etdirdiyi şeirləri ilə də oxucuların dərin məhəbbətini qazandı. Nekrasov ölüm yatağına düşsə də, ömrününün son günlərində belə, uzaq Sibirdə  sürgündə olan Çernışevskini bir an da olsa, unutmadı. Çernışevskiyə həsr edilmiş “Peyğəmbər” şeirini “Son nəğmələr”ə daxil etməsi də Nekrasovun öz qüdrətli məsləkdaşına, əqidə yoldaşına, yazıçı dostuna olan dərin etibar, ehtiram və hörmətin tərənnümü idi.

Nikolay Alekseyeviç Nekrasovun şəxsi həyatında iki qadının xüsusi rolu olmuşdur. Şair 20 ilə yaxın bir zamanda Avdotya Yakovlevna Panayeva ilə yaşamışdır.

Onlar xoşbəxt həyat sürürlər. Nekrasov ən gözəl şeirlərini – «Panayev silsiləsi”ni  yaradır, bir çox əsərləri cütlük birlikdə yazır və redaktə edirlər. Çox böyük uğur qazanmış bir neçə roman iki müəllifə — Nekrasov və Stanitskiyə (Avdotya Yakovlevnanın təxəllüsü) məxsusdur.

Tezliklə Avdotya Yakovlevnanın Nekrasovdan bir oğlu dünyaya gəlir, lakin uşaq çox yaşamır.

Nikolay Alekseyeviç təxminən həmin vaxtlar xəstələnir. Ailədə yaranmış əsəb gərginlilkləri, qeyri-normal əhval-ruhiyyə  Nekrasovla  Avdotya Panayevanın ayrılmasına gətirib çıxarır. Bu hadisə  1860-cı ilə təsadüf edir.

Şairin ömür yollarında fransız aktrisası Selina Lefrenin də adı çəkilir.

Nekrasovun 48 yaşı olanda,  yeganə qanuni zövcəsi – sadə rəiyyət içərisindən çıxmış 19 yaşlı Fekla Viktorova şairin həyatına daxil olur. Şair onun adını bəyənmədiyi üçün, Fekla tezliklə  Zinaya, Zinaida Nikolayevnaya çevrilir.

56 yaşında ölümcül xərçəng xəstəliyinə düçar olmuş, bir dəri-bir sümük qalmış şair, Zina ilə nikah kəsdirir, yarım il sonra isə vafat edir.
Şairin vəsiyyətnaməsinə əsasən, «Çudovskaya Luka” malikanəsi və Peterburqdakı mənzil Zinaya qalır.Deyilənlərə görə, Zina  bunların hamısını şairin qohumlarına paylayır.

“Nekrasov  ölüm ayağındadır, — deyə Nikolay Straxov Lev Tolstoya yazır, — bu məni bərk narahat edir.O, məni nahara çağıranda (“Anna  Karenina”nın “Oteçestvennıe zapiski”də dərc edilməsi haqqında danışıqlarla bağlı olaraq) getmədim, amma dəfninə gedəcəyəm.  Onun şeirləri mənim üçün başqa cür səslənməyə başlayıb,  onlar nə qədər qüvvətlidir…”

Dostoyevski hələ nəfəsi gəlib — gedən şairlə onun ölümündən sonrakı önəmini tam dərk etməklə vidalaşmağa gəlib: “Bu adam bizim ürəklərimizdə qaldı. Bu şairin sevgi duyğuları çox zaman nə qədər səmimi, saf və məsum idi! Onun sadə xalqa doğru can atması o dərəcədə yüksəkdi ki, onu bir şair olaraq ən hündür yerə qoyur. Bir insan və vətəndaş olaraq isə, xalqa sevgisi və ona görə iztirab çəkməsi ilə o özünə haqq qazandırmış və bir çox günahlarını yumuşdur, əgər yuyulmalı olan günahları vardısa…” Dostoyevskinin qızının şahidliyinə görə isə, onun özünün dəfn olunma növbəsi gələndə, arvadı yazıçının şairin dəfnindən qayıdanbaş dediyi sözləri xatırlayıb: “Mən tezliklə  Nekrasovun arxasınca yollanacağam… Səndən xahiş edirəm,  məni də həmin qəbristanlıqda dəfn et. Mən Volkov qəbristanlığında  digər rus yazıçıları ilə yanaşı dərin yuxuya getmək istəmirəm. Mən   Nekrasovla yanaşı olmaq istəyirəm”.

Ölüm 27 dekabr 1877-ci ildə, yeni stillə 8 yanvar 1878-ci ildə gəldi.

Kimsə, çox vaxt heç tanımadıqları biri, şəxsi kədəri kimi ağlayıb sızlayır, üzülürdü. “Dəfn ərəfəsində baş vermiş bir hal yaxşı yadımdadır, — deyə dul qadını xatırlayırmış. – Gecə  saat üçdə qapının zəngi çalınır. Durub açıram. Hansısa bir cənab… “Nikolay Alekseyeviçi görmək olarmı?..”

Evə buraxdım.  Tabutun qoyulduğu zala daxil oldu. Döşəmədə diz çöküb hönkürtü ilə elə ağladı ki…”

Ümumi kədər hamını doğmalaşdırmışdı. “Tələbə gənclərin tabutun yanında necə bir səmimi kədərlə dayandıqlarını görmək lazımdı, — deyə Yeliseyev yazırdı. – Tabutun qarşısında diz çökür, əllərini öpür, sonra onları yeni-yeni dəstələr əvəz edirdi”.

Minlərcə insan onu Novodeviçye monastırınadək müşayiət etdi. Tabutu əllərdə aparırdılar. Qəbristanlıqda nitqlər söyləndi. Tanınmış xalqçı Zasodimski və naməlum fəhlə-proletar, sonralar məşhur marksist-nəzəriyyəçi olmuş Georgi Plexanov,  o vaxtların böyük yazıçısı Fyodor Dostoyevski danışdılar.

Danışanlar ən müxtəlif rus adamlarıydı, hər kəs öz sözünü danışırdı. Amma bir məzar başına toplaşmış və eyni kədəri paylaşan  bu adamlar özlərini bir-birindən ayırmırdı.

Vətən həm vida əklili, həm də sevgi əklili gətirmişdi. “Fövqəladə mənzərəydi, — deyə Saltıkov yazır, —  bu hal, bu insanın oyandırdığı həmin hüsn-rəğbətin özüydü”.

Hər yerdən, Rusiya əyalətlərindən “Son nəğmələr” üçün ünvanlar göndərilirdi. O isə, ölümün yaxınlaşdığını bildiyindənmi nədəndir, bəzi hərəkətlərinə görə özünü təmizə çıxarırmış kimi hər kəsi razı salmaqdan ötrü əldən-ayaqdan gedirdi.

Dəfn mərasiminin iştirakçısı, şairin dostu, böyük rus yazıçısı F.M Dostoyevskinin xatirələrində oxuyuruq: “Mən dərin mütəəssir olduğum üçün adamları aralaya-aralaya onun gül-çiçək səpələnmiş, çələnglər qoyulmuş, hələ açıq olan qəbrinə yaxınlaşaraq, bir sıra natiqdən sonra öz zəif səsimlə bir neçə söz dedim. Mən məhz bundan başladım ki, o, bütün ömürlük yaralanmış bir qəlb idi, özü də sağalmayan bir yara onun bütün poeziyasının mənbəyi idi, bu insanın əzab və iztirab çəkənlərə qarşı məşəqqət dərəcəsinə varan, bütün ehtiraslı və coşqun məhəbbətinə qida verən mənbə idi”.

Şairin dəfni böyük bir nümayişə çevrilmişdi. Məzar başında Dostoyevski nitq söyləyərkən «Öz istedadına görə Nekrasov Puşkindən aşağıda durmur» fikrini deyən zaman hər tərəfdən nidalar ucalır: «O, rus şairlərinin hamısından yüksəkdir!».

Bir Peterburq işçisi öz sadə nitqini şairin düşmənlərinə qarşı nifrətini ifadə edərək belə bitirir: «Nekrasovun məzarı ətrafında tikanlar bitə bilməz!..»

Nekrasovun ölümündən sonra onun bacısı Anna Alekseyevna Butkeviç  qardaşının xatirəsinə  Çudovskaya Lukada  kəndli uşaqları üçün məktəb inşa etdirmişdir.

Çudovskaya Lukada  Nikolay Nekrasovun evciyi hazırda bərpa olunub. Orada uşaq kitabxanası və şairin muzeyinin filialı açılmışdır.

“Pravda” qəzeti 1912-ci ildə Nekrasov haqqında yazırdı: “O, buna görə böyükdür ki, onun poetik fikri xalqın fikrindən ayrılmaz idi, kədəri bütün rus torpağını bürümüş böyük xalq kədərindən ayrılmaz idi, xalq kütlələri içərisində yetişən böyük qüvvələrə inanırdı və yeni, yaxşı, həyata doğru dönüş əmələ gələcəyini yalnız xalqın oyanması ilə bağlayır, xalqdan gözləyirdi”.

1911-ci ildə Bakıda rus dilində nəşr olunan “Kaspi” qəzetində “M.C-n” imzası ilə “Şair-vətəndaş” adlı böyük bir məqalə dərc olunmuşdur. Naməlum məqalə müəllifi N.A.Nekrasovu rus kəndlilərinin, geniş zəhmətkeş kütlələrin nəğməkarı, azadlıq və səadət aşiqi kimi tədqiq etməyə çalışmış, siyasi vəziyyətin  gərginliyinə və qəzetin özünün mötədilliyinə baxmayaraq, öz fikirlərini açıq ifadə etməkdən çəkinməmişdir. “M.C-n” doğru olaraq göstərmişdi ki, “Nekrasov sonsuz məhəbbətlə sevdiyi patavalı rus kəndlisini öz yaradıcılığında hərtərəfli işıqlandırmışdı…Onun vətənpərvərlik poeziyası ilə tanış olan hər kəsin qəlbində belə bir qəti təsəvvür yaranır ki, bu xalq (yəni rus xalqı) qəlbən nə qədər güclü, nə qədər qabil və istedadlı bir xalqdır, onun anadan kölə doğulduğunu iddia edənlər yanılırlar…Bu ideyanı hələ Puşkin qeyd etmiş, Nekrasov isə onu kamala çatdırmışdır…Afrika zəncilərini kölə vəziyyətinə salmaq rüsvayçılıqdır, lakin on qat artıq rüsvayçılıq  Lomonosovu, Koltsovu yetirən xalqı kölə halına salmaqdır.Bu, görünməmiş bir cinayətdir”.

Nekrasov rus kəndlilərinin, ümumiyyətlə, rus xalqının acınacaqlı vəziyyətinə etiraz edən, onları mübarizəyə səsləyən ən qüdrətli sənətkarlardan biri idi.O, rus xalqının mənəvi zənginliyinə, yenilməz iradəsinə inanırdı, nicatı da, çıxış yolunu da onların öz qüvvəsində və mübarizəsində görürdü. Böyük rus yazıçısı Dostoyevskinin fikirlərinə əsaslanaraq, onun belə bir müddəasına bir daha haqq qazandırmaq olar ki, “bizdə köləlik olmuş, lakin kölə olmamışdır”.

Rus və Qərbi Avropa ədəbiyyatının istedadlı tərcüməçisi olan Abbas Səhhətin əsərlərində Nekrasov poeziyasının güclü təsiri özünü aydın büruzə verirdi. Onun «Şair, şeir pərisi və şəhərli» poeması ilə Nekrasovun «Şair və vətəndaş» əsəri arasında özünəməxsus doğmalıq vardır. Burada həm ideya, həm mövzu yaxınlığı, həm də kompozisiya oxşarlığı çoxdur. Ədibin «Şikayət», «F.Köçərliyə», «Dilbəri — hürriyyətə, «Müsəlman ürəfaları», «Ölü şəhər» kimi əsərlərində Nekrasovun təsiri bütün keyfiyyətləri ilə hiss olunur. A.Səhhətin sayəsində Azərbaycanın böyük inqilabçı şairi Mirzə Ələkbər Sabir Nekrasovun və digər rus klassiklərinin irsi ilə tanış olmuşdur. Sabirin realist poeziyası, xüsusilə onun kəskin satirası öz ideya və məzmununa görə Nekrasov poeziyası ilə üst — üstə düşür. Nekrasova aid olan «kədər və intiqam şairi» devizini Sabirə də şamil etmək mümkündür. Bu barədə “Nekrasov və Sovet İttifaqı xalqlarının ədəbiyyatı” kitabında (1972) oxuyuruq:

“Azərbaycan aydınlarının bir çox  təmsilçiləri Bakı, Tiflis, Qori, eləcə də Moskva (Nəcəf bəy Vəzirov, Həsən bəy Məlikov-Zərdabi), Sankt-Peterburq (Əbdürrəhim bəy Haqverdiyev), Odessa (Nəriman Nərimanov), Kiyev (Yusif Vəzir Çəmənzəminli) və digər şəhərlərin rus məktəbləri, gimnaziyaları,  seminariyaları, ali məktəblərində təhsil görmüşdülər. Onlardan bəziləri Rusiya ali məktəblərində müəllim olmuşdular, məsələn, böyük azərbaycanlı şərqşünas alim Mirzə Kazım bəy 1849-1870-ci illərdə Peterburq Universitetində İran filologiyası kafedrasına rəhbərlik etmişdi. Yeri gəlmişkən, burada o, Nekrasovun dostu və həmfikri Nikolay Çernışevski ilə yaxınlaşmış və dostlaşmışdı.

…Firidun bəy Köçərli yazırdı: “Qoqol və Puşkin, onların arxasınca Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, Lev Tolstoy, Çexov və indi Maksim Qorki əllərində  məşəl, rus məişətinə nüfuz edir, onun bütün  künc-bucaqlarını işıqlandıraraq xalqın yaralarını, onun kədərini və sevincini görür və bütün bunları dahi rəssamlar, heykəltəraşlar kimi təcəssüm etdirərək bütün dünyaya göstərir və deyirlər: “Baxın! Bizim xalqımız budur! Onun həyatı, onun məişəti və əxlaqı, necə varsa elədir, onun düşüncələri, duyğuları, arzuları budur!”.

Abbas Səhhətin Nekrasovun “Şair-vətəndaş” şeirinin təsiri altında yazdığı “Özünüsevənlərə”, “Ölü şəhər”, “Gələcək bizə məxsusdur”, “Əhmədin mərdliyi” kimi şeirləri zəhmətkeşlərin əlində istibdadın, təhkimçiliyin və dvoryan liberalizminin əleyhinə inqilabi mübarizədə güclü poeziya silahına çevrilmişdi.Bu əsərlər sırasına Abbas Səhhətin Sabirin ölümünə yazdığı (1911), “Can kimi sevdiyin yazıq millət, Hələ səndən umardı çox xidmət…” misraları ilə başlayan daha bir şeiri  Nekrasovun  “Dobrolyubovun xatirəsinə” şeiri ilə heyrətamiz dərəcədə səsləşir. Bu səsləşmə  təkcə Nekrasov və  Səhhətin ayrı-ayrı poetik örnəklərinin, poetik xətt və detallarının üst-üstə düşməsində deyil,  həm də hər iki şeirin ümumi konsepsiyasında, azadlıq uğrunda, xalqının səadəti uğrunda yaşamağı,  mücadilə etməyi və ölməyi öyrədənlərin itkisindən dolayı  dərin kədər hissində müşahidə olunur.

Nekrasov irsi Mirzə Ələkbər Sabirin öz yaxın dostu Abbas Səhhət vasitəsiylə  inqilabçı şairə əlyetər olmuşdur. Əziz Mirəhmədov yazır: “Sabirin realist poeziyası, xüsusən də onun öldürücü satirası öz ideya məzmununa görə Nekrasov poeziyasına doğmadır…  Nekrasov devizi “qisas və kədər muzası”  Sabirə də tətbiq oluna bilər”.

Gerçəkdən   Nekrasov və Sabir arasında  ümumi cəhətlər az deyil. Nekrasov “Xalqın əzablarının  qəm nəğməkarı” adlandırılmışdı.  Bunu sözün tam mənasında Sabir haqqında da söyləmək olar. Onun da poeziyasında aşağı təbəqəyə, əsas etibarilə kənd yoxsullarına şəfqət motivləri üstün idi, onların əməyini mənimsəyənlərə, sadə xalqı var-yoxdan çıxaranlara – liberal burjuaziyaya, hər növ irticaçılara qızğın nifrət ifadəsini tapırdı. Azərbaycanlı demokrat şair öz satiralarında, felyetonlarında, taziyanələrində və s.  onları amansızlıqla damğalayır, hakim sinfin mənəvi gücsüzlüyünü, cılızlığının sosial mahiyyətini açıb göstərirdi.

Sabir yaradıcılığı özünün dünyada köklü dəyişikliyə,  demokratiyanın mənəvi-əxlaqi ideallarına yön tutmasıyla Nekrasov yaradıcılığına yaxındır. Lakin rus şairinin Sabir yaradıcılığına birbaşa təsiri haqqında danışmaq qarşılıqlı ədəbi əlaqələrin mürəkkəb probleminə bəsitcəsinə yanaşma olardı. Çünki Mirzə Ələkbər Sabir XX yüzilin əvvəllərindəki Azərbaycan gerçəkliyinin  tipik təzahürüdür, dərin özünəxaslığı ilə milli şairdir. Nekrasov və Sabir motivlərinin bütün bənzərlikləri ilə bərabər, sonuncu öz satirik əsərlərində  daha kəskin, daha qəti, daha amansızdır – axı bu artıq başqa bir zaman idi, onun bütün yaradıcılığında Azərbaycan və Rusiyanın  XX yüzilin ilk onilliyindəki ictimai-siyasi həyatının möhürü vurulmuşdur.  Sabirin qarşıya qoyduğu məqsəd və vəzifələr öz dövrünün sosial, mənəvi, estetik ideallarından birbaşa asılılıqda idi. Bununla belə, dolayı təsirdən danışmaq olar. Burada Azərbaycan dövri mətbuatında Nekrasovun həyatı və yaradıcılığı haqqında  materialların geniş dərc olunması, mütərəqqi Azərbaycan aydınlarının (Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov və b.) Nekrasov əsərlərinin motivlərinə  dəfələrlə müraciət etmələri, onun əsərlərinin Azərbaycan dilinə dəfələrlə tərcümə olunması, nəhayət Mirzə Ələkbər Sabirin Abbas Səhhət ilə dostluğu kimi yuxarıda qeyd olunan faktorlar heç də sonuncu yerdə dayanmır”.

«Zaqafqaziya müsəlmanlarının mənəvi atası» adlandırılan Həsən bəy Zərdabi həm Moskva Universitetində təhsil aldığı illərdə, həm də Azərbaycanda istər ictimai işlərlə, istərsə də jurnalistlik fəaliyyəti ilə məşğul olarkən şübhəsiz ki, Nekrasovun və onun məktəbinə daxil olan inqilabçı  demokratların  məqsəd  və  ideyaları  ilə  tanış idi. H.Zərdabi  1905-ci  ildə  «Kaspi»  qəzetində mühərrir işləyərkən orada dərc etdirdiyi bir məqaləsində Nekrasova istinadən yazırdı:»Vaxti ilə şair Nekrasov demişdir: «Xalq harada, ah — nalə də orada», indi isə demək lazımdır: «Xalq harada,  faydalı,  məhsuldar  əmək,  əqilli,  istiqamətverici qüvvə, ciddi qayda da orada».

Nikolay Alekseyeviç Nekrasov, Dostoyevskinin dediyi kimi, sözün həqiqi mənasında Rusiyada vətəndaş poeziyasının bayrağını yüksəklərə qaldırmışdır. Onun bütün yaradıcılığı istər XIX əsrdə, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanda realist ədəbiyyatın və ictimai fikrin inkişafına  müsbət  təsir  göstərmişdir.  Hələ  1911-ci  ildə «Yeni füyuzat» jurnalında şairin «Biçilməmiş zəmi» şeiri çap olunmuşdur. Azərbaycan oxucuları, ziyalıları Puşkin, Qoqol, Lermontov və Qorki kimi böyük rus yazıçıları ilə birlikdə Nekrasovu da sevmiş, onu öz doğma şairləri hesab edərək, irsindən faydalanmışlar. Şairin çoxsaylı əsərləri Azərbaycan dilinə təkrar-təkrar tərcümə olunmuşdur.

Nekrasovdan tərcümə məsələsindən söhbət gedərkən Azərbaycanın qəlbinin bir parçası olan Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan alimimiz filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun “Ədəbi əlaqələrin inkişafına töhfə vermiş naxçıvanlı ziyalı” adlı məqaləsi öz aktuallığı ilə diqqətimi özünə cəlb etdi. Düşünürəmki, bu dəyərli yazı və bu yazıda toxunulan məsələlər Nekrasovdan bəhs olunan heç bir digər yazılarda mahiyyətinə görə kənarda qalmamalıdır. Oxucularımı həmin məqalə ilə tanış etmək istəyirəm:

“XIX əsrin sonu, XX əsrin əvvəllərində rus-Azərbaycan ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində, bu əlaqələrin şifahi və mətbu yollar vasitəsilə təbliğində Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Abdulla Şaiq kimi sənətkarlarla yanaşı, Naxçıvanın yaradıcı ziyalılarının da misilsiz xidmətləri olmuşdur. Hələ inqilabdan əvvəl və ondan sonrakı dövrlərdə Eynəli  bəy Sultanovun rus və Qərbi Avropa ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan,  Şərq yazılı və şifahi xalq ədəbiyyatı nümunələrindən isə rus dilinə etdiyi tərcümələr geniş oxucu kütləsinin diqqətini cəlb edirdi. Həmin dövrlərdə Mirzə Cəlil Şürbi Mirzəyevin İvan Andreyeviç Krılovun təmsillərindən etdiyi tərcümələr Naxçıvanın maarifçi ziyalılarında rus ədəbiyyatına olan maraq hissini artırırdı.

1906-cı ildə Əsədulla bəy Şahtaxtlının “Əsli və Kərəm” dastanını geniş şəkildə ilk dəfə böyük yaradıcılıq həvəsi ilə rus dilinə tərcümə edərək “Kaspi” qəzetinin səhifələrində rus oxucularına çatdırması ədəbi ictimaiyyətin dərin marağına səbəb olmuşdur. Bu nəcib və xeyirxah işin ilk təşəbbüskarlarından olan Naxçıvanın yaradıcı ziyalıları etdikləri tərcümələrlə yanaşı, həmin tərcümələrə geniş təhlil verərək şərh etmiş, ədəbiyyatın ideya-estetik prinsiplərini, onun məfkurəvi istiqamət və qayəsini, cəmiyyətin dünyagörüşünün formalaşmasında oynadığı əxlaqi-tərbiyəvi rolunu aydınlaşdırmağa çalışmış və bu məqsədlə də Azərbaycan və rusdilli mətbuat orqanlarından istifadə etmişlər.Belə tərcüməçilərdən biri də rus və Qərbi Avropa ədəbiyyatına böyük maraq göstərən, Nikolay Alekseyeviç Nekrasovdan ilk dəfə Azərbaycan dilinə şeir tərcümə edən naxçıvanlı ziyalı Gülməhəmməd bəy Kəngərli olmuşdur. Araşdırmalar göstərir ki, Gülməhəmməd bəy II Kərim Sultan Kəngərlinin oğul nəvəsi olan Cəfərqulu bəyin oğludur.

“Kəşkül”qəzetinin ədəbi ictimaiyyətdə tutduğu mövqe, onun ədəbi əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlə Qərb ədəbiyyatından edilən tərcümələrə öz səhifələrində yer verməsini nəzərə alan Gülməhəmməd bəy Kəngərli 1885-ci ildə Nikolay Alekseyeviç Nekrasovun “Nravstvennıy çelovek” (“Xoşəxlaq insan”) əsərini “Mərdi-müttəqi” (“Dindar adam”) başlığı altında tərcümə edib “Kəşkül”ün redaksiyasına göndərmiş, həmçinin qəzetin mühərririnə genişhəcmli bir məktub da yazmışdır. Gülməhəmməd bəy Kəngərli “Kəşkül”ün bu nəcib və xeyirxah məramını alqışlamış və öz tərcüməsi ilə mühərrirə rus və dünya ədəbiyyatından edilən tərcümələrə qəzetin səhifələrində daha geniş yer verməsini tövsiyə etmişdi. Bu xeyirxah tövsiyə təsadüfi deyildi. Çünki Kəngərli rus və dünya ədəbiyyatının mütərəqqi ənənələrini mənimsəmiş, Rusiyanın və Qərbi Avropanın qabaqcıl sənətkarlarının əsərlərində, özünün dediyi kimi,“bir hikmət və bir mərifət və təsfiyeyi-əxlaq üçün bir dərsi-ibrət” hissi duymuş, “Kəşkül”ün mühərririnə yazmışdı:“Mühərrir əfəndi!“Kəşkül”ün aradabir çıxan nüsxələrində bəzən şeir və kəlami-mənzum dəxi görürəm. Məzkur qəzetdə bu qismi açmaqda məqsudiniz bizim müsəlman şüəra asarını cəm eləmək isə, mənim tərcümələrimi də o qismə daxil qılınız. Mən bizim indiki müsəlman şairlərimiz kimi şeirgu deyiləm və onların mənasız şeirlərini oxumağa həvəsnak olanlardan dəxi deyiləm. Bu səbəbdən nəzmən və ya nəsrən elədiyim tərcümələrim əhli-Qərb şairləri asarından ibarət olacaqdır. Zira bunların kəlamlarında bir hikmət, bir mərifət və təsfiyeyi-əxlaq üçün bir dərsi-ibrət vardır”.Bu qeydlərdən aydın olur ki, Gülməhəmməd bəy yalnız Nekrasovdan və ümumiyyətlə, rus ədəbiyyatından deyil, Qərbin mütərəqqi şair və nasirlərinin də əsərlərindən tərcümələr edirmiş. Həmin qeydlərin sonrakı sətirlərində onun sənət haqqındakı ədəbi-nəzəri görüşləri ilə də tanış oluruq. Bu hissədə müəllif özünün ədəbi inkişafın müasir tələblərinə olan müsbət münasibətini şərh edərək güldən-bülbüldən yazan, ədəbi inkişafla ayaqlaşa bilməyən köhnə qəzəl və təriqət şairlərinin sxolastik yaradıcılıq üslubunu pisləyir, onları məzmun və ideya etibarilə zamanın tələblərinə cavab verən ictimai xarakterə malik müasir ruhlu aktual, realist əsərlər yazıb-yaratmağa, rus və Qərb müəlliflərinin ədəbi irsinə marağı artırmağa səsləyir və yazırdı:“…Amma bizim şairləri görürsən ki, gülü mül, bülbülü sümbül, meyü neydən qafiyəsənclik edir, bir şeir deyir, sonra mənasını bətnində hifz ilə əlfazını divanına qeyd edir və belə şeir­lərin sanı yeddi olacağın “Müşfiq” və “Müxlis” kimi bir təxəllüsünü dəxi axırıncı beytə daxil qılır və bu növdən olan əfkarı-pərişanını qəzəl adlandırmaqla səhrayi-zühura çıxardır, “buyurunuz, əfkarımı alınız”, – deyir.

Bir cümlə bunu demək istəyirəm ki, qəzetənin o qismində əhli-Qərb əsərindən alınma əşara yer verəsiniz, daha faydalı olar. Təcrübə üçün məruf Nekrasovun mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunarsa, mabədini dəxi göndərəcəyəm”.
Gülməhəmməd bəy Kəngərlinin bu qeyd və şərhindən sonra Nekrasovun dörd hissədən ibarət olan “Nravstvennıy çelovek” əsərinin birinci hissəsinin tərcüməsi verilirdi. Lakin müəllif orijinalın 10 misradan ibarət olan birinci hissəsini 16 misra daxilində tərcümə etmişdir. Bu tərcümədə onun tərcümə prinsiplərinə bələdçiliyini, yaradıcılıq sahəsindəki səriştəsini və təsvir olunan hadisəyə yaradıcı münasibətini müəyyən etmək olur. Maraqlıdır ki, müəllif tərcümədə orijinalın ümumi süjet xəttini saxlamaqla yanaşı, şeirdəki məna və məzmun çalarlığını da oxucuya olduğu kimi çatdırmağa müvəffəq olmuşdur.

Müəllif orijinaldakı poetik üslubi məziyyətləri və şeirdəki əsas qayəni saxlamaq üçün həm sərbəst, həm də sətri tərcümə prinsiplərindən istifadə etmişdir. Belə ki, tərcümənin əvvəlində Nekrasovun bir misra daxilində ifadə etdiyi müəyyən bir fikri tərcüməçi orijinalda olduğu kimi bir misrada ifadə edir. Lakin sonrakı misralarda sətri tərcümə üsulundan sərbəst tərcümə üsuluna keçən müəllif orijinalın bir misrasında ifadə olunan fikri ondan fərqli olaraq iki misra daxilində verir ki, bu da orijinalla tərcümənin müqayisəsində bir növ pərakəndəlik yaradır. Lakin bütün bunlar Gülməhəmməd bəy Kəngərlinin orijinalın məna və məzmun ardıcıllığını tərcümənin vəzn tələblərinə uyğunlaşdırmaq təşəbbüsündən və şeirdəki əsas ideyanı saxlamaq meylindən irəli gəlir. Odur ki, sərbəst və sətri tərcümə üsulundan istifadənin nəticəsi olaraq yaranmış poetik pərakəndəlik tərcümənin vəzninə və ümumi qayəsinə qətiyyən xələl gətirmir.
Gülməhəmməd bəy xüsusi poetik istedada malik professional tərcüməçi olmamış, o, yalnız ədəbiyyatımızın ümumi inkişafı naminə bir mütərcim kimi bu sahədə çalışmağı özünə vətəndaşlıq borcu hesab etmişdir. Təsadüfi deyildir ki, o, tərcüməni “qəbul və dərc olunarsa, mabədini dəxi göndərəcəyini” vəd etsə də, “Kəşkül”ün sonrakı nömrələrində tərcümənin ardına rast gəlmirik. Görünür, qəzetin mühərriri olan Cəlal Ünsizadə əsərin Nekrasovdan Azərbaycan dilinə edilən ilk tərcümə olmasını nəzərə alıb onu çap etmiş, lakin senzor tərcümənin ardının çapını qadağan etmişdir. Çünki o dövrdə həm “Kəşkül”ün özü təqib olunur, həm də əsrin sonlarında inqilabi əhval-ruhiyyənin artması ilə əlaqədar olaraq Nekrasov kimi sənətkarların ədəbi irsi izlənirdi. Lakin bu təqiblərə baxmayaraq, Kəngərlinin Nekrasov irsinin Azərbaycan dilinə tərcüməsində atdığı ilk addımdan sonra XX əsrin əvvəllərində böyük rus şairinin ədəbi irsinə olan maraq artmış, 1911-ci ildə Əli Səttar İbrahimov Gülməhəmməd bəy Kəngərlidən sonra ikinci dəfə Nekrasovun “Nesjataya polosa” (“Biçilməmiş zəmi”) şeirini tərcümə edərək “Yeni füyuzat” jurnalının 10-cu nömrəsində dərc etmişdir. Bir qədər sonra Cəlil Məmməd­quluzadənin özü də “Molla Nəsrəddin” məcmuəsində Nekrasovun ədəbi qəhrəmanlarından nümunələr gətirərək azərbaycanlı qadınların da Nekrasovun qəhrəmanları kimi olması fikrini təbliğ etmişdir. Abdulla Şaiq isə şairin “S rabotı” (“İşdən dönərkən”), “Nesjataya polosa”, “Şair və vətəndaş”, “Şaxta, çovğun, qırmızıburun” əsərlərindən tam və yarımçıq parçalar tərcümə etmişdir. Nəhayət, XX əsrin böyük romantik şairi olan Abbas Səhhət özünün “Şair, şeir pərisi və şəhərli” poemasını bilavasitə Nekrasovun “Şair və vətəndaş” əsərinin təsiri ilə qələmə almışdır.
Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, bu tərcümə Gülməhəmməd bəy Kəngərlinin birinci və sonuncu tərcüməsi deyildir. Çünki müəllif özü də məktubunda “tərcümələrim əhli-Qərb şairləri asarından ibarət olacaqdır”, – deyə özünün tərcüməçilik təşəbbüsündə olmasına zəmanət verirdi. Lakin təəssüflə qeyd edək ki, bu maraqlı şəxsiyyətin həyatı və yaradıcılığı bu vaxtadək tədqiq olunmamışdır. Doğrudur, Əziz Mirəhmədov, Alməmməd Alməmmədov və digər tədqiqatçı alimlər Nekrasov ədəbi irsindən bəhs edərkən Gülməhəmməd bəy Kəngərlinin də adını çəkmiş, lakin onun həyatı, yaradıcılığı və şəxsiyyəti haqqında ayrıca bəhs olunmamışdır. Məhz buna görə də Gülməhəmməd bəy Kəngərlinin hərtərəfli tədqiq edilib öyrənilməsi Azərbaycanda bədii tərcüməçilik sənətinin inkişaf yolunun öyrənilməsi baxımından da ədəbi ictimaiyyətimiz üçün faydalı olar”.

Yazımın sonunda Belinskidən yuxarıda gətirdiyim sitatdan bu fikri bir daha təkrar etmək istəyindəyəm: «…Biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq».

Böyük ədibin bu sözləri rus xalqının milli varlığının bədii formuludur – desəm, məncə, yanılmaram. Çünki bu, həqiqətdir. Sadə və səmimi bir həqiqət. Bu həqiqətin parlaq şüaları Nekrasovun «Himn» adlı şeiri ilə daha da şəfəqlənir.Böyük rus xalqına və dövlətinə arzu-dualarımı «Nekrasov himni» ilə bildirməklə, böyük şair-vətəndaş, ictimai xadim, jurnalist, qüdrətli rus klassikinin 200 illik doğum günü münasibəti ilə dünyanın bütün ədəbiyyatsevərlərini, poeziya aşiqlərini ürəkdən təbrik edirəm:

 

Yarəb! Sən bu xalqa yaxşılıq eylə!

Ver xeyir-duanı hər zəhmətinə.

Xalqın möhkəm eylə azadlığını,

Qüvvət ver haqqına, ədalətinə!

Qoy artsın, çoxalsın xalqın içində

Xeyirxah əməllər, xeyirxah işlər,

Elm ehtirasını sən ver bu xalqa,

Biliyə və elmə sən yollar göstər.

Əsarət adlanan boyunduruqdan

Öz bəndələrini xilas eylə sən.

Elm, maarifdir onun bayrağı,

Yarəb! Sən Rusiyaya şəfa verənsən!

Reyhan Mirzəzadə

Publisist-politoloq

Strategiya.az — Böyük şair-vətəndaş

Leave a Reply