Bir daha Bakının tarixi haqda
Bakının tarixi haqqında onlarla kitablar yazılıb, araşadırmalar aparılıb və bu prosses hələ də davam edir.
Bakının taixi adı küləklər şəhərdir, yoxsa küləklər bu şəhərin tarixini örtür?
Bir yaşayış məntəqəsi 1200 ildən artıq dövrdə ibadətgah ola, burada yüzlərlə yanan qaz fantanları, duz məskənləri, Sasani dövründə ibadətgahlar ola və şəhərin adı Badu Kubədən götürülə. Bu nə qədər məntiqlidir?
Düzdür Bakı küləkli şəhərdir, amma küləyə görə bu qədər dəyərli tarixi heçə sayıb küləkdən yapışmaq yüngül desək axmaqlıqdır. Bakıya küləklər şəhəri adının verilməsində rus sifarişinin və «küləkləyən» alimlərin böyük rolu olub. Alimlər o qədər çox «küləkləyib» insanların beynini doldurublar ki, artıq bizim yazacağımız da çoxuna «külək» kimi gələcək. Ancaq araşdırmamız “külək”lə, sifarişlə yox tarxi mənbələrdən, sənədlərdən və fotolardan istifadə edilərək işlənilib…
Hunzar qalasının (Qız qalası) və Seyid Yəhya Bakuvinin Xangəhının (Şirvanşahlar sarayı) araşdırmasından sonra qərara gəldik ki, növbə Bakının, bu qədim şəhərin adının mənşəyinin araşdırılmasındadır.
Ölkə.az Bakının adı və tarixini ezoterikaçı, batin dinləri araşdıran alim İsgəndər Tağıyevlə araşdırıb.
İsgəndər Tağıyevlə İçərişəhərdə görüşüb, söhbətə başlayırıq…
İlk söhbətimiz küçələrində gəzişdiyimiz İçərişəhərdən başlayır. İskəndər müəllim deyir, çoxları elə bilir ki, Bakının tarixi İçərişəhərdən başlayır, ancaq indi İçərişəhər adlanan bu yer əslinə qalsa qala yox, Salxım qalasının Ribatıdır. İçərişəhərdə Salxım qalasının işçiləri, qulluqçuları yaşayıb.
— Bakının adından danışaq…
— Sovet vaxtında və ondan da əvvəl bütün xəritələrdə Bakının adı «Baku» kimi gedirdi. Bakının adı, digər dillərdə də «Baku» kimi gedir. Təkcə Azərbaycanda yaşayan əhali və yerli bakılılar öz şəhərinə Baki deyir. Bakının tarixini öyrənmək üçün Abşeronun, Xəzərin və ümumən Azərbaycanın tarixini öyrənməliyik. Bakı ta qədimdən ilahi qüvvələrlə bağlanan bir yer olub. Sasani dövründə (antik dövrdə) bu yer Atəşi-Baquan adlanırdı. Qədim dövrdə bu əraziyə ada deyirdilər — Odlar adası.
— Sasani dövründə nəyə görə indiki Bakını Atəşi Baquan adlandırırdılar?
— Ta ibtidai dövrdən bu ərazidə yanar fontanlar olub. Ərazi çox unikaldır, geofizika strukturuna görə burada od min illərdir yanırdı. XIX əsrdən başlayaraq Abşeron yarmadasında 10 minlərlə boru qazıntıları ilə neft və qaz axtarmağa başladılar və buna görə də yanan qədim qaz mənbələrinin yolları kəsildi. O dövrdən qalan yeganə artefakt “Yanar dağ”dır.
Zərdüşt dinində də oda sitayişlik var. Qədim İranda (Sasai dövrü) bir neçə yer var ki, Zərdüşt dininə aid olan ehramlar olub. Zərdüştlüyün mərkəzi müqəddəs indiki Şiz şəhəri idi. Ancaq qədim Manna dövründə Şiz şəhərindən başqa daha bir müqəddəs şəhərimiz var idi — Gəncək. Bu şəhərin adı indiki Gəncə şəhərinin adına oxşayır ancaq Gəncədən fərqli olaraq şəhərin adında «K»samiti də var. Bu şəhərin Manna dövlətinin tarixində çox böyük rolu olub. Mannanın paytaxtı İzirtu olub ancaq mənim versiyama görə, o şəhərin adı İzirtu yox, Azərtudur.
— Gəncək şəhəri hansı ərazidə yerləşib?
— Gəncək indiki İran ərazisində, Şiz şəhərinin yaxınlığında yerləşib.
— Atəşi-Baquanın mənası nədir?
— Atəş elə atəş deməkdir. Baquan sözündə isə «Baqu» sözü var. “Baqu” sözünü alimlər indiki dövrdə Hind-Avropa mənşəli sayırlar və mənası Allah deməkdir. Rus dilindəki “Boq” sözünün analoqudur. «An» isə yerin sufiksidir. Mənim versiyama görə belə sözlər: baq, qala, xana və başqaları İran dövründən qabaq, Manna, Midiya dövründə bizim torpaqlarımızda yaranıb. Bunlar əsl türk mənşəli sözlərdir. Hətta XII-ci əsrin mənbəsində Qətran Təbrizi bu sözləri Azəri dili adlandırıb. Atəşi-Baquanın mənası Atəş Allahının yeri deməkdir. Abşeron yarmadasında 19-cu əsrin axırına kimi onlarla, yüzlərlə qaz fontanları yanırdı. 5-7-ci əsrə aid bir mənbələr var. Bu mənbənin müəllifi Prisk Paniyskidir. Prisk Paniyskinin yazdıqlarına görə, Bakı ərazisində onlarla yanar fontanlar olub. Bunlardan ən böyüyü Pirallahıda yerləşirdi. Ona görə də o yeri Pirallahı-od allahı adlandırırdılar. Ən hündür yanar qaz fontanının hündürlüyü 150 qol boyda olub. Bu yanar fontanlara görə bu yerləri qədimdən Atəşi Baquan adlandırıblar. Ərəblər bu ərazini zəbt edəndən sonra «Allahdan başqa Allah yoxdur» deyib, Atəşi Baquanın adını dəyişib «Bakuya» adlandırdılar. Axırıcı yüzilliyi götürəndə görürük ki, bizim beynimizə yeridiblər ki, Azərbaycanın adı Adurbadaqandan ya da Atropatenadan yaranıb. Bunu etməklə ölkəmizin adını fars köklərlə bağlayırdılar. Bakının adını da Badü-Kubədən yarandığını bizim beynimizə yeridiblər. Qız qalası, guya qız qaladan özün atıb deyə adı qız qalası olub. Seyid Yəhya Bakuvinin xanəgahını Şirvanşahlar sarayı adlandırıblar. Sovetlərin birinci istədiyi o idi ki, bizi Türk aləmindən qırsın, uzaqlaşdırsın. Ruslar bizim bəzi tarixçilərin əli ilə yalançı mənbələr düzəldərək Azərbaycanı iranlaşdırmağa çalışıblar. Bizim beynimizə hər vəcdlə yeritməyə çalışıblar ki, Azərbaycan sözü Adurbadaqandan əmələ gəlib. Götürək bütün mənbələri baxaq, Azərbaycan Azərbiyan sözündən götürülüb. Mənası da Azər Tanrının yeri deməkdir. Mifologiyaya və qədim mənbələrə görə buarada Azər Tanrısı olub. B.E.Ə VIII əsrdə yəni Manna dövründə Assuriya mənbələrində Azər şəhərindən söhbət gedir.
Azərbaycanda ta qədimdən, Aratta dövründən Lullubi, Kasbi, Azərbi, Subi, Ellubi kimi tayfalar yaşayıb. Bu tayfaların adlarının sonundakı «Bi» Bəy deməkdir. Əslində bu tayfalar Lullubəylər, Kasbəylər, Azərbəylər, Subbəylər, Ellubəylər deməkdir. «Bi» indiyənə qədər Qaraçaylarda və Balkanlarda qalıb. Qaraçaylar və Balkan türkləri XIX əsrin sonuna kimi öz bəylərini «Taubi» adlandırırdılar. Mənası “dağ bəy” deməkdir. Ona görə də biz də Azərbaycan adını Azərbiyandan başlamalıyıq oxumağa. Bununla biz Azərbaycan adını Sasani dövründən Manna dövrünə keçirib araşdırmalıyıq. O dövrdə bu torpaqlara Azərbəyyan deyirdilər. Yəni Azər bəy, bək, boq, baq bu isə bizim torpaqların allahlardan birinin adı ilə bağlanması deməkdir. Tərcüməsi də Azər Allahın yanı, ətrafı, yeridir. Azər Allahının bacısı da var idi. Onun adı Azet idi. Qədim sivilizasiyalarda Şumer mənbələrində İzida, Aşdar, İnnana, Ninqursaq kimi tanınır.
Onların simvolu Zəhra — Venera planeti, yəni yaşıl planet idi. XIX əsrdə Bakıda Hunzar və Zümrüd rəvayəti qeyd olunub. Orada da Zümrüd yaşıl ulduzla göstərilir. Yəqin ki, bu zümrüd daşının rəngi ilə əlaqədardır. Ona görə də Davud Axundov Zümrüdü yaşıl ulduzla, Veqa ilə bağlayır. Bizim fikrimizcə bu Zəhra – Venera planetidir. Ta qədimdən Azərbaycanda yaşayan insanlar səkkizguşəli ulduza sitayiş edirdilər. Səkkizguşəli ulduz əslində Zəhra – Venera planetinin işarəsidir, çünki batini biliklərə görə günəşdən yox, günəş sisteminin ətrafından başlayır.
Veneranın nömrəsi 8-dir. Bayrağımızda olan 8 guşəli ulduz təsadüfi deyil. Bizim zənnimizcə Azər və Azət allahları Kür-Araz mədəniyyəti kimi tanınan sivilizasiya ilə bağlıdır. Bu iki allahın adında eyni kök “AZ” var. Az, as, aş, iş bütün bu sözlərdə işıq sözünün kökü var. Azər işığın, odun, alovun rəmzidir. Yəni işıqlı ər. Azet, Aset, İştar, İzida bunların əsas simvolu işıq və od idi. Qədimdə buna səhər işığı deyirdilər. Azetin mənası isə işığı yaradandır. Bu allahlardan ikisi də ola bilsin veneradan gəliblər. Onun rəmzi veneradır. Yelena Blavatskaya “Taynaya Doktrina” əsərində göstərir ki , şambalanın rəhbəri Sanat kumara 7 kumarların tərkibində yer kürəsinə allahın hokum ilə Zəhra planetindən gəliblər.
Qədim Misirdə isə Azər və Azət allahı 9 müqədəs allahların sırasında gəlmə allahlar kimi sayılırdılar. Sonrakı vaxtlarda yunanlar Azər allahına Oziris deyiblər və indiyənə kimi belə qalıb. Azət allahına isə İzida deyiblər. Son dövrlərdə Yegiptoloqlar (Misirşünaslar) belə bir qənaətə gəliblər ki, Azər və Azət allahları Xəzər dənizi ətrafından Misirə gediblər. Yaddan çıxarmaq lazım deyil ki, b.e.ə IV minillikdə Azərbaycanın mərkəzində möhtəşəm Kür-Araz sivilizasiyası var idi. Bütün dünyada tanınmış Yelena Blavatskaya “Taynaya Doktrina” əsərində göstərir ki, dünyanın ən tanınmış sivilizasiyaları Hindistan, Çin-Monqol, Misir sivilizasiyaları Xəzər dənizi ətrafı sivilizsiyaları ilə bağlıdır. Şumer tarixi mənbələrində Azər və Azət allahı Enlil və Ninqursaq kimi adlanırdı. Enlillə və Ninqursağın bir qardaşı da var idi, Onun adı isə Enki idi. Enki şumercə torpaq və su allahı adlanırdı. Türklərdə yer və su allahı şumerlərdəki Enki allahı ilə analogiyadır. Ninqursaq Aratta şəhərinin allahı olub. O torpaqlar qədimdən Azərbaycana məxsusdur, cənubi Azərbaycandan Naxçıvana qədər. Sonrakı dövrlərdə Ararat və Urartu sözləri həmin qədim Arattaya bağlı olan ifadələrdir. Şumer dövründə hər bir şəhərin öz allahı olub. Şumer mənbələrinə görə, qədim Arattada hansı ki, Cənubi Azərbaycan torpaqlarında yerləşirdi, onun tarixi b.e.ə III-IV minilliyə aiddir.
Axır zamanlar alimlər belə bir rəyə gəliblər ki, indiki sivilizasiyanı yaradanlar inkişaf etmiş sivilizasiyalardır, yəni UFO-lar. Moskvada çap olunmuş “Apokalipsis – Bəşəriyyətin ölümü yox, transformasiyası” kitabında göstərilir ki, indiki 4 irqin tarixi UFO-larla bağlıdır, yəni planetin 4 lokal yerlərində klonlaşma prosesləri gedib. Bunun üzərində ən azı 4 sivilizasiya işləyib. Ana aspekti yer kürəsində olan primatlardan (meymunlardan) seçirdilər, Ata aspekt isə UFO-ların özündən olub. Bunlar hamısı ilahi qüvvələrin nəzarəti altında baş verib. Bu məsələni Dalinin rəsm işinin əsasında araşdıracağıq…
Klonlaşmanın mərkəzlərindən birisi Aratta ölkəsində yerləşib. Burada canlıları yaradan Ninqursaq allahı sayılırdı. Şumer dilinin bizim türk dilinə çox oxşarlığı var. Ninqursağın mənası “NİN” — nənə sözündən yaranıb böyük ana deməkdir, “QUR” — bizim dilimzdəki qurmaq yaratmaq sözünə yaxındır, “SAĞ” isə sağ qalmaq deməkdir. Mənası canlıları yaradan böyük ana – İlahi. Ninqursağın qardaşı Enlil isə Şumer dilində “En” sözü allah, hökümdar mənasını daşıyır, “Lil” isə fırtına deməkdir, yəni Səma allahı. Ninqursağın obrazı uşaqla göstərilir. Misirdə isə həmin uşağı biz görürük Azet-İzida allahının qucağında. Sonrakı dövrlərdə biz bunu xiristianlarda da görürük – İlahi ana. Beləliklə biz başa düşürük ki, Azərbaycanın missiyası 13 min ilin tarixində planetimizin ana bətni rolunu oynayıb. Tayfalar bütün dünyaya buradan gedərək yayılıblar. Tanınmış alimlər də bunu təsdiq edir. Misal üçün XIX əsrdə yaşamış Kuvye hansı ki, mumyaların kəllələrini araşdıran alim göstərir ki, o kəllələr antropoloji quruluşa görə Xəzər ətrafında yaşayan insanların başlarının quruluşuna uyğundur. 1920-ci ilə qədər Qafqaz tipi adlı ifadə var idi ancaq sonradan onu ləğv etdilər. Çünki tarixi dəyişmək lazım idi. ABŞ-da indiyənə qədər ağdərili insanlara qafqazlı deyirlər. Tur Xeyerdal isə öz araşdırmalarında göstərir ki, vikinqlər 2 min il bundan qabaq Az tayfalarının torpağından çıxıb. Onların allahlarının adı Azər və Odin idi. Bunlar hamısı göstərir ki, planetdə baş verən proseslərin çoxusu Qafqazda, Azərbaycan ərazsində olub. Hələ Herodot V əsrdə göstərir ki, Xəzərin qərb ətrafı 3 yerdən dağlarla bağlı olub, təkcə 3 təbii keçid var idi. Biri indiki Dərbənddə yerləşən dəniz qapısı, ikincisi indiki Gürcüstanda Dəryal qapıları (Alban qapısı) və üçüncü qapı Hirkan qapısı idi, indiki İranın Gürgan vilayətində yerləşir. Burada isə Qafqazın mənasının açıqlamasını verim. Qafqaz sözü iki sözdən ibarətdir. “Qaf” qapı deməkdir, bu söz qədimdən işlədilir, “Qaz” isə kaspilərin adı ilə bağlıdır. Ümumi məna Kaspilərin qapısı deməkdir. Heradotun dövründə Azərbaycanda əsas tayfa kaspilər olub.
Bakı, Baquanın qısaldılmış formasıdır. Bakı sözünün kökündə «Baq» sözü var, yəni, Bəy. Sasani dövründə isə Boq sözü ilahi kimi keçib. Bakının mənası Allah şəhəri deməkdir.
Bakı haqqında hansı yazını açırsan yazılıb, Bakı, Badu Kubə, yəni küləklər şəhəri. Bakının küləklər şəhəri adlandırlıan dövr başlayıb 15-ci əsrdən. 15-ci əsrdə planetimizdə iqlim dəyişildi. Kiçik buzlaşma dövrü başladı. XIV-XV əsrdə İngiltərə buzun içərisində boğulurdu. Havanın dəyişməsindən sonra Bakıda güclü küləklər əsməyə başladı və Bakının adına sinonim kimi Badü-Kubə yapışdırıldı. Fars dilində «Badü-Kubə»nin mənası küləyin vuracağı yer demkdir. Sovet vaxtında qəsdlə Bakının əsl adı yaddan çıxarılırdı, Badü-Kubə, küləklər şəhəri beyinlərə yeridilməyə başlanırdı. İndiyə qədər istər jurnalist, istər tarixçi olsun Bakı haqqında yazısını oxuyun, hamısı yapışıb Badü-Kubədən. Bunu insanların beyninə yeridiblər. Bizim Bakının adında türk sözü olan bəy sözü var. Biz isə Badü-Kubə ilə 900-1000 illik tarixi unuduruq. Axı Bakının tarixi 15-ci əsrdən başlamır…
— Bakılılar xüsusi ilə niyə Bakı yox Baki deyirlər?
— Ərəblər buraya gələndən sonra anlayıblar ki, müqəddəs bir yerə düşüblər. Hər bir müqəddəs yerin iki adı olur, biri zahiri biri də batini. Zahiri adı Baku, yəni Baquanın qısaldılmış forması, batini adı isə Bakidır. Allahın Quranda 99 adı var, onlardan biri, 96-cısı Albakiyədir. Yəni ilahi, daimi şəhər. Millətimə səslənirəm, bunlar adlarımızı dəyişməklə bizi alçaldırlar. Bizim böyük bir mədəniyyətimiz var. Bura adi yer deyil. Buraya ta qədimdən Azər Allahın yeri deyirik. Hunzar (indiki qız qalsı) isə Huna Azər yeri deməkdir.
— Bakının tarixindən danışaq…
— Tarix elmimizdə Bakının tarixi ilə bağlı müəyyən bilgilər var. Bunların çoxu yalnış bilgilərdir. Bakının tarixini indiki İçərişəhər adlanan qəsrdən başlayırlar. Bu tamamilə yalnış bir fikirdir. İndiki İçərişəhər adlanan yer lap əvvəldən daha böyük qəsrin ribadı olub. Ribad yəni qalaaltı. Bakının tarixində ən qədim qala, Salxım qalası olub, hansı ki, 1700-cü illərdə söküldü. İndiki İçərişəhər adlanan yer də Salxım qalsının Ribadı olub.
Bakının tarixi qala ilə başlamayıb. Bakı tarix boyu bir neçə min il müqəddəs yer olub. Stounxec, Arkaim, Nyuqreiç, yüzlərlə və minlərlə dairəvi spiral tipli –meqarit və kromlexlər, nəhəng bloklardan tikilmiş yerlər kimi.
— Salxım qalası indiki hansı ərazidə yerləşib?
— Salxım qalsının yeri indiki Ədəbiyyat muzeyindən 150 metr yuxarı, İstiqilaliyyət küçəsi, MUM-un yanına kimi olub. Qala hər tərəfdən 150 metr kvatratda olub. Qalanın ortasında 20 metrlik qala-don jon olub.
Salxım qalasının ərazisi 2 hektardan artıq olub. Övliya Çələbinin yazdıqlarından məlum olur ki, Salxım qalasının içərisində 70-ə yaxın tikili olub. Qalanın içərisində Heydər məscidi olub. Məscid Şah İsmayılın babası şeyx Heydərin adı ilə bağlıdır. Qala salxıma oxşayırdı, orada 60-a yaxın yarımqüllələr üzümün və ya başqa salxımlı meyvələrin dənəsi kimi görsənirdi. Ortada yerləşən don-jon isə sanki salxımın sapı idi. 1720-ci ilə qədər Salxım qalasının qalıqları olub. Səfəvi-Osmanlı müharibəsi zamanı qalanın divarları tamamilə dağılıb. İçrişəhər isə indiyənə qədər qalıb.
Qalanın idarəçiliyi qızılbaşlarda idi. İndiki İçəri şəhər isə Ribad idi. Əsas şəhər Salxım qalası idi, İçəri şəhər isə qalaaltı idi. İçəri şəhər qalanın qarşısında kiçik yer olub. Salxım qalasının qulluqçuları indiki İçərişəhərdə yaşayıblar. Bu yerin 5-7 metrə qədər olan divarı vikinqlərin dövründə dağıdılmışdı 1036-1074-cü illərdə. Həmin döyüşlər vaxtı dağıdılan daha çox indiki İçərişəhər deyilən yer olub. XI əsrdə bu yeri gücləndirməyə başladılar. 1120-1160-cı illərdə 3-cü Mənüçöhrün dövründə gücləndirlimiş divar tikdilər. Bu ərazidə maksimim 3-5 min əhali olub. Salxım qalası 5-6-ci əsrdə tikilib. Sasani tarixinə baxdıqda görürük ki, Dərbənd şəhərinin ətrafında 40 km-lik divar və 40-a yaxın qəsr tikilib. Zənnimcə həmin dövrdə Bakıda Salxım qalası tikilib.
— Bunları kim tikdirib?
— Bu tikintilər Xosrov Nüşrəvanın, onun atası Qubad, babası Yezdiyyənin dövrünə aiddir. Tikililər isə Xosrov Nüşrəvanın adı ilə birbaşa bağlıdır. Bəzi alimlər bu tikililəri Qubadın adı ilə bağlayırlar mənim zənnimcə bu fikir yalnışdı. Çünki bu tikililər güclü iqtisadiyyat tələb edirdi. Onun atasının və babasının dövründə iqtisadi güc yox idi. Qubad hökümətin pulunu insanlara paylayırdı. Salxım qalası mənim versiyama görə 5-cı əsrdə tikilib. Xosrov Ənuşirəvan İranı 4 kusta — ostan bölmüşdü. Bizim torpaqlar Adurbadaqan adlanırdı və onun mərkəzi Gəncək şəhəri idi. Yuxarıda bu şəhər haqqında məlumat vermişik. Xosrov Ənuşirəvan Dərbənd qalasın və 40 km səddi və 40 yaxın qalanı tikməyi Barzniş adlı məmura tapşırmışdır. Barzniş vergi yığmaqla məşğul olub. Adurbadaqan kustunun əsas pul gətirən yeri Abşeronun neft və duzu idi. Tarixi mənbələr bunu göstərir. Ona görə də, buaradakı sərvətləri nəzarətdə saxlamaq üçün qala tikilir. Bu tikintilərə rəhbərliyi də Barzniş edib. Dərbənddə və bəzi bu ətradakı qalaların üzərində 20-ə yaxın Barziniş yazılmış yer tapılıb. Bu da təsadüfi deyil. Barzniş bu tikililərə nəzarəti Gəncəkdən yox Bakıdan edirdi, çünki yaxından nəzarət etmək daha rahat idi. Bu versiyanı təstiq edən başqa bir fakt da ola bilər. Bu məsələ bağlıdır Pirvənzəri adlı yerlər. Pirvənzəri Çəmbərəkənddən yuxarı dağüstü parkda yerləşir. Bu yer yaxın zamanda yenilənib. Pirvənzəri yuxarı hissədə sol tərəfdə yerləşib. 200 il ərzində hələ heç bir alim bu yeri bizə izah etməyib. Bu gün çalışarıq buna izahat verək. Bu izahat Barznişin adı ilə bağlıdır. Çünki Pirvənzəri deyilən yer əslində qayada yonulmuş məqbərədir. Belə məqbərələrin analoqlarını İranda görə bilərik.
Zərdüşt dövründə insanların cəsədlərini torpağa tapşırmazdılar. Çünki Zərdüşt dövründə yer ana kimi əziz sayılırdı. Ölü insanın cismi torpağı murdarlayardı. Ona görə də, Zərdüşt dövründə isanlar öləndə insanları daxmalara çıxardardılar.
Daxma yaşayış məntəqəsindən bir neçə km uzaqda bir neçə metr hündürlükdə düzəldilmiş yer idi. Ölüləri ora qoyardılar ki, onun meyidini qurd quş yesin. Varlı insanları isə torpaqda yox, daşların içərisini yonub orada dəfn edirdilər. Bu yaxın zamanda Zərdüşt dövrün araşdıran tarixçi, arxeoloq Elnur Vəliyev və arxitektura professoru Fazil Məmmədov həmin bu tarixi abidənin yanında olduq.
Elnur Vəliyev təstiq etdi ki, bu cür məqbərəlrin adı assuaridir. Bunların analoqu İranda daha çox isə Xorasanda yerləşir. Mənim fikrimcə Zərdüşt dövrünə ait bu məqbərələrdə hakimlərin, onların ailəsinin qəbri ola bilər. Pirvənzəridə 3 qəbr yeri var. Onlardan ikisi kiçik, biri isə böyükdür. Mənim zənnimcə bu Barznişin ailəsinə aid olan məqbərədir.
— Bu fikir haradan yaranır?
— Bizim dövrümüzə çatmış pirin adı Vənzəridir. Vənzəri sözü Barnizişin sözünün kökündən gəlir. Daha yaxşı bunu linqivistlər bilər. Onların fikri maraqlıdır bizə…
Bakı və Xəzər dənizi
Tarixi mənbələrə baxdıqda görürük ki, Xəzər dənizinin səviyyəsi bir neçə dəfə dəyişib. 14-cü əsrdə Xəzər dənizinin səviyyəsi indiki fəvvarələr meydanına qədər idi, yəni -19 metr. İndi hal-hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən -28 metr aşağıdadır.
2500 il bundan qabaq Bakının dəniz zolağı -36 metr, yəni indiki Nargin adasının qarşısında idi. Həmin dövürdə Xəzərin sahili 10 km qarşıda idi. 2500 il bundan əvvəl Bakı heç dəniz şəhəri də olmayıb…
I-II əsrlərdə Ptolomeyin xərtəsi olub və orada 29 alban şəhəri göstərilib. O şəhərlərdən 4-5-i dənizin zolağında olub. Baruka, Qaytara, Telayba, Albanapol və s. O şəhərlər hamısı indi suyun altındadır, çünki o vaxtdan dəniz iki dəfə yerini dəyişib. Birinci dəfə Xəzərin dünya okenanından səviyyəsi -36, IV-V əsrlərdən suyun səviyyəsi qalxmağa başladı. XII əsrə qədər Bakı limanın sağ tərəfi su ilə doldu və ondan sonra Bayıl limanı yarandı. 1234-cü ildə Bayıl tərəfdə Bəndəri-Baku adlı qala tikdilər. Əslində bu Bakının portu idi. Və burada vergi yığılırdı. Həmin dövrdə Bəndəri-Bakunun dənizdən uzaqlığı 2-3 km idi. 14-15-ci əsrdə Xəzərin səviyyəsi qalxaraq -32-dən -19-a çatdı. 17-18-ci əsrlərdəsSu indiki erməni kilsəsinin yanına qədər gəldi. Bunu təstiq edən rəsm də var. Sonuncu yüzillikdə Xəzərin səviyyəsi stabilləşdi və indiki — 28 metr oldu.
Bakının ilk şəhər tipli yaşayış məntəqəsi Salxım qalası olub. XII əsrdə isə 2 qəsr olub Bakıda, indiki İçərişəhər və Salxım qalası, 14-15-ci əsrdə daha bir qəsr, bunların arasında yarı suda yarı quruda kiçik fort tikilib. Bunu araşdırmamız (Şirvanşahlar sarayı və ya Seyid Yəhya Bakuvinin xanəgahı kitabı) təsdiq edilib. Bu fort indiki Konstitusiya məhkməsi və Həmkarlar ittifaqının yerində olub. Belə hal 17-18-ci əsrə qədər var idi. Bakı 3 qaladan ibarət idi. Ancaq dəhşərli iran türk müharibəsi salxım qalasını bərbad vəziyyətə saldı. Ona görə də, ruslar 1723-38-ci ilə qədər Bakıda olublar, onlar salxım qalasının qalıqlarından 5 bastiyon və fleş tikiblər. (foto)
Həmin o vaxt da kiçik fort da ləğv olunub. Bizim dövrümüzə yegaənə indiki İçəri şəhər deyilən yer Qalaaltı olub.
— Bakının başqa sirləri də var?
— Qurd qapısı ilə bağlı da alimlərimizin cürbəcür maraqlı versiyaları var. Qurd qapısı adlanan yerlər Təkcə Bakıda deyil. Orta Asiyada, İranda, Ərdəbildə, Səmərqənddə də var. Harada türkələr yaşayıb, orada qurd qapısı olub. Bakının iki çıxış qapısı olub. Bunu anlamaq üçün orta əsrlərdəki Bakının tarixinə nəzər salmalıyıq. O vaxtlar Abşeron yarmadasından iki əsas yol var idi. Bu yolları həm yerli həm də düşmənlər də bilirdi. Şimala gedən yolun adı Dərbənd yolu idi, cənuba gedən yolun adı isə bu gün Bibiheybətdən keçən Gilan yolu idi. Hətda İçəri şəhərin qapıları da o yolların adı ilə bağlıdır. Rus dövründə İrana gedən qapının adını qoydular Salyan qapısı, Dərbəndə gedən qapının adını qoydular Şamaxı qapısı. Təkcə bakılılar bilirdi ki, Bakıdan gedən 3-cü yol da var. Hər kəs onu bilməzdi. Bu yol qurtuluş yolu idi. Qurtuluş Qurd sözündəndir. Mifologiyada, türklərin qədim dastanlarında bir türk düşmənlərindən qaçanda mağaraya girir və orada iki parıldayan göz görür. O parıldayan göz qurd ananın gözü idi. O qurd türkü oradan xilas edir. Qurd qapısı bu mənanı daşıyır. Qurd qapısı yəni xilas yolu olan qapı deməkdir.
Təbii ki, Bakının tarixini bir yazı ilə yazmaq mümkünsüzdür ancaq çalışdıq daha dəqiq və faktlara söykənərək bu mövzunu işləyək. Bakı — Badu Kubə, Atəşi Baquan, Əlbakiyə…
Türk torpağının adı farsca Badu-Kubə, ərəbcə Əlbakiyə, türkcə isə Atəşi-Baquandır. Seçim özümüzə qalıb. Gəlin həqiqətə daha yaxın versiyanı qəbul edək…
Zərdüşt dövrünə aid olan məqbərə fotoları Zərdüşt dövrün araşdıran tarixçi, arxeoloq Elnur Vəliyevin arxivindəndir. Köməklik etdiyi üçün Elnur müəllimə təşəkkürlər.
Fotolar: