|

Bəşəriyyətin tarixi — keşmiş, indiki və gələcəyi birləşdirən zaman-məkan kontiniumundan ibarətdir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Kainatın qara fonunda mavi rəngli Yer kürəsi “xoşbəxt” bəşəriyyətin Ümumi Vətəni kimi görünür. Çünki bizi zəlil edən siyasi, dini, etnik, irqi sərhədlər Kosmosdan görünmür. Sərhədlərin ayırdığı insanlar, toplum halında “Bəşəriyyət” adlanan məfhum yaradıb.

Bəşəriyyətin tarixi — keşmiş, indiki və gələcəyi birləşdirən zaman-məkan kontiniumundan ibarətdir. Hər dövrün öz “sifəti” var: orta əsrlər dövrü deyəndə yadımıza toxa və xış əkinçiliyi, feodal dağınıqlığı, xalqların böyük köçü, ardı-arası kəsilməyən istilalar, mütləq monarxiyalar, cəhalətin insanların düşüncəsi üzərində hökmranlığı, azad fikirli insanların və alimlərin tonqallarda yandırılması (C.Bruno) və dərisinin soyulması  (İ.Nəsimi) və s. düşür.

Dövrümüzün də öz “sifəti” var: “dünyanın siyası xəritəsi”, müxtəlif ideologiyaların (kommunizm, faşizm və s) ortaya çıxması və çökməsi, demokratiya və liberalizm, internet, süni intelekt və nonatexnologiyalar, pandemiyalar, ekoloji problemlər, hədsiz zənginlik və yoxsullaşmanın qütbləşməsi, kütləvi qırğın silahları, iki əks təmayülün — dini radikalçılıq və dinsizliyin planeti bürüməsi, yeni sosial və mədəni transformasiyalar, BMT və s.

Görən zamanın gələcəklə bağlı hissəsində Bəşəriyyəti nələr gözləyir?

Bədbin proqnozlardan başlayaq. Bu baxışlara görə Yerdə təbii resursların tükənməsi və ekoloji problemlərin kəskinləşməsi vaxt məsələsidir. Bu, aclığa,  sonu görünməyən dövlət çevirilşlərinə və inqilablara səbəb olacaq, xəstəliklər coxalacaq, dövlətlər arasında münasibətlər gərginləşəcək. Bu daha dərin ekoloji, iqtisadi, siyasi və sosial böhranın başlanğıcı olacaq, əhalinin artımı azalma ilə əvəzlənəcək, idarəetmə və təsisatlar tənəzzül edəcək, dünya miqyasında fəlakətlər (hannibalizm, resurslar uğrunda müharibələr və s.) baş verəcək, ailə institutu dağılacaq, mənəviyyat çökəcək və sonda insan Sivilizasiyası məhv olacaq.

Ənənəvi dinlər də bu “elmi proqnozları” dəstəkləyir: onların nəzərincə Qiyamətin əlamətləri artıq görünməkdədir. Doğrudanmı Sivilizasiya məhvə məhkumdur?

Bu müşkülü “Böhran və təkan”  konsepsiyasından izah etməyə çalışacağım.

Əvvəla, Bəşəriyyət tarixboyu dəfələrlə  böhranlı vəziyyətlərlə üzləşib və hər dəfə də yeni çıxış yolları tapıb. Məsələn, Mezolitdə (“Mezolit böhranı”) ov heyvanlarının və faydalı bitkilərin azalması aclıq təhlükəsi yaradıb və insanları ovçuluq və yığıcılıqdan əkinçilik, heyvandarlıq və sənətkarlığa keçib (“Neolit inqilabı”). Nəticədə təkcə resurslar deyil, insan cəmiyyətinin bütün strukturları – ailə, idarə etmə, məişət, mədəniyyət və s. dəyişib və mükəmməlləşib. “Böhran və təkan” fenomenini biz orta əsrlərin sonlarında da görürük: feodalizmə məxsus resursların tükənməsi ənənəvi təsərrüfatıçılıqda və idarəetmədə böhran yaratdı. Böhran inqilablara, monarxiya rejimlərinin çökməsinə, sənətkar və manufakturadan fabrik-zavod istehsalına, yeni resurslardan istifadəyə və yeni idarə etməyə (parlamentarizm) keçidə təkan verdi və nəticədə yeni cəmiyyət – bazar iqtisadiyyatı ortaya çıxdı.

İkincisi, Yerin dərin qatlarında mineral resursların miqdarı istismar edilənlərdən dəfələrlə çoxdur. Uyğun texnologiyaların olmaması onlardan istifadəni çətinləşdirir. Əhalinin artımı və aclıq məsələsinə gəldikdə isə bu gün məhsuldarlığı yüz dəfələrlə artıran ən müasir texnologiyaları (“şaquli əkinçilik sisitemləri”ni, “asma fermalar”, idarə olunan fotosintez və s.) tətbiq etmədən belə, Holland modelində dünyanın hər yerində dənli bitkilərin məhsuldarlığını 70-80 sen-ə çatdıqmaqla  50-60 milyad insanı ərzaqla təmin edə bilərik.   Beləliklə, resursların tükənməsi təhlükəsindən və ekoloji böhrandan elmi-texniki və sosial tərəqqini sürətləndirmək hesabına çıxmaq mümkündür. Elm və texnologiyaların inkişafı bizə bu gün məlum olmayan daha əlverişli və tükənməz resurslardan (o cümlədən kosmik resurslardan) istifadənin yollarını göstərə bilər.

İndi də müasir qlobal böhranın yaranma səbəblərini araşdırmağa çalışaq.

Birincisi, Dünyanın təbii resurslarını Bəşəriyyətin ümumi sərvəti elan edən və ondan istifadəyə nəzarət edən Beynəlxalq Qanun və Beynəlxalq qurum yoxdur. Bu səbəbdən təbii resurslar ayrı-ayrı transmilli şirkətlərin və dövlətlərin əlində cəmləşib və bəşəriyyətin böyük hissəsi onlardan bəhrələnmək imkanından məhrumdur. Qlobal miqyasda millətlər arasında iki əks qütbün – ifrat zənginlik və ifrat yoxulluğun yaranmasının əsas səbəbi budur: dünya ölkələri təbii, maliyyə, elmi və texnoloji resurslarla müxtəlif dərəcədə təmin olduğuna görə dünya əhalisinin yaşam şərtləri, təhsil və səhiyyə xidmətləri ilə təmin olunmasında kəskin fərqlər yaranıb;

İkincisi,  dövlətlər əllərindəki resursları qorumaq və ya yenilərini əldə etməkdən ötrü ordularını gücləndirməyə və hərbi xərcləri artırmağa məcburdurlar. Nəticədə həcmi trilyonlarla ölçülən maddi, maliiyə, intelektiual resurslar inkişafa,  tərəqqiyə deyil, dağıdıcı məqsədlərə yönəldilir;

Üçüncüsü, təbii resurların istismarı maksimal mənfəət əldə etmək prinsipi əsasında həyata keçirildiyindən bu onların səmərəsiz istifadəsinə və tükənməsinə, biomüxtəlifliyin azalmasına, ekosistemlərin və torpaqların deqradasiyasına və ətraf mühitin çirklənməsinə gətirib çıxarır;

İnsan Sivilizasiyasındakı böhranın səbəblərini bildikdən sonra, ondan çıxmaq və “təkan” əldə etməyin yolları haqqında bir qədər düşünək. Böhranın səbibini bir cümlə ilə də ifadə etmək olardı: Bəşəriyyətin parçalanması. Bu o deməkdir ki, çıxış yolu Bəşəri birliyin əldə edilməsindədir.

Bəhaullah 150 il əvvəl Avropanın dövlət başçıla­rına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət yeni tarixi dövrə qədəm qoyub. Əvvəllər məlum olmayan problemlər (böhranlar) yeni dövrdə elə həddə çatacaq ki, ən qüdrətli dövlətlər belə onları təklikdə həll etmək iqtidarında olmayacaq. O, qarşıdan gələn qlobal böhrandan xilas olmağın yolunu da göstərirdi; Bəşəriyyətin  Birliyi. O, yazırdı:

Ey Yer kürəsinin ədavət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlan­dır­sın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi  olsunlar.

Çoxlarına Bəşəriyyətin Birliyi ideyası bir qədər utopik və prespektivsiz, vətənpərvərliyə zidd kimi görünə bilər: bir-birinə düşmən kəsilmiş və bir-birinin torpağına və sərvətlərinə göz tikmiş dövlətlər və millətlər, bir-birindən kənar gəzən dinlər və irqlər necə birləşə bilər? Şövqi Əfəndinin 1936-cı ildə Amerika bəhailərinə yazdığı məktubdan götürülmüş aşağıdakı parça bəzilərinə hətta bir qədər kəskin də görünə bilər.

Bütün bəşəriyyətin birləşməsi – insan cəmiyyətinin indi yaxınlaşdığı inkişaf mərhələsinin ən yüksək kriteriyasıdır. Dünya birliyi bir hədəfdir ki, üzülmüş bəşəriyyət ona çatmağa çalışır. Millətlərin yaranması başa çatmışdır. Dövlət suverenliyinə xas olan anarxiya özünün zirvəsinə yaxınlaşır. Yetkinliyə doğru böyüyən dünya, bu suverenlik bütündən yaxa qurtarmalı, bəşərin birliyini və bütövlüyünü etiraf etməli və həyatının bu əsas prinsipini ən yaxşı şəkildə  təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır .

300, 200, hətta 100 il əvvəl sərhədlərin olması (siyasi, iqtisadi, dini, mədəni və s.) normal və bəlkə də zəruri hal idi. Bu gün onlar nəinki arxaik görünür, hətta sivilizasiyanın gələcəyə doğru hərəkətinə əngəl törədən buxovlara çevrilib.

İnsan sivilizasiyası parçalanma səbəbindən bəşər tarixində misli-bərabəri olmayan dərin siyasi, iqtisadi, sosial və mənəvi böhran mərhələsinə qədəm qoyub. Milli iqtisadiyyat üzərindən quruluşu bazar iqtisadiyyatı və ona məxsus istehsal münasibətləri qlobal miqyasda məhsuldar qüvvələrin, elm və texnologiyaların inkişafını ləngitməyə başlayıb. Milli liberalizm və demokratik institutlar çat verməkdə, pandemiyalar və ekoloji problemlər, nizamsız miqrasiya və terrorizim, lokal, regional və hətta qlobal miqyasda konfiliklər və digər problemlər şiddətlənməkdədir.  Milli sərhədlər daxilində qapanmaqla bu problemləri həll etmək mümkün deyil. Hegemon dövlətlərin əlində alətə çevrilmiş BMT bu problemlərin ağırlığına tab gətirmir və onları həll etmək iqtidarında deyil. Daha səmərəli və işlək Beynəlxalq institutların yaradılması tələb olunur.

Bəşəriyyətin Birliyi insan cəmiyyətinin təkamülündə yeni sosial mərhələdir. İnsan cəmiyyəti yaranan gündən yönümü ona doğrudur. Qədimlərdə insanlar ailə qrupları halında yaşayıb, sonradan qəbilə-tayfa birlikləri, şəhər — dövlətlər və xalqlar, XIX əsrdə millətlər və suveren dövlətlər yaranmağa başlayıb və XX əsrdə bu proses bitib. Növbəti mərhələ Bəşəri Birlikdir.

Bəşəriyyətin birliyi öncə palanetdə yaşayan insanların mənəvi birliyidir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” ideyasını qəbul edib, siyasi, iqtisadi, dini, irqi, milli xurafatlardan və təəssübkeşliklərdən imtina etməsə, hərbi büdcələr və ordular ləğv edilməsi o necə ortaya çıxa bilər? Millətlər, dinlər, irqlər özlərində iradə tapıb onlardan imtina etməlidirlər.

Əbdül-Bəha yazır:

İnsan aləminin ən böyük ehtiyacı birlik və əməkdaşlıqdır. Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər.. onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Demə­li, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur.

Şövqi Əfəndinin 1931-ci ildə yazdığı “Millətlərə çağırış kitabında deylir:

Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənar­da qalmalıdır? Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzər­iyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözlə­məkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qa­nun və ya doktrinaların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir.

Dünyada hər şey böyümə və dəyişmə qanu­nu­na tabedir.  Milli təsisatlar və struk­turlar bir zamanlar  zəruri idi. Lakin bu gün həmin təsisatları və strukturları saxlamaq naminə bəşəriyyətin maraqlarını qurban vermək haqqımız yoxdur. Dünya birliyi insan cəmiyyətinin bütün səviy­yə­lə­rin­də üzvi dəyişikliklər tələb edir. Dövlətlər arasında münasibətləri tənzimləyən, mü­haribələrin qarşısını alan və planetin təbii resurslarını bütün insanların marağına uyğun şəkildə sərf edən, sərəncamında qanunverici, icraedici və məhkəmə təsisatları olan Dünya Federativ Sisteminin yaradılması tələb olunur.

Dünya Federativ Sisteminin yaradılması bütün sosial sis­temin yenidən qurulması deməkdir. O,  iqtisadi və siyasi  inteqrasiyanın daha yüksək səviyyəsinin əldə edilməsini tələb edir. Dəyişikliklər təkcə milli dövlət strukturlarına, iqtisadi və texnoloji sistemlərə deyil, ictimai münasibətlərin xarakterinə də toxunmalıdır. Bu dəyişikliklər radikal xarakter daşıdığından, onu sosial inqilab da adlandıra bilərik. Bu dəyişikliklərin yaratdığı inkişaf perspektivləri olduqca böyük olacaq.

Dünya Federativ Sistemi təbii resurlardan səmərəli istifadəni və maddi nemətlərin ədalətlə paylanmasını tənzimləməli,  biosferin qorumasını və bərpasını nəzarətdə saxlamalıdır. Yeni sistem resursların mənasız is­rafçılığına son qoyacaq; o, həmçinin zənginliklə yoxsulluq arasındakı uçurumu, xalq­ların kasıb və varlı xalqlara bölünməsini ləğv edə bilə­cək­dir. Hər bir xalq ümumdünya birl­i­yin­də öz layiqli yerini tutacaq. Ən əsası isə planetimizdə müharibələri kökü kəsiləcək, ordular ləğv olacaq və Böyük Sülh bərqərar olacaq.

Lakin Bəşəriyyətin birliyə doğru dönməz inkişafının aşkar əlamətlərinə baxmayaraq, bu proses bir qrup insanların istəyi əleyhinə baş verməkdədir. Dünyanın siyasi, dini, iqtisadi lider­ləri xalqların həqiqi birliyinə deyil, Bəşəriyyətin parçalanması səbəbindən yaranmış qlobal böhranın yumşaldıl­masına çalışırlar. Dün­ya və vətən haqqında anlayışları genişlən­dirmək və Bəşə­riy­yətin birliyini tanımaq haqqında çağırışlar həm icti­maiyyətin bir hissəsi, həm də “uzaqgörən siyasətçilər” tərə­fin­dən laqeydliklə qarşılanır. Filiosof Karl Popper — “Dünya liderlərinin xəyanətinə baxmayaraq, özünün hələ körpəlik dövrünü yaşayan Sivilizasiyamız böyüməkdə davam edir”- sözlərini deyərkən, görünür, həmin liderləri nəzərdə tuturmuş.

İnsan qruplarının müxtəlifliyi, mədəniyyətlər və dinlər arasındakı fərqlər bir çoxları üçün keçilməz səddə bənzəyir. Bəşəriy­yətin Birliyində məqsəd insanların qəlbindəki sağlam düşüncəli vətənpərvərlik alovlarını söndürmək deyil. Dünyanın bütün insanlarına məhəbbət insanın öz vətəninə olan məhəbbəti istisna etmir. Lakin qatı millətçilik, irqçilik, dinçilik və onunlarla bağlı olan önyarğılar insanlığa məhəbbətə yol verməlidir. Bəhaullah buyurur: “Fəxr etməsin o kəs ki, öz ölkəsini sevir, qoy fəxr etsin ki, insan nəslini sevir.”

Bu prinsiplə həmçinin dünya xalqlarının dil, ənə­nə­, estetik xüsusiyyətlər və adətləri ləğv edilmir. Ək­sinə, onun əsas məqsədlərdən biri maddi dəyər­lərə söykənən indiki insan cəmiyyətinin törətdiyi hədsiz mərkəzləşmənin, yeknəsəkliyin nəticələrini aradan qaldırmaq­dır.

Bəşəri Birliyin Yerdə qurulması insanlığın tarixində yeni mərhələ olacaq. Bu cəmiyyətdə bütün bəlaların, xəstəlik və səfalətin, zülm və haqsızlığın sonu çatacaq. Hər yerdə firavanlıq və azadlıq bərqərar olacaq. İnsanların birgə səyi və əməyi ilə qurulucaq bu cəmiyyətin elmi-texnoloji, intelektual-mədəni və mənəvi səviy­yəsi indikindən qat-qat yüksək olacaq. Əbdül-Bəha buyurur:

Dartış­ma­lar, mübahisə və qətllər sülh, doğruluq və barışla əvəz oluna­caq; sevgi və dostluq yaranacaq. Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq… İxtilaf və mübahisələr millətlərin və ölkələrin ümumi tribunalı qarşısında mütləq ədalətlə son həllini tapacaq və baş qaldıran çətinliklər həll olunacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək, yer üzü bir ölkə olacaq və bəşəriyyət tək icmaya çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Səmavi məhəbbətin işığı nur saçacaq, düşmənçilik və nifrətin zülməti yer üzündən qovulacaq. Ümumdünya sülhü öz çadırını yer kürəsinin düz ortasında quracaq… Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər – hansı ki, qurd və quzuya, bəbir və çəpişə, aslana və buzova bən­zəyirlər – bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə, varlıqların sirlərinin gerçəkliyi haqda biliklə və Allahın biliyilə dolacaq.

İndi gələn düşünək biz hansı dünyada yaşamaq istəyirik: konflik və bəlalar içində boğulan parşalanmış dünyada, yoxsa firavanlıq, azadlıq və  əmin-amanlığın hökm sürdüyü sərhədsiz və hərbisiz Bir Ümumi Vətəndə.

 

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, Bəhai dini icmasının

ictimai Əlaqələr ofisinin koordinatoru

Leave a Reply