|

BƏŞƏRİYYƏTİN BİRLİYİ PRİNSİPİ VƏ BƏHAİ DİNİ

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Qısa tarixi məlumat. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəm­məd adlı gənc Özünü Mehdi elan edib, “Bab” (ərəbcə “Qapı”) ləqəbini qəbul edir. Bildirir ki, Onun məqsədi insanları Yeni İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın  bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları İranda babilər hərəkatına səbəb olur. Hərəkat yatırılır və Bab edam edilir. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli — Bəhaullah (ərəbcə “Allahın Cəlalı”) həbsxanaya salınır. Sonra İraqa sürgün olunur. Bağdadda 1863-cü il aprelin 21-də Bəhaullah Özünü İlahi Zühur elan edir və Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Bəhaullah 40 il həbs və sürgün həyatını yaşadıqdan sonra  1892-ci ildə dünyasını dəyişir. Ölümündən əvvəl O, oğlu Əbdül-Bəhanı (1844-1921) “Əhdin Mərkəzi” təyin edir. Əbdül-Bəha 1921-ci ildə  dünyasını dəyişir. Vəsiyyətinə uyğun olaraq Dinin rəhbərliyi nəvəsi Şövqi Əfəndiyə (1897-1957) və 1963-cü ildən isə Ümumdünya Ədalət Evinə keçmişdir.

XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. 1937-38-ci illərdə bəhailərə qarşı aparılan təqiblər 38 nəfərin öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Respublikamız müstəqillik əldə etdikdən sonra Etiqad Azadlığı haqda Qanunun qəbulu bəhai icma­larına açıq fəaliyyət üçün şərait yaratdı. 90-cı illərin əvvəl­lərində yerli şuralar, 1992-ci ildə Azərbaycan bəhailərinin I Qurultayında Milli Şura yaradıldı.

          Teoloji əsasları. Bəhai Təlimi öyrədir ki, Allah bizimlə Əhd bağlamışdır. Əhdə görə O, bizi heç vaxt tərk etməyəcək, zaman-zaman Öz Məqsədini bizə Özünün Zühurları – Peyğəmbərlər vasitəsilə agah edəcək. Onların arasında  Krişna, Musa, Zərdüşt, Budda, İsa, Məhəmməd və dövrümüzün qoşa Zühurları — Bab (1819-1850) və Bəhaullah (1817-1892) da vardır. Əhd bizdən Allahın Zühurunu tanımağı və Onun İradəsinə tabe olmağı tələb edir. Peyğəmbərlərin nazil etdikləri Müqəddəs Yazılarda bildirilir ki, bir zamanVəd olunmuş Kəs zühur edəcək vә Onun təlimi əsasında Yerdә Qardaşlıq vә Ədalәt Sәltәnәti qurulacaq, dinlər və millәtlәr bir ailədə birlәşəcək. Bәhailar 154 ildir bəyan edirlər ki, İlahi Zühur hәqiqәtәn gәlmişdir, Onun İlahi Tәlimi bəyan edilmiş vә yazılmışdır. Onlar inanırlar ki, Onun gəlişi Müqəddəs Kitablarda səslənən həmin “Dirilmә Günü”dür. O gün mənəviyyatca ölmüşlәr yeni hәyat üçün oyanır və “cəhalət qəbirlərindən” ayağa qalxırlar. O gün köhnәlmiş ideyalar rədd edilir, xurafatlar və mövhumatlar can verir, Bəşəriyyətin maddi və mənəvi rifahına cavab verməyən, tərəqqini ləngidən təsisatlar və qanunlar yox olur.

Bəhailər inanırlar ki, Bəhaullahın gəlişi ilə zahir olan qüvvələr insan cəmiyyətini dəyişdirir, dünyanı Onun cızdığı Ədalət Cəmiyyətinə doğru  aparır və Bəhaullahın özü Bəşəriyyətin azadlığı və xoşbəxtliyi naminə ağlagəlməz əzablara dözmüş və onları sevə-sevə qəbul etmişdir ki, Bəşəriyyət onlardan qurtulsun. O yazır:

Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki,  bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar.

Təşkilatı. Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, dünyanın 234 ölkəsində yaşayan 2100 millət və etnik qrupa mənsub 8 milyon insanı bir­ləşdirir. Bu Birlik planetimizdə eko­logiya və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dininin Ali İnzibati və ruhani orqanı Ümumdünya Ədalət Evidir. Onun iqamətgahı İsrailin Hayfa şəhərində yerləşmişdir. Ədalət Evinin 9 nəfərdən ibarət tərkibi 5 ildən bir keçirilən bəhailərin Beynəlxalq Qurultayında Milli Şuraların üzvləri tərəfindən seçilir. Bəhailərin Beynəlxalq və Milli təsisatları ilə yanaşı, onların  yerli səviyyələrdə fəaliyyət göstərən və ildə bir dəfə ap­rel ayının 21-də seçkilər vasitəsilə formalaşdırılan  yerli Şuraları da vardır.

Bəşəriyyətin Birliyi haqqında təlim. Bəhai dinində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Bəhaullah yazır:

Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir

Bəşəriyyət özünün inkişafı prosesində müxtəlif mərhələlərdən keçmişdir. Qədimlərdə insanlar ailə qrupları halında yaşamışlar, bu qruplar qə­bilələrə çevrilmiş, daha sonralar xalqlar və müasir millətlər və dövlətlər yaranmışdır. Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi sonuncu sosial mər­hələdir və Onun gəlişində əsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı:

Həqi­qətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik. Birlik çadırı qurulmuşdur, bir-birinizə yadlar kimi baxmayın. Hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısınız. Dünya bir vətən və bütün insan­ların onun vətəndaşı

Bəhaullah 140 il əvvəl Avropanın dövlət başçıla­rına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər yeni dövrdə elə həddə çatacaq ki, hətta ən qüdrətli dövlətlər onları təklikdə həll etmək iqtidarında olmayacaqdır. Həzrət Bəhaullah qarşıdan gələn qlobal problemlərdən xilas olmağın yolunu da göstərirdi; onlar Bəşəriyyətin  Birliyi çərçivəsində öz həllini tapa bilərdi. O, yazırdı:

Ey Yer kürəsinin ədavət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlan­dır­sın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Bəşəriyyətin birliyi möhkəm bərqərar olmayana qədər onun firavanlığına, sülhinə və əmin-amanlığına nail olmaq qeyri-mümkündür.

Bəhai təliminə görə belə birliyin əsası ruhani olsa da,  dün­ya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da vardır:

— Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu Dünya Parlamentinin və Dünya Federatif Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;

— Dünyanın təbii sərvətlərindən Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

— Millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

— Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

— Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Bəşəri Birliyin Yerdə qurulması İnsanlığın inkişafında yeni tarixi mərhələ olacaq. Bu zaman bütün bəlaların, xəstəlik və təbii fəlakətlərin, yoxsulluq və səfalətin, zülm və haqsızlığın sonu çatacaq. Hər yerdə məhəbbət, xoşbəxtlik, firavanlıq, azadlıq, yüksək ruhanilik və əxlaqi paklıq bərqərar olacaq. Əbdül-Bəha buyurur:

Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müha­ribənin tamamilə qarşısı alınacaq….çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər  bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq.

Əvvəlki dövrlərdə təkcə coğrafi səd­lər dünyanın birləşməsinə mane olmağa kifayət edirdisə, indi bu səddlər də aradan qaldırılır. Əbdül-Bəha yazır:

İnsan aləminin ən böyük ehtiyacı birlik və əməkdaşlıqdır. İstər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Demə­li, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur.

Bəhailərin arzu etdiyi birlik yekcinslik deyildir, bu müxtəlifliyin birliyidir. İnsan qruplarının müxtəlifliyi, mədəniyyətlər, dillər və dinlər arasındakı fərqlər çoxları üçün keçilməz səddə bənzəyir. Bəşəriy­yətin Birliyi prinsipində məqsəd insanların qəlbindəki sağlam vətənpərvərlik alovlarını söndürmək deyil. Bu prinsiplə həmçinin dünya xalqlarının dil, düşüncə tərzi və adətlərlə şərtlənmiş müxtəliflikləri nə inkar edilir, nə də ləğv edilir. Əbdül-Bəha buyurur:

Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək, yer üzü bir ölkə olacaq və bəşəriyyət tək icmaya çevriləcək….xalqların və icmaların qarışması elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. düşmənçilik və nifrətin zülməti yer üzündən qovulacaq. Ümumdünya sülhü öz çadırını yer kürəsinin düz ortasında quracaq. Qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər.

Şövqi Əfəndi yazır:

Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyi­dir… ölkələrin və millətlərin formalaş­ması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. İnsanlığın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir.

Bəhailərin məramı nədir? Bəhailər vətənini və bütün bəşəriyyəti sevən Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlar Bəşəriyyətin Birliyi prinsipini uca tutur və Ümumdünya sülhünə çalışırlar. Hər cür dini, siyası, milli, iqri təəsübkeşliklər onlara yaddır. Onlar əxlaqi saflıq prinsipini gösləyir, cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır; təhsil alır, işləyir, ölkəsinə və bəşəriyyətə xidmət edirlər. Bəhailər Vahid Din konsepsiyası əsasında dinlər və məzhəblər arasında birliyin yaradılmasına çalışırlar. Onlar dövlətə ehtiram göstərir  və onun qanunlarına itaət edirlər, humanitar və qeyri-siyasi məsələlərdə dövlətə və Azərbaycan cəmiyyətinin bütün qruplarına həmişə dəstək verməyə hazırdırlar. Onlar özlərini cəmiyyətin maarifpərvər, mütərəqqi düşüncəli insanlarından ayırmırlar və həmişə də onlarla əl-ələ verib, Azərbaycanın tərəqqisi naminə onlarla birgə çalışmağa hazırdırlar. Fəaliyyətlərində əsas prioritetlər gənc nəslin mənəvi və intelektual inkişafının dəstəkləyən təlim-tərbiyə prosesidir. Bu fəaliyyətlər dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hamının üzünə açıqdır. Bu proqramların məqsədi yaxşı övlad, yaxşı valideyin, yaxşı qonşu və nəhayət yaxşı vətəndaş yetişdirməkdir.

 

Azər Cəfərov

 

Bakı Dövlət Universiteti

 

e-mail: a.jafarov9@ gmail.com

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/1285-b%C9%99hai-dinind%C9%99-b%C9%99%C5%9F%C9%99riyy%C9%99tin-birliyi-prinsipi

 

 

 

Tags: ,

Leave a Reply