|

Bərgüşad və Həkəri çay adlarının mənşəyinə dair

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 1,00 out of 7)
Загрузка...

Azərbaycan xalqının etnogenezlə bağlı tarixinin öyrənilməsində çay adlarının tədqiqinə xüsusi yer verilməlidir. Çayların şəhər mədəniyyətinin formalaşmasında mühüm yer oynaması ilə yanaşı, danılmazdır ki, qədim əhali çayları ilahiləşdirir və onu səmavi aləmin maddi təcəssümü kimi qəbul edirdi. Buna görə də çay adlarının düzgün izahı dövrün düşüncə tərzi və etnogenetik məsələlərinin öyrənilməsində mühüm mənbələrdən sayılmalıdır.

Hələ XVII əsrdə məşhur alman filosofu Q.V.Leybnits yazırdı ki, “çay adları öz başlanğıcını tarixin ən dərinliklərindən, bizə məlum olan ən qədimdən başladığı üçün köhnə dil … və qədim sakinlər haqqında onların əsasında mühakimə yürütmək üçün hər şeydən yaxşıdır. Məhz buna görə də onlar xüsusi tədqiq olunmalıdır” [23, 248].

Məsələn, Qubadlı rayonunda iki böyük çaydan biri — Bərgüşaddır, digəri isə Həkəridir. Bu problemlə əlaqədar olaraq qeyd olunmalıdır ki, son zamanlar Azərbay­canda cərəyan edən etnogenetik proseslərdə çox cəfəng tendensiyalar inkişaf edir. Birincisi, ermənilər bizim torpaqları işğal edib yer adlarımızı kütləvi şəkildə dəyişdirdiyi halda, respublika daxilində fəaliyyət göstərən bəzi üzdən iraq “tədqiqatçılar” türkləri bu ərazilərə gəlmə kimi təqdim edərək, bizim milli-mənəvi irsimizi burada yaşayan digər xırda xalqların adına yazmağa can atırlar. İkinci, və deyərdim ki, əvvəlki proseslərdən daha təhlükəlisi budur ki, xalqımızın şüuruna çox ziyanlı olan və təhrif olunmuş regionçuluq ideyaları aşılanır. Yəni heç bir əsası olmadan, əgər müəyyən bir fərd Lənkərandandırsa, o, mütləq talış, Qubadlı, Laçın və Kəlbəcərdən olan – kürd, Quba və Qusardan isə — ləzgi, yaxud tat olmalıdır. Buna görə adı çəkilən məsələlərin öyrənilməsi həmin tendensiyaların aradan götürülməsində bizə böyük dayaq verir.

 Bərgüşad çayı yuxarı axarında Bazarçay adlanır. Ermənilər onun adını “dəyişərək”, guya erməniləşdirib, “Vorotan” adlandırdılar. Bərgüşad adı bir çox tarixi qaynaqlarda müxtəlif yerlərdə qeydə alınmışdı, məsələn Ucar rayonunda Bərgüşad kəndi, Qubadlı və Zəngilan rayonlarında Bərgüşad sıra dağları, Fizuli rayonunda Bərgüşad çökəyi, hazırda Ermənistan adlandırdığımız ərazidə isə Berkaşad kəndi kimi göstərilir. Məsələn, XIX əsrdə Şimali Monqolustanda Barqu dairəsi kimi qeydə alınmışdır [8,108-112].

Hələ XIX əsrin ortalarında İ.Şopen Bərgüşad adını “çoxlu döş” kimi izah etməyə çalışmış (berqadın döşü; şat çoxlu, böyük) və onun mənasını  isə “müqəddəslik, inam” anlayışları ilə bağlamışdır [30,189, 409, 480]. Aydındır ki, həmin fikirlər meydana gələn vaxt tarix və dilçilik elmi təzə-təzə yaranmağa başladığı dövrdə irəli sürülmüşdür və onların müəllifi yad bir millətin nümayəndəsi kimi, şübhəsiz ki, xalqımızın milli-mənəvi varlığından xəbərsiz olduğundan, bu cür absurd və mənasız fikirlər irəli sürmüşdür. Sonralar bu adın izahı bizim tədqiqatçılar tərəfindən də verilmişdir. Məsələn, R.Yüzbaşov M.H.Baharlıya əsaslanaraq, Bərgüşad çayının adını “Bərgüşad” indi biz “kürd” adlandırdığımız tayfa ilə əlaqələndirməyə cəhd etmişdir [6, 38]. Lakin ondan fərqli olaraq S.K.Kərimovun fikirlərinə əsasən Bərgüşad cayının adı eyni adlı kürd tayfasının adından daha qədimdir [6,108-112]. Biz də öz növbəmizdə hesab edirik ki, həmin qaynaqlarda “kürd” kimi qeydə alınan tayfa əvvəldən bəri heç də bizim indi “kürd” adlandırdığımız topluya aid edilə bilməz, çünki etnik təfəkkür formalaşmağa başladıqdan bəri və sonralar istər Ksenofontda (kordux), istərsə də Strabonda (Korduena), ermənilərdə Korduk, həmin ad altında “Boz Qurdçuluq” fəlsəfəsi sezilir və danılmazdır [13, 387-419].

S.K.Kərimovun mülahizələrindən aydın olur ki, barqu qədim türk-monqol mənşəli tayfalarından biridir. Məsələn, Çingiz xanın oğlu Cuçi xan 1207-ci ildə qərbə doğru hərəkət edərək, oyrat, buryat, barqu, ubsus, xabsaq və tubas tayfalarının torpaqlarını tumuşdur [6,108-112]. Fəxrəddin Mübarəkşahın məlumatında isə barqu tayfası 58 türk tayfasından biridir [28; 18, 115]. Rəşidəddinin məlumatlarında barqular “barqutlar” kimi qələmə alınıb [25, 121]. Türk dasatanlarında isə belə bir məlumat var ki, “Xatayın o biri tərəfində, dənizin sahilində keçilməz dağlarda çoxlu ellər vardı. Onların hökmdarlarının adı İt-Barak xan idi. [Oğuz xan ] onun üstünə müharibə ilə getdi. Onlar döyüşdülər; İt-Barak xan qalib çıxdı…” [1,56].

Bu və digər faktlara əsaslanan S.K.Kərimov hesab edir ki, barquların Azərbaycan ərazisində məskunlaşması monqol yürüşlərindən xeyli əvvəlki dövrlərə aiddir. Tədqiqatçı yazır ki, 1540-cı ildə Səfəvi şahı Təhmasib Gürcüstana ilk səfəri zamanı Bərgüşüda gəlmiş və burada qonaq qalmışdı [6,109].

O ki, qaldı “-şad” adına, tədqiqatçılar tərəfindən onu da maraqlı izahları verilir. Misal kimi Azərbaycanda Şahbuz rayonunda Şada oykonimi, onunla bağlı Göranboyda Şadılı yer adı göstərilir və hələ XIX əsrdə Azərbaycanda yaşayan şadlı tayfasının adı çəkilir.

Q.Qeybullayev qənaətlərinə əsasən bu yer və tayfa adları qədim şato etnonimi ilə bağlıdır. Həmin tayfa “on ox xalqı” tərkibinə daxil olaraq vaxtı ilə Çu çayının sahilində yaşayırdı [18, 38]. Lakin S.K.Kərimovun “-şad” şəkilçisi ilə bağlı düşüncələrinə gəldikdə, o bunu qədim iran dillərindəki “-şad/-şat” – “ölkə, şəhər”, ümumiyyətlə “yaşayış məntəqəsi (məsələn, Arevşat, Vardaşat, Mqraşat) əsasında izah etməyə calışımıdır [6, 108-112]. Şübhəsiz ki, S.K.Kərimovun bu cür yanaşması həqiqətdən uzaqdır və tədqiqatçıları dolaşığa salır.

Əslində onu nəzərə almalıyıq ki, qədimdə müəyyən bir çayın sahilində yaranan ticarət və sənətkarlıq mərkəzi olan hər bir şəhər bilavasitə ticarət və sənətkarlıq tələbatları ilə meydana gəlirdi və bu halda cayın şəhərdən deyil, əksinə, şəhərin məhz caydan ad götürməsi bir çox faktlarla təsdiqlənir, məsələn Xəzər xaqanlığının paytaxtı İdil (Beyda) – İdil/Bulqar (Volqa) çayından, Moskva şəhəri – Moskva çayından [12, 147, 214-216], Dnepropetrovsk şəhəri – Dnepr cayından və sair.

Bərgüşad çayının adının mənasının açılışına gəldikdə isə hazırda “erməni” adı ilə tanınan “Vorotan” sözünün izahı və hər iki adların müqayisəsi Bərgüşad cayının həqiqi anlamını üzə çıxarmağa yardımçı ola bilər. Birincisi, bu da nəzərə alınmalıdır ki, Vorotan adında “v-“ hərfi proteza olan, yəni ermənilər tərəfindən əlavə edilmiş səsdir ki, bu da hayların dil ahənginə uyğun olan əlamətdir, məsələn qaynaqlarda – fars “ostan(əyalət)” sözünü ermənilər “vostan”; türk şəxs adı “Ərbak” → ermənicə Vrbak; İrk/İberiya (ƏskiparaVoskepar)  toponimlərini isə erməniləşdirib Virk/Vratsi ” [13, 13] kimi səsləndirdilər.

Təbii ki, qədim düşüncə tərzində “su” yerdə İlahi aləmin maddi təcəssümüdür. Onun (yağış) vasitəsi ilə torpaq canlanır! Təsadüfü deyil ki, türk, hindavropa və sami mifologiyasında “Tanrı/Yahvə/Tor/Donar” “qasırğa vasitəsi ilə torpağın canlanması” deməkdir [9, 357-372; 11, 17-38]. Məhz bu – “su → yer”, yəni “İlahi bərəkət vasitəsi ilə torpağın canlanması” düşüncəsi “Su/Şu(m/b) + (y)er → Şumer” adının yaranmasına tə­kan verdi. Göründüyü kimi, biz “şumer” adlandırdığımız mədəniyyətin əsasında bilava­sitə Türk düşüncə tərzi durur! Bu isə, bizi bu ərazilərə gəlmə hesab edənlərin “güman­larına” əksinə olaraq, türklərin bu ərazidə daha qədim zamanlardan yaşamasını təsdiqləyir!

Məsələn, türklərdə “Tengiz/Dəniz” yerdə İlahi nurun maddi təcəssümlərindən biridir. Nəzərə almalıyıq ki, bir çox hallarda çay adları da “-tan-/-dan-“ söz komponenti vasitəsi (məsələn, Tanais/Don, Danapr/Dnepr/Borisfen, Danastr/Dnestr, İordan) ilə yaranır  ki, həmin söz tərkibi türk mənşəlidir və həmin ifadə hətta doğma dilimizdə “tanımaq” felində və “Tanrı/Allah” sözündə də öz əksini tapmışdır [12, 417].

Türk dillərində “çay/su” anlayışlarla bağlı hidronimlərin yaranması “or- (Orxon), ur- (Ural), ar- (Araz)” komponentlərin iştirakı ilə də meydana gəlir. Buna görə də “Vorotan” sözündəki “v” hərfinin proteza olmasını nəzərə alsaq, bu vəziyyətdə “or/ar” — türk dilində “su/çay” mənasında olduğunu sübut edir. Belə olan halda, “-tan-“ isə “işıqlı/ səmavi” mənasında işlədilmişdir və bu da Tanrı/Allahın “Nur/İşıq” olması ilə təsdiqlənir. Məhz erməni dilində həmin çayın “(V)orotan” olması Bərgüşad çayının türkcə həqiqi yozumunu — “parıltılı su” kimi izah etməsinə imkan yaradır. Yəni, tam əminliklə demək olar ki, “(V)orotan” adı türk mənşəlidir və onun erməni/haylara heç bir aidiyyatı yoxdur.

Amma onu da demək lazımdır ki, “Bərgüşad” adındakı “bərq” sözü heç də tayfa adı deyil. Burada bizim ulu türklər “tan-“ anlamının sinonimi kimi ərəb “bərq” sözündən istifadə edirlər. “Bərəqə” feli ərəbcədən “parıldamaq, nur saçmaq” [14, 66] kimi tərcümə olunur və bu ad “Azərbaycan/türk” dəstgahlarında (Rast, Segah, Şur, Mahur hindi, Bayatı-qacar) “mübərriqə/parıldamağa sövq edən” [12, 330] şöbəsi kimi bizə çatdırılaraq, həmin mənanı qoruyub saxlamışdır. Bu mülahizələrə əsaslanaraq deməliyik ki, “Bərgüşad” adı yerli türklər tərəfindən “şad, şıltaq, parıltılı su” mənasında işlədilən həmin sözü, əvvəllər türk mənşəli olan “(V)Orotan” adını sonralar dövrlərinə uyğun olaraq ərəb “bərq-” və fars “şad (şən)” sözləri ilə əvəz etmişdilər. Bunun əsasında da türklər cayın adını yeni bir məzmunda əks etdirdilər. Bu cür hallar xalqımız arasında geniş yayılmışdır, məsələn Buzovnada yerləşən “Alov ayağı” adlı pir İslamlaşdırılıb “Əli ayağı/ Qədəmgah” adlandırıldı. Şübhəsiz ki, həmin çayın sahilində yaşayan “bərgüşad”-lılar sonralar özlərinə etnonimi həmin çayın adından götürmüşdülər. Bu faktlar isə “bərgüşad” adının kürdlərlə heç bir əlaqəsinin olmadığını təsdiqləyir.

Qubadlı ərazisindən axan digər böyük çay Həkəridir. Həkəri çayı Araz çayının sol qoludur. Həkəri çayı Tərtədən sonra Kiçik Qafqazda ikinci böyük çay sayılır. Həmin çay öz başlanğıcını Mıxtökən silsiləsinin cənub-çərq yamaclarında 3454 metr yüksəklikdən başlayır və Araz çayına15 km qalmış Bərgüşadçaya qovuşur. Ümumi uzunluğü 129 kilometrdir [7, 28].

Qubadlı rayonunda Həkəri adlanan çaya ermənilər Akori deyirlər [6, 110]. Malik Mirzəyevin yazdığına görə, bu qədim cayın Əkərə, Akorlu, Akari və Akori formalarında işlədilməsi, həmin cayın adının təhrif olunmasının nəticəsidir [5, 28]. Tacikistanda Xokarion, İranda Həkəri kəndləri, Türkiyədə Həkəri vilayəti qeydə alınıb [26, 46; 22, 11; 2, 205-268; 29, 337, 502]. Vaxtı ilə Qubadlı və Laçın rayonları Həkəri mahalı hesab olunurdu [19, 205].

Azərbaycan ərazisindəki Həkəri adına erkən orta əsr mənbələrində rast gəlmək olar. Alban tarixçisi Kalankatuklu Moisey Babək (Baban) hərəkatı ilə 831-ci il hadisələrindən bəhs edərkən yazır: “İki ildən sonra Babək [Məhəmməd  ibn Humayd ət-] Tusini məğlub edib yüz əlli minlik ordusunu qovurdu. Sonrakı ildə Babək İbrahim ibn əl-Leys ibn Fəzli darmadağın etdi. Yenə həmin ildə Davon və Şapuh adlı xainlər dostluq və sülh bəhanəsi ilə gələrək beyləqanlıları Babəki (Babanı) çağıran və Əbüləsəd adlanan Stepanosu öldürdülər. Beyləqanlılar Becor vilayətinin və Ureas, Kərnəkəş, Həkkəri (Ş.Smbatyanın nəşrində bu ad “hAkari” kimi verilib – müəllif) və Tapat kəndlərinin əhalisini qılınc və nizələrdən keçirtmişlər. Amma bunlar yenə də Babəkin əleyhinə üsyan qaldırdılar və döyüşdə ona müqavimət göstərdilər” [5, 195; 21, 164]. Qeyd olunmalıdır ki, həmin hadisələr cərəyan edən vaxt Həkəri ərazisi Sünik knayazlığına daxil idi [6, 110] və ərazinin xürrəmilər hərəkatında mühüm rol oynadığını göstərir.

Bundan başqa, Kəlbəcər rayonunun qədim abidələrindən olan Xotovank komple­ksinin yazılarında da Hakarakaberd qalasının adı qeyd olunmuşdur [4, 72; 18, 9, 136]. Tədqiqatçıların qənaətinə görə «berd» sözü erməni dilində “qala” deməkdir. “Hakarak­aberd” yəni “Həkəri qalası” Həkəri çayının sol sahilində yerləşib. Həkəri kəndinin yaxınlığında “Qalacıq” deyilən qədim bir qala xarabalığı vardır və güman edilir ki, həmin qalanın adı Həkəri olmuşdur [6, 110]. VIII əsrdə yaşayan erməni tarixçisi Gevond Araz çayı yaxınlığında Akori kəndinin adını çəkir ki, bu da güman ki, Həkəri adı ilə eynı mənşəli idi [20, 15; 6, 110-111].

VII əsrə aid xəritədə Həkəri çayının qədim adı Alban (Ağvan) çayı kimi verilmişdir [18, 18; 6, 110]. Burada da güman olunur ki, Alban çayı bu vilayətdə qədim zamanlardan məskun olan Həkəri tayfa adı ilə əvəz olunmuşdu və onun əvvəlki adı unudulmuşdur [6, 110].

Həkəri cayı adının mənşəyi ilə də bağlı bir neçə mülahizələr var. Fərziyələrin birinə görə, Həkəri adı mənşə etibari ilə “əkin, əkin yeri” mənasını verən şumer-akkad “aqar/akar” sözündən alınıb [18, 9, 136]. Lakin bu fərziyə məqbul sayıla bilməz, çünki adı çəkilən ərazi şumer-akkad etnoliqvistik arealdan çox uzaqda yerləşirdi.

Digər fərziyəyə görə, “həkəri” qədim kürd tayfasıdır və hazırda onlar Türkiyənin Həkəri vilayətində və İranın Həkəri kəndində yaşayırlar [22, 11; 29, 337, 502]. Həmin tədqiqatçılar bunu onunla əsaslandırmaq istəyirlər ki, güya X əsrdə yaşayan məşhur kürd şairlərindən olan və həkəri tayfasına mənsub Əli Həriri və Əli Tərmuki həmin tayfanın adını özləri üçün ləqəb götürmüş və Həkəri təxəllüsü ilə yazıb-yaratmışlar [7, 28; 6, 110;]. Lakin bu fərziyə də əsassızdır. Çünki, adı çəkilən müəlliflərin qeydlərində XVI əsrdə baş vermiş bir hadisəyə istnad etdikləri belə bir məlumat var. Həkəri çayının sağ sahilində hökmranlıq edən xanlarından biri Həkərə mahalının Qaramanlı kəndində yaşamış el aşıqı Sarı Aşığı öz sarayına dəvət edir. Lakin vətənpərvər aşıq xanın bu təklifi ilə razılaşmayaraq ona belə bir bayatı ilə cavab verir:

Mən aşıqam, ha kərim.

Tanrı sizə, ha kərim.

Xan, sənə öz vətənin,

Mana da öz Həkərim.

Yaxud da:

Həkərim, ha Həkərim

Yağım, balım, şəkərim

Xan, sənə öz vətənin,

Mana da öz Həkərim [7, 110]

(seçmə mənimdir – müəllif).

Beləliklə, türk mənşəli Qaraman nəslindən olan Aşığın bu şeirindən aydın olur ki, Həkəri türkündür (!!! – müəllif) və onu digər etnik arealda axtarmaq düzgün deyil.

Deyilənləri aşağıdaki faktlar təsdiqləyir. Birincisi, yuxarıda qeyd olunduğu kimi hazırda “kürd” adını daşımaq heç də o demək deyil ki, istifadə etdiyimiz “kürd” adı etnik baxımından iran mənşəlidir [7, 385-402]. Yuxarıda “kürd” adı haqqında bəzi fikirlərimizi söylədik. Burada fikirlərimizi qısaca bəzi faktlarla da təsdiqləmək istərdik. Məsələn, indi biz “bolqar” adlandırdığımız xalqın adı türk mənşəli bulqarlardan alınıb, hazırda isə onlar slavyan dillidirlər, yaxud özlərini türk hesab edən və adları türk “xunlu” sözündən yaranan müasir xınalıqlılar [12, 436] hazırda qafqazdillidirlər, nəhayət, yuxarıda göstərdiyimiz kimi, müasir irandillilərin mərkəzi sayılan “Parsua” adı türk “Bars oba“ adından alınmadır [10, 19-30; 12, 373 və ardı; 13, 387-419]. Nəhayət, “Qubadlı” adı  I Şah Abbas dövründə bura şahsevən tayfaları ilə birlikdə gələn “Bəkdili”-lərlə bağlıdır [17,36-37]. Qədim türk şəçərəsinə əsasən isə həmin tayfanın adı Oğuz xanın Yıldız xandan olan nəvəsinin adından alınmadır [3,192]. Fəzlullah Rəşiəddin məlumat verir ki, Xarəzmşahlar dövlətinin banisi Ənuş-Təgin Bəkdili nəslindəndir [16,6]

Bu deyilənləri başqa mühüm faktla təsdiqləmək olar. Bütün düşünülmüş təhriflərə baxmayaraq, şübhəsizdir ki, Albaniyanın tərkib hissəsi olan Qarabağın əhalisi türk mən­şəlidir [12, 373 və davamı]. Lakin onların bir hissəsinin Tanrıçılıqdan üz döndərərək xris­tian olmaları və sonralar ermənilərin məkrli siyasətləri nəticəsində adı çəkilən dinin er­mənilər arasında yayılmış monofizit təriqətinə yuvarlanması, həmin türk-albanların qri­qorianlaşması ilə erməniləşməsinə, ardınca isə milli varlıqlarının unudulmasına səbəb oldu.

Nəhayət, Həkəri adı türk mənşəli olduğu halda, güman edək ki, bu söz müasir kürdlərə aiddir! Bəs necə oldu ki, Əkəri adı ilə razılaşmayan və bu adı Həkəri kimi oxunuşunu məqbul sayaraq onu “kürd” mənşəli sayan həmin tədqiqatçılar bu adı Anadolunun Həkəri vilayətindən alınıb adı çəkilən tayfaya şamil etdiyi halda, həmin adın etimoloji izahını vermirlər? Axı biz erməni tədqiqatçılarının saxtakarlığına nə qədər etiraz etsək də, erməni dilli qaynaqlarda, məsələn, adı çəkilən alban tarixçisi Kalankatuklu Moiseydə, həmin söz nəfəsdən öncə icdən gələn “h” hərfi vasitəsi ilə yazılır — hAkari. Buna çoxlu başqa misallar da vardır. Məsələn, hazırda Anadoludakı Qızıl İrmak çayını yunanlar vaxtı ilə (h)Alis deyə adlandırırdılar. Bu, nəfəsdən öncə icdən gələn “h” hərfi türk dillərində “x/h/k” səslərini proteza /əlavə/ olunmasını (məsələn – aş/xaş/каша; araba/haraba; utiqur/kutiqur; Aydar/Xaydar/Heydər) [9, 385-402; 11,17-38]  misallarla təsdiqlənir. Həkəri adında “h” hərfinin proteza olmasını Qubadlı ərazisində yerləşən iki kəndin – Hal və Hat adlarını müqayisə üçün misal gətirə bilərik. Hər iki  halda — H(al) və H(at) türk sözləridir və “od/ot” → “al”  anlamını verir, həmin morfonemlər də Albaniya və Adurbadaqan (Azərbaycan) adlarında əks olunub və təsadüfü deyil ki, bu torpaqlar qədimdən “Odlar Yurdu” adlanır.

Bizi maraqlandıran ərazinin vaxtı ilə Albaniyanın Sünik/Sisakan vilayətinə daxil olması [2, 268] isə başqa maraqlı mətləbləri ortaya qoyur. M.Kalankatuklunun “Alban tarixinə” şərh verən Ş.Smbatyan Sünik adının yaranmasını izah edərkən yazırdı: “Sünik — ….. Böyük Ermənistanın on beş nəhənqlarından biridir…. Movses Xorenatsi Sünik adını … ermənilərin əcdadı hAykın yaxın xələflərinin adından çıxarır. Süni adının elmi izahını S.Yeremyan verir, qeyd edərək ki, urartu yazıları Sevan (Göyçə — Ə.Ə) gölü hövzəsində Ueduri-Etiunini yerləşdirirlər ki, onun da sonuncu hissəsi …. – Uti/Udi tayfa adı ilə əlaqələndirilir. Ueduri-Etiuni (tərkibinə) dörd “göl ətrafı ölkə” – Uelikuxi (Uelikuni), Luyeruniv, Adaxuniv və Arkuniv daxildir. Etiuniadının urartu /dilindəki/ sinonimi Suiniyadır (!!! – müəllif) ki, onun da mənası “dəniz, göl sahili ətrafı” deməkdir. Sünik isə … urartu Suiniya adının sinonimidir” [21,196]. Əgər biz bu mülahizələrə əsasən adı çəkilən sözlərin “dəniz/göl” anlamı ilə bağlı olduqlarını nəzərə alsaq, onda belə çıxır ki, S.T.Yeremyan özü də istəmədən bir daha Suiniya/Sünik/Sevan adlarının türk “su” anlamı ilə bağlı olduğunu sübut edir.

Lakin hesab ediri ki, “su/Süniya/” və et/Etiuni/” insan dərrakəsinin daha dərin qatlarının məhsuludur, çünki istər “su” və onun mütateza (məna qorunmaqla hərflərin yer dəyişməsi – müəllif) “is-”, və onun sinonimi olan “et-/etmək“ “od/enerji” deməkdir və təsadüfü deyil ki, son vaxtlara qədər “su” enerjinin alınmasında əsas vasitələrdəndir.

Enerji ilə bağlı “su/şu/si/is/iş/us/uş/uz/as/az/od/ot/ut” türk dilinə xas olam morfonemlər istər etnik (Şumer/Sumer, Sak, Kaspi), istərsə də toponimik (Sisakan, Sinop, Xotovank / ”nur kilsəssi” – türkcə “x+ot/d” və erməni “vənk/kilsə/, şəxs /İşbakay/ və sosial /işxan/ terminologiyada əksini tapmışdı. XX əsrin əvvəlində Qubadlı qəzasında Ud-Gün adlı kənd var idi.

Burada haşiyə cıxaraq maraqlı bir məqamı da qeyd etmək istərdim. İstər vaxtı ilə Sünikə daxil olan Qubadlı, istərsə də Laçın və Qapan(Kafan) tarixən Qarabağın tərkib hissələri olub. A.N.Ter-Gevondyan bizim torpaqların yer adlarını erməniləşdirmək məqsədi ilə yazır ki, Arsax, yəni müasir Dağlıq Qarabağın toponimiyası Sünikə meyillidir [27,135, 167]. Amma bununla razılaşmayaraq əksini deməliyik – Sünik/Sisakan toponimiyası Albaniya/Arran ərazisinə meyillidir. Kalankatuklu Moiseyin yazdığına görə albanlar Sisak nəslindəndilər və göründüyü kimi Sisakan/Sünik adının yaranması bilavsitə həmin əlaqələrlə bağlıdır. Həmin A.N.Ter-Gevondyan yazır ki, IX əsrdə Sünik hakimlərinin iqamətgahı Şalatda yerləşirdi [27, 135, 167]. Kalankatuklu Moiseyin digər nəşrlərindən fərqli olaraq Ş. Smbatyanın tərcüməsində də həmin məntəqənin adı “Şalat” verilir [21, 66, 67, 164]. Erməni əlifbasında “lat” adlı bir hərf var ki, o da “ğ/l” əvəzlənməsi ilə səslənir, məsələn “Ğevond/Levon;  türkcə pul(money, деньги) – ermənicə — puğ; Albaniyanın vilayətlərində biri Bağk — Balk  kimi də verilir [5,192; 21,15, 164, 166] və sair. Buna görə də, erməni dil ahəngini nəzərə alaraq “Şalat” adını “Şaqat” kimi oxuyuruq. Bu fakt isə həmin ərazilərin qədimdəm türk-sakalara məhsus olduğunu sübut edir. Kalankatuklu Moiseyin bu faktı və albanların “keturian/ qurt” olması haqqında məlumatı adı çəkilən tayfanın (albanların – müəllif) qafqazdilli areala mənsub olması haqqında olan bütün uydumaları alt-üst edir [24; 13,  387-419].

Yuxarıda göstərdiyimiz kimi, cay adlarında olan «tan-“ “işıq/Tanrıçılıq” ideyasın­dan yaranan anlamdır. Maraqlıdır ki, qədim misirlilər dünyanı yaradan “Ra” Allahlarını “Hekri” də adlandırırlar. Bir çox dillərdə cingiltili “-r-“ hərfinin metateza xüsusiyətlərini nəzərə aldıqda, “Hekri” adı “Hekir” oxunur və burada biz türkcə “Gök (səma) + ər (kişi)”  anlmını müşahidə edirik ki, bu da, yuxarıda gördüyümü kimi, türlərin Tanrını “Kuar” adlandırılması ilə təsdiqlənir.

“Hay-k” adının mənşəyini öyrənərkən bəzi tədqiqatçılar qeyd edirdi ki, bir çox erməni/haylarda Orionun adı “Qeq-ir”-dir [12, 355]. «Ra»-nın “İşıq” və “kişi” olmasını nəzərə alaraq burada biz başqa bir paraleli də təqdim etməliyik. “Ra” və onun metateza “Ar/Ər (kişi)” anlamını tutuşdurduqda biz görürük ki, bütün hallarda “ar/ur/ir/ra” “işıqla” bağlı anlayışdır ki, bəzi dillərdə “çay” anlamını bildirən sözlər məhz həm söz tərkibinin iştirakı ilə yaranır. Məsələn, türk dili əsasında yuxarıda nümunə göstərdiyimiz misallara (Orxon, Ural, Araz) əlavə olaraq, “arıq/k” sözünü də əlavə etmək olar. “Ər/ar” morfoneminin metatezası müasir hindavropa dillərində danışan xalqlarda isə “rud (fars), river (ingil.), река (rus)” kimi formalarda əks olunmuşdu.

Qədim türklərdə çay adları “işıq/rəng” determinativi vasitəsi ilə yaranması “Göyçay, Qızıl Üzən (Sarısu), Qızıl İrmak, Ağsu, Ağ İdil” adlarının olması ilə təsdiqlənir. Kiçik Qadqazın yamaclarında Murovdağdan başlanan çaylardan biri də, 1139-cu ildə Göygölün yaranmasında iştirak edən və Gəncəçaya tökülən çay “Ağsu” çayıdır. Bu çayın adına biz “Aksiy” formasında Troya-yunan müharibəsi dövründə Homerin “İlliada”-sında rast gəlirik [12, 268].

Beləliklə, bütün yuxarıda yazılanları nəzərə alaraq deməliyik ki, “Həkəri” çayının “kürdləşdirilməsi” meyllərinə baxmayaraq, onun adı türk dilindən “Ağsu → (h)Ak (ğ) + ər (su) kimi şərh edilməlidir və onun erməni qaynaqlarında “hAkari” kimi işlənməsi bila­vasitə bizim dediklərimizi bir daha möhkəmləndirir. “Ak/al” əvəzlənməsini biz “Albani­ya/Ağvan/Aqvan” adında da görürük. Bu cür səslənmə həmin arazidə yaşayan türklərin spesifik ləhcəsi idi ki, bunu da (H)əkəri adı ilə yanaşı burada yerləşən (H)al və (H)at adları ilə təsdiqlənir. Hər üç halda “ak/al/at” türk dilində “işıq, nur, bərq” anlamını əks etdirən anlamdır bu da “Bərgüşad” adı ilə də təsdiqlənir.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Əbülqazi Bahadır xan Şəcərei-tərakimə (türkmənlərin soy kitabı).//Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2002
  2. Əsgərov Ş. Əhməd xani və onun “Mim və Zin” poeması. Azərbaycan jurnalı.1971. № 10,
  3. Gokalp Ziya Türk medeniyyet tarihi. İstanbul.1976
  4. Göyüşov R. Xotavəng məbədi və onun yazılarına dair. Azər. SSR EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası. 1972, № 3
  5. Kalankatuklu Moisey Albaniya tarixi. Qoş Mxitar. Alban Salnaməsi. Bakı.1993
  6. Kərimov S.K. Azərbaycan SSR cənub-qərb ərazisinin çay adlarının mənşəyinə dair // Az.SSR EA Xəbərləri. Yer elmləri seriyası.1984, № 3
  7. Mirzəyev Malik Əkərə, yaxud Həkəri. Elm və həyat jurnalı. 1969. № 1
  8. Yüzbaşov R. , Əliyev K, Sədiyev Ş. Azərbaycan coğrafi adları (oçerki). Bakı, 1972,
  9. Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010
  10. Алекперов Алекпер. О названиях Парсуа, Азербайджан, Албания, Арран // “Türk dünyası: dünəni və bu günü” 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın Materialları.I. Bakı.2012.
  11. Алекперов Алекпер. Об этническом происхождении названия «кадус» // Труды Института Истории НАН Азербайджана, 2008, т. 26
  12. Aлекперов Алекпер. Тюрки Aзербайджана. Баку. 2011
  13. Алекперов Алекпер. Этимология некоторых названий тюркско-албанского происхождения // Dirçəliş XXI, 158-159/2011, s. 387-419
  14. Баранов Х.К. Арабо-русский словарь М.1977
  15. Букшпан А. Азербайджанские курды. Баку.1932
  16. Буниятов З.М. Государство Хорезмшахов-Ануштегинидов (1097-1231). М.1986
  17. Велиев М.В (Бахарлы)Азербайджан. Физико-географический очерк. Баку.1921
  18. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историко-этнографическое исследование) Баку.1986
  19. Еремян С.Т. Армения по «Ашхарацуйцу» (Армянской географии VII века) Ереван.1963
  20. История халифов вардапета Гевонда, писателя VIII века. Перевод с армянского К.Патканова. СПб.1862
  21. Каланкатуаци Мовсес История Страны Алуанк. Пер. и  ком. Ш.В. Смбатяна. Ереван.1984
  22. Карцов Ю. Заметки о курдах. Тифлис. 1896
  23. Лейбниц Г.В. Новые опыты о человеческом разуме. Перевод П.Юшкевича. М-Л.1936
  24. Мамедова Фарида Кавказская Албания и албаны Баку. 2005
  25. Рашид ад-Дин Сборник летописей. т.1.кн.1. М-Л.1952
  26. Список населенных пунктов Таджикской ССР. Сталинабад.1932
  27. Тер-Гевондян А.Н Армения и арабский халифат. Ереван. 1977.
  28. Умняков И. История Мубарак шаха. // Вестник Древней Истории. 1936, № 1
  29. Шараф-хан ибн Шамсаддин Бидлиси Шараф-наме. Перевод Е.И.Васильевой. т.1. М.1967
  30. Шопен И. Новые заметки по древней истории Кавказа и его обитателей. СПб.1866.

 Ələkbər Ələkbərov

ТРУДЫ

ИНСТИТУТА ИСТОРИИ НАН АЗЕРБАЙДЖАНА

2010, том 34 

 

Leave a Reply