Azərbaycanda “Türkiyə həftəsi»
26 Sentyabr 2012-ci il tarixində, SAM-da Azərbaycanda“ Türkiyə həftəsi”-nin yekunlarına dair mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında 23 – 28 Sentyabr 2012-ci il tarixlərində Azərbaycanda “Türkiyə həftəsi” zamanı Türkiyə və Azərbaycan beyin mərkəzlərinin nümayəndələri, millət vəkilləri, Universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdamda rəsmi səfərləri barədə Azərbaycan və Azərbaycanda fəaliyyət göstərən türk mediasının nümayəndələrinə məlumat vermişlər.
Gəncədə “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri” mövzusunda konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı, Milli Məclis Aparatı, Analitik İnformasiya Şöbəsinin müdir müavini Dr. Hatəm Cabbarlı, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Prof. Dr. Bülent Aras, Beynəlxalq Antalya Universitetinin rektoru Prof.Dr.Cihat Göktepe, Yalova Universitetinin müəllimi Yrd. Doç. Dr.Nevra Esentürk, Türkiyə XİN SAM-ın nümayəndəsi Sərkan Razi, “Today’s zaman” qəzetinin müxbiri Lamiyə Adılqızı iştirak etmişlər. Bundan başqa Gəncədəki Türkiyənin baş konsulu Haluk Ağca və Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədovla da görüşlər keçirilmişdir.
Lənkəranda keçirilən “Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstə” mövzulu konfransda Millət vəkili Fazil Mustafa, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, Türkiyə üzrə koordinator Cavid Vəliyev, AKP Ankara Millət vəkili Tülay Salamoğlu, USAK direktor müavini Prof. Dr. Kamer Kasım, Türkiyə XİN SAM-ın nümayəndəsi və Uludağ Universitetinin müəllimi Yrd. Doç. Dr. Ferhat Pirinççi, SETA-nın eksperti Ufuk Ulutaş, Türkiyə XİN SAM-ın nümayəndəsi Özcan Gültekin iştirak etmişlər. Eləcə də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovla görüşlər keçirilmiş və Türkiyənin Lənkərandakı fəxri konsulluğunun binası ziyarət edilmişdir.
25 Sentyabr 2012-ci il tarixində nümayəndə heyəti Ağdama səfər etmiş, Ağdam İcra başçısı Nizami Sadıqovla və Ağdamda yaşayan məcburi köçkünlərlə görüşlər keçirmişlər. Bu görüşlər 26 Sentyabr 2012-ci il tarixində Bakıda keçiriləcək rəsmi görüşlər, eləcə də 27 Sentyabr 2012-ci ildə Naxçıvan səfəri ilə yekunlaşacaqdır.
Bakı görüşlərində iştirak etmək üçün xüsusilə Türkiyə Respublikası Baş Nazirliyi Xalq Diplomatiyası koordinatoru Cəmaləddin Haşimi, Xaricdə yaşayan Türklər və qohum xalqlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gürsəl Dönməz və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Mehmet Sürəya Ər Bakıya səfər etmişlər.
Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.
Xatırladım ki, 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Türkiyənin beş səhərində (Trabzon, Kars, İqdır, Ərzurum və Konya ) “Azərbaycan Həftəsi” keçirmişdir.