|

Azərbaycanda islamaqədərki insanlar

1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3,50 out of 7)
Загрузка...

 

 

 

 

Mənəvi mədəniyyət sistemində islamaqədərki xalq inam­ları mühüm yer tutur. Güclü emossional enerjini özündə birləşdirən bu inamlar insanların fəlsəfi və estetik görüşlərini, həyat haqqında təsəvvürlərini, xeyirlə şərin mübarizəsini, tə­biə­tə, təbiət hadisələrinə və cəmiyyətə münasibətini əks etdirir. Tarixin ayrı-ayrı dövrlərində transformasiyaya və mo­dern­ləşməyə məruz qalmasına baxmayaraq, onlar arxaik, itirilmiş düşüncə tərzi olmayıb, real həyatda təsdiqini tapmış və bu gün də yaşamaqda olan hadisə kimi qavranılır.

İslamaqədərki inamlar xalq teatrının, musiqinin, rəs­sam­lığın, heykəltəraşlığın, söz sənətinin ayrı-ayrı janrlarının və digər incəsənət sahələrinin inkişafına da təkan vermişdir. Bu prosesdə Zərdüşt etiqadlarının, habelə İslam dini inam­la­rının təsiri və iştirakı inkaredilməzdir. Onlar üzvü bir surətdə birləşərək dini-fəlsəfi  dünyagörüşün çox maraqlı bir sintezini əmələ gətirmişdir.

Xalq inamlarının öyrənilməsinin vacibliyindən bəhs edən böyük yunan tarixçisi Herodot yazmışdır: «Əgər dünya xalq­larının hər birinə ən yaxşı adətləri və əxlaqı seçmək im­kanı verilsəydi, o zaman hərə özünə məxsus olanı seçərdi. Çünki, hər bir xalq hesab edir ki, onun adətləri, əxlaqı və həyat tərzi dünyada ən yaxşısıdır» (93, 8).

Bu barədə görkəmli mütəfəkkir alim Mirzə Kazımbəyin fikri isə belədir: «Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur: kö­çə­rilərdə onlar (əfsanə və rəvayətlər) şifahi hekayələr şək­lində nəsildən-nəslə keçir; yarımmədəni xalqların inanışlarının özü­lü­nü, yazılarının başlıca məzmununu, ədəbiyyat və tarix­lə­ri­ni təşkil edir; maariflənmiş  xalqlarda  xalqın  müqəd­dəs  irsi  ki­mi  təxəyyül üçün zəngin qida verir. Eyni zamanda bir xal­qın əfsanəsi digəri üçün heç vaxt müqəddəs ola bilməz» (99, 306).

Bu fikirlər təsadüfi deyilməmişdir. Çünki qədim  inam və etiqadlar xalqın tarixi keçmişininin öyrənilməsi ilə bərabər, «bu gününü dərk etməyə, tarixi-mədəni  perspektivi düzgün müəyyənləşdirməyə imkan verir» (7, 5).

Lakin təəssüflə qeyd etmək lazımdır ki, uzun illər ərzində qədim xalq inamları, mərasim və ayinlər obyektiv şəkildə nəinki öyrənilməmiş, əksinə, yarıtmaz bir siyasətin təhqir və məsxərə predmetinə çevrilmişdir. Xüsusilə Azərbaycanın keçmiş SSRİ-nin tərkibində  olduğu  yetmiş  ildən  artıq  bir  dövrdə  istər İslam dininə, istərsə də əsrlərin dərinliklərindən süzülüb gələn xalq inam və etiqadlarına düşmən münasibət bəslənilmişdir. Din xadimləri və dindarlar təqib olunmuş, müqəddəs ziyarətgahlar — pirlər, ocaqlar dağıdılıb məhv edil­miş­dir.  «Partiya və hökumət əks milli siyasət yeridərək, süni surətdə yeni, qondarma mülki adət və ənənələr formalaş­dı­rır­dı. Dinlə bağlı olmayan qədim adət və ənənələrə, mərasim və bayramlara, İslamdan əvvəlki etiqadlara, İslam dininə qarşı mübarizə kampaniyası aparırdı… Onlar xidməti vəzifələrin­dən istifadə edərək hətta azərbaycanlı kişilərin papaqlarını «keçmişin qalığı» və «gerilik əlaməti» sayaraq çıxarıb yerə çırpırdılar» (34, 102). Bu, xalqımızın tarixi keçmişinə qarşı yönəlmiş bir mənəvi terror siyasəti idi ki, nəticələri aşağıdakı sətirlərdən də aydın görünür: «İqtisadi-siyasi və mədəni həya­tı­mızda vaxtilə mühüm rol oynamış dini mərkəzlər — came-məscidlər, xanagah, ribat, pir və s. torpaq üzərində bizə və­təndaşlıq hüqüqu verən maddi-mənəvi pasportlarımız — tarixi abidələrimiz dağıdılıb yerlə-yeksan edilmişdir. Mədə­niyyət irsi olan məscidlər anbara dönmüş, böyük arzu və amallarla yaşamış insanların  — sələflərimizin mənalı ömür yo­lu­nun son məkanı olan qəbristanlıqlar xarabalığa çevril­miş­dir. Və ən yaxşı halda şumlanıb üzüm, tərəvəz plantasiyaları salınmış, binalar tikilmişdir» (52, 4).

Lakin 1991-ci ildə Azərbaycanın yenidən dövlət müstə­qilliyi qazanması ilə vəziyyət tamamilə dəyişdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müddəaları əsasında insanların vicdan azadlığı qanunvericilik yolu ilə təsbit olundu. Xalqı­mı­zın uzun illər ərzində təqib olunmuş və yasaq edilmiş milli-mənəvi dəyərlərinə qayıdışı üçün əlverişli şərait yarandı. Müqəddəs  ziyarətgahların, qədim inanc yerlərinin bərpası və mühafizəsi dövlət əhəmiyyətli məsələ kimi ortaya qoyuldu. Bu istiqamət prioritet olaraq ümummilli liderimiz H.Ə.Əliyevin sərəncamlarında, çıxış və məruzələrində də əksini tapdı. Onun 1995-ci ildə Bakıda keçirilən beynəlxalq konfrans və Qafqaz müsəlmanları qurultayındakı söylədiyi nitqin müddəaları da bunu aydın şəkildə göstərir: «…Məlumdur ki, biz yetmiş il kommunist ideologiyası altında tərbiyələnərək, dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü yetmiş il ərzində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan və təhrif edilməsi olmuşdur. …Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər gücə malikdir ki, heç bir hakimiyyət, heç bir hökmdar, heç bir ideologiya  onunla bacara bilməz və yetmiş illik tarix də göstərdi ki, bunu bacara bilmədi» (25, 10).

Mənəvi dəyərlərə belə bir münasibət nəticədə islamaqə­dər­ki inam və etiqadların elmi tədqiqinə də marağın art­ma­sına səbəb oldu. Qısa zaman kəsiyində bu mövzuda yeni təd­qi­qat  əsərləri  meydana çıxdı, namizədlik və doktorluk  dis­ser­ta­siyaları müdafiə olundu, yeni nəşrlər  və  monoqrafiyalar  işıq  üzü  gördü.  Lakin bütün bunlar keçmiş ittifaq subyekt­lə­rin­də və digər  xarici ölkələrdə  görülən  işlərlə  müqayisədə, həmçinin ötən dövrlərdə mənəvi irsimizə dəymiş zərbələrin nəticələrini aradan qaldırmaq baxımından yetərli deyildi. Tarixin qalın qatları ilə səsləşən xalq inamlarının öyrənilməsi təşəbbüsünü ardıcıl olaraq davam və inkişaf etdirmək lazım idi. Təqdim olunan monorafiya da məhz bu ehtiyacın qa­nu­nauyğun nəticəsi kimi meydana çıxmışdır.

Tədqiqat obyekti olaraq Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarını əhatə edən Azərbaycan Respubli­ka­sının cənub bölgəsinin sesilməsi də təsadüfü olmayıb, bir sıra vacib amillərlə şərtlənmişdir. Əvvəlan, bölgə istər etnik tərkib, istər təbii-coğrafi şərait və istərsə də etnoqrafik baxımdan ol­duqca maraqlıdır. Buranın əhalisi əsasən talış və azərbaycanlılardan ibarətdir. Lakin etnik  müxtəliflik yalnız rəmzi xarakter daşıyır. Çünki «demək olar hər bir talış öz dili ilə bə­rabər, Azərbaycan dilində sərbəst danışa bilir. Bu dil onların ikinci ana dilinə çevrilmişdir» (142, 187). Eyni zamanda   bölgədə yaşayan hər bir Azərbaycan türkü də talış dilini çətinlik çəkmədən istifadə edir.

İkincisi, əsrlər boyu birgə yaşayan talışlar və azəri türkləri müştərək və olduqca zəngin bir mədəniyyət yaratmışlar. Elə bir mədəniyyət ki, onun hansısa elementinin talışa, yaxud da türkə mənsubluğunu ayırd etmək olduqca çətindir. Bu isə onu sübut edir ki, etnik müxtəliflik, lakin təxminən eyni sosial-iqtisadi və mədəni inkişaf şəraitində oxşar, məzmun etibarılə identik proseslərin baş verməsi tamamilə mümkündür. Lən­kəran-Astara etnoqrafik bölgəsi buna əyani sübut ola bilər.

Tədqiqat obyekti seçilmiş bölgə əhalisinin ənənəvi mənəvi mədəniyyətinə, o cümlədən islamaqədərki xalq inamlarına aid məlumatlara ayrı-ayrı vaxtlarda yazılmış əsərlərdə və monoq­rafiyalarda rast gəlinsə də, problem ardıcıl və sistemli olaraq öyrənilməmişdir. Bölgənin tədqiqat obyekti kimi seçilməsini şərtləndirən amillərdən biri də məhz budur.

Buna baxmayaraq, təqdim olunan tədqiqat işində qarşıya qoyulmuş problem konkret coğrafi çərcivədə deyil, ümum­azər­baycan kontekstində araşdırılır, yeri gəldikcə digər türk­dilli, həmçinin dünyanın başqa xalqları ilə paralellər aparılır. Bu isə tədqiqat mövzusunun aktuallığını bir qədər də artırır.

İslamaqədərki inamların, etiqad, mərasim və ayinlərin  əhatə sferası geniş olduğundan, monoqrafiyada əsas diqqət bölgə əhalisinin kosmoqonik inamlarına, heyvan və bitkilərlə bağlı təsəvvürlərinə, həmçinin demonoloji görüşlərinə yönəl­dil­mişdir.  Məqsəd  xalqın ənənəvi həyat tərzi, içtimai məişəti, təbiətə və təbiət hadisələrinə münasibəti barədə məlumatları sistemləşdirib konkret elmi nəticələr əldə etməkdir.

O da məlumdur ki, Azərbaycanda tarixən formalaşmış vahid etnik-mədəni sistemin mövcudluğuna baxmayaraq, onun hər bölgəsi, rayonu, hətta kəndi özünün spesifik, özü­nə­məx­sus cəhətləri ilə seçilir. Bütün həyat sahələrini əhatə edən bu cəhət  tədqiqat obyekti  seçilmiş Lənkəran-Astara bölgə­sin­də daha çox nəzərə çarpır. Qarşısya qoyulmuş məqsəd­lər­dən biri də həmin özünəməxsusluqları və ümumi qanuna­uyğunluqları üzə çıxarmaqdır.

Problemin nəzəri əsas­ları işlənərkən ibtidai təsəvvürlərin görkəmli tədqiqatçılarının — S.A.Tokarevin, C.Frezerin, A.F.Losevin, M.İ.Şaxnoviçin, Z.Sokolovanın, D.K.Zeleninin, İ.İ Meşşaninovun, H.A.Quli­ye­vin, T.Bayraməlibəyovun və başqalarının əsərlərinə xüsusi diqqət yetirilmiş, Azərbaycan folklorunun müxtəlif janrlarına (nağıllar, əfsanələr, nəğmələr, inanclar, alqışlar, qarğışlar, atalar sözləri və məsələlər, yasaqlar və s.) və mifoloji mətnlərə müraciət olunmuşdur. Bölgə üzrə aparılmış çöl-tədqiqat işlə­ri­nin və etnoqrafik sorğuların nəticələri, ayrı-ayrı kənd və qəsə­bə­lərdən torlanmış məlumatlar monoqrafiyanın əsas məzmu­nu­nu təşkil edir.

XIX əsrin ortalarına qədər Azərbaycan etnoqrafiyasına həsr olunmuş elmi-tədqiqat əsərləri demək olar ki,  yazılma­mış­dır. Doğrudur, XVIII əsrdə və XIX əsrin birinci yarısında Rusiya dövlət adamlarının, hərbçilərin və yüksək vəzifəli mə­murların Azərbaycana, həmçinin Lənkəran-Astara bölgəsinə səfərləri baş verir və bu səfərlərin hesabatları çap olunurdu. Lakin həmin hesabatlar elmi xarakterli olmayıb, mahiyyətcə imperiyanın iqtisadi və siyasi maraqlarına, regiondakı müs­təm­ləkəçilik planlarına xidmət edirdi. Müstəqil milli dövlətin, milli elmin və milli kadr potensialının olmadığı bir şəraitdə isə bu, tamamilə təbii sayılmalıdır. Odur ki, görkəmli filosof və şərqşünas-alim Mirzə  Kazımbəyin 1848-ci  ildə  çap  olunmuş  «Firdovsiyə görə farsların mifologiyası» və  «Mifoloji lüğət»   kitabları  (ikinci əsər hazırda Tatarıstanın Mərkəzi Dövlət Arxivində  saxlanılır), o cümlədən A. Bakıxanovun «Gülüs­tani-İrəm» əsəri  Azərbaycanda mifoloji araşdırmaların ilkin nümunələri sayıla bilər.

XIX əsrin ortalarına doğru rusların bölgəyə marağı daha da artır. Bunun da nəticəsi olaraq 1863-cü ildə rus müəllifi P.F. Rissin «O talışax, ob ix obraze jizni i əzıke» (Ta­lış­lar-onların həyat tərzi və dili haqqında) adlı  əsəri çap olunur. Əsəri talışların mənəvi mədəniyyətini, dilini, habelə həyat tər­zinin müxtəlif istiqamətlərini öyrənmək baxımından  faydalı hesab etmək olar.

XIX əsrin 80-90-cı illərindən etibarən isə qədim xalq inamlarına, mifoloji görüşlərə müraciət edən alim və ziya­lı­la­rın sayı artır. Bu sahədə fəallıq az qala bir hərəkat şəklini alır. Azərbaycan dilində mətbuatın yaranması və yayılması da ziyalı hərəkatına güclü təkan verir. Lakin bunun başlıca sə­bəbi Tiflisdə «Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza» (SMOMPK) adlı məcmuənin fəaliyyətə  başlaması idi. Belə ki, Qafqazın azərbaycanlılar yaşayan müxtəlif kənd, qəsəbə və şəhərlərindən toplanan materiallar bu məcmuədə çap edilirdi. Onun müxtəlif buraxılışlarında A.Qiyasbəyov, A.Aslanov, İ.Muradov, T.Bayraməlibəyov və onlarca başqaları tərəfindən toplanmış folklor nümunələri işıq üzü görürdü. Mifoloji irsin görkəmli tədqiqatçılarından olan H.Zeynallı sonradan həmkarlarının fədakar əməyini aşağı­da­kı şəkildə ifadə etmişdi: «…Lopatinskinin ətrafında çalışan Azərbaycan müəllimlərinin adını həmən SMOMPK məc­muələ­rində oxuyarkən insanın qeyrəti artır. O adamların nə qədər həvəsi, nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata uzun-uzun hekayələri, mənzumələri türkcə toplayıb, tərcümələri ilə bərabər Tiflisə göndərərlərmiş. Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən böylə adamların adları qızıl su ilə ən görkəmli yerə yazılmalıdır» (63, 16-117).

H.Zeynallı daha sonra yazırdı: «…Həmin müəllimlərin gördüyü iş nəticəsində XX yüzilin başlanğıcında Azərbaycan folklor və mifologiya  araşdırmaları genişlənmiş, toplama işi­nə verilən tələblər və məqalələrin elmi-nəzəri səviyyəsi daha da yüksəlmişdir. Bu, birinci növbədə F.Köçərli, Y.V.Çəmən­zə­minli və T.Bayraməlibəyov kimi həm toplama, həm də araşdırma ilə məşğul olan alimlərə aiddir» (63, 26).

Yeri gəlmişkən, Lənkəran-Astara bölgəsi əhalisinin qədim inam və etiqadlarının öyrənilməsi tarixi də məhz sonuncunun adı ilə bağlıdır. Onun topladığı əfsanə və rəvayətlər SMOMPK məcmuəsi ilə yanaşı, «Kaspi» qəzeti səhifələrində də çap olu­nurdu. «Bu gün cəsarətlə demək olar ki, bu qəzetin səhifə­lə­rində ilk dəfə olaraq folklor incilərini təqdim edən və digər müəlliflərə nisbətən daha çox şifahi xalq ədəbiyyatı nümunə­lərini qələmə alan məhz, T.Bayraməlibəyov olmuşdur. O, təkcə 1891-1896-cı illər ərzində həmin qəzetin səhifələrində 16-dan çox əfsanə və rəvayət çap etdirmişdir» (5, 15). «…Onun «Yatmış pəhləvan haqqında talış əfsanəsi», «Yatmış şahzadə qız haqqında talış xalq əfsanəsi», «Yəzdikürd şah haqqnıda fars tarixi əfsanəsi», «Şah Abbas haqqnıda xalq əfsanələri», «Nuşirəvan şah haqqında tarixi fars dastanı», «Tatar xalq dastanı» (tatar-türk), «Şah Abbas haqqında tatar (türk) xalq nağılı», müsəlman rəvayətləri adı ilə çap etdirdiyi əfsanə və rəvayətləri müxtəlif adamlardan topladığını, bir çoxlarına hətta izahat xarakterli sözönü, girişlər yazdığını, çətin sözlərin lüğətini verdiyini görürük» (5, 16).

T.Bayraməlibəyovun etnoqrafik araşdırmaları onu Azər­bay­canın ilk etnoqraflarından biri kimi də qəbul etməyə imkan verir. Müəllifin SMOMPK-nın müxtəlif buraxılış­la­rın­da çap etdirdiyi «İz kosmoqoniçeskix poveriy talışinüev Lenkoranskoqo uezda», «Talışinskie leqendı i poveriy» adlı məqalə və mətnlər bölgə əhalisinin etnoqrafik tədqiqinə dair qiymətli mənbə kimi çıxış edir. Bundan əlavə, T.Bay­rəm­ə­libəyovun Azərbaycan MEA-nın Əlyazmalar İnstitutunun elmi arxivində saxlanılan bir sıra etnoqrafik qeydləri — «Tür­k­lərin və talışların xəstəlikləri müalicə üsulları», «Müsəlman qadınlarının ailədə vəziyyəti», «Buzovna ilanları haqqında xalq etiqadları», Bəlləbur qalasının və Lənkəranın tarixinə dair tədqiqatları diqqətəlayiqdir. Görkəmli alimin Novruz bayramına həsr etdiyi və «Kaspi» qəzeti səhifələrində çap olu­nan silsilə məqalələri də etnoqrafik baxımdan böyük maraq doğurur.

Bölgənin etnoqrafik cəhətdən öyrənilməsində görkəmli ziyalı M.M.Səfiyevin də xidmətləri olmuşdur. 1854-cü ildə «Zakavkazskiy Vestnik» məcmuəsinin XII buraxılışında onun Lənkəran əhalisinin toy adətlərindən bəhs edən «Lənkəranda müsəlman toyu»  adlı etnoqrafik  məqaləsi çap olunmuşdur.

XX əsrin əvvəllərində  rus müəllifləri yenidən diqqəti cəlb etməyə başlayır və bu zaman Azərbaycanda yaşayan etnik azlıqlar daha çox tədqiqat obyektinə çevrilir. Bu haqda mə­qalə və materiallar SMOMPK, «Kavkazkiy Vestnik»,  «İz­vestiə Kavkazkoqo muzeə» və s. nəşrlərdə çap olunur.

Akademik N.Marın 1922-ci ildə çap etdirdiyi «Talışlar» əsərini Lənkəran-Astara bölgəsi talışlarının məişət və mədə­niy­yətini öyrənmək baxımdan faydalı hesab etmək olar. Lakin zərərli «yafetik nəzəriyyə»nin təsiri altında yazılmış  əsər talışlar haqqında qeyri-obyektiv, qeyri-dəqiq və həqiqətdən uzaq məlumatları əks etdirdiyindən, müəyyən mənada nöq­sanlı əsərdir.

Görkəmli qafqazşünas alim Q.F.Çursinin 1926-cı ildə Tiflisdə nəşr etdirdiyi «Talışlar» adlı etnoqrafik qeydləri bölgə əhalisinin tarixi etnoqrafiyasını öyrənmək baxımından mü­hüm əhəmiyyət kəsb edir. Talışlara hörmət və ehtiramla yana­şan müəllif  bu əsərində bölgənin təbii-coğrafi şəraitini təsvir etməklə yanaşı, talışların etnik tarixinə, say tərkibinə, təsər­rü­fat məişətinə,  maddi və mənəvi mədəniyyətinə xüsusi yer ayır­mış­dır. O, talışlar arasında İslam dininin daha çox nüfuza malik olması faktına diqqət yönəltməklə bərabər, qədim inam və etiqadların da qabarıq şəkildə saxlandığını, insanların səma cisimlərinə, müxtəlif  heyvan və quşlara, ağaclara, daş­lara, dağ zirvələrinə sitayiş etdiyini yazmışdır.  Əsərdə talış­la­rın doğum, toy və dəfn adətləri, xalq təbabəti, amulet və talismanlar, habelə bölgədə geniş yayılmış əfsanə və rəvayətlər də əksini tapmışdır.

Müəllif talışları sülhsevər, savaşdan uzaq, eyni zamanda mərd və cəsur xalq kimi təsvir etmiş, onların əməksevərliyini və doğma torpağa bağlılığını xüsusi qeyd etmişdir.

İlk milli ziyalılarımızdan olan Ə.Ələkbərovun 1928-ci ildə «Yeni məktəb» jurnalının 9-cu sayında «Talışlar arasında» etnoqrafik məqaləsi çap olunur. Təəssüf ki, həmin məqalə bu günə qədər elmi ictimaiyyətə məlum deyil. Çünki məqalənin çap olunduğu jurnalıın özü naməlum səbəblərdən yoxa çıx­mışdır.

Azərbaycan pirlərinin görkəmli tədqiqatçısı İ.İ.Meşşa­ni­no­vun «Pirı Azerbaydjana» adlı əsəri üzərində xüsusi dayanmaq lazım gəlir.  Həmin əsərində  müəllif Azərbaycanın Gəncə və Qarabağ regionunun ağac və daş pirləri  haqqında məlumat verir, onların təyinatını, dini-fəlsəfi şüurun inki­şa­fın­da və müasir ictimai məişətdə rolunu aydınlaşdırmağa çalışır.  İ.İ.Meşşaninov yazır:  «…Bizi əhatə edən canlı məişətdə az qala paleolit dövrü ilə səsləşən cəhətlər  nəzərə çarpır və həmin cəhətləri öyrənmək  üçün  təkcə  avstraliyalılara müraciət  et­mək lazım deyil. Belə bir səhnəni bizim üçün pravoslav məişəti və ondan  heç  də az olmayaraq Azərbaycan pirləri də təsvir edir. Pirlərin əvəzolunmaz elmi qiyməti də məhz elə bundadır» (114, 3).

Müəllifin qənaətinə görə, pirlərin  öyrənilməsi həm də ona  görə vacibdir  ki,  «onlar Azərbaycanın ən müxtəlif dövr­lə­ri­nin xarakterik xüsusiyyətlərini əks  etdirir. Bizi  insanların daşa və  ağaca sitayiş etdiyi dövrlərə aparır. O dövrlərə  ki, istehsal vasitələri və yaşamaq uğrunda mübarizə qədər daş və ağac  da  insanların diqqətini cəlb edirdi» (114, 5-6).

Pirlərin təyinatından danışarkən isə İ.İ.Meşşaninov qeyd edir ki, «…Hər  pir ayrılıqda müəyyən funksiya daşıyır; bax­mayaraq ki, ən müxtəlif arzuları  yerinə yetirən və ən müxtəlif xəstəlikləri müalicə edən universal pirlər də  mövcuddur. Elə pirlər də mövcuddur ki, onlara milliyyətindən və dinindən  asılı  olmayaraq bütün  insanlar  müraciət  edir» (114, 14-15). Onun sözlərinə görə,  «bu cəhət ibtidai dünyagörüşün məhsulu olduğundan, pirləri hər hansı qəbilənin xüsusi «mülkiyyəti» hesab etmək böyük səhv olardı» (114, 17).

Ötən əsrin 50-60-cı illərində Azərbaycan etnoqrafiyası özünün yeni mərhələsinə qədəm qoydu. Bir sıra artıq tanınmış tədqiqatçılarla bərabər, etnoqrafların yeni nəsli fəaliyyətə başladı. Onların sırasında H.Quliyevin, T.Bünyadovun, M.Da­­daş­zadənin, Q.Qaraqaşlının, M.Nəsirlinin və başqa­la­rı­nın adlarını qeyd etmək olar. Onlar Azərbaycan etnoqrafi­ya­sının bir çox problemlərini ön plana çəkərək, elmi-tədqiqatda nəzərəçarpacaq canlanma yaratdılar. Lakin bir daha təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bu dövrün də tədqiqat işləri zərərli ateist təbliğatından azad ola bilmədiyindən, xalqın mənəvi irsinə  sırf elmi mövqedən yanaşmağa, əsrlərin süz­gə­cindən keçib gələn bu sərvətin əsl mahiyyətinin və əhə­miyyətinin açılmasına imkan vermirdi.

İslamaqədərki xalq inamları Ə.Ələkbərovun 1960-cı ildə çapdan çıxmış «İssledovaniə po arxeoloqii i gtnoqrafii Azerbaydjana», Z.Yampolskinin «Reliqiə drevnoqo Azer­bayd­jana» (1958) və «Pirı Azerbaydjana» (1960), H.Qu­liyevin «Azərbaycanda su ayini haqqında materiallar» (1961) və onun A.Bəxtiyarovla birlikdə yazdığı «Azərbaycanda qədim dini aynilər və onların məişətdə qalıqları» (1968), M.A.Atakişiyevanın «O nekotorıx obıçaəx lenkoranüev» (1970) və s. əsər və məqalələrdə əksini tapmışdır.

Sonrakı illərdə M.Nemətin «Azərbaycanda pirlər», C.Bəydilinin (Məmmədov) «Türk mifoloji sözlüyü», H.Q.Qə­dirzadənin «Ailə və məişətlə bağlı adətlər, inamlar, etno­genetik əlaqələr», R.Bəxtiyarovanın «Azərbaycanda ağac ayini», R.Quliyevanın «Azərbaycanda daş ayini» mövzu­la­rın­da monoqrafiyaları, K.Məmmədovun arxeoloji materiallar əsasında yazdığı «İslamaqədərki Azərbaycanda dini inamlar» adlı namizədlik dissertasiyası islamaqədərki inam və etiqad­ların tədqiqi baxımından diqqətəlayiqdir.

Görkəmli etnoqraf, Lənkəran-Astara bölgəsinin tanınmış tədqiqatçılarından biri Q.C.Cavadovun 2004-cü ildə çapdan çıxmış iri həcmli «Talışlar» monoqrafiyasının bölgənin et­noq­rafik tədqiqi baxımından əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır.

Ümumiyyətlə isə bölgənin etnoqrafik cəhətdən daha dərin və kompleks tədqiqata ehtiyacı vardır. Ümüd edirik ki, son illər arxeoloji və etnoqrafik tədqiqatlara dövlət səviyyəsində diqqət və qayğının artması həmin tədqiqatların aparılmasına imkan verəcəkdir.

Tahir  Şahbazov

 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ARXEOLOGİYA ETNOQRAFİYA İNSTİTUTU

 

AZƏRBAYCANDA  İSLAMAQƏDƏRKİ  İNSANLAR.

(LənkəranAstara bölgəsinin materialları əsasında)

 

 

 

 

 

 

 

BAKI 2008

Leave a Reply