|

Azərbaycanda dinə dövlət qayğısı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (12 votes, average: 1,92 out of 7)
Загрузка...

           tolerantnost Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli və dini bayramlarını azad, sərbəst qeyt etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, dözümlülük ənənələrini qorumalı, dini fəaliyyət sahəsində cərəyan edən hadisələri təhlil etməli və dini durumu nəzarətdə saxlamalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsinin bir o qədər də asan olmadığını söyləməyə əsas verirdi.

 

Müstəqilliyin ilk illərində Azərbaycanda dini durum

 

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, radikal təriqətlərin və missioner təşkilatların fəaliyyətinin nəzarətə götürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qadağan olması barədə müddəalar həmin sənəddə əksini tapdı. Eyni zamanda hər kəsə fikir və söz azadlığı verildiyi, ölkə vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu bəyan edildi.

1992-ci ildə qəbul olunan, sonrakı illərdə bir sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Dini qurumalrın dövlət qeydiyyatına alınması və fəaliyyətinə xitam verilməsi qaydaları müəyyənləşdirdi, onların mülkiyyət hüququ, istehsal və təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri, dinin məktəblə münasibəti, dini icmaların xeyriyyə və mədəni-maarif fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirdi.

Həmin dövrdə missioner təşkilatlar Azərbaycan xalqının humanistliyindən, ölkədə yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən və Qarabağda ağır döyüşlərin getməsindən məharətlə istifadə edərək Bakını digər müsəlman ölkələrində təriqətçilik təbliğatı aparacaq mərkəzə çevirməyi qarşılarına məqsəd qoymuşdular.

Həmin dövrdə missioner təşkilatlarının Azərbaycanda fəaliyyətlərini və təsir dairələrini genişləndirməsində insanların sosial-iqtisadi durumunun ağır olması, Azərbaycan torpaqlarının erməni təcavüzünə məruz qalması, ərazisinin 20%-nin işğal olunması və dini maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Həmin təşkilatlar ölkənin düşdüyü ağır sosial iqtisadi durumdan və müharibə şəraitindən məharətlə bəhrələnərək, insanlara maddi yardım paylamaqla yanaşı, dini təbliğat da aparırdılar.

Bu təşkilatların bir qismi gənclər arasında dini təbliğatı gücləndirmək məqsədilə xarici dil kursları təşkil edərək çoxlu sayda — əsasən rus dilində təhsil almış gəncləri bu kurslara cəlb etməyə nail olmuşdular. Onlar əsasən yetim, kimsəsiz və əlil insanların məskunlaşdığı yerlərdə geniş təbliğat aparmağa üstünlük verirdilər. Həmin təşkilatlara kimsəsiz və əlil insanların yeməyə olan ehtiyaclarının ödənilməsi müqabilində dini təbliğat aparmaq üçün imkan və şərait yaradılmışdı. Bu imkandan istifadə edən bir neçə humanitar təşkilat dini təbliğat aparmaq məqsədilə xeyli sayda uşaq və kimsəsizlər evini himayəyə götürmüşdü.

Bakıda əsas mərkəzlərini yaradan, missioner təşkilatlar Azərbaycanın böyük şəhərlərindən başlayaraq regionlarda da təlimlərini yaymağı qarşılarına məqsəd qoymuşdular. Həmin dövrdə əhatə dairələrini genişləndirmək məqsədilə həmin qurumlar böyük şəhərlərdən Gəncə və Sumqayıtda, respublikanın şimal rayonlarından İsmayıllı, Zaqatala, Qax, Balakən, Quba, Qusar və Xaçmazda geniş dini təbliğat aparırdılar. Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri də müxtəlif yollarla missoner təşkilatlara dəstək göstərir, dövlət qurumlarının dövlət-din münasibətlərinin tənzimlənməsi, radikallıq meyllərinin qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verməyə çalışırdılar.

Sözügedən missioner təşkilatlar müəyyən vaxtdan sonra qanunsuz fəaliyyətlərinin qarşısının alınacağını öncədən düşünərək onlardan sonra ölkədə dini təbliğat apara biləcək davamçılar yetişdirirdilər. 1997-ci  ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmalarına qanunla qadağa qoyulduqdan sonra onların uzun müddət hazırladıqları insanlar təbliğat aparmaq missiyasını öz üzərlərinə götürdülər. Bununla da həmin təşkilatlar yerli əhalinin köməkliyi ilə yenidən dini təbliğat aparmaq imkanı əldə etdilər.

“Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən sonra müvafiq dövlət qurumları dini təbliğat aparan və missionerlik fəaliyyəti göstərən humanitar təşkilatların qanuna zidd əməllərinin qarşısını qismən aldı. Humanitar təşkilatların fəaliyyəti xeyriyəciliklə məhdudlaşdırıldı, qanunu pozan bir neçə humanitar təşkilatın fəaliyyətinə xitam verildi.

2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti həmin quruma həvalə olundu.

Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda missioner təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.

 

Azərbaycanda tolerantlıq

 

Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə mənsub insanlarm sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilmişdir. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.

Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmamışdır. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.

Müasir dövrdə dünyanın bir çox ölkələrində insanlarm məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür, yəhudi, xristian və müsəlmanlar bir çox dövlətlərdə ayrı-ayrı məhəllələrdə yaşadığı halda bu gün ölkəmizdə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.

Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında möhkəm birliyin yaranmasına, sülh və barışın hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərmişdir. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali dini baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə aparmışdır.

Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu zəngin irsin və mədəniyyətin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətinə çevrilmişdir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən davamlı olaraq alınır.

 

Azərbaycanda dinə dövlət qayğısı

 

Müasir dövrdə ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hökumət davamlı olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Ölkəmizdə yaşayan qədim xalqlardan biri yəhudilərdir. Məskunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Ölkəmizdə yəhudilərin ümumi sayı 16.000 təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000 nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin sayı 4,3 min nəfərdir. Gürcü yəhudilərinin təxmini sayı 700 nəfərdir.

Hazırda yəhudilər Azərbaycanda üç qurumla — Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar.

2003-cü ilin mart ayında Azərbaycan hökumətinin diqqəti sayəsində Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir.

2003-cü ilin sentyabr ayında Bakıda «Or-Avner» Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.

Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir, xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır.

Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Onu da qeyd edək ki, kilsəni 1907-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003-cü ilin mart ayında dindarların istifadəsinə verilmişdir. Kilsənin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri iştirak etmişlər. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir.

2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı həmin dövrdə Ümummilli Lider Heydər Əliyev də qəbul etmişdir.

Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Açılış mərasimində dini icmaların nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak etmişdir.

Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.

Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir.

Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi və katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökümətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını tam bərpa etmişdir. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunmuşdur ki bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır. Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf etmişdir.

2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri, xarici ölkələrin səfirləri və qonaqlar iştirak etmişdir.

Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 18 məscid mövcud idi. Hazırda Azərbaycanda 1956 məscid, 748 ziyarətgah, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Eyni zamanda 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən müvafiq dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 588 dini icma qeydiyyatdan keçmişdir. Onlardan 567-i islam, 21-i qeyri-islam qurumudur. Həmin icmalardan 12-i xristian, 6-ı yəhudi, 1-i krişna, 2-i bəhai icmasını təmsil edir.

 

Dini durumun sabitliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər  

 

Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda Dini durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Siyasi mübarizədə din amilindən bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər.

Bu məqsədi həyata keçirmək üçün yerli və xarici mətbuatın imkanlarından da geniş istifadə olunur. Hər hansı din və ya məzhəb haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş, qarşıdurma yarada biləcək məlumatlar yayılır. Eyni zamanda bir sıra hallarda həmin mətbu orqanlarda Azərbaycanda dindarlara qarşı zorakılığın göstərilməsi, hüquq və azadlıqlarının pozulması ilə bağlı qərəzli məlumatlar dərc olunur. Bir çox hallarda bu yazılar qeyri-peşəkar müəlliflər tərəfindən sifariş əsasında hazırlanır və daha çox dini sahədə yaranmış qarşılıqlı anlaşmanın, sabitliyin və dözümlülüyün pozulmasına xidmət edir.

Son illər bir sıra müsəlman dövlətlərində baş verən hadisələr dindən siyasi məqsədlər və qarşıdurma yaratmaq məqsədilə istifadənin ölkədə sabitliyin pozulması, vətəndaş müharibəsinin baş verməsi ilə nəticələndiyini göstərir. Hazırda xüsusilə islamdan siyasi məqsədlərlə istifadəyə cəhd edildiyi ölkələrdə vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr islamın siyasi proseslərə cəlb olunmasının, dindan qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq nümunədir.

Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün düzgün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə bir çox müsəlman ölkələrində baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini maarifləndirmənin zəif aparılması, dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələ bizi də ciddi surətdə düşündürməlidir.

Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı və sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. Dövlət dini maarifləndirmə prosesindən kənarda qalmamalı, bu prosesin aktiv iştirakçısı olmalı və dini maarifləndirmənin Azərbaycan dövlətçiliyi konsepsiyası çərçivəsində aparılmasına nail olmalıdır. Dini maarifləndirmənin xarici dairələrin vasitəsilə, təəssübkeşlik, dini dözümsüzlük ideyalarının təsiri altında aparılması ölkədə din sahəsində yaranmış sabitliyin, dini dözümlülüyün pozulmasına gətirib çıxara bilər. Eyni zamanda bu məsələdə bütün sağlam qüvvələr vahid mövqedən çıxış etməlidirlər.

Sonda qeyd olunanlara istinad edərək hazırda dövlətin ölkədə milli-mənəvi  dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verdiyi, dini etiqad azadlığı, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün şərait yaratdığı və onlara qayğı göstərdiyini qeyd etməliyik. Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri Qərbə inteqrasiya ilə bərabər mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc nəslə aşılanmasıdır.


Ceyhun MƏMMƏDOV
   

Leave a Reply