|

Azərbaycan musiqili teatrının tarixi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 7)
Загрузка...

 


(1907-1908-ci illər)

 

Rəna  Məmmədova ,  AMEA-nın müxbir üzvi, sənətşünaslıq doktoru, professor.

Azərbaycanın çoxsahəli və zəngin mədəniyyətinin inkişafında müstəsna rol oynamış milli musiqili teatrımız yarandığı vaxtdan bu günə kimi böyük bir təkamül yolu keçmişdir. XX yüzilliyin əvvəl­lərində təşəkkül tapan, kökləri isə əsrlərin dərinliyinə gedib çıxan, Azərbaycanın musiqi folkloru, xalqımızın qədim tamaşa və oyunları, klassik muğam və aşıq sənətindən qidalanıb bəhrələnən musiqili teatrımızın inkişaf yolu heç də hamar olmamışdır.

Milli mədəni inkişafın hər bir mərhələsi musiqili teatrımızın inkişafına öz təsirini göstərmiş, onun gah yüksəlib zirvələrə çatmasını təmin etmiş, gah da böhrana gətirib çıxarmışdır. Bu enişli-yoxuşlu yol milli musiqili teatrı min bir sınaqdan, bərkdən-boşdan çıxararaq, get­dikcə möhkəmləndirmiş və bu günkü səviyyəyə çatmasını şərtlən­dirmişdir.

Milli musiqili teatrın tarixi indiyə kimi bir çox tədqiqatçılar tərəfindən araşdırılmışdır. Oxucunun diqqətinə təqdim etdiyimiz bu araşdırmanın həmin çoxsaylı dəyərli tədqiqatlardan əsas fərqi bunda­dır ki, milli musiqili teatrın təşəkkülü, inkişaf tarixinin ilk mərhələləri burada XX əsr mətbuatının güzgüsündə verilmişdir.

Yenicə yaranıb ilk addımlarını atan musiqili teatrımızın inkişaf yolu XX əsrin ilk onilliklərində Azərbaycanda çıxan çoxsaylı qəzet­lərin dərc etdiyi yazılar vasitəsilə oxucuya təqdim edilir. Özlüyündə çox qiymətli arxiv materialları olan bu yazılar təkcə musiqili teatrın inkişafını addım-addım izlədiyinə görə deyil, həm də o dövrün mədəni həyatı, ictimaiyyətin milli musiqi sənətinə münasibəti, yeni milli məf­kurənin təşəkkülü barədə geniş təsəvvür yaratdığına görə də böyük maraq doğurur.

Bu yazıları oxuduqca, sanki teatrımızın salnaməsini vərəqləyirik, ömrünü-gününü bu sənətə bağlamış, bu yolda canını fəda etmiş ölməz sənətkarlarımızın nurlu simaları gözümüz önündə canlanır: Üzeyir Hacıbəyov və Müslüm Maqomayev, Hüseynqulu Sarabski və Hüseyn Ərəblinski, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev, Hənəfi Terequlov, Qurban Primov və onlarca başqa musiqiçi, rejissor, aktyor istedadı və səyi, Hacı Zeynalabdin Tağıyev kimi millət təəssübkeşinin dəstəyi, minlərlə musiqi və teatr həvəskarının  milli mədəniyyətə alovlu məhəbbəti sayəsində bu sənətin hər cür çətinlik və maneələrinə sinə gərərək inkişaf etdiyinin, çiçəkləndiyinin şahidi oluruq…

Ümidvarıq ki, təqdim etdiyimiz bu arxiv materialları musiqili teatrımızın tarixini araşdıran mütəxəssislərə onların gələcək elmi fəaliyyətində yardımçı olacaq, sadəcə milli mədəniyyətimizin tarixi ilə maraqlananlar üçün isə sənət tariximizin açılmamış səhifələrini işıqlandıracaqdır.

1907-ci ilin payızı tamaşaçıların və mətbuatın maraqla qarşı­ladığı teatr tamaşaları ilə zəngin olmuşdu. 7 sentyabr 1907-ci il tarixli “Bakinets” qəzetində dərc edilmiş “İtalyan operası” məqaləsində Qonsales qardaşlarının rəhbərliyi ilə italyan opera truppasının qastrol­larının nəticələri yekunlaşdırılır [9]. Mətbuatın rəyinə görə, bu trup­panın tərkibinə daxil olan artistlər istənilən opera səhnəsinə şərəf gətirə bilərdi. Artistlərdən yalnız hər bir “əyalət şəhərciyi”ndə daim müvəffəqiyyətlə qarşılanacaq qədim italyan musiqisi üslubunda gözəl oxuma tələb olunurdu. Lakin Bakıdakı dinləyici auditoriyası yüksək mədəni səviyyəsilə seçilirdi. “Mazutlu paytaxt”ın səhnəsində on gün ərzində “incəsənət ölkəsinin övladları” “Trubadur”, “Traviata”, “Riqoletto”, “Bal-maskarad”, “Aida” operalarını göstərmişdilər. Dinləyicilər çox tələbkar idilər, buna görə də məqalə müəllifi truppa artistlərinin daha səmimi və mehribanlıqla qəbul edilməyə layiq olduqlarına ustalıqla işarə edirdi.

M.Staritskinin “Yurka Dovbiş” tamaşasında c. Sabininin truppasının çıxışı barədə məlumat maraqlıdır – bu çıxışın “çox müvəf­fəqiyyətli” olduğu göstərilir. Nəyə görəsə Bukovinada yaşayan ukray­nalıların məişəti və problemləri, həmçinin “oprişkalar”ın atamanı Dovbişın acınacaqlı, lakin parlaq taleyi Bakı tamaşaçılarını biganə qoymamışdı. Görünür, 1 sentyabr 1907-ci il tarixli “Bakinets” qəzetin­dəki məqalə müəllifinin sözlərində həqiqət vardır [7]. Xalq qəhrəman­larının xatirələrdə yaşayan əzab-əziyyətli şöhrəti onları tamaşaçıların gözündə çox cəlbedici edir. Parlaq dekorasiyalar, gözəl balet, işıq effektləri, rəngarəng kostyumlar şübhəsiz ki, quruluşun uğurlu olma­sını şərtləndirmişdi.

Daha bir mühüm faktı qeyd edək. Lev Sabininin idarəsi və rəhbərliyi ilə Rusiya və Malorossiya artistləri cəmiyyətinin tamaşala­rının anonslarında bu tamaşalara bilet qiymətlərinin çox ucuz olması xüsusi qeyd edilirdi. Cəmi 15 qəpiyə bu maraqlı tamaşalara baxmaq olardı ki, bu da az təminatlı, lakin şübhəsiz ki, ən həvəsli və qədirbilən tamaşaçıların axınına səbəb olmuşdu.

Tamaşaçıların az və ya çox olmasına “Müsəlman teatr dəstəsinin ittifaqı” da biganə deyildi. 22 avqust 1907-ci il tarixli “Yoldaş” qəzetində xüsusi qeyd edilir ki, Tağıyev teatrında qadınlar üçün örtülü lojalar təşkil olunacaq [5].

Avqustun 24-dən etibarən hər cümə günü M.F.Axundovun pyesi göstərilirdi. Həmin qəzetin 1 sentyabr tarixli sayında bu tamaşa barədə resenziya – məqalə dərc olunur [6]. Müəllifin üslubu zəhərli, acı olsa da, bu, onun obyektiv mövqeyini bildirir. Müəllif Hacı Qara rolunda C.Zeynalov, rəis rolunda H.Ərəblinski kimi Azərbaycan səhnəsinin korifeylərinin parlaq çıxışını qeyd edir. Zəif oynayan artistlər isə tənqid atəşinə tutulur. Nalayiq ifadələrdən belə çəkinməyən müəllif bu artistləri onlara tapşırılmış rolu dərk etməyə, öyrənməyə və azacıq da olsa bunun məzmununa varmağa çağırır.

Yəhudi truppasının çıxışına resenziyanı da «hirsli» tənqid baxımından maraqlı hesab etmək olar. «Bakinets» qəzetinin 3 sentyabr 1907-ci il tarixli sayında yəhudi səhnəsinin dil, repertuar, yaradıcılıqla bağlı ciddi problemləri qaldırılır [8].

Bu məqalənin mətni çox maraqlıdır. Məqalə müəllifi acı təəssüflə qeyd edir ki, məqalədə yəhudi kütləsinin şüuru və zövqünü zəhərləmiş olan «unudulmaz» Homerin «istedadlı əsərləri» qəribə bir inadkarlıqla Bakı tama­şaçılarına təqdim olunur. Homerin və «hara­dansa yəhudi ədəbiyyatı fonunda peyda olmuş bir Leytornerin» əsərlərində «yəhudi məişəti hersoqlar, dustaqlar, uşaq qatilləri, şahzadələr, yəhudi qorodovoyları və s. ilə təmsil edilib». Son «dağıdıcı onilliyin» (1882-1907-ci illər) exspressiya və həyəcan dolu əsil yəhudi həyatı müəlliflərin maraq dairəsindən kənarda qalmışdır. «Qovulmuş, sürgün edilmiş» xalqın tarixini müşayiət edən haqsızlıqlar, alçaltma və təhqirlər fonunda yeni ideyalar, insanlar, partiyaların meydana gəlmə­si, deyəsən, yəhudi səhnəsinin quruluşçularını narahat etmir. Onlar çoxdan bəri itib getmiş və unudulmuş Şmendriklər, Xinke-Pinkelər, Qasmaxa və s. mühitində yaşayırlar. Onların yaratdıqlarında «Yeni müğənnilər. Yeni nəğmələr» hiss olunmur.

Məqalənin müəllifi, əlbət ki, yəhudi səhnəsinin bürokratik yasaq­dan yenicə çıxdığını nəzərə alır. Eyni zamanda o qeyd edir ki, yəhudi ədəbiyyatının ən yaxşı nümunələri səviyyəsində Mendele Moyxer-Sforim, Şalom Aş, L.Perets; Şalom Alleyxem olan yerdə tamaşaçıları Homer və Leytomerlə «qidalandırmaq» ən azı, günahdır. Bəlkə elə repertuar seçimində olan bu qüsurlar zaldakı tamaşaçıların sayının azalmasma gətirib çıxarmışdır? Məqalə müəllifi yəhudi tamaşaçısını da, Malorossiyalıların tamaşalarında, «Neva məzhəkəsi», «Yapon geyşaları»nda da, oprettada da daim olan Bakı tamaşaçılarının əsas hissəsini də tənqid edir. Lakin yəhuditruppasını öz diqqətinə layiq bilməyən yəhudi burjuaziyası onların tamaşalarmda olmur. Doğul­maqda olan yəhudi səhnəsi onların qəlbinə və hisslərinə heç bir təsir göstərmir, nəhayət, vətənpərvərlik borcu da onları yəhudi teatrına baş çəkməyə məcbur etmir. Onlar öz əsillərindən qaçıb çəkinir, öz dillərindən xəcalət çəkirlər. Yeri gəlmişkən, bir zamanlar anlaşıqlı nitqin səsləndiyi səhnəyə fransız dili ilə qarışığı olan alman dilində qulaq göynədən ədəbazlıqlar yol tapıb.

Müəllif sadə yəhudi jarqonu, tamaşaçılara yaxın olan xalq dilini tələb edir, ənənələrin, simanın, özünəməxsusluğun saxlanmasını tələb edir, orijinal oyunu və nitqinin sadəliyi ilə seçilən artistlər barədə xoş sözlər deyir.

Qeyd etmək lazımdır ki, o zamanlar tənqid saymazlıq, etina­sızlıqla üzləşmirdi. Dövri mətbuatda söylənmiş tənqidə çox ciddi yanaşılırdı. 10 sentyabr 1907-ci il tarixli resenziyada qeyd edilir ki, «yəhudi truppası, nəhayət, adı çıxmış Şomerlər və Leytanrlarm reper­tuarından imtina edərək, müasir yəhudi ədəbiyyatının ən yaxşı müəlliflərinin pyeslərini tamaşaya qoymağı qərara alıb» [10]. Yəhudi səhnəsində O.Dımovun «Şma İsrael» və D.Pinskinin yalnız 1906-cı ildə Rusiyada tamaşaya qoyulmasına icazə verilmiş «Svi familiyası» gedirdi. «Svi familiyası» pyesin müəllifi üçün «qəlbim Sinay dağıdır ki, bütün yəhudi xalqını səsləyib bura yığmaq istəyirəm» deməkdir. Tamaşada qədim yəhudi xalqının nümayəndələri, iri və xırda burjua­ziya bundçu və assimiliyasiyaçı təsvir edilirlər. Pyes haqlı olaraq uğur qazanmışdı.

Truppanın istedadlı artisti və rejissoru c.Ratşteynin benefisi çox yüksək səviyyədə keçdi. Həmin axşam Lernerin «Fayvele şarlatan» pyesi gedirdi. Qədirbilən tamaşaçılarla dolu teatr hamını artistlərin əla çıxışı ilə valeh etdi. Tamaşaçılar bu gözəl tamaşaya biganə qalmadılar. Alqışlar, gül-çiçək, içində «sanballı bəxşiş» olan konvert — tamaşaçı minnətdarlığının kiçicik hissəsi idi.

1 oktyabr 1907-ci il tarixli «Bakinets» qəzeti yazır ki, Proxoroviçin «Kafir Esfir» dramında yəhudilərin həyatı təsvir edilir [11]. Pyes məhəbbət naminə xristianlığı qəbul etmiş yəhudi qızı Esfirdən bəhs edir. Pyesin müəllifi son dərəcə yığcam tərzdə çıxış edir. Esfirin faciəvi taleyinin yüngül, hətta məzəli şəkildə təqdim edil-məsi yüz il keçdikdən sonra da oxucuda təbəssüm oyadır.

H.Z.Tağıyev teatrı çox zaman öz səhnəsini sırf əyləncə xarakterli tamaşalara təqdim edirdi. 1907-ci ilin sentyabrında paytaxt teatrının tanınmış nümayişçisi N.İ.Çarnikov özünün opera — oksetofonu — öz elektromotoru vasitəsilə işləyən, oxuyan, danışan, konsertlərlə çıxış edən canlı foto şəkili ilə yolüstü Bakıda olur. Oktyabrın 1-də qənnadı dükanında geyimini çox cəld dəyişməklə çıxış edən c.Frankardinin tamaşasına biletlər satılırdı. Belə əyləncəli tədbirlər anonslarda o dövrə xas olan təmtəraqla, ‘»Bütün dünyada sensasiya», «axşamın möcüzəsi», «furor» kimi təqdim edilirdi.

Şübhəsiz ki, belə tamaşalar böyük uğur qazanırdı və maddi baxımdan teatr üçün sərfəli idi.

O vaxtın mətbuatı ölkənin hüdudlarından çox uzaqlardakı teatr aləmində baş verənləri də diqqətlə izləyirdi. Ukrayna teatr sənətinin nümayəndəsi İ.K.Tabileviçin vəfatı barədə məlumat çox faciəvi təsir bağışlayır. Kiçik bir məqalədə milli dramın kökündən dəyişdirilməsində bu şəxsiyyətin rolu xüsusi qeyd edilir.

Hər bir qəzet məqaləsində teatr səhnəsində Azərbaycan xalqının milli ənənələri, tarixi, dili, məişətinin təsdiqi üçün ən kiçik imkanlardan belə istifadə edilməsini görə bilərik.

Yanvarın 7-də Tağıyev teatrında «Nicat» cəmiyyətinin teatr bölmə­sinin dram truppası Ə.Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» adlı tarixi faciəsini ifa etdi. Qəddar və qisasçı, eyni zamanda ağıllı bir şəxsiyyət kimi tarixə düşmüş İran hökmdarının fəaliyyətinin ardıcıl olaraq dəyiş­məsini təsvir edən bu pyes «Kaspi» qəzetində müfəssəl təhlil edilir [1]. Pyes bir də onunla fərqlənir ki, burada qadın surəti yoxdur və müəllifin fikrincə, bu, «düyünün açılışını mürəkkəbləşdirir». Müəllif pyesi yaxşı təq­dim edə bilməyən truppanın oyununu tənqid edir. H.Ərəblinski, M.Hacınski və A.Şərifov kimi dahilərdən sonra bu truppa çox pyes oynadı və yaxşı pyesi tamam yararsız hala saldı». Məqalə müəllifi truppanın inzibat­çılarından tələb edir ki, «doğma səhnənin elə yarandığı andan tamaşaçıları teatrdan qaçırmamaq üçün» çalışsınlar.

Tatar dilində ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edən «Nicat» müsəlman mədəni-maarif cəmiyyətinin teatr bölməsinin təşəbbüsü şəhərin teatr həyatında ciddi hadisə idi. Həmin bölmə məşhur türk yazıçısı və şairi Molla Məhəmməd Füzulinin fantastik poemasının motivləri əsasında gənc publisist və musiqiçi Ü.Hacı­bəyov tərəfindən aranjiman edilmiş «Leyli və Məcnun» operasının nəşri və tamaşaya qoyulması hüququna yiyələnmişdi. Gənc bəstəkar Füzuli şeirlərindən istifadə edərək, indiyə kimi işlənilməmiş mövzuda opera yazmışdı. Məqalədə libretto verilərək, operanın çox maraqlı olacağı vəd edilirdi, belə ki, «burada şərq motivlərindən böyük zövqlə istifadə edilmişdi».

«Nicat»ın təşkil etdiyi opera artistləri truppası tamaşanı şəxsən müəllifin və şərq musiqisi bilicilərinin rəhbərliyi altında hazırlayırdı. Məqa­lə müəllifi qeyd edir ki, operaya böyük xərc qoyulub və ümid edir ki, «musiqini hərarətlə sevən müsəlman tamaşaçıları ilk dəfə olaraq tatar dilində yazılmış bu operanı diqqətdən kənarda qoymayacaqlar».

«Kaspi» qəzetinin fikrincə, «Füzulinin eyniadlı poemasının dəyişdirilməsindən ibarət olan» ilk müsəlman operası «Leyli və Məcnun»un yaradıcıları və ifaçıları üzərinə düşən məsuliyyəti təsəvvür edə bilərik [2].

Tamaşanın rejissoru H.Ərəblinski idi. Musiqini Qurban Primovun idarəsilə şərq orkestri ifa edirdi. Dekorasiyalar sifariş edilmiş, xüsusi olaraq bu tamaşa üçün kostyumlar tikilmişdi.

Müsəlmanların gözlənilməz təşəbbüsünü alqışlayan «Kaspi» qəzeti tamaşaya uğur arzulayırdı.

1908-ci ilin payız teatr mövsümü uğursuzluqla başladı. 20 sentyabr 1908-ci il tarixli «Bakinets» qəzetində dərc edilmiş məqalədə mövsümün «Çılpaq qadın» adlı yeni tamaşası darmadağın edilmiş və onu tamaşaya qoyan truppa rəhbəri c.Oqaryov, material müəllifinin fikrincə, «tamaşaçılara öz nifrətini, açıq şəkildə bildirmişdi». Başqa rolların çox gözəl ifasına baxmayaraq, c.Oqaryov «truppanın bütün səylərini heçə endirdi» [12].

A.N.Kruçininin rəhbərliyi altında rus dram truppası Çirikovun «Ağ qarğa»sını, Zusermanın «Güllər arasında»sını, Mülnerin «Şeyta­n»ını oynayırdı, lakin tamaşaçıların marağını saxlaya bilməmişdi. 27 oktyabr 1908-ci il tarixli «Bakinets» qəzetində yığılan vəsaitin azal­ması qeyd olunur ki, bunu da müəllif yeniliklərin az olması ilə izah edir. «Az sayda teatr tamaşaçıları ikinci dəfə həmin pyeslərə gəlmir» — deyə qeyd edən müəllif truppadan repertuara yenidən baxılmasını tələb edir [14].

Əksinə, A.L.Suxodolskinin idarəsi və rəhbərliyi altında Rusiya — Malorossiya artistləri əvvəlki kimi fəallıq göstərərək, aşağı qiymət­lərlə hamı üçün münasib olan tamaşalar verirdi. «Qərbi Ukraynanın ucqar yerlərinin acılı-şirinli, özünəməxsus həyatını olduğu kimi təsvir edən» sadəlövh pyeslər hər dəfə tamaşaçılar arasında uğur qazanırdı. 20 oktyabr 1908-ci il tarixli «Bakinets» qəzetində məqalə ilə çıxış edən «Xeyirxah» tamaşaçıları təbii hərəkətləri və hərarətli oyunu ilə heyran etməkdən yorulmayan» truppa artistlərinin istedadlı ifasını xüsusi qeyd edir [13].

Oktyabrın 18-də Qaraşəhərdəki Xalq evində c.Svobodinin dram qrupu, Kap (skripka) və xanım Volfsonun iştirakı ilə ədəbi-musiqili gecə keçirilir.

Həmin gecə «çox şən» oynanılmış vodevillə başladı və bundan sonra c.Tsisenkonun idarəsilə Malorossiya xorunun iştirak etdiyi musiqili-vokal hissə gəldi. Qaraşəhər tamaşaçıları «Zozulya», «Çar­daş», «Vo pole bereza stoyala»ya heyran oldular, mandolinaçalanlar orkestrini isə hətta «bis»ə çağırdılar. Aydındır ki, həmin axşam tam vəsait toplantısı olmuşdu və 20 oktyabr 1908-ci il tarixli «Bakinets» qəzetində qeyd edildiyi kimi, rəqslər gecə saat ikiyədək davam etmişdi [13].

1908-ci il mövsümündən danışarkən, bunun xeyriyyəçilik yönü­münü qeyd etməyə bilmərik. Məsələn, cənab H.Z.Tağıyev teatrında uşaq ölümü ilə mübarizə cəmiyyətinin xeyrinə Palyeronun «Sıxıntını mükafatlandırma cəmiyyəti» adlı pyesi tamaşaya qoyulmuşdu.

Oktyabrın 22-də Yaponiya ilə müharibədə əmək qabiliyyətini itirmiş hərbçilərə yardım verilməsi komitəsi üçün Nikitin qardaşları­nın Teatr sirkində bir gecə təşkil edilmiş və «Soroçino yarmarkası» göstərilmişdi.

Tiflis cəmiyyətinin yığıncağında tamaşa qoymuş H.Ərəblinski yığılan pulların üçdə birini müsəlman dini məktəbinin imkansız şa­girdlərinə bağışlamışdı. Pullar ən kasıb şagirdlərə geyim və ayaqqabı alınması üçün məktəbin müəllimlərinə verilmişdi. Bakı cəmiyyətinin yığıncağında isə müsəlmanlar arasında zallarında maarifi yaymaqla məşğul olan cəmiyyət — «Nəşri — maarif»in vəsaitinin artırılması məq­sədilə ilk müsəlman müsamirəsi keçirilir ki, bunun proqramına türk dilində tamaşa, ədəbi-musiqili-vokal hissə və rus dilində vodevil daxil idi. Müsamirənin sonunda milli və Avropa rəqsləri təşkil edilmişdi.

2 dekabr 1908-ci il tarixli «Kaspi» qəzeti bu tədbirə anons verərək, qeyd edir ki, həmin gecənin məsul sərəncamçısı H.Z.Tağıyev idi [3]; biletlər məhdud sayda yayılmışdı, müsamirədə iştirak edənlər isə frak, pencək və ya çərkəzi geyinməli idilər. 6000 manatlıq ümumi gəlir vermiş həmin gecə çox gözəl keçdi. 16 dekabr 1908-ci il tarixli «Kaspi» qəzetinin yazdığına görə, Bakı cəmiyyətinin yığıncağının zalı dəbdəbə ilə bəzədilmişdi: «İran xalçaları, gül-çiçək, rəngarəng parça­lar, çoxlu elektrik lampası və s. dekorativ bəzəklər gözəl bir mənzərə yaratrmışdı» [4]. Həmin gecə həm bədii, həm də maddi cəhətdən uğur­lu olmuşdu. «Millətindən asılı olmayaraq, bütün bakılılar seçmə adam­ları toplamış bu ilk müsəlman gecəsinə mehriban münasibət göstərir­dilər».

«Tatar dilində şən komediya», «Götür, amma yadda saxla», eləcə də «Qadın cəfəngiyyatı» adlı rus dilindəki zarafat böyük uğurla keçdi, artistlər alqışlandı.

Xanım Hüseynova və c. A.B.Hüseynzadə, H.Sarabski, Ü.Hacı­bəyovun iştirakı ilə divertisment də uğurla keçdi.

16 dekabr 1908-ci il tarixli «Vestnik Baku» qəzeti səkkiz yaşlı pianoçu müsəlman qızı Hüseynovanın çıxışına xüsusi diqqət yetirir [15].

Həmin axşam bir çox millətlərin nümayəndələri var idi, lakin məqalə müəllifi tədbirdə məhz müsəlman qadınlarının iştirakını xüsusi qeyd edir. «Onlar sayca az olsalar da, bu, ilk addımdır və ümid bəslə­mək olar ki, tezliklə onlar nəinki müsamirə və yığıncaqlara gələcək, həm də başqa qadınlarla yanaşı ictimai işlərdə də iştirak edəcəklər». Məqalə müəllifi qeyd edir ki, bir çox müsəlman ziyalıları həmin axşa­ma ailələri ilə birgə gəlmək istərdilər, lakin sərəncamçılar arasında müsəlman qadınlarının olmaması onları çaşdırdı».

Bu məqaləyə cavab olaraq 18 dekabr 1908-ci il tarixli «Vestnik Baku» qəzetində bir qrup müsəlman qadınının məktubu dərc olundu [16]. Burada qeyd edilirdi ki, həmin müsamirədə müsəlman qadınları­nın olmaması şübhəsiz ki, çox acınacaqlıdır, lakin hazırda Bakıda bir çox ziyalı müsəlman qadını yaşayır və onların hamısı da ilk müsəlman müsamirəsində iştirak etmək istərdilər. «Lakin cənab təşkilatçılar heç bir müsəlman qadınını müsamirəyə ev sahibi simasında dəvət etmədi və bu vəzifəni başqa millətlərdən olan xanımlar öz üzərinə götürdü». Məktubu imzalayan qadınlar «öz milli müsamirəsinə yalnız qonaq qismində gəlməyi ən azı yersiz» hesab etmişdilər.

Göründüyü kimi, Azərbaycanda XX əsrin əvvəllərində teatr və musiqi həyatının rəngarəng panoramı dövrü mətbuat səhifələrində öz dolğun əksini tapmışdır. Azərbaycan və rus dillərində göstərilən dram tamaşaları xalq kütlələri arasında geniş maarifləndirmə işinə xidmət edirdi. Xarici və rus opera truppalarının qastrolları zamanı artistlərin ifasında opera və operettalar səhnəyə qoyulurdu ki, bu da tamaşaçıları dünya musiqi mədəniyyətinin inciləri ilə tanışlığına imkan verirdi.  Bununla yanaşı, bu dövrün ən əlamətdar hadisəsi Azərbaycanda  musiqili teatrın yaranması oldu.

Bu gün, artıq yüz illik tarixini qeyd edən musiqili teatrın keçdiyi inkişaf yoluna nəzər saldıqda bir daha əmin oluruq ki, mətbuat səhifələrində “müsəlmanların gözlənilməz təşəbbüsü” kimi qiymətlən­dirilən “Leyli və Məcnun” operası həm dahi yaradıcısının, həm də Azərbaycan bəstəkarlıq məktəbinin taleyində təməl daşı və gələcək inkişafın təkan nöqtəsi oldu.

MƏNBƏLƏR VƏ ƏDƏBIYYAT

  1. “Kaspi”, 1908, 8 yanvar.
  2. “Kaspi”, 1908, 12 yanvar.
  3. “Kaspi”, 1908, 2 dekabr.
  4. “Kaspi”, 1908, 16 dekabr.
  5. “Yoldaş”, 1907, 22 avqust.
  6. “Yoldaş”, 1907, 1 sentyabr.
  7. «Бакинец», 1907, 1 сентябрь.
  8. «Бакинец», 1907, 3 сентябрь.
  9. «Бакинец», 1907, 7 сентябрь.
  10. «Бакинец», 1907, 10 сентябрь.
  11. «Бакинец», 1907, 1 октябрь.
  12. «Бакинец», 1908, 20 сентябрь.
  13. «Бакинец», 1908, 20 октябрь.
  14. «Бакинец», 1908, 27 октябрь.
  15. «Вестник Баку», 1908, 16 декабрь.
  16. «Вестник Баку», 1908, 18 декабрь.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

                                          TARİX  İNSTİTUTU    

ELMİ ƏSƏRLƏR

2007, 23-ci cild

 

Leave a Reply