|

Ay ana, yel vurub sındırdı sünbülümüzü…

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Dəfələrlə həbs olunub işgəncəyə məruz qalsam da, evimizi tərk edib özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri məni hədələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al! Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin-çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdi. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə-bazarlarda, xiyabanlarda, adamların gediş-gəlişinin çox olduğu ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini ana-bacılarının, doğmalarının gözü qabağında vəhşi kimi asıb, sadistcəsinə ləzzət aldığı, insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, az da olsa, zirək tərpənib kəndiri boyunlarından çıxarıb qaçmışdılar.
Günü-gündən işgəncənin sayını və növünü artıran hökumət dairələri istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Buna görə də, ölkəni elə ölkənin özü boyda zindana çevirib əhalini onun içində əsir kimi saxlayırdılar. Belə demək mümkünsə, İran adlanan məmləkətdə adamlar qurbanlıq quzu taleyi yaşayırdılar. İstənilən halda qanlarının tökülməsi labüd idi. Ölkədə ədalət məhkəməsi olmadığı üçün qan tökənin də ədalətli mühakiməsi yox idi. Əgər idarəçilik özü ədalətsizlik üzərində qurulubsa, onda ədalət məhkəməsini kim qura bilərdi ki?! Elə ona görə, də haqqını sübut edə bilməyib, haqsızlığın qurbanı olan minlərlə Azərbaycan gənci ən yaxşı halda ölkəni tərk etməkdən başqa, real çıxış yolu tapa bilmirdi.
Adlarını desəm, o gedənlər içərisindən yəqin indi siz də çoxunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Ona qalsaydı, yüz il ola, getməzdi. Niyə də getməliydi ki? Axı, o zavallının kiminlə nə işi var idi? İşi-gücü əkib biçmək, axırda da biçdiklərini satıb, mədaxil məxarici ödəyib, evin gündəlik tələbatları üçün çalışmaqdan başqa işinin adı yox idi. Məgər onun əməllərində hökumət siyasətinə xələl gələsi nə isə var idimi? Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu sualsız, məhkəməsiz filansız zindanda dörd divar arasında asılandan sonra, atası Həmid kişi dərddən yorğan döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində yerdə qalan bu bir tək oğlunun da qardaşına görə vaxtsız vədəsiz xüsusi idarəyə aparılıb gətirilməsi, evlərinin ələkvələk edilib evdəki kitabların müsadirə olunması ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa, bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neyləyə bilərdi? Əlirza üç dəfə zindana düşüb, oradan çıxandan sonra ağlının kəsdiyi bu oldu ki, ağ-qara, gecə gündüz, həyəcan sakitlik, həyat ölüm, işıq kölgə zolağının arasından özünə bir yol seçib, işıq gələn tərəfi tutub getməlidir.
Taytuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız bir övladı vardı.
Məhəllədəki dost tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi:
– Sən gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm.
Nəhayət, bir gün özümü məcbur etdim ki, anamla açıq danışım. Söhbətə belə başladım:
– Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam.
– Bilirəm! Hamısını bilirəm, — dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi.
Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim:
– Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər…
Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikrimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu:
– Hər şeyi bilirəm, deməsən də bilirəm.
Anam o qədər təmkinlə dilləndi ki, sanki mənim başıma gələnləri məndən də yaxşı o bilirdi.
– Nəyi? – Sual etdim.
– Ağzıma daş, — deyib, — iraq-iraq, bizdən uzaq. Kiş kişlər olsun… — deməklə, bu dəfə qəmkədəri insan ömründən qovan el deyimlərini bir bir sayıb qurtarandan sonra, son ayda şəhərdə edam olunanların, tutulub uzun müddət zindana salınanların adlarını dilə gətirdi. Sonda isə:
– Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü… — dedi anam.
Sözünü qurtaran anam, bir an dinməz-söyləməz mənə baxdı. Hiss etdim ki, ürəyi doludur, bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə!
Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini mənə tərəf uzadıb ağlaya ağlaya dedi:
– Bunları götür, canını qurtar. Çıx get!
Qulağımla eşitdiklərimə inana bilmirdim. Doğrudanmı, bunu anam deyirdi? Mat-mat üzünə baxdım. Yəqin elə çaşbaş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi:
– Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. İstəyirdim səni daim şad və sağlam görüm. Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm…
“Sənin məzarın” kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, möhkəm möhkəm qucaqlaşıb ana bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük.
Yadıma gəlir o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olduğumu, qapının açılmasına heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayının yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə çəkəndə qəfildən onun əlindən yapışdım.
– Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən-kəlməsini yavaş səslə, bir az da qınayıcı tərzdə dedim ki, mənimlə bağlı narahatçılığını azaldım.
Anamsa üzünü mənə tutub dedi:
– Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də beşikdə bələnmiş körpə kimisən. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb laylay oxunan çağlarındı…
Sübh tezdən Ərdəbildəki ata baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin alaqaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm? Görə­sən, bir də onları eşitmək mənə nəsib olacaqmı?..
Anamdan ayrıldım… Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar.
Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kandarında durub, hələ də arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım.
Qabağa yox, bu dəfə arxaya addım atdım. Əlimdəki bağlamanı qaldığım yerdə yolun yarısında qoyub, qaçıb anamı qucaqladım.
– Ay ana, məgər dünyanın axırıdır?! – dedim.
– Ürəyimə damıb ki, səni son dəfə görürəm… – kəlməsini özünəməxsus xısın – xısın bir pıçıltı ilə dodaqucu dilə gətirdi.
Yolun ortasından yükümü götürəndə ürəyimdə özözümə dedim ki, bir də arxaya baxmayacağam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə-təzə açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi hərəkətsiz donub durmuşdu.
Anamdan, doğma evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi da­vam etdirdim. Əslində mübarizənin bir başqa biçimini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqib edilməyimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli yersiz hədələrə məruz qalırdım. Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyub ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına baş əyməyimlə nəticələnəcək.
Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə, anamı yanıma gətirməklə bağlı ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bundan ötrü o da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi. Sözsüz ki, mənə görə ona pasport verilməsi mümkün deyildi.
Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:
– Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılmaq qədər ağır dərd olarmış?
Anam mənə dedi:
– Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.
Hər dəfə onunla telefonla danışanda qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımın silsiləsinə daxil idi. Bu yerdə inanmıram məni hər kəs başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər.
Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim.Bir gecə telefon zəng çaldı. Uzaqdan olsa da, amma doğma səs idi. Məhəlləmizin ağsaqqalı Həsən dayı idi. Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm..
Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən-birə qarışdı. Biz güman etmirdik bu xəstəliklə getsin. O zaman sənə zəng edib, xəbər vermək istədik. Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə. Anan istəmirdi ki, ona görə sən çətinlik çəkəsən. O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən.
Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı.
Bu yerdə danışmaq istəsəm də, dilim topuq çaldı. Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim.
O, peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da yerinə qayıtsın, mən də sakitləşim. Anamın, son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz özlüyümdə bir xeyli götür-qoy etdim.
Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi!
Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Üz-üzə durub bir xeyli sakitcə ona baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı.
Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də, pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdu.
– Götür, get! Çıx get! Get!..Təki sən salamat qal!.. – dedi.
Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısının bütövlükdə yol xərcini ödəmə­diyi üçün təəssüf etdim…
Uzun hekayətdir, elə deyilmi? Amma inanmıram, vətənin əsir övladlarından kiminsə qürbət hekayəti bundan fərqli olsun. Mənim keçdiyim yoldan qısa olsa da.
Qürbət hekayətlərinin hamısı bir biçimdə, bir rənglə yazılır…

Eluca Atalı
9 Qismət Günü, İşıq Ayı, 30-cu il,
09.05.08, Stokholm

Leave a Reply