|

Alan miqrasiyaları və Azərbaycan Albaniya dövləti

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2,00 out of 7)
Загрузка...

Alan tayfalarının tarixi Azərbaycan ərazilərinə miqrasiyası məsələsi yurdumu­zun qədim dövr tarixşünaslığının mühüm problemlərindən biridir. Bildiyimiz kimi, eramızın I əsrinədək antik mənbələrdə “alan” etnoniminə rast gəlinmir. Yalnız era­mızın I əsrinin ortalarından başlayaraq, əvvəlcə qədim Roma şairi Mark Anney Lukan [6, 150] və filosof Lusi Anney Seneka [6, 139], I əsrin ikinci yarısında isə Böyük Plini [6, 171], Valeri Flakk [6, 207] və İosif Flavi [3, VII, 7, 4] alan tayfalarının adını xatırladırlar. Adı çəkilən antik müəlliflər arasında yalnız İosif Flavi “Yəhudi müharibələri haqqında” əsərində alanlar haqqında nisbətən geniş məlumat vermiş­dir.

Tarixşünaslıqda alan tayfalarının eramızın 72-ci ilində Cənubi Qafqaz istiqamə­tində baş verən yürüşü çox böyük mübahisə doğurmuşdur. Tədqiqatçıların bir çoxu alan tayfalarının Şimali Qafqazdan Dəryal keçidi vasitəsilə yürüş etdiklərini iddia edirlər [21, 167; 30, 356-357]. Azərbaycan tarixşünaslığında da bu fikrin tərəfdarları üstünlük təşkil edir [15, 200-201; 16, 77]. Bəzi tədqiqatçılar isə həmin yürüşün Orta Asiyadan Hirkan keçidi vasitəsilə baş verdiyini bildirmişlər [22, 67; 32, 212; 38, 73-74]. Bizim üçün alanların bu yürüşü ilə bağlı Azərbaycan tədqiqatçılarının fikirləri daha çox əhəmiyyət kəsb etdiyindən onların üzərində dayanmaq istəyirik.

Azərbaycan tarixşünaslığında sarmat-alanların Azərbaycan Albaniya dövləti­nin ərazilərinə yürüşünə ayrıca məqalə həsr edən ilk müəllif mərhum akademik İqrar Əliyevdir. O, 1971-ci ildə nəşr olunan “Sarmat-alanlar İrana gedən yolda” adlı məqalə­sində sarmat-alan tayfalarının Şimali Qafqazdan Azərbaycan Alba­niya dövlətinin ərazilərinə yürüşünü və bu yürüşün nəticəsi olaraq Mingəçevirdə katakomba qəbirlərinin meydana gəlməsi fikrini irəli sürmüşdür [15, 200-205]. Hətta İ. Əliyev guya “Azər­baycanı sarmat-alan tayfalarının İrana hərəkəti üçün çıxış nöqtəsi” hesab etmiş və Azərbaycan Albaniya dovlətinin Kambisena əyalətini isə “irandilli tayfaların yeni metropoliyası” adlandırmışdır [15, 200-201]. Lakin müəl­lifin kifayət qədər əsaslan­dırıl­mayan və tarixi həqiqəti əks etdirməyən bu iddiaları elə öz dövründəcə haqlı olaraq tənqid olunmuşdur [14, 78-79; 37, 98-102]. 1975-ci ildə Q.M.Aslanovla birlikdə nəşr etdirdiyi məqaləsində isə İ.H. Əliyev yuxarıda göstərilən iddialarını daha da inkişaf etdirmişdir [16, 76-87]. Yazılı mənbə kimi İosif Flaviyə istinad edən müəlliflər yazırlar: “İberiya hökmdarı ilə ittifaqda olan alanlar Dəryal keçidindən və Kartli torpaq­larından keçərək, heç nədən şübhələnmə­yən midiyalıların üzərinə yürüş etdilər…” [16, 77]. Elə buradaca biz müəlliflərin tarixi mənbəni öz iddialarının xeyrinə dəyişdirdiyini görürük. Çünki onların istinad etdiyi İosif Flavi yuxarıda adı çəkilən əsərin də nə “İberiya hö­kmdarı”, nə “Dəryal keçidi”, nə də “Kartli torpaqları” ifadələri işlətmişdir [3, VII, 7, 4].

Azərbaycan tarixşünaslığında sarmat-alan-massaget tayfalarının tarixi Azərbaycan ərazilərinə miqrasiyası ilə bağlı İ.H. Əliyevin təsiri ilə formalaşdırılmış və tarixi həqiqəti olduğu kimi əks etdirməyən fikir 1998-ci ildə nəşr olunmuş “Azərbaycan tarixi”nin akademik nəşrinin I cildində də öz əksini tapmışdır. Belə ki, burada da adı çəkilən tayfaların tarixi Azərbaycan ərazilərinə yürüşlərinə irandilli tayfaların miqrasiyasının tərkib hissəsi kimi yanaşılmışdır [12, 394-396]. Bəzi Azərbaycan arxeoloqları da Mingəçevir katakombalarının meydana gəlməsini Şimali Qafqazdan miqrasiya edən sarmat-alan tayfalarının təsiri ilə izah etmişlər [19, 116; 25, 106; 31, 139]. Lakin bununla belə alan tayfalarının yuxarıda xatırlanan yürüşünün cənubdan baş verdiyinin və müvafiq olaraq katakomba və katakomba-taxta qutu qəbirlərinin də Xəzər dənizinin cənubundan Azərbaycan Albaniya dövlətinin ərazilərinə yayıldığını irəli sürən arxeoloqlar da vardır [37, 101; 38, 72-73]. Fikrimizcə, alanların məlum yürüşünün məhz Xəzərin cənubundan, Hirkan keçidi vasitəsilə baş verdiyini iddia edən müəlliflər [22, 67; 32, 212; 38, 73-74] həqiqətə daha çox yaxındırlar.

Alan tayfalarının Xəzərin cənubundan Hirkan keçidi vasitəsilə Cənubi Qafqaza yürüş etməsi fikri tarixşünaslıqda yeni deyildir. Bu fikri ilk dəfə XX əsrin əvvəllərində alman tədqiqatçısı E.Toybler irəli sürmüşdür [22, 67]. XX əsrin 60-cı illərində gürcü tədqiqatçısı V.N. Qamrekeli bu məsələni yenidən qaldırmışdır [22, 58-70]. Lakin o, alanların ya Dərbənd keçidi, yaxud da Xəzərin cənubu vasitəsilə yürüş etdiyini bildirirdi [22, 60]. Son dövrlərdə isə Azərbaycan arxeoloqları arasında alanların Xəzərin cənubundan yürüş etməsi fikri M.C. Xəlilov tərəfindən inkişaf etdirilmişdir [38, 73-74]. S.M. Perevalov da eyni fikrə tərəfdardır [32, 212].

Yuxarıda xatırlatdığımız kimi, e. I əsrinin antik müəlliflər arasında alan tayfaları haqqında daha geniş məlumat verən İosif Flavidir. Buna görə də biz məhz İosif Flavinin məlumatını əsas götürərək, alanların eramızın 72-ci ilində Cənubi Qafqaza hansı istiqamətdən yürüş etməsi məsələsinə aydınlıq gətirmək istərdik. İosif Flavinin məlumatı heç bir ixtisar olmadan olduğu kimi verilir: “Əvvəl də qeyd etdiyimiz kimi, alan tayfaları Tanais və Meotidanın ətrafında yaşayan skiflərin bir hissəsidir. Bu dövrdə onlar Midiyanı (Parfiya və Atropatena əraziləri nəzərdə tutulur – N.Z.) və daha uzaq ölkələri qarət etmək niyyəti ilə Hirkan hökmdarı ilə danışığa girdilər, çünki o, (Hirkan hökmdarı – N.Z.) hökmdar Aleksandr (Makedoniyalı İsgəndər – N.Z.) tərəfindən dəmir qapılarla möh­kəmləndirilmiş keçidin sahibi idi. O, (Hirkan hökmdarı – N.Z.) keçidi açdıqda alanlar böyük kütlə ilə heç nədən şübhələnməyən midiyalıların üzərinə hücum etdilər, sıx əhalisi və çoxlu mal-qarası olan ölkəni qarət etdilər, bununla belə, heç kim onlara qarşı durmağa cürət etmədi, çünki bu ölkədə hökmdarlıq edən Pakor ( Parfiya hökmdarı II Pakor – N.Z.) özünün əsir düşmüş arvadını və kənizini çox çətinliklə 100 talant ödənc verib azad edərək və yerdə qalan hər şeyi qoyaraq, qorxu içində əlçatmaz yerlərə qaçdı. Beləlik­lə, onlar çox asanlıqla və heç bir müqavimətə rast gəlmədən hər şeyi qarət edərək, Ermənistana (Kiçik Asiya ərazisindəki Ermənistan nəzərdə tutulur – N.Z.) çatdılar. Ermənistanın hökmdarı Tiridat idi və o, alanların qarşısına çıxaraq onlarla döyüşə girdi, lakin əgər o (Tiridat – N.Z.), bu döyüşdə boynuna atılan kəndiri qılıncla kəsib qaça bilməsəydi əsir düşəcəkdi. Bu döyüşdən daha da quduzlaşan barbarlar bütün ölkəni viran qoyaraq və hər iki ölkədən qarət edilən qənimətlə və çoxlu əsirlərlə öz evlərinə qayıtdılar” [3, VII, 7, 4].

İosif Flavinin məlumatının ümumi məzmunundan göründüyü kimi, alan tayfaları Cənubi Qafqaza Xəzərin cənubundan yürüş etmişlər. Çünki onların yolu­nun üzərində əvvəlcə Midiya (Atropatena), sonra isə Ermənistan (Kiçik Asiya­nın şərqində yerləşən tarixi Ermənistan nəzərdə tutulur – N.Z.) xatırlanır. Məhz bu cəhətə diqqət yetirən bir çox tədqiqatçılar alanların məlum yürüşünün Orta Asiya ərazisindən, Hirkan keçidi vasitəsilə olması qənaətinə gəlmişlər [22, 67; 32, 212; 38, 73-74]. Bu tədqiqatçıların əsaslandığı digər dəlilərdən biri də mənbədə Hirkan hökmdarının sahib olduğu keçidin xatırlan­masıdır [22, 67; 38, 73-74]. Lakin, alan­ların Şimali Qafqazdan, əsasən, Dəryal keçidi vasitəsilə gəldiyini iddia edən V.B. Vinoqradov isə İberiyanın vaxtilə Hirkan adlandırıl­masını əsas gətirir [21, 167]. Qəribə də olsa, müəllif öz iddiasını sübuta yetirmək üçün bilavasitə mənbələrin məlumatlarına deyil, S.T.Yeremyanın fikrinə istinad etmişdir [21, 167].

Fikrimizcə, yuxarıda adı çəkilən mənbədə xatırlanan “əvvəl də qeyd etdiyimiz kimi, alan tayfaları Tanais və Meotida gölünün sahillərində yaşayan skiflərin bir his­səsidir” və “bu dövrdə onlar Midiyanı və daha uzaq ölkələri qarət etmək niyyəti ilə Hirkan hökmdarı ilə danışığa girdilər, çünki o, hökmdar Aleksandr tərəfindən dəmir qapılarla möhkəm­ləndirilmiş keçidin sahibi idi” ifadələrinin izahı alanların Cənubi Qafqaza hansı yolla yürüş etdiklərini müəyyənləşdirməkdə açar rolunu oynaya bilər. Çünki məhz bu ifadələr tədqiqatçılar arasında ciddi fikir ayrılıqlarına səbəb olmuşdur. Məsələn, E.Toybler alanların Orta Asiyadan Hirkan keçidi vasitəsilə yürüş etdiklərini bildirsə də, İosif Flavinin məlumatında müəyyən dolaşıqlığın (əlbəttə ki, E.Toybler İosif Flavinin “Tanais” və “Meotida” ifadələrini nəzərdə tutur – N.Z.) olduğunu yazır [22, 67]. Buna görə də fikrimizi İosif Flavinin məhz bu ifadələri üzərində cəmləşdirmək istəyirik.

Mənbədə göstərilən “əvvəl də qeyd etdiyimiz kimi” ifadəsinə İosif Flavinin adı çəkilən əsərinin əvvəlki hissələrinin heç bir yerində rast gəlinmir. Müəllifin “alan tayfaları Tanais və Meotidanın sahillərində yaşayan skiflərin bir hissəsidir” ifadəsi isə tədqiqatçılar arasında daha çox mübahisə doğurmuşdur. Məhz elə buna görə də tədqiqat­çıların çoxu alanların eramızın 72-ci ilində ki, yürüşünün yalnız Şimali Qafqazdan baş verə biləcəyini iddia etmişlər [15, 200-201; 16, 77; 21, 168-170; 30, 356-357]. Lakin fikrimizcə, İosif Flavinin bu ifadəsi heç də alanların Dəryal keçidi vasitəsilə Şimali Qafqazdan yürüşünü iddia etmək üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, “Tanais çayı” və “Meotida gölü” ifadəsi altında müəllifin dəqiq hansı çayı və gölü nəzər­də tutduğunu müəyyən etmək çətindir. Doğrudur, antik coğrafiyada əsas etibarilə “Tanais çayı” və “Meotida bataqlığı” adı altında müvafiq olaraq Don çayı və Azov dənizi nəzərdə tutulur [2, 151]. Lakin bununla belə, bir çox tədqiqatçılar Orta Asiyada baş verən hadisələrdən danışarkən antik müəlliflərin “Tanais çayı” adı altında Sır-Dərya çayının, “Meotida bataqlığı” ifadəsi altında isə Aral gölünü nəzərdə tutuduqlarını da qeyd etmişlər [20, 17; 33, 214; 34, 16; 35, 124]. Həqiqətən də, Polibi [9, X, 48], Kursi Ruf [4, VII, 4, 32], Arrian [1, IV, 3, 6] kimi müəlliflərin Orta Asiya hadisələrindən danışarkən “Tanais çayı” ifadəsi altında Sırdərya çayını nəzərdə tutmaları şübhəsizdir. Tarixi ədəbiyyatda hesab olunur ki, əslində, adı çəki­lən antik müəlliflər Orta Asiya ərazisindəki Sırdərya çayı ilə Azov dənizinə tökülən Don çayını bir-biri ilə qarışdırmışlar [2, 149, 151, 156]. Lakin bununla belə, biz Arrianda çox maraqlı bir məlumata rast gəlirik. Arrian yazır: “….buradan o, (Makedoniyalı İsgəndər – N.Z.) Tanais çayına doğru hərəkət etdi. Hələ Aristobulun sözlərinə görə, yerli barbarlar tərəfindən Opksant (Yaksart və ya Sırdərya – N.Z.) adlandırılan bu Tanaisin (fərqləndirmə bizimdir – N.Z.) mənbəyi…..” [1, III, 30, 7]. Daha sonra müəllif davam edərək yazır: “….lakin tarixçi Herodotun haqqında məlumat verdiyi və skiflərdə 8-ci çay adlandırılan başqa bir Tanais (fərqləndirmə bizimdir – N.Z.) də olmalıdır. O, (Tanais çayı – N.Z.) böyük bir göldən başlayır və Meotida adlandırılan daha böyük bir gölə tökülür. Bəzi müəlliflər deyir ki, bu çay Avropa ilə Asiyanın sərhədini təşkil edir…” [1, III, 30, 8]. Göründüyü kimi, Arrian açıq şəkildə iki Tanaisi, yəni Azov dənizinə tökülən və Don çayı ilə eyniləşdirilən Tanaislə, Orta Asiyada yerləşən və Sırdərya çayı ilə eyniləşdirilən Tanaisi bir-birindən fərqləndirir. Böyük Plini də yazır ki, “….onların (Makedoniyalı İsgəndərin qoşunlarının – N.Z.) sonrakı hərəkətinə skiflərin Silis adlandırdığı, Aleksandr (Makedoniyalı İsgəndər – N.Z.) və onun döyüşçülərinin isə Tanaid kimi qəbul etdiyi Yaksart çayı mane olurdu” [6, 185]. Buna görə də İosif Flavinin xatırlatdığı “Tanais çayı və Meotida gölü” ifadəsi altında heç də bəzi müəlliflərin iddia etdiyi kimi, Don çayının və Azov dənizinin başa düşülməsi məcburi deyildir.

İosif Flavinin xatırlatdığı “skiflər” ifadəsinə gəlincə isə, bildiyimiz kimi, antik ənənədə bu ad altında, adətən, Qara dənizin şimal sahillərində və Don çayından qərbdə, habelə Xəzərin şərq sahillərində yaşayan köçəri və yarımköçəri əhali nəzərdə tutulurdu [2, 148-149, 152]. Maraqlıdır ki, Klavdi Ptolemey “Coğrafi təlimnamə” əsərində Ra (Volqa – N.Z.) çayından və Xəzər dənizindən şərqdə yerləşən əraziləri Skifiya, qərbdə yerləşən əraziləri isə Sarmatiya adlandırır [5, 238]. Makedoniyalı İsgəndərin Orta Asiyaya yürüşünü təsvir edən Kursi Ruf “….et ultra Tanaim amnem colontes Scythas…. ” (və Tanais çayı arxasında yaşayan skiflər) ifadəsini işlətmişdir [4, VII, 4, 6]. Daha sonra III Daranın (e.ə. 336 – 330) qatili Bessin Orta Asiyaya qaçmasını təsvir edən müəllif “…..Scythas, qui ultra Tanaim amnem colunt, adventare Besso ferntes opem” (Bessin köməyinə Tanais arxasında olan skiflər gəldi) ifadəsini işlədir [4, VII, 4, 32]. Beləliklə, güman etmək olar ki, İosif Flavi “….alan tayfaları Tanais və Meotida gölünün sahillərində yaşayan skiflərin bir hissəsidir…” dedikdə, əslində, Sırdərya çayı və Aral gölü ətrafında yaşayan skiflərin bir hissəsi olan alan tayfalarını da nəzərdə tuta bilərdi. Maraqlıdır ki, Çin mənbələri alanları məhz bu ərazidə lokalizə edir [29, 136, 144].

Digər tərəfdən, hətta İosif Flavinin xatırlatdığı Tanais çayı və Meotida gölünün müvafiq olaraq Don çayı və Azov dənizi ilə eyniləşdirilməsi belə alanların yürüşünün Şimali Qafqazın Dəryal keçidi vasitəsilə baş verdiyini iddia etmək üçün əsas ola bilməz. V.N. Qamrekelinin yazdığı kimi, alanların Don çayı və Azov dənizi sahillərində yaşaması onların məhz bu dövrdə (eramızın I əsrində – N.Z.) Şimali Qafqazda yaşaması demək deyildir [22, 64]. Maraqlıdır ki, Strabon Xəzərin şərq hissəsini təsvir edərkən parn-day tayfalarını “Meotidanın üzərində yaşayan skiflərin bir hissəsi” kimi göstərir [10, XI, 9, 3]. D.A. Maçinskinin fikrincə isə, bəzi ərazilərin təsvirində Strabonun tez-tez istifadə etdiyi “ὑπέρ” (yuxarıda) sözü, adətən, həmin ərazilərin antik dünyanın mərkəzin­dən uzaq məsafədə yerləşdiyini və onların “şərq”, “şimali-şərq” və ya “şimal” istiqamətlərində olduğunu bildirir [28, 124]. Həqiqətən də, Strabonun əsərinin müxtəlif yerlərində biz bu cür hallara tez-tez rast gəlirik. Məsələn, Strabon Asiyanın təsvir edərkən yazır: “Şimali Asiyanın hindlilərlə sərhəd­də yerləşən skiflərədək olan ikinci his­səsini bizim indi Kaspi (Xəzər dənizi – N.Z.) adlandırdığımız Hirkan dənizi üzərində (fərqləndirmə bizimdir – N.Z.) vilayət hesab etmək olar” [10, XI, 1, 7]. Beləliklə, də aydın şəkildə görünür ki, Strabon “ὑπέρ τής ‛Υρκανίας θαλάττης” (Hirkan dənizi üzərində) vilayət dedikdə, Xəzər dənizindən məhz şimali-şərqdə və şərqdə yerləşən əraziləri nəzərdə tutmuşdur. Buna görə də istər Strabonun parn-day qəbilələri, istərsə də İosif Flavinin alan tayfaları ilə əlaqədar yuxarıda xatırlatdıqları məlumatlarda həmin tayfaların Azov dənizi və Don çayı sahillərində deyil, məhz Aral gölü və Sırdərya çayı sahillərində yaşadığını nəzərdə tutduğunu da iddia etmək olar.

Fikrimizcə, İosif Flavinin “bu dövrdə onlar (alanlar – N.Z.) Midiyanı və daha uzaq ölkələri qarət etmək niyyəti ilə Hirkan hökmdarı ilə danışığa girdilər, çünki o, hökmdar Aleksandr tərəfindən dəmir qapılarla möhkəmləndirilmiş keçidin sahibi idi” ifadəsi də alanların eramızın 72-ci ilində Cənubi Qafqaza Dəryal keçidi vasitəsilə yürüş etmələrini demək üçün əsas ola bilməz. İosif Flavinin məlumatından görün­dü­yü kimi, alanların qarət etmək niyyətində olduqları xatırladılan birinci ölkə “Midi­ya” (Atropatena – N.Z.) və yalnız bundan sonra digər “daha uzaq ölkələr”dir. Həqiqətən də, mənbədə alanların hücum yolu üzərində ilk xatırlanan “Midiya ölkə­si”, “Midiya əhalisi” və “Midiya (Atropatena ) hökmdarı Pakordur” [3, VII, 7, 4]. Əgər bir çox müəlliflərin hesab etdiyi kimi, alanların Şimali Qafqazın Dəryal və ya Dərbənd keçidləri vasitəsilə yürüş etdiklərini [15, 200-201; 16, 75-78, 87-88; 21, 167; 30, 356-357] iddia etsək, onda alanların yolu üzərində birinci halda İberiya, ikinci halda isə Albaniya ölkəsi xatırlanmalı idi. Ola bilməzdi ki, antik müəlliflərin kifayət qədər yaxşı tanıdığı İberiya və Albaniya nəzərdən yayınsın. Halbuki, İosif Flavinin əsərində biz nə İberiya, nə də Albaniya haqqında nəinki hər hansı ifadəyə, heç eyhama da rast gəlmirik. Belə olan halda, yuxarıda göstərilən müəlliflərin iddialarını şübhə altına almağa əsas vardır.

“Hirkan hökmdarı” ifadəsinə gəlincə isə, Miletli Hekateydən (e.ə. VI – V əsrlər) başlayaraq, antik müəlliflər “Hirkan dənizi”, “Hirkan ölkəsi”, “Hirkan hökmdarı” və s. ifadələr işlətmişlər. Təsadüfi deyil ki, hələ Miletli Hekatey Xəzər dənizindən və əsasən, onun cənub və cənubi-şərq sahillərindən danışarkən oranı Hirkan dənizi adlandırır [5, 2; 20, 4]. Güman etmək olar ki, müəllif Xəzərin cənub sahillərindəki Hirkan adlanan ərazinin adı ilə onu belə adlandırmışdır. Çünki antik ənənədə biz sonrakı dövrlərdə Xəzərin cənub sahillərindəki ərazinin məhz Hirkan ölkəsi adlandırılmasına tez-tez rast gəlirik. Məsələn, Polibi [9, X, 31], Strabon [10, XI, 7, 1], Tasit, [11, XI, 9; XIII, 37], Arrian [1, III, 23, 6] və başqaları bu və ya digər hadisələrlə əlaqədar Xəzər dənizinin cənubunda Hirkan ölkəsini xatırladırlar. Lakin bununla belə İ.H. Əliyev, V.B. Vinoqradov və başqa tədqiqatçılar “Hirkan ölkəsi” anlayışını İberiya ilə eyniləşdirərək, alanların Şimali Qafqazdan yürüş etdiklərini iddia etmişlər [16, 77; 21, 167]. Əslində, keçmiş sovet tarixşünaslığında Hirkaniyanın İberiya ilə eyniləşdirilməsi fikrinin bila­vasitə müəllifi olan S.T. Yeremyanın iddiasına görə, guya antik müəlliflər “Hirkan ölkə­si”ni xatırladarkən, bəzən İberiyanı nəzərdə tutmuşlar [24, 3]. Lakin nə antik dövrdə, nə də heç bir antik müəllifdə İberiya “Hirkaniya” və ya “Hirkan ölkəsi” kimi göstəril­məmişdir. Halbuki, İberiya antik dövrdə Hirkaniya adlansaydı, bu, İberiyanı kifayət qədər yaxşı tanıyan antik müəlliflərin diqqətindən yayına bilməzdi. Təsadüfi deyil ki, biz Strabonun Pontdan (Qara dəniz – N.Z.) yuxarıda yaşayan xalqlar (roksalan, savromat və s.) haqqında çox zəif [10, VII, 2, 4], əksinə, o xalqlarla müqayisədə məhz İberiya və Albaniya haqqında daha geniş məlumatlara malik olduğunu görürük [10, XI, 3, 1-6; XI, 4, 1-8]. Strabon əsərinin digər yerində özü də etiraf edir ki, onun müasirləri britlər, germanlar, İstr çayı (Dunay çayı – N.Z.) boyunca yaşayan və İstrın o tayında olan get, tireget və bastarnlar və habelə Qafqaz xalqları, məhz albanlar və iberlər haqqında mötəbər məlumatlara malik­dirlər [10, II, 5, 12].

S.T. Yeremyanın yuxarıdakı fikrinə gəlincə isə, müəllif Cənubi Qafqazda Sasani mərzbanlığı dövründə (532 – 627) Kartlinin erməni mənbələrində “Vrkan” adlan­dırıl­dığını iddia edərək, həmin nəticəyə gəlmişdir [24, 3]. Lakin fikrimizcə, antik müəlliflərin məhz Xəzərin cənubunda xatırlatdıqları “Hirkaniya ölkəsi” ifadəsi ilə eramızın VII əsrinin əvvəllərində, erməni mənbələrində Kartli barədə xatırlanan “Vrkan” ifadəsinin S.T. Yeremyan tərəfindən süni şəkildə eyniləşdirilməsi tarixi həqiqətə ziddir. Təkrarən demək istəyirik ki, antik müəlliflərdə İberiyanın Hirkan ölkəsi adlanması haqqında heç eyham da yoxdur. Buna görə də İosif Flavinin xatırlatdığı “Hirkan hökmdarı” ifadəsi məhz həmin dövrdə İberiyaya deyil, əksinə, həm İosif Flavidən əvvəl, həm də ondan sonrakı digər antik müəlliflərin də məlumat­larına uyğun gələn və Xəzərin cənubunda xatırlanan tarixi “Hirkaniya ölkəsinə” aid edilməlidir.

İosif  Flavinin “hökmdar Aleksandr tərəfindən dəmir qapılarla möhkəmləndirilmiş keçid” ifadəsinə gəlincə isə, demək lazımdır ki, bu ifadə də heç də bəzi tədqiqatçıların iddia etdiyi kimi, Dəryal keçidinə deyil, əksinə, Xəzərin cənubundakı Hirkan keçidinə aid edilə bilər. Xəzər dənizinin cənubunda keçidin olması antik müəlliflər tərəfindən dəfələrlə xatırladılmışdır. Məsələn, Polibi Hirkaniyaya aparan dar Laba keçidindən və bu keçidə barbarlar tərəfindən nəzarət olunmasından bəhs edir [9, Х, 29]. Arrian şah III Daranın (e.ə 336 – 330) Orta Asiyaya qaçmasını təsvir edərkən “Raqidən (Parfiyada şəhər – N.Z.) bir qədər aralıda olan Kaspi qapıları” ifadəsini işlədir [1, III, 19, 2; III, 20, 2]. Arrian əsərinin başqa bir yerində Makedoniyalı İsgəndərin məhz bu qapılardan Oks (Amudərya – N.Z.), Tanais (Sırdərya – N.Z.) və Hind çayı tərəfə keçdiyini yazır [1, VII, 10, 6]. Nəzərə alsaq ki, antik ənənədə tez-tez Xəzərin cənubundakı Hirkaniya ölkəsi xatırlanır, onda bu keçidə nəzarət də, heç şübhəsiz ki, Hirkan hökmdarlarının əlində ola bilərdi. Mənbələrə əsasən, Hirkaniyada müstəqil və ya yarımmüstəqil siyasi qurumun olmasını və bu onun keçidə nəzarət üçün kifayət qədər gücə malik olduğunu demək olar. Məsələn, Tasit “güclü Hirkan xalqı” ifadəsini işlədir [11, XIV, 25] və hətta hirkanların Roma prinsepsi Domisi Korbulonun  yanına müqavilə bağlamaq üçün nümayəndə heyəti göndərməsindən danışır [11, XV, 1]. Eramızın 58-ci ilində Parfiya dövlətindən ayrılmış Hirkaniyanın, artıq 59-cu ildə Romada səfirliyi fəaliyyət göstərirdi [20, 18]. Təsadüfi deyil ki, İosif Flavinin məlumatında da alanlar keçidin açılması üçün Hirkan hökmdarı ilə danışığa girirlər [3, VII, 7, 4]. Güman etmək olar ki, siyasi tərəfdaşlıq edən Roma və Hirkaniya rəqiblərinə (Parfiya və Ermənistan) qarşı Orta Asiya tayfalarının gücündən istifadə edirdilər.

İosif Flavinin “dəmir qapılarla möhkəmləndirilmişdi” ifadəsinə gəlincə isə, güman etmək olar ki, bu, məcazi mənada olub, keçidin möhkəmliyinə bir işarə ola bilərdi. Polibi yazırdı ki, “…..Antiox (III Antiox – N.Z.) hələ Hirkaniyaya aparan Laba keçidinə çatma­mış yerli əhalidən qarşıdakı yolun çətinliyini öyrəndi” [9, X, 29]. Arrian “Qafqazdakı aşırımdan” keçərkən İsgəndərin çoxlu atının məhv olduğunu yazır [1, 30, 6]. “Qafqazdakı aşırım” ifadəsinə gəlincə isə, Arrian yazır: “Baktriyada Tavr dağları Parapamis dağları ilə qovuşur ki, Aleksandrın döyüşçüləri bunu Qaf­qaz dağları adlandırırlar…. ola bilər ki bu dağ Skif Qafqazının bilavasitə dava­mıdır…. bu Qafqaz Hind okeanına qədər uzanır” [1, V, 5, 3-4]. Hər halda, İosif Flavinin məlumatından göründüyü kimi, keçidə nəzarət Hirkan hökmdarının əlində olmuşdur. Ona görə də bu keçidi şərti olaraq “Hirkan keçidi” adlandırmaq olar.

Beləliklə də, antik mənbələrdən göründüyü kimi, İosif Flavinin “hökmdar Aleksandr tərəfindən dəmir qapılarla möhkəmləndirilmiş keçid” ifadəsi bəzi müəlliflərin iddiasının əksinə olaraq [15, 200-201; 16, 75-78, 87-88; 21, 167; 30, 356-357] Dəryal keçidinə deyil, məhz Hirkan keçidinə daha çox uyğundur.

İ.H.Əliyev və Q.M.Aslanov 1975-ci ildə nəşr etdirdikləri məqalədə isə erməni tarixçisi Movses Xorenliyə (V əsr) istinad etmişlər [16, 77]. Alanların eramızın 72-ci ilindəki yürüşü ilə əlaqədar V əsr erməni tarixçisi (yeri gəlmişkən, Movses Xorenlinin yaşadığı dövr çox mübahisəlidir – N.Z.) yazır: “Bu dövrə yaxın dağlılarla birləşən və İveriyanın yarısını öz tərəfinə çəkən……. alan xalqı bir qədər geri çəkilərək, böyük Kürü keçdi və çayın şimal sahilində düşərgə saldı….” [8, II, 50]. Əvvəla, göründüyü kimi, Movses Xorenlinin özünün məlumatı ilkin mənbə olan İosif Flavinin məlumatı ilə xeyli ziddiyyət təşkil edir. Nəzərə alsaq ki Movses Xorenli V əsrin müəllifidir, onda bilavasitə I əsrdə yaşamış İosif Flavinin məlumatı daha mötəbər hesab olunmalı, Movses Xorenlinin məlumatına isə tənqidi yanaşıl­malıdır. Movses Xorenlinin əsərinə, xüsusilə də I əsrin hadisələrinə tənqidi yanaşıl­manın vacibliyini hələ vaxtilə Q.Xalatyans bildirilmişdir [36, 375-376]. Qədim erməni ədəbiyyatının tanınmış tədqiqatçısı akademik M.Abeqyan da Movses Xorenlinin “Ermənistan tarixi” əsərini mötəbər mənbə hesab etməyərək yazır: “… Xorenlinin “Tarixi”nə gəlincə isə, ondan ikinci dərəcəli və hətta üçüncü dərəcəli mənbə kimi istifadə oluna bilər” [13, 157]. Biz də bu fikrə tərəfdarıq, çünki Movses Xorenlinin bu məlumatının bir çox məqamları I əsrin antik mənbələri ilə təsdiq olunmur.

İ.H.Əliyev və Q.M.Aslanov Movses Xorenlinin xatırlatdığı “Alan xalqı geri çəkilərək böyük Kürü keçdi və çayın şimal sahilində düşərgə saldı” [8, II, 50] ifadəsini isə öz iddialarının xeyrinə dəyişdirərək yazırlar: “….alan xalqı, yuxarıda xatırlanan qarətkar yürüşdən sonra geriyə, şimala qayıtdı…” [16, 77]. Halbuki, mənbədə “alanların geriyə, şimala qayıtmasından” yox, onların geri çəkilərək Kürün şimal sahilinə keçib burada mövqe tutmasından söhbət gedir. Fikrimizcə, Movses Xorenlinin xatırlatdığı “Alan xalqı geri çəkilərək, böyük Kürü keçdi və çayın şimal sahilində düşərgə saldı” ifadəsi alanların 72-ci ildə Dəryal keçidi vasitəsilə yürüş etdiklərini demək üçün əsas ola bilməz.

İ.H.Əliyev və Q.M.Aslanov 1976-cı ildə nəşr olunan digər məqalədə isə öz iddiala­rının xeyrinə bu dəfə gürcü mənbəyi “Kartlis Sxovreba”ya istinad etmişlər [17, 230]. Lakin gürcü mənbələrinin görkəmli tədqiqatçılarından olan N.Y.Lomouri bir sıra gürcü mənbələrinin, o cümlədən də “Kartlis Sxovreba”nın mötəbərliyinə şübhə ilə yanaşa­raq,onlardakı məlumatlara heç bir yoxlama materiallarının köməyi olmadan (yəni bu məlumatları digər daha mötəbər mənbələrlə yoxlamadan – N.Z.) istinad edilməsinin metodoloji cəhətdən düzgün olmadığını bildirir [26, 56-57]. İ.A.Cavaxişvili də hesab edir ki, məhz “Kartlis Sxovreba”nın əsas hissəsinin məlumatlarına istinad etmək olmaz (tənqidi yanaşma olmadan – N.Z.) [27, 81-82]. Göründüyü kimi, İ.H.Əliyev və Q.M.Aslanov yuxarıda adı çəkilən məqalələrində alanların 72-ci il yürüşünə dair əsas mənbə rolunu oynayan İosif Flavinin məlumatlarına səthi yanaşaraq, Movses Xorenlinin “Ermənistan tarixi” əsərinin və “Kartlis Sxovreba”nın öz iddialarına uyğun olan parçaları əsasında fikir yürütmüşlər.

Beləliklə, yazılı qaynaqların və alanların 72-ci ildə Cənubi Qafqaza yürüşünə bu və ya digər dərəcədə toxunan tədqiqat əsərlərinin təhlili deməyə əsas verir ki, alanlar Şimali Qafqazın Dəryal keçidi vasitəsilə deyil, əksinə, Xəzərin cənubundan Hirkan keçidi vasitəsilə hücum etmişlər. Fikrimizcə, İosif Flavinin xatırlatdığı “alan xalqı və ya alanlar” ifadəsi hansısa konkret tayfaya deyil, “alan” ümumi etnik adı altında birləşən və bu yürüşdə iştirak edən Orta Asiya tayfalarına aid edilməlidir. Təsadüfi deyil ki, alanların məhz 72-ci ildəki yürüşünü təkrarən xatırladan digər antik müəllif Mediolanlı (Milanlı) Amvrosi (340-397) alanların “digər vəhşi və ramedilməz tayfalar”la birlikdə yaşadığını yazır [7, 351]. Tarixşünaslıqda da bu yürüşdə alanlarla yanaşı, digər Orta Asiya tayfalarının da iştirakı istisna olunmur [38, 74].

Yazılı qaynaqların təsdiqi kimi, Mingəçevirin eramızın I – III əsrlərinə aid katakombalarını da İ.H.Əliyevin və onun həmfikirlərinin iddia etdiyi kimi, Şimali Qafqazdan miqrasiya edən sarmat-alan tayfalarının təsiri ilə deyil, əksinə, Xəzərin cənubundan köç edən və ümumi “alan” etnik adı altında birləşmiş Orta Asiya tayfa­larının təsiri ilə meydana gəlməsini demək olar.

Görünür, Azərbaycan Albaniya dövləti ərazilərinə yürüşlər edən köçəri tayfaların bir hissəsi geri qayıtmır və Albani­yada məskunlaşırdılar [18, 106-107]. Bu tayfaların arasında isə türk mənşəli soy birliklərinin olması şübhəsizdir [23, 90-98, 145-152]. Gəlmə tayfalar yerli türk mən­şəli əhali ilə qaynayıb qarışaraq, Azərbaycan Albaniya dövlətinin etnik birliyində mühüm rol oynamışlar.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Арриан Ф. Поход Александра / Пер. М.Е. Сергеенко. М.-Л.: АН СССР, 1962, 383 с.
  2. Древние авторы о Средней Азии / Под ред. Л.В. Баженова. Ташкент: Гостехиздат УзССР,1940,171с.
  3. Иосиф Флавий. Иудейская война / Пер. М. Финкелрбег, А. Водовиченко. М.: Мосты культуры; Иерусалим: Гешарим, 1999, 510 с.
  4. Квинт Курций Руф. История Александра Македонского / Под ред. Е.Д. Бунина. М.: Изд. Московского ун-та, 1963, 477 с.
  5. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе: В 2-х т. Т.1, вып. 1 – 2, греческие писатели. СПб.: Типография Императорской Академии Наук, 1890 – 1893, 946 с.
  6. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе: В 2-х т. Т. 2. вып. 1, латинские писатели. СПб.: Типография Императорской Академии Наук, 1904, 270 с.
  7. Латышев В.В. Известия древних писателей о Скифии и Кавказе: В 2-х т. Т. 2. вып. 2, латинские писатели. СПб.: Типография Императорской Академии Наук, 1906, с. 270 – 454
  8. Моисей Хоренский. История Армении / Пер. Н.О. Эмина. М.: Изд. Лазаревского Института восточных языков, 1893, 323 с.
  9. Полибий. Всеобщая история: В 2-х т. Т. II, кн., 10 – 40 / Пер. и коммент. Ф.Г. Мищенко. М.: ООО, «АСТ»,  2004, 765 с.
  10. Страбон. География в 17 книгах / Пер., статья и коммент. Г.А. Стратановского, Л.: Наука ЛО, 1964,  943 с.
  11. Тацит Публий Корнелий. Анналы. История / Пер. А.С. Бобовича и Г.С. Кнабе. М.: НФ «Пушкинская библиотека», АСТ, 2005, 828 с.
  12. Azərbaycan tarixi:  7 cilddə. I c. Bakı: AMEA, 1998, 476 s.
  13. Абегян М. История древнеармянской литературы. Ереван: АН АрмССР, 1975, 604 с.
  14. Абрамова М.П. К вопросу об аланской культуре Северного Кавказа // Советская археология, 1978, № 1, стр. 72-82.
  15. Алиев И.Г. Сармато-аланы на пути в Иран / История иранского государства и культура. М.: Восточная литература, с. 1971, 198 – 211.
  16. Алиев И.Г., Асланов Г.М. К вопросу о проникновении на территорию Азербайджана племен сармато-массагето-аланского круга в первые века нашего летоисчисления / Материалы по археологии и древней истории Северной Осетии. Орджоникидзе: Северо-Осетинский научно-исследовательский Институт, т. III, 1975, с. 72 – 87.
  17. Алиев И.Г., Асланов Г.М. Племена сармато-массагето-аланского круга в Азербайджане / Древний Восток, Ереван: АН АрмССР, вып. 2, 1976,  с. 218-236.
  18.  Алиев К.Г. К вопросу о племенах Кавказской Албании / Труды VII международного конгресса антропологических и этнографических наук. М.: Наука, 1970, т.10, с. 106 – 110.
  19.  Бабаев И.А. Города Кавказской Албании в IV в. н.э. – III в. н.э. Баку: Элм, 1990, 236 с
  20. Бартольд В.В. Сведения об Аральском море и низовьях Амударьи с древнейших времен до ХVIII в. н.э. Ташкент: Типография Штаба Туркестанского военного округа, 1902, 120 с.
  21. Виноградов В.Б. Сарматы Северо-Восточного Кавказа / Труды Чечено-Ингушского научно-исследовательского Института, т. 6, 1963, 223 с.
  22. Гамрекели В.Н. Двалы и Двалетия в I – ХV вв. н.э. Тбилиси: АН ГрузССР, 1961, 150 с.
  23. Закиев М.З. Происхождение тюрков и татар. М.: Инсан, 2003, 496 с.
  24. Еремян С.Т. Феодальные образования Картли в период Марзбанство (532 – 627) / Тезисы канд. дисс. Л.: АН СССР, 1935, 5 с.
  25. Кошкарлы К.О. Ранние катакомбные погребения Кавказской Албании // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2007, № 1,  s. 97 – 112.
  26.  Ломоури Н.Ю. К вопросу о методике использования некоторых античных и грузинских источников по истории Грузии / Источниковедческие разыскания 1982. Тбилиси: Мецниереба, 1985, с. 52 – 61.
  27. Ломоури Н.Ю. История изучения античных и византийских источников по истории Грузии / Источниковедческие разыскания 1985. Тбилиси: Мецниереба, 1988, с. 80 – 86.
  28. Мачинский Д.А. Некоторые проблемы этногеографии восточноевропейских степей во II в. до н.э. – I в. н.э. / Археологический сборник Гос. Эрмитажа. Л.: Аврора, 1974, вып. 16, с. 122 – 132.
  29.  Мацулевич Л.А. Аланская проблема и этногенез Средней Азии // Советская Этнография, 1947, №  6 – 7, с. 125 – 146.
  30. Моммзен Т. История Рима. Т. 5, М.: Иностранная литература, 1949, 631 с
  31. Османов Ф.Л. История и культура Кавказской Албании (IV в. до н.э. – I в. н.э.). Баку: Тахсил, 2006, 288 с.
  32. Перевалов С.М. Современное состояние аланских исследований в России //  Вестник Древней Истории (ВДИ), № 2, 2002, с. 207 – 215.
  33. Пьянков И.В. Некоторые спорные вопросы «Этнографии Турана»: полемика археолога с филологами // ВДИ, № 4, 2004, с. 213 – 224.
  34. Смирнов К.Ф. Сарматы и утверждение их политического господства в Скифии. М.: Наука, 1984, 183 c.
  35. Толстов С.П. По следам древнехорезмийской цивилизации. М.-Л.: АН СССР, 1948,  326 с.
  36. Халатьянц Г. Армянские Аршакиды в «Истории Армении» Моисея Хоренскаго: В 2-х ч. Ч. I.  М.: Типография Варвары Гацук, 1903, 400 c.
  37. Халилов Дж. А. Материальная культура Кавказской Албании (IV в. до н.э.- III в. н.э.). Баку: Элм, 1985, 276 с.
  38. Халилов М.Дж. Сарматия – Кавказская Албания: границы, контакты (I в. до н.э.-II в. н.э.) /Античная цивилизация и варварский мир: В 2-х ч. Ч. I, Новочеркасск: КГУ, 1992, с. 68 – 75.


 

Nizami  Zeynalov

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2010, cild 32

Leave a Reply