|

ABŞ-da “Azərbaycan yəhudiləri idmanda” kitabının təqdimatı keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Vaşinqtonda səfərdə olan Azərbaycan yazıçısı, keçmiş idmançı Asif Bayramovun “Azərbaycan yəhudiləri idmanda” kitabının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, kitab 2014-cü ildə Bakı şəhərində nəşr edilib.
Asif Bayramov 1964-cü ildə Ermənistanın Qafan rayonunda anadan olub. Peşəkar idmana 1985-ci ildən Sankt-Peterburqda başlayan A.Bayramov 1985-1989-cu illərdə idmanın cüdo və şərq növləri üzrə məşqçi-müəllim, 1989-1990-cı illərdə isə bu şəhərdə “Lotos” İdman Klubunun direktoru işləyib. Hazırda o, “Neftçi” İdman Klubu İctimai Birliyində çalışır. O, cüdo üzrə idman ustalığına namizəddir.
İdmançının 1994-cü ildə “Azərnəşr”də “Karate” adlı ilk kitabı, 1996-cı ildə “İstedadınıza meydan tapın” elmi-metodik vəsaiti çapdan çıxıb.
A.Bayramov 1992-ci ildə Bakıda keçirilən “Qafqazda yaşayan yəhudilərin tarixi, mədəniyyəti və məişəti” mövzusunda sərginin təşkilatçılarından olub. Sərgini hazırlayarkən, yəhudi idmançıların fəaliyyəti müəllifin diqqətini cəlb edib.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda, ailəsi ilə birlikdə Qafan rayonundan deportasiya olunan A.Bayramov yəhudi xalqının tarixən müxtəlif deportasiyalara məruz qalmasına həssaslıqla yanaşıb.
Müəllif öz kitabını gündən-günə güclənən Azərbaycan-İsrail münasibətlərində elmi və mədəni sahənin tərkib hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, Bakıdakı yəhudi icması və digər yəhudi icmaları kitabın ərsəyə gəlməsini tarixi hadisə adlandırıblar.
Asif Bayramovun kitabının Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfirliyində, ABŞ Konqresi kitabxanasında, Vaşinqton meriyasında, Amerika Yəhudi Komitəsində, Beynəlxalq Yəhudi İdmançılarının Şöhrət Qalereyasında və Merilend Ştatının Yəhudilər Muzeyində təqdimatı keçirilib.

Yusif Babanlı
AzərTAc

Leave a Reply