|

Turqut Özalın zəhərlənməsinin daxili və xarici faktorları

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 7)
Загрузка...

 

 

 

 

Tural Talehoğlu

 

 “XXI əsr” Türkiyə İnstitutunun eksperti, hüquq elmləri doktoru Ələskər Ələskərlinin «Bizim yol» qəzetinə müsahihibəsi.

— Səhər tezdən Turkiyə mediası Turqut Özalın zəhərlənməsi iddialarının təsdiqləndiyi xəbərini yaydı. Ardınca isə Ankara Ədliyyə Tibb Qurumunun rəhbəri professor Haluk İncə çıxan xəbərləri yalanladı. Siz proseslərə bizdən daha yaxınsınız. Kimə inanmalı?

— Hadisə hal-hazırda media mərhələsindən keçir. Yəni hələ ki rəsmi ekspertiza rəyi tam hazır deyil. Ona görə Haluk İncənin belə bir açıqlama verməsi normaldır. Mediadakı xəbərlərdə zəhərləyici maddə ilə bağlı yer alan fikirlər ekspertlerin, mütəxəssislərin şəxsi rəyləridir. Bu rəylərin yalan olduğunu demək mümkün deyil. Mediaya sızan xəbərin də yalan olduğunu demək mümkün deyil. Sadəcə rəsmi rəy yoxdur və bu rəy hazırlandıqdan sonra prokurorluğa göndəriləcək. Burada məncə, zəhərin harada və necə verildiyi sualına cabab tapılması məsələsi ilə bağlı mübahisələr qızışacaq.

— Əgər zəhərlənmə iddiası təsdiqlənərsə, bu, Türkiyədə nəyi dəyişəcək, yaxud hansı effekti verəcək?

— Həqiqətən elə şeylər var ki, təsadüf olaraq qəbul etmək çox çətindir. Türkiyə kimi “dövlətçi” bir dövlətin prezidentinin əməlli-başlı bir təcili yardım xidməti yox imiş. Xəstəxanaya çatdırma prosesindəki ləngimələr, qan analizi şüşəsinin qırılması və sair kimi şübhələr çoxdur. Turqut Özalın zəhərlənmə ehtimalının arxasında sadəcə daxili problemlər deyil, xarici faktorlar da var. Xüsusilə Türkiyənin regional siyasəti və türk respublikaları ilə münasibətləri ilə bağlı düşüncələri də müəyyən dairələri narahat etmişdi. Əgər zəhərlənmə iddiası təsdiqlənərsə, ikinci mərhələ başlayacaq. Əsas olan da odur. Yəni bu zəhər rəhmətliyin bədəninə necə daxil olub? Sui-qəsd varmı? Varsa, kim törədib? Əsas problemlər bunlardır. Bu prosesin çox sayda obyektiv problemləri var. Zaman, məkan və şəxslərə bağlı olan problemlərdir bunlar. İctimai fikirdə hər hansı bir dəyişiklik olacağını ehtimal etmirəm. Turqut Özal kifayət qədər xarizmatik lider idi. Bu kimi ani ölümlərdə onsuz da cəmiyyətdə “imkan vermədilər, öldürdülər” qənaəti hakim olur. Turqut Özalın ölümünün təsadüfi olmadığı, zəhərləndiyi, bu hadisənin arxasında naməlum, amma cox qüvvətli əllərin olduğuna dair ictimai rəydə qüvvətli bir qənatə vardı onsuz da. Ancaq cinayət işində konkret nəticələr əldə edilərsə, bir çox qaranlıq mətləblərin üstü açıla bilər və bu hadisənin təsiri Türkiyənin sərhədlərini də aşa bilər.

— Azərbaycanda iddialar var ki, Özalı Rusiya kəşfiyyatı zəhərləyib və bundan rəsmi Bakı da məlumatlı olub. Bəs Ankarada buna dair fakt, yaxud ehtimal varmi?

— Türkiyədə vaxtaşırı belə iddialar səsləndirilib. Amma bu iddialar Azərbaycandakı iddialara dayanaraq dilə gətirilib. Daha cox neft boru xəttləri və türk cumhuriyyətləri ilə bağlı Turqut Özalın planlarından bəhs edilir. Bu planların Rusiya kəşfiyyatına ötürüldüyü deyilib. Şübhəsiz ki, hər hansı bir fakt yoxdur. Çünkü bu hadisə ilə bağlı əvvəllər heç bir təhqiqat aparılmayıb. Ancaq bundan sonra buna oxşar iddiaların və ya faktların irəli sürülüb-sürülməyəcəyini demək prosesin gedişatına bağlı olacaq.

— Əgər iddialar təsdiqlənsə ki, həqiqətən zəhərlənib və bunu ruslar törədib, Azərbaycan hakimiyyəti də məlumatlı olub, o zaman Ankara-Moskva və Ankara-Bakı əlaqələrini nə gözləyir?

— Bu, “təsdiqlənməsi” asan bir iddia deyil. Bu cür böyük hadisələrin əks təsiri də böyük olur. Amma zamanında. Hadisələrin üstündən xeyli vaxt keçib. Paradiqmalar, şərtlər, planlar çox önəmli dəyişikliklərə məruz qalıb. Belə bir iddia təsdiqlənsə, ölkələr arasındakı münasibətlərin mənfi xanəsinə yeni bir maddə əlavə ediləcək. Qısa müddətli bir “media” müharibəsi yaşanıb sönəcək. Bundan irəli gedilməyəcək.

— Turqut Özalın zəhərlənməsi iddiaları və ekskumasiya məsələsi daha güclü şəkildə AKP dönəmində gündəmə gətirildi və məzar açıldı da. Həqiqətənmi, Ərdoğan hökuməti Türkiyə tarixinin müəmmalı bir sirrini çözərək, ölkəsinin haqqını bərpa etmək istəyir, yoxsa ortada daxiili siyasətə hesablanan manevrlərmi var?

— AKP on ildir iktidardır. Bundan əvvəlki dövrdə zəhərlənmə iddiası mətbuatda müxtəlif şəkildə yer almışdı. Mərhumun ailəsi bu barədə açıqlamalar verirdi. Lakin prosesə start verilmirdi. Tarixin müəmmalı sirlərini çözmək asan məsələ deyil. Hətta zəhərlənmə iddiası təsdiq edilsə də, bundan sonrakı dövrdə də bu hadisə ətrafındakı mübahisələr davam edəcək. Bunu Ərdoğan hökümətinin daxili siyasətə hesablanan manevrləri kimi qiymətləndirmək səhv olardı. Çünkü hal-hazırda AK Partiyanın sahib olduğu manevr alanı geniş, gündəm maddələri də çoxdur. Bu proses Abdullah Gülün rəsmi təlimatı ilə başladıldı. Heç bir konkret nəticə əldə edilməsə belə, bu prosesə start verilməsi böyük əhəmiyyətə malikdir. Ailənin tələbi yerinə yetirildi, bir çox müammalı məqamlara aydınlıq gətiriləcək, ictimai fikirdəki bulanlığı ortadan qaldıracaq. Əgər bu hökümət dövründə bu addım atılmasaydı, heç bir zamana atılmayacaqdı. Bu eyni zamanda bir vicdan və şükran məsələsidir. Türkiyədəki mühafizəkar kəsim Turqut Özalı hər zaman minnətdarlıqla yad edir.

http://bizimyol.info/?sehife=1&xeber=4266

 


 

Leave a Reply